Kamil Vəli NERİMANOĞLU
39
Türk Dünyası 34. Sayı
Mirzə Fətəlinin apardığı bu qanlı mübarizənin bir kökü də özündə idi, ən
böyük çarpışma, ən böyük təlatüm Mirzə Fətəlinin içində gedirdi.
Dünyanı - təbiəti və cəmiyyəti idrakın çətin və dolaşıq yolları uzun idi,
hardan başlayıb harada bitdiyindən xəbər verən yox idi.
Və Mirzə Fətəli özü ilə mübarizədə ədalətli idi, olduqca təmiz idi. Mirzə
Fətəli heç vaxt ürəyini satmamışdı, içindəki cəbhələri satmamışdı və o gizli
müharibə həmişəlik mübhəm qalmışdı.
Mirzə Fətəli kamalın yetə bildiyi uca bir yerdə dayanıb ətrafı seyr edirdi.
Gözəl anlayırdı ki, insan dünyanı özü boyda görə bilər, öz qədrini də dəf edə
bilər; içi insan qarışıq bu keşməkeşli dünya sonsuzdur, nə əvvəli var, nə sonu...
Ancaq bu sonsuzluğun sonu elə sən özünsən, həm də özün deyilsən. Bu
sonsuz yolda qərar tutmalı, zamanın gəlişini-gedişini anlamalı, vətən üçün
ağrımalı, ağlamalı, bir ovuc toxum əkməli, bir ağac dikməli, bir yarpaq
insan dərdi yazmalı, dünyaya, insana dalmalı, ağır olan çox şeyi çiyinlərində
çəkməli, çəkməli, çəkməlisən...
Tale Mirzə Fətəliyə böyük faciələr hazırlayıbmış...Bu sakit, xeyirxah,
gülərüz, ucaboy kişini nə ağır imtahanlar gözləyirmiş...
...Üç uşaq bir neçə gün ərzində qızılçadan ölmüşdü. Sonra altı uşaq...
“Son dərəcə sevdiyim kiçik bir qızım var idi ki, o da bu son günlərdə
gözlənilmədən öldü. İndi mən onun fərağında ağlayır və yanıb-yaxılıram”.
“...Qəm-qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət
olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə
bir məşğələ axtarıram. Çünki bu məhərrəm ayının 17-də Xanbaba xanın
arvadı olan qızım sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki
uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Belə isə nə
vəziyyətdə olduğümu artıq soruşmayın”
.
- Ey yer, ey göy, ey ay, ey günəş, ey ulduzlar, mənim günahım nə imiş, mən
kimə nə pislik eləmişəm ki, bu qədər dərd-bəlanı mənə çəkdirirsiz... Nə imiş
bu körpələrin suçu? Onların yarası ölüncə mənnən gedəcək. O körpələrin hər
birinin təbəssümü, qığıltısı, dediyi ilk söz yadımdadı, həmişəlik yadımdadı,
indi elə bilirəm, bu torpağın altında da onlar mənə baxır, gülümsəyirlər.
…Mirzə Fətəli Tiflisin ucqar küçələrinin kimsəsiz yerində idi, onun göz
yaşları süzülüb axırdı. Qəddi azacıq əyilmişdi. Mirzə Fətəli yeri-göyü çağırıb
öz-özü ilə danışırdı, təbiətdən cavab gözləyirdi fəqət, cavab tapa bilmirdi.
Allahın qəzəbi. Mirzə Fətəli Allahın qəzəbinə gəlmişdi bəlkə? Dinlərin,
dindarların tənqidi, Allahın yerdəki kölgəsi olan padşahların tənqidi tanrıya
xoş getməyib bəlkə? Tanrı balalarını bir-bir əlindən ala-ala Mirzə Fətəlinin
sinəsinə dağ çəkir bəlkə?
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
40
Bəlkə bu ucda-bucaqda gəzən sözlər, pıçıltılar, nifrətlə baxan gözlərin
dediyi doğrudur...
(Bu sözləri yazanda Mirzə Cəlilin acı dolu sözlərini xatırladım “Ömrümün
hansı guşəsinə baxdımsa tüstü gördüm. Tüstü, tüstü, tüstü…”)
Mirzə göz yaşlarını sildi. Gördü ki, balalarının sıra-sıra yatdığı
qəbiristanlığa gəlib çıxıb. Diz çöküb balalarını bir-bir öpdü. Hava qaralmışdı.
Ulduzlar çıxmışdı. Mirzə Fətəli səssizlikdə için-için ağlayırdı. Bir xeyli də
keçdi. Mirzə Fətəli ulduzlara baxdı, kainatı dərindən dinlədi, bu gecənin
içindən keçib uzaqdan, lap uzaqdan, kainatın qərib bir guşəsindən dünyaya
baxdı, ulu ahənglə baxdı, nə əvvəli, nə sonu olan müqəddəs hərəkətə baxdı.
Bu gecənin zamanından keçib min il qabağa getdi. Mirzə özündən ayrılıb, min
adamın bəlasının kədərindən keçdi, min adamın öz kədərindən keçdi. Vətənin
minillik kədərindən keçdi. Dünyanı dolaşdı və bir də gördü ki evindədir,
oturub, əlində qələm nəsə yazır.
Mirzə Fətəlinin vəzifəsi, çini, gündəlik rəsmi həyatı necə ağır keçirdi,
təsəvvür etmək çətin deyil.
Çar hökumətinin Şərq siyasəti, amansız və dolanbac müstəqillik yolları
və sərt imperiya məntiqi Mirzə Fətəlinin gözü qarşısında idi. Və Mirzə Fətəli
böyuk Puşkinin ölümünə matəm mərsiyəsi yazanda çar hökumətinə qarşı
münasibətini dolaylı yolla ifadə etmiş və İran, Hindistan adı ilə çar dövlətçilik
siyasətinin daşını daş üstə qoymamışdı.
Qan içində boğulan xalqlar Mirzə Fətəliyə çox şey öyrətmişdi.
Məktublardakı uca ağaclara müraciətləri, xahişləri yada salaq. Və bunu
da yada salaq ki, “Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır
nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç
və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək
döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox,
camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər başlarında şeyxül-islam
Molla Əhməd olmaq üzrə -Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın
işığının qabağına qalın bir pərdə çəkirdilər” (Ə.Haqverdiyev).
Din və xurafat adamlarının qəzəbi Mirzə Fətəlini bütün ömrü boyu
addımbaaddım izləyirdi. Əlifba ilə bağlı, insanın fıkir və düşüncə azadlığı
ilə bağlı, nə deyirdisə, onun ilk maneəsi dövlət və din idi. Mirzə Fətəli bu
mübarizənin də ehtiyat yolunu gördü: “Zahirdə öz həmməzhəblərimizlə
qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq”.
Mirzə Fətəli yazandaki,“...bəni-növibəşərinəyyamı həyatında üç qism
ehtiyacı var: əvvəlincisi - ehtiyaci-cismanidir, ikincisi - ehtiyaci-əqli, üçüncüsü
- ehtiyaci-ruhani”, bütün gücü ilə buna çalışırdı ki, bu ehtiyacları ödəsin. Və
bunun üçün də qələmə sarılmışdı.