Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə30/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   26   27   28   29   30   31   32   33   ...   130

fərqli  estetik  keyfiyyətlərinə  görə  müəyyən  edirlər.  Lakin  bu  kifayət 
deyil, bunun üçün əsərin həcmi və müvafiq ümumi quruluşu da fərq-
ləndirilməlidir.  Beləliklə,  hər  hansı  bir  janr xüsusi  forma,  özünəməx-
sus kompozisiya, obrazlılıq, nitq xüsusiyyətləri və digər estetik cəhət-
lərlə seçilən əsərlərin qrupudur. 
Lakin  bəzən  eyni  xarici  quruluşa  və  həcmə  malik  olan  əsərləri 
ümumi  tematikaya, obrazlılıq xüsusiyyətlərinə və kompozisiya tipinə 
görə də təsnif edirlər. Bu zaman, xüsusilə diqqətli olmaq lazımdır. Be-
lə  ki,  Nəsimi  irsinə  münasibətdə  eyni  xarici  forma elementlərinə ma-
lik, məzmunca da yaxın olan rübai və tuyuq janrlarının qarışdırılması 
kimi fakta Füzuli yaradıcılığına münasibətdə də yol vermək olmaz.  
Janrın müəyyənləşdirilməsində ən çətin olan məsələ onun tarixi 
inkişafı  və  daim  dəyişikliyə  uğramasıdır.  Hər  hansı  bir  janrın  müəy-
yənləşdirilməsi zamanı biz onun məhz ayrı-ayrı görkəmli ədiblərin ya-
radıcılığında  transformasiyaya  uğramasının,  tipik  xüsusiyyətlərinin 
dəyişməsinin şahidi oluruq. Janrların daxili növlər üzrə təsnifi isə ay-
rıca  problemdir.  Müasir  ədəbiyyatşünaslığımızda  janr  forması  məsə-
ləsi də gündəmdədir. 
Akademik  Rəfael  Hüseynov  hələ  böyük  şairin  yaradıcılığında 
geniş  istifadə  olunan  dördlüklərdən  danışarkən  janr  və  janr  forması 
məsələsinə  də  aydınlıq  gətirir.  O,  bu  məsələ  ilə  bağlı  mənzərəni  belə 
ifadə  edir:  “Ədəbiyyatşünaslığımızda  janr  sözü  müxtəlif  mənalarda 
işlədilir. Bir yandan “satira janrı” deyilir və bu zaman janr sözü bədii 
əsərin  növünü  göstərirsə,  digər  tərəfdən  “rübai  janrı”,  “qəzəl  janrı” 
deyimlərindəki  janr  kəlməsi  poetik  formanı  nişan  vermək  məqsədini 
güdür.  ...janr  sözü  ilə  yanaşı  indi  “janr  forması”  termini  də  işlədilir. 
Bununla müxtəlif poetik şəkillər nişan verilir” (1, 60). 
Sözügedən kitabda alimin özü də şəhraşub termininin izahı za-
manı  janrın  daha  çox  əsərin  məzmunu  ilə  bağlı  olduğunu  göstərir. 
Belə ki, o, şəhraşubların ifadə olunduğu rübai, qəzəl, qəsidə, məsnəvi 
və sairəni janr forması kimi götürməyin tərəfdarı olduğunu bildirir. O, 
haqlı olaraq yazır: “Şəhraşubların yazılması üçün nə konkret bir poe-
tik  forma,  nə  də  əruzun  hansısa  müəyyən  bəhrindən  istifadə  edil-
mişdir.  Bu  növ  şeirin  nümunələri  qəzəl,  qitə,  rübai,  qəsidə,  məsnəvi 
şəkillərində, əruzun müxtəlif bəhrlərində qələmə alınmışdır” (1, 60). 
Deməli,  ədəbiyyatşünaslığımızda  yenə  də  janr,  janr  forması, 
poetik  forma,  forma  terminlərinin  ifadə  etdikləri  anlayışların  mücər-
rədliyi məsələsi açıq olaraq qalır. Məsələn, Məhsətinin dördlüklərinin 
janrı  yuxarıda  şəhraşub  kimi  göstərilirsə,  ədəbiyyat  tarixi  dərsliklə-
rində, mövzu ilə bağlı tədqiqatlarda rübai olaraq göstərilir və bu janrın 


əsas  tələbi  kimi  də  məhz  onun  qələmə  alındığı  bəhr-əruzun  həzəc 
bəhrinin  xüsusi  növü  və  ya  rübai  bəhri  (həzəci-mosəddəsi-məksur) 
fərqləndirici  əlamət  kimi  verilir.  Və  bu  təkcə  rübai,  tuyuq  kimi  janr-
ların fərqləndirilməsi zamanı deyil, epik növdə qələmə alınan əsərlər-
də də özünü büruzə verir. 
Məsələn, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu haqlı ola-
raq A.Bakıxanovun adıgedən əsərinin klassik məqtəl olduğunu  yazır. 
Lüğəvi  mənası  “qətl  yeri”  olan  bu  sözün  ədəbiyyatşünaslıqda  bir 
termin  kimi  işlədildiyini,  “Rövzətüş-şühəda”,  “Hədiqətüs-süəda”, 
“Məşhədüş-şühəda” kimi əsərlərin də bu ümumi ad altında birləşdiril-
diyini  qeyd  edən  müəllif  müasir  poetikanın  tələblərini  əsas  tutaraq 
məqtəli janr kimi qiymətləndirmir. O yazır: “Ədəbiyyatşünaslıqda isə 
“məqtəl” termin səciyyəsi daşıyır və islamın ən böyük şəhidləri, xüsu-
silə də imam Hüseyn haqqında yazılan əsərlər anlamında işlənir. Yeri 
gəlmişkən,  qeyd  edək  ki,  Azərbaycan  ədəbiyyatşünaslığında  yalnız 
son  zamanlar  az-çox  işlənməyə  başlayan  “məqtəl”  termini  bəzən 
yanlış olaraq janr növü kimi təqdim edilir. Fikrimizcə, “məqtəl” sözü 
bir termin kimi janr yox, mövzu anlamını daşıyır” (2, 9). 
Alim təhkiyə üslubunda yazılan, epik səciyyəli Füzulinin “Hədi-
qətüs-süəda”sının povest və ya roman, eyni mövzulu ayrı-ayrı şeir şə-
killərindən  ibarət  olan  Qumrinin  “Kənzül-məsaib”inin  isə  müxtəlif 
janrlarda  yazılmış  şeirlərdən  ibarət  toplu  adlandırır.  Fikrimizcə,  bu 
mücərrədliyin  aradan  qaldırılması  məqsədilə  həmin  əsərlərin  ümumi 
bir adla, məsələn, elə klassik poetikada qəbul edilən “məqtəl” şəklində 
ifadə edilməsi daha məqbuldur. 
Deməli,  şəhraşub  və  məqtəl  kimi  terminlərin  izahını  adlarını 
çəkdiyimiz  nüfuzlu  alimlərin  əsərlərindən  oxuduqda  bir  daha  aydın 
olur  ki,  ədəbiyyatşünaslığımızın,  ədəbiyyat  nəzəriyyəçilərinin  qarşı-
sında ciddi bir problem – janr, janr forması, forma, şəkil kimi termin-
lərin izahı, onların yenidən təsnifatı məsələsi açıq olaraq qalmaqdadır. 
Göründüyü kimi, bir qrup alim akademik Rəfael Hüseynov kimi janrın 
mövzu, məzmun mündəricəsinə üstünlük verməklə, digər bir qrup isə 
yaradıcılığında müqayisəli təhlil metodikasına geniş yer verən, mahir 
mətnşünas Möhsün Nağısoylu kimi forma elementlərinə əsasən müəy-
yənləşdirmənin tərəfdarıdır.  
Fikrimizcə, bu təsnifat  aparıldıqda Avropa və  klassik Şərq ədə-
biyyatı janrlarının ümumi və fərqli cəhətlərini nəzərə almaq vacibdir. 
Yəni əksər məqamlarda bəzən əsərin məzmununu, mövzusunu, bəzən 
də onun forma özəlliklərini, bəzən də hər ikisini nəzərə  almaq vacib-
dir.  


Janrların  təsnifatı  tarixində  müxtəlif  bölgü  prinsipləri  təklif 
olunmuşdur.  Buna  mövzu  üzrə  (yəni  tematik),  quruluşa  görə  (yəni 
struktur), funksional və s. bölgüləri misal göstərmək olar. İncəsənətin 
sistematik analizi bu rəyə gəlməyə əsas verir ki, janr diferensiallığının 
bir neçə müstəvidə təyin olunması mümkündür. Bunların hər biri bədii 
əsərin  funksionallığından  və  quruluşunun  mürəkkəbliyindən  asılıdır. 
Beləliklə,  yaradıcının  özünü  ifadə  forması  olan  əsərlərin  məzmun  və 
forma yeniliyi bədii əsərlərin janrlara, janrların isə janrdaxili bölgülərə 
ayrılmasını təmin edir. Bundan həmçinin belə bir nəticə də çıxarmaq 
mümkündür  ki,  bəzi  əsərləri  eyni  zamanda  bir  neçə  janra  da  daxil 
etmək olar.  
Bədii estetika tarixində iki ayrı-ayrı istiqamətlə qarşılaşırıq. Belə 
ki, əvvəllər janrların qarışdırılması ədəbi mühitdə elmsizlik kimi qəbul 
olunurdusa, sonralar bu qarışıqlıq istedad nümunəsi kimi dərk olundu.  
Janrın müəyyən coğrafi məkan, müəyyən dövr kəsiyində, yaxud 
hansısa bir cərəyan nümayəndələri arasında reallığın gizlədilməsi va-
sitəsi  kimi  düşünülməsi,  başqa  bir  şəraitdə  isə  əksinə,  reallığa  mü-
vafiqlik vasitəsi kimi qiymətləndirilməsi ilə də qarşılaşırıq.  
Şərq,  eyni  zamanda  Azərbaycan  ədəbiyyatında  tarixən  lirika, 
ədəbiyyatın  ən  aparıcı,  ən  güclü  qolu  olmuşdur.  Klassik  ədəbiyya-
tımızda, həmçinin aşıq yaradıcılığında da aparıcı sayılan lirikanın janr 
təsnifatı isə daha çox forma göstəricilərinə görə aparılmışdır. Məsələn, 
adlarından  da  göründüyü  kimi,  klassik  ədəbiyyatşünaslıqda  müəyyən 
edilən rübai, mürəbbe, müxəmməs, müstəzad və s. sadəcə misralarının 
sayı ilə janrlara ayrılmışdır. Xalq, aşıq ədəbiyyatı nümunələri olan ba-
yatı,  qoşma,  gəraylı  və  müxəmməslər  də  eyni  prinsip  əsasında  təsnif 
olunmuş,  lakin  bu  janrlar  tərkibində  bir  də  məzmununa  görə  bölgü 
aparılmışdır.  Məsələn,  bayatı-layla,  vəsfi-hal,  holavar,  sayallar,  ağı, 
nazlama, oxşama, sızlama və s.  
Bu tipli bölgüyə klassik ədəbiyyatda qəsidəyə münasibətdə rast 
gəlirik.  Qəsidənin  daxilində  məzmununa  görə  ayrılan  minacat,  nət, 
mədhiyyə, mərsiyə, fəxriyyə və s. kimi janrlar buna nümunədir.  
Bu  məqalədə  məqsədimiz  yuxarıda  haqqında  söhbət  açdığımız 
problemi Füzuli yaradıcılığına münasibətdə də qoymaq, uyğun, müm-
kün  qədər  səlis  bölgü  nümunəsi  təklif  etməkdir  ki,  dahi  şairin  əsər-
lərinin  janrını  müəyyən  edərkən  gələcək  tədqiqatçılar  qarşısında  da 
qəzəl,  yoxsa  nət;  qitə,  yoxsa  təmsil;  poema,  yoxsa  saqinamə;  müna-
zirə,  yoxsa novella;  məqtəl,  yoxsa mərsiyə  tipli roman və s.  kimi  qa-
rışıqlıq yaranmasın. 
Məsələn, məzmun və forma elementləri ayrıca götürülərsə, bəzi 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə