«Qobustan».-2010.-№3(149).-S.6-10.
QLOBALLAŞMA SELİNİN ETİBARLI SÜZGƏCİ:
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR
Mübariz SÜLEYMANLI
Qloballaşan dünyada milli-mənəvi dəyərlərin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının
axtarılması və müəyyənləşdirilməsi baxımından mövcud kulturoloji baxış və təmayüllərin konseptual bir şəklə
gətirilməsinə, ölkələrin mədəni inteqrasiyasının, xalqların mənəvi ünsiyyətinin intensivləşməsinə, mənəvi
yaxınlaşma prosesinin sürətlənməsinə və nəticədə mükəmməl bir bəşəri tamlığa və birliyə qovuşmasına böyük
ehtiyac duyulmaqdadır. Artıq mədəni müxtəlifliyə tərəfdar olan müasir dünyanın xoşməramlı söz sahibləri dərk
etmişlər ki, modern texnogen tərəqqiyə köklənmiş sivilizasiyanın ruhi-mənəvi dəyərlərlə vəhdətinə diqqət
yetirilməzsə, bütövlükdə insanlığın harmoniyası pozular, bəşəriyyət intellektual və mənəvi tarazlığım itirməklə daha
böyük qlobal təhlükələrlə üzləşər. Beynəlxalq mədəni təşkilatlar səviyyəsində maddi və mənəvi inkişafdakı
tarazlığın saxlanmasına göstərilən əhdlərin dəstəklənməsi isə dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnoz və
fəaliyyətləri hələ də stimullaşdırmaqdadır.
Bu mənada dövlət mədəniyyət siyasətində də yalnız bu amillərin nəzərə alınması, qlobal mədəni proseslərlə
milli prioritetlərin uzlaşdırılması, texnogen mədəniyyətlə yanaşı milli və bəşəri dəyərlərin mühafizəsi effektiv
nəticələr verə bilər. Dünyanın bir parçası olan Azərbaycanın gələcəyə, qədim yunan filosoflarının təbirincə desək,
"qızıl orta"nın təmin edildiyi intellektual və mənəvi bütövlük halında gedə bilməsi üçün keçmişin, milli-tarixi
təcrübənin nailiyyətlərinin bir araya gətirilməsi, elmi süzgəcdən keçirilməsi və gələcək nəsillərə ötürülməsi
qarşımızda duran ən ümdə vəzifələrdəndir.
Belə bir tənzimləmədə, təbii ki, hər kəs tərəfindən qəbul ediləcək zəruri ölçü, meyar və kriteriyaların
müəyyənləşdirilməsi çox çətindir. Əgər bu sahədə texnogen mədəniyyətin tarixi inkişaf təcrübəsi ürəkaçandırsa,
mənəvi dəyərlərlə bağlı dinamik mənzərəyə münasibət heç də birmənalı deyil. Cəmiyyət həyatında yazılmamış
qanunların rolunu izah etmək nə qədər çətindirsə, maddi və texnoloji sahədəki etalonlarla müqayisədə mənəvi
dəyərlərin ölçü vahidini müəyyənləşdirmək də bir o qədər çətindir. Misal üçün, təəssüf ki, bir insanın şərəf, namus,
ləyaqət, vicdan və s. kimi mənəvi keyfiyyətlərini ölçəcək bir termometr yoxdur ki, qoltuğunun altına qoyub ölçəsən.
Və ya, qan təzyiqini, şəkərin, hemoqlobinin miqdarmı ölçən aparatlar kimi elə bir cihaz ixtira edə bilməmişik ki,
insanın əxlaqi səviyyəsini və içindəki niyyətini açıb göstərə bilsin. Bu kimi dəyərlərin etalonu əsrlərin sınağından
keçmiş, min illərlə qan və gen yaddaşımıza hopmuş milli və insani dəyərlərdir ki, bəzən görməzə-bilməzə Avropa
mədəniyyəti adı altında bizə sırınan mədəni suroqatlara dəyişirik. Mədəniyyət siyasətimizin ən ağrılı, ən
məsuliyyətli problemi, fikrimizcə, məhz bu dəyərlərin ailədən, ibtidai siniflərdən tutmuş, ali məktəblərə, idarəetmə
sferalarına qədər insanlarımıza aşılanması, təbliği, mühafizəsi və tətbiqi məsələsidir ki, gələcəyimizin, milli
varlığımızın əsas qarantlarından biri məhz budur.
Bu gün dövlət mədəniyyət siyasətimizin əsas hədəflərindən biri Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq,
inteqrasiya prosesinə milli prioritetləri rəhbər tutaraq qoşulmaqdır. Ona görə də beynəlxalq mədəni əməkdaşlıq,
mədəni-iqtisadi tərəfdaşlıq, elmi-mədəni turizmin inkişafı kimi sahələrdə dünyaya səxavətlə açdığımız qapıları,
gərək milli dəyərlər, ruh və mənəviyyat alış-verişində taybatay qoymayaq. Çünki, dünya yalnız xoşniyyətli və
xoşməramlı güclərin nəzarəti altında deyil. Təəssüflər olsun ki, iqtisadi mənafeləri naminə öz istehlak bazarlarmı
hər cür qeyri-insani vasitələrlə genişləndirmək imkanına malik qüvvələr də vardır. Daha az pul xərcləmək, daha az
etiraza və müqavimətə rast gəlmək yolu tutmuş və modern təsir mexanizmlərilə təchiz olunmuş bu güclər istehlak
cəmiyyətlərini topsuz-tüfəngsiz, mənəvi işğal yolu ilə genişləndirmək niyyətindədirlər. Ənənəvi ailə strukturlarını
dağıtmaq məqsədi güdən, çox vaxt qadın-kişi bərabərliyi adı altında süni ailədaxili dəyişikliklərə rəvac verən bu
güclər mənəviyyatsızlaşdırma siyasətlərinə sadə yollardan başlayırlar. İnsanların ağızlarının dadmı, zövqlərini
dəyişirlər, bayağı musiqilərlə beyinləri kütləşdirirlər, moda və dəb təbliğatları ilə göz görə-görə qadınları yarıçılpaq
hala gətirirlər. Tədqiqatlar təsdiqləyir ki, silah alveri, narkobiznes və qadın alverilə məşğul olan güclər hədəf kimi
seçdikləri cəmiyyətləri intellektual, ruhi və mənəvi tələbatlardan məhrum edilmiş, yalnız mədə, qarın, yemək
ehtiyaclarına köklənmiş insan topluluğu halına gətirmək istəyirlər.
Təəssüfləndirici haldır ki, müasir dünyada intellektual, maddi və texnoloji inkişaf uğrunda gərgin rəqabət hiss
etdiyimiz halda, ruhi-mənəvi saflıq uğrunda mübarizənin şahidi deyilik. Mənəviyyat sahəsində hətta bütün
bəşəriyyət üçün dəyişilməz hesab edilə bilən klassik dəyərlərin belə aşınmasını müşahidə edirik. Deməli, mənəvi
dəyərlər də siyasi mənafelərə tabe etdirildikdə və alış-veriş obyektinə çevrildikdə söz dəyərdən düşür, sözlə əməlin
harmoniyası pozulur, insanlıq naminə verilən vədlər yerinə yetirilmir, yalan, şər, böhtan ayaq tutub yeriyir, rüşvət
və saxtakarlıq hər yanı bürüyür, qürur, səmimiyyət, təşəbbüskarlıq kimi hisslərin yerini yaltaqlıq, məddahlıq və
riyakarlıq tutur.
Qazaxıstanın tanınmış filosofu Muxtar Şaxanov "Sivilizasiyanın yanlışlıqları" əsərində SSRİ-yə qarşı hələ
1945-ci ildə işlənib hazırlanan bir Qərb doktrinasının mahiyyətini açır.
Həmin doktrinada deyilirdi: "Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına seks kultu,
zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd
olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Yalnız çox az
adam bundan xəbər tutacaq, hətta nələr baş verdiyini anlayacaqlar da. Onları da gülünc vəziyyətə salıb, aciz
durumda buraxacağıq" (Zablujdenie sivilizasii: Saqa o nravax epoxi. Almatı: Olke, 1999). Çox təəssüflər olsun ki,
demokratiya ixracı adı altında öz iqtisadi planlarını həyata keçirməyə çalışan güclərin bu tipli doktrinaları bu gün
də bəşəriyyəti təhlükələrlə üz-üzə qoymaqdadır.
Müasirləşmək və mədəni dünya ilə ayaqlaşmaq cəhdi hər bir cəmiyyətin haqqı və qaçılmaz tələbatıdır. Bəşər
tarixi ilə az-çox maraqlanan hər kəs bilir ki, mədəniyyət tarixinin inkişaf mərhələləri dünyanın müxtəlif ölkə və
xalqlarını əhatə etmiş, zaman-zaman bu mədəniyyətin konturları çox fərqli coğrafi hüdudları aşmış, geniş məkan
çərçivələrini kəsib keçmişdir. Tarixən sivilizasiyaların çox müxtəlif yerdəyişmələri olmuş, bəzən şərqdən qərbə,
bəzənsə qərbdən şərqə doğru yayılmışdır. Burada mübahisə doğuracaq məqamlar həmişə olmuşdur və yəqin ki,
bundan sonra da olacaqdır. Amma bir məsələ tam aydındır ki, dünya xalqları hər zaman çağdaş mədəni dəyərləri
mənimsəməyə can atmışlar. Mədəniyyətdə müasirləşmə probleminin son yüzillik inkişaf mənzərəsinə diqqət
yetirdikdə isə məlum olur ki, bu mövzu elmi-mədəni və ictimai fikri daim məşğul etmişdir. Xüsusilə də XX əsrin
əvvəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə bu mövzu on illik bir zaman ərzində
mətbuatın gündəmindən düşməmiş, bu məsələ ətrafında çox qızğın müzakirələr açılmışdır. Müəyyən hallarda fikir
birliyinə gəlinmiş, bəzən isə fərqli və bir-birinə zidd qənaətlər söylənmişdir. Lakin ziyalılarımızın bu problemin
həlli ilə bağlı təklif etdikləri yollar müxtəlif olsa da, məqsədləri eyni olmuşdur: cəmiyyətin ictimai-siyasi və iqtisadi
dirçəlişi ilə yanaşı millətimizin intellektual və ruhi-mənəvi tərəqqisinə nail olmaq.
Yalnız Azərbaycan ziyalılarını deyil, bütün Şərq ölkələrində elmi-mədəni fikri məşğul edən bu problemin
daha əvvəlki dövrlərdə özünü büruzə verən tarixi səbəbləri var idi. Belə ki, cəmiyyətlərin istər ictimai-siyasi,
hərbi-iqtisadi, istərsə də mənəvi həyatındakı geriləmələrin islahatlar yolu ilə aradan qaldırılmasına yönəldilmiş
təşəbbüslər Şərq ölkələrində hələ XIX əsrdən intişar tapmışdı. Qərbin texnogen mədəniyyət sahələrində Şərqdən
üstünlüyünün etirafından başlayan, elmi-texniki və hərbi-iqtisadi sahələrdəki böhranını səbəbləri ətrafındakı
mübahisə və çarpışmalardan doğan, ən nəhayət dünyanın tarazlığı pozulmuş iki qütbü arasındakı müvazinəti
saxlamaq uğurundakı səy və cəhdlərin nəticəsi kimi meydana çıxan modernləşmə, müasirləşmə, avropalaşma
hərəkatları uzun zaman Şərq cəmiyyətlərini bürümüş, ictimai həyata ciddi nüfuz etmişdir. İctimai düşüncəyə çeşidli
adlar və vasitələrlə, həm də müxtəlif səviyyələrdə təsir göstərən bu nəzəriyyələrin ideya sahibləri heç şübhəsiz
ayrı-ayrı şəxsiyyətlər, mütəfəkkirlər olmuşdur. Nəinki fərqli coğrafi ərazilərdə, siyasi quruluşları müxtəlif olan
dövlətlərdə, hətta eyni ölkə hüdudlarında belə müasir sivilizasiya ilə ayaqlaşmanın çarəsi barədə ziddiyyətli və
mübahisəli fikirlər hökm sürdü. Misal üçün, müasirləşmə haqqında, çarizm məngənəsində yaşayan türk
mütəfəkkirlərindən Mirzə Fətəli Axundov bir cür, İsmayıl bəy Qaspıralı başqa cür düşünürdü. Türklüyün digər
böyük bir nümayəndəsi - həyatını islam birliyi uğrunda mübarizəyə həsr etmiş, müsəlman şərqinin böhranlardan
qurtulmasının yalnız islahatlar yolu ilə mümkünlüyü ideyasının ömrünün sonunadək təbliğ etmiş Şeyx Cəmaləddin
Əfqani isə fərqli əqidə sahibi idi. Elm, təhsil, məktəb, təlim və tərbiyənin ictimai mahiyyətinə eyni mövqedən
yanaşan bu şəxsiyyətlərin hər birinin avropalaşma məfhumuna reaksiyaları müxtəlif idi. Hətta zaman, məkan, mühit
şərtlərinin eyni olduğu halda belə ziyalılar arasındakı fikir fərqliliyi özünü göstərmişdir. Milli mənafe baxımından
eyni məqsəd, amal uğrunda mücadilə etmiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin
Rəsulzadə kimi zəka sahiblərinin belə avropalaşma zehniyyətinə münasibətlərindəki ziddiyyətli məqamlar
görünməkdədir.
Yüz illik zaman məsafəsinə baxmayaraq bu gün müasirləşmək və avropalaşmağın daha ifrat, sərt, amansız
şəkli kimi (mədəni inteqrasiya adı və bəhanəsilə) həyatımıza soxulan qloballaşma ətrafında da bir-birinə zidd
mühakimələr yürüdülməkdədir. Bir fikri qətiyyətlə söyləmək mümkündür ki, bu prosesə sağlam düşüncə ilə
qoşulmanın və mənəviyyatımızın kürəsəlləşmə bəlasından itkisiz sovuşmasının yeganə yolu tarixi təcrübənin
mənimsənilməsi və milli-mənəvi dəyərlərin mühafizəsidir.
Müasirləşmək məramı ilə Qərb-Şərq sintezini ilk dəfə ictimai, mədəni, elmi-ədəbi fikrə gətirən Əli bəy
Hüseynzadə Avropanın elmi-texniki nailiyyətlərinin, iqtisadi və siyasi idarəetmə strukturlarının öyrənilməsini tələb
edərkən ifratçılığa yol verməməyə, ayıq-sayıq olmağa çağırırdı. Çünki bəzən ona müraciət edirdilər ki, avropalı
işğalçılar müsəlman ölkələrinə düşmən kəsildikləri halda siz nədən qərbliləşməlim, avropalaşalım deyirsiniz?! Həm
bu suala, həm də müasirləşmək məsələsinə münasibətini yığcam və aydın şəkildə ifadə edən Əli bəy Hüseynzadə
"Füyuzat" məcmuəsinin 1907-ci il 24-cü sayında yazırdı: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və
maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə
onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinnlərini həzm
etsin, yoxsa mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə var isə, o da
onların məhsulati-dəmağiynyələrini alıb həzm etməkdən başqa bir şey degildir" (Seçilmiş əsərləri. Bakı, 2007, s.
268).
M.Ə. Rəsulzadə isə mədəniyyətdə müasirləşmə probleminə müxtəlif adlar qoyannlara, çağdaş dünyanın
elmi-mədəni dəyərlərini yalnız müəyyən coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq deyirdi ki, gəlin yanlış
termin işlətməyək. Çünki onun fikrincə "Dünya mədəniyyətinin seyrini təqib edərsək, onun şaquli istiqamətdə
inkişaf edən mərhələlərindən bəhs etmək daha doğru olur. Bu baxımdan Şərq mədənniyyəti ilə Qərb
mədəniyyətindən deyil, orta cağ mədəniyyəti ilə çağdaş mədəniyyətdən bəhs etmək lazımdır" (Milli təsanüd.
Ankara, 1978, s. 22). Bu mənada M.Ə. Rəsulzadə bəşəriyyətin mədəni tərəqqisində elm və mədəniyyətin
məqsədlərinə də toxunaraq yazırdı ki, "Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. İdarəçilik sahəsində
qazanılmış qiymətləri elm ölçüsü ilə dəyərləndirərək, cəmiyyət nizammı ona görə qurmaq ictimai bir idealdır"
(Milli təsanüd, s. 88).
Təəssüflər olsun ki, həmişə olduğu kimi, bu gün də mədəniyyətdə müasirləşmənin məhz nələrdən ibarət
olduğunu anlayanlar azlıq təşkil etməkdədir. Mədəniyyət sahəsində təbliğatımızın əsas hədəflərindən biri də
müasirlik anlayışının geniş kütləyə izahı məsələsidir. Təbii ki, mövzuya dair geniş müzakirələr də açmaq olar, bu
sahədə təbliğatı işin müxtəlif forma və yolları ilə bağlı təkliflər də vermək. Sonda əldə ediləcək effektiv nəticə
bundan ibarət olmalıdır ki, hər kəs bir həqiqəti aydın dərk etsin: Tariximizin bizə bəxş etdiyi ən qiymətli miras
milli mədəniyyətimiz olduğu üçün müasirliyin meyarları da öncə buradan əxz edilməlidir. Bu səbəbdən də hər
şeydən əvvəl və hər sahədə mədəniyyətdə varisliyin qorunması, tədqiqi və təbliği mövzusuna üstünlük verilməlidir.
Babalarımızın bizə əmanət qoyduğu milli mədəniyyət gələcək nəsillərə daha da zənginləşdirilmiş halda
ötürülməlidir. Heç şübhəsiz, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığım qoruya bilməz. Bu məqsədlə
yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi,
istiqamətləndirilməsi və dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Bu gün beynəlxalq mədəniyyət təşkilatlarında "kültürəl çeşidlilik" və ya "mədəni müxtəliflik"dən danışılır,
milli-mədəni özünəməxsusluğun mühafizəsinə, dünyanın mədəni eqzotikasının qorunmasına səylər göstərilir. Çünki
hazırda milli mədəniyyətlər lokal çərçivələrdən çıxıb qlobal mədəni məkanda inteqrasiyaya cəlb olunsa da, hələlik
sosial-mədəni fərqlər, bənzərsiz, bir-birini təkrarlamayan mədəniyyətlər mövcuddur. Gözəgörünməz güclər isə,
yenə nəticə etibarilə insanları robotlaşdırmağa, millət, din fərqi qoymadan dünya əhalisini tək əldən idarə olunan bir
mexanizm halına gətirməyə, müasir texnoloji dillə desək, onları pultla idarə etməyə çalışırlar. İnsanları rəngsiz,
ruhsuz, mənəviyyatsız robota döndərməyə, nəhayət yaddaşsız manqurt halına salmağa cəhdlər edirlər. Bəzən
mədəni fərqlər, kültürəl çeşidlilik qlobal səviyyədə dialoqa və inteqrasiyaya mane olan səbəblər kimi qavranılır. Bu
səbəbdən də inteqrasiya prosesində ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü kimi təbii reaksiyalar
da müşahidə edilir.
Müasir dünya, könüllü və ya könülsüz, nəticə etibarilə qloballaşmaya doğru istiqamət alsa da siyasi və
iqtisadi sahədə bu proses çox vaxt milli-mənəvi dəyərlər problemi ilə qarşılaşır. Çünki qloballaşan kapitalizm
demokratiyaya böyük təhlükə olub kütləvi işsizlik yaradır. O, ənənəvi ailə münasibətlərini dağıdır, dövlətlilərlə
kasıblar arasındakı uçummu dərinləşdirir, kütləvi əhali axınına səbəb olur.
Tarixən mənəviyyatsızlığa qarşı etiraz səsi eşidilməz olan cəmiyyətlərin aqibəti rəzalət və məhrumiyyət
olmuşdur. Bu baxımdan mədəniyyət siyasətimizdə istiqlalçılıq məfkurəsini, dövlətçilik rəmzlərini xalqın qəlbinə,
ruhuna hopduran milli ideallarımızın və obrazlarımızın düşüncələrdə süni surətdə dəyişdirilməsi təbliğatlarının
qarşısı alınmalı, tarixi sərvətimiz olan milli-mədəni irsin tanıdılması ilə bağlı fəaliyyətlər təşviq edilməlidir.
Milli-mənəvi dəyərlər aşınmalardan qorunmalı, milli mədəniyyət qloballaşmanın mənfi təzahürlərindən
özünümüdafiə vasitəsinə çevrilməlidir.
Təcrübə göstərir ki, mədəniyyətə tətbiq olunan qloballaşma nəticəsində milli mədəniyyət özünəməxsusluğunu
itirir və kültürəl çeşidlilik aradan qalxır. Qərbin mənəvi əsası olmayan, heç bir milli, bəşəri təməl prinsiplərinə
söykənməyən mədəni surroqatları təkrarlanmağa başlanır və bu təbliğat maşının təsirilə milli-dini dəyərlər əriyir və
aşınmaya məruz qalır. Bu prosesin təzyiqi altında iqtisadiyyatı zəif olan, müstəqillik yoluna yenicə gədəm qoymuş
ölkələrin gəncləri mədəni irsi inkar edib, mənəvi dəyərlərə xor baxıb ucuz sənət nümunələrinə meyllənir, ən yaxşı
halda yad kültürlərə heyranlıqla yanaşaraq milli irsin varisliyini təhlükə qarşısında qoyurlar. Halbuki, bəşəri
dəyərlərə, insanlığa xidmət etməyən inteqrasiyanda nə mənəvi dəyər var, nə bədii-estetik, nə də tərbiyəvi. Ona görə
də bu gün Azərbaycan cəmiyyətinin xarici dilləri bilən, kompüterdən baş çıxaran, internet vasitəsilə dünyaya
"pəncərə açan" gənclərə ehtiyacı olduğundan daha artıq heysiyyətli, qürurlu, vətənpərvər vətəndaşlara ehtiyacı
vardır. Dünyaya inteqrasiya nə qədər önəmlidirsə, milli mədəniyyətə sahib durmaq da bir o qədər mühümdür.
Siyasi, iqtisadi və mədəni həyat sahələri bir-biri ilə qırılmaz tellərlə bağlı olduğu üçün cəmiyyətin inkişaf
perspektivlərinə də kompleks halda yanaşmaq lazımdır. Xalqın mədəni və intellektual səviyyəsi cəmiyyətdə 10
cərəyan edən bütün hadisələrə nüfuz edir. İqtisadiyyatın dirçəldilməsi də xeyli dərəcədə mədəni səviyyədən asılıdır.
Bütün hallarda mədəniyyətin inkişafı cəmiyyəti xoş gələcəyə aparan ən mühüm amillərdəndir. Ona görə də bütün
real imkanlardan istifadə etməklə mədəniyyət problemlərinin həllinə çalışmaq hamımızın borcudur.
Cəmiyyətin bütün aspektlərinə müdaxilə edən mədəniyyət fasiləsiz olaraq özünü yeni-yeni formalarda büruzə
verir və onu hər hansı hüdudda saxlamaq çətindir. Ona görə də bu fenomen siyasəti idarə edən şəxslər, mədəniyyət
və təhsil sahəsinin mütəxəssisləri, habelə yaradıcı işçilər qarşısında daim yeni vəzifələr qoyur. Bu mənada
mədəniyyət siyasətinin əsas hədəflərindən biri, gələcəyimizin təminatçısı olan yeni nəsil, uşaqlarımız, yeniyetmə və
gənclərimizdir. Çox vaxt bilik, savad, zövq, abır-həya tərbiyəsi sahəsində ailə, məktəb və cəmiyyət miqyasında
vahid meyarlarla çıxış edəcəyimiz halda, uşaqlarımızı televiziya, internet və s. modem informasiya
texnologiyalarının uyuşdurucu təbliğatlarının, narkotik informasiyalarının öhdəsinə buraxırıq ki, gələcəkdə bu gec
partlayan bombalardakı qəlpələrin dağıdıcı təsirləri mənəviyyatımıza infeksiya salar, ruhumuzda sağalmaz ləkələr
yarada bilər. Bu mənada milli-mənəvi dəyərlər mənəviyyat atmosferimizdə yaradılacaq şəffaf ozon qatı, ruhumuzu
zərərli təbliğatlardan və dağıdıcı informasiyalardan mühafizə edəcək süzgəc halına gətirilməlidir. Yalnız bu
dəyərlərin mənəvi meyarlara çevrilməsi yolu ilə milli mədəniyyətimizin yad təsirlərə qarşı immunitetini, müqavimət
gücünü artıra bilərik.
Bu sahədə hər bir səmərəli təklif, sağlam tənqidi münasibət, yaradıcı və elmi yanaşma, təşəbbüskarlıq
fəaliyyətləri dəstəklənməlidir ki, burada da yükün ağırlığı yenə ziyalıların, elm, təhsil və mədəniyyət işçilərinin
üzərinə düşməkdədir.
İlk növbədə mədəniyyətimizin keçmişini, mədəniyyət xəzinəmizi layiqincə mənimsəmiş, həzm etmiş nəsillər
yetişdirməklə işə başlamalıyıq. Dünyaya inteqrasiya yolunu tutduğumuza görə, mədəniyyətimizin təməl
prinsiplərində böyük bir dəyişiklik etmədən, yəni milli şəxsiyyətimizi təşkil edən, mühafizə edilməsi zəruri olan
xarakterik keyfiyyətlərimizi zədələmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma
dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətindəyik. Əsrlər boyu varlığımızı, milli kimliyimizi təyin edən
mədəniyyətimizi bəşəriyyətin insanlıq meyarları və zamanın mədəni dəyərləri içərisində yoğurub, onu yalnız
mühafizə və öyrənməyə deyil, həm də bizi yönəldən, idarə edən bir daxili çağırış, ruhi-mənəvi ehtiyaclar halına
gətirməyə çalışmalıyıq.
Dostları ilə paylaş: |