Press-reliZ 08 Fevral 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 82,5 Kb.
tarix04.07.2018
ölçüsü82,5 Kb.
#53385

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 Fevral 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN GƏNC FƏALIN HƏBSİ İLƏ BAĞLI BƏYANATI

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • MƏHKƏMƏ GƏNC FƏAL HAQDA  2 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇDİ

  • EYNULLA FƏTULLAYEVİN BANK HESABINA BƏRAƏT VERİLMİŞ İTTİHAMA GÖRƏ HƏBS QOYULUB

  • ÇOXSAYLI MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ İLƏ ÜZLƏŞƏN “XURAL” QƏZETİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ

  • HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏNƏDLƏRİNİN İTİRİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB



ELAN!

09 FEVRAL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Gədəbəy rayon sakini Sarıyeva Elminaz Eldar qızı hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirəcək.

 Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.


REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN GƏNC FƏALIN HƏBSİ İLƏ BAĞLI BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) gənc fəal, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının həbs edilməsindən narahatdır.

Rəsmi məlumata əsasən, fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Cabbar Savalanlını saxlayıblar və idarəyə gətiriblər. İdarədə onun üzərinə baxış zamanı 0,74 qram tiryək aşkarlanaraq götürülüb. Dünən isə (07 fevral) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Savalanlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

RATİ bəyan edir ki, Savalanlı saxlanılarkən onun bir sıra prosessual hüquqları pozulub. O, vəkillə təmin olunmalı olduğu halda vəkillə təmin edilməyib. Faktiki olaraq onun üzərində axtarış və izahatın alınması vəkillərin iştirakı olmadan həyata keçirilib. Bundan əlavə polis tərəfindən icazə verilmədiyi üçün Savalanlının yaxınları tərəfindən tutulan vəkillər onunla yalnız saxlanmadan 2 gün sonra, yəni fevralın 7-də görüşə biliblər.

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən proses zamanı hüquq mühafizə orqanlarının mülki geyimli əməkdaşı Savalanlının anası ilə söhbətində Savalanlını narkoman adlandırmış və onun narkoman olduğuna görə həbs edildiyini iddia etmişdir. Bu isə Savalanlının təqsirsizlik prezumpsiyasının pozulması deməkdir, çünki Savalanlının təqsiri hələ sübut olunmayıb.

RATİ hesab edir ki, Savalanlının həbsi onun siyasi mövqeyi və sosial şəbəkələrdə, xüsusilə “facebook”da hakimiyyəti tənqid etməsi ilə bağlıdır. Savalanlının “facebook”dakı profilinin kontent analizi göstərir ki, o yüksək vəzifəli məmurları, xüsusilə Prezident İlham Əliyevi tənqid edən və onu istefaya çağıran materialların yerləşdirilməsinə üstünlük verib.

RATİ xatırladır ki, hakimiyyəti ciddi şəkildə tənqid edən şəxslərə qarşı əvvəllər də analoji saxta ittihamlar irəli sürülüb. “Azadlıq” qəzetinin əməkdaşı, satirik-jurnalist Mirzə Sakitə, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı narkotik saxlama ittihamları, gənc bloggerlər Emin Milli və Adnan Hacızadəyə qarşı isə xuliqanlıq ittihamı ilə cinayətlər işləri başlanılmışdı və onlar həbs edilmişdilər.

RATİ Azərbaycan hakimiyyətini onu tənqid edən şəxslərə qarşı təqiblərə son qoymağa çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələni gündəmdə saxlamağa və Azərbaycan hakimiyyətindən saxta ittihamlarla tənqidi səslərin boğulmasına son qoymağı tələb etməyə çağırır.

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural” qəzetinə qarşı qaldırılmış çoxsaylı məhkəmə iddiaları üzrə qəzetin ödəməsi mümkün olmayan məbləğdə cərimələnməsindən narahatdır və bu addımları maliyyə imkanları məhdud olan bir qəzetin bağlanma təhlükəsi ilə üz-üzə qalmağı kimi dəyərləndirir.

Belə ki, 2007-ci ildə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “Xural ” qəzetinə qarşı iddiası üzrə qəzetə kəsilmiş 1000 manat maddi imkansızlıqdan ödənilmədiyi üçün yanvarın 18-də  Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqov tərəfindən Əvəz Zeynallıya xəbərdarlıq edilib, fevralın 3-də Nərimanov rayon Məhkəməsində  hakim Sevinc Quliyeva müğənni Nüşabə Ələsgərlinin iddiası ilə qəzeti 3 min manat məbləğində cərimələyib. Habelə 2010-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsinin  qəzetə qarşı çıxardığı 500 manat cərimə qərarı üzrə cavabdehin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi anormal qərar çıxararaq, “Xural”ı 5 min manat həcmində cərimələyib. Bundan başqa 2010-cu ildə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə “Xural” qəzeti 10 min manat həcmində cərimələnib. Bu iş üzrə verilmiş kassasiya şikayətinə fevralın 18-də Ali Məhkəmədə baxılacaq. Bundan başqa fevralın 11-dən diffamasiya (Cinayət Məcəlləsinin 147-ci) maddəsi ilə deputat Etibar Hüseynovun iddiası ilə “Xural qəzetinə qarşı məhkəmə prosesi başlanır.

RATİ yuxarıda qeyd olunan faktları sadalamaqla qeyd edir ki, icra hakimiyyətindən asılı olan Azərbaycan məhkəmələrinin bir-birinin ardınca az büdcəli bir qəzet haqqında çıxardığı qərarlar sifarişlə çıxarılıb və məqsəd “Xural” qəzetinin fəaliyyətinə son qoymaqdır.

RATİ xüsusilə Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlini qanunla üzərinə düşən vəzifəni icra edərək KİV-in inkişafına dəstək verməyə, müstəqil olmayan məhkəmələrlə qəzetləri susdurmaqdan isə əl çəkməyə çağırır.

Habelə RATİ üzünü Prezidentin İcra Aparatının rəhbəri cənab Ramiz Mehdiyevə tutaraq, onu, az büdcəli bir qəzetə qarşı qaldırdığı böyük məbləğli iddiasından imtina etməyə çağırır.

Habelə RATİ Azərbaycan məhkəmələrini qəzetlərə qarşı ağlasığmaz rəqəmlərlə cərimə etmək praktikasından əl çəkməyə çağırır.

MƏHKƏMƏ GƏNC FƏAL HAQDA  2 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇDİ

Fevralın 7-də axşam saatlarında Sumqayıt şəhər Məhkəməsi fevralın 5-dən narkotik ittihamı ilə saxlanılan AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalistlər və yaxınlarının iştirakı olmadan keçirilən məhkəmə prosesi barədə RATİ-yə Savalanlının vəkilləri Asabəli Mustafayev və Anar Qasımov  məlumat veriblər.

Qasımovun sözlərinə görə, Cabbar Savalanlı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb. Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Cabbar Savalanlı haqda həbs qətimkan tədbirinin seçilməsi üçün şəhər prokuroruna vəsatət verib. Şəhər prokuroru isə məhkəməyə təqdimat göndərib. Məhkəmə prokurorun təqdimatını təmin edib.

Vəkil onu da bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcəklər. Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan Cabbar Savalanlı bu həftə Bakı İstintaq Təcridxanasına köçürüləcək.

          Xatırladaq ki, AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlı ötən şənbə axşam saatlarında Sumqayıtda yaşadığı binanın yaxınlığında saxlanılıb. Onun barəsində  Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Savalanlının 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etmiş müxalifətçilərə polisin  müdaxiləsinə qarşı fəal etiraz etməsi və  “facebook” sosial şəbəkəsində yerləşdirdiyi sərt tənqidi yazılara görə həbs edildiyi bildirilir.
EYNULLA FƏTULLAYEVİN BANK HESABINA BƏRAƏT VERİLMİŞ İTTİHAMA GÖRƏ HƏBS QOYULUB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin bank hesabı üzərinə nə vaxt və hansı məhkəmənin qərarı ilə həbs qoyulduğuna aydınlıq gəlib. “Mediaforum” xəbər saytının məlumatına görə, fevralın 7-də vəkil Anar Qasımova Beynəlxalq Bankın Səbail rayon filialından məsələ ilə bağlı rəsmi cavab verilib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Eynulla Fətullayevə 27 min 822 avro təzminat ödənilməlidir. Azərbaycan dövlətinin Eynulla Fətullayevə ödəyəcəyi təzminat onun Beynəlxalq Bankdakı həbs qoyulmuş hesabına köçürülüb. Bankdan jurnalistin atası Emin Fətullayevə deyiblər ki, pul həbs qoyulmuş hesaba köçürüldüyünə görə bankın onu verməyə hüququ yoxdur. Bu məsələnin araşdırılması üçün Eynulla Fətullayev yanvarın 19-da Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə rəsmi məktub yollayıb.

Eynulla Fətullayevi bankda rəsmi nümayəndə kimi təmsil edən vəkil Anar Qasımov deyib ki, bir neçə gün əvvəl Beynəlxalq Bank jurnalistin müraciətinə cavab verib: “Lakin o cavabda hesab üzərinə həbs qoyulması qərarını hansı məhkəmənin verdiyi barədə məlumat olmayıb. Amma fevralın 7-də mənə zəng edərək müraciətimizə cavab məktubunun hazır olduğu deyildi”.

Bankın cavab məktubunda bildirilir ki, 2007-ci il avqustun 24-də Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun qərarı ilə Eynulla Fətullayevin Beynəlxalq Bankdakı hesabı üzərinə, eləcə də 23 ədəd kompüterin blok sistemi üzərinə həbs qoyulub. Vəkilə həmin qərarın surəti də təqdim olunub.

Anar Qasımovun sözlərinə görə, Səbail Rayon Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində terrorçuluq ittihamı ilə başlanan cinayət işi ilə bağlı çıxarılıb: “Bu işlə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin Plenumu həmin iş üzrə Eynulla Fətullayevə bəraət verib”.

Eynulla Fətullayevlə bağlı iş materiallarını bir daha araşdıracaqlarını deyən Anar Qasımovun sözlərinə görə, bundan sonrakı tədbirin nə olacağını jurnalistin digər vəkilləri ilə müzakirə edəcək: “Terrorçuluq ittihamı ilə bağlı bəraət olduğuna görə avtomatik olaraq digər məhkəmə qərarları da qüvvədən düşmüş sayılır. Yəqin ki, biz hesab üzərindən həbsin götürülməsi üçün Səbail rayon Məhkəməsinə müraciət edəcəyik”.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  

ÇOXSAYLI MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ İLƏ ÜZLƏŞƏN “XURAL” QƏZETİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ
 Fevralın 8-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Əvəz Zeynallının təşkilatçılığı ilə redaktoru olduğu “Xural” qəzetinə qarşı olan məhkəmə iddiaları, digər təzyiq və təqiblərlə bağlı dəyirmi masa keçirildi.

Tədbirdə Əvəz Zeynallı 2010-cu ilin onlar üçün olduqca ağır keçdiyi, son bir ayda da haqlarında bir neçə məhkəmə qərarının verildiyini dedi.

“4 il əvvəl Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “Xural ” qəzetinə qarşı iddiası üzrə qəzetə kəsilən 1000 manat cəriməni ödəmədiyimiz üçün yanvarın 18-də  Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqov tərəfindən mənə qarşı inzibati tənbeh növü olan xəbərdarlıq edilib. Fevralın 3-də Nərimanov rayon Məhkəməsində  hakim Sevinc Quliyeva bütün etik normaları pozaraq mənə özümü müdafiə etmək üçün heç bir imkan vermədi və  cəmi 6 dəqiqə çəkən müşavirədən sonra əlində hazır qətnamə gələrək, məni 3 min manat məbləğində cərimələdi. Daha sonra isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsi  Xural qəzetini 500 manat cərimələdiyi halda, Bakı Apellyasiya Məhkəməsinə şikayət etdiyimiz halda Apellyasiya məhkəməsi daha ağır cəza çıxarıb və  “Xural”ı 5 min manat həcmində cərimələdi.   Bundan başqa qarşıda bizi daha iki məhkəmə - Etibar Hüseynovun bizə qarşı olan iddiası üzrə məhkəmə və  Ramiz Mehdiyevin iddiası üzrə Apellyasiya Məhkəməsinin çıxardığı qərardan verdiyimiz kassasiya şikayəti üzrə məhkəmə prosesləri gözləyir” - deyə Zeynallı baş verənlər barədə məlumat verdi.

Jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, Apellyasiya Məhkəməsi qəzet barədə daha ağır cəza qərarı verməklə siyasi sifariş icra etdiyini isbatlayıb.

“Azadlıq ” qəzetinin baş redaktoru Qənimət Zahid isə bildirdi ki, bu hadisələrə bağlı bütün qəzetlər və media QHT-ləri birləşib koalisiya yaratmalı və  təzyiqlərə qarşı birgə mübarizə aparmalıdırlar.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, bu hadisə ilə bağlı ABŞ-ın Azərbaycanda olan yeni səfirinə müraciət etmək  və eyni zamanda ictimaiyyətə də baş verənlər barədə informasiya vermək lazımdır.

            RATİ sədri Emin Hüseynov isə bildirdi ki, bu hökumətin sifarişidir. “Qəzet və media sahəsində olan təşkilatlarla birgə müraciət hazırlamaq və  Prezident İlham Əliyevə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərliyə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə göndərmək lazımdır. Bundan başqa kütləvi etiraz aksiyalarına başlamaq lazımdır”- deyə Hüseynov əlavə etdi.

            “Nota P.S” qəzetinin baş redaktoru Sərdar Əlibəyli bildirdi ki, bu hadisələr “Xural” qəzetinin çökdürülməsinə yönəldilib və bunun qarşısı alınmalıdır.

            Sonda Əvəz Zeynallı bildirdi ki, “500 yaxşı oxucu” kampaniyasına başlayıblar. “Bu kampaniya çərçivəsində qəzetin 500 oxucusunun hər biri qəzetə 10 manat yardım edə bilər və beləliklə də qəzetə maddi yardım etmiş olacaq. 

HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏNƏDLƏRİNİN İTİRİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (8 fevral) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə keçirilən məhkəmə proses davam edib.
          Prosesdə iddiaçının nümayəndəsi Yaşar Ağazadə, cavabdehlər  - Rabitə Müəssisinin hüquq şöbəsinin rəis müavini Səfərov Bəhram və “Türk Hava Yolları” şirkətinin maraqlarını  müdafiə edən vəkil Muxtar Mustafayev iştirak edirdilər.
Qeyd edək ki, “Türk Hava Yolları” iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub. Belə ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz  “Türk Hava Yolları”  şirkətinin təqsirindən itdiyini vurğulamışdı.

İddiaçının nümayəndəsi Yaşar Ağazadə işin baxılmamış saxlanılması və iddia ərizəsinin geri götürülməsi barədə vəsatət qaldırdı. Cavabdeh tərəfin nümayəndələri vəsatətə etiraz etdiklərini bildirdilər və bunu vaxt itkisi kimi qiymətləndirdilər.

Hakim vəsatətin təmin edilməməsi barədə qərar verdi və növbəti prosesi 18 fevral saat 10:00-a təyin etdi.

Xatırladaq ki,  Cəfərov Beynəlxalq Ədalət Körpüsü  təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itirilib.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 82,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə