Pedaqoji proses kateqoriyaları arasında oxşar və fərqli xüsusiyyətlər



Yüklə 17,35 Kb.
tarix23.04.2022
ölçüsü17,35 Kb.
#85962
Pedaqoji proses kateqoriyaları arasında oxşar və fərqli xüsusiyyətlər


Pedaqoji proses kateqoriyaları arasında oxşar və fərqli xüsusiyyətlər.

Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir. Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Milli pedaqogikada dörd pedaqoji  kateqoriya: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vahid olan pedaqoji  prosesdə  birləşir, Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, diferensiasiya və inteqrasiya  hadisələri mövcuddur. Bu hadisələr həm pedaqoji  kateqoriyalar  arasında, həm də  kateqoriyalar  daxilində  də mümkündür. Nisbi mənada müstəqil olan hər bir kateqoriyada digər  kateqoriyaların  əlamətləri  bu və ya digər  dərəcədə  iştirak  edir. Məsələn, təlim  kateqoriyasında təhsilin də, tərbiyənin də, psixoloji  inkişafın  da əlamətlərini  sezmək mümkündür, yaxud təhsil  kateqoriyasında  təlim, tərbiyə və  psixoloji  inkişaf əlamətlərini və ya tərbiyə kateqoriyasında  təlim, təhsil və psixoloji  inkişaf əlamətlərini  görmək  çətin  deyil.


Pedaqoji elmin 200 ildən artıq inkişaf tarixində pedaqoji proses  kateqoriyasında gedən diferensiasiya və inteqrasiya hadisələri, ən dialektik proseslər bu elmə  məlum olmamışdır. O səbəbdən də tərbiyə kateqoriyası uzun müddət pedaqoji  elmin  tədqiqat  mövzusu  hesab  edilmişdir.

Bir çox yeniliklərin, o cümlədən də pedaqoji proses kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi hesab edilməsi, orada cərəyan edən dialektik hadisələrin açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji prosesin tamlığı  ilə, onun tərkib hissələrinin inteqrasiyası və diferensiasiyası  ilə əlaqədar olmuşdur.

Təlim kateqoriyasının mahiyyətinə dair Milli pedaqogika  anlamını oxucuya xatırladaq: təlim müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi  altında fənn üzrə sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin şagirdlər (tələbələr) tərəfindən mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən inkişaf etmələri prosesidir.

Bu anlamın yeniliyi təkcə  orasında deyil ki, pedaqoji prosesin tamlığını, onun əlamətlərinin ardıcıllığını, qarşılıqlı əlaqəsini, bir-birinə dayaq olduğunu dəqiq və aydın ifadə edir; həm  də orasındadır ki, təlimdə müəllimin və şagirdlərin aparıcı vəzifələrini açıb göstərir: müəllimin əsas vəzifəsi şagirdlərin mənimsəmə fəaliyyətini, tərbiyə  olunmalarını və psixoloji inkişafını təşkil etmək, ona istiqamət vermək, rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi isə tərbiyə və psixoloji inkişaf  imkanları olan bilik və bacarıqları müəllimin göstərişinə uyğun olaraq  mənimsəməkdir.

Təlim kateqoriyasının mahiyyətindən göründüyü kimi, burada qabarıq şəkildə özünü göstərən fənn üzrə bilik və bacarıqların mənimsənilməsidir; təlim  zamanı şagirdlərin (tələbələrin) tərbiyə olunmaları və psixoloji cəhətdən inkişafları isə müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji  ustalıq səviyyəsi aşağı olan müəllimin bu sonuncu iki cəhət diqqətindən, adətən, yayınır.

Topladığımız faktlar əsasında qətiyyətlə, böyük inamla deyə bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə olunmalarına  və psixoloji inkişaflarına əhəmiyyət verməmələri bir çox müəllimlərimizin uğursuzluqlarının başlıca səbəblərindən birinə çevrilir.

Eyni sözlər təhsil kateqoriyasına da şamil edilə bilər. Təhsilin mahiyyətinə dair Milli pedaqogika anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi həyatın sahələrindən biri olub, müvafiq tədris müəssisəsində müəyyən müddətə məqsədyönlü, planlı və  mütəşəkkil öyrənilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsi kimi özünü göstərən sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur.

Təhsilin mahiyyətinə dair yeni anlamdan aydın göründüyü kimi, burada da təlim, tərbiyə və  psixoloji inkişaf məsələləri  nəzərə alınmışdır. Lakin  bir məqam diqqəti xüsusilə özünə cəlb  edir: təhsilin məzmununu təşkil edən biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin zəruri şərti olan təhsilin tədricən onun gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir; təhsil kateqoriyasının mahiyyətində tərbiyə və psixoloji inkişaf məsələləri isə o qədər də  aydın sezilmir. Müəllim bu cəhəti bilməli və təhsilin tərbiyəvi imkanlarını da, psixoloji inkişaf imkanlarını da reallaşdırmağın yollarını  Milli pedaqogika ruhunda yazılmış kitablar əsasında, o  cümlədən  "Tətbiqi  pedaqogika" və ya "Pedaqoji ustalığın problemləri" adlı dərsliklər əsasında öyrənmək olar.


Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə, hər şeydən əvvəl, insanların davranışı ilə əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və ya paxıllıq, səmimilik və ya qeyri-səmimilik, qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya düşməməsi, , zəhmətsevərlik və  ya zəhmətə xor baxmaq və yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu davranış tərzləri buna misal ola bilər.

Tərbiyə kateqoriyasının mahiyyətini səciyyələndirən yeniliklərdən biri də tərbiyə işinin aparıldığı mühitlə əlaqədardır. Milli pedaqogikaya görə, tərbiyə işi üçün münasib şərait yaradılmalıdır. Əks təqdirdə, istənilən nəticəni almaq çətinləşir.  Şagirdlərin hüquqları heç bir cəhətdən pozulmayan məktəbdə, şagirdlərə pedaqoji  prosesin obyekti kimi deyil, subyekti kimi baxılan, onlarla məsləhətləşmələr aparılan məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə keçirilir.

Nəhayət, tərbiyə kateqoriyasının müasir anlamını səciyyələndirən cəhət adamlarda inam hissinin yaradılmasıdır. İnam hissi isə, hər şeydən əvvəl, tərbiyəçinin özündən qaynaqlanmalıdır. Onun özü təbliğ  etdiyi, aşılamaq istədiyi ideyanın reallığına, doğruluğuna dərindən inanmalıdır. Belə olduqda dinləyicilər tərbiyəçinin dediklərinə inanır, onun dediklərini qəbul edir, məsləhətlərini heç bir şübhə etmədən yerinə yetirirlər.

Deyilən əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə kateqoriyasının mahiyyətini belə dəyərləndirir: tərbiyə - davranışla əlaqədar olan əsaslandırılmış mənəvi keyfiyyətlərə dair adamlarda inam hissinin məqsədyönlü, planlı və mütəşəkkil qaydada formalaşdırılması prosesidir.

Təhsildə müəllimin yüksək göstəricilərə nail olması üçün isə təlimdə psixoloji qüvvələrin müəyyən dərəcədə  iştirakı Milli pedaqogikada qətiyyən qənaətbəxş hesab edilmir. Milli pedaqogikada sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə inkişaf etdirmək nəinki mümkündür, hətta son dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə diqqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s. nəzərdə tutulur. Təlimdən ayrılmaz olan həmin psixoloji qüvvələr müəllimin qayğısına çevrildikdə, dərsboyu müəllim şagirdlərdə (tələbələrdə) diqqətin yayınmasını, iradə zəifliyini  və s. psixoloji nöqsanları səbrlə, dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr inkişaf edir, gah təlimin nəticəsinə, gah da onun əsasına çevrilir; təhsildə uğurun etibarlı  amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli pedaqogikada pedaqoji prosesin dörd kateqoriyasından biri kimi  müəyyənləşmişdir.

Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və  psixoloji inkişaf kateqoriyalarının cəmləşdiyini, yəni  inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya  uğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini bilmək müəllimə  nə verir? Hər şeydən əvvəl müəllimin pedaqoji ustalığının artmasına səbəb  olur;  bu  da şagirdlərdə (tələbələrdə) mənimsəmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Yenə sual: Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya edilən, yəni ayrılaraq  müstəqil tətbiq olunan, məsələn, təlimdə müəllimin başı yalnız aparıcı cəhətə (bilik vəbacarıq öyrənilməsinə) qarışmır; onun diqqətindən yayına biləcək tərbiyənin və psixoloji qüvvələrin də işə qoşulmasına hökmən xüsusi  qayğı göstərməli olur.

Tərbiyə imkanları və psixoloji qüvvələrdən istifadə imkanları isə dərsdə kifayət qədərdir. Müəllimi inandırmaq istədiyimiz cəhət budur ki, dərsin həmin  imkanlarını öyrənsin, bilsin və  təcrübədə işə salsın.



Tamdan, yəni pedaqoji prosesdən ilk baxışda təlim kimi, tərbiyə kimi, ya təhsil kimi və ya psixoloji inkişaf kimi diferensiallaşan, yəni ayrılan pedaqoji kateqoriya hər dəfə digər kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla qovuşarsa, görün bizim gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf səviyyəsi eyni zaman kəsiyində  nə qədər yüksəlmiş olar!

Gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsini yüksəltməkdə, habelə psixoloji  inkişaf səviyyəsini qaldırmaqda pedaqoji prosesin diferensiasiya və inteqrasiya imkanlarından istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə qədər ətraflı öyrənib öz işlərində tətbiq etsələr, bir o  qədər Azərbaycan xalqının xeyrinə olar; bununla yanaşı, orta ümumi təhsilimizdəki kəsirləri  aradan qaldırmağa yönələn şagirdlərin repetitorlar yanına göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə xərc də aradan  qalxar.
Yüklə 17,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə