“Qanun”. 2009.№12. S. 3-13. HÜQuq fəLSƏFƏSİNDƏ elmi İSTİqaməTLƏr quliyev Aqşin İsabala oğlu



Yüklə 239,4 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü239,4 Kb.
#63255


“Qanun”.-2009.-№12.-S.3-13.

HÜQUQ FƏLSƏFƏSİNDƏ ELMİ İSTİQAMƏTLƏR

Quliyev Aqşin İsabala oğlu,

hüquq elmləri üzrə fəlsəfə doktoru

Metodoloji dualizmə və relyativizmə əsaslanan hüquq fəlsəfəsi XIX yüzillikdə bu elmin  inkişafının  labüd

yekunu kimi təzahür etmişdir. Ona görə də hüquq fəlsəfəsində elmi istiqamətlər nəinki mahiyyəti üzrə, daha çox bu

istiqamətlərin metodoloji xüsusiyyətləri nöqteyi-nəzərindən təhlil və tədqiq edilir.

Müasir  dövrün  hüquq  fəlsəfəsi  öz  məzmununa  görə  tarixi  inkişafın  ayrı-ayrı  mərhələlərində  müxtəlif

səciyyə  daşımışdır.  Hüquq  fəlsəfəsi  XIX  yüzilliyin  başlanğıcınadək  özündə  təbii  hüquq  haqqında  təlimi  ehtiva

etmişdir.  Məlum  olduğu  kimi,  təbii  hüquq  anlayışı öz  kökündə  bir-birindən  fərqlənən  hadisələri  birləşdirir.  Təbii

hüquq  fəlsəfi-hüquqi  və  yuridik  təfəkkürün  kosmosda,  təbiətdə  və  cəmiyyətdə  hökmranlıq  edən  vahid

normativ-dəyərli  prinsiplər  ideyasına  arxalanır.  Həmin  prinsiplər  dövlət  tərəfindən  müəyyən  olunan  qanun

müddəalarının ədalət ölçüsünə xidmət etməyə qadirdirlər. Təbii hüquq normaları universal əhəmiyyətə malikdir və

onlar istisnasız olaraq hüquq qabiliyyətli bütün subyektlərə ünvanlanmışdır.

Təbii hüquq normaları dövlətin və hüququn mövcud olduğu sosial formasiyalarda özünəməxsus əsasa malik

olmuşdur.  Şeylərin  təbii  vəziyyətindən,  təbii  qaydasından  törəmə  olan  təbii  hüquq  normaları  dincliyin,  asayişin

ayrılmaz hissəsi kimi kainatı və insan təbiətini təcəssüm etdirərkən, insanlara öz mövcudluğunu varlığın ümumi və

ilkin prinsipləri ilə əlaqələndirməyə imkan verir.

Təbii  hüquq  adət  hüququnun  yazılmamış  qaydaları  və  ənənələri  şəklində  bəşər  sivilizasiyası  və

mədəniyyətinin  ilk  cücərtiləri  ilə  birlikdə  yaranmışdır.  Onun  tələbləri  öz  inikasını  ən  qədim  əsatirlərdə,  dini

normalarda və əxlaq normalarında tapmışdır. Təbii hüquq yalnız fəlsəfənin meydana gəlməsi ilə özünün ontoloji və

metafizika əsasını əldə etmişdir.

Antik təbii hüququn əsas problemi təbiətlə cəmiyyətin qanunlarına  tabeliyin əxlaqi borc olması arasındakı

ziddiyyət olmuşdur. Bu ziddiyyət Orta əsrlərdə ilahi hüquqla dünyəvi hüquq arasında mövcud idi. Yeni dövrün təbii

hüququ isə hüquqi məcburiyyətlə fərdin ağlı arasındakı ziddiyyətlə gücləndirilməsi, yaxud əksinə, pozitiv hüququn

əleyhinə  alət  kimi  istifadə  olunur.  Lakin  təbii  hüquq  özünün  bütün  formalarında  aşağıdakı  mühüm  cəhətləri

(şübhəsiz ki, həmin cəhətlər ayrı-ayrı dövrlərdə müxtəlif şəkildə təzahür etmişdir) ilə səciyyələndirilir:

1) təbii hüquq özündə həmişə sərvətlərin hüquqi dəyərini (dəyərlərin qiymətləndirilməsini) ehtiva edir;

2) həmin dəyərli mühakimələr təbii hüququn mənbələrinə - təbiətə, ilahi kəşfə və ağıla uyğundur;

3)  dəyərli  mühakimələr  (məntiqi  baxımdan  hökmlər)  ümumməcburi  səciyyə  daşıyır,  hamılıqla  qəbul

olunmuş və dəyişilməzdirlər;

4) onlar dərkediləndirlər (qavranılırlar). Onlar dərkedilən olduqlarına görə özlərinə zidd olan qanunvericilik

qarşısında üstünlüyə malikdirlər. Pozitiv hüquq təbii hüquqa güzəştə getməyə məhkumdur.

Təbii hüququn iradlarının hamılıqla qəbul olunmuş və dəyişməz olan hüquqi norma və prinsiplər üçün əsasa

xidmət  etdiyini  təsdiqləmək  düzgün  olmazdı.  Ayrı-ayrı dövrlərdə  və  müxtəlif  xalqların  hüquqi  görüşlərində  təbii

hüquqa xas olan empirik yanaşmanı da təkzib etmək olar. Hüquq tarixi və komparavistika deyil, idrak nəzəriyyəsi,

tarixi  məktəb  deyil,  tənqidi  fəlsəfə,  Savini  deyil,  məhz  Kant  təbii  hüquqa  həlledici  zərbə  vurdu.  Xalis  ağılın

Kantcasına  tənqidi  göstərdi  ki.  hazır  nəzəri  biliklərin  və  artıq  formulə  edilmiş  etik  və  estetik  normaların

cəbbəxanası "ağıl" deyil. O, hər şeydən əvvəl, belə biliklərə nail olmağın yalnız aləti qismində çıxış edir. Məzmunlu

müəyyən  biliklər  və  ya  qiymətləndirmələr  heç  bir  halda  "xalis"  ağılın  "məhsulu"  olmur.  Ona  görə  də  belə

qiymətləndirmələr həmişə konkret olur və ümumiləşdirici xarakter daşıyır.

Tarixi hüquq məktəbi bir-birinə zidd olan nöqteyi-nəzərə tərəfdar çıxır. Həmin nöqteyi-nəzərə uyğun olaraq

pozitiv hüquq təbii hüququ, hüquqi gerçəklik hüquqi dəyəri,  hüquq  elmi  isə  hüquq  fəlsəfəsini  udur.  Tarixi  hüquq

məktəbi  nümayəndələrinin  proqram  xarakterli  bəyanatlarından  məhz  belə  təsəvvür  yaranır.  Tarixi  hüquq  məktəbi

təbii-hüquqi  mühakimələrlə  (hökmlərlə)  yanaşı  bütün  hüquqi  və  fəlsəfi-hüquqi  mühakimələri  kənara  atır,  elmin

pozitiv  özünüməhdudluğunu  hüququn  tarixi  reallıqlarının empirik  tədqiqatlarına  dəyişir.  Tarixi  hüquq  məktəbinin

nümayəndələri sonralar bu ideyaları praktikada da təcəssüm etdirirdilər.

Tarixi hüquq məktəbi bütün pozitiv hüququ yeganə həqiqi hüquq elan edir. Belə ki, pozitiv hüquq özünün

tarixi  və  milli  inkişafının  zəruri  nəticəsi,  eləcə  də  təbii  hüquq  dövrünün  qanunvericilik  fəaliyyətinin  nəticəsi

deyildir.  Pozitiv  hüquq  təbii  hüquqa  hökm  çıxarılarkən  Maarifçilik,  Böyük  fransız  inqilabı  dövrünə  dəyərli

yanaşmadan qəti imtina etmək məqsədilə təbii hüquq əleyhinə mübarizə aparırdı. Dövlət və hüquq haqqında üzvü

təsəvvürlərin  təsiri  altında  olan  kəs  qasırğaların  və  zəlzələlərin  təbiət  hadisələrinə  mənsub  olduqlarını  asan  və

böyük  maraqla  unudur.  Mühafizəkarlığın  nəzəriyyəçisi  Fridrix  Yulius  Ştal  hətta  belə  nəticəyə  gəlmişdir  ki,  tarixi

hüquqi  tədqiqatların  nəzəri  mahiyyəti  hüququn  təşəkkülünün  faktiki  deyil,  etik  cəhətinə  əsaslanır.  O,  bu

mülahizəsinə müvafiq surətdə öz şəxsi nəzəriyyəsini "Tarixi nöqteyi-nəzərdən hüquq fəlsəfəsi" adlandırmışdır (6, s.

29).

Deməli,  tarixi  prosesin  təkamüllülüyü  əslində  tarixi  şüurun  beşiyi  qismində  çıxış  edir.  Sosial  həyat  faktı




varislik  haqqında  şəhadət  verdiyi,  tarixi  proseslə  qarşılıqlı  əlaqədə  olduğu  zaman  tarixin  nailiyyəti  olur.  Əgər

müasirlərin şüurundakı hər hansı tarixi hadisə bütün tarixi irsin müştərəkliyindən özbaşına qoparılırsa, o, elmi tarixi

təfəkkür üçün geriyə qaytarılmayan itirilmiş  hadisə olur. Tarixi nöqteyi-nəzərdən indiki zamanın hadisəsinə ancaq

müəyyən  vaxt  keçdikdən  sonra  hadisə  kimi  baxıla  bilər.  Xüsusən  də  söhbətin  zərurət  haqqında  getdiyi  zaman

müasirlərə  münasibətdə  tarix,  bir  qayda  olaraq,  susmağa  borcludur  və  o,  susur.  İndiki  zamanın  hadisəsi  yalnız

müəyyən  vaxt  keçdikdən  sonra  tarixin  nailiyyəti  ola  bilər.  Xüsusilə  də  siyasi  fəaliyyətə  qiymət  verilməsi  tələb

olunduğu zaman tarix adətən müasirləri tənqid etməyə haqlı deyildir.

İlk baxışdan elə görünür ki, yalnız faktlara istinad etməyə səy göstərən tarixi hüquq məktəbinin metodoloji

monizminə, hər şeydən əvvəl, Hegelin hüquq fəlsəfəsi yaxındır. Hegel hüquq fəlsəfəsinin məşhur devizi isə belədir:

"Ağıllı olan həqiqidir, həqiqi olan isə ağıllıdır" (1, s. 10). Həqiqətən də Hegel tarixi məktəbin təbii  hüququn  əksi

olan nöqteyi-nəzərinə tərəfdar çıxırdı. O, təbii hüquq haqqında təlimin tərəfdarı kimi fərdi hüquqi təfəkkürü hüquqi

gerçəkliklə  qarşı-qarşıya  qoymurdu.  Hegel,  hər  şeydən  əvvəl,  ağıl hüququnu  hüququn  tarixi  gerçəkliyindən  təcrid

edirdi:  "Ağıllı  olan  gerçəkdir"  (1,  s.  9).  Hegelin  və  tarixi  hüquq  məktəbinin  təbii  hüququn  rəqibi  olmasına

baxmayaraq, onların arasındakı prinsipial ziddiyyətlərin mövcudluğu aşkardır. Əgər tarixi məktəb üçün gerçəkliyin

və  dəyərlərin  eyniliyi  Allahın  dərkedilməz  iradəsinə  əsaslanırsa,  o,  Hegel  üçün  tarixi  prosesin  dialektikasına

əsaslanır.  Ağılın  özünün  inkişafı  və  özünü  dərketməsi  məhz  tarixi  prosesin  dialektikası  çərçivəsində  baş  verir:

"Gerçək olan ağıllıdır".  Ağıl xalq ruhuna, rassionalizm irrasionalizmə və romantizmə qarşı qoyulur.  Bu  prinsipial

ziddiyyət  öz  ifadəsini  Hegel  təliminin  tərəfdarları  ilə  tarixi  hüquq  məktəbinin  nümayəndələri  arasındakı  kəskin

polemikada tapmışdır. Tamamilə aydın idi ki, Hegelin təlimi inkişafın böyük potensialına malik idi.

Hegel  müsbət  hüquq  adlandırdığı  hüququn  inkişafında  iki  aspekti  qeyd  edirdi:  birincisi,  hüququn  tarixi

əsaslar üzərində inkişafı; ikincisi. hüququn öz anlayışlarından irəli gələn inkişafı (1, s. 9). Hüquqi müəyyənliklərin

yaranmasına  aparıb  çıxaran  vasitələrin,  halların,  tələbatların  və  hadisələrin  araşdırılmasını  nəzərdə  tutan  prinsip

Hegelin  özünün  fəlsəfəyə  gətirdiyi  tarixilik  prinsipidir  və  o  özünün  bütün  fəlsəfi  araşdırmalarında  olduğu  kimi,

hüquqi-fəlsəfi tədqiqatlarında da bu sahədə ardıcıllıq nümayiş etdirir. Bununla belə, Hegel, hüquqi müəyyənliklərin

anlayışların  daxili  məntiqindən  irəli  gələn  inkişafından  kənarda  tarixi  şərhinin  birtərəfli  və  yetərsiz  olduğunu

göstərir. Elə bu nöqteyi-nəzərdən də müsbət hüquqda tarixilik elementi və onun Ş.L. Monteskye tərəfindən verilmiş

şərhini qiymətləndirir. Məlumdur ki, Monteskye, ümumiyyətlə, qanunvericiliyi və qanunvericinin xüsusi qərarlarını

bir-birindən  ayrı,  mücərrəd  halda  deyil,  bütöv  bir  tamın  bir-birindən  asılı  olan  məqamları  kimi,  müəyyən  bir

millətin və dövrün xarakterini təşkil edən bütün digər xüsusiyyətlərlə əlaqədə şərh etmişdir (2, s. 288).

Hegel  hüquqi  müəyyənliklərin  meydana  çıxması  və  inkişafı  prosesinin  "zamana"  görə  bu  tərzdə  şərhini

düzgün, lakin "xalis" tarixi tədqiqat adlandırır və bu tədqiqatı xidmət hesab etməklə yanaşı, belə yanaşma üsulunun

fəlsəfi  yanaşma  ilə  əlaqəsinin  olmadığını  qeyd  edir,  bu  anlayışların  bu  və  ya  digər  məcəllədə  necə  müəyyən

edilməsini  vacib  şərt  sayır.  Lakin  burada  ümumi  hüquqi  təriflərdən,  empirik  müddəalardan,  qaydalardan,

qanunlardan və s. başqa heç bir anlayış yoxdur.

Hegel  təliminin  potensialından  K. Marks  və  F. Engels  tarixi  materializmi  əsaslandırmaq  üçün  istifadə

etmişlər.  Marksistlər  tarixi  prosesin  obyektiv  səbəb-nəticə  haqqında  öz  hipotezalarına  əsaslanaraq  öz  nəzəri

nəticələrinin teoloji əsaslandırılması ilə məhdudlaşmır, sosializmə ("utopiyadan elmə doğru") keçidin labüdlüyünü

təsdiq  edirdilər.  Beləliklə  də  iki  prinsipə  üstünlük  verilirdi:  birinci  prinsipə  uyğun  olaraq  hüquq  fəlsəfəsi  sosial

fəlsəfənin  qeyri-müstəqil  tərkib  hissəsi  kimi  qiymətləndirilir.  İkinci  prinsipə  görə  isə,  sosial  fəlsəfə  də  öz

növbəsində empirik sosiologiyanın tərkib hissəsidir.

Lakin hər iki prinsipin məhdudlaşdırıcı təfsirini vermək lazımdır. Tarixi materializmin inkişafının ən erkən

mərhələlərində ideologiyanın və hüququn müstəqil xarakteri hamılıqla qəbul olunurdu. Artıq K. Marks hesab edirdi

ki,  ideal  olan  -  bu,  insan  şüurunda  yenidən  yaranan,  dəyişən  maddi  olandır.  Lakin  bu  zaman  o,  maddi  olanın

adamların şüurunda hansı formada əks olunduğunu dəqiqləşdirməmişdir. Sonralar F. Engels etiraf etmişdir ki, onlar

məzmuna  görə  forma  məsələsinə  toxunmamışlar.  Maddi  və  ideal  olanın  yenidən  yaranması  zamanı  formanın

oynadığı rol məhz bundan ibarətdir (5, s. 427). Azadlığın və onun həyata keçirilməsinin tələb olunması yetişməkdə

olan burjuaziyanın artan tələbatlarına  və mənafelərinə cavab verirdi. Lakin burjuaziyanın nəzərdə tutduğu azadlıq

təkcə ancaq onun özü deyil, hamı üçün zəruri olan azadlıq idi. Məhz buna görə də burjuaziya bu azadlıq uğrunda

şəxsi hüququ uğurundakı kimi mübarizə aparırdı.

Hüquq  isə  öz  mahiyyətinə  görə  ədalətə  nail  olunmasına  yönəldilmişdi.  Ədalət  qanunun  ümumiliyini,

hamının  qanun  qarşısında  bərabərliyini  tələb  edirdi,  qanun  formasında  verilən  tələb  də  başqalarının  hüquqlarının

tanınması demək idi. Burjuaziya, ona azadlığın verilməsini qanun formasında tələb etdiyi qədər də hamıya azadlıq

verilməsini tələb edirdi. Bu, aşağıdakıları göstərir:

1)  iqtisadi  mənafelərin  (maraqların  və  qüvvələrin  hüquq  formasında  belə  transformasiyası həmin  hüquqi

formanın əsasını təşkil edən maddi amillərdən asılı olmayaraq, onun müstəqil (sərbəst) inkişafı deməkdir;

2)  sərbəst  inkişaf  etməkdə  olan  hüquq  iqtisadi  münasibətlərə  hər  cəhətdən  təsir  göstərmək  qabiliyyətinə

malikdir.  Bunun  nəticəsi  isə  ondan  ibarətdir  ki,  iqtisadi  bazis  və  siyasi-hüquqi  üstqurum  bir-biri  ilə  qarşılıqlı

əlaqədədir.

Fəlsəfənin məşəli istər Hegelcəsinə, istərsə də materialistcəsinə interpretasiyada pozitivizmin əksinə olaraq

tarix  elminin  inkişaf  yollarını  həmişə  işıqlandırmışdır.  Pozitivizm  isə,  əksinə,  bu  məşəli  daim  söndürməyə  səy




göstərmişdir. Təəssüf ki, indi həmin məşəl söndürülmüşdür. XXI yüzilliyin ilk onilliyi hüquqi pozitivizmin inkişafı

ilə əlamətdardır. Hüquqi dəyər artıq hüquqi gerçəkliyin kriteriyası qismində çıxış etmir. Hüquq fəlsəfəsinin yerini

"Hüququn  ümumi  nəzəriyyəsi"  tədricən  tutmaqdadır.  Çünki  məhz  bu  nəzəriyyə  pozitiv  hüquq  elminin  ən  yuxarı

pilləsinə  sahib  olmuşdur.  "Hüququn  ümumi  nəzəriyyəsi"nin  qarşısında  duran  bir  nömrəli  vəzifə  ilk  növbədə

müxtəlif  hüquq  fənləri  üçün  ümumi  olan  hüquqi  anlayışları,  hətta  ola  bilsin  milli  hüquq  qaydası  çərçivəsindən

kənara  çıxan  hüquqi  texnikanı  öyrənməkdən  ibarətdir.  Növbəti  vəzifə  isə  müqayisəli  planda  müxtəlif  hüquq

qaydalarının qohum hüquqi anlayışlarını öyrənməkdir. Nəhayət, sonuncu vəzifə hüquq sferası çərçivəsindən kənara

çıxmaqla, mədəniyyətin digər sahələri ilə qarşılıqlı əlaqəsini tədqiq etməkdən ibarətdir.

Əgər  hüququn  ümumi  nəzəriyyəsi  ilə  demək  olar  ki,  tam  yanaşı  və  onun  iradəsinə  qarşı  fəlsəfi  instinkt

oyanmasaydı,  hüququn  xalis  empirik  ümumi  nəzəriyyəsi  hüquq  fəlsəfəsinin  "evtanaziya"  ilə  yalnız  müstəsna

əlaqəsini  xatırlatmağa  nail  olardı.  Hüququn  ümumi  nəzəriyyəsinin  inkişaf  etdirdiyi  hüquqi  anlayışların  böyük

əksəriyyəti aparılan hüquqi tədqiqatlar vasitəsi ilə induktiv metodla sübut edilmişdir. Hüququn subyekti və obyekti,

hüquq münasibətləri, hüquqazidd kimi anlayışlar və eləcə də hüququn özünün anlayışı hüquq qaydalarının təsadüfi

anlayışları deyillər. Onlar bu sözün əsl mənasında hüquq qaydasının definisiyası üçün zəruri zəminə xidmət edirlər.

Bu növ anlayışlar empirik ümumi hüquq nəzəriyyəsinin predmeti olmasalar da, yalnız pozitiv hüquq mənasında da

artıq hüquq fəlsəfəsinə ziddirlər.

"Hüququn  ümumi  nəzəriyyəsi"nin  formalaşmasına  və  inkişafına  Rudolf  fon  İyerinq  görkəmli  töhfə

vermişdir.  Bu  töhfə,  hətta  pozitivizmin  hüdudlarını  da  aşmışdır.  Buna  görə  də  İyerinqi  hüquqi  fikrin  ancaq  bu

istiqaməti  mövqeyindən  qiymətləndirmək  olmaz.  Məhz  onun  sayəsində  hüquqi  ideyaların  mürəkkəb  kütləsi

üzərində hüquq fəlsəfəsi boy atmış və yuridik metodlar yenidən nəzərdən keçirilmişdir.

R.İyerinq  tarixi  hüquq  məktəbinin  proqramını  realizə  edərək  daha  da  irəli  getmişdir.  O,  özünün  "Roma

hüququnun ruhu" (əsərin tam adı: "Öz inkişafının müxtəlif pillələrində Roma hüququnun ruhu") əsərində hüququn

"xalq ruhu" ilə əlaqəsini çox məharətlə aşkar etmişdir. Lakin İyerinq daha da uzağa getdi. O, qeyri-müəyyən "səyi"

hüququn inkişafının hərəkətverici qüvvəsi qismində məqsədyönlü "iradə" ilə əvəz etdi: "Hüquq bütövlükdə məqsəd

yaradıcıdır"; "Sən öz hüququnu mübarizədə əldə edirsən" - onun hər iki əsərinin - "Hüquqda məqsəd" və "Hüquq

uğrunda mübarizə" əsərinin leytmotivi budur. İyerinq rasionallığı yenidən tarixi hüquq məktəbinin irrasionallığına

qarşı qoydu (3, s. 199). Lakin o. Hegeldən fərqli olaraq "anlayışın məntiqi dialektikası"nı deyil. "məqsədin praktiki

imperativliyi"ni,  fəlsəfi  deyil,  tarixi-sosioloji  təlimi  irəli  sürürdü.  Lakin  İyerinq  də  empirizmin  çərçivəsindən

çıxmağa müvəffəq ola bilmədi. Onun "Hüququn yaradıcısı" kimi "məqsəd" məqsədin fövqəl empirik ideyası deyildi

və  həmin  "məqsəd",  hər  şeydən  əvvəl,  real  gerçəklikdə  hüququn  inkişafı  üçün  tamamilə  faydasız  idi,  lakin  eyni

zamanda da onun qiymətləndirilməsi kriteriyasına xidmət edirdi.

R.İyerinq  monist  metodun  kökü  üzərində  möhkəm  dayanırdı.  Onun  üçün  yalnız  yeganə  elmi  yanaşma  -

kauzal yanaşma səciyyəvi idi. Bu isə insan davranışında səbəb-nəticə əlaqələrinin aşkar edilməsindən başqa bir şey

deyildi. Bəzən elə təsəvvür yarana bilər ki, İyerinq dövlətin müqavilə nəzəriyyəsinin köməyilə fiksiyalara güvənir

və belə fiksiyaların rüşeymləri qismində (hüququn yaranmasının əsası qismində) fövqəlempirik ilkin səbəblər çıxış

edir (3, s. 200). Guya İyerinq hüquq institutunun teleologizmi dedikdə, mücərrəd  məqsəd  ideyasını nəzərdə  tutur.

Əslində  isə  İyerinq  irəliyə  doğru  yalnız  bir  addım  atmışdı.  Həmin  addım  sosiologiyadan  hüquq  fəlsəfəsinə  keçid

addımı idi.

Hüquq  fəlsəfəsini  əsaslandırmağa  yeni  cəhd  Rudolf  Ştammler  tərəfindən  göstərilmişdir.  O,  öz  mövqeyini

sübuta yetirmək üçün Kantın dualist metodundan istifadə edirdi. Dualist metod hüquqi dəyər və hüquqi  gerçəklik

prinsiplərinin hüquq bərabərliyi əsasında mövcudluğuna yol verirdi (3, s. 202). Lakin Ştammler, hər şeydən əvvəl,

hüquq fəlsəfəsi problemini qabartmışdı. Həmin problemin həlli isə ona nəsib olmamışdı.

R.Ştammler  öz  müasirlərinin  hüquq  düşüncəsinə  iki  fəlsəfi-hüquqi  ideyanı təlqin  edirdi:  birincisi,  pozitiv

hüququn  tənqidi  ilə  yanaşı, "Həqiqi  hüquq  haqqında  təlim"  də  öz  müstəqil  inkişafını əldə  etməli  idi;  ikincisi,  bu

təlim  hüquq  fəlsəfəsinin  sistemini  deyil,  yalnız  metodunu  təşkil  edir  (3,  s.  202).  O,  ümumməcburiyyət

nöqteyi-nəzərindən həqiqi norma qismində tanına bilən hüquq norması işləyib hazırlamaq iqtidarında  deyildi və o

öz anlayışlarına ümumməcburiliyi onların xalis formal xarakterini qurban etmək hesabına verirdi.

Hüquq  fəlsəfəsinin  inkişafı  Ştammler  konstruksiyasının  məhdud  çərçivəsindən  çıxmağa  səy  göstərərək

başqa istiqamət  aldı.  Ştammler belə hesab edirdi ki, hüquqla hüquq.  ideyası arasında əlaqə  yoxdur.  Buna  görə  də

hüquq anlayışına hüquq ideyasına müraciət etmədən də yanaşmaq olar.

Hüquq  -  insan  zəkasının  məhsuludur  və  insan  zəkasının  istənilən  məhsulu  ancaq  şəxsi  ideya  əsasında

anlanıla  bilər.  Cinayətin  antropologiyasında  istifadəsinə  səy  göstərilən  cinayətin  təbii-elmi  təhlili  yalnız  o  halda

mümkündür  ki,  hüquqi  dəyər  kateqoriyasına  aid  olunan  cinayət  anlayışından  əvvəl  təbiət  səltənətindəki  cinayətin

anlayışı verilsin. Əgər dəyərlər kriteriyasına aid olan hüquq və cinayət kimi anlayışlar təbii-elmi anlayışla üst-üstə

düşsəydilər, kor "təbiət qanunları"ndan irəli gələn və dəyər kriteriyalarından məhrum olan əsl möcüzə baş verərdi.

Deməli,  hüquq  ancaq  dəyərlərə  aid  olan  kriteriyalar  çərçivəsində  anlaşıla  bilər.  Hüquq  mədəniyyət

elementidir, yəni dəyər kriteriyasına aid olan faktdır. Hüquq anlayışına  "varlıqdan" başqa cür tərif vermək olmaz.

Bunun  isə  mənası hüquq  ideyasının  realizəsindən  ibarətdir.  Hüquq  ədalətsiz  ola  bilər.  Lakin  o,  mənası ədalətdən

ibarət  olduğuna  görə  hüquqdur.  Hüquq  ideyasının  özü  isə  dəyər  kriteriyasıdır.  Hüquq  təfəkkür  tərzini

qiymətləndirən element qismində də çıxış edir.




Hüquq tarixinin fəlsəfəsi (və ya hüquqi tarixi fəlsəfəsi) tarixi proses reallığında hüquq anlayışını, ideyasını

və  hüququn  qüvvəsini  açmaq  vəzifəsinin  həllinə  həsr  edilmişdir.  Ümumi  şəkildə  isə,  tarixin  özünün  fəlsəfəsi

dedikdə, dəyərlərin realizəsi nöqteyi-nəzərindən tarix nəzərdə tutulur. Bu eyni zamanda da dəyərlərə doğru aparan

və ya dəyərlərdən gələn yolun tarixidir.

"Hüquq"  yalnız  nəinki  istənilən  hüquqi  təhlildən  və  təfəkkür  tərzindən  əvvəl  gələn  əsas  kriteriyadır,  o,

həmçinin  real  mədəniyyət  formasıdır.  Belə  ki,  hüquq  aləminin  hər  bir  faktı  hüquq  vasitəsi  ilə  ifadə  olunur  və

formalaşır.  Yeni  hüquqi  ideyalar  qeyri-hüquqi  məkanda  deyil,  artıq  hüquq  institutlarındakı  başqa  bir  təfsir

vasitəsilə, yaxud həmin hüquqi sistemə yenilərinin daxil edilməsi yolu ilə tövsiyə olunur.

Yeni  ideyalar  hər  iki  halda  hüququn  "binası"nda  qurulurlar.  Yeni  ideyalar  həmin  "bina"nın  memarlığında

qismən dəyişiklik, ona əlavə edə və ya onun stilini qavraya bilərlər. Hüququn kriteriyalı anlayışı gerçəklik kimi öz

ifadəsini hüququn real mədəniyyət formasında tapır, əldə edir.

Burada,  hüququn  məzmunu  və  formalarının  qarşılıqlı  əlaqəsi  haqqında,  hüquqyaratmanın  reallıqları  ilə

qanunvericilik  rəsmiləşdirilməsi,  hüquqi  formanın  qüvvəsini  və  hüquqi  materialın  müqavimət  qüvvəsini

formalaşdıran müxtəlif qiymətləndirmələr arasında tarixi-fəlsəfi məsələ meydana çıxır.

Təbii hüquq doktrinasına uyğun olaraq hüququn məzmunu ideyaya müqavimət göstərmək iqtidarında deyil.

Hüququn  məzmunu  ideyanı tam  əridir  və  o,  illüziyaya  çevrilir.  Həmin  doktrina  hüququn  ideyasının  məzmununa

konkret  tarixi  şəraitdən  kənarda  təbii  vəziyyət  kimi  baxır  və  bu  təbii  vəziyyəti  münasibətlərin  sosiologiyası

mənasında deyil, hər şeydən əvvəl, bir-biri ilə eyni sırada olan, lakin bir-biri ilə heç bir əlaqəsi olmayan fərdlərin

məcmusu kimi təsvir edir. Hüququn ideyası da məhz sosial əlaqələr yaradılmasının aləti olmağa xidmət edir. Tarixi

və  sosial  materialın  müqaviməti  kimi  anlayış  təbii  hüquq  doktrinasına  məlum  deyil.  Buna  görə  də  o,  hüququn

ideyasının təkamüllü xarakterini inkar edir. Hüququn ideyasının mənbəyinə isə konkret-substansiyalı təbiət xidmət

edir. Bu, tamamilə xalis ümumi formadır. Hüququn əbədi və dəyişməz idealı da məhz bunda təzahür edir.

Həqiqətən  də  maddi  substansiya  amili  tamamilə  sıfıra  endirilə  bilməz.  Birinci  nəticə  də  məhz  buradan

meydana gəlir: hüququn ictimai inkişafla əlaqəsi zəifdir. Hüquq qaydası ancaq ayrıca insana əmr edə bilər. Hüquq

qaydası sosial proseslərə yalnız dolayısı ilə, fərd vasitəsilə təsir edir və buna görə də onlara yalnız məhdud dairədə

təsir  göstərir.  Hüquq  qaydasına  kütləvi  psixologiya  məlum  deyil.  O,  təbiətdəki  proseslərə  təsir  göstərə  bilməz.

Özündə  texnikanın  və  iqtisadiyyatın  elementlərini  ehtiva  etməklə  təbii-sosial  xarakterli  fenomen  olan  xalq

təsərrüfatı bu baxımdan hüququn əhəmiyyətli təsirini hiss etmir, lakin öz növbəsində hüquqa əks təsir göstərməyə

qadirdir.

Belə  mülahizələr  son  həddə  hüquqi  ideyanın  qüdrəti  doktrinası  ilə  onun  zəifliyi  haqqında  nəzəriyyəni

qarşı-qarşıya  qoymağa  gətirib  çıxartdı.  Tarixi  materializm  nəzəriyyəsinə  uyğun  olaraq  hüquq  iqtisadi  bazisin  üst

qurum hadisəsi, hüquqi forma isə hüquqi məzmun təzahürüdür.

Tarixi  materializm  mədəniyyət  sferasına,  xüsusən  də  hüquqi  formaya  aid  müstəqil  formanı etiraf  etməyə

məcbur  olmuşdur.  Tarixi  materializm  nəzəriyyəsində  ideal  olan  maddi  olana  sadəcə  olaraq  bərabər  tutulmur,  ona

həm də maddi olanın yeni formaya transformasiyası və keçidi kimi baxılır.  Lakin şübhəsiz ki, bu prosesin formal

cəhətinə  kifayət  qədər  diqqət  yetirilmir.  Digər  tərəfdən  isə  belə  bir  müddəa  irəli  sürülür  ki,  ədalət  forması qanun

vasitəsilə  ifadə  olunan  formadır,  yeni  bərabərlik  və  ümumilik  formasıdır.  Hüququn  forma  və  məzmununun

qarşılıqlı  əlaqəsi  haqqında  fəlsəfi  suala  da  məhz  o  mənada  cavab  lazımdır  ki,  qüvvədə  olan  hüquq  forma  və

məzmunun  "yetirməsidir".  Hüquq  məhz  bu  nüvədə  gah  formanın,  gah  da  məzmunun  elementlərini  əldə  edir.

Azərbaycan hüququ üçün roman-german hüququnun inkişafının bu dinamik prosesində həm forma, həm də məzmun

tərəfində iştirak etmək səciyyəvidir.

Hüquqi formada məzmunun rolunun müəyyənləşdirilməsi haqqında nəzəriyyə ilə yanaşı, onunla sıx əlaqədə

olan  digər  marksist  tarixi-fəlsəfi  təlim  - "hüququn  ölgünləşməsi  haqqında"  təlim  də  mövcuddur.  Bu  təlimə  uyğun

olaraq  hüququn  nəinki  məzmunu,  forması da  keçicidir.  "Hüququn  ölgünləşməsi  haqqında"  marksist  təlim  hüquqi

dünyagörüşü  "burjuaziyanın  klassik  dünyagörüşü"  (F. Engels)  (5,  s.  427)  elan  edir.  Marksist  nəzəriyyəyə  görə,

həmin  dünyagörüşü  feodalizm  cəmiyyətinin  teoloji  dünyagörüşünü  əvəz  etmişdir.  Proletar  dövlətinin  keçid

dövründə burjua hüququnun yerini hüquq ideyasını inkar edən proletar hüququ tutur. Hüquq ideyasının inkarı sinifli

cəmiyyətdən  ictimai  özünüidarədən  ibarət  olan  sinifsiz  cəmiyyətə  -  kommunizmə  keçidlə  əlaqələndirilir.  Ədalət

yalnız bazar ideologiyasının ifadəsi ("nəyisə verirəm ki, sən də bir şey verəsən") kimi çıxış edir. Şübhəsiz ki, belə

ədalət bazar iqtisadiyyatının ölgünləşməsi nəticəsində yox olur.

Təbii  olaraq  burada  söhbət  xüsusi-hüquqi,  bərabərləşdirici  ədalət  haqqında  gedir.  "Burjua  hüququnun  dar

üfüqləri" və bərabərləşdirici ədalət üzərindən addımlayıb keçən (K. Marks) (5, s. 428) cəmiyyət  tamamilə başqa -

bölüşdürücü,  ümumi-hüquqi  ədaləti  rəhbər  tutacaqdı.  Başqa  sözlə,  bütün  hüququn  ümumiliyi,  xüsusi  hüququn

sosial  hüququ  udacağı  dövr  başlanırdı.  Sosialist  dövləti  də  hüquqi  dövlət  olurdu.  Lakin  sosialist  hüquqi  dövləti

bərabərləşdirici deyil, bölüşdürücü ədaləti rəhbər tutacaqdı. İnsanların cəmiyyətlə birgə yaşaması hüququn ideyası

olmadan sadəcə olaraq mənasız idi.

Hüququn  ideyasının  tarixdə  təcəssümü  haqqında  məsələ  ola  bilsin  ki,  ikili  tərzdə  qoyulmuşdur.  Fərdi

hüquqi ideyalara və müvafiq siyasi partiyanın  dünyagörüşünə tarixin onlardan hər birinin həyata keçirilməsi üçün

zəmin  yaratdığı  dərəcədə  əsaslanmaq  olar.  O  vaxt  dövlət-hüquqi  görüşlərin  hər  bir  növü  onun  spesifikliyini  əks

etdirən öz fəlsəfi-tarixi konstruksiyasına cavab vermək iqtidarında olur.




Tarixi-fəlsəfi  nöqteyi-nəzərdən  diqqət  yetirilməli  məsələlərdən  biri  də  hüququn  qüvvəsi  problemidir.

Hüququn  qüvvəsinə  dair  hüquqi  təlimlər  çərçivəsində  nəinki  müəyyən  hüquq  qaydasının  müxtəlif  normalarının,

məsələn, konstitusiya haqqında qanunun qarşılıqlı əlaqəsinin, həm də tarixi inkişaf prosesində bir-birini əvəz etmiş

hüquq  qaydasının  qarşılıqlı  əlaqəsinin  öyrənilməsinə  istisnasız  olaraq  yol  verilir.  Tarixi  aspektdə  hüququn

qüvvəsinə dair hüquqi təlimin legitimlik prinsipinə, yeni hüquq qaydasının hüquqauyğun şəkildə öz sələfi əsasında

inkişaf  etməsi  tələbinə,  eləcə  də  qüvvədə  olmasına  haqq  qazandırılmayan  hüquq  qaydasından  irəli  gələn

qanunçuluğun inkar edilməsi tələbinə tətbiqi mümkündür. Hüququn hüquq olaraq qalmasını nəzərə almaq zəruridir.

Ancaq "müasir bəşəriyyətin hüquqa aid etdiyi şey hüququn formalizmi əleyhinə həyata keçirilir" (Fixte) (3,

s.  204).  "Hazırkı  siyasi  reallıqlardan  hansınınsa  öz  kökləri  ilə  inqilabi  zəminə  getməyənləri  mövcuddurmu?"

(Bismark) (3, s. 186). Yalnız yeganə qanuni yenilməz minillik ənənə qalmışdır. Bu ənənə dindarları, məscid və kilsə

müqəddəsləri ilə birləşdirən xətdir.

Legitimlik  nəzəriyyəsi  tarixin  fəlsəfəsi  problemlərinin  həlli  üçün  az  yararlı  olduğu  qədər,  hüququn

qüvvəsinə dair hüquq nəzəriyyəsi də hüquq fəlsəfəsi problemlərinin həlli üçün az yararlı ola bilər. Hüquq hüquqdan

doğmaya  da  bilər.  Xüsusilə  də  yeni  hüququn  yaranması  "yabanı  köklərlə"  bağlı  ola  bilər.  Bu  nöqteyi-nəzərdən

hüququn ilkin yaranma aktı gerçəklik hesab olunur. Hüquq hüququn qüvvəsinin xitamı vasitəsilə də bərqərar olur.

Köhnə hüquq qaydasının qalıqları üzərində yeni hüququn yaranması da mümkündür.

Bütün hüquqi "qəzalar" üzərində həmişə dəyişməz bir prinsip yüksəlir: hüququ yaratmaya hər dəfə hüququ

həyata keçirmək iqtidarında olan kəs çağırılır. Sosial inqilablar həmişə yaratdıqları yeni hüquq normaları vasitəsilə

sosial  qüvvələri  əvəz  edir  və  bunun  nəticəsində  hakimiyyətin  zirvəsinə  qalxırlar.  Lakin  bütün  belə  dəyişikliklər

üzərində  yenilməz  şəkildə  əsas  normanın  özü  hökmranlıq  edir.  Məhz  bunun  sayəsində  yeni  inqilabi  hökumətlər

köhnə  legitim  hökumətin  hüquqi  varisi  qismində  çıxış  edirlər.  XX  yüzilliyin  90-cı illərinin  başlanğıcında  Sovet

imperiyasının çökməsi nəticəsində Rusiya Federasiyası özünü keçmiş  ittifaqın  hüquqi varisi elan etdi. Elə indinin

özündə  də  bir  çox  xalqların və  millətlərin  federativ  birləşməsindən  ibarət  olan  Rusiya  Federasiyası keçmiş  Sovet

imperiyasını xatırladır.  Keçmiş  Sovet  Sosialist  Respublikaları İttifaqı,  yaxud  Rusiya  Federasiyası demək  olar  ki,

eyni dövlət, eləcə də hüquq eyni hüquqdur.

Hüquq  ideyası hüquqi  sabitlik  anlayışında  da  hüququn  qüvvəsi  problemi  ilə  toqquşur.  Hüququn  qüvvəsi

məsələsi - bu, "faktiki olanın normativliyi" məsələsidir (H. Ellinek) (3, s. 200). Faktdan normanın, hüquqi iradədən

isə dövlətin və ya cəmiyyətin necə çıxarılması artıq hüquqi borcdur. Ona görə də, əgər iradə hakimiyyətdən gəlirsə,

deməli  o,  məcburi  vəzifə  mənasında  zəruri  olanı doğurmağa  qadirdir.  Zoyme  deyirdi:  "Sən,  mən  istədiyimə  görə

borclusan!"  -  bu,  mənasızdır.  Lakin:  "Sən,  mən  borclu  olduğuma  görə  borclusan!"  -  bu,  düzgün  qərardır  və

hüququn əsasıdır" (2, s. 33).

Görünür, obyektiv qərar qəbul etmək üçün "məna" aləmindən "varlıq" aləminə sıçrayış zəruridir. Yalnız öz

fəaliyyəti üçün faktiki mühit yaratmağı bacaran hüquq qaydası qüvvədə, fəaliyyətdə olur. Hüquq qaydasının hər bir

ayrıca halda fəaliyyət göstərməsinə zərurət yaranmır. Orta göstəricilərə yönüm onun tətbiqi üçün kifayətdir.

Hüququn  qüvvəsinin  tarixi-sosioloji  nəzəriyyəsi  iki  istiqamətdə  inkişafa  nail  olmuşdur:  hakimiyyət

nəzəriyyəsi  və  tanıma  nəzəriyyəsi.  Hakimiyyət  nəzəriyyəsinə  uyğun  olaraq  hüquq  hakimiyyətin  mümkün  hesab

etdiyi  qədər  qüvvədə  olur,  çünki  hüququn  qüvvəsinin  həyata  keçirilməsini  hakimiyyət  təmin  edir.  Lakin  əmr  və

hakimiyyət yalnız iradə və imkan deməkdir. İradə və imkan ən yaxşı halda vəzifələrin həvalə edildiyi şəxsi məcbur

əldə edə bilər. Nə iradə, nə də imkan vəzifə daşıyan şəxsdə heç bir halda borc hissi doğura bilməz. Belə şəxsi itaətə

məcbur etmək olar, lakin onda itaət etməyə könüllü vəzifəsi oyatmaq heç vaxt mümkün deyil. Deməli, hüquq, onun

arxasında hakimiyyətin dayandığı qədər qüvvədə olur. Hakimiyyətin fəaliyyətdə olmadığı vaxt hüquq qüvvədə ola

bilməz.


Hakimiyyət anlayışının təhlili hakimiyyət nəzəriyyəsi çərçivəsindən kənara çıxır. Hakimiyyət məcburiyyətlə

məhdudlaşmır.  Napoleon  Bonapart  Rusiyaya  hər  bir  yürüşündən  sonra  deyirdi:  "Hakimiyyət  -  bu,  ruhdur.

Bilirsinizmi məni bu dünyada daha çox təəccübləndirən nədir? Fiziki qüvvələrin zəifliyi. Dünyada cəmi iki şey var:

qılınc  və  ruh.  Son  nəticədə  həmişə  ruh  qalib  gəlir".  Şillerin  mülahizəsinə  görə,  "hökmdarı itaət  yetirir.  İstənilən

hakimiyyətin  mahiyyəti  son  nəticədə  ruhlar  üzərində  hakimiyyətdə  olmaqdır.  Hökm  edəni  yalnız  itaət  edənlər

böyük  edirlər".  Ali  hakimiyyət  -  bu,  hüquqdur.  "Hətta  güclü  şəxs  belə,  əgər  qüvvəsini  hüquqa,  itaəti  vəzifəyə

çevirmirsə,  o,  kifayət  qədər  güclü  deyildir"  (J.J.Russo)  (2,  s.  286).  Elə  buna  görə  də  hüquq  ən  yaxşı  "qüvvə

siyasətidir" (İyerinq) (3, s. 200).

Tanıma  nəzəriyyəsi  hüququn  qüvvəsini  qanuna  itaətli  vətəndaşların  razılığından  asılı  vəziyyətə  salır.  Bu

ona gətirib çıxarmışdır ki, tətbiqinə haqq qazandırılan yerdə hüquq qüvvədə olmur, fəaliyyət göstərmirdi. Məsələn,

qanunu pozan cinayətkara münasibətdə o, birmənalı şəkildə onu öz dəstəyindən məhrum edirdi. Lakin belə irad heç

də düzgün ola bilməzdi, çünki həmin halda tanımanın iradənin deyil, hisslərin funksiyası olduğu nəzərə alınmışdır.

Yəni nəyin düzgün, nəyin isə düzgün olmadığını biz öz mülahizəmizə görə müəyyən edə bilmərik. Hüquqi hisslər

fərdi  müəyyən  normanı  pozması  faktına  bağlayır.  Cinayətkar  törətdiyi  sosial  təhlükəli  əməllə  özgə  hüquqlarını

pozduğunu  yaxşı  dərk  edir.  Özgə  əmlakını  qarət  edən  oğru  prinsip  etibarilə  mülkiyyətə  qəsd  etdiyini  hiss  edir.

Sənədləri  saxtalaşdıran  şəxs  etibardan  sui-istifadə  etdiyini  və  eyni  zamanda  həmin  etibarı  pozduğunu  anlayır.

Saxtalaşdırma faktının özü hüquqi rifaha qəsd etmənin tanınmasına xidmət edir.

Yuxarıdakılar onu göstərir ki, tanıma nəzəriyyəsi faktiki  tanımanın psixoloji  sferasına  mənsub  deyil  və  o,




hər  şeydən  əvvəl,  insanın  tanıya  bilməməsi  (etiraf  edə  bilməməsi)  faktına  xidmət  edir.  İctimai  müqavilə

nəzəriyyəsində  olduğu kimi,  tanıma  nəzəriyyəsində  də  söhbət  fərd  tərəfindən  uydurulan  "həqiqi  maraq"  haqqında

gedir.

Bütövlükdə sosial həyatın tənzimi müvafiq cəmiyyətin fərdlərinin və ayrı-ayrı üzvlərinin görüşlərindən asılı



vəziyyətə salına bilməz. Çünki cəmiyyətin ayrı-ayrılıqda hər bir üzvünün müxtəlif və bir-birinə zidd olan göstərişlər

verməsi  istisna  olunmur.  Ona  görə  də  bu  qayda  eyni  tərzdə  hansısa  "fərdüstü  mərkəz"dən  tənzim  edilməlidir.

S.Şmitt hüququn məhz bu qüvvəsinin nəzəriyyəsini "desionizm - "qərar" sözündən götürülmüşdür" adlandırmışdır.

Həmin  nəzəriyyə  T.Hobbsun  siyasi-hüquqi  doktrinasında  daha  müfəssəl  şəkildə  ifadə  edilmişdir  (həqiqət  deyil,

hakimiyyət qanun yaradır) (2, s. 300).

Lakin  relyativist  görüşlərə  uyğun  olaraq  elm  və  ağıl bu  vəzifəni  yerinə  yetirmək  iqtidarında  deyil.  Bunu

iradə  və  hakimiyyət  öz  üzərinə  götürməlidir.  Əgər  nəyin  ədalətli  olduğunu  heç  kəs  müəyyən  edə  bilmirsə,  nəyin

ədalətli  olmalı olduğunu kimsə qərara almalıdır.  Əgər qüvvədə olan hüquq  hakimiyyətin  nüfuzu  ilə  təsbit  edilmiş

qərar vasitəsilə bir-birinə zidd hüquqi görüşlərin münaqişəsini aradan qaldırmaq vəzifəsinə cavab verirsə, hüququn

həyata keçirilməsi iradəyə əməl etməlidir. Çünki iradə də öz gücü ilə hüquqi görüşlərdən hər birinin müqavimətini

aradan  qaldırır.  Hüququ  həyata  keçirmək  iqtidarında  olan  hər  kəs  həmçinin  də  hüququ  həyata  keçirməyə  xidmət

etdiyini  sübut  etmiş  olur.  Yaxud,  əksinə,  fərdləri  başqalarının  qəsdlərindən  müdafiə  etmək  üçün  kifayət  qədər

hakimiyyəti və gücü olmayan kəsin əmr etmək hüququ da yoxdur (İ.Kant) (4, s. 338).

Hakimiyyət  və  hüququn  əlaqəsi,  hüququn  onun  pozulması  yolu  ilə  müəyyən  edilməsi,  törədilmiş  faktın

beynəlxalq-hüquqi  nəzəriyyəsi,  faktiki  olanın  normativliyi  -  bütün  bunlar  özünəməxsus  fəlsəfi  əsaslandırmaya

malikdirlər. Lakin deyilənlər bizi hüququn qüvvəsinin sosioloji nəzəriyyəsinə qaytarmır. Hüquq ona görə qüvvədə

deyildir ki, o, səmərəli surətdə həyata keçirilə bilər. Hüquq səmərəli surətdə həyata keçirildikdə qüvvədə olur. Belə

ki, hüquq yalnız səmərəli surətdə həyata keçirildiyi halda hüquqi sabitliyi (təhlükəsizliyi) realizə etməyə qadir olur.

Pozitiv hüququn da qüvvəsi sabitliyə (təhlükəsizliyə) əsaslanır.

Pozitiv hüquq fikirlərin mübarizəsi, filosofların müharibəsi zamanı sülhü bərqərar etməlidir (A.Feyerbax).

Ədalət hüququn ikinci mühüm vəzifəsidir. Hüququn birinci vəzifəsi isə sabitlik, sülh və qaydadır. İ.V.Gete deyirdi:

"Qaydanın  olmamasına  dözməkdənsə,  mənə  ədalətsizliyin  üz  verməsi  daha  yaxşıdır.  Sənə  qarşı  ədalətsizlik

törədilməsi dünyanın qanunsuz qalmasından daha yaxşıdır".

Şübhəsiz  ki,  bu  hüququn  qüvvəsi  ilə  bağlı  məsələyə  dair  hüquq  fəlsəfəsinin  son  sözü  deyildir.  Yalnız  o

sübut edildi ki, hüquqi sabitlik də dəyərdir və pozitiv hüquq tərəfindən verilən hüquqi sabitlik ədalətsiz və məqsədə

uyğun  olmayan  hüquq  üçün  bəraətə  xidmət  edə  bilər.  Lakin  ədalət  və  məqsədəuyğunluq  prinsipləri  qarşısında

pozitiv hüquq tərəfindən həyata keçirilən hüquqi sabitlik prinsipinin prioriteti sübut olunmadı. Hüquq ideyasının üç

elementi  bərabər  dəyərə  malikdir  və  onların  arasında  münaqişə  baş  verdiyi  halda  bu  münaqişənin  birmənalı həlli

qeyri-mümkündür. Pozitiv hüquq hər bir fərdə münasibətdə tam həcmdə şamil oluna  bilməz.  Real  olaraq  mövcud

olan nəyinsə tam həcmdə dəyərə və qüvvəyə malik olması möcüzə olardı. Burada hər hansı istisnalıq mövcud deyil.

İ.Kant deyirdi: "Əlbəttə ki, hər bir hüquqşünas üçün hazırda  qüvvədə olan hüquqi quruluş  daha yaxşıdır".

Qanunların xidmətində olan və onları təfsir edən hakim qüvvənin yalnız hüquqi nəzəriyyəsini bilməlidir. Hakimin

peşə borcu ondan ibarətdir ki, qanunda təsbit edilmiş  "qüvvə iradəsini" hərəkətə gətirsin, qanunun yüksək nüfuzu

naminə  öz  şəxsi  hüquqi  hisslərini  qurban  versin.  Vicdanlı hakim  bütün  pozitiv  hüququ  qüvvədə  olan  hüquq  kimi

nəzərdən keçirməyə borcludur. Hüquq hakimə öz hakimiyyətini nümayiş etdirsə də, lakin bəzən öz qüvvəsini sübut

etməyə bilər. Bu o deməkdir ki, "öz əqidəsini dəyişən insan" həqiqətən də qərarı olmadığına görə faciəli vəziyyətdə

qalır (4, s. 240).

İstifadə olunmuş mənbələr:

1. Hegel. Hüquq fəlsəfəsi / Mütərcim. Arif Tağıyev. Bakı, 2004

2. История политических и правовых учении / Под ред. В.Г.Графского. М., 2005

3. История политических учений. Часть II. М., 1978

4. Кант И. Сочинение. М., 1990

5. Маркс К., Энгельс Ф. Сочинение., Т. 4, М., 1982



6. Радбурх Густав. Философия права. М., 2004

Yüklə 239,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə