«Qeydiyyata alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən
Qeydiyyat N - 2691
«22» may 2001-ci il
Nazir
_____________F.F.MƏMMƏDOV
Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin
«5» may 2001-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir
protokol N 15
İdarə Heyətinin sədri
____________E.S.RÜSTƏMOV
ÖDƏNİLMƏMİŞ BORCLAR MÜQABİLİNDƏ
BANKLAR TƏRƏFİNDƏN ƏMLAKIN BALANSA
GÖTÜRÜLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Q A Y D A L A R I
(2002-il 02 mart və 2010-cu il 15 aprel tarixli dəyişikliklə)
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”,
“Banklar
haqqında”
Azərbaycan
Respublikası
Qanunlarına,
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq surətdə
hazırlanmış və müştərilər tərəfindən kredit öhdəlikləri yerinə yetirilmədikdə
qanunvericiliyə müvafiq qaydada borclarının ödənilməsi məqsədi ilə bankın
mülkiyyət hüququ əldə etdiyi əmlakın (daşınar və daşınmaz) balansa götürülməsi və
qiymətləndirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədi banklar üzərində nəzarət işinin beynəlxalq
standartlara uyğunlaşdırılması və kommersiya (səhmdar-kommersiya) banklarının
Mərkəzi Banka təqdim etdiyi hesabatlarda onlara məxsus əmlakın düzgün
qiymətləndirilməsini və uçotunun aparılmasını təmin etməkdir.
1.3. Bu Qaydalar əmlakı bankın xeyrinə özgəninkiləşdirən şəxslər və borcalan
müştərilərlə banklar arasında qanunvericilik və müqavilə ilə müəyyən edilən
öhdəçilik münasibətlərinə təsir etmir və bu öhdəlikləri dəyişdirmir.
1.4. Borcalan aldığı krediti ödəyə bilmədikdə, bank qanunvericiliklə və
müqavilə ilə müəyyən olunan qaydada əmlak üzərində mülkiyyət hüququ əldə etdikdə
onu balansa götürməlidir.
1.5. Əmlakın balansa götürülməsi, qiymətləndirilməsi və reallaşdırılması
zamanı vergitutma ilə bağlı məsələlər Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin müddəaları ilə tənzimlənir.
1.6. Balansa götürülən əmlakın uzun müddət satılmaması nəticəsində onun
dəyərinin azalması , keyfiyyətinin aşağı düşməsi və istifadə məhdudluğu bankın
maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilən amillərdəndir. Ona görə də balansa
götürülmüş belə əmlakın sayının və məbləğinin artması bank rəhbərliyi tərəfindən
təhlükəli vəziyyət kimi qiymətləndirilməlidir.
1.7. Mərkəzi Bank qaytarılmayan kreditlər əvəzinə götürülmüş əmlakın bankın
balansında böyük məbləğdə yığılması faktını bankın resurslardan qeyri-səmərəli
istifadə etməsi, kreditlərin təhlili və verilməsi qaydalarına etinasız yanaşması və
kredit inzibatçılığının aşağı səviyyədə olması kimi qiymətləndirəcəkdir.
1.8. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:
Qiymətləndirmə - ixtisaslı qiymətləndirici (qiymətləndirmə fəaliyyətini
müvafiq dövlət orqanı tərəfindən verilmiş lisenziya əsasında həyata keçirən)
tərəfindən müstəqil, obyektiv və qərəzsiz surətdə tərtib edilmiş yazılı nəticədir.
Burada konkret tarixə toplanmış müvafiq məlumat, onun təhlili və qiymətləndirilən
əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur.
Bazar dəyəri - ədalətli satışın bütün şərtlərinə əməl edilməklə açıq bazarda
əmlakı almaq üçün ehtimal olunan ən münasib qiymətdir. Ədalətli satış dedikdə
aşağıdakılar başa düşülür: a) alıcının və satıcının hərəkətləri müstəqil və
düşünülmüşdür; b) onların hər ikisi kənardan təsir olmadan öz İqtisadi marağından
çıxış edir.
Kreditin ümumi dəyəri - borcun əvvəlki silinmələri nəzərə alınmadan (yəni
xüsusi ehtiyat fondu hesabına əvvəllər silinmiş borclar çıxılmaqla) bütün hesablanıb
alınmamış faizlər, komisciyon haqları və digər ödənişlər (kapitallaşdırılmış) daxil
olmaqla ödənilməmiş kredit məbləğidir.
2. Borclar müqabilində götürülmüş əmlakın uçotu
2.1. Borcun (kreditin) ödənilməsi üçün götürülmüş əmlak üzərində
qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ əldə edildiyi tarixdən bank həmin
kreditin məbləğini Qaydaların 2.2. bəndi nəzərə alınmaqla balansdan silir, götürülmüş
əmlak (bank işində istifadə olunan əmlakdan başqa) isə balansda «Digər aktivlər»
hesabının müvafiq subhesablarında (“Digər daşınmaz əmlak” və ya «Digər daşınar
əmlak») uçota alınır.
2.2. Əmlak «Digər aktivlər» hesabında uçota alındığı tarixdə balansda onun
dəyəri bazar dəyəri ilə kreditin ümumi dəyəri arasında müqayisəli aşağı məbləğdə əks
etdirilir. Kreditin ümumi dəyəri əmlakın bazar dəyərindən çox olduğu halda yaranmış
fərq bu əmlakın satılmasına sərf olunacaq bütün xərclər nəzərə alınmaqla bankın
yaratdığı xüsusi ehtiyat fondu hesabına balansdan silinir. Balansda əks etdirilən bu
məbləğ əmlakın yeni dəyəri hesab olunur.
2.3. Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi və onun saxlanması
ilə əlaqədar sərf olunan vəsait xərclər hesabına aid edilir.*
2.4. Sonrakı qiymətləndirmələr zamanı əmlakın dəyərinin hər hansı şəkildə
azalması cari dövrün xərcləri hesabına aid edilir. Belə azalmaların xüsusi ehtiyat
fondu hesabına aid edilməsinə yol verilmir.
2.5. Çıxarılıb.
2.6. Çıxarılıb.
3.Əmlakın qiymətləndirilməsi
3.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada borcların ödənilməsi məqsədi
ilə götürülmüş əmlak, balansda bazar dəyəri ilə uçota alınmalıdır. Əmlakın real bazar
dəyərinin bankın maliyyə vəziyyətinə təsir etdiyini nəzərə alaraq onun
qiymətləndirilməsi üçün aşağıdakı tələblərə və şərtlərə əməl edilməlidir:
3.1.1. Qiymətləndiricinin seçilməsi üçün tələblər:
a) əmlakla təmin edilmiş kreditin ümumi dəyəri 20.000 manata qədər olduqda
əmlak bankın mütəxəssisi tərəfindən qiymətləndirilə bilər. Bu zaman həmin
mütəxəssis müstəqil fəaliyyət göstərməlidir;
b) əmlakla təmin edilmiş kreditin ümumi dəyəri 20.000 manatdan çox olduqda
əmlak
kənardan
cəlb
olunmuş
peşəkar
qiymətləndirici
tərəfindən
qiymətləndirilməlidir.
3.1.2. Qiymətləndirici aşağıdakı tələblərə cavab verməlidir:
a) əmlakın bazar dəyərinin qiymətləndirilməsi qanunla buna səlahiyəti olan
şəxsə həvalə edilməlidir;
b) qiymətləndirməni həyata keçirən şəxsin, o cümlədən bankın
mütəxəssisinin qiymətləndirməni apardığı əmlakla əməliyyatlarda hər hansı formada
iştirakı ,əmlakın qiymətləndirilməsində şəxsi marağı və əmlakla birbaşa və ya
dolayı yolla heç bir maliyyə və digər əlaqəsi, habelə kreditlərin verilməsi,
investisiya əməliyyatlarının aparılması və borcların yığılması prosesində iştirakı
olmamalıdır;
v) kənardan cəlb edilən qiymətləndirici bankla əlaqədar şəxs olmamalıdır.
3.2. Daşınmaz əmlakın qiymətləndirilməsi zamanı aşağıdakı şərtlərə əməl
olunmalıdır:
a) qiymətləndirmə yazılı şəkildə tərtib edilməli, kifayət qədər məzmunlu və
müfəssəl olmalı;
b) qiymətləndirmənin əsasları sifarişçiyə əmlakın dəyərinin düzgün müəyyən
edildiyi barədə nəticə çıxarmağa əsas verməli;
c) qiymətləndirmə Qaydaların 1.8 bəndində müəyyən edilmiş bazar dəyərinin
prinsiplərinə əsaslanmalı;
d) son üç ildə həmin və ya müqayisə üçün eyni tipli əmlakın satış faktı üzrə
(əgər belə hallar mövcuddursa ) məlumatı olmalı;
f) əmlakın satışı üçün tələb olunan dövr təhlil edilməli və onun maksimal
müddəti müəyyənləşdirilməli;
g) əmlakın texniki təsviri ( yerləşdiyi coğrafi ərazi və ayrılmış ərazi planı )
verilməli;
h) daşınmaz əmlaka daxil olan bütün daşınar əmlak da ayrılıqda təsvir edilməli
və qiymətləndirməli;
i) əmlakın satışına təsir göstərə bilən cari bazar amilləri, İqtisadi şərtlər və
meyllər təhlil edilməli və göstərilməli;
j) istifadə olunan qiymətləndirmə metodlarını (xərc metodu, satışların
müqayisəsi və gəlir metodu ) təsvir etməli, bu və ya digər metodun seçilməsinin
səbəbləri göstərməli;
k) yuxarıda göstərilən məlumatların, habelə qiymətləndir-mənin tamlığı üçün
lazım olan digər məlumatların olmamasının səbəbləri izah edilməli;
l) kifayət qədər məlumat əsasında sifarişçi qiymətləndirmənin məntiqini
izləməli və onun bazar dəyərini hansı nəticələrin köməyi ilə müəyyən edildiyini
bilməlidir.
3.3. Daşınar əmlakın qiymətləndirilməsi qanunvericilikdə müəyyən olunmuş
qayda və üsullarla aparılmalıdır.
3.4. Kredit öhdəlikləri üçün banka verilmiş əmlak Qaydaların 3.1 - 3.3-cü
bəndlərinin tələblərinə uyğun olaraq 6 ay əvvəl qiymətləndirilmişdirsə, onun balansa
götürüldüyü tarixə yenidən qiymətləndirilməsi tələb olunmur.
3.5. Kredit öhdəlikləri üçün bank tərəfindən balansa götürülmüş əmlak (bank
işində istifadə olunan əmlakdan başqa) reallaşdırılmazsa, bank ildə bir dəfədən az
olmamaq şərti ilə onun yenidən qiymətləndirilməsini həyata keçirməlidir.
3.6. Hər bir bank əmlakın dəyərinin dəyişməsi üzrə bütün faktların uçotunu
(həm bankın özünün, həm də kənardan cəlb edilmiş qiymətləndirici tərəfindən
aparılan qiymətləndirmənin əsasları, tarixi və dəyərin dəyişmə məbləği ) aparmalıdır.
3.7. Banklar bu Qaydaların tələblərinə uyğun olaraq qiymətləndirmənin həyata
keçirilməsi üçün öz bankdaxili prosedurlarını hazırlamalı və hər bir əmlakın dəyərini
bu prosedurların köməyi ilə müəyyən etməlidir.
3.8. Bankın Müşahidə şurası və İdarə Heyəti kredit öhdəlikləri üzrə götürülmüş
əmlakın qiymətləndirilməsinin hazırladıqları prosedurlara uyğun olaraq aparılmasına
nəzarət etməlidirlər.
3.9.
Əmlakın
qiymətləndirilməsi
üçün
kənardan
dəvət
olunmuş
qiymətləndiricilərlə bağlanmış müqavilədə bu Qaydaların şərtləri öz əksini
tapmalıdır.
Bu Qaydalar 22 may 2001-ci il tarixindən qüvvəyə minir.
Dostları ilə paylaş: |