Ramazan bayramının əhkamları



Yüklə 84,5 Kb.
tarix19.10.2018
ölçüsü84,5 Kb.
#75257

Hazırladı: Yusif bin Abdullah Əl-Əhməd


Yoxladı: Şeyx Abdullah Əl-Cibrin
Tərcümə etdi: Səid Israfilov
Redaktə etdi: Heydərov Rafail

Ramazan bayramının əhkamları və

Fitrə zəkatı

Bakı 2009



Mərhəmətli, Rəhimli Allahın adı ilə.

Aləmlərin Rəbbi olan Allaha həmd sənalar olsun, peyğəmbərlərin və rəsulların (mürsəllərin) ən şərəflisi olan Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.


Bundan sonra:

Bu risalə mübarək Ramazan bayramı və fitrə zəkatı haqqında qısa bir risalədir. Risalənin Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə müvafiq, asan və başa düşülən bir şəkildə olmasına çalışdım. Allahdan onu hamı üçün faydalı etməsini,  bizdən başqa əməllərmizi də qəbul etməsini diləyirəm.



Ramazan bayramının əhkamları:

Birinci: Bayram namazına qüsl və gözəl paltar geyməklə hazırlıq.

İmam Malik (Allah ona rəhmət etsin) Muvatta kitabında Nəfiidən belə rəvayət etmişdir: "İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Ramazan bayramında namaza  çıxmazdan  öncə qüsl alardı." ( Səhih isnaddır)

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: “İbn Ömər (Allah onların hər ikisindən razı olsun) sünnətə son dərəcə çox əməl etdiyi üçün bayram günü  namaza çıxmazdan öncə qüsl alardı.” (Zəd-ul məad 1/442)


Həmçinin, hər iki bayrama ən yaxşı paltarını geyməsi də sabit olmuşdur.
Ibn Cərir (Allah ona rəhmət etsin) demişdir: "İbn Əbi əd-Dünya və Beyhəqi səhih isnadla İbn Ömərdən onun hər iki bayrama ən yaxşı paltarını geydiyini rəvayət etmişlər." (Fəth əl–Bari, 2/51) Bu iki və başqa əsərlərə görə alimlərin çoxu bayram günü bəzənmək və qüsl almağın müstəhəb olduğunu vurğulamışlar.

Ikinci: Bayram namazına çıxmazdan öncə tək sayda olmaqla : üç, beş və  tək sayda olaraq daha artıq xurma  yemək müstəhəbdir. Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayram günü  xurma yeməmiş ( namaza) çıxmazdı. Xurmaları tək sayda yeyərdi." (Buxari)

Üçüncü: Evindən çıxdığı andan namaz qılınan yerə gələnə kimi kişilərə uca, qadınlara isə alçaq səslə təkbir etmək müstəhəbdir.
Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan bayramı günü evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir gətirərdi." (Başqa hədislərin şahidliyi ilə səhihdir)
Nəfiidən (Allah ona rəhmət etsin) belə rəvayət olunur: "İbn Ömər Ramazan və Qurban bayramlarında evindən çıxdığı andan ibadətgaha çatana kimi təkbir edərdi. İbadətgaha gəldikdə imam gələnədək, imam gəldikdə isə onun təkbiri ilə təkbir edərdi." (Daruqutni və başqaları səhih isnadla rəvayət etmişlər)
Diqqət: Camaat şəklində bir səslə təkbir etmək bidətdir. Belə etmək nə Peyğəmbərdən  (ona Allahın salavatı və salamı olsun), nə də səhabələrindən sabit olmuşdur. Hər kəsin fərdi şəkildə təkbir etməsi isə daha düzgündür.

Dördüncü: Namaza piyada (ayaqla) getmək müstəhəbdir.


Əli (Allah ondan razı olsun) belə deyir: "Bayrama piyada getmək sünnətdəndir." (Tirmizi rəvayət etmiş və demişdir: “Bu hədis həsən hədisdir, alimlərin çoxu ona əməl etmiş, bayrama gəzərək getməyi və üzürlü olan kimsə də baş miniyə minməməyi müstəhəb görmüşlər.”)

Beşinci: Namaza gəldiyi yolla deyil, başqa yolla qayıtması müstəhəbdir.

Cəbir (Allah ondan razı olsun) belə dedi: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayram günündə yolunu dəyişərdi." (Buxari)

Altıncı: Bayram namazı günəş doğub yüksəldikdən  sonra azan və iqaməsiz olaraq qılınar.


Bayram namazı iki rükətdir: Birinci rükətdə yeddi, ikinci rükətdə isə beş təkbir var. İmamın bu iki rükətdə səslə əl-Əla və əl-Ğaşiyə və ya Qaf  və əl-Qəmər surələrini oxuması müstəhəbdir. Bayram xütbəsi namazdan sonra olur. Qadınlar da  bayram namazına  gələ bilər.
Söylədiklərimizə isə dəlil olaraq:

1- Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan və Qurban bayramlarında birinci rükətdə yeddi, ikinci rükətdə isə beş təkbir edərdi." (Səhih Sünən Əbu Davud)


2- Nomən ibn Bişr (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayramlarda "Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!" (əl-Əla) və "Bürüyəcək Qiyamətin xəbəri sənə gəlib çatdımı?" (əl-Ğaşiyə) surələrini oxuyardı." (Səhih Sünən ibn Məcə)
3- Übeydullah ibn Abdullahdan (Allah ondan razı olsun) Ömər ibn Əl-Xattab Əbə Vaqid Əl-Leysidən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Ramazan və Qurban bayramlarında (namazda) nə oxuduğunu soruşdu. O belə dedi: “Hər iki bayramda "Qaf! Şanlı Qurana and olsun!" (Qaf) və  "O saat yaxınlaşdı və Ay  parçalandı!" (əl-Qəmər) surələrinini oxuyardı." (Müslim)
4- Ummu Atiyyədən (Allah ondan razı olsun) belə rəvayət olunur: "Bayram günü bizə çıxmaq, heyzli və  bakirə qızları da bayram namazına çıxartmaq əmr olunurdu. Heyzli (aybaşı) olan qadınlar namazgaha daxil olmadan müsəlmanların dualarını müşahidə edərdilər." (Buxari və Müslim)
5- İbn Abbas (Allah onların hər ikisindən razı olsun) belə dedi: "Ramazan bayramını Allahın Peyğəmbəri ilə, Abu Bəkrlə, Ömərlə və Osmanla qıldım. Hamısı namazı xütbədən qabaq qılardı." (Müslim)
6- İbn Abbas (Allah onların hər ikisindən razı olsun)belə dedi: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayram namazını azan və iqaməsiz qılardı." (Səhih Sünən Əbu Davud)

Yeddinci: Bayram günü Cümə günü ilə bir günə düşərsə, bayram namazı qılana cümə namazı vacıb olmaz.


İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: "Bu gün iki bayramınız cəm olub, kim Cümə namazını qılmaq istəmirsə onu azad edirəm, mən isə hər iksini qılacam." (Səhih Sünən Əbu Davud)

Səkkizinci: Müsəlmanlarla birgə bayram namazı qılmağa çatmayan, özü bayram namazını olduğu kimi qıla bilər.


İnsanlar Bayram gününü yalnız zəval (günəşin zeniti keçməsi) vaxtından sonra bilsələr Bayram namazını növbəti gün qılırlar.
Əbu Umeyr ibn Ənəsdən, o da Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələrindən olan əmisindən belə rəvayət etmişdir :"Bir karvanın adamlarından Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yanına gələrək onların dünən hilalı (Ayı-Ramazanın başladığını və ya sona çatdığını bilmək üçün yeni ayın çıxdığını görmək) gördüklərinə şahidlik etdilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara  oruclarını açmağı və sabah Bayram namazı qılmaq üçün ibadətgaha getmələrini əmr etdi." (Əbu Davud, Tirmizi,  Nəsai və İbn Macə rəvayət etmiş, Beyhəqi, Nəvəvi, İbn Həcər və başqaları səhihləşdirmişdir)

Doqquzuncu: İnsanlar bir-birini “Allah bizlərdən və sizlərdən qəbul etsin” deyərək təbrik edə bilərlər.


İbn Tərkamani (Allah ona rəhmət etsin) demişdir: “Bu fəsildə (təbrik etmə haqqında) yaxşı hədis vardır... Məhəmməd ibn Ziyad belə dedi: “Əbi Umamə Əl- Bəhili və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  başqa səhabələri ilə birlikdə idim.  Bayram namazından qayıtdıqları zaman bir-birinə “Allah bizlərdən və sizlərdən qəbul etsin” deyirdilər."  İmam Əhməd “isnadı yaxşıdır” demişdir.” (Əl-cəvhər ən-nəqi, 3/320)

Onuncu: Bayram günü sevinc və səxavət günüdür.


Ənəs (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldiyi zaman Mədinə camaatının oynayaraq bayram etdiyi iki gün var idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həmin iki günün nə olduğunu soruşdu. Onlar cahillikdə ikən bu iki günü bayram etdiklərini söylədikdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə dedi: “Allah Təalə bunu  sizin üçün bundan daha xeyirli olan bir şeylə, Ramazan və Qurban bayramları ilə əvəz etmişdir." (Səhih Sünən Əbu Davud)

On birinci: Müsəlman qardaşım! Çox insanların etdiyi şəriətə müxalif olan şeylədən isbal kimi (kiçilərək haram olan şalvarı topuqdan aşağı düşməsi) haram geyimlərdən, saqqalı qırxmaqdan, müsiqi dinləyərək keçirilən haram yığıncaqlardan, harama baxmaqdan, qadınların açıq-saçıq  geyinərək kişilərə qatışmalarından çəkin! Ey namuslu ata! Ailəni qadın və kişilərin bir-birinə qatışdığı toplu yerlərə, dəniz sahilinə, açıq aydın münkər olan gəzinti yerlərinə aparmaqdan çəkin!




Fitrə zəkatı


Hökmü:
Böyük, kiçik, kişi, qadın, azad və qul olan hər bir müsəlmana vacibdir.
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) dedi: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxartmağı hər bir müsəlman kimsəyə: qadın və kişiyə, böyük və kiçiyə , azad və qula fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir." (Buxari rəvayət etmiş və Əbu Davud səhih isnadla bu ziyadəni etmişdir: "İbn Ömər (Allah onların hər ikisindən razı olsun)  fitrə zəkatını bayramdan bir və ya iki gün oncə çıxardardı.")

Musəlman özünün və ailəsinin Bayram günü və gecəsi gündəlik qidasından artıq ərzağı olduğu halda özünün və təmin etdiyi müsəlman olan kəslərin zövcəsi, uşaqları adından çıxarmalıdır. Yaxşı olar ki, bacardıqca hər kəs öz adından çıxarsın, çünki  bu hər kəsin özündən tələb olunur. Anaya öz bətnində olan uşaq üçün fitrə zəkatı çıxarmaq vacib deyil. Fitrə zəkatını pul şəklində çıxarmaq isə düzgün deyil. Bu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmrinə və əshabının etdiyi əmələ müxalifdir.  Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o rədd olunur." (Müslim)


   
Hikməti:
Abdullah ibn Abbasdan (Allah onların hər ikisindən razı olsun) gələn bir hədisdə belə deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də ki, namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir." (Əbu Davud və ibn Məcə yaxşı isnadla rəvayət etmişlər)

Fitrə zəkatının çıxarılması vacib olan şeylər bunlardır:

Fitrə zəkatı xurma, buğda, düyü və insanların  adətən yedikləri başqa şeylərdən çıxarılır.


Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zamanında fitrə zəkatını 2,5 kq yeməkdən çıxarardıq. O zaman yeməyimiz buğda, kişmiş, pendir (kəsmik) və xurma idi." (Buxari)

Fitrə zəkatının vacib olduğu vaxt:
Bayram gecəsi günəş batdıqdan sonra fitrə zəkatını çıxartmaq vacib olur. Günəş batmazdan bir dəqiqə olsa belə qabaq ölən şəxsə fitrə zəkatı vacib olmaz. Günəş batdıqdan bir dəqiqə olsa belə sonra ölən şəxsin əvəzinə fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batmazdan qabaq doğulan uşaq üçün fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batdıqdan sonra doğulan uşaq üçün fitrə zəkatı vacib deyildir.

Fitrə zəkatının çıxarıldığı vaxt:
Fitrə zəkatı səhabələrin etdiyi kimi Bayram günündən bir və ya iki gün əvvəl çıxarılır. Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun)  köməkçisi olan Nafiidən belə dediyi rəvayət olunur: "(Fitrə zəkatını) Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar." (Buxari)
Son vaxtı isə İbn Ömər və İbn Abbasın (Allah onlardan razı olsun) hədisində keçdiyi kimi bayram namazıdır.

Miqdarı:
Hər bir müsəlmana bir saa (çəki vahidi), yəni 2,5 kq çıxartmaq düşər. Fitrə zəkatını bir neçə kasıb arasında bölmək caizdir. Həmçinin, bir neçə fitrə zəkatını bir adama vermək olar.

Kimlərə verilir:
Abdullah ibn Abbasdan (Allah onların hər ikisindən razı olsun) gələn hədisdə deyildiyi kimi "kasıbların doyması", yəni fitrə zəkatı kasıb və fəqirlərə verilir.

Diqqət: Bəzi insanların etdiyi kimi fitrə zəkatını kasıb və fəqirlərə deyil, yaxın qohumlara, qonşulara, bir-biri ilə dəyişərək və ya hər il zəkat əhli olub olmadığına baxmadan eyni ailəyə vermək  xətadır.

Verildiyi yer:

Fitrə zəkatı fəqirlərin olduğu, daim məskunlaşdığı və qaldığı başqa yerlərdə də verilə bilər. Həmçinin, fitrə zəkatını başqa ölkəyə göndərmək də olar. Əsllən bu caizdir, qadağa etmək üçün dəlil olmalıdır.


 
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.


Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə