qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq
günün sübh şəfəqi hər şeyi
aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu məşəqqətlərin
əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk növbədə,
nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı
dənizin ortasında aramla yırğalanan üç karavella dəydi.
***
Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə -
qartalların didib-tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca
deyildik ki, meyitin birinci dəfə tapılanda
eyni ilə bu cür, ya başqa cür olduğunu
yadımıza sala bilək, amma dəqiq bilirdik ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin
məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də bir neçə dəfə belə
olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, izaholunmaz
bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi.
Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan
qovrula-qovrula kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib;
yaxud, danışırdılar ki, Allah, acıdilliyinə görə ona
qənim olub, dilini qurudub və
guya o, bircə söz belə deyə bilmir, təkcə ağzını, o da zorla açıb-yuma bilir, onun
əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra deyirdilər, əxlaqsız
hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib səpki
basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur,
deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını
tərpədə bilsin; «odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi.
Deyirdilər ki, guya kimsə öz gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı
çələnglərlə bəzədilmiş məxmər tabutunun çıxarıldığını, Letisiya Nasarenonunsa
Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb.
Amma onun ölümü
barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə qədər
sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək,
hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya
durduqca, bizim taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli
olurdu. İlk baxışda elə bil hər şey çox sadə görünürdü; axı bu, məhz onun
bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun barmağında olurdu?!.. Yastı
dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə görəsə dəymədiyi
dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, nə
vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi
görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün
əslini axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi
yoxlamalar heç bir nəticə
vermədi. Anasının – Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub
qaxaca dönmüş ölü quşlarla dolu bir neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə
kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər və bir xeyli fırça tapdıq.
Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla
rənglənib bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş
bazarında pəh-pəhlə satılırdı. Burda, Bendisyon Alvaradonun yataq otağında biz,
baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb daha iri qol-budaqlar atan melissa
31
kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə sarmaşmış, kətanların
arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək, bu biri
üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx
yaşıllığına hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə
biləcəyinə zərrə qədər şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında
gözümüzə ilk növbədə dəyən isə təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında
uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng çarpayı oldu. Biz,
otaq boyu
düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-kürüşü – güvələrin
yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli
qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin
örtüklərini, işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib
gəzdikləri kişi başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib
gəzdiyi qızıl tesmalı, hündür dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr
çəkilmiş, uzunətəkli paltarını, yas mərasimlərində, ali xanımlıq nişanəsi sayılan
ağır taftadan düzəldilmiş qara rəngli matəm lentlərini gördük.
Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur
qab-qacaq yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi
yun tələbəlik
paltarını tapdıq. Həmin o əzablı səfərdən sonra Letisiyanı rahatca prezident
xanımının taxtına oturtmuşdular. Bütün bunlara baxmayaraq, biz Letisiyanın yataq
otağında, axtardığımız adamdan bircə əlamət belə tapa bilmədik və nəinki ondan,
hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə bircə dənə belə
olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda
heç nə tapa bilmədik,
elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq
basmamışdı. Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq
otağında isə biz, üstü səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən
ucuz qiymətə alıb yığdıqları qədim mizi, içindən doxsan iki orden çıxan dəmir
sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü nişansız hərbi səhra
formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız
hərbi mundirin döş hissəsi,
altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb
qaralmışdı və bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala
inandırmışdı. Deyilənə görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya
kürəyinə xaincəsinə atılan güllə, onun bədənindən xətərsiz-zədəsiz sivişib bu biri
üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə dəyib geriyə qayıdaraq, gülləni
atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona son dərəcə
sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi.
Güllə yalnız rəhmlə atılmalıydı ki,
təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə
atılan gülləylə öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə
balaca idisə də, ələ keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin
idik, çünki az-maz da olsa, onun yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz
vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda o, üçüncü dəfə təzə diş çıxarmışdı.
Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, sarımtıl ləkəli dərisi isə elə
sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan hər bir şeyi isə
qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə
qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı
qeyri-adi bir şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli
32