Naxçivanin türk-islam abiDƏLƏRİ tariXİ qaynaqlarda



Yüklə 298,53 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü298,53 Kb.
#60561


İsmayıl HACIYEV 

AMEA Naxçıvan Bölməsi 

E-mail: ismayil_haciyev@ yahoo.com 

 

 



NAXÇIVANIN  TÜRK-İSLAM ABİDƏLƏRİ TARİXİ QAYNAQLARDA 

 

 



Naxçıvan diyarı dünya sivilizasiya mərkəzlərindən biri, türk-islam abidələri ilə zəngin olan 

bir ərazidir. Bu ərazidə yaşamış insanlar çoxsaylı tarix və mədəniyyət  abidələri yaratmış, bunların 

bir  qismi  günümüzədək  gəlib  çatmışdır.  Müəyyən  səbəblərdən  dağılmağa  məruz  qalmış  bəzi 

abidələr  isə  sonrakı  illərdə,  xüsusilə  dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra  təmir  və  bərpa 

edilmiş, onlara ikinci həyat verilmişdir. Son illərdə muxtar respublika ərazisindəki 60-dan artıq tarix 

və mədəniyyət abidəsi təmir və bərpa edilmişdir. 

 

Naxçıvan ərazisindəki tarix və mədəniyyət abidələrindən bəhs edən ümummilli lider Heydər 



Əliyev göstərmişdir ki, Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı 

tarixi-memarlıq abidələri yaşayıb və bu gün də  yaşayır. Onların hər biri Azərbaycan xalqının həm 

tarixini,  həm  mədəniyyətini,  həm  də  adət-ənənələrini  göstərən  abidələrdir.  Naxçıvan  Azərbaycan 

xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.  

Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən 

Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan ərazisi antik, orta əsrlər, yeni və müasir dövr 

maddi-mədəniyyət  nümunələri  və  tarixi  abidələrlə  zəngindir.  Bu  qədim  diyarda  hər  addımda  ilk 

insanların  yaşadığı  mağaralara,  qədim  yaşayış  yerlərinə,  erkən  şəhər  mədəniyyəti  qalıqlarına, 

möhtəşəm qalalara, türbələrə, körpülərə, məscidlərə, buzxanalara, mülki tikintilərə, imamzadələrə - 

bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür.  

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  türk-islam  abidələrinin 

əsaslı şəkildə tədqiq edilməsi, qeydə alınması, bərpa edilməsi və gələcək nəsillərə çatdırılması üçün 

6  dekabr  2005-ci  il  tarixdə  “Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  tarix-mədəniyyət 

abidələrinin  qorunması  və  pasportlaşdırılması  işinin  təşkili  haqqında”  Sərəncam  imzalamışdır.  Bu 

sərəncama  əsasən  muxtar  respublika  ərazisindəki  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və 

pasportlaşdırılması  işinin  təşkili  məqsədilə  komissiya  yaradılmışdır.  İşçi  qrupu  muxtar  respublika 

ərazisində  1218  abidəni  qeydə  almış  və  pasportlaşdırmışdır.  Qeydə  alınaraq  pasportlaşdırılan  bu 

abidələrdən 841-i yeni aşkar olunmuş və ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir.  

Orta əsrlərdə və yeni dövrdə Azərbaycana, eləcə də Naxçıvana səfər edən bir sıra görkəmli 

səyyah,  tarixçi,  coğrafiyaşünas,  elm  və  sənət  adamlarının  diqqətini  buranın  tarixi,  ərazisi,  təbiəti, 

insanları,  şəhərləri,  zənginlikləri,  abidələri,  adət-ənənəsi,  məişəti  cəlb  etmişdir.  Bu  səyyah  və 

tədqiqatçıların  əsərlərində,  yol  qeydlərində  Naxçıvanın  tarixi,  iqlimi,  əhalisi,  tarixi  abidələri 

haqqında çox maraqlı və əvəzolunmaz məlumatlar vardır. Nizaməddin Şami, Nəsəvi, Şəraf əd-din 



 

Əli Yəzdi, Klavixo, İbrahim Əfəndi Peçevi, Ö.Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Şeblıgin, Moryer, 



İ.Şopen,  İ.Tavernye,  K.Nikitin,  Sısoyev və başqalarının Naxçıvanın  türk-islam abidələri haqqında 

maraqlı və əhəmiyyətli fikirləri, elmi mülahizələri və qeydləri vardır. 

Ərəb xilafətinin VII əsrin ortalarında Azərbaycanı tutması, islam dinini qəbul etdirməsi ilə 

əhalinin  həyat  və  fəaliyyətində,  qədim  ənənələrə  malik  Azərbaycan  memarlığında  yeni 

xüsusiyyətlər  və  çalarlar  özünü  göstərməyə  başladı.  İslam  inşaat  mədəniyyəti  Azərbaycan 

memarlığına  böyük  təsir  göstərdi.  Bu  dövrün  memarlıq  sənəti  öz  ifadəsini  əsasən  məscid  və 

mədrəsələrdə, türbə və məqbərələrdə, zaviyyə və xanəgahlarda tapırdı. 

Azərbaycan  Səlcuq  imperiyası  tərəfindən  tutulduqdan  sonra  memarlıqda  yeni  forma  və 

məzmun,  üslub  özünü  göstərir.  Tarixi  dövr  etibarilə  Naxçıvanın  mühüm  abidələrindən  olan  Nuh 

türbəsi haqqında tarixi mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Tikilmə tarixi dəqiq bilinməsə 

də tarixi mənbələr onun VIII əsrdə təmir və bərpa olunması haqqında məlumatlar verir. XIX əsrin 

80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan 

mahalı” məqaləsində Nuh peyğəmbərin məzarı və türbəsindən bəhs edərkən yazır: “Nuh özü, onun 

bacısı  və  ailənin  digər  üzvləri  Naxçıvanda  vəfat  etmiş  və  burada  dəfn  olunmuşdur.  Nuhun  qəbri 

şəhərin cənub tərəfində  qədim qalanın qalıqlarının  yaxınlığında  yerləşir.  Məzarın hazırki görkəmi 

səkkizinci  yüzillikdə  bərpa  edilmişdir.  İndiki  görkəmdə  o,  yerdən  qalxan,  çox  da  böyük  olmayan 

türbəni  xatırladır.  Hazırda  türbə  keçmiş  məbədin  aşağı  mərtəbəsinin  qalıqlarından  ibarətdir. 

Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, 

ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Rəvayətə görə, həmin dirəyin altında 

ulu Nuhun cənazəsi yerləşir” (25, s.4-8). 

Sovet  hakimiyyəti  illərində  türbə  dağıdılmışdı.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi 

Sədrinin  28  iyun  2006-cı  il  tarixdə  imzaladığı  Sərəncama  əsasən  türbə  yüksək  səviyyədə  bərpa 

olunmuşdur, daha doğrusu qədim özül üzərində yeni türbə inşa edilmişdir. 

Orta  əsrlərə  aid  bir  sıra  mənbələrdə  Naxçıvan  və  Qarabağlar  şəhərləri,  burdakı  abidələr 

haqqında  obyektiv  və  maraqlı  mülahizələr  vardır.  “Əcaib  əd-Dünya”  (Dünyanın  qəribəlikləri) 

əsərində  Naxçıvan  şəhəri,  onun  əhalisi,  abidələri,  suları,  bağları,  meyvələri  barədə  də  məlumat 

verilir:  Şəhərdə  “...çoxlu  saraylar,  köşklər,  eyvanlar  tikilib,  şəhərin  yanında  daşdan  qala  tikiblər, 

qalada  isə  məscid  və  mədrəsə  inşa  ediblər...  Orada  şah  iqamətgahı  quruldu  və  hökumət  binası 

(dövlətxana) inşa edildi” (16, s.135-136). 

Naxçıvana səfər edən fransız səyyahı İ.B.Tavernye Naxçıvan abidələrindən, xüsusilə Came 

məscidindən  bəhs  edərək  yazır:  “Bu,  Asiyanın  ən  yaxşı  və  gözəl  məscidlərindən  idi.  Deyirlər  ki, 

Nuhun qəbrinə yadigar olaraq bina edilmişdir” (15, s.90). Naxçıvan Came məscidi haqqında başqa 

bir  fransız  səyyahı  və  arxeoloqu  Jan  Dyelafua,  alman  memarı  E.Yakobstal,  V.A.  Engelqardt  bəhs 

etmişlər.  Hətta  onların  çəkdiyi  rəsm  əsəri  və  fotoşəkillər  də  məscid  haqqında  təsəvvür  yaradır. 




 

J.Dyelafua Came məscidinin şəklini çəkməklə kifayətlənməmiş, öz qeydlərində onun haqqında bəhs 



etmiş,  hətta  ehtişamına  valeh  olduğu  Möminə  xatın  türbəsini  onun  bir  hissəsi  hesab  etmişdir. 

Səyyahın  yazdığına  görə,  o, Naxçıvanda olarkən  fasadı  və  frizi  kufi kitabələri ilə  bəzədilən Came 

məscidi  dağıdılıbmış.  Alman  memarı  E.Yakobstalın  XIX  əsrin  sonlarında  Naxçıvanda  olarkən 

çəkdiyi fotoşəkil məscid haqqında təsəvvür yaratmaq baxımından daha qiymətlidir. V.A.Engelqardt 

Came məscidi haqqında yazır: “Bu türk məscidi yonulmuş daşdan tağları olan nəhəng bir tikilidir. 

Onun daxilində gözəl oyma izləri hələ də qalmaqdadır. Binanın bir hissəsi uçaraq tökülmüş, qalan 

hissəsi isə daim uçmaq təhlükəsi altındadır. Məsciddən 50 sajen aralıda məscid kompleksinə daxil 

olan və hər biri 10 sajen  ucalığında olan bir cüt minarəyə malik qapı vardır. Əvvəllər məscidlə qapı 

arasında çoxlu tikililər olsa da, indi onlar sıradan çıxmışlar” (17, s.186). 

Tarixi  qaynaqlardan  məlumdur  ki,  Atabəylər  memarlıq  kompleksində  bir  sıra  möhtəşəm 

memarlıq  abidələri,  o  cümlədən  Hökumət  evi  (Eldənizlər  sarayı),  Came  məscidi,  onun  yanında 

mədrəsə, Möminə  xatın türbəsi,  qoşa minarəli qapı  –  baştağ və  b. olmuşdur. Qeyd olunan  foto və 

şəkildəki  görünüşləri  təhlil  edən  Ə.Salamzadə  göstərmişdir  ki,  Came  məscidi  Möminə  xatın 

türbəsindən xeyli hündür olmuşdur. Möminə xatın türbəsinin qalmış hissəsinin ümumi hündürlüyü 

26  metr  olduğu  üçün  Came  məscidinin  ona  nisbətən  hündürlüyünü  nəzərə  alsaq,  bu  məscidin 

hündürlüyü 30 metrə yaxın nəhəng bir tikinti olduğu aydınlaşır (17, s.30). 

Naxçıvan ərazisində olan, bir sıra məscidlərin üzərində müxtəlif kitabələr  yerləşdirilmişdir 

ki, həmin kitabələr əsasında məscidlərin tikilmə tarixi, memarı, tikdirən şəxs haqqında məlumatlar 

əldə  etmək  mümkündür.  Belə  məscidlərdən  Naxçıvan  şəhərindəki  Came  məscidi  (Cəfəriyyə 

məscidi),  Nüsnüs  məscidi,  Ordubad  şəhər  Came  məscidi,  Vənənd  kənd  Came  məscidi,  Meydan 

məscidi (Dəstə kəndi), Mingis məscidi və başqalarını göstərmək mümkündür. Müstəqillik illərində 

muxtar respublika ərazisində yüksək memarlıq quruluşu ilə seçilən onlarla məscid tikilmiş, bir sıra 

məscidlər isə bərpa edilmişdir. 

Tarixi  mənbələr  Naxçıvan  mədrəsələri  haqqında  da  məlumatlar  verir.  Azərbaycanda  ali 

təhsil  müəssisələri  sayılan  mədrəsələr  təkcə  təhsil  mərkəzləri  kimi  yox,  həm  də  böyük  elmi 

müəssisələr  kimi  fəaliyyət  göstərirdilər.  Mədrəsələr  üçün  gözəl  memarlıq  üslubuna  malik  binalar 

inşa edilirdi. Mənbələrə görə Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin yarandığı ilk 

mərkəzlərdən  biri  olmuşdur.  “Əcaib  əd-Dünya”  əsərinin  müəllifi  Naxçıvan  qalasında  mədrəsələr 

olduğunu qeyd etmişdir (16, s.136). Naxçıvan mədrəsələri, xüsusilə Atabəy Şəmsəddin  mədrəsəsi 

daha çox tanınmışdı (4, s.151). 

İkimərtəbəli  binada  yerləşən  Ordubad  şəhər  mədrəsəsi  Şimali  Azərbaycanda  yeganə 

mədrəsə  binasıdır  ki,  günümüzədək  salamat  qalmışdır.  Bu  mədrəsə  binası  Səfəvi  hökmdarı  Şah 

Sultan  Hüseynin  dövründə  inşa  edilmişdir.  Mədrəsə  binasında  dərs  otaqları,  tələbələrin  yaşaması 

üçün xüsusi hücrələr olub. 




 

Naxçıvan  şəhərindəki  Zaviyə-mədrəsə  binası  da  öz  orijinal  quruluşuna  görə  diqqəti  cəlb 



edir.  Bu  mədrəsə  binasının  XVII-XVIII  əsrlərdə  tikildiyi  güman  edilir.  Bektaşi  və  nəqşibəndilər 

yaşayış  və  zikr  yerlərini  zaviyə  adlandırırdılar.  Zaviyə-mədrəsə  binası  Naxçıvan  Muxtar 

Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa edilmişdir. 

Naxçıvandakı  türk-islam  abidələri  içərisində  türbələrin  özünəməxsus  yeri  və  mövqeyi 

vardır. Əsasən iki hissədən – yeraltı sərdabə və onun üzərində ucaldılan yerüstü qülləvari türbədən 

ibarət  olan  bu  abidələrin  ən  möhtəşəm  nümunələri  Azərbaycan,  eləcə  də  Naxçıvan  ərazisində 

olmuşdur. Yusif Küseyir oğlu, Möminə xatın, Gülüstan və Nuh türbələri, Xaraba Gilan türbəsi və 

Əlincəçay  Xanəgahı,  Əmirxan  türbəsi,  Qarabağlar  Türbə  Kompleksi  haqqında  tarixi  qaynaqlarda 

maraqlı və əhəmiyyətli məlumatlar verilmişdir. 

Naxçıvanın rəmzinə çevrilmiş, Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatının şərəfinə 

ucaldılmış, 1186-cı  ildə  istifadəyə verilmiş bu türbə səyyah,  coğrafiyaşünas, tarixçi,  tədqiqatçı  və 

qonaqları  öz  möhtəşəmliyi  ilə  sehrinə  salır.  Daxildən  dairəvi  quruluşda  olan  abidə  xaricdən  on 

üzlüdür. Bu üzlərdəki naxışlar bir-birini təkrar etmir. Türbə üzərində və  daxildə kitabələr, həndəsi 

ornamentlər,  Qurani-Kərimdən  ayələr,  Böyük  yaradanın  və  xəlifənin  adları,  hikmətli  fikirlər  və  b. 

yazılmışdır.  

Orta  əsr  mənbələrində  bəzən  “Kəsik  günbəz”  adlandırılan  Gülüstan  türbəsi  memarlıq-

konstruktiv quruluşuna görə Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Orta 

əsr  mənbələrindən  olan  “Çaldıran  səfəri  ruznaməsində”  osmanlılar  tərəfindən  ələ  keçirilən 

Naxçıvan haqqında bəhs edilərkən Gülüstan türbəsinin də adına rast gəlinir (6, s.10). XVII əsr türk 

səyyahı Ö.Çələbinin “Səyahətnamə”sində də “Kəsik günbəz”in – Gülüstan türbəsinin adı çəkilir (3, 

s.48).  Görkəmli  türk  alimi,  səyahətşünas  Oktay  Aslanapanın  fikrincə,  Ö.Çələbi  öz 

“Səyahətnamə”sində  “Kəsik  günbəz”  adlı  yeri  təsvir  edərkən  məhz  Gülüstan  türbəsini  nəzərdə 

tutmuşdur. Ö.Çələbinin məlumatına görə XII yüzillikdə simvolik şəkildə inşa olunmuş və türbənin 

sərdabəsində (bu türbədə sərdabə hissə də yerin üstündədir – İ.H.) sonralar – XV əsrin sonu – XVI 

əsrin əvvəllərində Xorasan hökmdarı Hüseyn Baykaranın oğlu Bahadır Şəfad dəfn olunmuşdur (3, 

s.48-49). Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il 

tarixli Sərəncamı ilə yüksək səviyyədə bərpa olunmuşdur.  

Qarabağlar  Türbə  Kompleksi  də  öz  orijinal  quruluşu  ilə  tikildiyi  vaxtdan  diqqəti  cəlb 

etmişdir. Kompleks türbə, qoşa minarəli baştağ və digər tikililərdən ibarətdir. Mənbələr minarələrin 

XII  əsrdə,  türbənin  isə  XIV  əsrin  30-cu  illərində  inşa  edildiyini  göstərir.  Qoşa  minarəli  baştağın 

üzərindəki  kitabədən  aydın  olur  ki,  bu  imarətin tikilməsini  Cahan  Qudi  (Quti)  xatın  əmr  etmişdir. 

Fəzlullah  Rəşidəddinin  yazdığına  görə  Hülakulər  dövlətinin  banisi  Hülakü  xanın  həyat 

yoldaşlarından  birinin  adı  Qutuy  xatın  olmuşdur  (26,  s.16).  Tarixi  qaynaqlara  görə  Qudi  xatın 

həmin Qutuy xatındır. 




 

Türbələr  arasında  Əlincəçay  Xanəgahı,  yaxud  Xanəgah  Türbə  Kompleksinin  özünəməxsus 



yeri vardır. Xanəgah kompleksi  türbə, məscid  və başqa tikililərdən ibarətdir. Kitabələrdən məlum 

olur  ki,  türbənin  tikilməsini  Uluğ  Qutluğ  Lələ  bəy  əmr  etmişdir.  İkinci  kitabədən  aydındır  ki, 

məqbərə  şeyx  Hacı  Lələ  Məlikindir  və  tikinti  1496-cı  ildə  Həvva  Bədr  Bikə  xatının  səyi  ilə 

tamamlanmışdır  (24,  s.60-61).  Hürufiliyin  banisi  F.Nəiminin  burada  dəfn  olunduğu  mənbələrlə 

təsdiq olunur.  

Abidələr içərisində qalaların da öz yeri və mövqeyi vardır. Mənbələr göstərir ki, Naxçıvan 

qala  tipli  yaşayış  yerləri  ilə  zəngin  bir  diyardır.  Tədqiqatçılar  Naxçıvan  ərazisində  80-ə  yaxın 

qalanın  olduğunu  aşkar  etmişlər.  Qalaların  çoxluğunun  səbəbi  Naxçıvanın  coğrafi  mövqeyinin, 

zəngin  təbii  sərvətləri,  şəhər  mədəniyyəti  və  inkişaf  etmiş  sənətkarlığının  yadelli  işğalçıların 

diqqətini cəlb etməsi ilə əlaqədardır. Yerli əhali özünü qorumaq üçün müdafiə qalaları yaratmışdır. 

Bunlardan  Əlincəqala,  Oğlanqala,  Çalxanqala,  Naxçıvanqala,  Qalacıq,  Qazançıqala,  Vayxır  qala, 

Nəhəcir qalası, Ordubad qalası və başqalarını göstərmək olar. Görkəmli tarixçi Həmdullah Qəzvini 

yazır  ki,  Naxçıvana  girəcək  yolları  Əlincə  (Əlincik),  Sürməli,  Tağmər  və  Təqnəm  kimi  nəhəng 

qalalar qoruyurdu (22, s.51). Yaqut Həməvi yazırdı ki, Azərbaycan çox iri ölkə və böyük dövlətdir. 

Bu, əsasən çoxlu qalaları... olan dağlıq ölkədir” (27, s.7). 

Orta  əsr  mənbələrində  Naxçıvan  qalaları  haqqında  məlumatlar  vardır.  Əlincəqala 

Naxçıvanın əyilməzlik simvolu kimi xarakterizə olunur. “Kitabi-Dədə Qorqud” dastanında o, güclü 

və  etibarlı  istehkam  kimi  təsvir  edilir.  Orta  əsr  müəlliflərindən  Nəsəvi,  Şərafəddin  Əli  Yəzdi, 

İohann Şiltberger, İosofat Barboro, Vinçentso Alessandri, Ryui Qonzales de Klavixo, Övliya Çələbi 

və  b.  Naxçıvan  qalaları  haqqında  məlumat  vermişlər.  Əlincə  qalasının  təsvirini  İspaniya  səfiri 

Klavixo  öz  gündəliyində  çox  gözəl  vermişdir:  “Əlincəqala  yüksək  və  sıldırım  bir  dağ  üzərində 

yerləşərək  divar  və  bürclərlə  əhatə  olunmuşdur.  Divarların  daxilində  dağ  yamaclarının  aşağı 

hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar var idi. Qəsr və qalaça dağın 

başında yerləşirdi” (5, s.12). 

Əlincəqalanın  Azərbaycan  dövlətçiliyi  tarixində  özünəməxsus,  şərəfli  və  çox  mühüm  yeri 

vardır.  Güclü  və  möhkəmləndirilmiş  müdafiə  istehkamı  olduğuna  görə  orta  əsrlər  zamanı 

Əlincəqalada  Azərbaycanın  ayrı-ayrı  dövlətlərinin  zərbxanaları  yerləşirdi.  Burada  müxtəlif 

dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr zərb olunmuşdur (18, s.143). 

Azərbaycan  tarixində  tutduğu  əhəmiyyətli  və  şərəfli  yerinə  görə  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  Sədrinin  11  fevral  2014-cü  ildə  imzaladığı  “Culfa  rayonundakı 

“Əlincəqala”  tarixi  abidəsinin  bərpa  edilməsi  haqqında”  Sərəncama  əsasən  Əlincəqalada  abadlıq-

bərpa işləri aparılmış, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. 

Naxçıvan  ərazisində  yaradılmış  qalalardan  biri  də  Naxçıvanqala  olmuşdur.  Tarixçi 

alimlərimiz  Naxçıvanqala  ərazisində  hələ  Tunc  dövründə  (e.ə.  III-II  minilliklər)  yaşayışın  olduğu 




 

qənaətinə  gəlmişlər.  XIII  əsrə  aid  “Əcaib  əd-Dünya”  adlı  əsərdə  Naxçıvan  şəhəri  və  onun 



yaxınlığındakı  qala  haqqında  belə  bir  qeyd  verilir:  “Orada  çoxlu  saray,  köşk  və  eyvan  vardır. 

Şəhərin yaxınlığında qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır...” (16, s.135). Qalanın ilk 

orta  əsrlər  zamanı  (VII  əsr)  inşa  olunduğu  ehtimal  olunur.  Türk  səyyahı  Ö.Çələbinin  məlumatına 

görə,  qalanı  monqollar  dağıtmışlar.  Səyyahlardan  Şardən  və  Frehanq  da  qaladan  bəhs  etmişlər. 

Naxçıvanqala 2014-cü ildə bərpa edilmiş və “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi yaradılmışdır. 

Naxçıvanın  türk-islam  mədəniyyəti  abidələrindən  olan  karvansaralar  və  körpülər  orta 

əsrlər dövründə iqtisadi əlaqələrin artmasında mühüm rol oynamışlar. Karvansaralar – karvanların 

dincəlməsi  və  istirahət  etməsi  üçün  yaradılan  tikililər  idi.  Bu  tikililər  topdansatış  ticarətinin 

aparılmasında  mühüm  ticarət  mərkəzi  –  yarmarkalar  rolunu  oynayırdı.  Azərbaycanda,  eləcə  də 

Naxçıvanda  olan  səyyahlar  (İ.Lerx,  S.Qmelin,  İ.Berezin,  Ö.Çələbi,  İ.Şardən,  İ.Tavernye  və  b.) 

ərazidəki  məşhur  karvansaralar  haqqında  öz  təəssüratlarını  yazmışlar.  XVII  əsrdə  Naxçıvan 

bölgəsində  olmuş  fransız  səyyah  Jan  Şardən  Naxçıvan  şəhərində  beş  karvansaranın,  başqa  bir 

fransız səyyahı  İ.Tavernye  Azad şəhərində dörd karvansaranın olduğunu yazmışlar. XVII  əsr türk 

səyyahı Ö.Çələbi Qarabağlar şəhərində çoxlu, Naxçıvan şəhərində isə 20 karvansara olduğunu qeyd 

edir  (3,  s.231-232).  Orta  əsr  tarixçisi  Şərafəddin  Əl  Yəzdi  “Zəfərnamə”  əsərində  Culfa 

yaxınlığındakı Ziyaülmülk körpüsündən danışarkən yazır ki, körpünü elə tikmişlər ki, dərrakəli ağla 

malik  olan  mühəndis  də  onu  müşahidə  etdikdə  heyran  qalır...  Onun  üst  tərəfini  dağa  elə 

birləşdiriblər ki, altı boş qalıb və onu karvansara ediblər.  

Həmdullah  Qəzvini  də  Gərgər  ticarət  şəhərindən  bəhs  edərkən  bu  körpüdən  danışmışdır: 

“...onun  yanında  Araz  çayı  üstündə  Ziyaülmülk  Naxçıvani  gözəl  körpü  tikdirmişdir.  Bu 

xeyriyyəçilik sahəsində ən böyük tikilidir” (22, s.51). 

Naxçıvan bölgəsinin müxtəlif  yerlərində  yaradılan gözəl  memarlıq nümunələrindən biri də 



hamamlardır.  Keçmişdə  hamamların  funksiyası  təkcə  insanların  yuyunma  yeri  olmaqla 

məhdudlaşmırdı. Onlar həm də insanların istirahəti, dincəlmək, söhbət, görüş yerləri idi (18, s.147). 

Orta  əsr  qaynaqlarından  bizə  Naxçıvan  hamamları  haqqında  maraqlı  məlumatlar  gəlib  çatmışdır. 

XVII əsrin ortalarında Naxçıvan şəhərində olan Övliya Çələbi burada 10200 ev, 70 came məscidi, 

40  məscid,  20  mehmanxana,  7  gözəl  hamam,  təqribən  1000  dükan  olduğunu  yazmışdır.  O, 

Naxçıvan hamamlarından bəhs edərkən yazmışdır ki, “Cənabi hamamı son dərəcə gözəl və işıqlıdır. 

Qapı  və  divarı  şirəli  kaşıdan,  döşəmələri  isə  ağ  mərmər  daşdandır.  Hamam  məhrəbaları  şahmat 

naxışı  ilə  bəzədilmişdir.  Mehmanxanamıza  yaxın  Zal  paşa  hamamı  vardır.  Onun  bütün  qapı  və 

divarı  şirəli  kaşılarla  örtülmüşdür.  Döşəməsi  başdan  ayağa  boz,  sumağı  və  tünd  qırmızı  mərmər 

daşlardandır. Elə işıqlı hamamdır ki, onun bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük 

bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə, 

qələm belə acizdir” (3, s.45). 




 

Tarixi qaynaqlardan məlumdur ki, orta əsrlər zamanı Naxçıvan bölgəsində nəinki şəhərlərdə, 



hətta  kənd  tipli  yaşayış  məskənlərində  də  möhtəşəm  hamamlar  inşa  olunaraq  əhalinin  istifadəsinə 

verilmişdir.  XVIII  əsrlərə  aid  Naxçıvan  şəhər  və  Ordubad  şəhər  hamamlarında    Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  Sədrinin  dəstəyi  ilə  abadlıq-bərpa  işləri  aparılmış,  memarlıq  abidələri 

əvvəlki görkəminə qaytarılmışdır. Ordubad rayonunun Üstüpü, Gənzə, Darkənd, Vənənd, Kəngərli 

rayonunun  Şahtaxtı,  Şərur  rayonunun  Yengicə  kəndlərindəki  hamam  binaları  həmin  kəndlərdə 

yaşayan  imkanlı  adamlar  tərəfindən  tikdirilmişdir.  Hazırda  Yengicə  hamamında  bərpa  və  təmir 

işləri  aparılır.  Bir  il  bundan  öncə  Naxçıvan  şəhərində  Şərq  üslubunda  orijinal  quruluşa  malik 

hamam binası istifadəyə verilmişdir. Bunlar bir daha təsdiq  edir ki,  tarixi abidələr qorunur, bərpa 

olunur və yeniləri tikilir. 

Naxçıvanın  islam  memarlıq  abidələri  arasında  imam  övladlarına  aid  edilən  İmamzadə 

binaları da diqqəti cəlb edir. Naxçıvan şəhər İmamzadə kompleksi, Nehrəm imamzadəsi, Xanlıqlar 

–  Parçı  imamzadəsi  müqəddəs  şəxsiyyətlərin  qəbirləri  üzərində  ucaldılmış  türbələrdir.  Hər  üç 

İmamzadə  türbəsi  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  yüksək  diqqəti  və  qayğısı 

sayəsində bərpa və təmir edilmişdir. 

Naxçıvan ərazisində yaradılmış tarix-mədəniyyət abidələri içərisində buzxanalar xüsusi yer 

tutur.  Naxçıvan  bölgəsində  digər  tarix-memarlıq  abidələri  ilə  yanaşı  buzxanalar  da  yaradılmışdır. 

Bunlardan  ancaq  Naxçıvan  şəhər,  Ordubad  şəhər  və  Cəlilkənd  buzxanaları  günümüzədək  gəlib 

çatmışdır. Naxçıvan şəhər buzxanası müstəsna dərəcədə dəqiq konstruktiv həlli və tikintinin səliqəsi 

ilə  diqqəti  cəlb  edir  (17,  s.225).  Naxçıvan  buzxanasının  yüksək  səviyyəli,  mükəmməl  həlli  bu 

abidənin  Naxçıvan  Memarlıq  Məktəbinin  inkişafı  dövründə,  XII-XIV  əsrlərdə  tikildiyi  göstərilir 

(14, s. 50). Ordubad şəhər buzxanasının da XIV-XVII əsrlərdə tikildiyi barədə məlumatlar var (14, 

s.50).  Hər  iki  buzxana  binasının  həcm,  quruluş  və  tikintisində  istifadə  olunan  kərpiclər  arasında 

oxşarlıq çoxdur. Buzxana binaları yüksək səviyyədə yenidən qurularaq təmir edilmişdir. 

Naxçıvanın  türk-islam  tarix-memarlıq  və  mədəniyyət  abidələri  arasında  Eldənizlər  və  Xan 

saraylarının,  Qeysəriyyə,  Səqqaxana  və  digər  mülki  tikintilərin  özünəməxsus  yeri  vardır.  Tarixi 

qaynaqlar  bu  memarlıq  abidələri  haqqında  da  məlumat  verir.  Naxçıvan  şəhəri  Azərbaycan 

Atabəylər dövlətinin paytaxtı olarkən (1146-1175) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani 

tərəfindən  Eldənizlər  sarayı  (“Darülmülk”)  tikilmişdir.  Azərbaycan  Atabəylər  dövlətinin  idarə 

olunduğu  dövrdə  saray,  kompleksin  ilk  tikilişi  olmuş,  ətrafdakı  digər  abidələr  sonradan  inşa 

olunmuşdur. “Əcaib əd-Dünya” əsərində adı çəkilən “Darülmülk”ün – Eldənizlər sarayı olduğunu 

mənbələr  təsdiq  edir.  Naxçıvan  şəhərində  zəmanəmizədək  yaxşı  vəziyyətdə  gəlib  çatan  tarix-

memarlıq  abidələrindən  biri  də  1787-ci  ildə  Naxçıvan  xanlığının  ən  görkəmli  xanlarından  olan  I 

Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilən Xan Sarayıdır. Şərq memarlıq üslubunda tikilmiş Xan 

Sarayı  XX  əsrin  əvvəllərinə  qədər  Naxçıvan  xanlarının  yaşayış  evi  olmuşdur.  1834-cü  ildə 




 

Naxçıvanda olmuş fransız səyyah Dyuba de Monpere Xan Sarayını “bir neçə həyət və çoxlu zəngin 



bəzədilmiş  otaqdan  ibarət  saray”  kimi    dəyərləndirmişdir  (17,  s.217).  Xan  Sarayı  iki  mərtəbəli 

olmaqla, iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Bölmənin biri xan ailəsinin yaşayış yeri, digəri isə 

yüksək mənsəbli qonaqların qəbulu üçün nəzərdə tutulmuşdu. I Kalbalı xan XIX əsrin əvvəllərində 

burada Rusiyadan İrana gedən rəsmi nümayəndə heyətini qəbul etmişdir. 

Beləliklə, Naxçıvanın türk-islam mədəniyyəti abidələri Naxçıvanın qədim tarixə, dövlətçilik 

ənənələrinə,  görkəmli  şəxsiyyətlərə,  müxtəlif  mədəniyyətlərin  yarandığı  bölgəyə,  tarix-memarlıq 

abidələrinə malik olan bir diyar olduğunu, tarix, memarlıq və mədəniyyət abidələrinə yüksək diqqət 

və qayğı göstərildiyini bir daha təsdiq edir.  

 

ƏDƏBİYYAT 

 

1.

 



Azərbaycan tarixi üzrə qaynaqlar (Tərtibçilər S.Əliyarlı, F.Mahmudov və b.) Bakı: Elm, 

1974, 224 s. 

2.

 

Babayev S. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 226 s. 



3.

 

Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı: 



Qafqaz, 2012, 296 s. 

4.

 



Əliyev V. Tarixin izləri ilə. Bakı, Gənclik, 1975, 66 s. 

5.

 



Əhmədov H. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: ABU, 2001, 320 s. 

6.

 



Əliyeva R. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bakı: Şərq-Qərb, 2013, 76 s. 

7.

 



Əlincəqala. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərində). Naxçıvan: Əcəmi 

NPB, 2016, 304 s. 

8.

 

Gülüstan türbəsi. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərində). Naxçıvan: 



Əcəmi NPB, 2016, 152 s. 

9.

 



Hacıyev İ. Naxçıvan qalaları tariximizin öyrənilməsində mühüm mənbədir// “Naxçıvan” 

jurn., 2017, №35, s. 12-19. 

10.

 

Xıdırov C. Şərqin tarixi abidələri. Bakı: Adiloğlu, 2004, 370 s. 



11.

 

İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı: Elm və təhsil, 2012, 214 s. 



12.

 

Qiyasi C. Nizami dövrü memarlıq abidələri (Azərbaycan, rus və ingilis dillərində). Bakı: 



İşıq, 1991, 264 s. 

13.


 

 Məmmədova Ş. Azərbaycanın tarixi-memarlıq abidələri. Məlumat kitabçası. Bakı, 2008,  

136 s. 

14.


 

 Naxçıvan abidələri ensiklopediyası (Azərbaycan və ingilis dillərində). İstanbul, 2008, 520 s. 

15.

 

 Onullahi S.M. Jan Battist Tavernye Naxçıvan haqqında/ “Bakı Universiteti xəbərləri”nin 



xüsusi buraxılışı. Bakı, 1999, №3, s. 87-93. 

16.


 

 Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə (tərcüməçilər C.Bayramlı, 

V.Əliyev). Bakı: Nurlan, 2003, 192 s. 

17.


 

 Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi 

abidələri. Bakı: Elm, 1985, 268 s. 

18.


 

 Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi NPB, 2017, 216 s. 

19.

 

Vəlixanlı V.M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 



1974, 224 s.  

20.


 

 Erol Kürkçüoğlu. Nahçıvan tarihi (V-XV yüzyıllar). Erzurum, 2007, 134 s. 

21.

 

 Turqay Yazar. Nahçıvanda türk mimarisi (Başlanğıcdan 19. Yüzyılın sonuna kadar). 



Ankara, 2007, 577 s. 

22.


 

 Казвини Хамдаллах. Нузхат ал-кулуб (Материалы по Азербайджану). Баку: Элм, 

1983, 66 с. 



 

23.



 

 Григорьев В.Г. Статистическое описание Нахчыванской провинции. СПб, 1883. 

24.

 

 Неймат М. Корпус эпиграфических памятников Азерайджана. Том III. Баку: XXI – 



YNE, 2001, 216 с. 

25.


 

 Никитин К.А. Город Нахчыван и Нахчыванский уезд. СМОМПК, Тифлис, 1882, с.4-8. 

26.

 

 Рашидаддин Ф. Джами ат-таварих (сборник летописей). Том III, Баку, 1957, 1088 с. 



27.

 

Якут ал-Хамави. Муджам ал-булдан (сведения об Азербайджане). Баку: Элм, 1983, 34 с. 



 

 

Yüklə 298,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə