Qubadlı rayonundan olan generallar



Yüklə 19,66 Kb.
tarix25.06.2018
ölçüsü19,66 Kb.
#51563

Qubadlı rayonundan olan GENERALLAR

Arif Nəzər oğlu Heydərov


Arif Nəzər oğlu Heydərov 28.06.1926- cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1942- ci ildə başlamış, “Əzizbəyovneft” trestində çilingər işləmişdir. 1943- cü ildə xüsusi təhsil məktəbinə oxumağa göndərilmiş, 1944- 1945 ci illərdə dünya müharibəsinin iştirakçısı olmuş, Berlinə hücum əməliyyatında iştirak etmişdir.
1945-1947- ci illərdə müttəfiq qoşunların heyətində Polşa və Almaniyada xidmət etmişdir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, alman, rus, türk və fars dillərini mükəmməl bilmişdir. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləmişdir. 1970-1978-ci illərdə Azərbaycan Daxili İşlər Naziri olmuşdur.
Arif Heydərov “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenləri və bir çox xarici ölkə medalları ilə təltif edilmişdir.
Azərbaycan Ali Sovetinin deputatı, Daxili İşlər naziri, general -leytenant Arif Nəzər oğlu Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilmişdir.

Valeh Əyyub oğlu Bərşadlı


Baleh Bərşadlı Azərbaycana bir çox elm və dövlət xadimi bəxş etmiş Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya göz açmışdır. 14 yaşında könüllü hərbi xidmətə getmişdir.
18 yaşında iki hərbi təhsil ocağını ( Bakı Zenit Artileriyası Məktəbini və Qırmızı Bayraqlı Kiev Özüyeriyən Artileriya Məktəbini) bitirən Valeh Bərşadlı, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində qulluq etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan (ADR-də yerləşən Sovet Qoşun Birləşmələrinin) birinin komandan müavinliyinə qədər parlaq yol keçmiş bir şəxsdir.
Valeh Bərşadlı Müstəqil Azərbaycanın ilk müdafiə naziri (1992-ci ildə) və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş Baş Qərargah Rəisi olmuşdur.
General indi haqq dünyasındadır.

Tahir Yunus oğlu Əliyev Əslən Cılfır kəndindən olan Tahirin uşaqlığı Yevlax şəhərində keçmişdir. Orta məktəbi Gorusun Şurnuxu kəndində almışdır. 1971-1972-ci illərdə Mingəçevir şəhərində Politexnik texnikumunda oxumuşdur. 1975-ci ildə Rusiya Federasiyasının  Kemerovo vilayət daxili işlər orqanlarında  işə düzəlmiş, sonralar Orta Milis Məktəbində, Omsk şəhər Ali Milis Məktəbində və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil almışdır.


Tahir Əliyev 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini,  həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsinin rəis müavini təyin edilmişdir. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilmiş, 1992-ci il 24 fevralda respublika Müdafiə Naziri, 21 gün sonra, yəni 1992-ci ilin martın 17-də isə Daxili İşlər Naziri təyin olunmuşdur. İki aydan sonra sərəncama göndərilən 38 yaşlı general 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Respublika Gömrük Komitəsinin sədri vəzifəsində işləmişdir.
Tahir Əliyev hazırda ehtiyatda olan generaldır.

Hüseyn Abbasqulu oğlu Quliyev


Hüseyn Quliyev 1939-cu ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Bakıya gəlmiş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmaq istəsə də, qəbul ola bilməmiş və Lvova gedərək orada Ali Hərbi Məktəbə qəbul olmuşdur. Hərbi məktəbi bitirdikdən sonra diplomatiya təhsili almış, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, İran səfirliyində 1-ci müavin, Türkiyə Cümhuriyyətində konsul köməkçisi işləmişdir.
Hüseyn Quliyev keçən əsrin 70-ci illərinin sonu 80-cı illərinin əvvəllərində SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsində rəis işləmişdir. Göstərdiyi xidmətlərə görə ona general-mayor rütbəsi verilmişdir.
Hüseyn  Quliyev 1985-ci il iyun ayının 11-də Moskva yaxınlığında qəzaya düşərək həlak oldu. Moskvanın “Novokuznetsk” qəbirstanlığında dəfn olunub.

Nizaməddin Baba oğlu Həmidov


Həmidov Nizaməddin Baba oğlu 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. 1958- 1969-cu illərdə Qubadlı rayon Dondarlı kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş və 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Təhsil almaqla yanaşı 1970-74-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır.
N. Həmidov 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir.
1977-ci ildə Azərbaycan daxili işlər orqanlarında xidmətə qəbul olunan N. Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini, 1990-92-ci illərdə DİN-in Profilaktika İdarəsində baş inspektor və bölmə rəisi vəzifələrində çalışmışdır.
1992-ci ildən DİN Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili, həmin ilin iyun ayından Sabunçu Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili və iqtisadi sahədə cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir.
N. Həmidov 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir.
1999-2004-cü illərdə Bakı şəhər Baş Polis İdarəsində inspektor, baş inspektor, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili və maliyyə-kredit sistemində cinayətkarlıqla mübarizə şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2004-cü ildə MTN-də idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2005-ci ildə idarə rəisi vəzifəsinə yüksəlmişdir. 2007-ci ildən isə Baş İdarə rəisi vəzifəsində xidmətini davam etdirir.
N. Həmidov xidmət dövründə 1978-ci ildə milis leytenantı, 1981-ci ildə milis baş leytenantı, 1984-cü ildə milis kapitanı, 1990-cı ildə milis mayoru, 1995-ci ildə polis polkovnik-leytenantı, 2004-cü ildə polkovnik rütbələrinə və Azərbaycan Respublikası Prezidentinin 27 mart 2012-ci il tarixli sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2005-ci və 2009-cu illərdə “Hərbi xidmətlərə görə” medalı, 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni, 2008-ci ildə “Vətən uğrunda”  medalı, 2010-cu ildə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Təhməzov Nizami İsa oğlu
Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1969-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  Əmək fəaliyyətinə Ağdam rayon və Azərbaycan Respublika prokurorluğunda müstəntiq kimi başlamışdır. Şahbuz, Neftçala, Lənkəran  və Bakı şəhərinin Xəzər (keçmiş Əzizbəyov) rayonlarında baş müstəntiq işləmişdir.
1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşımışdır.
N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olmuşdur.
N. Təhməzovun xidmətləri dəfələrlə qiymətləndirilmişdir. 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunan Təhməzov SSRİ baş prokurorunun və Azərbaycan Respublika prokurorunun əmri ilə mükafatlandırılmış, iş təcrübəsi yayılmışdır.
1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general –mayoru rütbəsi verilmişdir.

Mais Şükür oğlu Bərxudarov Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya göz açıb. Azərbaycan Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olan Mais Barxudarov sonradan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2012-ci ildə "Vətən Uğrunda" medalı ilə təltif edilib.
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib. Ordeni ona Heydər Əliyev şəxsən təqdim edib.
2016- cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş,  Lələtəpə  yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarova şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşüb. Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xidmətlərinə görə Mais Bərxudarova general-mayor rütbəsi verilib.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə