Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə start verilib



Yüklə 9,08 Kb.
tarix24.02.2018
ölçüsü9,08 Kb.
#27562

astana cumhuriyyet
Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə start verilib
Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.
APA-nın xəbərinə görə, ilk olaraq Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib.
Paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri, dünyanın nadir arxitektura nümunələrindən hesab olunan və gündəlik 40 minədək insanın ziyarət etdiyi “Xan Şatır”ın açıq səhnəsində baş tutan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq, öz canları və qanları hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də bu, tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq, 2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi, qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq. Səfir vurğulayıb ki, Astanada keçirilən konsert bu sırada ilk tədbirdir.
Eyni zamanda diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyi münasibətilə tamaşaçıları təbrik edərək, konsertin qardaş qazax xalqına həm də bayram hədiyyəsi sayıla biləcəyini deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində möhkəm iz buraxdığını qeyd edib. O bildirib ki, cümhuriyyət, onun qəbul etdiyi qərarlar, onun simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz bir rol oynayıb. Onun sözlərinə görə, prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ölkəmizin dövlətçilik tariximizə yüksək diqqəti və hörmətinin göstəricisidir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzvlərindən biri kimi Qazaxıstanda bu tədbirin təşkil olunması isə qardaş ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə edir. Günay Əfəndiyeva belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə təşəkkürlərini çatdırıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali böyük Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini qeyd edib. Onun sözlərinə görə, inanılmaz məşəqqətlərə sinə gərən bu liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından dönməyib, son nəfəslərinə dövlətçiliyimizin, bizim və uşaqlarımızın gələcəyi üçün çarpışıblar.
Çıxışlardan sonra iştirakçılara Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda mükəmməl ifaları təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Yüklə 9,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə