Professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu Gövhər Baxşəliyeva



Yüklə 178,71 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü178,71 Kb.
#80772


«Azərbaycan şərqşünaslığı».-2009.-№2.-S.3-7.

Professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu

Gövhər Baxşəliyeva

millət vəkili, AMEA akad. Z. Bünyadov adına Şərqşünaslıq 

İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

"Öz əsərlərində yqayanlar ölmürlər" 



Kristian Bovio

Azərbaycan elminin çox-əsrlik inkişafı tarixində XX əs-rin xüsusi yeri var. Məhz bu zaman ölkəmizdə elmin

ən müxtəlif sahələrinin çağdaş metodologiya əsasında sistemli inkişafı və çiçəklənməsi başlanır. Digər elm sahələri

ilə yanaşı ictimai və humanitar elmlər də sürətlə inkişaf edir, milli və ümumbəşər elminə dəyərli töhfələr verir. Bu

sırada Azərbaycan şərqşünaslıq elmi ayrıca  qeyd olunmalıdır.  Məhz bu dövrdə Rusiya və Avropa şərqşünaslığının

ən  mütərəqqi  ənənələri  və  milli  təcrübə  zəminində  respublikamızda  şərqşünaslıq  elminin  ən  müxtəlif  sahələri

intensiv təşəkkül və təkamül mərhələsi yaşamış, qüdrətli  elmi potensial yaranmış, yüksək ixtisaslı milli  şərqşünas

kadrlar  yetişmişdir.  Hər  əsəri  elmdə  yeni  söz,  yeni  tapıntı olan  parlaq  alimlər,  işıqlı şəxsiyyətlər  öz  fundamental

tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında

xüsusi  "Azərbaycan  məktəbi"nin  mövcudluğunun  etiraf  olunmasının  təmin  etmişlər.  Görkəmli  şərqşünas-alim,

Azərbaycanda  ərəbşünaslıq  üzrə  ilk  qadın  filologiya  elmləri  doktoru,  professor  Aida  xanım  İmanquliyeva  həmin

məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil

edən nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi,

bir neçə Şərq və Qərb dillərini bil-məsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa  bir vaxt ərzində ona

nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.

Aida  Nəsir  qızı İmanquliyeva  1939-cu  il  oktyabrın  10-da  Bakı şəhərində  ziyalı ailəsində  anadan  olmuşdur.

1957-ci  ildə  Bakı  şəhərinin  132  saylı  orta  məktəbini  qızıl  medalla  bitirmişdir.  Həmin  ildə  Azərbaycan  Dövlət

Universitetinin (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə

universiteti bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş,

daha  sonra  keçmiş  SSRİ  EA  Asiya  xalqları institutunun  aspiranturasında  təhsil  almışdır.  1966-cı ildə  namizədlik

dissertasiyasını uğurla  müdafiə  edən  Aida  İmanquliyeva  Azərbaycan  EA  Şərqşünaslıq  İnstitutunda  öz  məhsuldar

elmi fəaliyyətinə başlamışdır.

Aida xanım elmin bütün enişli-yoxuşlu yollarmı pillə-pillə keçmişdi, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti

sayəsində kiçik elmi işçilikdən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan

Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə ucalmışdı.

1989-cu  ildə  Aida  xanım  İmanquliyeva  Tbilisi  şəhərində  müvəffəqiyyətlə  doktorluq  dissertasiyası müdafiə

etmiş, filologiya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor rütbəsi almışdır.

3 monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi", M., 1975; "Cübran Xəlil Cübran", B., 1975; "Yeni

ərəb  ədəbiyyatı  korifeyləri",  B.,  1991)  və  70-dən  artıq  elmi  məqalənin  müəllifı  olan  A.N.  İmanquliyeva  Şərq

filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. O həmçinin Azərbaycan EA Şərqşünaslıq

İnstitutunda  fəaliyyət  göstərən  "  Asiya  və  Afrika  xarici  ölkə  ədəbiyyatları" ixtisası üzrə  müdafiə  şurasına  sədrlik

etmişdir.

Prof.  A.N.  İmanquliyeva  Azərbaycan  şərqşünaslıq  elmini  dəfələrlə  respublika  hüdudlarından  uzaqlarda

(Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil etmişdir.

Aida  İmanquliyeva  elmi-təşkilati  fəaliyyətində  yüksək  ixtisaslı  ərəbşünas  kadrların  hazırlanmasını  daim

diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, institutun "Ərəb filologiyası" şöbəsinə başçılıq etdiyi qısa müddət

ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Aida  İmanquliyeva  Ümumittifaq  Şərqşünaslar  Cəmiyyəti  Rəyasət  Heyətinin,  Şərq  ədəbiyyatlarının  tədqiqi

üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

O,  uzun  illər  pedaqoji  fəaliyyətlə  də  səmərəli  məşğul  olmuş,  Azərbaycan  Dövlət  Universitetində  ərəb

filologiyası fənnindən mühazirələr oxumuşdur.

Professor A. İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk

azərbaycanlı  alimdir.  Şərq  və  Qərb  mədəniyyətlərinin  qarşılıqlı  təsir  və  əlaqələrini  öyrənərkən,  alim  hər  iki

ədəbiyyatın  ümumbəşəri  dəyərlərini  əsas  götürür,  mədəni  tərəqqini  şərtləndirən  amillərə  istinad  edirdi.  Onun

tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq  bir  həqiqət  müəyyənləşmişdir: Şərqin  bir

çox  ölkələrinin  müasir  inkişafı bir  gerçəkliyi  ortaya  qoyur  -  Qərbin  mədəni  dəyərləri  o  zaman  yerli  zəmində  kök

sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin

çoxsaylı  elmi  əsərlərində  Qərb  və  Şərq  mədəni  ənənələrinin  sintezi,  yaradıcı  üslubun  inkişafı  və  yeni  bədii

cərəyanların  təşəkkül  tapması  tədqiq  olunur  ki,  bu  da  nəinki  ərəb  ədəbiyyatının,  həmçinin  bütün  yeni  Şərq

ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.




Bir  vaxtlar  Qərb  və  Şərq  mədəniyyətlərinin  qarşılıqlı  əlaqə  və  təsirinin  tədqiqi  hakim  ideologiyanın

tələblərinə uyğun olaraq, ciddi təhriflərə məruz qalırdı.  Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə

qarşıdurma yox, sivilizasiyaların dialoqu, ortaq mədəni və mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və

alim  kimi  formalaşan  nadir  istedad  sahibləri  var  idi  ki,  zamanı  qabaqlayaraq  problemə  ideoloji  konyunktur

mövqeyindən  deyil,  universal  modellər,  ümumbəşəri  dəyərlər  müstəvisində  yanaşırdılar.  Aida  Nəsir  qızı

İmanquliyeva məhz belə alim-tədqiqatçılardan idi.

Bir alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Bununla belə, onun çoxsaylı

elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı idi.

XIX  əsrin  sonlarında  bir  çox  ərəb  ölkələrinin,  ilk  növbədə  Livanın,  ictimai-siyasi  və  iqtisadi  həyatındakı

problemlər  insanları  vətəni  tərk  edib  kütləvi  şəkildə  ABŞ-a  mühacirət  etməyə  məcbur  etdi.  Livan  yaradıcı

ziyalılarının ABŞ-a, xüsusilə də, Nyu-York şəhərinə mühacirəti  ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başlandı,

bu  da  son  nəticədə  yeni  ərəb  ədəbiyyatının  formalaşmasında  əhəmiyyətli  rol  oynayan  xüsusi  və  özünəməxsus

"Suriya-Amerika məktəbi"nə çevrildi. Ərəb ədəbiyyatını fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu

ilə onu yeniləşdirmək missiyası rolu "Suriya-Amerika məktəbi"nin aparıcı nümayəndələrinin üzərinə düşdü.

Alimin  çoxsaylı  və  gərgin  araşdırmaları  sayəsində  aşağıdakı  nəticələr  əldə  edilmişdir:  Ərəb  məhcər

ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılığının əhəmiyyəti  ondadır  ki, onlar Avropa  və  Amerika  ədəbiyyatının

etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli

ənənələrlə  sintezdə  təcəssüm  etdirmişlər.  "Suriya-Amerika  məktəbi"nin  ən  istedadlı  sənətkarları  əcnəbi

ədəbiyyatlardan  məhz  ərəb  ölkələrinin  ən  mühüm  ictimai  inkişaf  tələblərinə  cavab  verən  nailiyyətləri

mənimsəmişlər.  Bu  yazıçıların  fəaliyyəti  sayəsində  XX  əsrin  əvvəllərində  ərəb  ədəbiyyatı  regional  birliklər

çərçivəsində  qapanıb  qalmaq  ənənəsini  dəf  edə  və  dünya  ədəbi  prosesinə  fəal  şəkildə  qoşula  bilmişdir.

"Suriya-Amerika  məktəbi"  yazıçılarının  yaradıcılığı  qeyri-adi  bir  sintezin  nümunəsi  oldu  –  onun  əlaqə  dairəsinə

eyni vaxtda üç ənənə: "göl məktəbi", Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi daxil oldu.

Bunları təhlil edən tədqiqatçı yazır: "Ədəbi faktları təsviri, müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının

formalaşmasına dair təsəvvürləri nəinki genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb

və  ziddiyyətli  formalarının  tipoloji  baxımdan  həqiqi  mənzərəsini  canlandırdı.  "Suriya-Amerika  məktəbi"nin  adı

çəkilən  üç  cərəyanla  təmasının  nəticəsi  burada  müəyyən  bədii  metodların  formalaşması  oldu:  "göl  məktəbi"  və

transsendentalizm  Cübran  və  ər-Reyhaninin  yaradıcılığında  romantik  metodun  təşəkkül  tapmasına  səbəb  oldusa,

rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət realist Nüayməni formalaşdırdı".

Tədqiqatçı  məhcər  ədəbiyyatı  yaradıcılarının  ədəbi-bədii  üslubunun  bütün  incəliklərini  tədqiqat  obyektinə

çevirir:  "Mühacir  yazıçılar  yeni  ədəbi  üslubun  yaradıcıları idilər.  Onlar  mümkün  qədər  bu  üslubu  arxaizmlərdən,

ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bərabər, onlar ərəb klassik

ədəbiyyatının ənənə və dəyərlərinə sayğılı münasibət nümayiş etdirmişlər".

Alim  ərəb  məhcər  ədəbiyyatının  ən  müxtəlif  bədii  üsluba  malik  nümayəndələrinin  yaradıcılığını  araşdırdı:

Nuaymə  yaradıcılığında  rus  ədəbiyyatının  təsiri  ilə  formalaşan  tənqidi  realizmi  öyrəndi,  Cübran  yaradıcılığında

ingilis  poeziyasının  təsiri  ilə  romantik  üslubunun  inkişaf  prosesini  izlədi,  Amerika  transsendentalistlərinin  Əmin

ər-Reyhani və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yüzlərlə ədəbiyyat oxuyur,

yazıçıların ən məşhur əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin

təkamülünü,  lirizmi  müxtəlif  qəhrəman  obrazlarının  xüsusiyyətlərini  tədqiq  edir,  dünya  ərəbşünaslığında  ilk  dəfə

olaraq  ərəb-Amerika,  Qərbi  Avropa  və  rus  ədəbi  əlaqələrinin  məğzi  və  əhəmiyyətini  tam  aşkar  edir,  ərəb  məhcər

ədəbiyyatının  ən  görkəmli  nümayəndələrinin  bədii  üslubunun  formalaşmasında  Qərb  və  rus  ədəbiyyatlarından

mənimsəmə prosesi və onun nəticələrini müəyyənləşdirir.

Alimin  gəldiyi  qənaətə  görə,  ədəbi  inkişaf  prosesi  gedişində  maarifçi  didaktizm,  sentimentalizm  cizgiləri

qeyd  olunan  ərəb  yazıçıları  tərəfindən  aradan  qaldırılmış,  romantizmin  və  tənqidi  realizmin  poetikası

mənimsənilmişdir. Beləcə onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya

və  yeni  formaları  özündə  daşıyan  Qərb  mədəniyyəti  və  ədəbiyyatının  nailiyyətlərindən  yaradıcı  surətdə

faydalanmışlar.

Bu  yazıçıların  hər  biri  öz  yaradıcılıq  metoduna  xas  olan  etik  və  bədii  dəyərlər  ehtiyatını  işə  salaraq,  onu

özünəməxsus  şəkildə  bədii  təcrübədən  keçirmişdir.  Cübran  və  ər-Reyhani  Qərb  romantizminə  müraciət  etmişlər.

Lakin  ərəb  romantik  şairlərindən  fərqli  olaraq,  bu  yazıçılar  yalnız  onun  zahiri  xüsusiyyətlərini  mexaniki  şəkildə

qəbul  etməmiş,  romantizmi  yaradıcı  metod  kimi,  yəni  onlara  ərəb  gerçəkliyinə  öz  münasibətlərini  ifadə  etmək

imkanı verən yeni nəzər nöqtəsi kimi mənimsəmişlər. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qırıb

romantizm  cəbhəsinə  keçmişlər.  Cübranın  və  ər-Reyhaninin  yaradıcılığında  romantik  istiqamət  nəinki

mənimsənilmiş, həm də zənginləşmiş və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən ərəb ədəbiyyatının xüsusi ənənələri ilə

Qərb  romantizmi  təcrübəsinin  mürəkkəb  sintezi  nəticəsində,  digər  tərəfdən  hər  iki  sənətkarın  fərdi  istedadı

sayəsində  baş  vermişdir. Beləcə,  onlar  ümumbəşəri  problemlərin  qoyuluşu  səviyyəsinə  yüksəlmiş  və  dünya  ədəbi

prosesinin  nəinki  bərabərhüquqlu  iştirakçısı ol-maq,  həm  də  yeni  bədii  dəyərlərin  dünya  ədəbiyyatına  ötürücüsü

kimi çıxış etmək imkanı qazanmışlar.

A.  İmanquliyeva  araşdırmalarının  sonunda  belə  bir  müddəa  irəli  sürür  ki,  ərəb  ədəbiyyatı  xarici

ədəbiyyatların  nailiyyətlərindən  faydalanmasında  ilk  növbədə  məhcər  ədəbiyyatı  nümayəndələrinə  borcludur.




Məhcər yazıçıları Qərb  ədəbiyyatının pozitiv  təsiri  orbitində  olaraq,  onun  ən  yaxşı nailiyyətlərini  mənimsəmiş  və

özlərinə  məxsus  şəkildə  inkişaf  etdirmişlər.  Öz  əsərlərində  milli  ruhu  və  milli  koloriti  qoruyub  saxlaya  bilən  bu

yazıçılar  yeni  ərəb  ədəbiyyatının  inkişafında  əvəzsiz  rol  oynamışlar.  Məhz  onların  yaradıcılığı  sayəsində  XX  əsr

ərəb ədəbiyyatının mövzu dairəsi genişlənmiş, janr tərkibi daha da rəngarəng olmuş, bədii ifadənin yeni formaları

yaranmış və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Bütün  bunlarla  bahəm  A.  İmanquliyeva  tədqiqatlarında  mövzu  ilə  əlaqəli  ümumbəşər  elmi-ədəbi  və  fəlsəfi

fikrində  mövcud  olan  müxtəlif  ideya  axınlarını,  onların  xüsusiyyətlərini,  tətbiq  sahələrini  öyrənmiş  və  nəzəri

təhlillər  aparmışdır.  Bu  isə  onun  araşdırmalarının  dünya  standartları  səviyyəsində  olmasını,  təkcə  ərəb

ədəbiyyatşünaslığı üçün deyil, bütövlükdə filoloji düşüncə üçün ümumnəzəri əhəmiyyətini təmin etmişdir.

Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu Tanrı Aida

xanımı yaradarkən,  çox  səxavətli  olmuş,  ona  yüksək  şəxsi  və  intellektual  keyfiyyətlərlə  yanaşı, qibtədoğuran  bir

zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün bəlkə də Füzuli qələmi, Vaqif təbi, Ələsgər sözü

gərəkdir. Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə tam bir

harmoniya təşkil edirdi...

Bu  günlərdə  görkəmli  şərqşünas-alim,  elm  təşkilatçısı,  pedaqoq,  filologiya  elmləri  doktoru,  professor  Aida

xanım  İmanquliyevanın  yubileyidir.  Yaşasaydı,  ailəsi,  həmkarları,  tələbələri  ilə  birlikdə  bu  günü  fərəhlə

qarşılayardı.  Çox təəssüf ki, onun ömür yolu qısa  oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida

xanım  bizdən  yalnız  cismən  ayrılıb  -  adı  dillərdən  düşmür,  xatirəsi  ürəklərdən  silinmir.  Onun  ruhu  ara-mızda

dolaşır, övladlarında, əsərlərində, tələbələrində, həmkarlarında yaşayır, yolumuzu işıqlandırır, bizi sabaha səsləyir.

Əsərləri dönə-dönə oxunulur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki, onun alim

qələmi  ilə  uğrunda  mübarizə  apardığı  ideya  və  amallar  aktuallığını  itirməyib,  nə  qədər  ki,  Şərq  və  Qərb

münasibətlərində  tam  anlaşma  bərqərar  olmayıb,  insanlar  dönə-dönə  Aida  İmanquliyevanın  əsərlərinə  müraciət



edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar.

Yüklə 178,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə