Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
107 
ilə edir (axı, sənət gerçək şeylər deyil, nəsnələrin görüntüsüdür). Halbuki doğru-düzgün məqsədləri yalan 
yollarla əldə etmək olmaz. Əldə etmək yolları amacın ucalığına, ərdəminə (fəzilətinə, ləyaqətinə) tən 
gəlməlidir. 
Hegel hesab edir ki, estetika, əsasən, incəsənəti öyrənir və istəyir görsün, nəyə görə sənət elm tərəfindən 
öyrənilməlidir? Və Hegel sənətin belə bir açımına gəlib çıxır: azad sənət heç bir qıraq amaclara qulluq 
göstərmir. Azad sənət din və fəlsəfə kimi xalqın ruhunun bütünləşdirici, əhatəli həqiqətlərini öyrənə bilir. 
Sənət əsərlərində ulusun ruhu rahatlanıb, özünün ən məzmunlu daxili seyrinə dalır.  
Bizə bir cür bəlli olan hadisələri Hegel tamam başqa yöndən çevirib göstərir. Biz nəyi görürük? Biz 
görürük ki, böyük sənətkar ortaya çıxır, özünün heyranedici əsərini bizə verir və bizlər onu qavrayıb 
duyğulanırıq, düşünürük. Hegel isə hesab edir ki, bu, durumun üz tərəfidir. Əslində isə ayrıca sənətkarın 
yaradıcılıq aktında, qavrayış prosesində millətin Ruhu yaradır, yaratdığına bizlərin gözüylə tamaşa edir. 
Məntiq belədir: biz hamımız milli Ruhun çox və ya az dərəcədə daşıyıcılarıyıq. Nə ediriksə, həm də həmin 
Ruh üçün edirik. Öz növbəsində isə bu Ruh Mütləq İdeyanın bir təzahürü olur. 
 
 
Hegel incəsənət və fəlsəfənin əlaqələri, fərqləri haqqında 
 
 
Alman filosofu yada salır ki, incəsənət çox vaxt hikməti və dini anlamaq üçün açar olur, özü də bəzi 
uluslarda yeganə açar olur. Daha sonra Hegel fəlsəfə ilə incəsənətin ayrılıqlarını anlatmağa başlayır. 
Düşünüş, elm nəsnələrin görünüşündən istifadə etməklə, bu görünüşü «oxumaqla» onların «içərisinə» 
adlayıb, gizlilərinə, mahiyyətinə çıxırlar. Və ya başqa cür deyək: nəsnələri törədən və Mütləq İdeyada 
«yerləşən» hər bir anlayışı gözlə yox, düşünməklə tapmaq olar, ona görə də düşünüş, elm nəsnələrin 
görünüşündən körpü kimi istifadə edirlər ki, anlayışlara çıxsınlar. Beləliklə, Hegel də Platon kimi varlığı iki 
bölgəyə bölür: 
 
a) duyuyabilinər, yəni gözə görünən, qulağa eşidilən varlıqlar; 
b) ağıla bilinər varlıqlar. 
 
Düşünüş duyuyabilinər varlıqdan ağılabilinər varlığa keçib, onu birinciyə qarşı qoyur. Beləliklə, 
düşünüşə vurğun olmuş adam üçün gerçəkliyin bu tayı ilə o tayı arasında uçurum yaranır. İnsanın bilinci 
həmin uçurumu adlaya bilməyəndə, duyuyabilinər varlıqla ağıla bilinər varlığın arasındakı ziddiyyətlərdə 
dolaşıb-qalanda yarımçıq şüur olur. Belə yarımçıq bilinc yalnız sənət vasitəsi ilə yarımçılıqdan qurtula bilər. 
Bütün bunlardan Hegelin çıxardığı sonuc: varlığı törədən Qut öz anlayışları ilə öncə nəsnələri, hadisələri 
yaradır. Sonra O, toplumu yaradır. Toplumun içində yaranan incəsənət isə Ruh üçün nəsnələri göstərir. 
Beləliklə, Mütləq Qutun anlayışlarından nəsnələr qopur, anlayışlar sırasından nəsnələr sırası ayrı düşür. 
Ruh özündən incəsənəti törədib, ondan dişarı, duyuyabilinər, keçici olanlarla (nəsnələrlə) təmiz düşüncə 
arasında vasitəçi (araçı) düzəldir, çünki sənət əsərləri görünüşü göstərməklə içəridə olanı göstərməyə 
çalışırlar. 
Kimsə soruşar: «Axı, Tanrı niyə öz güclü, tam Doğru olan anlayışları ilə yetərlənmir, körpü atır ki, 
nəsnələrlə anlayışlar arasında get-gəldə olsun?» 
Hegel cavab verir: həm də anlayış olan hər hansı gerçək, həqiqət bilinmirsə, öz törədici gücünü (yəni 
nəsnə doğurmaq gücünü) gerçəkləşdirmirsə, içi boşdur və əslində heç gerçək, həqiqət də deyil. Gerçək, 
doğru özü üçün doğru olduğu kimi başqası üçün də gerçək, doğru olmalıdır. Ona görə də Doğru 
nəsnələşməyə (cism və hadisələrə çevrilməyə) can atır. Təbiəti yaradır. Yaratmasa, bəs onun yaradıcı gücü 
nəyə sərf olunar?! 


 
108 
Hegel idealizminin öz energetizmi var. Əgər Mütləq İdeya nəsnələri (dünyanı) yaratmırsa, onun enerjisi 
hara gedir? Enerji həmişəlik özü-özündə qalırsa, bu heç enerji də deyil, çünki enerji törətmək, yaratmaq 
gücüdür.  
İkinci yandan, əgər Mütləq İdeya öz enerjisini yalnız özündə olan bir anlayışdan başqa anlayışı 
törətməyə sərf edirsə, bu, enerjinin çoxunu boşuna sərf etməkdir. Çünki nəsnələrsiz anlayışlar abstraktdır, 
mücərəddir. Doğrudan da, biri var bir neçə cümlə ilə tanımı bilinən «insan» anlayışı (məsələn, «insan 
danışan canlıdır»), biri də var Məmmədlərin, İvanların, Frislərin çoxluğunda görünən «insan» anlayışının 
dərinliyi. Bir var Mütləq İdeyanın (Tanrının) «insan» anlayışından «toplum» anlayışını yaratması, çıxarması, 
bir də var Onun «insan» anlayışı ilə çoxlu-çoxlu insanları, onlar arasındakı ailə, dostluq və s. ilişgilərini 
yaradıb, onlardan cəmiyyət anlayışına, sonra isə bu axırıncıdan konkret topluma çatması. İkinci yol Mütləq 
İdeya üçün daha zəngin təəssüratlı səyahətdir. 
Hegelin məsələ ilə ilgili yürütdüyü başqa düşüncə: biz alışmışıq duyularımıza bilinən nəsnələri və 
hadisələri, bir də içimizdəki duyğuları (sevinc və s.,-ni), içimizdəki düşüncələri əsl gerçəklik sayaq. Sonra 
isə bu iki bölgənin (dünyanın və hiss aləmimizin) gerçəkliyini, doğrudanlığını incəsənətin verdiyi 
görüntülərə qarşı qoyaq. Axırda da hesab edək ki, incəsənət yalandır, o biriləri isə gerçəkdir. 
Əslində isə bizi ən çox gözümüz, qulağımız aldadır. Duyularımıza açılan empirik (yəni təcrübəyə aid) 
dünyanın özü başdan-ayağa aldanışlardır (illüziyalardır). Bu empirik dünyanın gizlisində Ruh substansiya 
kimi durur və sözsüz, dolayısı olaraq dünyanın görünüşündən, üzündən bilinir. Ancaq bu bilinti ötəri, 
qarmaqarışıq cəhətlərin arasında itib-batır. İncəsənət isə nəsnələri, hadisələri görükdürəndə onların əsl içini, 
məzmununu üzə çıxarır və bunun üçün də təsadüfi, keçici nə varsa, nə əngəl olursa, onları arıtlayıb atır. 
İncəsənət gerçəkliyi arınmış biçimdə görükdürür. 
Hegel söyləyir: gerçəklik incəsənətdə Ruha yoluxmuş halda görünür. 
Hegelin bu fikri çağdaş sənətə tam yatmır. Prustun, Coysun özlərini düşünüş axımına buraxmış 
nəsrlərində səbəbi bilinmədən peyda olan detallar, anılar (xatirələr) düşüncənin təsadüfi sapıntıları ilə 
doludur. Araşdırıcılar elə onlardan qabaq Çexov nəsrində impressionistsayağı təsadüflərin, başlıca 
məsələyə dəxli olmayan əlavələrin olduğunu göstərmişlər. Çağımızı götürsək, Markesin romanlarında 
dolambaclar, düşüncə «sarmaşıqları», «qarmaqarışığı», çağın-hovurun-zamanın gedişində dəyiş-düyüşlər 
heç cürə Hegelin göstərdiyi aydınlıqda, arınmışlıqda deyil. Markesin yaratdığı dünya modelində 
nəsnələrin, hadisələrin basırığı var. 
Ancaq Hegelin sözlərindən yapışıb, onu sadələşdirməyək. Kitabının daha əsas yerlərində onun Əski Şərq 
sənəti, Ortaçağın romantizmi haqqında söylədikləri bugünkü sənətdə olanları da anlamağa kömək edir. 
O ki qaldı filosofun söyləməsinə ki, nəsnələr sənətdə ruha yoluxmuş halda görünürlər, buna qarşı heç nə 
deyə bilmərik. Pasportda şəklimiz niyə bədii olmur, darıxdırıcı görünür? Ona görə ki, çox az adam pasport 
şəklində canlı, qutlanmış görünür. 
Götürək natürmortu, filmdə görünən əşyaları. Onlar dil açıb danışanda, insan və ya insanlarla bağlı, 
toplumla bağlı güclü bilintilərlə nəyisə söyləyəndə bədiiləşirlər. Danışmaq, söyləmək isə nəsnə üçün qutla 
yoluxanda mümkündür. 
Hegel deyəndə ki sənət gerçəkliyi arındırıb, onu ruha yoluxmuş halda görükdürür, - bunu məqsədli 
söyləyir. Məqsədi isə Platonla razılaşmamaqdır. Platon sənəti dəyərcə – görükdürdüyü nəsnə və olaylardan 
aşağı sayırdı. Deyirdi: təbiətdə nə varsa, göylərdə olan hansı bir ideyaya isə özünü oxşatmaqla əmələ gəlir. 
Dağ «necə olsa, dağ olar», çəmən «necə olsa, çəmən olar» bilgisini özündən nurlandıran ideyalar əsasında 
yaranır. Deməli, maddinin hər hansı bir kəsimi filan ideyanı yamsılamaqla, ona özünü oxşatmaqda nəliyini, 
necəliyini, nəsə olmasını qazanır. Ancaq oxşayan oxşadığından aşağıdır (köçürmə əsldən aşağıdır), çünki 
heç vaxt oxşadığında nə varsa, hamısını ala bilmir, sadəcə, filan qədər oxşayır. Ona görə də hər bir dağ Dağ 
ideyasından dəyərcə aşağıdır, elə ona görə də dağlar dəyişir, dağılır, Dağ ideyası isə həmişəliyində, 
əbədiliyində qalır. Platona görə, doğru, gerçək elə ideyanın özüdür, kim gerçəyi mənimsəmək istəyirsə, 
nəsnələrə (bu köçürmələrə) yox, İdeyaya (əslə) göz dikməlidir, çünki nəsnələr İdeyadan sapındıqları qədər 
də qavrayanı aldadırlar. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə