Plan Standartlaşdırma haqqında anlayış. Standartlaşdırmada tətbiq olunan əsas terminlər



Yüklə 123,5 Kb.
tarix01.09.2018
ölçüsü123,5 Kb.
#66541

MÜHAZİRƏ 1



Standartlaşdırma haqqında anlayış,

onun məqsədi və mahiyyəti
Plan

  1. Standartlaşdırma haqqında anlayış. Standartlaşdırmada tətbiq olunan əsas terminlər.

  2. Standartlaşdırmanın qısa inkişaf tarixi.

  3. Standartlaşdırmanın üsulları.


Standartlaşdırma haqqında anlayış.

Standartlaşdırmada tətbiq olunan əsas terminlər.

Məhsulun və xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin edən normativ sənədlər sistemində standartlar əsas yerlərdən birini tutur. Standartlarda keyfiyyətin əsas göstəriciləri və bu göstəricilərin ölçülərinin xarakteristikası müəyyənləşdirilir.

Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir. Ona görə də onlar ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Çünki standartlar qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üçün imkan yaradır.

Standartlaşdırma- məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:


  • məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəsizliyini;

  • məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;

  • məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;

  • ölçmələrin dəqiqliyini və vəhdətini;

  • bütün növ resusrsların qənaətini;

  • təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;

  • Ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;

  • Istehlakşıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.

Ümumiyyətlə, standartlaşdırmanın əsas məqsəd vəvəzifəsi eyni məhsullar üçün vahid normanı müəyyən etməkdir.

Standartlaşdırma elmin, texnikanın və qabaqcıl təcrübənin nəticələrinə əsaslanaraq nəinki hazırki, həmçinin gələcək inkişafın əsasını təyin edir və eləcə də elmi-texniki tərəqqi ilə bağlı olaraq daim inkişaf edir. Standartlaşdırma elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsinə təsir edən möhtəşəm vasitədir. O, elm və texnikanın nailiyyətlərinin istehsalatda geniş tətbiqini təmin etməklə, maşın hissələrinin qarşılıqlı əvəzolunmasına zəmanət verir, xammal və materiallardan istifadəni yaxşılaşdırır, məhsulun keyfiyyətinin ən yaxşı nümunələr səviyyəsində saxlanmasını təmin edir, istehsalatın xüsusiləşdirilməsinin inkişafında əsas rol oynayır.

Standartın müəyyən olunmuş sahələrdə tətbiqi məcburidir və ona riayət olunmaması qanunvericiliklə mühakimə olunur.

Standartlaşdırma sahəsində tətbiq olunan əsas terminlər İSO beynəlxalq təşkilatının standartlaşdırmanın elmi prinsiplərini öyrənən STAKO komitəsi tərəfindən müəyyən edilmişdir. Bu terminlər dünyanın bir çox ölkələri tərəfindən qəbul edilmişdir. Onların bir hissəsi Azərbaycan Respublikasının 8 oktyabr 1996- cı ildən qüvvəyə minmiş “Standartlaşdırma haqqında” qanununda öz əksini tapmışdır.



Standartlaşdırma üzrə normativ sənəd- müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır.

Standartlaşdırma üzrə normativ sənədlərə standartlar, texniki reqlamentlər, texniki-iqtisadi informasiya təsnifçiləri, həmçinin standartlaşdırma üzrə qaydalar aiddir. Bu sənədlər normativ-texniki sənədlərin (NTS) tərkib hissəsidir.

Standart- maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən, kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.

Standart ingilis sözü olub norma, nümunə, etalon mənasını daşıyır.



Beynəlxalq standartlar- dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

Regional (hövzə) standartlar- texniki- iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.

Dövlətlərarası standartlar – iki və daha çox dövlətlərin qarşılıqlı razılıq əsasında qəbul etdikləri və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.

Milli standartlar – ayrıca müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.

Standartlaşdırma obyektləri- standartlaşdırma üzrə işlərin predmeti olan və şərti vahidlərin, işarələrin və anlayışların köməyi ilə keyfiyyətcə və kəmiyyətcə xarakterizə edilə bilən məlumatlar, proseslər, qaydalar, metodlar və istehsal vasitələridir.

Standartlaşdırma sahəsi – qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinin məcmusudur. Məsələn, maşınqayırma standartlaşdırma sahəsidir, burada standartlaşdırma obyektləri isə texnoloji proseslər, mühərriklərin tipləri, maşınların təhlükəsizliyi və ekolojililiyi və s. ola bilər.

Standartlaşma aspekti – verilmiş standartlaşdırma obyektinin müəyyən xassələrini (və ya xassələr qrupunu) xarakterizə edən standartlaşdırma istiqamətidir. Konkret məhsulun və ya konkret həmcins məhsllar qrupunun standartlaşdırma aspektləri aşağıdakılardır:

  • terminlər və təyinlər;

  • şərti işarələr və ixtisarlar;

  • təsnifatlaşdırma, baş parametrlərə və ölçülərə tələblər;

  • keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər;

  • qənaətçillik səviyyəsinin əsas göstəricilərinə tələblər;

  • məhsulun komplektliliyinə tələblər;

  • saxlanma və nəql etdirmə metod və vasitələrinə tələblər;

  • bərpa (təmir) metod və vasitələrinə tələblər;

  • məhsulun istehsalı, satışı və istehlakı zamanı onun insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyi tələbləri;

  • ətraf mühitin mühafizəsi tələbləri (məhsulun istehsalı, satışı və istehlakı zamanı onun ekoloji təhlükəli xassələrinə tələblər) ;

  • məhsulun qəbul qaydalarına və vasitələrinə tələblər;

  • məhsulun keyfiyyət səviyyəsi göstəricilərinə nəzarət (sınaqlar, ölçmələr,analiz) metodlarına və vasitələrinə tələblər;

  • məhsulun nişanlanmasına tələblər;

  • məhsulun qablaşdırılmasına, nəqliyyat və istehlak tarasına tələblər;

  • məhsulun məqsədli (və ya funksional) təyinatı üzrə onun təhlükəsiz istehlakına (istismarına və ya istifadəsinə) tələblər;

  • məhsulun təhlükəsiz utilləşdirilməsinə ( və ya basdırılmasına, yaxud məhv edilməsinə) tələblər.

Reqlament – məcburi hüquqi normalardan ibarət olan sənəddir, yəni reqlamentə məcburi riayət edilməlidir. Digər normativ sənədlərdən fərqli olaraq, reqlamenti standartlaşdırma orqanı yox, yalnız hakimiyyət orqanları qəbul edirlər. Reqlamentlərin bir növü kimi texniki reqlamenti göstərmək olar. Bu zaman standartlaşdırma obyektinə verilən texniki tələblər göstərilir.

Texniki reqlamentlər kimi aşağıdakı sənədlər qəbul edilir: ölkənin texniki qanunvericiliyi; ölkə Prezidentinin texniki xarakterli tələbləri özündə əks etdirən fərmanları və Hökumət qərarları; məcburi standartlar, həmçinin hökümətin xüsusi nəzarət orqanlarının texniki normaları və qaydaları (inşaat norma və qaydaları, sanitar qaydaları və normaları və s).



Standartlaşdırma üzrə qaydalar – standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində müəyyən növ istehsal proseslərinin yerinə yetirildiyi zaman məcburi riayət edilməli tipli təşkilati-texniki və ya ümumtexniki qaydaları, ümumi prinsipləri, xarakteristikaları, normaları özündə birləşdirən və standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilən standartlaşdırma üzrə normativ sənəddir.

Standartlaşdırma üzrə tövsiyələr -standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə işlərin təşkili, koordinasiyası və yerinə yetirilməsi ilə bağlı konkret istehsal prosesləri və onların elementləri üçün işlənib hazırlanır. Tövsiyələrdə verilən müddəalar könüllü xarakter daşıyır.

Beynəlxalq standartlaşdırma - standartlaşdırma üzrə elə beynəlxalq fəaliyyətdir ki, burada iştiraketmə bütün dünya ölkələrinin müvafiq orqanları üçün açıqdır. Bu fəaliyyət ancaq İSO və BEK təşkilatları çərçivəsində deyil, həm də bir çox qeyri-hökumət və hökümətlərarası təşkilatlarda həyata keçirilir. Məsələn, bu fəaliyyət növü ilə Ümumdünya səhiyyə təşkilatı (ÜST), BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO), BMT-nin Avropa iqtisadi komissiyası (BMT AİK) və digər təşkilatlar məşğul olurlar.

Regional standartlaşdırma- standartlaşdırma üzrə elə beynəlxalq fəaliyyətdir ki, burada iştiraketmə dünyanın ancaq bir coğrafı və ya iqtisadi regionunun dövlətlərinin müvafiq orqanları üçün açıqdır. Bunlara Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa İqtisadi Birliyi (AİB), Panamerika standartlar komitəsi (KOPANT) və digərləri aiddir.

Milli standartlaşdırma - dünyanın hər hansı bir ölkəsi səviyyəsində həyata keçirilən standartlaşdırma üzrə fəaliyyətdir. Dünyanın bir sıra ölkələrində milli standartlaşdırma dövlət idarəetmə orqanları (məsələn, Rusiyada, Ukraynada, Belorusiyada, Azərbaycanda, Yaponiyada, Çində və s. ölkələrdə), digər ölkələrdə isə (AFR-da, Böyük Britaniyada, Finlandiyada) qeyri-dövlət təşkilatları tərəfindən həyata keçirilir.

Standart göstəriciləri - şərti vahidlər, işarələr və ya anlayışların köməyi ilə ifadə edilən standartlaşdırma obyektlərinin xarakteristikalarıdır. Ölçü, kimyəvi tərkib, fiziki xassə, kütlə, istismar keyfiyyətləri, səmərəlilik, davamlılıq, etibarlılıq və s. standart göstəriciləri ola bilər.

Parametr - məmulatın (prosesin, hadisənin) hər hansı xassəsini xarakterizə edən qiymətdir. Parametrlər standartlarda, adətən parametrik sıralar şəklində göstərilir.

Parametrik sıra - qəbul edilmiş dərəcələr sistemi əsasında parametrin müəyyən diapazonu dairəsində onun ədədi qiymətinin ardıcıl sırasıdır. Standartlaşdırılan obyektlərin parametrik sıraları üstün tutulan ədədlər sistemi əsasında qurulur. Standartlaşdırma obyektlərinin parametrik sıralarının əsasını onların ölçüləri, yükgötürmə qabiliyyəti, istehsalat gücü, sürəti və s. təşkil edir.

Texniki şərtlər - konkret məmulata, materiala və digər məhsullara, onların hazırlanmasına və nəzarətinə kompleks tələbləri müəyyən edən standartlaşdırma üzrə normativ-texniki sənəddir. Texniki şərtlər işləyici təşkilat tərəfındən işlənib hazırlanır və nazirliyin, şirkətin və ya müəssisənin rəhbərliyi tərəfindən onların təsir müddəti göstərilmədən təsdiq olunur. Lakin müstəsna hallarda sifarişçinin tələbi ilə TŞ-in təsir müddəti göstərilir. Onlar adətən məhsulun normativ təzələnməsi müddətinə təsdiq olunurlar.

Texniki şərtlər müəssisə və ya digər təsərrüfat subyekti tərəfindən o halda işlənib hazırlanır ki, verilmiş obyekt üçün standartın yaradılması məqsədəuyğun deyildir. TŞ-in obyekti tək və ya kiçik partiyalarla buraxılan məhsul ola bilər.



Standart kompleksi - qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinə razılaşdırılmış əsasverici təşkilati-texniki və ümumtexniki tələbləri müəyyənləşdirən dövlət standartlarının və ya beynəlxalq standartların məcmuudur.

MDB-nin üzvü olan ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında, məsələn, aşağıdakı dövlətlərarası standartlar kompleksləri tətbiq olunur: Konstruktor sənədlərinin vahid sistemi (KSVS), Texnoloji sənədlərin vahid sistemi (TSVS), İstehsalatın texnoloji hazırlanmasının vahid sistemi (İTHVS) və s.



Standartın tətbiqi - istifadəçi tərəfindən standartda verilmiş tələblərin yerinə yetirilməsi ilə standartın yayılma sahəsinə və təsir dairəsinə uyğun istifadəsidir.

Standartın yayılma sahəsi-konkret standartlaşdırma obyektləri və standartlaşdırma aspektləridir.

Standartın təsir dairəsi verilmiş kateqoriyalı standartı qəbul etmiş (təsdiq etmiş) orqanın statusu və səriştəliliyi ilə təyin edilir. Bu, MDB ərazisi (QOST), Azərbaycanın ərazisi (AZS), elm və texnika sahələri (SSAZ), müəssisə (MS) ola bilər.

Standartın istifadəçisi - özünün elmi-texniki, təcrübi-konstruktor, texnoloji, layihələndirmə, istehsalat, standartlaşdırma, idarəetmə, tədris-pedaqoji və digər fəaliyyət növlərində standartı tətbiq edən hüquqi və ya fiziki şəxsdir.

Standartın istifadəçiləri onun qüvvəyə mindiyi tarixdən standartda verilmiş məcburi tələblərə riayət etməlidirlər. Bu tarixə qədər standartlarda verilmiş məcburi tələblərə tam və ya qismən riayət edilməsi həm hüquqi, həm də fıziki şəxslər üçün könüllüdür.

Standartlaşdırmanın qısa inkişaf tarixi

Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdır ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal gətirmək olar: Misirdə fironlar saraylarının tikintisində 410x200x130 mm ölçüyə malik kərpiclərdən istifadə olunması, Qədim Romada su çarxlarının və katapultların yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfındən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin və keyfıyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlaşdırma ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir.

Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan “nisbi ölçülər prinsipi” belə baş parametrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asılılıqlarla bağlıdır. Bu prinsip ilk dəfə 4200 il bundan əvvəl Qədim Misirdə inşaat texnikasında və katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən Qədim Misirdə piramidaların qurulmasını qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malik idi və bunsuz piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı. Bütün daşlar çox yüksək dəqiqliklə işlənmişdir və bir-birinə aralarında bağlayıcı olmadıqda belə yaxşı yatırdı.

Vavilon qülləsinin hündürlüyü 90 m-dir. Onun tikintisində 85 mln. dəqiq ölçülü bişmiş kərpic istifadə edilmişdir. Piramidalardan fərqli olaraq burada bağlayıcı kimi təbii asfaltdan istifadə edilmişdir. Hündürlüyü 15 m olan qüllənin yuxarı mərtəbəsinə göy şirələnmiş kərpicdən üz çəkilmişdir ki, bunun da hazırlanması nəinki standart ölçülərin, həm də stabil resepturanın dürüst gözlənilməsini tələb edirdi.

Müasir tarix hesabı ölkələrin çoxu üçün standartdır, lakin hələ ümumdünya deyildir. Bir sıra ölkələrin öz tarix hesabı sistemi mövcuddur və onlar bu və ya digər ölkə miqyasında standartdır.

Sayma sistemi qədim zamandan standart olmuşdur. Lakin bu sistem dövri olaraq təkmilləşdirilir. Belə ki, Roma hökmranlığından sonra Roma ədədlərinin əvəzinə ərəblər daha yaxşısını təklif etmişlər. Ərəb ədədləri bütün ölkələrdə tətbiq edilir. Onlar, müxtəlif cür tələffüz olmalarına baxmayaraq, bütün dünya xalqlarına aydındır. Lakin onluq sistemi yararsız olan müasir elektron hesablayıcı texnikasının tələblərinə uyğun olaraq, hazırda Qədim Çində ixtira edilən ikilik hesablanması tətbiq edilir.

Milli xarakterə malik olan pul vahidləri artıq çoxdandır ki, beynəlxalq qarşılıqlı əvəzolunmaya malikdir. Hər pul sistemi öz ölkəsində standartdır. Bu və ya digər ölkədə hər hansı pul islahatının aparılması hazırlıq tələb edir və ona ciddi reforma kimi baxırlar. Beynəlxalq ticarət, xidmətlər mübadiləsi, turizm və s. sahələrdə də qızıl paritetə əsaslanmış pul vahidlərinin standart mütənasibliyi mövcuddur ki, bunun dəyişməsi bəzən ağır nəticələrə gətirib çıxarır.

Rusiyanın sənaye istehsalatında standartlaşdırma ilk dəfə olaraq XVI əsrin ortalarında toplar üçün mərmilərin hazırlanmasında tətbiq olundu. XVIII əsrdə standartlaşdırma gəmi, silah, kənd təsərrüfatı xammalı və istehlak malları istehsalında tətbiq olunmağa başladı.

XX əsrin əvvəlində dəmir yolu tikintisinin başlanması ilə əlaqədar standartlaşdırma növbəti inkişaf mərhələsinə keçdi. Vaqonların rəngi, dəmir yolunun eni, qoşqu qurğusunun hündürlüyü, təkərlərin diametrləri və digər elementlər standartlaşdırıldı. Lakin bununla yanaşı, qatarların hərəkətinin vahid istiqaməti nizama salınmamışdır. Bunun nəticəsində indiyə qədər Moskva-Ryazan xəttində qatarlar sol tərəflə hərəkət edir. Ümumiyyətlə, nəqliyyat vasitələrinin hərəkət istiqamətinin standartlaşdırılması insan üçün böyük əhəmiyyətə malikdir.

Ölkələrin iqtisadiyyatının sürətlə inkişafı standartlaşdırmanın beynəlxalq miqyasda həyata keçirilməsini tələb etdi. Beynəlxalq mal mübadiləsinin daim genişlənməsi və elm və texnika sahəsində daha sıx əməkdaşlıq etmək zərurəti Standartlaşdırma üzrə beynəlxalq assosiasiyanın (İSA) yaradılmasına gətirib çıxardı. 1939-cu ildə İSA-nın fəaliyyəti ikinci dünya müharibəsinə görə dayandırıldı. 1943-cü ildə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Standartlaşdırma məsələləri üzrə Koordinasiya Komitəsi yaradıldı. Bu komitənin Londonda və Nyu-Yorkda büroları yaradıldı.

1946-cı ildə London şəhərində Standartlaşdırma üzrə beynəlxalq təşkilat (İSO) yaradıldı ki, onun da tərkibinə 33 dövlət daxil oldu. Hazırda İSO ən böyük beynəlxalq texniki təşkilatlardan biridir.

1991-ci ildə SSRİ dövlətinin tərkibində olan müttəfiq respublikalar tam müstəqillik əldə etdikdən sonra onların hər birində standartlaşdırma üzrə işlər ancaq bu ölkələrin daxilində aparılır. Bizim respublikada Standartlaşdırma, metrologiya və patent üzrə dövlət agentliyi fəaliyyət göstərir. Bu agentlik standartlaşdırma, metrologiya və sertifıkatlaşdırma üzrə respublikada aparılan bütün işlərə, həmçinin məhsulun keyfıyyətinin ümumi məsələlərinin (keyfiyyət göstəricilərinin, onların qiymətləndirilmə metodlarının və s.) işlənməsinə rəhbərlik edir, sənaye mülkiyyəti obyektlərinin mühafızəsi sahəsində dövlət siyasətini həyata keçirir.

Yuxarıda deyilənlərdən görünür ki, standartlaşdırma böyük bir inkişaf yolu keçmişdir. O, standartlaşdırma obyektlərinə qoyulmuş primitiv, kifayət qədər əsaslandırılmamış tələblərdən başlamış müasir elmi əsaslandırılmış normaların, qaydaların və tələblərin xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunmasına qədər böyük bir yol keçmişdir. İndi standartlar əvvəlcədən müəyyən edir ki, yeni texnikanın yaranmasının əsasını hansı konstruktiv həllər təşkil etməlidir və o, hansı texniki-iqtisadi göstəricilərə cavab verməlidir.

Standartlaşdırmanın üsulları

Standartlaşdırma aşağıdakı üsullar vasitəsilə həyata keçirilir: unifikasiya; tipləşdirmə; sistemləşdirmə; simplifikatlaşdırma; aqreqatlaşdırma.



Unifikasiya - eyni funksional təyinatlı məmulatların istismarı zamanı onların qarşılıqlı əvəzolunması üçün məmulatların tiplərinin, növlərinin, ölçülərinin və markalarının sayının rasional ixtisarıdır. Unifikasiya zamanı yüksək keyfiyyət göstəricilərinə və tam qarşılıqlı əvəzolunma xassəsinə malik olan məmulatların, yığım vahidlərinin və detalların tiplərinin, növlərinin, tipölçülərinin minimum və eyni zamanda zəruri sayını müəyyən edirlər. Unifikasiya standartlaşdırmanın ən geniş yayılmış və effektiv formasıdır.

Unifikasiyaya həmçinin materialların markaları, onların xassələri və ölçüləri, proseslər, alətlər, texnoloji tərtibatlar, sınaq metodları, sənədlər, terminologiya, işarələr və s. uğradılırlar. Unifıkasiyanın başlıca fərqi və üstünlüyü ondadır ki, növ müxtəlifliyi sayının azalması məmulatların konstruksiyalarının əsas və ikinci dərəcəli ölçülərinin dəyişməsi ilə gedir. Bunun nəticəsində məmulatların, materialların, xammalın və komplektləşdirici məmulatların növ müxtəlifliyinin sayı azalır.

Unifıkasiya zamanı material və məmulatların texniki parametrləri elə dəyişir ki, onların mərkəzləşmiş hazırlanması mümkün olur.

Tipləşdirmə - standartlaşdırmanın elə növ müxtəlifliyidir ki, burada ümumi konstruktiv və ya texnoloji xarakteristikalara malik olan bir sıra məmulatlar, tərkib hissələri, proseslər üçün tipli konstruktiv və ya texnoloji həllər işlənib hazırlanır və təyin edilir.

Tipləşdirmə standartlaşdırmanın az yayılmış, lakin son dərəcə perspektiv metodlarından biridir. Yerli əhəmiyyətə malik olan unifikasiyadan fərqli olaraq tipləşdirmə bütün bir sahənin inkişaf məsələlərini həll edə bilər. Tipləşdirmə mövcud avadanlıqların istifadə edilməsini yaxşılaşdırmaq və əmək məhsuldarlığını artırmaq məqsədi ilə aparılır. Tipləşdirmə zamanı nəinki artıq mövcud olan tipləri və tipölçülərini təhlil edirlər, həmçinin elmin və texnikanın nailiyyətlərini və sənayenin inkişafını nəzərə alaraq yeni, perspektiv tipləri və tipölçülərini işləyib hazırlayırlar. Əksər hallarda bu cür iş məmulatların, onların tərkib hissələrinin və detallarının müvafıq sıralarının təyin edilməsi ilə nəticələnir.



Sistemləşdirmə - əşyanın, hadisənin və anlayışın müəyyən ardıcıllıqla düzülməsindən ibarətdir. Sistemləşdirmə zamanı obyektlərin qarşılıqlı əlaqələrini nəzərə almaq lazımdır. Ən sadə sistemləşdirmə obyektlərin əlifba sırası ilə düzülməsidir. Bu cür sistem ensiklopediyalarda, politexnik sorğu kitablarında və s. geniş istifadə olunur.

Sistemləşdirmənin xalq təsərrüfatında ən geniş yayılmış növü sinifləşdirmədir. Burada əşya, hadisə və anlayışlar onların ümumi əlamətlərindən asılı olaraq siniflər, yarımsiniflər və dərəcələr üzrə yerləşdirilirlər. Bunları işarə etmək üçün UOT beynəlxalq universal onluq sistemindən (universal onluq təsnifçisi) istifadə olunur. Bu beynəlxalq sistem indeksləri ilə birlikdə texniki və humanitar ədəbiyyatların sinifləşdirilməsində istifadə olunur. Məsələn, UOT-62- texnika; UOT-621- ümumi maşınqayırma və elektronika; UOT-621.3 - elektrotexnika və s.

Qarşılıqlı anlayışlar iki nöqtə ilə işarə olunur. Məsələn, əgər UOT-621.3 – elektrotexnikanın, UOT-389.6 - standartlaşdırmanın işarəsidirsə, onda UOT-389.6:621.3 elektrotexnikada standartlaşdırmanı göstərir.

Simplifikatlaşdırma - standartlaşdırmanın elə formasıdır ki, burada məqsəd məmulatların tiplərinin və ya digər növ müxtəlifliyinin sayını hazırki vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır. Simplifikasiyaya bu tərif STAKO tərəfindən verilmişdir.

Simplifıkatlaşdırma standartlaşdırmanın ən sadə, iqtisadi cəhətdən daha sərfəli, texniki cəhətdən daha mümkün olan növ müxtəlifliyidir. O, məmulatların tiplərinin və ya növ müxtəlifliyinin sayının texniki və iqtisadi cəhətdən əsaslandırılmış hər hansı minimuma qədər ixtisar edilməsindən ibarətdir. Simplifikatlaşdırma obyektlərində heç bir texniki təkmilləşdirmə işi aparılmır, yəni onlar texniki dəyişikliklərə məruz qalmır. Ona görə də simplifikatlaşdırma zamanı məmulatların markalarının və tip ölçülərinin rasional kombinə edilməsi imkanları məhduddur.



Aqreqatlaşdırma - unifikasiya olunmuş standart aqreqatlardan (avtonom yığım vahidlərindən) istifadə edərək maşın, avadanlıq, cihaz və digər məmulatların yaradılması prinsipidir. Bu aqreqatlar özlərinin bütün istismar göstəricilərinə və birləşmə ölçülərinə görə bir-birini tam əvəz etməlidirlər. Hazırda bu məqsəd üçün aqreqat-dəzgahlar geniş yayılmışdır. Belə ki, istehsal obyekti (məmulat) dəyişirilən kimi bu dəzgahları tez söküb, başqa məmulat istehsal etmək üçün yenidən quraşdırmaq olar.

Bütün yeni yaradılan maşın və avadanlıqlar üçün unifikasiya və aqreqatlaşdırma prinsipinin tətbiqi mütləq lazımdır.



Aqreqatlaşdırma prinsipinə misal olaraq, universal- yığma tərtibatları sistemini göstərmək olar. Bu tərtibatlar sənayenin bir çox sahələrində geniş tətbiq olunur. Tərtibatları dəqiq hazırlanmış, qarşılıqlı əvəzolunmuş elementlərdən yığırlar. Onlar əsas etibarilə təcrübə zavodlarında, xırda və ortaseriyalı istehsalatda tətbiq olunurlar. Çünki bu cür istehsalatlar üçün tez-tez yeni tərtibatların layihələndirilməsi və hazırlanması iqtisadi cəhətdən səmərəli deyildir.




Yüklə 123,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə