Pullu kitabxana xidmətləri



Yüklə 16,02 Kb.
tarix04.11.2017
ölçüsü16,02 Kb.
#8621

Pullu kitabxana xidmətləri

Bazar iqtisadiyyatı şəraitində kitabxanaların marketinq fəaliyyətində müxtəlif fərdi və kollektiv informasiya istehlakçılarına pullu xidmətlərin təşkili mühüm yer tutur.

Hazırda dünya kitabxana-informasiya müəssisələrinin əksəriyyətində oxuculara təqribən 50-dən yuxarı müxtəlif səviyyədə hazırlanmış pullu xidmətlər göstərilir.

Əlavə pullu xidmət tərəfdarları belə hesab edirlər ki, mühüm kitabxana, biblioqrafiya və informasiya xidmətlərinin əmtəə xassəsi alması oxucuları və bütövlükdə informasiya istehlakaçılarını cəmiyyətdə kitabxana xidmətinin əhəmiyyətini daha dərindən dərk etməyə sövq edir, kitabxana-informasiya müəsissələrində yüksək keyfiyyətli, optimal və məqsədyönlü xidmət növlərinin formalaşması üçün maddi zəmin və stimul yaradır, kitabxana kollektivlərində təşəbbüskarlıq, yaradıcılıq və novatorluq meyllərinin güclənməsinə səbəb olur. Belə xidmətlər nəticəsində əldə edilmiş vəsait kitabxanaların maddi-texniki bazasının möhkəmlənməsi, informasiya ehtiyatlarının zənginləşməsi, kitabxanalara daha yüksək ixtisaslı kadrların cəlb edilməsi və kitabxanaçı əməyinin maddi stimullaşdırılması üçün əlavə imkanlar yaradır.

Müasir dövrdə pullu xidmətlər sistemi respublikamızın kitabxanalarında da tədricən formalaşma mərhələsinə qədəm qoymuşdur. Onu da qeyd edək ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda kitabxanalarda pullu xidmətlər sisteminin tətbiqinin hüquqi bazası yaradılmışdır. “Kitabxana işi haqqında” Qanunun 28-ci maddəsində göstərildiyi kimi, kitabxanalar “nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət yalnız əlavə əmək sərfi tələb edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir”.

Dünya kitabxanaçılıq təcrübəsində formalaşmış pullu xidmətlər sistemini şərti olaraq 3 növə bölmək olar:



  1. Intellektual xidmətlər;

  2. Təşkilati xidmətlər;

  3. Servis xidmətləri.

Intellektual xidmətlər kitabxanaların marketinq xidmətləri sistemində ən yüksək qiymətləndirilən, onlara daha çox gəlir, mənfəət gətirən xidmət növüdür. Buraya fərdi və kollektiv informasiya istehlakçılarının sorğu və sifarişləri əsasında elmi, texniki, texnoloji, sosial-iqtisadi və humanitar problemlər üzrə informasiya axtarışlarının aparılmasını, retrospektiv və faktiki biblioqrafik arayışların, referativ bülletenlərin, analitik icmalların hazırlanmasını aid etmək olar.

Son vaxtlar Rusiya və bir sıra MDB ölkələrinin milli və elmi-texniki kitabxanalarında yaradılmış biznes-kabinetlər müxtəlif şirkətlərin, biznes təşkilatlarının istehsalat birliklərinin, səhmdar cəmiyyətlərin və s. qurumların fəaliyyəti ilə əlaqədar dünya istehsalat texnologiyası, biznes əməliyyatları, əmtəə mübadiləsi və s. kimi iqtisadi problemlər üzrə analitik icmallar hazırlanırlar ki, bunlarda sifarişçilər tərəfindən yüksək məbləğdə qiymətləndirilir və nəticədə kitabxanalar xeyli gəlir əldə edirlər.

Intellektual xidmətlər əsasən kollektiv sifarişçilər üçün sövdələşmə əsasında təşkil edilir.

Kollektiv sifarişçilərə elmi-tədqiqat müəssisələri, firmalar, korporasiyalar, şirkətlər və s. daxildir.

Kitabxanaların intellektual xidmətlərinin qiymətlərinin nisbətən yuxarı olmasına baxmayaraq, onlar cəmiyyətin informasiya bazarında yüksək qiymətləndirilən və iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə intensiv tətbiq edilən pullu xidmət növləri sayılırlar.

Kitabxanaların pullu xidmətlər kompleksində kitabxanalar tərəfindən müxtəlif oxucu qrupları və kollektivlər üçün təşkil edilən kütləvi tədbirlərə nümunə kimi kitabxanalarda yeni kitabların, təsviri və tətbiqi sənət əsərlərinin sərgi-satışını, kitabxanaların bazasında pullu peşə klublarının, dərnəklərin (xarici dillər, kompyuterləşdirmə, rəsm, musiqi, stenoqram, cildləmə və s.) təşkilini, təlim-tərbiyə müəssisələrində kitab həftələrinin, kitab bayramlarının, elmi-tədqiqat və istehsalat müəssisələrində kitab icmallarının, informasiya və mütəxəssis günlərinin keçirilməsini göstərmək olar.

Avropa ölkələri və ABŞ kitabxanaları tərəfindən yeniyetmələr üçün yay vaxtlarında təşkil edilən səyahətlər, intellektual oyunlar, diyarşünaslıq xarakterli olimpiadalar və s. tədbirlər pullu xidmətlər sistemində əhəmiyyətli yer tutur.

Kitabxanaların pullu xidmətlər sistemində ən çox yayılmış və özünə daha çox istifadəçi cəlb edən iş növü servis xarakterli xidmətlərdir.

60-cı illərdən başlayaraq ABŞ, Avropa, Yaponiya, Skandinaviya ölkələri kitabxanalarında həyata keçirilən pullu xidmətlər kompleksində intellektual xidmət növləri ilə yanaşı, sadə, tələbatçılara olduqca əlverişli qiymətlərlə təklif edilən servis xidmətlərinin xüsusi çəkisi artmaqdadır.

Məsələn, ABŞ Konqres Kitabxanası, Britaniya Muzeyi Kitabxanası, Fransa Milli Kitabxanası geniş oxucu kütlələrini olduqca əlverişli qiymətlərlə özündə müxtəlif mövzular üzrə yeni nəşrlərin biblioqrafik yazılarını əks etdirən maqnit lentləri və müxtəlif kompyuter proqramları ilə təmin edir.

Bir sıra ölkələrdə müasir kompyuter texnikasından istifadə edilməklə iri kitabxanaların fondunu əks etdirən elektron kataloqların diskləri hazırlanıb ucuz qiymətlərlə oxuculara satılır.

Kitabxanaların servis xidmətlərində sənədlərin surətinin çıxarılması, çoxaldılması, cildlənməsi və bərpa edilməsi, oxucuların xüsusi marağına səbəb olmuş məşhur kitabların (bestellerin), filmlərin, video kasetlərin, maqnitofon və vieoyazıların, müxtəlif kompakt-disklərin evdə istifadə etmək üçün verilməsi, müharibə veteranlarına, mühacirlərə, əlillərə evdə xidmət, mehmanxanalarda, pansionatlarda, müalicə müəssisələrində səyyar kitabxana xidmətinin təşkili və s. iş formaları geniş yer tutur. Son illər kitabxanlarda oxuculara müvəqqəti istifadə üçün yazı makinalarının, mikrofonların, hətta şəxsi kompyuterlərin belə kirayəyə verilməsi təcrübəsi də getdikcə genişlənmişdir.

Bir sıra inkişaf etmiş Avropa ölkələri kitabxanaları kabel televiziyasından səmərəli istifadə etməklə ayrı-ayrı şəxslərə, ailələrə evlərdə tele-informasiya, uşaqlar üçün “nağıl saatları” və digər əyləncəli verilişlər təşkil edirlər.

Pullu kitabxana xidmətlərinin tərkibinin, forma və metodlarının ildən-ilə istifadə etməklə hazırlanması və satış qiymətlərinin müntəzəm surətdə ucuzlaşdırılması belə xidmətlərlə getdikcə daha çox oxucuları əhatə etmək üçün geniş imkanlar açaraq, kitabxanalara daxil olan əlavə vəsaitin həcmini artırır.



Beləliklə, pullu xidmətlər artıq dünya kitabxanaçılıq təcrübəsində formalaşmış marketinq fəaliyyətinin mühüm təkib hissəsinə çevrilmişdir.



Yüklə 16,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə