Qorqudşünaslıq elminin genişlənən imkanları



Yüklə 188,48 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü188,48 Kb.
#58445


Qorqudşünaslıq elminin 

genişlənən imkanları

 

İsa Həbibbəyli 

Dünya dastan yaradıcılığında böyük yeri olan “Kitabi-Dədə 

Qorqud” dastanlarının taleyində, yayılmasında və cəmiyyətə 

çatdırılmasında bir neçə böyük hadisə xüsusilə qeyd edilməlidir. 

Bu hadisələri aşağıdakı kimi konkretləşdirmək olar: 

* VII  əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının tam formalaşdığı 

dövr. 


* XVI əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının sonralar 

Drezden nüsxəsi kimi qəbul edilmiş 12 boyu yazıya alınmışdır; 




* 1815-ci il – alman şərqşünası Fridrix Fon Ditsin “Kitabi-Dədə 

Qorqud” dastanlarını Almaniyadakı Drezden Kral 

kitabxanalarından üzə çıxarıb dünya elminə bəyan etdiyi tarix; 

* 1916 – Kilisli müəllim Rüfətin “Kitabi-Dədə Qorqud” 

dastanlarını Türkiyədə nəşr etdirməsi; 

* 1939-cu il – Görkəmli Azərbaycan alimi Həmid Araslının 

“Kitabi-Dədə Qorqud” dastanlarını Bakıda çap etdirməsi; 

* 1950-ci il – Görkəmli şərqşünas alim Vasili Bartoldun ruscaya 

tərcümə etdiyi “Kitabi-Dədə Qorqud” dastanının Bakıda H.Araslı 

və M.Təhmasib tərəfindən nəşr edilməsi; 

* 1951-ci il – Azərbaycan Kommunist Partiyasının XVIII 

qurultayında “Kitabi-Dədə Qorqud” dastanlarının nəşrinə, 

tədqiqinə və təbliğinə qadağaların qoyulması; 



* 1952-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının italyan alimi 

Etorre Rossi tərəfindən 6 boydan ibarət Vatikan nüsxəsinin 

tapılması; 

* 1957-ci il – “Kommunist” qəzetində tanınmış Azərbaycan 

alimləri Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif 

Dadaşzadə və Məmmədhüseyn Təhmasibin “Kitabi-Dədə 

Qorqud dastanları” adlı bəraət məqaləsinin çap olunması (17, 

26 mart) 

* 1975-ci il – Xalq yazıçısı Anarın ssenarisi üzrə “Kitabi-Dədə 

Qorqud” dastanları  əsasında “Dədə Qorqud” bədii filminin 

çəkilməsi; 

* 20 aprel 1997-ci il – Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi 

haqqında” Fərmanı; 




* 1998-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi ilə 

əlaqədar YUNESKO-da Beynəlxalq Simpoziumun keçirilməsi və 

konsertin təşkili; 

* 2000-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi 

münasibəti ilə türkdilli ölkələrin dövlət başçılarının və 

YUNESKO-nun Baş katibinin iştirakı ilə Bakıda Zirvə tədbiri; 

* 13 dekabr 2013-cü il – Bakıda Dədə Qorqud abidəsinin və 

Dədə Qorqud parkının rəsmi açılışı; 

* 28 dekabr 2013-cü il – Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin “Dədə Qorqud” dastanlarının motivləri əsasında 

çoxseriyalı bədii filmin çəkilməsi haqqında Sərəncamı; 

* 20 fevral 2015-ci il – Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk 



tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 

Sərəncamı. 

“Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar olan bu 

tarixlərdən hər biri təkcə qorqudşünaslıq elmi üçün yox, 

bütövlükdə geniş mənada elm və ədəbiyyatın, habelə 

cəmiyyətin inkişafı baxımından mühüm hadisələrdir. “Kitabi-

Dədə Qorqud” dastanlarının alman şərqşünası Fridrix Fon Dits 

tərəfindən 200 il əvvəl tapılıb dünyaya bəyan edilməsindən 

sonra bu möhtəşəm şifahi xalq ədəbiyyatı abidəsi haqqında 

Şərqdə və Qərbdə yüzlərlə kitablar nəşr edilmişdir. Fikrimizcə, 

“Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-

dastan mühitində böyük boşluq meydana çıxardı. Dünyada 

“Dədə Qorqud” dastanlarının yerini doldura biləcək bu 

səviyyədə başqa bir epos təsəvvür etmək çətindir. 




“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycanla yanaşı 

Avropada və Türkiyədə kitab halında nəşr edilməsi və haqqında 

tədqiqat əsərlərinin meydana çıxması mühüm əhəmiyyətə 

malik olan ədəbiyyat və mədəniyyət hadisəsi faktlarıdır. 

Bununla belə, “Kitabi-Dədə Qorqud” dastanlarının dünya 

miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, 

əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi 

Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 

xidmətidir. Xüsusən, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 

illiyi haqqında 20 aprel 1997-ci ildə imzaladığı Fərmanın 

əsasında həyata keçirilmiş geniş miqyaslı tədbirlər sözün böyük 

mənasında “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və 

əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Mühüm tarixi 

əhəmiyyətə malik olan dövlət fərmanının işığında YUNESKO-nun 

iqamətgahında təşkil olunan beynəlxalq simpozium və konsert, 



Bakıda türk dövlətləri rəhbərlərinin iştirakı ilə gerçəkləşən Zirvə 

görüşü “Dədə Qorqud” dastanlarına yeni həyat bəxş etmişdir. 

Yubiley münasibətilə nəşr edilmiş iki cildlik “Dədə Qorqud” 

ensiklopediyası və digər elmi-bədii əsərlərlə Qorqudşünaslığın 

yeni epoxası başlanmışdır. “Dədə Qorqud” dastanının ilk dəfə 

olaraq Drezden nüsxəsinin faksimilesi ilə yanaşı, Vatikan 

nüsxəsinin də Bakıda nəşr edilib oxuculara çatdırılması 

Azərbaycan Qorqudşünaslığın tarixində nadir hadisələrdir. Eyni 

zamanda, Heydər Əliyev kimi böyük dövlət xadiminin “Kitabi-

Dədə Qorqud” dastanları haqqında müəyyən etdiyi aşağıdakı 

istiqamət dastana münasibətin və   ana xəttinə çevrilmişdir:  

“Kitabi – Dədə Qorqud” dastanı bütün türk dünyasına 

məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan 

xalqıdır, müstəqil Azərbaycan dövlətidir”. 




Məhz 1300 illik yubileyi haqqında fərmandan sonra Dədə 

Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində 

ilkin addımlar atılmışdır. Dədə Qorqud heykəlinin 1999-cu ildə 

Naxçıvan şəhərindəki Təbriz meydanında ucaldılması bu böyük 

işin möhkəm bünövrəsinə çevrilmişdir. Xüsusən, Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar 

Respublikasına səfəri zamanı Naxçıvan şəhərindəki Dədə 

Qorqud abidəsini ziyarət etməsi geniş ictimaiyyətin və yaradıcı 

ziyalıların bu mövzuya marağını daha da qüvvətləndirmişdir. 

Aparılmış məqsədyönlü və ardıcıl siyasət “Dədə Qorqud” 

mövzusunu müstəqil dövlətçilik və vətənpərvərlik tərbiyəsinin 

əsas istiqamətlərindən biri mövqeyinə çıxarmışdır. Xüsusən, 

Azərbaycanda müstəqilliyin möhkəmləndirilməsi dövründə 

“Dədə Qorqud”un qəhrəmanlıq, vətənpərvərlik və birlik 




ideyalarının dövlət səviyyəsində diqqət mərkəzinə çəkilməsi son 

dərəcədə müdrik və uzaqgörən bir addımdır. 

“Kitabi-Dədə Qorqud” dastanlarına xalqımızın milli-mənəvi 

özünüdərkinin və dövlət müstəqilliyinin mühüm hadisəsi kimi 

qiymətləndirilməsi siyasətini yaradıcılıqla inkişaf etdirən 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dədə 

Qorqud anlayışında millilik və dövlətçilik ideyalarının vəhdətinin 

ifadə olunduğunu daim diqqət mərkəzinə çəkmişdir. Bu mənada 

Dədə Qorqud mövzusu müstəqillik dövrü Azərbaycan 

siyasətində milli-mənəvi özünüdərk proseslərinin 

genişləndirilməsində mühüm yer tutur. Dədə Qorqudun adının 

əbədiləşdirilməsinə dair ölkə miqyasında tədbirlərin həyata 

keçirilməsi həmin ardıcıl siyasətin real nəticələridir.  Bakı 

şəhərində 13 dekabr 2013-cü ildə Dədə Qorqud abidəsinin 

ucaldılması və Dədə Qorqud parkının salınması ilə Qorqud 



Atanın ölməz adı Azərbaycan paytaxtında rəsmi olaraq 

əbədiləşdirilmişdir. Heykəltəraş Göyüş Babayevin yaratdığı 

“Kitabi-Dədə Qorqud” abidəsində təkcə Oğuz elinin böyük və 

müdrik ağsaqqalı Dədə Qorqudun yox, bütövlükdə dastanın 12 

boyunda təsvir edilmiş hadisələrin əsas motivləri orijinal şəkildə 

əks etdirilmişdir. Bu, Azərbaycanda dastan qəhrəmanına deyil, 

geniş mənada dastana ucaldılmış birinci heykəltarşlıq 

nümunəsidir. Kitab-abidənin də əhatə olunduğu Dədə Qorqud 

parkında həmin dövrün mühitinin ana xətləri canlandırılmışdır. 

Doğrudan da  Prezident İlham Əliyevin Dədə Qorqud 

kompleksinin açılışı mərasimində haqlı olaraq dediyi kimi “bu 

abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” 

Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan 

xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks 

olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın 



çoxsaylı müxtəlif ərazilərində yaşayış məntəqələrində görmək 

olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur... Bu 

dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin 

ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, 

mədəniyyətinə olan münasibətinin təzahürüdür... Artıq Bakıda 

Dədə Qorqud parkı, Dədə Qorqud abidəsi vardır”. 

Bu böyük mədəniyyət hadisəsindən dərhal sonra 28 dekabr 

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii 

televiziya filminin çəkilməsi haqqında” imzaladığı  

Sərəncamında da dastanın “azərbaycançılıq məfkurəsi 

baxımından müstəsna əhəmiyyəti” və “gənc nəslin 

vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu” 

xüsusi olaraq nəzərə çarpdırılmışdır. 




Dövlət sərəncamında ifadə olunan aşağıdakı fikirlərdə “Kitabi-

Dədə Qorqud” dastanlarının çox mühüm azərbaycançılıq 

hadisəsi olması öz əksini tapmışdır: “Azərbaycan xalqının əsrlər 

boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində 

“Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur. 

Qəhrəmanlıq keçmişimizi parlaq əks etdirən bu misilsiz və 

möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində 

mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən 

böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud” 

Ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. 

Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən 

monomental epos xalqımıza məxsus qədim adət və ənənələrin, 

ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək 

bədii zövqünün öyrənilməsində qiymətli mənbədir”. 




Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarına 

həm də  dünya eposu miqyasında, xüsusən də türk dünyasının 

zəngin şifahi xalq ədəbiyyatı səviyyəsində yüksək qiymət 

vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

“Kitabi-Dədə Qorqud” dastanlarına münasibətində də 

azərbaycançılıqla yanaşı, bu ədəbi abidənin “yüksək bəşəri 

idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi 

sərvətlər xəzinəsinə daxil olması” fikri və “bütün türk dünyasını 

daha sıx birləşdirməsi” ideyası xüsusi yer tutur. Prezident İlham 

Əliyev “Dədə Qorqud” dastanlarında “ortaq tarix və ortaq 

köklər” ideyasının da ifadə olunduğunu, buna görə də Dədə 

Qorqudla əlaqədar həmin istiqamətdə Azərbaycanda atılan 

addımların “bütün türk dünyasında gözəl əks-səda verəcəyini” 

diqqət mərkəzinə çəkmişdir. Dövlət başçımızın 2004-cü ildə 

Avropa Birliyi Təşkilatının yerləşdiyi Belçikanın paytaxtı Brüssel 



şəhərində ucaldılmış Dədə Qorqud abidəsinin meydana 

çıxmasına diqqət yetirməsi və həmin abidənin açılışında iştirak 

etməsi möhtəşəm eposa dünya mədəniyyəti miqyasında baxışın 

daha bir ifadəsi idi. Fikrimizcə, Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə 

ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 

20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu 

böyük azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi 

səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da 

dərinləşməsinə  uğurla xidmət edən ardıcıl dövlət siyasətinin 

məntiqi davamıdır.  Bu Sərəncamdan irəli gələn məsələlərin 

həlli artıq dünya elmi fikrinin faktına çevrilmiş qorqudşünaslıq 

elminin beynəlxalq miqyasda inkişaf etdirilməsinə yeni imkanlar 

açacaqdır. Bundan başqa, “Kitabi-Dədə Qorqud” dastanlarını ilk 

dəfə dünya ictimaiyyətinə çatdırmış görkəmli alman şərqşünası 



Fridrix Fon Ditsin xidmətlərinə də böyük ehtiramı ifadə edən 

dövlət sərəncamı həmin şəxsiyyətin həyatı və fəaliyyətinin 

Azərbaycanda və xarici ölkələrdə daha yaxından tanıdılmasına 

da şərait yaradacaqdır. Bununla da qorqudşünaslıq elmində 

müəyyən epizod şəklində adı etiraf olunan Fridrix Fon Dits 

məsələsi ilə bağlı mövcud boşluq aradan qalxmış olacaqdır. Bu 

sərəncam müstəqil Azərbaycan Respublikasının Avropa ölkələri 

ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni imkanlar 

açan qiymətli bir dövlət sənədi kimi də özünəməxsus 

əhəmiyyətə malikdir. 

Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanlarına müstəqil 

Azərbaycanda dövlət səviyyəsində ardıcıl və davamlı bir 

münasibətin bəslənilməsi ölkəmizdə milli-mənəvi özünədərk və 

inteqrasiya proseslərinin genişləndirilməsi və 

möhkəmləndirilməsi ideyasının əsasını təşkil edir. Bütün bu 



parlaq hadisələr müstəqil Azərbaycan dövlətinin yeni tarixi 

epoxadakı Dədə Qorqudnaməsidir. “Kitabi-Dədə Qorqud”a 

sədaqət və ehtiram millətə, ölkəyə və dövlətə sədaqətin 

rəmzidir. “Kitabi-Dədə Qorqud” dastanlarına hər qayıdış 

Azərbaycanı, türk dünyasını və bütövlükdə dünyanı yenidən və 

daha əsaslı şəkildə qavramağın və müasir inkişaf yollarını 

müəyyən etməyin əhəmiyyətli dərslərini mükəmməl şəkildə 

öyrənmək deməkdir. 

lll 

“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının 



nadir hadisəsidir. Görkəmli türk ədəbiyyatşünası Fuad 

Köprülüzadə “Dədə Qorqud” dastanlarının əhəmiyyətini 

qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir 

müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri 




tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, 

yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”. 

Biz isə “Kitabi-Dədə Qorqud” abidəsinə dünya dastanı irsi 

miqyasında nəzər salaraq belə bir müddəa irəli sürürük: Əgər 

dünya şifahi xalq ədəbiyyatındakı dastanları tərəzinin bir 

gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə 

Qorqud” dastanı ağır gələr.  Belə ki, bizə görə Qərb 

dastanlarında salnaməçilik, Şərq dastan tipində isə qafiyə ritmi 

daha çox diqqəti cəlb edir. Bunlardan fərqli olaraq, “Dədə 

Qorqud” dastanlarındakı epik təhkiyə mükəmməl bədii nəsr 

nümunəsidir. Dastanın aparıcı tərəfi olan bədii nəsr epos 

təfəkkürünün kamil bədii ifadəsidir. Dastanın yarandığı VII əsrə 

qədərki dövrdə, yaxud da boyların tam halda yazıya 

köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə 

Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmamışdır. “Dədə 



Qorqud” dünya miqyasında bədii nəsr təfəkkürünün möhtəşəm 

abidələrindən biridir. Bu, “Dədə Qorqud” dastanlarını yaradan 

xalqın epos təfəkkürünün bədii mükəmməlliyinin klassik 

nümunəsidir. Epos təfəkkürü isə bədii fantaziyadan daha çox 

xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və millət 

qavrayışının dastan səviyyəsində ifadəsi deməkdir. Bu mənada 

“Dədə Qorqud” dastanları oğuz türklərinin, Azərbaycan xalqının 

yurd və torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını, 

millətini dərindən dərk edən bir xalqın vətən və torpaq 

sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud 

qəhrəmanları dastanlaşmış obrazlardan çox, həyat və düşüncə 

adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə 

malik olan insanlar əsas, real cizgiləri ilə əks etdirildiyi halda, 

cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün 

olduğundan qat-qat güclü şəkildə təsvir edilmişdir. “Dədə 



Qorqud” kiçik insanları da qüdrətli olan böyük bir xalqın 

mükəmməl bir dastanıdır. 

“Kitabi-Dədə Qorqud” dastanlarının şeirləri sərbəst şeirin klassik 

nümunəsidir. Dastandakı bir çox hallarda müəyyən  hekayəti də 

ifadə edən poetik nümunələr mənsur şeir təsiri də bağışlayır. 

“Dədə Qorqud”un nəsr təhkiyəsində də mənsur şeirlik 

müşahidə olunur. Dastandakı bir çox şeirlər vəznli sərbəst şeir 

xüsusiyyətlərinə malikdir. “Dədə Qorqud” şeirlərinin 

özünəməxsus qafiyə sistemi də vardır: 

Allah-Allah deməyincə 

işlər düzəlməz, 

Qadir tanrı verməyincə 

kişi varlanmaz. 

... Qovuşaraq sular daşsa, 




dəniz dolmaz. 

Təkəbbürlük eyləyəni tanrı sevməz. 

Könlünü uca tutan adamda ağıl olmaz. 

Yad oğulun saxlamaqla oğul olmaz. 

Qarabaşa don geydirsən də

qadın olmaz. 

Lopa-lopa qarlar yağsa, yaza qalmaz. 

Gül-çiçəkli göycə çəmən 

payıza qalmaz. 

Köhnə pambıq bez olmaz, 

Qarı düşmən dost olmaz. 

... Kişi malına qıymayınca adı çıxmaz. 

Qız anadan görməyincə öyüd almaz. 



Oğul atadan görməyincə süfrə açmaz. 

Oğul atanın yetirməsi, 

iki gözünün biridir. 

Ağıllı oğul olsa, ocağının közüdür. 

Oğul daha neyləsin, 

ata ölüb mal qalmasa, 

Ata malından nə fayda, 

başda ağıl olmasa. 

“Dədə Qorqud” şeirləri sanki Azərbaycan torpağındakı qayaüstü 

rəsmlərlə əruz və ya heca vəznində yazılmış şeirlər arasında 

əlaqələndirici vasitədir. Bu şeirlər əruz, yaxud heca vəznli 

şeirlərdən çox, dastanın nəsrinə yaxındır. “Dədə Qorqud” 

şeirləri sanki dastançının hadisələri hekayət etməkdən yorulub 



dayandığı hallarda yenidən davam etmək üçün qazandığı 

nəfəslikdir. Bu şeirlər dastan əhvalatlarını bir-biri ilə 

əlaqələndirən, bağlayan bədii vasitədir. Bəzən isə “Dədə 

Qorqud” şeirləri dastandakı boyların məntiqi yekunu, 

ümumiləşdirici nəticəsi funksiyasını yerinə yetirir. Hətta 

dastanda elə şeir mətnləri də vardır ki, geniş mənada eposun 

ideyasını tam halda özündə ifadə edir: 

Qanı öydüyümüz bəy ərənlər, 

Dünya mənim deyənlər? 

Əcəl aldı, yer gizlədi, 

Fani dünya kimə qaldı? 

Gəlimli-gedimli dünya! 

Son ucu ölümlü dünya! 



Əl aqibət uzun yaşın 

Ucu ölüm, axırı ayrılıq. 

lll 

Qorqudşünaslıqda “Dədə Qorqud” dastanlarının mahiyyəti və 



əhatə dairəsi haqqında əsasən iki fikir üstünlük qazanmışdır. 

Birinci qənaətə görə, “Dədə Qorqud” ümumtürk təfəkkürünün 

özünüifadəsi olan eposdur. İkincisi isə “Dədə Qorqud” konkret 

bir coğrafiyanın, daha dəqiq desək, Azərbaycan ulusunun 

oğuznaməsidir. Fikrimizcə, bu mülahizələrdən hər ikisi obyektiv 

gerçəkliyi ifadə edir. Azərbaycan oğuzları geniş mənada əsas 

türk soylarından biri olduğu üçün “Dədə Qorqud”un da 

ümumtürk oğuznaməsi hesab olunması təbii haldır. Bundan 

başqa, türk dünyasının müxtəlif coğrafiyalarında da Dədə 

Qorqud rəvayətlərinin mövcudluğu Qorqud Ata motivinin 




ümumtürk miqyasından xəbər verir. Eyni zamanda, Türkiyədə 

Bayburd şəhərində, Dərbənddə və Qazaxıstanda Sır Dərya 

ətrafında, Kərkükdə Dədə Qorquda aid edilən məzarların olması 

da dastanın süjetinin geniş masştabını nəzərə çarpdırır. Bununla 

belə, “Dədə Qorqud” Azərbaycan coğrafiyasının, Bayat boyunun 

oğuznaməsi kimi də möhtəşəmdir. Dədə Qorqud indiki 

Azərbaycan ərazilərindən də geniş coğrafiyada məskunlaşmış 

oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun – 

məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir 

məkanda yayılmış oğuzlardır. Altuntaxt – Qorqud elinin 

paytaxtı, Dərbənd – qapısı, Alınca (Əlincə) isə qalasıdır. “Dədə 

Qorqud”da qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki 

Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, Ağ qaya, 

Dərəşam, Sürməli, Qazan göl və başqa yer adlarından bəhs 

edilməsi də dastanın geniş mənada Azərbaycanı əhatə etdiyini 



göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü 

Səfərəli Babayev “Naxçıvanda “Kitabi-Dədə Qorqud” 

toponimləri” adlı monoqrafiyasında (Bakı, “Yeni nəşrlər evi”, 

1999) muxtar respublikanın ərazilərində dastandakı yer adları 

ilə səsləşən 30-dan çox toponimi qeydə almış, onların haqqında 

geniş tarixi-coğrafi məlumatları ictimaiyyətə çatdırmışdır. 

Filologiya elmləri doktoru Şamil Cəmşidovun “Kitabi-Dədə 

Qorqud” monoqrafiyasındakı (Bakı, “Elm”, 1999) “Kitabi-Dədəm 

Qorqud”da təsvir edilən coğrafi mühit” bölməsində isə 40-dan 

çox yer adı haqqında məlumatlar öz əksini tapmışdır. 

Qorqudşünaslığa aid digər əsərlərdə də yaşayan Dədə Qorqud 

yerləri və ya dastanın qəhrəmanlarının adlarını əks etdirən 

toponimlər barədə məlumatlar vardır. Hətta mənbələrdə 

dastanda adı çəkilən yerlərin hazırda ölkəmizdə bir neçə coğrafi 

məkanda eyni adlarla mövcudluğunun göstərilməsi də Dədə 



Qorqud boylarındakı motivlərin müxtəlif areallarda 

formalaşaraq nəhayət, vahid bir süjet halına gəlib çatdığını 

düşünməyə əsas verir. Məsələn, Xocavənd rayonu ərazisində 

Qaraca Çobana aid edilən qədim qəbirin müəyyən olunması bu 

barədə mövcud olan versiyaları Azərbaycan hadisəsi 

səviyyəsində yekunlaşdırır və daha da konkretləşdirərək 

möhkəmləndirir. Dastandakı bir çox əsas motivlər “Dədə 

Qorqud” boylarını üzvi surətdə əlaqələndirərək birləşdirir. Bu 

baxımdan yanaşdıqda “Dədə Qorqud” dastanlarındakı Bayandır 

xan – bütün Oğuz elinin rəhbəri, Ulaşoğlu Salur  Qazan xan baş 

komandanı, Beyrək və Basat sərkərdəsidir. Qaraca Çoban – 

oğuz tayfasının sadə adamlarının vətənsevərliyinin və şücaətinin 

nümunəsidir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, 

“Kitabi-Dədə Qorqud” dastanlarındakı Oğuz eli – şərti olaraq 

Oğuzustan adlandırdığımız siyasi-coğrafi məkan, yaxud 



Azərbaycan dövləti deməkdir. Dədə Qorqud – oğuz elinin, daha 

geniş mənada türk dünyasının rəmzidir. Bu mənada “Dədə 

Qorqud” dastanları müstəqil Azərbaycan dövlətçiliyinin də 

təməl əsaslarını əks etdirən qiymətli ədəbi abidədir. “Dədə 

Qorqud”dakı oğuz dövlətçilik sistemi Azərbaycanda və türk 

dünyasında müstəqil milli dövlət quruculuğu ənənəsi 

baxımından yenidən öyrənilməlidir. 

Beləliklə, “Dədə Qorqud” – dünya ədəbiyyatında ideya-mövzu 

cəhətdən və bədii-sənətkarlıq baxımından çox qiymətli və 

mükəmməl bir dastandır. “Dədə Qorqud” – türk 

oğuznamələrinin şahıdır. Dünya xalqlarının şifahi xalq 

ədəbiyyatında “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisə 

edilə biləcək bir əsər tapmaq çətindir. Bu mənada “Kitabi-Dədə 

Qorqud” Azərbaycan xalqının, türk dastan təfəkkürünün dünya 

eposu xəzinəsinə bəxş etdiyi möhtəşəm sənət abidəsidir. Bəşəri 



ideyalarına görə “Dədə Qorqud” dünya şifahi xalq mədəniyyəti 

və ədəbiyyatının da möhtəşəm dastan nümunəsidir. 

lll 

“Kitabi-Dədə Qorqud” dastanlarının ayrı-ayrı boyları bizim 



eranın VII əsrinə qədər formalaşmışdır. Bununla belə, “Dədə 

Qorqud” boyları içərisində qədim mifologiya ilə bağlı olan 

süjetlər və obrazlar da vardır. Dastandakı məşhur Təpəgöz boyu 

bizim eradan əvvəlki mifoloji düşüncə və mifik obrazlarla 

səsləşir. Eposu elm aləminə ilk dəfə bəlli edən alman şərqşünası 

Fridrix Fon Dits də “Basatın Təpəgözü öldürdüyü boy”un antik 

yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” əsərindəki 

Polifem – Təpəgöz obrazından qədimlərə aid olduğunu və hətta 

həmin əsərə təsir etdiyini göstərmişdir. Əvvəla, “Dədə Qorqud” 

dastanlarının hələ XIX əsrdə Qərbdə dünya üzrə möhkəm bir 




möhürü olan antik yunan mifologiyası ilə müqayisə edilməsi, 

bərabər tutulması özlüyündə qədimlik baxımından da, 

möhtəşəmlik mənasında da mühüm hadisədir. İkincisi isə “Dədə 

Qorqud” kitabının “Basatın Təpəgözü öldürməsi” boyundakı yer 

adlarının Azərbaycan ərazisində bu günə qədər yaşaması 

dastanla yanaşı, onu yaradan xalqın da tarixi keçmişinin qədim 

izlərini müəyyən etməyə imkan verir. Artıq qorqudşünaslığa 

məlumdur ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı 

toponimlər hazırda da Naxçıvan Muxtar Respublikası ərazisində 

yaşamaqdadır. Bizə görə, Şərur rayonu ərazisindəki, tarixi 

eramızdan min illərlə əvvəllərə aid olan məşhur daş dövrü 

abidəsi Qazma mağarası Dədə Qorqud Təpəgözünün 

məskənidir. “Təpəgöz boyu”nda adı çəkilən Salaxana mağarası 

ilə Qazma mağarası arasında böyük oxşarlıq vardır. AMEA-nın 

müxbir üzvü Səfərəli Babayevin vaxtilə müəyyən etdiyi, indiki 



Babək rayonu ilə Şərur rayonunun qovuşduğu ərazidə olan 

Salaxana mağarası Qazma mağarası ilə coğrafi cəhətdən bir-

birinə çox yaxındır. Həm də dastanda Təpəgözün iki mağaradan, 

böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Fikrimizcə, 

eyni coğrafi ərazidə yerləşən bu mağaralar adamyeyən 

Təpəgözün salaxanasıdır. “Kitabi-Dədə Qorqud”un həmin 

boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir 

edilən Günortac yer adının da Salaxana – Qazma mağaraları  

ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox 

ehtimal ki, Salaxana qayası bütövlükdə Təpəgözün oğuzların 

arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan 

ərazisinin ümumi adıdır. Səfərəli Babayev də Babək rayonunun 

dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan 

mağarasının olduğunu yazır. Salaxana mağarası isə Salaxana 

qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla 



vuruşduğu Saxana mağarası quruluşuna görə Qazma 

mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat, 

ərzaq anbarı təəssüratı yaradır. Şəxsi müşahidələrimə əsasən 

deyə bilərəm ki, “Odisseya”da təsvir olunduğu kimi Qazma 

mağarasının da girişi çox dardır və buradan kiminsə ayaqları 

arasından asanlıqla keçə bilməsi çox çətin məsələdir. Dastanda 

Təpəgözün Basatı ələ keçirmək istədiyi anlara həsr olunan 

təsvirlər Qazma mağarasının quruluşuna uyğun gəlir: “Təpəgöz 

bildi ki, Basat mağaradadır. Mağaranın qarşısında durub, bir 

ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay 

qoyunların başçıları ərkəclər, bir-bir gəlin keçin!”. Bir-bir gəlib 

keçdilər. Hər birinin başını sığalladı. Basat bir anda qoçu basıb 

kəsdi, dərisini çıxardı, quyruğu ilə başını dəridən ayırmadı, 

dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi 

ki, Basat dəri içindədir. Dedi: “Ay qara qoç, ...elə vurram səni 



mağara divarına ki, quyruğun mağaranı yağlasın!” Basat qoçun 

başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan 

bərk tutdu. Qollarında buynuzla dəri əlində qaldı. Basat 

Təpəgözün ayaqları altından sıçrayıb çıxdı”. 

Alman şərqşünası Fridrix Ditsin qənaətinə görə, “Homer Asiya 

səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas 

həyatını oradan almışdır. Kim bilir, o, bəlkə əfsanəni hər hansı 

bir oğuz qəbiləsi arasından eşitmişdir. Çünki bu qəbilə Primanın 

müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb 

etmişdir”. Deməli, Fridrix Fon Ditsin tezislərinin işığında 

Homerin Asiya səfərinin marşrutunu öyrənmək və Oğuz-Yunan 

münasibətlərini aydınlaşdırmaqla Təpəgözün mənşəyini dəqiq 

müəyyən etmək mümkündür. Bu mənada Salaxana – Qazma 

mağaraları oğuz məskənləri kimi dünyada geniş yayılmış  

məşhur Təpəgöz süjetinə şahidlik edə bilər. “Dədə Qorqud” 



dastanlarındakı Buğa çeşmə, Günortac, Qaranquş yaylağı və 

başqa yer adlarının da həmin ərazilərdə indiyədək xalq 

yaddaşında varlığını qoruyub saxlaması məlum süjetin bu 

eposla daha çox bağlı olduğunu düşünməyə əsas verir. 

Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib də vaxtilə 

tədqiqatlarında “Dədə Qorqud” Təpəgözünün “Odisseya”dakı 

Polifemdən fərqli və üstün olduğu qənaətinə gəlmişdir. 

M.H.Təhmasibə görə, Odisseylə Polifem arasında heç bir 

qohumluq olmadığı halda, Basatla Təpəgöz eyni ailədə 

böyümüşlər: “Polifemə nisbətən Təpəgöz daha rəzil, daha 

eybəcərdir... Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor 

axırda ona bəla kəsilmişdir”. Odissey Polifemlə təsadüfən üz-

üzə gəldiyi üçün sadəcə olaraq özünü xilas etmək naminə 

mübarizə aparmışdır. Basat isə “Qalın Oğuz eli”ni bəladan 

qurtarmağa görə məqsədli şəkildə Təpəgözlə vuruşa getmiş 



“Dədə Qorqud” qəhrəmanıdır. Bundan başqa, “Odisseya”da 

Polifemin yalnız gözləri çıxarılır və nəticədə insanlar keçi dərisi 

geyib mağaradan qaçaraq xilas olurlarsa, Basat isə qoyun dərisi 

geyinərək mağaradan çıxandan sonra da mübarizəsini davam 

etdirir və Təpəgözü öldürənədək vuruşur. M.H.Təhmasibin 

qənaətinə görə, Odissey Basat olmadığı kimi, Polifem də 

Təpəgöz deyildir. Buna görə də “Dədə Qorqud”dakı “Təpəgöz 

boyu” daha mükəmməldir. Professor Əli Sultanlı da “Dədə 

Qorqud” dastanlarındakı Təpəgöz-Polifem müqayisəsində 

üstünlüyü Təpəgözə vermişdir. 

Fikrimizcə, “Dədə Oorqud” boylarındakı Dəli Domrul süjeti də 

mifoloji motiv olub, dastanın erkən yaranmış boylarından 

biridir. Dəli Domruldakı dirilik uğrunda mübarizə motivi qədim 

türklərin yeni tarixə qədərki mifoloji düşüncəsinin dastandakı 

əks-sədasıdır. Eyni zamanda, “Dirsə xan oğlu Buğac” boyunda 



tanrıçılığın izləri yaşayır. “Dədə Qorqud” dastanlarındakı 

savaşların da izlərini bizim eranın əvvəlki dövrlərində baş vermiş 

hadisələrlə əlaqələndirmək mümkündür. “Dədə Qorqud” 

dastanlarında İç Oğuz və Daş Oğuz anlayışlarının mövcud olması 

oğuzların artıq bəlii bir coğrafiyada məskunlaşdıqlarını, oturaq 

həyat sürdüklərini göstərir. Fikrimizcə, oğuzların gedib-gəlməsi 

köçəri həyatdan çox, qarşılıqlı əlaqələrin, bir çox məqamlarda 

isə birliyə cəhdin təzahürləridir. Oğuzların oturaq həyat 

sisteminin formalaşması əsasən bizim eranın III-V yüzilliklərində 

başa çatdığı üçün “Dədə Qorqud” boylarının da həmin 

dövrlərdən etibarən daha sürətlə yaradılmaqda olduğunu 

düşünmək mümkündür. Şifahi şəkildə uzun əsrlər ərzində 

formalaşsa da, “Kitabi-Dədə Qorqud” boyları artıq VII əsrdə tam 

bitkin bir dastana çevrilmişdir. “Kitabi-Dədə Qorqud” kimi 

mükəmməl bir dastanın yaranması onu yaradan xalqın qədim 



dövrlərdəki epos təfəkkürünün dərinlik və genişliyinin çox 

mühüm göstəricisidir. Bu mənada yalnız at çapıb qılınc çalan, 

sapand atan Dədə Qorqud qəhrəmanları deyil, belə möhtəşəm 

dastan yarada bilmiş xalqın özü də  qüdrətlidir. Torpağı 

müqəddəs sayan Dədə Qorqud igidləri oğuz elinin basılmazlığını 

təmin edən qəhrəmanlardırsa, “Dədə Qorqud” boyda böyük 

epos təfəkkürünə malik olmaq bu möhtəşəm dastanı yaratmış 

xalqın mənəvi zənginliyinin, geniş dünyagörüşünün, dərin milli 

təfəkkürünün, yüksək səviyyədə müdrikliyinin real miqyasını əks 

etdirir. Dünya dastanları arasında cəngavər – bahadır dastan 

qəhrəmanları çox olsa da, Dədə Qorqud səviyyəsində müdrik 

dastan başçısı yoxdur. Dədə Qorqud dünya xalqlarının 

dastanlarındakı at çapan, yürüşlərə çıxan, qılınc çalan qəhrəman 

tipini “boy boylayan, söz söyləyən”, qopuz çalan, öyüd verən 

müdrik qəhrəmanla əvəz etməklə fərqli ad qazanan böyük el 



ağsaqqalıdır. Qərb dastanlarının bir çoxunun qəhrəmanları 

mənsub olduqları xalqın pərakəndə olmaqdan qurtarmağa 

çalışmaq, həyata, insani münasibətlərə, cəmiyyətə alışdırmaq 

uğrunda mübarizə aparırlar. Dədə Qorqud isə ucu-bucağı bəlli 

olan geniş ərazilərində torpaqları əkilən, sürüləri arana-yaylağa 

köç edən, xalqı ova çıxan, mərasimlər keçirən bir elin birliyinin 

daha da möhkəmləndirilməsini ümummilli ideal olaraq 

yaşatmağı varlığının əsas meyarı hesab edir. “Dədə Qorqud” 

möhkəm milli köklərə və qüvvətli mənəvi dəyərlərə malik olan 

Azərbaycan oğuzları kimi formalaşmış bir xalqın oturuşmuş 

həyat tərzinin və qəhrəmanlıq ruhunun dastanıdır. Xalq olaraq 

azərbaycanlıların bütün yüksək milli-mənəvi dəyərləri “Dədə 

Qorqud” dastanlarında öz əksini tapmışdır. “Dədə Qorqud” 

ümumtürk əhəmiyyətinə malik olan möhtəşəm Azərbaycan 

qəhrəmanlıq dastanıdır. 



lll 

“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya 

bəlli edən alman şərqşünası Fridrix Fon Dits bu möhtəşəm 

dastanın ilk bələdçisidir. Fridrix Fon Ditsin Almaniyanın Drezden 

kitabxanasında saxlanılan “Kitabi-Dədə Qorqud” dastanlarını 

elm aləminə bəyan etməsi ümumən şərqşünaslıq elminə və  

folklorşünaslığa əvəzsiz xidmətidir. Fridrix Fon Ditsin “Basatın 

Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək 

yayması, dastana dair məqalə  yazması Qorqudşünaslığın 

təməlini təşkil edən mühüm elmi hadisədir. Bu mənada Fridrix 

Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının ilk kəşfiyyatçısı 

olmaqla bərabər, dünya qorqudşünaslıq elminin də 

yaradıcısıdır. Bu böyük xidməti ilə alman alimi Fridrix Fon Dits 

eyni zamanda “Dədə Qorqud”la bərabər öz adını da ədəbi 

olaraq tarixə yazmışdır. Fikrimizcə, Azərbaycanda, türk 



dünyasında Fridrix Fon Dits haqqında geniş elmi təsəvvür 

yaradan elmi əsərlərə ehtiyac vardır. “Dədə Qorqud” 

dastanlarını dünya elminə bəlli etmiş şəxsiyyətin kimliyini, 

fəaliyyətini  ətraflı və əsaslı şəkildə bilmək maraqlı və 

əhəmiyyətlidir. Hələlik isə Fridrix Fon Dits haqqında 

öyrəndiklərimiz Rusiya və Türkiyə şərqşünaslığındakı bəzi 

məlumatlardan ibarətdir. Məlumdur ki, Fridrix Fon Dits (1751-

1817) Almaniyanın Konstantinopolda səfiri olmuş, şərqşünaslığa 

ciddi maraq göstərmişdir. Çoxlu sayda türk atalar sözü və 

məsəlləri toplamış, bunlardan 400-nü kitab halında çap 

etdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə 

təqdim etmiş və “Təpəgöz boyu”nu alman dilinə tərcümə 

edərək tədqiq və nəşr etdirmişdir. Fridrix Fon Ditsin tərcümeyi-

halını, ictimai-siyasi və elmi fəaliyyətini tam halda öyrənib 

cəmiyyətə çatdırmaq yeni dövr Azərbaycan qorqudşünaslığının 



üzərinə düşür. Eyni zamanda, Fridrix Fon Ditsin şərqşünaslığa 

dair əsərlərinin də Azərbaycan dilinə tərcümə edilərək nəşr 

edilməsi elmi-ədəbi əlaqələrimizi daha da inkişaf etdirməyə 

şərait yaradar. Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və 

nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı Sərəncamı 

bütün bunlar üçün münasib imkanlar açır.  

“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycanda müəyyən 

dairələrdə, xüsusən xalq yaddaşında uzun əsrlər boyu bəlli olsa 

da, dastan bütövlükdə Həmid Araslı tərəfindən Bakıda 1939-cu 

ildə ilk dəfə kitab halında nəşr edilərək yayılmışdır. Bundan 

sonra görkəmli Azərbaycan alimi Həmid Araslı “Dədə Qorqud” 

dastanlarını 1962 və 1978-ci illərdə yenidən nəşr etdirmişdir. 

Sonrakı mərhələdə tanınmış dilçi alimlər Fərhad Zeynalov və 

Samət Əlizadə 1988-ci ildə “Dədə Qorqud” dastanlarını geniş 



elmi şərhlərlə və izahlarla Azərbaycan oxucusuna çatdırmışlar. 

Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” 

filmi ilə dastanın Azərbaycanda müəyyən bir oxucu 

auditoriyasının çərçivəsindən çıxaraq, ümumxalq sərvətinə 

çevrilməsi istiqamətində mühüm addım atılmışdır. Azərbaycan 

xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər 

Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi 

haqqındakı 20 aprel 1997-ci il tarixli fərmanından sonra 

dastanın Azərbaycan xalqına və YUNESKO səviyyəsində dünya 

ictimaiyyətinə çatdırılması sahəsində daha geniş miqyaslı və 

sistemli iş aparılmış, çoxsaylı elmi tədqiqat əsərləri meydana 

çıxmışdır. 

“Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edildiyi dövrdə 

görkəmli dövlət xadimi Heydər Əliyev bu qəhrəmanlıq 

eposunun Azərbaycan xalqına çatdırılmasının əhəmiyyətindən 



bəhs edərkən demişdir: “Biz onu da qiymətləndirməliyik ki, bir 

çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermiş, 

əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı 

Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf 

etmişdir. Bu nəşrlər içərisində “Kitabi-Dədə Qorqud”un 1988-ci 

ildə Fərhad Zeynalovun və Samət Əlizadənin rəhbərliyi altında 

həyata keçirilmiş samballı nəşrini xüsusi qeyd etmək olar”. 

Ümumiyyətlə, “Dədə Qorqud” dastanları Azərbaycanda dövlət 

müstəqilliyi ideyasının dərinləşdirilməsinə və daha da 

möhkəmləndirilməsinə geniş meydan açan, xalqın qəhrəmanlıq 

ruhunu inkişaf etdirən və birlik ideyasına uğurla xidmət edən 

əsər kimi həmişə xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 

latın qrafikalı ədəbiyyatının kütləvi nəşri haqqındakı 12 yanvar 

2004-cü il tarixli sərəncamı ilə nəşr edilən “Dədə Qorqud” 



dastanları ölkəmizdə XXI əsrin yeni nəsillərinə təqdim 

olunmuşdur. Bütövlükdə “Kitabi-Dədə Qorqud” dastanları 

Azərbaycan xalqının Ata kitabı səviyyəsində qəbul olunmuş, 

möhtəşəm azərbaycançılıq abidəsinə çevrilmişdir. 

lll 

Doğru olaraq qeyd edildiyi kimi, son yüzillikdə “Kitabi-Dədə 



Qorqud” dastanları haqqında “elmi bir kitabxana” (Kitabi-Dədə 

Qorqud (tərtib, transkripsiya və müqəddimə Fərhad Zeynalov 

və Samət Əlizadə). Bakı, “Yazıçı”, 1988) yaranmışdır. Son bir 

əsrə yaxın dövr ərzində Azərbaycanda “Kitabi-Dədə Qorqud” 

dastanlarını tədqiq edib öyrənmiş böyük elm adamları 

qvardiyası formalaşmışdır. Əmin Abid, Salman Mümtaz, Həmid 

Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif Dadaşzadə, 

Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı,  Anar, Mirəli 




Seyidov, Şamil Cəmşidov, Kamal Abdulla, Tofiq Hacıyev, Nizami 

Cəfərov, Azad Nəbiyev, Fərhad Zeynalov, Səfərəli Babayev, 

Samət Əlizadə, Elməddin Əlibəyzadə, Kamil Vəliyev, Bəhlul 

Abdulla, Muxtar İmanov, Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, 

Məmməd Əliyev, Cəlal Bəydili, Cəlal Qasımov, İsmayıl 

Məmmədov və başqalarının əsərlərində “Dədə Qorqud” 

dastanlarının mahiyyəti müxtəlif yönlərdən hərtərəfli şəkildə 

açıqlanmışdır. Ümumiyyətlə, Dədə Qorqud mövzusu dünya elmi 

miqyasında əhəmiyyətli bir problem olsa da, Azərbaycan 

“Qorqudşünaslıq” elminin əsas mərkəzi olmaq statusu 

qazanmışdır. Məlumdur ki, XX əsrin əllinci illərində “Dədə 

Qorqud” dastanlarına görə Azərbaycan alimlərinin “pantürkist” 

damğası ilə təqib olunduğu dövrlər də olmuşdur. Lakin 

Azərbaycanda Qorqudşünaslıq elmi həmişə çətin yollardan 

keçərək yaşamış, axtarışlarını davam  etdirmişdir. 



Türkiyə Qorqudşünaslığı dastanın tədqiqi və nəşri istiqamətində 

mühüm nəticələr əldə etmişdir. Kilisli müəllim Rüfətlə 1916-cı 

ildən başlanan “Dədə Qorqud” axtarışları Türkiyədə Fuad 

Köprülüzadə, Orxan Şaiq Kökyay, Məhərrəm Ergin və Fəxrəddin 

Kırzıoğlu kimi dünyada tanınmış məşhur Qorqudşünas alimləri 

meydana çıxarmışdır. Orxan Şaiq Kökyayın min səhifədən çox 

olan “Dədə Qorqud kitabı” adlı əsəri Qorqudşünaslıq elminin 

möhtəşəm abidəsi hesab olnur. Orxan Şaiq Kökyay – 

Qorqudşünaslığın böyük başbiləni olaraq qəbul edilir. 

Avropa Qorqudşünaslığı baxımından Dədə Qorqud tədqiqatları 

alman şərqşünaslığında daha çox inkişaf etmişdir. Yakov Reyske, 

Fleyşer, Fridrix Fon Dits, Vilhelm Qrimn, Fyodor Nyoldeks, 

Volter Ruben və başqalarının Dədə Qorqudun üzə çıxarılması, 

tərcüməsi, nəşri və tədqiqi sahəsindəki xidmətləri sayəsində 

dastan Avropada yayılmış, digər Qərb ölkələrində də tədqiqatlar 



və nəşrlər əsasən bu zəmində meydana çıxmışdır. “Kitabi-Dədə 

Qorqud” dastanlarının vətəni Azərbaycan olduğu kimi, dastanın 

əsas əlyazmasının ölkəsi də Drezden, Almaniyadır. Azərbaycan – 

dünya dastan hadisəsi olan “Dədə Qorqud”un paytaxtı, Drezden 

isə dastanın əlyazmasının mavzoleyidir. 

Vaxtilə İtaliyada tapılmış Vatikan nüsxəsi əsasında bu ölkədə də 

Qorqudşünaslıq müəyyən inkişaf yolu keçmişdir. Almaniyada 

Fridrix Fon Ditsin gördüyü işi İtaliyada həyata keçirmiş Ettore 

Rossi Qorqudşünaslığa qiymətli bir əlavə etmişdir. Beləliklə, 

Vatikan – “Kitabi-Dədə Qorqud” əlyazmalarının daha bir 

qiymətli xəzinəsinə çevrilmişdir. 

Heç şübhəsiz, “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqində 

Rusiya şərqşünaslığının böyük rolu və xidmətləri vardır. 

Akademik Vasili Bartold Rusiya Qorqudşünaslığının atasıdır. 




“Dədə Qorqud” dastanını rus dilinə tam halda tərcümə edən 

V.Bartoldun yazdığı şərhlər və izahlar, apardığı tədqiqatlar  

Qorqudşünaslığa mükəmməl elmi xidmət kimi daxil olmuşdur. 

Burası da əhəmiyyətlidir ki, “Dədə Qorqud” boyları haqqında 

qiymətli tədqiqatında V.V.Bartold dastanı Qafqaz, Azərbaycan 

hadisəsi hesab etmişdir. Onun fikrincə, o zaman “nə kiçik 

Asiyada, nə də Balkan yarımadasında epik hekayələrin qorunub 

saxlanılması üçün münasib şərait yox idi. Dədə Qorqud 

əfsanələrinin mənşəyinin necə olmasından asılı olmayaraq,... 

dastandakı epik süjetlər çətin ki, Qafqaz mühitindən kənarda 

formalaşa bilərdi”. Eyni zamanda, Dədə Qorqudun və dastanın 

digər qəhrəmanlarının məzarlarına Dərbənddə, Təbrizdə və 

Urmiyada rast gəlinməsi haqqında irəli sürdüyü mülahizələr də 

Vasili Bartoldun dastanın Azərbaycanla üzvi surətdə əlaqədar 

olmasına dərindən inam bəslədiyini göstərir. Həqiqətən də 



görkəmli alimin “Türk eposu və Qafqaz” məqaləsi  yığcam 

həcmə malik olan böyük elmi əsər kimi qəbul edilməyə layiqdir. 

Bundan başqa, Rusiya alimlərindən A.Y.Yakubovski, xüsusən 

V.M.Jirminski, V.V.Radlov, A.N.Kononov, K.A.İnnostrantsev, 

Moskvada yaşamış Azərbaycan alimi Xalıq Koroğlu – 

qorqudşünaslığa sanballı elmi töhfələr vermişlər. Özbəkistanda 

Hadi Zərifov, Qazaxıstanda Çokan Vəlixanov, Baltabek İsakov, 

Şakir İbrayev, E.Konbatbayev, Türkmənistanda Aşır Orazov, 

Annaquban Aşırov, Ata Rəhmanov, Əhməd Bekmuradov, Məti 

Kosayev və başqalarının tədqiqatlarında “Dədə Qorqud” 

dastanları geniş təhlil edilmiş və tanıdılmışdır. V.M.Jirminskinin 

“Kitabi-Dədə Qorqud” və oğuz qəhrəmanlıq eposu” 

monoqrafiyası dünyada qəbul edilmiş mötəbər elmi 

mənbələrdən biridir. 




“Kitabi-Dədə Qorqud” dastanları rus, alman, ingilis, fransız, 

italyan, polyak, fars, latış, litva, gürcü  və başqa dillərə tərcümə 

edilərək nəşr olunmuşdur. “Dədə Qorqud” Türkiyədə və 

Mərkəzi Asiyada ortaq dastan kimi geniş yayılmışdır. Beləliklə, 

həm  “Dədə Qorqud” dastanının nəşri, həm də bu möhtəşəm 

abidəyə həsr edilmiş tədqiqatların coğrafiyası dünyanın bir neçə 

qitəsini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin “Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və 

nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-

ci il tarixli Sərəncamı dastanın və onun haqqında olan 

tədqiqatların Odisseyasının daha da genişlənməsinə böyük 

imkanlar yaradacaqdır. Hazırkı dövrdə Azərbaycan 

qorqudşünaslığının elmi nailiyyəti hesab edilməyə layiq olan 

tədqiqat əsərlərinin dünya dillərinə tərcümə edilərək yayılması 

“Dədə Qorqud” dastanlarının öyrənilməsində ölkəmizin rolunun 



və alimlərimizin xidmətlərinin beynəlxalq aləmə çatdırılması 

baxımından əhəmiyyətli olar. İnanırıq ki, dünyanın mükəmməl 

epos nümunəsi olan “Dədə Qorqud”a müasir mərhələdə yeni 

münasibət xüsusi və böyük bir elm sahəsinə çevrilmiş 

qorqudşünaslığın müstəqillik işığında Azərbaycanda və 

beynəlxalq miqyasda daha dərinliklərə doğru inkişafına öz 



töhfəsini verəcəkdir. 

Document Outline

  • Qorqudşünaslıq elminin genişlənən imkanları

Yüklə 188,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə