Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 0,7 Mb.
səhifə2/4
tarix26.09.2017
ölçüsü0,7 Mb.
#1480
1   2   3   4

Sabir: Mənim sevgim sənin sevgindən deyil. Nahid mənim on illik dostumdur. Ən az mənim qədər tanıyırsan onu. İndi o çox pis vəziyyətdədir. Mənim borcumdur ona kömək etmək.

Aytac: (oturur) Bilirsən, bütün günahlar özündə oldu. Onun hər şeyi var idi. Sənəti, şöhrəti, vəzifəsi, elmi dərəcəsi, pulu. Ona başqa nə lazım idi axı?

Sabir: Bir şeyi unutdun.

Aytac: Nəyi?

Sabir: Başına pərvanə kimi dolanan qadınları.

Aytac: Bunu mənim üzümə çırpma Sabir.

Sabir: Aytac, savadlı və istedadlı insanlar özündən razı olur həmişə. Onlar öz bildiklərini təbliğ eləməyə can atır. Mən də psixologiyanı bitirdim. Nahidin qrup yoldaşı olmuşam. Amma sonra gördüm ki, yox, həqiqət eybəcərdir. Mən bunu car çəkməyə qadir deyiləm. Mən ailəmi, məni sevənləri, öz sevdiklərimi ata bilmərəm. Amma Nahid bunu bacardı. O hər şeyin üstündən xətt çəkib öz axmaq idealarını təbliğ etdi.

Nahid: (taksi sürücüsü qoluna girib gətirir) Mənim idealarım axmaq deyil və heç vaxt da olmayıb.

Sabir: (diskinir) Sən hardasan yenə? (sürücüyə) Yenə küçədən tapdınız bunu?

Taksi sürücüsü: Bəli. Yenə o kulubun önündə uzanmışdı.

Sabir: Ay axmaq, sən niyə belə edirsən? Axı bilmirsən ki, səni öldürəcəklər?

Nahid: (əlini onun ağzına qoyub qapayır) Sus!

Aytac: Necə? Sən nə dedin Sabir?

Taksi sürücüsü: Bu kimdir axı? Mənə deyin də. Hər dəfə orda görəndə ürəyim dözmür, yazıqdır deyirəm, insanlıq naminə kömək edib bura gətirirəm. Amma hər dəfə bu elə sözlər danışır ki qorxuram. İndi də siz deyirsiz ki, bunu öldürəcəklər. Mənim ailəm, uşaqlarım var.

Nahid: Bizim heç kimimiz yoxdur da. Göydən gəlmişik bu xarabaya. (gülür)

Taksi sürücüsü: Siz mənə deyin mən də bilim öz işimi.

Sabir: Köməyinizə görə çox sağolun. Bu adam haqqında heç vaxt heç yerdə danışmayın. Haçan orda görsəniz kömək edin. Narahat olmayın, sizə heç kim heç nə etməyəcək.

Aytac: Sabir, sən bayaq nə dedin? Onu kim öldürəcək? Niyə öldürəcəklər?

Sabir: Özü yaxşı bilir.

Aytac: (Nahidə yaxınlaşır) Neyləmisən?

Taksi sürücüsü: Mən gedirəm. Sağolun.

Sabir: Siz sağolun. Minnətdarıq.

Taksi sürücüsü çıxır. Sabir yerdə oturub Nahidə baxır. Aytac da ondan cavab gözləyir. Nahid ona baxdıqlarını görüb səhnənin önünə gəlir. Uzanıb mahnı oxumağa başlayır.

Sabir: Vaxtilə Nahiddən acığı gələn rəqibi müsahibə verib Nahidin itmədiyini, gecə klublarında içki içib əyyaş kimi yaşadığını dedi. İndi də düşmənləri bütün gecə klublarında onu axtarırlar.

Aytac: İlahi, bu necə işdir? Sən burdan getməlisən Nahid!

Nahid: Yox! Getməyəcəyəm. Mənə burda yaxşıdır. Axı niyə gedim hə? Mən qorxağam məgər?

Sabir: Onda get, çıx onların önünə, qoy bir gülləylə canını alsınlar sənin. Niyə eləmirsən? Çünki sən yolunu gözləyən yazıq atandan və anandan nigaransan. Qorxursan ki, birdən onlara da nəsə edərlər. Elə ona görə də onlardan uzaqlaşdın. Bax, elə onlara görə çıxıb getməlisən burdan.

Nahid: Mənim burda xatirəm var. Mənim sevgilim bu torpaqda yatır. Sabircan, sən anlamazsan! Bəlkə də sən hələ bakirsən?! Amma mənim qadınlarım var. Onları qoyub gedə bilmərəm.

Sabir: Orda da qadınların olacaq.

Nahid: Mənə lazım deyil onlar.

Bu vaxt Gülay daxil olur. Nahid ona baxıb gülümsəyir. Aytac təəccüblə baxır.

Gülay: Deyəsən qonağın var?

Nahid: Gəl, gəl Gülay. Mənim əziz qadınım.

Aytac: Bu da sənin qadınındır?

Nahid: Hə. Səndən yaxşı olmasın amma çox yaxşı qadındır.

Aytac: Utanmaz! (qəzəblə ona baxır və sonra daxmadan çıxır)

Sabir: Mən də gedirəm. Düşün Nahid düşün. (çıxır)

Gülay: İclas idi burda?

Nahid: Ona oxşar bir şey. Nə isə yaxın gəl.

Gülay: (çantasını bir kənara qoyub yaxınlaşır və onun yanında oturur) O qız kim idi?

Nahid: Onlar haqqında soruşma da. Çoxdandır görmürəm səni. Darıxmışam. (onu qucaqlayıb öpür)

Gülay: Mən də darıxmışam. (susur) Nahid, sən niyə belə çox yalan danışırsan?

Nahid: Yalan? (qəh-qəhə çəkir) Yalan!...

Gülay: Yenə belə etmə xahiş edirəm. Axı niyə aldadırsan məni?

Nahid: Gülay, sən özün də özünü aldadırsan. Məni niyə qısqanırsan?

Gülay: Mən özümü nə ilə aldadıram?

Nahid: Məni sevməklə. Yaxşı bilirsən ki, mən səni sevmirəm. Sevə də bilmərəm. Çünki mənim sevdiyim bircə qadın var. Amma sən yenə də səni sevdiyimi uydurub inandırırsan özünü.

Gülay: (gözündən yaş axır) Məni sevməyini istəyirəm. Axı mənim nəyim başqasından əskikdir? Gözələm, baxımlıyam.

Nahid: Ağıllısan, ehtiraslısan. Bu siz qadınların hamısında var. Amma onda... Onda o qədər fərqli xüsüsiyyətlər var ki...

Gülay: İlk dəfə səni görəndə ağlıma da gəlməzdi ki, sənə aşiq olaram. Mən iştəhadan kəsilmişdim, yata bilmirdim, tez əsəbləşirdim. Mütləq psixoloqa getməli idim. Sən məşhur psixoloq idin. Sənin yanına gəldim. Kömək istədim. Mənə bir ay hər gün müalicə etdin. İçimdə sənə qarşı böyük bir ehtiras yaranmışdı. Bir gecə öpdün məni. O öpüş məni dəli etdi. Sarıldım sənə. Yatdım səninlə.

Nahid: Bax, sizin hamınızı mənim bir öpüşüm dəli etdi. Amma o heç əlinə toxunmağa icazə vermədi.

Gülay: Mən ailəli idim. Hamı gülürdü mənə. Hamı fahişə damğası vurdu adıma. Ailəmi atdım. Bir övladıma həm ana həm ata olub mən səni sevdim. Hüç kəsi sevə bilmədiyim qədər sevdim səni.

Nahid: Mən isə yalnız onu sevirəm heç kəsi sevə bilmədiyim qədər.

Gülay: Bəs indi o hardadır?

Nahid: Öldürdü özünü. Mən də indi ancaq ona qovuşmağı xəyal edirəm. O dünyadakı vüsalımızı düşünürəm.

Gülay: Görürsən, heç kim mənim qədər sevə bilməz səni.

Nahid: (gülür) Siz hamınız belə düşünürsüz. Axı niyə bu qədər xamxəyalsız siz?

Gülay: Mən xamxəyal qadın deyiləm. Sadəcə ürəkdən sevirəm sevəndə.

Bu vaxt Zərifə daxil olur. Gülaya baxıb durur və təəccüblə Nahidə baxır.

Zərifə: Bu burda neyləyir?

Gülay: Bəs bu burda neyləyir?

Zərifə: Mən həmişə gəlirəm bura.

Gülay: Mən də həmişə gəlirəm bura.

Zərifə: Niyə gəlirsən? Nə istəyirsən ondan?

Gülay: (gülür) Sən nə istəyirsənsə mən də onu.

Zərifə: İlan! Ağzının danışığına fikir ver. Mən onu sevirəm.

Gülay: Mən onu sevirəm.

Zərifə: Mən onu sevəndə sən hələ onu tanımırdın.

Nahid: (hirslə) Bəsdirin! Bir görün mən sizin hansınızı sevirəm? Heç birinizi. Əlbəttə heç birinizi. Dünyada başınıza kişi qəbahətdir? Əl çəkin də məndən.

Bu vaxt Aytac və ardıyca Sabir daxil olur.

Aytac: Mən bezdim artıq. Biri gəlir o biri gedir. Elə bil fahişəxanadır bu xaraba. (yaxınlaşıb Gülayın və Zərifənin saçından tutur) Sizin ağzınızın payını vermək bu günə qismət imiş. Rədd olun gedin burdan.

Gülay və Zərifə onun saçından tutur. O qışqırır.

Gülay: Sən özünü nə sayırsan? Ən birinci səni edam etmək lazımdır.

Zərifə: Sən o intəhar edən qancıq müğəniyə aşiq etmisən bu kişini.

Gülay: (Aytacın saçını buraxıb Zərifənin saçından yapışır) Sən elə danışırsan ki, guya səni sevməli idi?

Zərifə: (Gülayın saçından yapışır) Bəs necə? Səni sevməli idi?

Sonra Aytac yenidən onların saçından yapışır. Onlar qışqırmağa başlayır. Sabir qəh-qəhə çəkib ürəkdən gülür. Nahid isə bir kənarda durub səssizcə seyr edir. Qadınlar bir-birinin saçını yolarkən Nərminə və taksi sürücüsü daxil olur. Qadınlar halsızca yerə yıxılıb heyrətlə Nərminəyə baxırlar. Nahid və Sabir də məətəlliklə seyr edir.

Taksi sürücüsü: Bu xanım Nərminə xanımdır. (Aytac üzünü tamaşaçılara tutur. Böyük bir təlaş var simasında.) Keçən dəfə o mənim taksimə mindi. Sonra bu kişini klubun önündə görəndə Nərminə xanımdan xahiş etdim ki, onu bu daxmaya qoymağıma icazə versin. Sağolsun, o da mənə kömək etdi. Burdan çıxandan sonra o mənim nömrəmi götürdü. Bu gün zəng edib onu bura gətirməyimi xahiş etdi. Mən də gətirdim.

Sabir: Sizə kim lazımdır xanım?

Nərminə: (sürücüyə) Çox sağolun. Getmək lazım olanda zəng vuracağam.

Taksi sürücüsü: Dəyməz. Gözləyəcəyəm. (çıxır)

Nərminə: (diqqətlə Aytaca baxır və ona tərəf yaxınlaşır) Bağışlayın, üzünüzü görmək olar?

Aytacı tər basır. O üzünü çevirmir. Nərminə yaxınlaşıb onun önünə keçir və ona baxır.

Nərminə: Aytac? Sən burda neyləyirsən? Deyəsən... Mən yanılmamışam deyəsən.

Aytac: Mən...

Nərminə: Sus... (Nahidə yaxınlaşır) Sən kimsən?

Hamı heyrətlə baxır. Nahid də təəccüb içində Nərminəni seyr edir. Zərifə və Gülay da həm yorğun həm də heyrətlə Nərminəyə baxırlar. Aytac ayağa qalxıb qapıya tərəf gedir.

Nərminə: (qışqırır) Aytac! Dayan! (Aytac dayanır) Mənə bir açıqlama etməyəcəksən?

Sabir: Aytac, bu qadın kimdir?

Aytac: (kəkələyir) Bbb... Bu Nərminə xanımdır.

Sabir: Adını taksi sürücüsü də dedi. Bu səni hardan tanıyır?

Nərminə: Mən təkcə onu yox, səni də tanıyıram Sabir. (Nahidə) Sən də Nahidsən hə? (Gülay və Zərifəyə) Bağışlayın, sizi tanıya bilmədim. Nahidin qadınları haqqında heç nə bilmirəm. Təkcə Aytac... O mənim köməkçim və ən yaxın rəfiqəmdir.

Nahid: (rəngi qızarır. Donub qalır. Ondan tər axır. Ağır-ağır udqunur) Sən... Sən... O müğənni olmaq istəyən qadınsan...? Hə?

Nərminə: Hə. Mən o qadınam. (Nahidə baxır və Nahid sevinclə onu qucaqlayır)

Nahid: Axı sən ölmüşdün?

Nərminə: Bunu sənə Aytac deyib?

Nahid: Hə.

Nərminə: Yox, mən heç vaxt ölməmişəm. O vaxt sənin yanına gəlib kömək istədim. Ailəm məni müğənni olmağa qoymur amma mən bu arzu ilə nəfəs alıram dedim. Səndən kömək istədim. Sən də mənə iki məsləhət verdin. Ya onları atıb müğənni olmalı idim ya da bu arzumdan dönməli idim. Mən qərar verdim. Ailəmi atıb bu sənətin ardıyca getdim. Evdən gizli bir müsabiqəyə qatıldım. Orda qalib oldum. Pul qazandım. Sonra gözlərimi, saçlarımı, bədən formamı, dodaqlarımı dəyişdirib tamam başqa bir sima aldım. İndi gördüyün kimi əvvəlki qız deyiləm mən.

Nahid: Bəs axı mən səni sevirdim. Sən də bunu bilirdin.

Nərminə: Doğrusu mən də səni sevirdim, həmişə də sevmişəm. Amma səni mənim ən yaxın rəfiqəm də sevirdi. Ona görə unutmağa qərar verdim səni. Axtardım səni. Dəyişilindən sonra maraqlandım. Vəzifədən çıxarıldığını, ölkədən çıxdığını dedilər. Tapa bilmədim səni.

Nahid: Bəs Aytacdan soruşmadın məni?

Nərminə: Yox, ondan soruşmağa cürət etmirdim. Düşünürdüm ki, birdən qısqanar səni, inciyər məndən. Axı o da sənin məni sevdiyini bilirdi.

Nahid: (Aytaca qəzəblə baxır) Sən məni bu qədər vaxt aldatmısan? Niyə? Axı sən mənim necə əzab çəkdiyimi görürdün.

Aytac: (ağlayır) Mən səni sevdiyimdən edirdim. Ona gedəcəyini, məni atacağını düşünürdüm.

Nahid: Mən sizi onu itirdiyim gündən atmışam. Əl çəkin bu axmaq xəyallardan. Mən sizin heç birinizi heç vaxt sevməmişəm. Siz mənim üçün bir saatlıq əyləncədən qeyri bir şey deyilsiniz. Mən ilk dəfə və son dəfə baxın çoxdan öldüyünü bilib onun yasını saxladığım bu qadını sevmişəm. Çünki o mənim üçün əlçatmaz olub, dəyərli olub. Pak və təmiz olub. Siz isə mənim üçün əhəmiyyətsiz, özünü mənə sahib bilən bir sürü axmaqdan başqa heç nə olmamısız.

Aytac: (ağlayır) Yox. Bu idi sənə olan sevgimin əvəzi? Məni bu qədər alçaltma xahiş edirəm.

Gülay: (ağlayır) Bəs sənə xərclədiyim illər? Onlar sənin üçün əyləncə ola bilər amma mən onları unuda bilmərəm.

Zərifə: (ağlayır) Mən sənsiz bacarmaram Nahid. Mən ölərəm. Yaşaya bilmərəm.

Onların üçünü də itələyib daxmadan çıxarır və qapını bağlayır. Onların üçünün də ağlamaq səsi eşidilir.

Nahid: (qulaqlarını tutur ) Sabir, dur rədd elə onları qapıdan.

Sabir çıxır. Nahid yerə dizs çöküb ağlayır. Nərminə yaxınlaşıb onun yanında oturur və dizlərini qucaqlayıb ona baxır.

Nərminə: Mənə görə öz dəyərli qadınlarından imtina etmə. Axı onlar səni sevirlər. Özü də mənim sevmədiyim qədər.

Nahid: Ürək lənətə gəlsin. Bir dəfə də məni dinləsəydi indi mən bu günə qalmazdım. Sən bilirsən də mən necə yaşayırdım. Amma gör indi nə gündəyəm?!

Nərminə: Nə oldu hə? Niyə belə oldu?

Nahid: Başıma çox oyunlar gəldi. Mən işləyəndə bir vəzifəli adam tərəfindən mənə tapşırıq verildi. Əmr böyük yerdən idi. Ya etməli idim ya da doğmalarımı öldürəcəkdilər. Mən də etdim. Tapşırıqla bir adamı müayinə edib qəsdən ruhi xəstə dioqnozu verib dəlixanaya saldırdım. Sonralar mən çox böyük bir elmi araşdırmaya başladım. Bütün nəticələrim şübhələrimi doğrultdu. Sonra da bir kitab yazıb siyasi liderləri ruhi xəstə adlandırdım. Bu haqda dəfələrlə mətbuatda məqaləm yayımlandı. Sonra məni vəzifədən çıxardılar. Az sonra göstəriş gəldi ki, mən mütləq umumiyyətlə cəmiyyətdən, işimdən, bu ölkədən, doğmalarımdan uzaqlaşmalıyam. Mən də vaxtilə tapşırığını yerinə yetirdiyim adamlardan kömək istədim. Onlar da mənim əleyhimə çıxış etdilər. Mən yenidən müsahibə verib o adamın günahsız olduğunu dedim. Tapşırıq aldığım adamın adını çəkdim məqalədə. Bu məqalədən sonra o adamı vəzifədən uzaqlaşdırdılar, nüfuzu yerə dəydi. O biri adamı da dəlixanadan çıxardılar. İndi onların ikisi də öz intiqamını almaq üçün məni axtarır.

Nərminə: Vay vay! Mən sənin halına acıdım lap. Amma mən səndə də günah görürəm. Nəyinə lazım idi axı bütün bunlar? Sakitcə öz işini görməli idin.

Nahid: Anlamazsan. Bunu düşünmə sən. Danış görüm sən neylədin.

Nərminə: Həyat nə qəribədir Nahid. 2 il əvvəl mən sənin yanına gələn yazıq qızcığaz idim. Sənə sığınırdım. İmdad umurdum.

Nahid: İndi də mən sənə sığınan yazığam. Səndən imdad umuram. (əllərini ovucuna alıb öpür)

Nərminə: Amma gör nələr etdim. Necə dəyişildim mən. Heç vaxt etmərəm dediklərimi etdim. Şöhrət, istək, arzular, xəyallar qapadı gözlərimi. İndi atam elə inciyib ki məndən heç yadına da salmır məni. Bəlkə də salır amma bunu bildirmir. Adım da gəlmir yadına. Anam hərdənbir danışır, yanıma da gəlir. Amma peşman deyiləm mən.

Nahid: Niyə peşman olmalısan ki... Xoşbəxt o insandır ki, arzusuna çatır. Çünki o həm güclüdür, həm də şanslı. Sən həm güclü, həm də şanslı bir xoşbəxtsən. Həyatdan daha nə istəyirsən. O özündə olan bütün gözəlliklərdən pay verib sənə.

Nərminə: Sən məni çox sevirsən hə?

Nahid: Bunu hiss etmirsən?

Nərminə: Hiss edirəm. Bunu anlamaq üçün təkcə gözlərinə baxmaq kifayətdir. Amma istəmirəm sevəsən məni.

Nahid: Niyə? Axı niyə sevgiyə layiq olan ən münasib insan sən ola-ola bundan qaçırsan?

Nərminə: Sən qadınsız yaşaya bilməzsən, bilirəm. Amma mən o qadınların sənin üçün etdiklərini edə bilmərəm.

Nahid: Nərminə, sən yanımda ol yetər mənə. Sənə baxmaq kifayətdir. Səni hiss etmək, görmək hədiyyədir mənim üçün.

Nərminə: Yox. Bunları indi sadəcə deyirsən. Zaman-zaman ehtiras elə işləyəcək ki, damarlarına, elə qapayacaq ki, gözlərini bu sevgi yadından çıxacaq. Onda məni yanında yox qucağında görmək istəyərsən. Bax mən onu bacarmaram.

Nahid: Sən anlayırsan bu sevginin gücünü? İki il səni həsrətlə öldüyünü bilə-bilə gözləmək bilirsən nə deməkdir? Mən çoxdan intəhar edərdim. Öldürərdim özümü. Axı niyə yaşamalı idim. Sənətim, ailəm, pulum, ev-eşiyim – hamısı çıxıb əlimdən. Nə üçün? Kimin üçün yaşamalı idim mən? Amma yaşadım. Təkcə sənin üçün Nərminə, təkcə sənin üçün yaşadım mən.

Nərminə: Bəlkə də yaşamağın lazım imiş. Çünki mən sənin önünə çıxmalı idim. Səni də məni də eyni zamanda aldadan Aytacın yalanı açılmalı idi. Mən vaxtilə məni sevən adamın indi nə halda olduğunu bilməli idim, nə qədər sevildiyimi, unudulmadığımı görməli idim. Sən mənə danışıb boşaltmalı idin ürəyindəkilərini. Cənab psixoloq axı sən məndən yaxşı bilirsən həyatda heç bir şey öz-özünə baş vermir.

Nahid: Bunların hamısı doğrudur. Amma hər bir halda bu həsrətin bir sonu olmalıdır. Məni yenə bu həsrət içində atıb gedəcəksən?

Nərminə: Bəlkə də. Nə bilmək olar? Ataram. Elə bilirsən acıyaram sənə? Rəhmim gələr? Axı sən özün ürəksiz, rəhmsiz birisən. Bu qədər qadının hisləri ilə oynayıb, onlarla əylənib, aldadıb, alçaldıb zibil kimi tullamısan. Bunun intiqamını həyat almalıdır səndən. Mütləq almalıdır.

Nahid: Mən onlarla oynamamışam. Mən onlara heçnə vəd etməmişəm.

Nərminə: Amma onların həyatına girmisən. Bağlamısan özünə.

Nahid: Mən bağlamamışam. Bağlanıblar. Məndə nə qəbahət var ki? Mən güclü kişiyəm. Onlar məni arzulayıb həmişə.

Nərminə: (gülür) Sən güclü kişisən. (taburatkanı çəkib oturur və ayağını ayağının üstünə aşırır) Yox əzizim, sən güclü deyilsən. Sən yalançı kişisən. Güclü hiyləgərsən. Oynamısan onlar üçün. Aşiq etmisən özünə. İndi də bu oyunu mənim üçün oynamaq istəyirsən? Elə bilirsən mən də onlar kimi axmağam? Elə bilirsən inanaram sənə?

Nahid: Nərminə, mən səni bütün qəlbimlə həqiqətən sevirəm.

Nərminə: Bağışla, amma mən bu sevgini qəbul edə bilmərəm. Əslində mənim sevgiyə ehtiyacım da yoxdur. (qalxır) Təəccüblənirsən hə? 2 il əvvəl görüb aşiq olduğun yazıq, məsum qızcığaz indi necə də təhlükəli danışır. Cənab, psixoloq, sən insanların fikirlərini oxuya bilərsən. Amma ürəklərini əsla! Sən onlar üçün oynamısan. Bəs qorxmurdun ki, bir gün sənin üçün də oynayarlar?

Nahid: Mənim üçün oynamaq olmaz. Mən bunu hiss edərəm. Anlayaram. Güclü psixoloqam mən.

Nərminə: (qəh-qəhə çəkir) Sən? Yox! Sən psixoloji xəstəsən xəstə.

Nahid: Sus! Səni də mənim müalicələrim sağaltdı. Məhv olurdun sən.

Nərminə: (hirsli) Nə idi sənin müalicən? Hə, Nə idi axı? Yanında oturanda əlli dəfə baxışlarınla soyundurub geyindirirdin məni? Axırda guya məni müalicə etdin. Mən də bax, sənin kimi dəli oldum. Her şeyi atıb öz axmaq arzularımın arxasıyca qaçdım! (qışqırır) Amma nə oldu hə? Nə oldu? Tək-tənha qaldım. Xoşbəxtliyim konsertlərdəki on dəqiqəlik ifamda idi ancaq. O səhnədən enən kimi insanlardan qaçaraq dörd divar arasında gizlənib təkliyin ağrısından için-için ağlamaq idimi o müalicənin nəticəsi? (ağlayır)

Nahid: Sən də bunu arzulayırdın. Əzab çəkməyi sevirdin sən?

Nahidə: (qışqırır) Yooooooooox! (onun yaxasından tutub silkələyir) Hansı əzab hə? Bircə mənim həsrətimlə iki il yanıb kül olmağı arzulayırdın sən? Kim sevir əzab çəkməyi? Mən də sənə əzab çəkdirəcəyəm. İndi bu qapını açıb çıxacağam burdan. Bir də dönməyəcəm bura. Əsla görməyəcəksən məni. Sən də çəkərsən o əzabı. Görüm necə sevirsən?

Nahid: Yooox... (qaçıb qapını kilidləyir, sonra yerdən kəndiri götürüb Nərminəyə dolyır)

Nərminə: Neyləyirsən sən?

Nahid: Mən oynaya bilərəm... Mən oynaya bilərəm... Mən əzabı sevmirəm. Axı mənim nə günahım var? Mən onların heç birinə evlilik təklif etməmişəm. (kəndiri onun boğazına sürüşdürüb bərk-bərk dolamağa başlayır, Nərminə boğuq səslər çıxarır, rəngi qızarır) Mən oynaya bilərəm... (qəh-qəhə çəkir) Mən oynaya bilərəm... (şiddətli qəh-qəhə çəkir) Sənin üçün də oynamışam... (ağlayır) Sənin üçün də oynamışam... (ağlayır)

Nahid onun üzünə baxanda artıq boğulub öldüyünü görür və onu qucaqlayıb qışqırır...

Nahid: Yoooooox! Sənin üçün oynamamışam. Bu dünyada yeganə insan idin ki, sənin üçün heç vaxt oynamamışdım mən. Sənin üçün səmimi, sadəlövh, pak bir uşaq idim. Sənin paklığında təmizlənmək istəyirdim mən. Sən doğru dedin mələyim, doğru dedin. Həyat məndən intiqam aldı. Səninlə intiqam aldı. Sən bütün günahlarıma görə çəkdiyim cəza idin. Razıyam səninlə. Razıyam... Məni gözlə, gözlə gəlirəm mən də.

Onu astaca yerə qoyub boynundan kəndiri açır. Sonra köhnə taburetkanın üstünə çıxıb şalbana bağlayır kəndiri. Bir ucunu da boynuna asır və ağlayaraq Nərminə baxır. Bu vaxt Sabir qapını döyür.

Sabirin səsi: Nahid, qapını aç, onlar səni tapıblar. Onlar bura gəlir. Sən qaçmalısan. Aç qapını.

Nahid gülür. Taburetkanı itələyib asılır. Boğulub can verirkən Sabir özünü qapıya çırpıb qapını qırır və içəri girib onu asılı görür. Nahidin gözləri son dəfə Sabirə baxıb əbədi bağlanır. Sabir dostunun asılı qalan meydini qucaqlayıb ağlayır. Bu vaxt iki silahlı şəxs içəri girib olanlara heyrətlə baxır.

1-ci şəxs: Bu ölüb ki.

2-ci şəxs: Allahın bizə yazığı gəldi. Kim bilir bunun zibilindən necə çıxardıq.

1-ci şəxs: Mənə bax, şefə deyərik ki, biz öldürdük. Pulu alıb bölərik.

2-ci şəxs: Birdən üstü açılsa neyləyərik?

1-ci şəxs: Qoyun, üstü necə açılacaq? Görmürsən asıb özünü. Sübut edəcəklər ki, biz öldürmüşük?

2-ci şəxs: Hə düz deyirsən! Əla! (əl-ələ vurub çıxırlar)

Səhnə qaranlıqlaşır. Pərdə enir.

Qoca Sevgililər

(iki hissəli komediya)

Əşxas:


Qüdrət - 60 yaşlı qoca kişi.

Züleyxa - 60 yaşlı qoca qadın, Qüdrətin arvadı.

Səməd - 18 yaşında, Qüdrətin nəvəsi.

Günəş - 20 yaşında, Qüdrətin nəvəsi.

Elena - Qüdrətin internetde tanış olduğu rus qadın.

Natalya - Elenanın qızı.

Vera – bufetçi, rus qadın.

Oksana - Veranın qızı.

Olqa - Qüdrətin Rusiyadan tapılan arvadı.

Tatyana - Olqanın qızı.



Muxbir və kameraman.

1-ci hissə

Qüdrətin evi, salon, salonun sağ tərəfdən həyətə, sol tərəfdən yataq otağına açılan iki qapısı, arxadan baxçaya açılan pəncərəsi var. Salon bir divan, iki kreslo, stol və stullarla müasir tərzdə bəzədilmişdir. Divardan müxtəlif rəsimlər asılmış, masanın üzərində içi qızılgüllə dolu güldan görünməkdədir. Züleyxa qırmızı, uzun xalat geyinmiş, önlük bağlamış, əlində silgi ilə daxil olur. Hiss olunur ki, yorğundur. Masaya yaxınlaşıb üstünü silməyə başlayır, bu vaxt gözü qızılgüllərə sataşır.

Züleyxa: Bu Qüdrətin işidir! Yaşı 70-i keçən qoca bu yaşında eşq-məhəbbət gülləri ilə cavanlığını yada salır. Denən bu yaşında nəyə gərəkdir bu romantika?! Amma bu Qüdrətin yaşına baxmaq olmaz. Bundan nə desən çıxar. Bunun o dili bir də o gücü var bu 18 yaşlı qızları yoldan çıxarar. Cavanlıqda da belə idi. Bir dəfə qızışdımı yorulmaq bilmir. Göz dəyməsin, adı kimi qüdrətlidir. Biz təzə nişanlanmışdıq, onda 25 yaşım var idi. Bu da çıxdı getdi Rusiyaya... (düşünür, güllərə baxır) Rusiyaya!? Deyirəm gözdən qulaqdan iraq son zamanlar hər kişinin Rusiyada bir arvadı, bir-iki də uşağı peyda olur. Bizimki də nə az nə çox on ilə yaxın orda qalıb. Təzə nişanlananda getdi, 2 il sonra gəldi, toy elədik, sonra yenə getdi. İldə bir-iki dəfə gəlib bizə dəyərdi, yenə gedərdi. Bu Qüdrət mənim tanıdığım Qüdrətdirsə bu Rusiyada dinc oturmaz, o dinc otura bilməz, ondakı o qədər enerji var o dinc otursa partlayar. Bu orda arvadsız qalmaz, ay başına dönüm, bu gün-sabah bir sarı arvad bir sarı qızla gəlməsə məətəl qalaram. Bu rus arvadlarının da qaralardan xoşu gəlir axı. Bizim kişiləri görən kimi ağılları başlarından çıxır. Neyləsinlər?! Qınamaqda olmur, bütün rus kişilərində olan gücü üst-üstə gəlsən bircə Qüdrətin gücünə çatmaz. Göz dəyməsin, bizim kişilər güclü olur, yorulmaq bilmirlər. Hələ ki, Qüdrət kimisi keçə rus arvadın əlinə... Bəh, bəh! Elə bil ac qurda bir yağlı qoç vermisən! (stolu çəkib oturur, dərindən nəfəs alır) Bəs birdən belə bir iş olsa mən neylərəm? Mən başıma haranın külünü tökərəm? El içində rüsvay olmaq bir tərəfdən Qüdrəti itirməyə də dayana bilmərəm. Amma onu sarı arvadla paylaşmaq da çətin olar, məcburam, boşanaram!

Qüdrət yan otaqdan Züleyxa deyə-deyə gəlir. Züleyxa cəld yerindən durub masanın üstünü silməyə başlayır.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə