Neft gəlirlərindən istifadə sahəsində şəffaflığı necə qiymətləndirirsiniz



Yüklə 45,34 Kb.
tarix22.11.2017
ölçüsü45,34 Kb.
#11480




Rəyi öyrənilənlərin 81 faizi neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf xərcləndiyi qənaətindədir

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin keçirdiyi sorğuda hökumət qurumları ilə əhalinin rəyləri üst-üstə düşmür

Giriş
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) ABŞ-ın Şəffaflıq üçün Tərəfdaşlıq (Partnership for Transaprency) Fondunun dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hökumət qurumları, şirkətlər və əhali arasında sorğu keçirib. Sorğunun əsas məqsədi neft pullarının xərclənməsinə müxtəlif kateqoriya insanların rəyini öyrənmək olub.
Dövlət qurumları, neft şirkətləri və əhali arasında keçirilən sorğunun nəticələri bir-birindən tamamilə fərqlənir. Əgər rəyi öyrənilən hökumət qurumlarının 70 faizi əhalinin neft pullarının necə xərclənməsi ilə bağlı dolğun məlumata malik olduğunu bildirirsə sorğuya cəlb edilən əhalinin 82 faizi Dövlət Neft Fondunun (ARDNF) gəlirləri və xərcləri ilə bağlı heç bir məlumata malik deyillər. Neft gəlirlərin istifadəyə yanaşmada da rəyi öyrənilən hökumət qurumları ilə sorğu cəlb edilən əhali arasında ziddiyyət var. Hökumət qurumlarından fərqli olaraq əhalinin böyük əksəriyyəti neft gəlirlərinin səmərəli və şəffaf xərcləndiyini düşünmür. Bununla yanaşı, sorğuya cəlb edilən istər hökumət qurumlarının, istərsə də neft şirkətlərinin mədən sənayesində şəffaflıq ideyasına münasibəti birmənalı deyil. Respondent şirkətlərinin əksəriyyəti vətəndaş cəmiyyəti institutları əməkdaşlıq etmir və bu əməkdaşlığa ehtiyac da duymur. Rəyi soruşulan hökumət qurumları da məhz vətəndaş cəmiyyəti institutları ilə deyil mətbuatla əməkdaşlığa üstünlük verirlər. Sorğuda iştirak edən hökumət qurumlarının hamısı neft gəlirlərinin səmərəli və şəffaf xərclənməsi fikrində olsa da rəyi öyrənilən əhalinin isə 81 faizi tamamilə fərqli düşünür. Respondent neft şirkətlərinin heç biri hökumətə ödənilən vəsaitlərin necə xərclənməsi ilə bağlı dolğun məlumata malik deyil. Bununla yanaşı, sorğuda iştirak edən hökumət qurumların hamısı məlumatların mütəmadi açıqlanması fikrindədir. Respondent hökumət qurumları bütün layihələrin monitorinq edildiyini və auditin aparıldığını bildirsə də əhali arasında keçirilən sorğuda sadə vətəndaşların bununla bağlı məlumatsızlığı üzə çıxır. Rəyi öyrənilən şirkətlərin isə cəmi 25 faizi Azərbaycandakı fəaliyyəti ilə bağlı müstəqil auditin nəticələri vaxtlı-vaxtında ictimaiyyətə açıqlandığını bildirib. Sorğu göstərir ki, əhalinin istər xarici neft şirkətlərinin fəaliyyəti ilə bağlı istərsə də hökumət layihələri ilə bağlı həyata keçirilən audit nəticələrinə çıxış imkanları məhduddur. Rəyi soruşulan insanların 83 faizi ARDNF-in illik hesabatları ilə tanış olmadığını bildirsə də respondentlərin 12 faizinin internetdən məlumat bazası kimi istifadə etməsi diqqəti çəkir. Bu internetin ölkədə xəbər yayımında rolunun artmasından xəbər verir. Mədən sənayesində fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətini rəyi öyrənilən hökumət qurumlarının cəmi 34 faizi tam şəffaf kimi qiymətləndirib. Diqqəti çəkən əsas məqam şəffaflıq məsələsinə rəyi öyrənilən hər üç qrupun fərqli yanaşmasıdır. Rəyi öyrənilən şirkətlərin Azərbaycanda fəaliyyəti ilə əlaqədar korrupsiya halları ilə rastlaşması ilə bağlı suala isə respondentlərin 75 faizi cavab verməkdə çətinlik çəkmişdir. Sorğuda bir sıra əhəmiyyətli məsələlərdə şirkət respondentlərin ehtiyatlı cavabı da diqqəti cəlb edir. Bu halda onlar həmin suala cavab verməkdə çətinlik çəkdiklərini bildirmişdirlər. Bütövlükdə sorğunun nəticələri 3 fərqli yanaşmanı gündəmə gətirdi: hər şey yaxşıdır, vəziyyəti qiymətləndirmək çətindir və hər şey heç də yaxşı deyil.
Rəyi soruşulan hökumət qurumları 70 faizi ictimaiyyətin neft gəlirləri ilə bağlı ətraflı məlumata malik olması qənaətindədir
Dövlət qurumları arasında keçirilən sorğunun məqsədi həmin qurumların neft pullarının xərclənməsinə münasibətini öyrənmək və eləcə də bu vəsaitlərdən istifadə edənlərin şəffaflıq dərəcəsini yoxlamaq olmuşdur. Bu məqsədlə sorğu sualları 9 dövlət təşkilatına göndərilmişdir və onlardan 6-sı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) məktubuna cavab vermişdir. Təəssüf ki, onlardan 2-si Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etməyini əsas səbəb kimi qeyd edərək suallara cavab verməkdən rəsmi imtina etmişdir. Sorğu sualları göndərilən təşkilatların 1/3-i isə çoxsaylı müraciətlərimizə baxmayaraq məktubumuza cavab verməmişdir. Dəfələrlə sorğu suallarına tezliklə cavab veriləcəyini bildirsələr də sonda sorğun həmin təşkilat tərəfindən cavablandırılmadı.
Sorğu göndərilən dövlət orqanları siyahısı aşağıdakılardır: Nəqliyyat Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərın İşi Üzrə Dövlət Komitəsi, Yanacaq və Enerji Nazirliyi, “Azərtikinti” Səhmdar Cəmiyyəti, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət İnvestisiya Şirkəti.

Neft gəlirlərindən istifadə sahəsində şəffaflığı necə qiymətləndirirsiniz sualına sorğunu cavablandıran dövlət təşkilatlarının hamısı “Neft pulları tam şəffaf xərclənir” cavabını vermişdir. Sorğunun “Neft pulları qismən şəffaf xərclənir”, “Neft pulları şəffaf xərclənmir” və “Cavab verməkdə çətinlik çəkirəm” cavab bölmələri heç bir təşkilat tərəfindən cavablandırılmamışdır.


“Öz fəaliyyətiniz ilə bağlı ictimaiyyəti məlumatlandırmaq maraqlısınızmı?” sualına bütün dövlət təşkilatlarını cavabı müsbətdir. Onlar fəaliyyətləri ilə bağlı ictimaiyyətə məlumat verdiklərini bildiriblər. “İctimaiyyətlə əlaqələriniz hansı səviyyədə qurulub?” sualına cavab verən bütün qurumlar ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərdiyini bildirmişdirlər.
“Dövlət orqanlarının öz fəaliyyətlərində şəffaflığı təmin etmək üçün daxili normativlər varmı?” sualına dövlət qurumlarının cavabı müsbət olmuşdur. Onlar öz fəaliyyətlərində belə normaların müəyyənləşdirildiyini və istifadə edildiyini qeyd etmişdirlər. “Təşkilatınız hər hansı formada mədən sənayesində şəffaflıq təşəbbüsləri kampaniyasına qoşulubmu?” 33,3 faizi kampaniyada fəal iştirak etdiyini, 33.3 faizi kampaniya ilə bağlı məlumatı olmadıqlarını bildirib. Qalanları isə cavab verməkdə çətinlik çəkdiklərini qeyd ediblər. Bu kampaniyaya qoşulmağa lüzum bilməyən dövlət qurumu yoxdur.
“Mədən sənayesində fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına rəyi öyrənilən dövlət qurumlarının 33.3 faizi tam şəffaf fəaliyyət göstərirlər cavabını vermişdir. Digər respondent təşkilatlar bu suala cavab verməkdə çətinlik çəkdiklərini qeyd etmişdirlər. “Qismən şəffaf fəaliyyət göstərirlər” və “Şəffaf deyillər” cavablarını heç bir təşkilat qeyd etməyib.
“Sizcə, ictimaiyyətin neft gəlirləri ilə məlumatlılıq səviyyəsi necədir?” sualına cavab verən şirkətlərin 70 “faizi ictimaiyyətin neft gəlirlər ilə bağlı məlumatlılıq səviyyəsi çox yüksəkdir” cavabını vermişdir. Respondent təşkilatların 30 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirmişdirlər. “Əhali bu məsələdə passivdir”, “ictimaiyyətin neft gəlirlər ilə bağlı məlumatlılıq səviyyəsi aşağıdır” cavabları heç bir təşkilat tərəfindən qeyd edilməmişdir.
“Təşkilatınız Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaiti hesabına fəaliyyət həyata keçirirmi?” sualına müsbət cavab verən təşkilatlar “ARDNF vəsaiti hesabına həyata keçirilən layihələrdə hansı monitorinq metodlarından istifadə edilir?” sualına cavab olaraq “fəaliyyət birbaşa monitorinq edilir” cavabını veriblər. Bu sualın digər cavabları “bu işə vətəndaş cəmiyyəti institutları da cəlb edilib”, “ heç bir monitorinq metodlarında istifadə edilmir”, “cavab verməkdə çətinlik çəkirəm” dən ibarət olmuşdur.
“Bu xərclərin təyinatı üzrə xərclənməsini yoxlamaq məqsədilə audit həyata keçirilməsini təşkil edibmi?” sualına isə bütün respondentlərin cavabı müsbət olmuşdur. “ARNDF-n vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə tender keçirirmi?” sualın cavablar da müsbət olmuşdur. Digər cavablar “xeyir”, “tender keçirərdik amma buna ehtiyac yoxdur” və “cavab verməkdə çətinlik çəkirəm”dən ibarət olmuşdur.
“Əgər tenderlər keçirilirsə ictimaiyyət bu necə məlumatlandırılır?” sualına isə respondentlər bunu mətbuat vasitəsi ilə həyata keçirildiyini bildirib. “ARDNF onun vəsaiti hesabına həyata keçirilən layihələrin auditini təşkil edibmi?” cavabına isə “ARDNF-in sifarişi ilə audit şirkəti audit aparıb” cavabı vermişdir. “ARDNF-in vəsaiti hesabına həyata keçirilən layihələrin icrası zamanı fondla münasibətlə necə qurulur?” sualına isə bütün respondentlər ARDNF-ə dövrü məlumatlar verildiyini bildirib. Digər cavablar “vəsait köçürüldükdən sonra ARDNF-lə heç bir münasibət qurulmur”, “ARDNF öz layihə çərçivəsindəki fəaliyyətlə maraqlanır”, “cavab verməkdə çətinlik çəkirəm”dən ibarət idi.
Nəticə
Dövlət qurumları arasında keçirilən sorğunun nəticələri göstərir ki, ölkə rəsmiləri Azərbaycanda neft pullarının səmərəli və şəffaf xərcləndiyi qənaətindədir. Belə ki, sorğuya cəlb edilən dövlət qurumlarının hamısı neft pulları tam şəffaf xərcləndiyi qənaətindədir. Sorğuya cəlb edilən dövlət təşkilatlarının 33,3 faizi mədən sənayesində şəffaflıq təşəbbüsləri kampaniyasına qoşulub. Sorğuya cəlb edilən dövlət qurumlarının hamısı həyata keçirdikləri layihələrin birbaşa monitorinqinin həyata keçirildiyini bildiriblər. Dövlət qurumları arasında keçirilən sorğu göstərir ki, respondentlər vətəndaş cəmiyyəti institutlarının bu sahədə fəaliyyətinin vacibliyinə birmənalı yanaşmamışdırlar. Bu münasibət xarici neft şirkətlərinə münasibətdə də ortaya çıxır. Mədən sənayesində fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətini qiymətləndirən respondentlərin 33.3 faizi onların tam şəffaf fəaliyyət göstərdikləri qənaətindədirlər. Sorğuya cəlb edilən dövlət qurumlarının 70 faizi ictimaiyyətin neft gəlirləri ilə bağlı ətraflı məlumata malik olduğunu bildirməsi hökumət qurumların əhalinin maariflənməsi ilə bağlı nikbin olduğundan xəbər verir. Əhalinin neft gəlirlərinin necə xərclənməsi ilə bağlı məlumatsızlıq olduğunu düşünən dövlət qurumu-respondent yoxdur.
Rəyi öyrənilən şirkətlərin heç biri hökumətə ödədikləri vəsaitlərin necə xərclənməsi ilə bağlı dolğun məlumat əldə edə bilmir
1994-ci ildə neft sazişlərindən imzalanmasından bəri Azərbaycan 15-dən çox ölkənin 30-dək şirkəti ilə 26 neft sazişi imzalayıb. Həmin sazişlər çərçivəsində operator, podratçı və subpodratçı kimi xeyli sayda xarici və birgə müəssisələr iştirak edirlər. Şirkətlər arasında keçirilən sorğunun məqsədi bu sektorda çalışan həm xarici, həm də yerli şirkətlərin neft gəlirlərindən necə istifadə edilməsinə münasibəti öyrənməkdən ibarət olmuşdur. Sorğu sualları 15 şirkətə göndərilsə də onlardan yalnız 7-i məktubumuzu cavablandırmışdır. Məktubumuza cavab verən şirkətlərin isə 5-i sorğu suallarını cavablandırmışdır.
“Şirkət fəaliyyəti barədə ictimaiyyəti geniş məlumatlandırmaqda maraqlıdırmı?” sualına respondent şirkətlərin hamısı müsbət cavab verib. “Şirkətlərin ölkədəki QHT və KİV ilə əməkdaşlığnın səviyyəsi necədir” sualına respondent şirkətlərin 25 faizi ictimaiyyətlə əlaqələr şöbəsi bu qurumlar ilə əməkdaşlıq edir cavabını vermişdir. Respondentlərin 50 faizi sözügedən qurumlar ilə heç bir əlaqəmiz yoxdur cavabını vermişdir. Qalan 25 faiz isə “QHT-lər ilə əməkdaşlıq etmirik, KİV-lə əməkdaşlığımız var” cavabını vermişdir. Respondentlərin heç biri “QHT və KİV şirkətin tədbirlərinə dəvət edilir” sualına müsbət cavab verməmişdir. Bununla belə, respondent şirkətlər QHT və KİV-lər ilə əməkdaşlıqda maraqlı olmadıqlarını da qeyd etməmişdirlər.
“Şirkət ölkə daxilində həyata keçirdiyi əməliyyatların şəffaflığnı təmin etməklə bağlı ictimai deklarasiyaya malikdirmi?” sualına rəyi öyrənilən respondentlərin 25 faizi müsbət cavab vermişdir, 75 faiz isə bu sualla cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.
“Şirkətin Azərbaycandakı fəaliyyəti ilə bağlı müstəqil auditin nəticələri vaxtlı-vaxtında ictimaiyyətə açıqlanırmı?” sualına cavab verən respondentlərin 25 faizi müsbət cavab versə də digər 25 faiz ictimaiyyətə məlumat verilmədiyini bildirmişdir. Respondentlərin 50 faizi bu sualla cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. “Şirkət hökumətə ödənişləri ilə bağlı fərdi hesabatları ictimaiyyətə açıqlamağa maraqlıdırmı” sualına isə respondentlərin 50 faizi neqativ cavab vermişdir. Respondentlərin 25 faiz bu suala müsbət cavab versə də, digər 25 faiz cavab verməkdə çətinlik çəkdiyini qeyd etmişdir.
Şirkətin hasilatın pay bölgüsü sazişlərindən gəlirləri ilə bağlı məlumatlar kommersiya sirri hesab olunurmu?» sualını cavablandıran respondentlərin 50 faizi bu məlumatları kommersiya sirri hesab etdiklərini bildirmişdirlər. 25 faiz bu məlumatları kommersiya sirri hesab etmir. Digər respondentlər isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini qeyd etmişdirlər
“Şirkətin ölkəmizdəki fəaliyyəti ilə əlaqədar maliyyə əməliyyatları üzrə (əmək haqqı istisna olmaqla) nağd ödənişlər varmı?” sualına cavab verən respondentlərin 50 faizi nağd ödənişlərdən istifadə edir. Respondent şirkətlərin 25 faizin bütün ödənişləri nağdsızdır. Qalan 25 faiz isə suala cavab verməkdə çətinlik çəkdiklərini qeyd etmişdirlər. Həmin şirkətlərdə isə nağdsız ödənişlər bütün ödənişlərin 50 faizindən azdır.
“Şirkətin nizamnaməsində və ya şirkətdaxili normativ sənədlərdə antikorrupsiya xarakterli normalar varmı?” sualına cavablandıran respondentlərin 75 faizi müsbət cavab versə də 25 faizi cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. “Şirkətlərin hökumətə ödədikləri vəsaitlərin ünvanlı istifadəsi barədə dolğun informasiya əldə etməkdə maraqlısınızmı?” sualına respondent şirkətlərin 75 faizi müsbət cavab vermişdir. Respondentlərin 25 faizi bu suala cavab verməkdə çətinlik çəkmişdir. Bu məlumatları əldə etməkdə maraqlı olmadığın qeyd edən respondent şirkət olmamışdır.
“Hökumətə ödənilən vəsaitlərin ünvanlı istifadəsi barədə dolğun informasiya əldə etmək imkanlarınız varmı?” sualını cavablandıran respondentlərin heç biri müsbət cavab verməmişdir. Respondentlərin yarısı belə imkanlarının olmadığını, digər 50 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. “Şirkətin hökumət və ya onun qurumları ilə münasibətlərində problemlər yaranırmı?” sualına isə respondentlərin hamısı heç bir problemlərinin olmadığını qeyd etmişdir.
“Şirkət ölkəmizdəki fəaliyyəti ilə əlaqədar korrupsiya halları ilə rastlaşırlarmı?” sualına respondentlərin 75 faizi cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. Respondentlərin 25 faizi belə faktlar ilə rastlaşmadıqlarını qeyd etmişdirlər. “Azərbaycan hökumətinin neft-qaz gəlirlərinin şəffaflığın təmin edilməsi sahəsindəki fəaliyyəti barəsində məlumatlığınız necədir” necədir sualına cavab verənlərin 75 faizi müəyyən məlumatlara malik olduqlarını qeyd etmişdirlər. Respondentlərin 25 faizi bunu yüksək qiymətləndirmişdir. “Hökumətin neft gəlirlərində şəffaflığın qorunması istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?” sualını cavablandıran respondent şirkətlərin 50 faizi bu fəaliyyəti yüksək qiymətləndirsə də respondentlərin yarısı orta qiymətləndirmişdir.
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri Kampaniyası çərçivəsində ölkədəki QHT Koalisiyasının fəaliyyəti barəsində məlumatlısınızmı?” sualına respondentlərin 75 faizi cavabı müsbət olmuşdur. Rəyi öyrənilənlərin 25 faiz isə heç bir məlumata malik olmadığını qeyd etmişdir.
“QHT-lərin neft gəlirlərində şəffaflığın qorunması istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına isə cavablandıran respondentlərin yarısının qiyməti yüksəkdir. Respondentlərin 25 faizi orta qiymətləndirsə də, digər 25 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.
Nəticə
Şirkətlər arasında keçirilən sorğunun nəticələri göstərir ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin şəffaflıq məsələsinə münasibəti birmənalı deyil. Əvvəla, sorğuya cəlb edilənlərin cəmi 25 faizi vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir, respondentlərin tən yarısı bu institutlar ilə heç bir əlaqəyə malik deyillər. Rəyi öyrənilənlərin cəmi 25 faizi ölkə daxilində həyata keçirdiyi əməliyyatların şəffaflığnı təmin etməklə bağlı ictimai deklarasiyaya malikdirlər. Başqa bir maraqlı məqam rəyi soruşulan şirkətlərin yarısının hasilatın pay bölgüsü sazişlərindən gəlirləri ilə bağlı məlumatlar kommersiya sirri hesab etməsidir. Respondentlərin cəmi 25 faiz bu məlumatları kommersiya sirri hesab etmir. Maraqlıdır ki, əhalinin çıxış imkanları məhdud olan hasilatın pay bölgüsü sazişlərini yalnız bir sıra hökumət qurumları deyil həmçinin neft şirkətləri də kommersiya sirri hesab edir. Halbuki, bu məlumatlara əhalinin çıxışını təmin edilməsi məhz qanunvericilik tələbidir. Rəyi öyrənilənlərinin yarısının hələ də nağd ödənişlərdən istifadə etməsi həmin ödənişləri izləmək imkanlarını məhdudlaşdırır. Hökumətə ödənilən vəsaitlərin ünvanlı istifadəsi barədə rəyi soruşulanların heç biri dolğun informasiya almaq imkanına malik deyillər. Bu isə o deməkdir ki, məlumatsızlıq yalnız əhali arasında deyil, həmçinin şirkətlər arasında da var.
Rəyi soruşulan əhalinin 81 faizi neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf xərcləndiyi qənaətindədir
Əhali arasında keçirilən sorğu neft gəlirlərinin xərclənməsi ilə bağlı ictimai məlumatlılığıy müəyyənləşdirmək məqsədi daşıyır. Bu məqsədlə sorğuya əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri cəlb edilmişdir. Sorğuda iştirak edən 500 respondentin 80 faizi ali təhsilə, qalanı isə orta təhsilə malikdir.
“Dövlət Neft Fondunun gəlirləri ilə bağlı məlumatlısınızmı?” sualına sorğuya cəlb edilən respondentlərin 54 faizi xeyr, 29 faizi bəli cavabını vermişdir. 17 faiz isə bu suala cavab verməkdə çətinlik çəkmişdir. “Dövlət Neft Fondunun vəsaitlərinin necə xərclənməsi ilə bağlı məlumatınız varmı?” sualına isə 63 faiz xeyr, 19 faiz isə bəli cavabını vermişdir. Qalan 19 faiz isə bu suala cavab verməkdə çətinlik çəkmişdir.
“Dövlət Neft Fondunun 2008-ci il üçün təsdiq edilmiş gəlir və xərclərini qeyd edə bilərsinizmi?” sualına 81,43 faiz xeyr, 2,86 faizi isə bəli cavab vermişdir. Respondentlərin 15,71 faizi isə bu suala cavab verməkdə çətinlik çəkmişdir. “Sizcə, Dövlət Neft Fondu mütəmadi olaraq öz gəlir və xərcləri ilə bağlı ictimaiyyətə məlumat verirmi?” sualına isə 53 faiz xeyr, 21 faiz bəli cavabı vermişdir. Respondentlərin 26 faizi bu suala cavab verməkdə çətinlik çəkmişdir.
“Dövlət Neft Fondunun gəlir və xərcləri, o cümlədən həyata keçirdiyim layihələr ilə bağlı məlumatları necə əldə edirsiniz?” sualını cavablayan respondentlərin 34 faizi bu tip məlumatları əldə etmədiyini bildirib. 24 faiz məlumatları internetdən, 23 faiz isə mətbuatdan əldə edir. Respondentlərin 19 faizi bu suala cavab verməkdə çətinlik çəkmişdir.
“Sizcə neft gəlirləri şəffaf xərclənir?” sualını cavablandıran respondentlərin 81 faizi belə düşünmür. Gəlirlərin şəffaf xərcləndiyini düşünənlər isə respondentlərin 9 faizi təşkil edir. Qalan 10 faiz bu suala cavab verməkdə çətinlik çəkib. “Sizcə neft gəlirləri səmərəli xərclənir?” sualına isə respondentlərin cəmi 7 faizi müsbət cavab verib. Rəyi öyrənilənlərin 81 faizi isə gəlirlərin səmərəli xərclənmədiyi qənaətindədir. Respondentlərin 11 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
“Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən layihələr ilə bağlı hər hansı, ümumi, maliyyə və s. hesabatları ilə tanışsınızmı?” sualını cavablandıran respondentlərin 79 faizi belə hesabatlar ilə tanış olmadığını bildirib. Rəyi öyrənilənlərin 9 faizi bu hesabatlar ilə tanışdır. Respondentlərin 13 faizi bu sualı cavablandırmaqda çətinlik çəkib.
“Dövlət Neft Fondunun illik hesabatları ilə tanışsınızmı?” sualını cavablandıran respondentlərin 83 faizi neqativ cavab verib. Rəyi öyrənilənlərin 11 faizi fondun illik hesabatları ilə tanışdır. Respondentlərin 6 faizi bu seçim edə bilməmişdirlər. “Əgər cavabınız bəlidirsə o zaman zəhmət olmasa bu hesabatla necə tanış olduğunuzu bildirin” sualını cavablandıran respondentlərin 20 faizi “məlumatı mətbuatda əldə etmişəm”, 12 faizi “internetdən əldə etmişəm” cavabını verib. Respondentlərin heç biri məlumatı fondun bülletenlərindən əldə etdiyini bildirməyib. Respondentlərin 68 faizi bu sualı cavablandırmaq çətinlik çəkib.
Nəticə
Əhali arasında keçirilən sorğunun nəticələri göstərir ki, neft gəlirlərinin və eləcə də Dövlət Neft Fondun fəaliyyəti ilə bağlı ictimaiyyətdə məlumat qıtlığı vardır. Rəyi öyrənilənlərin böyük əksəriyyəti neft gəlirlərinin necə və eləcə də hansı istiqamətlərə xərclənməsi ilə bağlı məlumatlı deyil. Belə ki, ARDNF-in vəsaitlərinin necə xərclənməsi ilə bağlı respondentlərin 19 faizində məlumat olduğu halda rəyi soruşulanların yalnız 3 faizi fondun bu ilki gəlirləri ilə bağlı bilgiyə malikdir. Rəyi öyrənilənlərin 81 faizi neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf xərcləndiyi qənaətindədir. Respondentlərin 83 faizi isə indiyədək ARDNF-in hər hansı bir hesabatı ilə tanış olmayıb. Sorğu nəticələri göstərir ki, istər ARDNF-in istərsə də digər hökumət qurumlarının neft gəlirlərindən istifadə ilə bağlı əhalini məlumatlandırılması ilə bağlı fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Başqa tərəfdən, hökumət qurumlarının maarifləndirmə kampaniyalarına qoşulmaması və eləcə də dövrü mətbuat konfransları ilə kifayətlənməsi də məlumatsızlığı dərinləşdirən əsas problemlərdən hesab edilir.
Yüklə 45,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə