Naxçivanda türk-islam maddi MƏDƏNİYYƏTİNİn təŞƏKKÜLÜNƏ daiR: yeniLİKLƏr və ƏNƏNƏLƏR



Yüklə 90,15 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü90,15 Kb.
#17946


 

NAİLƏ VƏLIXANLI 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 

aztarmuzey@azhistorymuseum.az

 

aztarmuzey@mail.ru



 

 

NAXÇIVANDA TÜRK-İSLAM MADDİ MƏDƏNİYYƏTİNİN  

TƏŞƏKKÜLÜNƏ DAİR: YENİLİKLƏR VƏ ƏNƏNƏLƏR 

 

 

2009-cu  ilin  oktyabrında  İslam  Əməkdaşlıq  Təşkilatlarına  üzv  dövlətlərin  VI  Bakı 

konfransında  bəşər  sivilizasiyasının  ilkin  mərkəzlərindən  olan  qədim  Naxçıvanın  2018-ci  ildə 

İslam  mədəniyyətinin  paytaxtı  olması  haqqında  qərar  qəbul  edildi.  Bundan  bir  il  əvvəl  isə 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi və 

AMEA  Naxçıvan  bölməsində  yaradılmış  işçi  qrupunun  gərgin  əməyi  sayəsində  milli-mədəni 

irsimizi yaşadan əsərlərdən biri – “Naxçıvan abidələri ensiklopediyası” işıq üzü gördü. Mindən 

artıq  müxtəlif  təyinatlı  abidə  qeydə  alındı.  Bu  abidələrin  xeyli  hissəsi  müsəlman  dövrü 

abidələridir.  Onlıarın  dəyəri  heç  bir  ölçüyə  sığmır.  Çünki,  abidələrimiz  keçmişimizi  bizə 

qaytarır,  vətəni  övladına  tanıtdırır,  ulularımızın  özlərindən  sonrakılar  üçün  ötürdüklərini  izsiz 

itməyə qoymur.  

 

Konfransımızın  əsas  mövzusu  olan  türk-islam  mədəniyyəti  əsrlər  boyu  böyük  türk 



dünyasının,  eləcə  də  azərbaycanlıların  inkişafına  güclü  təsir  göstərən  mühüm  amil  olub.  Bu 

mədəniyyətin inkişaf yoluna nəzər salaq. 

VIII  əsrin  əvvəllərində  özünün  ən  qüdrətli  çağını  yaşayan  Ərəb  Xilafətinin  hələ  ilk 

işğallardan  başlayaraq  yürütdüyü  siyasət,  eləcə  də  bölgələrə  təyin  olunmuş  valilərin  həyata 

keçirdikləri  tədbirlər  yeni  imperiyanın  tarixi  Azərbaycan  ərazisini  əhatə  edən  şimal 

vilayətlərində  də  istər  ictimai-siyasi-iqtisadi,  istərsə  də  dini-mədəni  durumda  baş  verən 

dəyişikliklərlə  müşayiət  olunurdu.  Daha  çox  şəhərlərdə,  xüsusilə  Naxçıvan  kimi  böyük  hərbi 

qarnizonların  yerləşdirildiyi,  ərəb  köçkünlərinin  məskunlaşdığı  strateji  əhəmiyyətli  yerlərdə  bu 

dəyişikliklər  özünü  daha  çox  biruzə  verirdi;  burada  islamlaşmanın  ilk  addımları  atılır,  yeni 

münasibətlər formalaşırdı.  Bununla bərabər, Azərbaycanın  işğal  edildikdən sonra  müxtəlif ölkə 

və xalqları birləşdirən geniş  ərazili  Ərəb imperiyasının tərkibinə  qatılması və nəticədə  müxtəlif 

sivilizasiyaların  qarşılıqlı  təsirindən  bəhrələnməsi,  obyektiv  olaraq  onun  əhalisini  tədricən 

ümummüsəlman  mədəniyyətinə  cəlb  etdi,    bir  qədər,  xüsusislə  IX  əsrdən  sonra  isə  islamın 

burada geniş vüsət tapmasına şərait yaratdı. Dövrün tədqiqatçılarının yekdil rəyinə görə məhz bu 

proses dili ərəb dili, ideoloji əsası isə yeni monoteist din - islam olan yüksək mədəniyyəti, islama 

etiqad edən xalqların neçə əsr öncə inkişaf yollarını müəyyənləşdirmiş ərəb-islam mədəniyyətini 

yaratdı (10, s.3; 19, s.99).  



 

 



İslamaqədərki şimallı-cənublu Azərbaycan əhalisinin etnik tərkib baxımından mürəkkəb 

olmasına  baxmayaraq,  burada  funksional  birinciliyin  “ərəblər  siyasi  səhnəyə  çıxmazdan  çox 

əvvəl,  hələ  Sasanilər  imperiyası  daxilində  başlamış  türkləşmə  prosesi”  (11,  s.  206)  nəticəsində 

türk  dillərinə  məxsus  olması  (8,  s.  425-429),  eləcə  də  erkən  orta  əsr  ərəb  müəllifinin 

“Azərbaycan ta qədimdən türklərin ölkəsidir” (yenə orada) məlumatı əhalisinin çox böyük faizi 

türkdilli  olan  tarixi  Azərbaycan  ərazisində  ərəb-müsəlman  mədəniyyətinin  özünəməxsus  tərzdə 

formalaşmasını  təmin  etdi.  Ölkənin  bütün  bölgələrinin,  o  cümlədən  Naxçıvanın,  islamı  qəbul 

etmiş  əhalisinin  bu  mədəniyyətin  daşıyıcıları  kimi  çıxış  etmələri  regionun  maddi-mənəvi 

həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti  dövrünün başlanmasına rəvac verdi. 

Azərbaycanqarışıq  o  vaxtın  bütün  türk  dünyasını  əhatə  edən,  bütövlükdə  müsəlman 

mədəniyyətinin  bir  hissəsi  olsa  da  öz  spesifik  xüsusiyyətləri  ilə  ondan  seçilən  bu  mədəniyyət 

tarixi ədəbiyyata “səlcuq dövrü” adı ilə daxil olan XI-XII əsrlərdə özünün zirvə həddinə yetişdi. 

Lakin,  islamı  yalnız  X  əsrin  ikinci  yarısında  qəbul  etmiş  Səlcuq  və  onun  yaxınlarından  fərqli 

olaraq (15, s. 24-25) azərbaycanlıların daha əvvəl islamlaşması təsdiq edir ki, bütövlükdə ölkədə, 

o  cümlədən  onun  ayrılmaz  hissəsi  olan  Naxçıvanda,  türk-islam  mədəniyyətinin  köklərini  ərəb 

hakimiyyətinin    ilkin  çağlarından,  ən azı  VIII  əsrin birinci  yarısından  başlayaraq   axtarmalıyıq. 

Yazılı,  şifahi  və  arxeoloji,  eləcə  də  tarixi  ədəbiyyatın  öyrənilməsi  də  Azərbaycan  əhalisi  üçün 

taleyüklü olan bu prosesin məhz həmin dövrdə baş verdiyini göstərir. Lakin, bu heç də o demək 

deyil  ki,  yerli  əhali  işğal  yolu  ilə  hakimiyyətə  gəlmiş,  ona  yabançı  olan  cəmiyyətin 

nümayəndələrinin  ideologiyasını  və  mədəniyyətini  rahatlıqla  qəbul  etmiş,  əvvəlki  görüşlərinin 

doğruluğuna inamı itirərək, onlara şübhə ilə yanaşmış, özlərinin köhnə ata-baba adət-ənənələrini, 

milli-mənəvi dəyərlərini tez bir zamanda unuda bilmişlər.  

 

Azərbaycan əhalisinin islamaqədərki dini etiqadları haqqında məlumat verən mənbələrdə, 



ölkənin  xüsusilə  Naxçıvan  qarışıq  şimal  hissəsində,  həmin  dövrdə  xristianlıq,  yəhudilik  və 

zərdüştiliklə yanaşı təbiət qüvvələrinə - günəşə, oda, torpağa, suya və eləcə də aya sitayişin güclü 

olduğu  bildirilir.  Belə  ki,  əgər  yunan  alimi  Strabon  (18,  s.151)  antik  albanların  günəş  allahı 

Heliosa,  göy allahı  Zevsə və  ay ilahəsi  Selenaya  etiqadları  olduğunu  yazırdısa, artıq VII  əsrdə 

Moisey Kalankatuklu (13, s. 193-194) yerli türklərin (hunların) də Göy Tanrıxana, oda və suya, 

aya  və  günəşə  sitayişləri  haqqında  məlumat  verir.  Yerli  müəllif  V  yüzilin  20-ci  illərində 

Albaniyanın  Sünik  vilayətinə  böyük  ordu  ilə  gələrək,  burada  yurd  salmış,  sözsüz  ki,  oğuz 

türklərinin “adlı-sanlı nəslindən olan Qor və Qazan adlı iki qardaş” haqqında məlumat verir (13, 



s.  84).  V  əsr  tarixçisi  Parblı  Lazar  Naxçıvan,  Cənubi  Azərbaycan  və  onlara  yaxın  ərazilərdə 

məskunlaşmış  kəngərlərin  yaşadıqları  yeri  “Kəngərlərin  böyük  vilayəti”,  oradakı  dağı 

“Kəngərlərin dağı” adlandırırdı (1, s.30). Bunlarla yanaşı, Naxçıvan ərazisində aparılan arxeoloji 

tədqiqatlar  zamanı  əldə  edilən  bir  sıra  tapıntılar,  o  cümlədən  Dəlmə  qalasında  üzərində  salur 




 

(oğuz)  tayfasının  damğası  olan  iy  başı  (6,  s.242)  naxçıvanlıların  da  etnik  tərkibini 



müəyyənləşdirmək baxımından əhəmiyyətli göstəricidir.    

Bundan  əlavə,  dövrün  tədqiqatçıları  IV  əsrin  əvvəllərindən  tarixi  Azərbaycan  ərazisinin 

daha  çox  şimal  hissəsində  yayılmağa  başlayan  və  ilk  növbədə  sarayın  və  əyanların  qəbul 

etdikləri  xristianlığın  burada  dərin  kök  sala  bilmədiyini,  V  əsrin  ortalarından  başlayaraq 

Sasanilərin  imperiya  ərazisinin  bu  hissəsini  də  tam  tabe  etmək  məqsədilə  yürütdükləri 

zərdüştləşdirmə  siyasətinin  kəskin  müqavimətlə  qarşılandığını,  ərəb  işğalından  sonra  yeni 

monoteist  dinin  –  islamın  Azərbaycanın  cənub,  xüsusilə  də  Naxçıvanın  da  aid  olduğu  şimal 

hissəsinin  əhalisi  arasında  sidq-ürəklə  mənimsənilməsi  və  başdan  başa  qərarlaşmasının  uzun 

onillər  çəkən  bir  proses  olduğunu  (8,  s.117-118)  xüsusi  qeyd  edirlər.  Bu  prosesin  birinci 

mərhələsində  yeni  dini  yayan  əsas  qüvvə  başlıca  olaraq  ərəblərin  özləri  idisə,  islamın  mədəni 

gücünün artdığı IX yüzilin sonlarından başlayaraq bu işi müsəlmanlığı qəbul etmiş Azərbaycan 

əhalisi  özü  görürdü.  Onu  da  deməliyik  ki,  ərəblərin  digər  monoteist  etiqadlı  dindarlara 

(xristianlara,  yəhudilərə  və  eləcə  də  ilk  vaxtlar  atəşpərəstlərə)    olan  liberal  münasibətləri 

əhalisinin  əksəriyyəti  xristian  olan  qonşu  xalqlara  ərəblərlə  bağlanılmış  aman  müqavilələrinin 

şərtlərinə  uyğun  olaraq  can  vergisi  (cizyə)  ödəməklə  öz  əvvəlki  dinlərində    xristianlıqda 

qalmalarına  imkan  verdi;  bu  xalqlardan  fərqli  olaraq  Azərbaycan  əhalisinin  əksəriyyəti  islamı 

qəbul etdi. Buna bəlkə də ən mühüm səbəb şimallı-cənublu tarixi Azərbaycan ərazisində əvvəlki 

dinlərində  qalmalarına  icazə  verilmiş  xristian,  yəhudi  və  zərdüsti  etiqadlılarla  yanaşı  ərəblərin 

bütpərəst  sayaraq  aman  vermədikləri,  sayca  üstünlük  təşkil  edən  türk  əhalinin  olması  idi. 

Sonralar  “qılınc  müsəlman”  adlandırılan  Azərbaycan  türkləri  öz  xoşları  ilə  nəyə  görəsə  islamı 

qəbul  etmiş  dönmə  xristianlarla  birlikdə  Qafqazın  ilk  müsəlmanları  oldular.  İslamlaşmanın  ilk 

mərhələsində  xoş-güc  qəbul  olunmuş  yeni  din  yalnız  müəyyən  vaxt  keçdikdən  sonra,  xüsusilə 

islamın  mədəni  gücünün  təsirilə,  sidq-ürəklə  mənimsənilmiş  inama,  yüksək  mənəvi  dəyərləri 

olan ideologiyaya çevrildi.  

Lakin, Ərəb Xilafətinin vilayətlərindən birinə çevrilmiş Azərbaycanın  yeni siyasi rejimə 

uğunlaşmış,  islamı  qəbul  etmiş  əhalisi,  artıq  qeyd  etdiyimiz  kimi,  islamaqədərki  əski  adət-

ənənələrini,  yaşayış  tərzi  və  inanclarını,  folklor  ədəbiyyatını  unuda  bilmədi;  mənəvi 

mədəniyyətin 

qorunması  və  onun  tədricən  yeni  mənimsənilən  islami  dəyərlərlə 

zənginləşdirilməsi  nəticəsində  baş  verən  dəyişikliklər,  sözsüz  ki,  ölkənin  maddi  mədəniyyətinə 

də  öz  təsirini  göstərdi:  əvvəlki  mədəniyyətin  izlərini  saxlayan,  lakin  fərqli,  öz  spesifik 

xüsusiyyətləri ilə seçilən maddi mədəniyyət abidələri yaranmağa başladı.  

Bu  keçid  dövrünə  aid  Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  qalan  yerüstü  abidələrin 

sayı  çox  az  olsa  da,  arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  bir  sıra  maddi-mədəniyyət 

nümunələri ölkənin qədim əhalisinin dini etiqadlarına aid bəzi elementlərin hələ də qorunduğunu 



 

təsdiq  edir.  Bu  baxımdan  Naxçıvan  ərazisində  aşkar  edilən  və  islamaqədərki  Azərbaycan 



türklərinin mədəniyyətinin izlərini özündə yaşadan artefaktların əhəmiyyəti olduqca böyükdür.  

Naxçıvanda,  Culfa  rayonu  ərazisində,  Zoğala  çayı  yaxınlığında  tapılmış,  tədqiqatçıların 

VI-VII  əsrlərə  aid  etdikləri  tunc  qrifonlar  bu  baxımdan  böyük  maraq  doğurur  (Nizami  adına 

Azərbaycan  Ədəbiyyatı  və  Naxçıvan  Dövlət  Tarix  muzeylərində  saxlanırlar).  Aşkar  qədim  türk 

mifologiyasını əks etdirən qartal başlı və qanadlı, şir bədənli, iti caynaqlı, tədqiqatçıların fikrincə 

skif  dövrünün  “heyvani  stili”nin  cizgilərini  özündə  əks  etdirən  belə  əfsanəvi  heyvan  fiqurları 

haqqında  tarixi  ədəbiyyatda  zəngin  məlumat  vardır.  Qədim  dünyanın  Uzaq  Şərqdən  tutmuş 

qədim  Misirədək  bir  çox  ölkələrində  (o  cümlədən  qədim  Mannada)  geniş  yayılmış,  əcaib  və 

ziddiyyətli fantastik varlıq kimi xarakterizə edilən – yəni, həm yeraltı, ölülər dünyası və həm də 

yerüstü  dünya  ilə  əlaqəsi  olan  bu  obraz  müxtəlif  xalqların,  o  cümlədən  qədim  türklərin 

mifologiyasında  özünəməxsus  yer  tuturdu.  Maraqlıdır  ki,  məşhur  Gültekin  abidəsində  də 

qanadları qoç buynuzunu xatırladan qrifon əks olunmuşdur (14, s. 7-10)

.  



Yeri  gəlmişkən,  müqayisə  üçün  onu  qeyd  edək  ki,  arxeoloji  qazıntılar  zamanı 

Mingəçevirdə  tapılan  və  bu  gün  Milli  Azərbaycan  Tarixi  Muzeyinin  kolleksiyasında  qorunan 

antik  dövrə  aid  möhürlərin  üzərində  də  islamaqədərki  türklərin  ilahi  qüvvəni  təcəssüm  etdirən, 

bir sıra alimlərin totemizmlə bağladığı, islamı qəbul etmiş türklərin mədəniyyətində isə ənənəvi 

inanc obyekti kimi qiymətləndirilən və ehtiram göstərilən qrifonlar öz əksini tapmışdır. 

VII  əsrə  aid  edilən,  Naxçıvanda  hələ  ötən  əsrin  əvvəllərində  aşkar  olunan,  əsli  bu  gün 

Sankt-Peterburqda,  Dövlət  Ermitajında  saxlanılan,  tədqiqatçıların    alban  hökmdarı  Cavanşirlə 

bağladıqları (bax: 18, s.327) tunc buxurdan da islamaqədərki abidələrdə türklərə məxsus rəmz və 

simvolların  əksi  baxımından  maraq  doğurur.  Kiçik  ölçülü  heykəl  formasında  olan  bu  fiqurda 

hökmdarın tacının üzərində qədim şumerlərdən tutmuş az qala bütün şərq xalqları, o cümlədən 

Azərbaycan  əhalisi  arasında  geniş  yayılmış,  görünür,  çox  qədim  dövrlərin  sədasını  çatdıran 

rəmzlərdən  biri  –  aypara  təsvir  edilmişdir.  Tədqiqatçılar  Ay  tanrısı  Selenaya  sitayiş  edən 

albanların  ilahi  qüvvə  kimi  qiymətləndirdikləri,  ayın  bir  parçası  olan  belə  aypara  (hilal) 

təsvirlərini  hakimiyyət  rəmzlərinə  aid  edirlər.  Belə  rəmzlərin  öyrənilməsi  alimləri  bu  qənaətə 

gətirir  ki,  islamaqədərki  Azərbaycan  əhalisinin  etiqad  obyektlərini,  onların  dünyagörüşlərini, 

dini-fəlsəfi  təsəvvürlərini  ifadə  edən  aypara,  eləcə  də  əvvəllər  əbədiyyət  rəmzi  olan,  tədricən 

dəyişərək  yüksək  amallar  rəmzinə  çevrilən  ulduz,  var-dövlət,  bolluq,  firavanlıq  rəmzini  əks 

etdirən günəş təsvirləri dövrün, yeni ideologiyanın təsirilə bəzən öz əvvəlki mənalarından fərqli 

yeni  məna  kəsb  edir,  bəzən  isə  tədricən  öz  əvvəlki  müqəddəs  simvol,  rəmz  mənasını  itirirlər; 

                                                           



 

Əmin-amanlığı,  xoşbəxtliyi,  azadlığı,  sülhü təcəssüm  etdirən,  bəzən ilahə  Humayla,  eləcə  də  Humay 

quşu  ilə  əlaqələndirilən,  müqəddəs  günəş  quşu  da  adlandırılan  qrifon  bu  gün  Özbəkistanın,  Altay 

Respublikasının gerblərində də təsvir olunmuşdur. 




 

lakin  xalqın  təsəvvüründə,  qan  yaddaşında  qaldıqları  üçün  onlar  yaşamaqda  davam  edir  və 



nəhayət,  milli  ornament,  ənənəvi  bəzək  elementi  kimi  maddi-mədəniyyət  abidələrinə  yaraşıq 

verirlər. 

XI yüzilin ikinci yarısında müsəlman dünyasının bir çox ölkələri ilə yanaşı Azərbaycanın 

da  böyük  Səlcuq  imperiyasının  tərkibinə  daxil  edilməsi  ilə  islamı  qəbul  etmiş  yerli  müsəlman 

türkləri  ilə  yalnız  X  əsrin  ikinci  yarısında  müsəlmanlaşmış  gəlmə  oğuz  türklərinin  qaynayıb 

qarışması prosesi başlayır.  

Yerli  və  gəlmə  türklərin  dil  və  mədəniyyət  vahidliyi  türkdilli  Azərbaycan  xalqının 

formalaşması  prosesinin  başa  çatmasını  sürətləndirən  əsas  amillərdən  oldu.  Tarixi  Azərbaycan 

ərazisində, o cümlədən Naxçıvanda səlcuqların gəlişindən xeyli əvvəl təşəkkül tapmağa başlayan 

türk-islam  mədəniyyəti  məhz  bu  dövrdə  keyfiyyətcə  daha  ali,  yetkin  səviyyəli,  özümlüyü  ilə 

seçilən  zirvə  dövrünə  yetişir;  görkəmli  türk  alimi  Osman  Turanın  sözləri  ilə  desək,  səlcuq 

türklərinin hakimiyyəti islam mədəniyyətinə “canlılıq və yeni kültür ünsürləri gətirdiyi üçün bu 

dövrə  türk-islam  mədəniyyəti”  adı  verilir  (9,  s.  387).  Sözsüz  ki,  islamı  yerli  türkdilli 

azərbaycanlılara  nisbətən  gec  qəbul  etmiş  gəlmə  oğuz-səlcuq  türklərinin  təfəkkürlərində  əski 

inanclar  və ənənələr  yaddan çıxmamış, daha  yaxşı  qalmışdı. XII  əsrin ikinci  yarısında  yaşayıb-

yaratmış Suriyalı Mixailin  yazdığına görə, onun dövründə də türklərdən (oğuz türkləri nəzərdə 

tutulur) islamın qaydalarını bilməyən birinə dini haqqında sual versələr o, “Kan Tanqrı” cavabını 

verəcək  (12,  s.  255).  Müəllif  Nuh  peyğəmbərin  oğlu  Yafətin  nəslindən  hesab  etdiyi  türklərin 

həmişə  tək  allaha  tapındıqları,  elə  ona  görə  də  ərəblərlə  bir  dində  birləşərək,  islamı  qəbul 

etdikləri nəticəsinə gəlmişdir(yenə orada). Bununla yanaşı o, mənbədən göründüyü kimi, yaşayış 

yeri  qıtlığı  çəkən  oğuz  türklərinin  ərəblərlə  birləşərək  müsəlmanlaşmalarının  əsas  səbəbini 

Məhəmməd  peyğəmbərə  aid  edilən  aşağıdakı  sözlərdə  görürdü:  “Bütlərə  və  başqa  rəzillərə 

sitayiş etməkdən imtina edib, mənim dinimi qəbul etsələr, onlara yaxşı bərəkətli torpaq verilər və 

onlar orada hökmranlıq edərlər” (12, s. 256).  

Beləliklə, göründüyü kimi, VII-X əsrlərə, yəni, islamın qərarlaşma prosesinin başlandığı 

və nəhayət başa çatdığı  zaman kəsiyinə aid abidələrin üzərindəki süjetlərdə biz hələ də əski türk 

inancları  və  ənənəvi  dini  təsəvvürləri  ilə  bağlı  müxtəlif  rəmzlərin  öz  əksini  tapdığının  şahidi 

oluruq. İslamın ilk çağlarına aid abidələrə nisbətən daha sonrakı dövrün abidələrində artıq  yerli 

türk ideoloji ənənələrinin sırf ərəb-müsəlman mədəniyyətinə xas olan ənənələrlə çulğalaşdığı da 

görünür.  Bu  abidələrin  müqayisəsi  türk-islam  mədəniyyətinin  ilkin  dövründə  qədim  dini 

obrazların  hələ  də  yaşadığını,  lakin  yeni  dünya  görüşünün  neomüsəlmanların  adət-ənənələrinə, 

həyat  tərzlərinə  göstərdiyi  hərtərəfli  təsiri  nəticəsində  tədricən  yeni  fərqli  baxışların 

formalaşdığını təsdiq edir. Bu yeni mədəniyyət bütövlükdə ümumi müsəlman mədəniyyətinin bir 



 

hissəsi  olsa da, onun tədrici  transformasiyaya məruz qalmış  abidələri öz spesifik  xüsusiyyətləri 



ilə fərqlənirdi.   

Yeni  dinin  yayılması  təbii  ki,  sitayiş  təyinatlı  binaların  –  məscidlərin  tikilməsi  ilə 

müşayiət  edilirdi. Mənbələr Azərbaycan  şəhərlərindən Ərdəbil, Şamaxı, Dərbənd, Naxçıvan və 

başqalarında olan ilk məscidlər haqqında məlumatı bizə çatdırır, həm də artıq IX əsrin sonu – X 

əsrdə  onların  sayının  artdığını,  şəhər  statusunun  hətta  orada  came  məsçidinin  olması  ilə 

ölçüldüyünü  xüsusi  qeyd  edirlər  (8,  s.  132).  İlk  vaxtlar  bu  məscidlər  ərəblərlə  bağlanılan 

müqavilələrdən  məlum  olan  islamaqədərki  mövcud  dini  tikililərin  rekonstruksiyası  nəticəsində 

yaradılırdı.  Naxçıvanda  həmin  dövrə  aid  məscid  binası  qalmasa  da,  ölkənin  digər  şəhərlərində 

(Şamaxı, Dərbənd və b.) bu günədək qalmış sinxron dövr abidələri ilə müqayisədə burada olan 

ilk  məscidlərin  xarici  memarlıq  görkəmi  baxımından  yerli  xüsusiyyətlərə  malik  olduğunu, 

onların  sonrakı  yüksək  bədii  tərtibatlı,  elmi  ədəbiyyatda  “səlcuq  məscidi”,  “səlcuq  köşkü”, 

“səlcuq  məqsurəsi”  (2,  s.  41)    adlandırılan  məscidlərdən  fərqləndiyini  deyə  bilərik.  X  əsrə  aid 

ərəb mənbələrində (əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi) Bərdə came məscidi haqqında verilən 

məlumat  bu  fərqi  aydın  göstərir  (8,  s.  271,  290,  308).  Maraqlıdır  ki,  burada  bir  çox  müsəlman 

ölkələrində    (Misirdə,  Şamda  və  b.)  olduğu  kimi  beytulmal,  yəni  xəzinə  evi  də  məsciddə 

yerləşirdi. Əl-İstəxri onun “qurğuşun örtülü yastı damı, dəmir qapısı, doqquz sutunu” olduğunu 



(8,  s.  271),  əl-Müqəddəsi  isə  məscidin  sütunlarından  bəzisinin  “kəcdən  və  bişmiş  kərpicdən, 

bəzilərinin  isə  taxtadan”  (8,  s.  308)  tikildiyini  bildirirlər.  Hər  üç  ərəb  müəllifi  həmin  məscidi 

Əməvilər dövrünə, yəni VIII yüzilin ortalarına aid edirlər (yenə orada). 

Sonrakı  çağ  dini  tikililər  artıq  qeyd  etdiyimiz  kimi  köklü  formalaşma  prosesi  keçirmiş, 

“məscidlərin  mehrabları  önündə  günbəzli  salon  –  məqsurə”  yaradılmışdır.  Mənbələrdə 

Naxçıvanda həm şəhərin özündə, həm də onun yanında daşdan tikilmiş qalada “mədrəsə, məscid 

inşa olunduğu” məlumatı vardır (9, s. 107). Atabəylər dövrünün monumental abidələrindən olan, 

uçulmuş vəziyyətdə XIX əsrə kimi qalan və hətta bu vəziyyətdə də onu görənləri məftun edən 

Naxçıvanın came məsçidi dövrün ən möhtəşəm, ən yetkin türk-islam abidəsi sayılırdı.   

Artıq XI-XII əsrlərdə Azərbaycanda yaranmış siyasi vəziyyətə – səlcuq-oğuz yürüşləri və 

onu nəticələrinə, eləcə də digər xarici ölkə qoşunlarının ara-sıra baş verən dağıdıcı hücumlarına 

baxmayaraq türk-islam mədəniyyətinin inkişafında yeni, daha yüksək dövrün başlandığı görünür. 

Bu  inkişaf  memarlıq  və  şəhərsalmada,  eləcə  də  dekorativ-tətbiqi  sənət  nümunələrində  özünü 

daha  çox  biruzə  verirdi.  Məhz  bu  dövrdə  Naxçıvan  memarlıq  məktəbinin  Əbu  Bəkr  Əcəmi 

Naxçıvani  kimi  dühaları  xalqın  bədii  mədəniyyətinin  ən  qədim  növlərindən  olan  daş  üzərində 

naxışaçma sənətinin əlçatmaz nümunələri olan şedevr əsərlərini yaratdılar. Daha çox dövrümüzə 

çata  bilmiş  xatirə  abidələrində  –  türbələrdə  qalmış  məhz  bu  nümunələr  yeni  dövrün 

mədəniyyətində xalqın  əski  adət-ənənələrindən, zəngin  mənəvi  dünyasından doğan  elıementləri 




 

özündə  yaşadır.  Müqayisələr  göstərir  ki,  memar  Əcəminin  bizə  məlum  ilk  abidələrindən  olan, 



xalq arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir oğlu türbəsinin gövdə hissəsinin 

səkkizüzlü inşa edilməsi, Xaraba-Gilandan 1980-cı ildə açılmış sərdabənin xaricdən kub  şəkilli, 

daxildən  isə  səkkizbucaqlı  tikilməsi  (5,  s.  394),  vaxtılə  Aza  şəhərinin  bir  məhəlləsi  olmuş  Der 

kəndi  yaxınlığındakı  “Der  günbəzi”  adlanan  türbənin    səkkizgüşəli  olması      (4,  s.  308)  və, 

nəhayət, Əcəminin şah əsəri Möminə xatın türbəsindəki ulduzların 8 və 12 guşəli olması heç də 

təsadüfü  deyildi.  Belə  ki,  8  rəqəmi  hələ  qədim  zamanlardan  şərqdə  simvolik  rəqəm  sayılırdı. 

Qədim  türklərin  sitayiş  etdikləri  ilahə  Humayın  təsviri  də  bəzi  hallarda  halqa  daxilində    səkkiz 

xətt  arasında  yerləşdirilirdi  (3,  s.  86),  bir  çox  şərq  ölkələrində  8  mərtəbəli  ehramlar,  məbədlər 

vardı.  İslamda  da  cənnətin  səkkizinci  qatı  ən  ali  qat  hesab  edilirdi  və  s.  Maraqlıdır  ki,  XVIII 

əsrdə təsis edilmiş “Vakayi  misikiyi” Osmanlı medalı üzərində ay və səkkizguşəli ulduz təsvir 

olunmuşdu; Beləliklə, günəş tanrısına sitayiş edən bir çox xalqlarda, o cümlədən qədim türklərdə 

günəşin  rəmzlərindən  olan  səkkizguşəli  ulduz  Naxçıvan  türbələrində  islam  rəmzləri  ilə 

birləşərək,  görünür,  bəd  nəzərdən,  şərdən  qoruyan  tilsim  kimi  çıxış  etmişdir.  Qobustan  və 

Gəmiqaya rəsmlərindən başlayıb, qədim və orta əsr abidələrində, eləcə də dekorativ tətbiqi sənət 

nümunələri  (xalça,  tikmə,  keramika,  zərgərlik  məmulatı,  mis  əşyalar  və  s.)  üzərində  geniş 

yayılaraq  milli  ornamentə  çevrilmiş  bu  rəmz  bu  gün  Azərbaycanın  dövlət  bayrağını  bəzəyən 

tarixi emblem olmuşdur. 

Onu da qeyd edək ki,  türbə  tikintisindəki    daha  bir xüsusiyyəti islam  dininə  sidq-ürəklə 

bağlanmış  oğuz  türklərinin  qan  yaddaşlarına  hopmuş  dəfnetmə  adətlərindən  irəli  gəlir.  X  əsrin 

birinci yarısında Volqaboyu türklərinin yaşadıqları yerlərdə olan ərəb səyyahı İbn Fadlan (16, s. 



63)  onların  evəbənzər  böyük  qəbirlərdə  dəfn  edildiyi,  qəbrin  üstündə  çadıraoxşar  örtük 

quraşdırıldığı  haqqında  məlumat  verir.  Bütün  bunlar  çadır  quruluşlu,  qülləvarı  Naxçıvan 

türbələrinin  konstruksiyalarında  qədim  türk  və  yeni  islam  ünsürlərinin  sintezinin  yarandığına 

şahidlik edir(bax həmçinin: 2, s. 84-85). 

Türk  mədəniyyətinin  izləri  Naxçıvanın  qəbirüstü  abidələrində,  xüsusilə  kökləri 

islamaqədərki dövrlərə gedib çıxan daş qoç və at heykəllərində, sənduqələrdə daha çox görünür. 

İslamaqədərki türk dini inanclarının bir sıra elementləri islam elementləri ilə məhz bu abidələrdə 

bir-birini  tamamlayaraq,  vahid  mövzuda  birləşə  bilmişlər.  Abidələrin  üzərində  həkk  olunmuş 

müxtəlif heyvan surətləri (öküz, quş, maral, qoyun və s.) türk xalqlarının mədəniyyətində ailənin 

və  ya  nəslin    əcdadının  ruhu  hesab  olunan  onqonları  ifadə  edirdi.  Bəzən  bu  abidələrdə  qəbir 

sahibinin peşəsini əks etdirən süjetlər, etiqad obyekti kimi hələ də yaşamaqda olan dirilik ağacı 

və başqa kultlarla bağlı elementlər verilir, Quran ayələri, mərhumun adı təqdim edilirdi. 

İslamın  qədim  türk  dini  inanclarının  bir  sıra  elementlərini  qəbul  edərək  bir  növ 

özününküləşdirməsi    tədqiq olunan dövrdə Naxçıvan ustalarının hazırladıqları müxtəlif məişət 




 

əşyalarında  –  metal  məmulatı  nümunələrindən  tutmuş  ipəkdən  hazırlanmış  parçalara  qədər 



hamısında  aşkar  görünür.  Maraqlıdır  ki,  bəzən  həmin  əşyaların  üzərindəki  bəzəklər  dövrün 

incəsənətinin digər növlərinin bəzəyini az qala təkrar edir. Məsələn, Fransanın Luvr muzeyində 

saxlanılan  naxçıvanlı  usta  Osman  Salman  oğlunun  1190-cı  ildə  hazırladığı  bürünc  dolçanın 

naxışları  Möminə  xatın  məqbərəsindəki  naxışlarla  eynilik  təşkil  edir.  Araşdırmalar,  ata-

babalarının  yaradıcılıq  ənənələrindən  bəhrələnən  incəzövqlü    naxçıvanlı  ustaların  zəngin 

təxəyyülünün  məhsulu  olan  bu  kimi  nümunələrin  sayca  çox  olduğunu  göstərir;  həmçinin  ulu 

əcdadlarımızın  mənəvi  dəyərlər  sisteminin  bir  hissəsinin  arxeoloji  tədqiqatlar  zamanı  (Xaraba-

Gilan,  Aza  və  b.)  əldə  edilmiş  artefaktlarda  öz  əksini  tapdığı,  məhz  bu  tapıntıların  xalqımızın 

dünyagörüşü və ideologiyasında olan ənənəlik və yeniliyin öyrənilməsi üçün xüsusi əhəmiyyəti 

bəlli olur. Araşdırmalar həm də onu da təsdiq edir ki, bu gün daşıyıcısı olduğumuz, əsrlər boyu 

azərbaycanlıların  həyat  yolunu  müəyyənləşdirmiş  türk-islam  mədəniyyəti  ərəb-müsəlman 

mədəniyyəti zəminində ulularımızdan gələn bu ənənələrdən qidalanaraq inkişaf etmişdir.  

Bu  gün  dövlət  ideologiyamız  olan  azərbaycançılıq  milli  ideologiyası  ilə  yanaşı  onun 

tərkib  hissəsi  kimi  çıxış  edən  islami  dəyərlərin  bərpa  olunmasını  da  türk-islam  mədəniyyətinin 

yeni təzahürü kimi qiymətləndirmək olar.     

 

 



ƏDƏBİYYAT 

1.

 



Azərbaycan tarixi. N.Vəlixanlının redaktəsi ilə, c.II – Bakı, 2007. 

2.

 



Qiyasi Cəfər. Nizami dövrü memarlıq abidələri. – Bakı, 1991. 

3.

 



Əhmədov  S.Ə.,  Məmmədov  V.S  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağı.  –  Bakı, 

2010. 


4.

 

B.  İbrahimli,  F.  Səfərli,  Q.  Əliyev,  T.  Xəlilov.  Aza  orta  əsr  şəhər  yeri  (2013-2014).  / 



Azərbaycanda arxeoloji tədqiqatlar. 2013-2014, s. 305-310. - Bakı, 2015. 

5.

 



B.İ.  İbrahimli.  Orta  taleli  şəhərlər.  /  Şəmkir:  I  Respublika  elmi-praktik  konfransın 

materialları. 28-29 noyabr , 2007, Şəmkir. - Bakı, 2008. 

6.

 

B.İbrahimli, F.Səfərli, T.Qədirzadə, T.Xəlilov, G.Qəmbərova. Dəlmə qalasında arxeoloji 



qazıntılar  (2013-2014).  /  Azərbaycanda  arxeoloji  tədqiqatlar.  2013-2014,  s.240-243.- 

Bakı, 2015.  

7.

 

Osman Turan. Selçuklular tarihi və türk-islam medeniyeti. – İstanbul, 1997. 



8.

 

Vəlixanlı Nailə. Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər. – Bakı, 2016 



9.

 

Vəlixanlı Nailə. Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda. – Naxçıvan, 



2016. 

10.


 

Большаков  О.Г.  История  Халифата.  Т.1.  Ислам  в  Аравии.  570-633  –  Москва, 

«Наука», 1989. 

11.


 

Буниятов Зия. Азербайджан в VII-IX века. / «Избранные сочинения» üçcildliyində -  

Bakı, 1999, c.I. 

12.


 

Гусейнов Рауф.  Сельджукская эпоха истории Кавказа. – Москва, 2012. 

13.

 

История  Агван  Моисея  Каганкатвци,  писателя  Х  века.  /  Пер.  с  армянского 



К.Патканян. – Санкт-Петербург, 1861. 


 

14.



 

Митько О.А. Образ грифона в искусстве народов Евразии в древнетюркскую эпоху. 

// Евразия: культурное наследие древних цивилизаций. Вып. 2. Горизонты Евразии: 

Сборник научных статей. –  Новосибирск, 1999, с. 7-10. 

15.

 

Мустафаев  Ш.М. От сельджуков к османам. – Москва, 2017. 



16.

 

Путешествие  Ибн    Фадлана  на  Волгу.  /  Изд.  АН  СССР.  Перевод  и  комментарии 



А.П. Ковалевского, под редакцией И.Ю. Крачковского. – М. – Л.- д, 1939.  

17.


 

Страбон. География в 17 книгах. – Москва, 1964. 

18.

 

Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. IV в. до н.э. – VII 



в. н.э. – Москва-Ленинград, изд. во АН СССР, 1959. 

19.


 

Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового 

Дагестана. – Махачкала, 2008. 

 

 



 

 

 



              

Yüklə 90,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə