TƏHSİL VƏ DÖVLƏTÇİLİK
Azərbaycanda təhsil sistemi
dövlət qayğısı altındadır.
Heydər Əliyev
Zamanın tələbi
Müasir dövrün təcrübəsi göstərir ki, ölkələrin inkişaf səviyyəsi nə qızıl ehtiyatının miqdarından, nə təbii sərvətlərdən, nə də sənayenin həcmindən asılıdır. Son vaxtlara qədər inkişafın əsas göstəricisi elm tutumlu sənayenin nisbi həcmi sayılırdı. Elmi-texniki işləmələr, «nou-xau»lar müstəqil bir dəyər kimi ön plana keçmiş və sənayenin ümumi həcmindən asılı olmadan elmi-texniki potensial ölkənin iqtisadi inkişafında mühüm rol oynamağa başlamışdır. Zaman keçdikcə inkişaf göstəricisi təbii sərvətlərdən sənayeyə, sənayedən elmi-texniki potensiala doğru yerini dəyişmişdir. Ən müasir dövrdə isə bu ağırlıq mərkəzi fundamental elmlərə və təhsil sisteminə keçməkdədir.
Təhsil ilk növbədə intellektual potensialın reallaşdırılmasına, mütəxəssislərin, peşəkar kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk növbədə çağdaş sosial-iqtisadi həyatın tələblərini ödəmək üçündür. Bu barədə Heydər Əliyev belə demişdir: «Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələbələrə uyğun olan təhsilə malik olmalıdır».
Müasir iqtisadiyatın ən əsas amili isə məhz yüksək ixtisaslı kadrların. İdeya verən, işi təşkil etməyi bacaran insanların mövcudluğudur. Məhz yaxşı təhsil almış mütəxəssis-insanlar istənilən ölkənin ən böyük sərvəti sayılırlar.
Bəli, təhsil iqtisadi inkişafın təməl daşıdır. Lakin bu həqiqəti bütün ölkələr nəzərə ala bilirmi? İnsan amili, mütəxəssis əməyi düzgün dəyərləndirilmi və yüksək ixtisaslı kadrların yetişdirilməsi işi nə dərəcədə səmərəli təşkil olunur?
Ən tez gəlir gətirən sahə ticarətdir. Lakin ən tez ziyan gətirən də ticarətdir. İstehsala qoyulan investisiya özünü gec doğrultsa da, hər şey düzgün ölçülüb-biçilibsə, burada gəlir götürmək ehtimalı ziyan çəkmək ehtimalından çoxdur. O istehsal müəssisəsi rəqabətə tab gətirə bilir ki, orada tətbiq olunan texnologiyalar müasir elmi-texniki tələblər səviyyəsində olsun. Ona görə də istehsal müəssisələrinin vaxtaşırı olaraq yenidən qurulmasına, modernləşdirilməsinə böyük ehtiyac vardır.
Həm elmin inkişafında iştirak edən, həm müasir texnologiyalara yiyələnə bilən, istehsalı günbəgün modernləşdirə bilən kadrların yetişdirilməsi isə təhsilin təkmilləşdirilməsindən asılıdır. Ona görə də, təhsil bir tərəfdən dövlətin, digər tərəfdən də ictimai-iqtisadi prosesin, ilk növbədə milli burjuaziyanın diqqət mərkəzində olmalıdır.
Azərbaycan miqyasca kiçik olsa da, imperiya buxovlarından hələ yenicə ayrılmış olsa da dünyada gedən inkişaf proseslərində özünəməxsus rol oynayır. Dünya siyasətində öz sözü olan Heydər Əliyev Azərbaycanı iqtisadi inteqrasiya prosesinin fəal iştirakçılarından birinə çevirmək uğrunda mübarizə aparırdı. İqtisadi inkişafın dayanıqlı olması üçün ilk növbədə hansı amillərin tələb olunduğunu da, müasir dövrdə elm və təhsilin əhəmiyyətini də Heydər Əliyev, heç şübhəsiz, hamıdan yaxşı bilirdi. Məhz buna görə də elm və təhsilin inkişafı məsələsi həmişə onun diqqət mərkəzində olmuşdır. Heydər Əliyev yazır: «Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz».
Həydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri hüquqi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı gənclərə ali təhsil verilməsi Konstitusiya səviyyəsində təsbit olunmuşdur. Ölkənin bir sıra şəhərlərində dövlət universitetləri yaradılmış, onlar bölgələrdə elm, mədəniyyət və təhsil mərkəzlərinə çevrilmişlər. Bəzi ixtisas sahələri üzrə yeni ali məktəblər açılmış, onlar maddi-texniki baza və müasir avadanlıqla təchiz olunmuşdur. Bir çox dövələt ali məktəblərinin binaları müasir tələblər səviyyəsində təmir edilmiş, bəzi özəl universitetlər yeni tədris binaları tikdirmişdir. Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr yaradılmış, təcrübə mübadiləsi müntəzəm xarakter almışdır. Müəllimlərin maaşı vaxtaşırı surətdə artırılmış, büdcədən təhsilə ayrılan vəsaitin miqdarı ilbəil artmışdır. Bütün bunlar təhsilə dövlət qayğısının təzahürləridir. Heydər Əliyev bu məsələ ilə əlaqədar demişdir: «Biz son illər müəllmlərin, təhsil işçilərinin maaşlarını artırmışıq və bundan sonra da artıracağıq. Bu, onu göstərir ki, biz imkanımız daxilində bu sahəyə maksimum qayğı göstəririk. Əmin ola bilərsiniz ki, bundan sonra bu qayğı daha da artacaqdır. Azərbaycanın iqtisadi potensialı yüksəldikcə, Azərbaycan büdcəsinin imkanları genişləndikcə, məktəbə, təhsilə, müəllimə ayrılan vəsaitin miqdarı artacaqdır».
Lakin təəssüflər olsun ki, milli ideologiyamızın strukturunda, iqtisadi inkişaf strategiyasında təhsilə önəmli yer verilməsinə və hər il dövlət büdcəsinin ən böyük hissəsinin məhz bu sahəyə ayrılmasına baxmayaraq, təhsilin ayrı-ayrı sahələri hələ də müasir tələblər səviyyəsində qurulmamışdır. Elə məsələlər vardır ki, onlar təhsilə ayrılmış pulun azlığı və ya çoxluğu ilə həll olunmur. Yüksək peşəkarlıq olduqda, vətəndaşlıq mövqeyi olduqda, entuziazm olduqda az pulla da çox işlər görmək mümkündür. Xüsusilə, müharibə şəraitində və keçid dövründə büdcədən ayrılan hər bir qəpik maksimum səmərə ilə istifadə olunmalıdır.
Hətta ən varlı ölkələrdə də təhsil təkcə dövlətin yox, həm də cəmiyyətin dəstəyi ilə inkişaf edir. Təhsil müəssisələrinə dövlətlə yanaşı böyük şirkətlər, kommersiya müəssisələri, banklar, fondlar, habelə valideynlər və həmin ali məktəbin məzunları da yardım göstərirlər. Bunun üçün yardım edən təşkilatlar və şəxslər əmin olmalıdırlar ki, onların verdiyi pul təyinatı üzrə və optimal şəkildə istifadə olunur.
Lakin Azərbaycanda təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün meyarlar hələ formalaşmamışdır. Keyfiyyətsiz hazırlanmış tələbə üçün cavabdehliyi və ziyanı hələ ki, təhsil müəssisəsi özü çəkmir. Ziyan ancaq dövlətə və cəmiyyətə dəyir. Halbuki hər bir müəssisə kimi, məktəblər də öz məhsulunun keyfiyyətinə görə cavabdehlik daşımalıdır.
Dövlətin təhsilə olan qayğısı bu sahəyə ildən-ilə daha çox pul ayırmaqla bitməməlidir. Çünki əsas məsələ sadəcə pul xərcləmək yox, bu sahədə qarşıya qoyulan məqsədə nail olmaqdır. Bu baxımdan, dövlət ən çox büdcənin bir qəpiyini də xərcləmədən yüksək keyfiyyətli kadr hazırlayan təhsil müəssisələrinin fəaliyyətini stimullaşdırmalıdır. Sağlam mənəvi prinsiplərə xidmət edən özəl ali məktəblərin fəaliyyəti genişləndirilməli, bu səhəyə dövlət qayğısı artırılmalıdır.
Ən mühüm məsələlərdən biri də təhsildə dövlət sektoru ilə özəl sektorun optimal nisbətini təmin etməkdir. Hər bir ixtisas üzrə bu nisbətin düzgün müəyyənləşdirilməsi üçün müvafiq tədqiqatlar aparılmalıdır.
Digər tərəfdən, özəl təhsil sisteminin mahiyyətini düzgün anlamaq və dövlətin bu sahəyə münasibətini də məhz bu mahiyyət prizmasından müəyyənləşdirmək lazımdır. Lakin təəssüf ki, təhsilə nəzarət etməli olan və bu sahədə dövlətin mövqeyini təmsil etməli olan müvafiq nazirlik və qurumların əməkdaşları hələ indi-indi xarici ölkələrin təcrübəsini öyrənir və böyük təəccüblə də olsa, etiraf edirlər ki, xarici ölkələrdə dövlət təkcə özünün təsis etdiyi təhsil müəssisələrinə deyil, həm də özəl və ictimai təhsil müəssisələrinə də maliyyə yardımı edir, onları öz himayəsinə götürür. Belə münasibət məmurlarımıza çox qəribə göründüyündən, onlar bu etirafdan dübarə sonra qeyd etməyi unutmurlar ki, görünür, xaricdə özəl təhsil müəssisələri bizimki kimi deyil. Əks təqdirdə Təhsil Nazirliyi neçə illərdən bəri özəl təhsil müəssisələrinə ögey münasibət bəsləməsini xarici ölkələrin təcrübəsilə necə uzlaşdıra bilər? Ölkəmizdə «dövlət təhsil sektoru» və «özəl təhsil sektoru» kimi iki müxtəlif blokların yaradılmasına və onların məqsədyönlü surətdə qarşı-qarşya qoyulmasına necə haqq qazandırmaq olar?
Əgər söhbət təhsilin ödəniş əsasında təşkilindən gedirsə, hal-hazırda bizdə dövlət və özəl təhsil müəssisələri arasında heç bir fərq qalmayıb. Çünki qabaqcıl özəl təhsil müəssisələrində də yüksək balla qəbul olmuş və əla qiymətlərlə oxuyan tələbələr təhsil haqqından azaddırlar. Həm də bəzi özəl ali məktəblərdə ödənişli və ödənişsiz təhsil alanların say nisbəti dövlət təhsil müəssisələrinə nisbətən daha ədalətlidir. Belə olan halda özəl təhsil müəssisəsini analoji dövlət qurumlarından fərqləndirən əsas amil nədən ibarətdir? Mülkiyyət formasının fərqliliyi təhsilin məzmununa təsir edə bilərmi? Və ya özəl ali məktəblərin təsisçiləri dövlət təhsil siyasətindən fərqli bir siyasət yeridə bilərmi? Qanun buna yol verirmi?
Xeyr. Bir dövlət daxilində iki təhsil siyasəti və iki təhsil sistemi ola bilməz. Azərbaycanın dövlət başçısının mövqeyi belədir ki, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələri milli maraqlara, dövlətçiliyə, dövlət təhsil siyasətinin həyata keçirilməsinə xidmət etməlidir, daha şəxsi maraqlara yox. Bu çox düzgün bir mövqedir. Əgər kimsə təhsil müəssisəsi təsis edirsə, bunu ancaq dövlət təhsil siyasətinin həyata keçirilməsi naminə edə bilər. Təhsil şəxsi qazanca xidmət edə bilməz. Dövlət təhsil siyasəti isə həm dövlət, həm də özəl təhsil müəssisələri qarşısında eyni tələblər qoyur. Heydər Əliyev bunula əlaqədar demişdir: «Bu siyaəsət, yəni özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik.».
Belə olan halda ölkəmizdə təhsili iki bloka ayırmaq və onların hər birinə fərqli meyarlar və standartlar tətbiq etmək yolverilməz haldır. Təəssüf ki, Təhsil Nazirliyinin bu ikili münasibəti artıq o dərəcədə qabardılmışdır ki, bu, nazirliyin strukturunda və fəaliyyətində də öz əksini tapmışdır. Belə ki, «dövlət təhsil sektoru» və «özəl təhsil sektoruna» nəzarət ayrılmış, müxtəlif şöbələrə və müxtəlif şəxslərə tapşırılmışdır. Nazirliyin kollegiyalarında bu iki blok haqqında məruzələr də, məruzəçilər də həmişə fərqli olur. Ali məktəblərdə imtahanların gedişinə nəzarət məqsədilə keçirilən monitorinqlər və onların təhlili də ayrıca aparılır, hesabat da ayrı-ayrılıqda hazırlanır. Nəticədə vahid meyarlardan çıxış etmək və təhsilin keyfiyyətini eyni ixtisaslar üzrə müqayisə etmək mümkün olmur. Bu cür ikili standartlar bəzən absurd nəticələrə gətirir. Maraqlıdır ki, Təhsil Nazirliyinin keçirdiyi imtahanların nəticələrinə görə dövlət ali məktəblərində orta mənimsəmə faizi 60%, özəl ali məktəblərdə isə 85 % olmuşdur. Bəzi özəl ali məkitəblərdə bu göstərici hətta 100%-ə çatmışdır. Nazirliyin kollegiyasında bu göstəricilərin müqayisəsi zamanı haqlı bir sual ortaya çıxdı: Əgər nazirliyin keçirdiyi monitorinqə görə özəl təhsil müəssisələrində təhsilin keyfiyyəti dövlət ali məktəblərinə nisbətən xeyli dərəcədə yüksəkdirsə, onda nəyə görə Təhsil Naziri televiziyada və mətbuatdakı çıxışlarında qətiyyətlə iddia edir ki, ən yaxşı özəl ali məktəbdə də təhsilin səviyyəsi ən pis dövlət ali məktəbindəkinə nisbətən aşağıdır? Bu mövqe hansı göstəricilər əsasında müəyyənləşmişdir? Axı, yoxlamalar açıq-aşkar vəziyyətin tamamilə fərqli olduğunu göstərir. Lakin belə olan halda Təhsil Nazirinin bu subyektiv mövqeyi nə ilə bağlıdır? Bəlkə dövlətin strateji xətti, dövlət təhsil siyasəti bunu tələb edir? Xeyr. Bütün sahələrdə olduğu kimi, bu məsələdə də dövlətin mövqeyini Heydər Əliyev çox düzgün müəyyən etmişdi. Nöqsanlara qarşı həm özəl, həm də dövlət məktəblərində eyni dərəcədə qətiyyətlə mübarizə aparmaq, həqiqəti gizlətməmək lazımdır. «Təhsil sistemində, dövlət məktəblərində, dövlət universitetlərində nöqsanlar da var, çatışmazlıqlar da var. Bəzi təhsilmüəssisələri hələ ki, uşaqlara, gənclərə, müasir tələblərə uyğun təhsil vermirlər. Bəzi yerlərdə daha da narahəatedici qüsurlar var. Biz bunların ardıcıl surətdə aradan qaldırılması üçün çalışırıq və çalışacağıq». Nöqsan hər yerdə nöqsandır və mübarizə də eyni meyarlar əsasında aparılmalıdır.
Təhsil Nazirliyinin keçirdiyi monitorinqin nəticələrindən fərqli olaraq biz belə hesab edirik ki, özəl təhsil müəssisələrində təhsilin orta keyfiyyət göstəricisinin dövlət təhsil müəssisələrininkinə nisbətən yüksək olması ehtimalı azdır. Çünki etiraf olunmalıdır ki, süni surətdə yaradılmış ictimai rəyin qüsurluluğu ucbatından özəl ali məktəblərə qəbul olunanların orta bal göstəricisi dövlət ali məktəblərinkinə nisbətən aşağıdır. Çünki özəl ali məktəblərin yaxşıları olduğu kimi pisləri də var. Elələri var ki, burada təhsilin səviyyəsi həqiqətən ən pis dövlət ali məktəblərindən də aşağıdır. Həm də çox aşağıdır. Lakin bu hal nazirə bütün özəl təhsil müəssisələrini eyni rəngdə göstərməyə əsas verirmi? Əksinə. Pisə pis, yaxşıa yaxşı demək, dövlət ali məktəblərinin də, özəl ali məktəblərin də yaxşılarını nümunə kimi göstərmək, pislərini isə konkret ünvanla tənqid etmək daha faydalı olmazmı? Qısa müddətdə böyük uğurlar qazanmış, yüksək təhsil göstəricilərinə malik özəl ali məktəblərin nailiyyətlərini, buradakı sağlam mənəvi atmosferi qiymətləndirmək əvəzinə onlara qara yaxmaq, dövlət təhsil siyasətinin məqsədyönlü surətdə həyata keçirilməsinə imkan verərmi?
Əlbəttə, harada ki, pul bir meyar olaraq bilik meyarını sıxışdırır və təhsil müəssisəsi öz əsas funksiyasından uzaqlaşaraq kommersiya müəssisəsinə çevrilir, bu halın qarşısını qətiyyətlə kəsmək lazımdır. Lakin bu məsələdə təhsil fərdi yanaşılmalıdır. Dövlət və özəl bölgüsü ilə yox. Çünki təhsil müəssisəsində mənəvi atmosfer, rüşvətin yayılıb-yayılmaması onun mülkiyyət formasından yox, ona kimlərin və necə rəhbərlik etməsindən asılıdır. Əksinə, özəl təhsil müəssisəsi öz imicini qorumaqda daha maraqlı olmalıdır. Bəzi özəl ali məktəblərdə hələ də yüksək mənəvi atmosferin, ciddi nizam-intizamın və həqiqi təhsil şəraitinin saxlanması dövlət ali məktəbləri üçün yaxşı nümunə ola bilər. Əlbəttə, əgər nazirliyin işçiləri ağa ağ, qaraya qara deməyi bacarsa və tək-tük bu cür nümunəvi təhsil müəssisələrini min bir yolla sıxma-boğmaya salmasa.
Bu doğrudur ki, mərhum prezidentimiz mülkiyyət formalarından asılı olmadan bütün təhsil müəssisələrində tədris-metodiki işə nəzarəti Təhsil Nazirliyinə tapşırmışdır. Bu, təhsil müəssisələrinin işinə qiymət verərkən də vahid meyarlardan çıxış edilməsinə imkan yaradır. Lakin bizcə, Təhsil Naziri bu səlahiyyətdən sui-istifadə edərək təhsil işində yaradıcılığın və təşəbbüskarlığın qarşısını almamalıdır. Tanınmış təhsil mütəxəssislərinin fəaliyyət dairəsini məmurların standart düşüncə hüdudarı ilə məhdudlaşdırmamalıdır.
Keçid dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də islahatlar aparılmasına ehtiyac olduğu şübhə doğurmur.
Lakin bu gün ən böyük problem yaradan islahatların ləngiməsi yox, həddindən artıq tez-tez və müxtəlif istiqamətlərdə islahat aparmaq təşəbbüsləridir. Təhsilin miqyası böyük olduğundan ətaləti də böyükdür. Buna görə də, təhsil ənənəni sevir. Burada yüz ölçüb, bir biçmək tələb olunur. Yeniliklər də əvvəlcə sınaq məktəblərində həyata keçirilməli, yoxlanmalı, sonradan kütləvi miqyasda tətbiq olunmalıdır. Burada tez-tələsik hər-hansı istiqamətdə dəyişiklik aparılması xeyirdən daha çox ziyan gətirə bilər. Lakin təəssüf ki, islahat xatirinə islahat aparanlar, islahatçılıq görüntüsü yaratmağa çalışanlar bu gün bir ölkənin, sabah da başqa bir ölkənin hər hansı bir təcrübəsini təqlid etməkdən çəkinmirlər. Onda sistem pozulur və elə bir xaos yaranır ki, burada nəyin yaxşı, nəyin pis olduğunu da aydınlaşdırmaq çətin olur. Və onda bulanlıq suda balıq tutmaq istəyənlər peyda olur.
Təhsil və sosial-iqtisadi reallıq
Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir.
Heydər Əliyev
Sovet təhsil sistemi öz ənənələri olan, daxili tamlığa malik bütöv bir sistem idi. İslahat aparmazdan əvvəl bu sistemin bizi nəyə görə və hansı məqamlarda qane etmədiyini aydınlaşdırmaq lazımdır. Onu sadəcə olaraq uçurduqda isə, nə vaxtsa yeni sistem yaranana qədər xaos şəraitində yaşamaq məcburiyyətində qalırıq.
Sovet dövründə təhsil sisteminin ən böyük üstünlüklərindən biri onun hamı üçün pulsuz olması idi. Biz indi xarici ölkələrdə olduğu kimi qismən ödənişli təhsil sisteminə keçmək istəyirik. Özəl məktəblər yaranır. Pulsuz təhsilə alternativ özəl təhsil müəssisələrinin açılması, əlbəttə, yeni bir hadisədir və təhsil alanlar üçün əlavə imkanlar yaradır. Lakin dövlət təhsil müəssisələrində də ödənişin tətbiq edilməsi sovetdən qalma ənənənin tamamilə dağılmasına gətirib çıxarır ki, nəticədə iki təhsil sistemi arasında rəqabətdən daha danışmaq mümkün olmur.
Məsələ burasındadır ki, dövlətin təhsil siyasətinin bütün məqamlarında aydınlıq olmalıdır. Sovet dövründə orta təhsil icbari idi. Başqa sözlə, dövlət hamıya pulsuz orta təhsil verməyi öhdəsinə götürmüşdü. Hamıya pulsuz ali təhsil vermək mümkün olmadığından və görünür, buna heç lüzum da olmadığından ali məktəblərə hər ixtisas üzrə məhdud yerlər ayrılırdı və tələbə qəbulu müsabiqə əsasında aparılırdı. Subyektiv amilləri nəzərə almasaq, bilik yeganə meyar kimi götürüldüyündən, sosial ədalət pozulmurdu. Yəni, qəbul qaydalarına görə, ali təhsil almaq üçün hamıya eyni şans verilirdi.
Ödənişli təhsilin tətbiq olunması nəticəsində isə bilikdən başqa maddi imkan da meyar kimi çıxış edir. Nəticədə müxtəlif sosial təbəqələrə və müxtəlif maddi imkanlara məxsus adamlar dövlət ali məktəblərində təhsil almaq üçün eyni şansa və hüquq bərabərliyinə malik olmurlar. Bu, müəyyən mənada sosial ədalətin pozulması kimi qiymətləndirilə bilər. Nəyə görə? Çünki tələbə qəbulunun planı müəyyənləşdirilərkən dövlət ali məktəblərinin mövcud binaları, maddi-texniki bazalarının verdiyi imkan və müəllim potensialı nəzərə alınır. Ödənişli təhsil alanlar həmin binalarda yerləşdirildiyindən istər-istəməz ödənişsiz təhsil üçün ayrılmış yerlərin sayı məhdudlaşdırılır. Yaxud ümumi say artdığından hər tələbə üçün təhsil şəraiti pisləşmiş olur.
Özəl ali məktəblər isə dövlət ali məktəblərinin binaları və maddi-texniki bazası hesabına açılmadığından burada təhsil alanların sayı ödənişsiz təhsil alanların məhdudlaşdırılması hesabına artmır. Özəl təhsil müəssisələrinin mövcudluğu yeni iqtisadi münasibətlər sisteminin doğurduğu yeni imkanlardan istifadə olunması deməkdir. Başqa sözlə, dövlət büdcəsi ilə yanaşı, ictimai kapitalın da təhsilin təşkilinə yönəldilməsi və beləliklə, dövlətin yükünün yüngülləşdirilməsi deməkdir.
Bazar iqtisadiyyatını bəhanə edib sosial ədalət prinsiplərini rəhbər tutan ənənəvi dövlət təhsil sisteminin laxladılması yolverilməz haldır. Dövlət ali məktəblərində ödənişli bölmənin ildən-ilə artması, bəzi ixtisaslar üzrə 60-70%-ə çatdırılması təhsilimizin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas pirnsiplərdən kənara çıxması kimi qiymətləndirilməlidir. Heydər Əliyev ona görə dövlət büdcəsində ən çox payın təhsilə ayrılmasını lazım bilir ki, burada sosial ədalət prinsipini qoruyub saxlamaq mümkün olsun. Ona görə də dövlət təhsili maliyyə sahəsində korluq çəkməməlidir. Təhsilin maliyyələşməsindən danışarkən Heydər Əliyev qeyd edirdi ki, təhsil sahəsində kəsirlər olmamalıdır. «Çünki təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətalar yaradacaqdır. Buna görə də təhsil dövlət tərəfindən maliyyələşdirilir, - az miqdarda özəl təhsil ocaqları var, - bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasətimizin öncül sahəsi hesab edəcəyik, bundan sonra səylərimizi davam etdirəcəyik.» (1 sentyabr 2001-ci il).
Dövlət təhsili öz ilkin ideyasının əleyhinə çıxaraq, öz üstünlüklərindən imtina edərək, qeyri-rəsmi şəkildə özəlləşərək özəl təhsil ideyasının qarşısında maneəyə çevrilməməlidir. Əks halda, dövlət və özəl təhsil sisteminin qaydasız, eklektik qatışığı bütün hibridlər kimi inkişaf potensialından məhrum olacaqdır. Lakin, təəssüflər olsun ki, bu hibrid özü inkişaf edə bilməsə də, onun əsasında duran hər iki ideyanın: həm dövlət, həm də özəl təhsil sisteminin inkişafına mane olmaq qabiliyyətinə malikdir.
Bəs dövlət ali məktəblərinin maliyyələşməsindəki çətinliklər nəyin hesabına kompensasiya edilməlidir? Bizə elə gəlir ki, burada ən əsas yol təhsildə optimal islahatlar aparılmasıdır. Dövlətin təhsil sahəsindəki maddi-texniki bazasından daha səmərəli istifadə etmək və qəpik-qəpik toplanmış dövlət büdcəsini gərəksiz yerə xərcləməmək üçün əvvəlcə bütün ixtisaslar üzrə dövlətin və cəmiyyətin ali təhsilli kadrlara real ehtiyacı öyrənilməlidir. Hər-hansı bir ixtisas üzrə tələbatdan artıq kadr hazırlığı dövlət büdcəsi hesabına həyata keçirilməməlidir.
Təəssüflər olsun ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının iqtisadi oriyentasiyasını, iqtisadiyyatın daxili strukturunu, xarici əlaqələrin real aspektlərini, habelə milli mədəniyyətin müstəqil dövlət şəraitindəki inkişafının xüsusiyyətlərini nəzərə alan təhsil konsepsiyası hələ də işlənib hazırlanmamışdır. Bunun üçün dövlət hər cür şərait yaratsa da, hətta bu məqsədə xidmət edən xüsusi tədqiqat insititutları yaradılsa da, ali təhsilin məzmununu real ictimai tələbata uyğunlaşdırmaq istiqamətində hələ heç bir iş görülməmişdir. Sovet dövründən qalma ali məktəblər və onların ixtisas bölgüləri, demək olar ki, tamamilə saxlanmış, heç bir ixtisar aparılmamış və yalnız çoxlu əlavələr edilmişdir. Təəssüf ki, bu əlavələrin də əksəriyyəti təkrar xarakteri daşıyır. Ancaq genişlənmək xəttini rəhbər tutan bu cür təhsil siyasəti keçid dövründə onsuz da bir sıra böyük çətinlikləri dəf etməli olan dövlətin üzərinə əlavə yük qoyur.
Bizə elə gəlir ki, təhsil öz inkişafını sadəcə dövlət büdcəsindən daha çox pul «qoparmaq» hesabına təmin etməməlidir. Daha doğrusu, bu yolla heç inkişaf etmək də mümkün deyil. Genişlənmək olar, lakin genişləndikcə, sistemin optimallığı azalırsa, bu yol inkişafa apara bilməz. Əsas vəzifə yığcam, lakin dinamik, intensiv sistem yaratmaq olmalıdır.
Təəssüf ki, təhsil sahəsində islahatlar həyata keçirilərkən təhsilin kimə və nəyə xidmət etməli olduğu, onun ali məqsədi yaddan çıxarılır. Təhsi özü özünün məqsədinə çevrilir və cəmiyyətə nə verməli olduğunu, öz əsas fyunksiyasını və sosial öhdəliklərini unudur. «Təhsil təhsil üçündür» prinsipindən istifadə etməklə cəmiyyətin inkişafına xidmət etmək olmaz. Təhsil cəmiyyət və dövlət üçün sadəcə yükə çevrilməməlidir. Əksinə, cəmiyyətə və dövlətə xidmət etməlidir. Heydər Əliyev iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetindəki çıxışında bu problemə toxunaraq demişdir: «Bizim elmimiz, təhsilimiz də dövlətimizin həm xarici, həm də daxili siyasətinin həyata keçirilməsini təmin etməlidir».
Təhsil ictimai-iqtisadi inkişafın aparıcı həlqələrindən birinə çevrilməli, bu inkişafa xidmət etməyən, məqsədi aydın olmayan, ölkənin real ehtiyaclarını ifadə etməyən təhsil sahələri isə məhdudlaşdırılmalı və ya ən azı dövlət büdcəsi hesabına həyata keçirilməməlidir. Digər tərəfdən, təhsil müəssisələrinin dövlətə münasibəti ancaq özünü düşünmək mövqeyindən olmamalı, israfçılıq, istehlakçılıq və sui-istifadə səciyyəsi daşımamalıdır. Necə olur ki, dövlətin təsis etdiyi təhsil müəssisələrində dövlətin binasından, maddi-texniki bazasından və neçə illər ərzində dövlət tərəfindən formalaşdırılmış hazır müəllim kollektivindən istifadə edildiyi halda təhsil haqqı kimi yığılan pullar dövlət büdcəsinə daxil olmur. Hər bir ali məktəb öz gəlirini özü bildiyi kimi istifadə etməyə çalışır və bu vaxt ümumi dövlət mənafeyi nə üçünsə yada düşmür. Daxil olan bütün vəsait əslində dövlətin olduğu halda, təhsil müəssisələrinə kiminsə şəxsi kommersiya müəssisəsi kimi yanaşılır. 100 faiz dövlətə məxsus olan vəsaitin 18 faizi ƏDV adı ilə tutulur ki, bu da ikiqat qanun pozuntusu yaradır. Digər tərəfdən, «gəliri» az olan ali məktəblərdə eyni rütbəli müəllimlər «gəliri» çox olanlara nisbətən az maaş alırlar ki, bu da sosial ədalət prinsipinin pozulması deməkdir. Dövlət ali məktəblərində maaşın artırılması üçün imkan yaranarsa, bu ancaq dövlət başçısının qərarı ilə bütün ali məktəblərə eyni dərəcədə şamil edilməlidir və dövlətin sosial siyasətinin tərkib hissəsi olmalıdır. Əks təqdirdə bəzi ali məktəblərin rəhbərləri bunu öz xidmətləri kimi qələmə verirlər. Prestijli ixtisassları əhatə edən ali məktəb rektorları qabiliyyətli, dövlətçilik baxımından heç də onlardan az əhəmiyyətli olmayan digər ali məktəblərin rektorları isə bir növ qabiliyyətsiz vəziyyətində görünürlər.
Yeni iqtisadi münasibətlərə keçməklə dövlət mülkiyyəti ilə xüsusi mülkiyyətin nisbəti dəyişdikcə təhsildə də adekvat nisbətin yaranması qanunauyğun haldır. Həm də iqtisadiyyatda olduğu kimi, burada da anti-monopol siyasəti yeridilməli, özəl sektorunun inkişafına dövlət qayğısı göstərilməlidir. Təsadüfi deyildir ki, Heydər Əliyev yeni dərs ilinin başlanması münasibətilə bir dövlət, bir də özəl məktəbdə olmuş və özəl təhsilə öz münasibətini bildirmişdir: «Dövlət təhsil sistemi ilə yanaşı, Azərbaycanda özəl təhsil sistemi də yaranır. Bu, müasir dövrün tələbidir. Biz bu hadisəni müsbət qiymətləndiririk». Lakin, təəssüf ki, müvafiq dövlət orqanları dövlət təhsil siyasətini məhz bu istiqamətdə həyata keçirmək və mülkiyyət formasından asılı olmadan bütün təhsil müəssisələrinə ancaq təhsilin keyfiyyət meyarları baxımından yanaşmaq əvəzinə açıq-aydın ayrı-seçkilik edir və təhsildə özəl sektora qarşı əks-təbliğatla məşğul olurlar.
Dövlətin orta təhsili bütövlükdə öz üzərinə götürməsi olduqca humanist bir addımdır. Əhalinin savadlanması dövlətçiliyin möhkəmləndirilməsi üçün də bir şərtdir. Vətəndaş hazırlamaq missiyası ilk növbədə dövlətin üzərinə düşür. Lakin ixtisaslı kadrların hazırlanması kimə lazımdır? Məsələn, müəyyən bir fəaliyyət sahəsi tamamilə xüsusi mülkiyyətə keçibsə, dövlət həmin sahədə çalışmaq üçün ali təhsilli kadrlar hazırlamaq məcburiyyətindədirmi? Misal üçün, kənd təsərrüfatı, inşaat və sair bu kimi sahələrin, demək olar ki, bütövlükdə özəlləşməsi şəraitində həmin ixtisaslar üzrə ali təhsilli kadrların hazırlanması kimin sifarişi və maliyyələşməsi ilə həyata keçməlidir? Əlbəttə, dövlətin pulu çoxdursa, bunu edə bilər. Lakin dövlət büdcəsi ümumi milli gəlirin heç də böyük hissəsini təşkil etmədiyi halda (bu nisbət beşin birə nisbəti kimidir), bu cür əlavə yükləri büdcənin üzərinə qoymaq nə dərəcədə məqsədəuyğundur?
Tərsini nəzərdən keçirək. Fundamental elmlərin inkişafı bu gün heç bir sahibkarı maraqlandırmır. Xüsusi mülkiyyətçilər pulu tez gəlir gətirən sahələrə qoyurlar. Bəs onda fundamental elmlər üzrə kadrlar hazırlanmasınmı? Strateji inkişaf naminə bu kadrlara böyük ehtiyac olduğundan, həmin vəzifəni dövlət öz üzərinə götürür. Lakin o hallarda ki, kadrların sifarişçisi xüsusi mülkiyyətçilər olmalıdır, dövlətin bu yükün altına girməsinə ehtiyac varmı?
Dövlətin ümumi iqtisadi inkişaf strategiyası və iqtisadiyyatın daxili strukturu dəyişdikcə, təhsil sistemi də ona adekvat şəkildə dəyişilməli və ən optimal hala gətirilməlidir. Lakin, təəssüf ki, hal-hazırda təhsil sistemndə aparılan islahatların nəyə əsaslandığı məlum deyil. Təhsillə iqtisadiyyatın əlaqəsi ilə bağlı heç tədqiqatlar da aparılmır. Əlaqədar təşkilatlar təhsilin əslində kimə və nəyə lazım olduğunun fərqinə varmadan, daha çox dərəcədə subyektiv mülahizələrlə islahat aparmağa çalışırlar. Bu isə yolverilməz haldır.
Ali təhsilin hansı ixtisaslar üzrə dövlət tərəfindən, hansı ixtisaslar üzrə özəl məktəblərdə verilməli olduğu ictimai-iqtisadi inkişaf kontekstində müəyyənləşdirilməlidir.
Bunun bir yolu budur ki, dövlət bütün sahələr üzrə özünə lazım olan kadr ehtiyacını öyrənərək məhz buna uyğun istiqamətlərdə və miqdarda kadr hazırlayır. Yerdə qalan ixtisaslar üzrə kadr hazırlığını bazar iqtisadiyyatının öhdəsinə buraxır. Yəni, belə bir prinsip rəhbər tutulur ki, hər kəs özü üçün kadr hazırlasın və təhsil sahəsində çalışan iş adamları da bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə, ictimai sifarişi nəzərə alaraq kadr hazırlasınlar. Bu halda hansı təhsil müəssisəsinin hazırladığı kadrlara daha çox üstünlük verilməsi müvafiq sahələr üzrə iş adamlarının mövqeyi ilə müəyyənləşir. Belə bir sağlam fikrə əsaslansaq ki, hər bir özəl müəssisə işçiləri diploma görə deyil, bilik və qabiliyyətinə, peşəkar keyfiyyətlərinə görə seçib götürürlər, onda təhsil müəssisələrinin imici də onun məzunlarına sosial sifarişlə müəyyən olunacaqdır.
Yaponiyada bazar iqtisadiyyatının başqa bir cəhəti ön plana çəkilmişdir. O sahələr üzrə ki, kadr hazırlığına cəmiyyətdə maraq var və əhali təhsil haqqını ödəməyə hazırdır, həmin sahələrdə kadr hazırlığı özəl təhsil müəssisələrinin öhdəsinə buraxılmışdır. Və əksinə. O sahələrdə ki, kadr hazırlığı böyük xərc tələb edir və əhali təhsil haqqını ödəməkdə maraqlı deyil, həmin sahələri dövlət öz himayəsinə götürür. Məsələn, fundamental elmlər üzrə kadr hazırlığı, habelə, mühəndis hazırlığı, yeni texnologiyalar üzrə mütəxəssislərin, müəllimlərin, hərbi işçilərin hazırlanması və s. dövlətin üzərinə düşür.
Bizdə tez-tez belə bir sual qoyulur: Nə üçün özəl ali məktəblər fizika, kimya, yaxud texniki elmlər üzrə kadr hazırlamır və daha çox dərəcədə humanitar sahələrə meyl edirlər? Bunu bəzən özəl ali məktəblərin çatışmazlığı kimi başa düşürlər. Lakin, halbuki, bunun çox sadə bir cavabı vardır. Texniki sahələrdə kadr hazırlığı daha böyük maddi-texniki baza və xərc tələb etdiyindən burada özünü maliyyələşdirmə prinsipi ilə işləmək çox çətindir. Xüsusən, nəzərə alsaq ki, maddi imkanı olan adamlar öz uşaqlarını əsasən hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və s. bu kimi ixtisaslar üzrə oxutdurmaq istəyirlər, onda özəl ali məktəblərin seçimi iqtisadi mülahizələrlə asanlıqla şərh olunur.
Sualı tərsinə də qoymaq olar. Nəyə görə hüquq və iqtisad üzrə kadrları özünü maliyyələşdirmə prinsipi ilə hazırlamaq mümkün olduğu halda, dövlət bu sahədə öhdəçiliyi öz üzərinə götürməyə çalışır? Bəlkə, ona görə ki, dövlət orqanlarında hüquqşünaslara ehtiyac vardır? Bəlkə, dövlət ancaq özü hazırladığı kadrlara etibar etməlidir? Necə ki, indi bəzi nazirliklər, dövlət orqanları özəl ali məktəbi bitirənləri işə götürməkdən imtina edirlər.
Lakin biz hüquqi dövlət qururuq. Və təhsil müəssisəsinin kimin tərəfindən maliyyələşdirilməsi yox, onun hüquqi statusu önəmlidir. Əgər ali məktəb akkreditasiyadan keçibsə və onun məzunlarına dövlət diplomu verilirsə, burada mülki mənsubiyyəti ön plana çəkmək yolverilməz haldır. Dövlət öz orqanları üçün kadr hazırlanmasına sifarişi özəl təhsil müəssisəsinə də verə bilər. Təki, keyfiyyət onu qane etsin. Necə ki, maddi istehsal sahələrində bu, artıq normal hala çevrilibdir.
Bir sıra ölkələrdə hər bir ali məktəb öz diplomunu verdiyiynə görə mütəxəssisləri işə götürərkən ali məktəblərin imici əsas göstəricilərdən biri kimi çıxış edir. Məsələn, ABŞ-da Harvard Universitetinin, Türkiyədə Bilkənd Universitetinin diplomu ilə gedənlər üçün qapılar həmişə açıqdır. Çox vaxt əlavə yoxlamaya da ehtiyac duyulmur.
Amma bizdə təhsil sistemində sovet ənənələri hələ də davam etdiyindən «vahid dövlət diplomu» anlayışı vardır. Həm də bu diplomu kimə verib-verməmək məsələsini ali məktəb yox, Təhsil Nazirliyi müəyyənləşdirir. Hər il neçə ali məktəbi nə qədər məzun bitirir?! Bütün məzunları bir-bir yoxlayıb hər biri üçün diplom ayrılması məsələsini həll etmək, göründüyü kimi, çox ağır bir işdir. Bu gün Təhsil Nazirliyi könüllü surətdə bu ağırlığın altına girməklə, şübhəsiz, böyük fədakarlıq edir. Xarici ölkələrdə müvafiq dövlət qurumları olsa-olsa ali məktəblərin akkreditasiyası ilə məşğul olur. Akkreditasiyadan keçmiş hər bir ali məktəb isə tələbələrə diplom verilməsi məsələsini özü həll edir. Və ümumiyyətlə, diplom blankı bir mətbəə məhsulu olaraq böyük önəm kəsb etmir. Əsas məsələ həmin blanka kimin imza atmasından ibarətdir. Yəni, hər şey ali məktəbin nüfuzundan, imicindən asılıdır.
Bizdə isə sovet dövründən qalmış ənənəyə uyğun olaraq nazirlik məmurları öz üzərinə universitetlərin elmi şuralarından, dövlət imtahan komissiyalarından daha böyük məsuliyyət götürməyə meyllidirlər.
Ali məktəblərə, elmi şuralara, ümumiyyətlə, professorlara etibarın azalması təkcə Təhsil Nazirliyinin deyil, TQDK-nın da münasibətində üzə çıxır. Belə ki, bilik mərkəzləşmiş qaydada müəyyənləşdirildikdən sonra tələbələrin yerləşdirilməsi məsələsi də ali məktəbə etibar edilmir və bu funksiyanı TQDK öz üzərinə götürür.
Biz bu fikirdən uzağıq ki, dövlət ancaq öz ehtiyaclarına uyğun sahələrdə kadr hazırlamalıdır. Dövlətin mühüm funksiyalarından biri ümumiyyətlə cəmiyyətin yüksələn xətt üzrə inkişafını təmin etməkdir ki, bunun da əsasında hər şeydən əvvəl təhsil dayanır.
Bütün dünyada, o cümlədən də Azərbaycanda təhsil dövlətin sosial siyasətinin mühüm tərkib hissələrindən biri hesab olunur. Təhsil heç vaxt kommersiyanın bir sahəsi hesab olunmayıb. Ümummilli liderimiz Heydər Əliyevin təhsilə münasibəti həmişə birmənalı olmuşdur: «Təhsil biznesə çevrilməməlidir». «İndi biznes, yəni özəl sektor bizim iqtisadiyyatımızda aparıcı yer tutur, amma təhsil sahəsi müqəddəs sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur». («Azərbaycan» qəzeti. 2 sentyabr 2001-ci il).
Təəssüflər olsun ki, bu sahədəki qanun boşluqları və təhsilə rəhbərlik edən, təhsil siyasətinin dövlət başçısı tərəfindən müəyyən edilmiş sosial yönümünü qoruyub-saxlamağa məsul olan şəxslər bu xətti heç də həmişə həyata keçirmirlər. Nəticədə iş o yerə gəlib çatıb ki, dövlət təhsil müəssisələrinin statusu bir çox hallarda kommersiya müəssisələri ilə eyniləşdirilir. Dövlət təhsil müəssisələrində ödənişli sektorun ildən-ilə genişlənməsi və bu sahədə maliyyə siyasətindəki boşluqlar bu müəssisələrin əsas funksiyasının və mahiyyətinin arxa plana keçməsi ilə nəticələnmişdir. Elə bir situasiya yaranmışdır ki, artıq dövlət universitetlərinin kommersiya müəssisələrinə çevrilməsinin hüquqi bazası yaradılır. Dövlət qeydiyyatından keçərkən dövlət ali məktəbləri kommersiya müəssisələrinin təsnifatına daxil edilir. Hətta mülki məcəllədə də, hüquqi şəxslərin təsnifatında da təhsil müəssisələrinin spesifik statusunu nəzərə almaq yaddan çıxarılmışdır. Bu sahədəki qanun boşluğunu və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün görülən işlər isə, təbii ki, bu qeyri-müəyyənlikdə şəxsi maraqları olan dövlət məmurları tərəfindən müqavimətə rast gəlir.
«Təhsil Qanunu»nun nə üçün gecikməsi sualı son vaxtlar tez-tez səslənir. Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının hazırladığı layihədə Heydər Əliyevin təhsil sahəsində irəli sürdüyü strateji kursun həyata keçirilməsi, yuxarıda göstərilən qanun boşluqlarının aradan qaldırılması istiqamətində böyük addımlar atılmışdır. Lakin, görünür ki, bu hal müvafiq icra hakimiyyəti orqanlarını narahat edir və ona görə də bu qanunun həmin şəkildə qəbul olunmaması üçün əllərindən gələni edirlər.
Mənə elə gəlir ki, biz Təhsil Qanununa iki münasibətin toqquşması ilə üzləşmişik. Kimsə dövlətçilik maraqlarını, kimsə şəxsi və ya idarə maraqlarını daha üstün tutur. Və mənə elə gəlir ki, Azərbaycanda Heydər Əliyevin yaratdığı və indi prezident İlham Əliyevin inkişaf etdirdiyi dövlətçilik kursu bu mübarizədə də üstün gələcək və Azərbaycan təhsil sistemi yeni inkişaf impulsu alacaqdır.
Dövlət büdcəsində təhsilin yeri
Dövlət büdcəsinin ölkənin təsərrufat sistemində və ümumi sosial-iqtisadi siyasətin həyata keçirilməsində yeri və rolu məsələsi milli maraqlar və mədəni-mənəvi dəyərlər sistemi ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilərkən təhsil sahəsi ön plana çıxır. Büdcənin miqdarca çox olması sosial-iqtisadi inkişafın yeganə göstəricisi deyil. Əsas məsələ dövlət büdcəsinin ölkənin ümumi sosial-iqtisadi inkişafını yönəltmək və stimullaşdırmaq funksiyasıdır.
Dövlət büdcəsi ümumi daxili məhsulun kiçik bir hissəsini əhatə edir. Belə olan halda bizim büdcəyə münasibətimiz də sovet dövründəkindən fərqli olmalıdır. Yəni dövlətin iqtisadi inkişafa təsir imkanları və bu təsirin səmərəlilik dərəcəsi araşdırılmalıdır. Bu imkanlar ancaq maliyyə vasitələrindən, birbaşa maliyyə yatırımından ibarət deyil. İqtisadi prosesə təsir göstərməyin inzibati amirlik metodundan və vahid mülkiyyətçilik səlahiyyətindən imtina etdikdən sonra dövlətin iqtisadi prosesə təsir göstərmək imkanları xeyli dərəcədə məhdudlaşmışdır. Ona görə də bu məhdud imkanlardan daha səmərəli istifadə etmək üçün yeni metod və mexanizmlər işlənib hazırlanmasına ehtiyac yaranır. Bu yeni vasitələrdən ən mühümü ictimai şüurun düzgün yönəldilməsidir ki, burada da kütləvi informasiya vasitələrinin, elm və təhsil sistemlərinin üzərinə böyük yük düşür.
Nə kimi bir yük, necə, hansı yolla – bütün bunlar yeni iqtisadi təfəkkürün yeni fəlsəfi təfəkkür kontekstinə salınmasından, milli ideologiyanın strukturunda düzgün yer tapmasından asılıdır. Bu sahədə elmi-fəlsəfi konsepsiyaların hazırlanması işi təəssüf ki, hələ ləng gedir. Təsadüfi deyildir ki, prezident İlham Əliyevin verdiyi ilk fərmanlardan biri məhz «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» (24 noyabr 2004-cü il) olmuşdur. Bu fərman əslində uzunmüddətli sosial-iqtisadi inkişaf layihəsinin strateji əsaslarını ifadə edir. Bu əsasda konkret sahələr üzrə proqramlar hazırlanmasına böyük ehtiyac vardır. Elm və təhsil kimi strateji fəaliyyət sahələrinin sosial-iqtisadi rolu da məhz belə uzunmüddətli fəaliyyət layihələri çərçivəsində aydınlaşa bilər.
Bir illik dövlət büdcəsinə uzunmüddətli sosial-iqtisadi inkişaf proqramı kontekstində nəzər salarkən maliyyə vəsaitindən heç də az önəmli olmayan başqa aspektlər də önə çıxır. Məhz inkişaf strategiyasının önəmli olduğunu, pulun isə ancaq vasitəçi rol oynadığını təsəvvür etmək üçün Əbu Turxanın məşhur kəlamını xatırlatmaq istərdim: «Pul kisəsi elə böyük olmamalıdır ki, içərisinə girəsən. İçərisinə girdinsə, daha sən onu yox, o səni idarə edəcək». Ayrı-ayrı adamlara tətbiq olunduqda bu fikir daha aydındır. Yəni adamın maddi imkanı ilə onun faydalı əməli fəaliyyət potensialı arasında müəyyən uyğunluq olması zəruri hesab edilir. Bunu belə başa düşmək lazım deyil ki, biz dövlət büdcəsinin artmasından narahatlıq keçiririk. Yox, büdcə nə qədər böyük olsa, o qədər yaxşıdır. Lakin bir şərtlə ki, biz ona içəridən yox, daha böyük sosial-iqtisadi proseslər miqyasından nəzər salaq. Yəni, büdcə özü-özlüyündə məqsədə çevrilməsin, büdcənin əslində nə üçün olduğu, nəyə xidmət etməli olduğu yaddan çıxarılmasın.
Dövlət büdcəsinin iqtisadi inkişafa xidmət etməsi heç də təkcə kiçik biznesin, sahibkarlığın inkişafı üçün ayrılmış vəsait hesabına həyata keçmir. Elm və təhsilə ayrılan vəsait də xeyli dərəcədə bu məqsədə xidmət etməlidir. Bu sahələrə ayrılan vəsaitin ənənəvi olaraq sosial inkişaf amili kimi dəyərləndirilməsi məsələnin birtərəfli, yarımçıq şərhidir. Əslində isə bütün qabaqcıl ölkələrdə iqtisadi inkişafın əsas amillərindən biri elmdir. Sənayenin, texnoloji sistemlərin «elm tutumlu» olması inkişaf üçün əsas meyar sayılır. Bizim büdcədə də elmə ayrılan vəsait əvvəlki illərə nisbətən xeyli artırılmışdır. Bu, əlbəttə, yaxşıdır. Lakin bu sahənin proqnozu və əsaslandırılması heç bir elmi təhlilə əsaslanmamışdır. Ümumiyyətlə, bizdə maddi təsərrüfat sahələrinin iqtisadi mexanizmi və səmərəsi araşdırıldığı halda, elm və təhsil sahələrinin sosial-iqtisadi səmərəsinin araşdırılma mexanizmi yoxdur. Ayrılmış vəsaitin xərclənməsi haqqında hesabat sadəcə maliyyə hesabatını xatırladır. Filan qədər vəsait tikintiyə, filan qədər təmirə, filan qədər kompüterlər alınmasına, filan qədər maaşa və s… Belə çıxır ki, məqsəd ancaq daha çox pul ayrılması və onun xərclənməsi barədə maliyyə hesabatından ibarətdir. Nəzarət də elə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Lakin bu qədər vəsaitin nə kimi bir səmərə verməsi, gözlənilən nəticə, onun ölçü meyarları və s. qaranlıq qalır. Təsadüfi deyildir ki, 2005-ci ilin Dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclisdəki müzakirəsi zamanı Təhsil Nazirinin məlumatı əsasən maliyyə hesabatını xatırladırdı. Nazirin dediyinə görə, bu sahədəki səmərə ancaq on ildən sonra özünü göstərə bilər. Lakin kim zəmanət verir ki, on ildən sonra təhsildə gedən proseslərin müsbət səmərəsi əvəzinə acı nəticələri ilə üzləşməyəcəyik? Axı, belə qaradüzənə, nəticəsi və səmərəsi qeyri-müəyyən olan prosesə pul xərclənməsi risk deyilmi?
Əlbəttə, biz təhsilə ayrılan maliyyə vəsaitinin azaldılmasını təklif etmirik. Sadəcə olaraq vurğulayırıq ki, təhsildə gedən proseslərin səmərəsini proqnozlaşdıra bilmək üçün etibarlı elmi mexanizm işlənib hazırlanmalıdır.
Biz təhsilin cari vəziyyətini dəyərləndirmək üçün on il sonranı gözləməməliyik və bunu qiymətləndirilməsi mümkün olmayan bir şey kimi qələmə verməməliyik. Əvvəlki illərdə təhsildə gedən proseslər, bu sahədəki mənəvi atmosfer indi artıq öz nəticələrini göstərməkdədir. Bunu yoxlamaq üçün olduqca müxtəlif üsullar və metodlar var. Lakin yoxlayan qurum, nəzarət edən qurum icraçının özü olmamalıdır. Təəssüf ki, bizdə ictimai nəzarət üçün mexanizm hazırlanmadığından biz ancaq ya icraçı qurumun öz hesabatına, ya da ictimai rəyə istinad etmək məcburiyyətindəyik.
Orta təhsil icbaridir və bunun məsuliyyətini dövlət öz üzərinə götürmüşdür. Lakin ali təhsil konkret sosial sifarişə və iqtisadi inkişafın tələblərinə əsaslanmalıdır. Hansı ixtisaslar üzrə və nə qədər ali təhsilli kadr hazırlanması məsələsi Təhsil Nazirliyinin və ya humanitar şöbələrin yox, bütövlükdə hökümətin və ilk növbədə İqtisadi İnkişaf Nazirliyinin funksiyasına aid edilməlidir. Daha doğrusu, bunun üçün elmi-sosioloji proqnozlar aparılmalıdır. Bu çox çətin və məsuliyyətli bir işdir. Lakin elm bu işlə məşğul deyilsə, bəs nəyə xidmət edir? Təəssüf ki, elmdə monopoliya iddiasında olan Milli Elmlər Akademiyası bu işə cəlb edilməmişdir. Yeri gəlmişkən, dövlət büdcəsindən elmin inkişafı üçün ayrılmış maliyyə vəsaitinin ancaq MEA-ya ünvanlanması da ölkəmizdə elmin real mənzərəsini əks etdirmir. Belə ki, elmi işçilərin böyük əksəriyyəti təhsil müəssisələrində və sahə elmini təmsil edən təşkilatlarda cəmlənmişdir. Bu müəssisələrdə elmin inkişafı diqqət mərkəzinə çəkilməlidər. Ali məktəblərdə elmi mühit olmasa, burada çalışan nə qədər alimlərin elmi potensialı istifadəsiz qalır?!
Nə yaxşı ki, son illərdə sahə elmi yenidən inkişaf etməyə başlamışdır. Bu baxımdan, İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən İqtisadi İslahatlar Mərkəzinin müsbət fəaliyyəti qeyd edilməlidir. Elmə ayrılan vəsait məqsədyönlü layihələr üzrə nəzərdə tutulsa, səmərəsi daha çox olar. Büdcədən elmə ayrılmış vəsaitin böyük bir qismi də məhz pozitiv fəaliyyəti göz qabağında olan sahə elmlərinin payına düşməlidir. Ümumiyyətlə, konkret iqtisadi proqnozu verilməyən, səmərəsi məlum olmayan sahələr üzrə maliyyə vəsaiti ayrılması praktikası məhdudlaşdırılmalı, əvəzində ilk növbədə sosial-iqtisadi inkişafın elmi proqnozlaşdırılması və konkret iqtisadi layihələr üzrə maliyyələşdirməyə üstünlük verilməlidir.
Ali məktəblərə büdcədən vəsait ayrılarkən daha yüksək təhsil şəraiti ilə yanaşı, daha yüksək elmi tədqiqat mühiti də bir göstərici kimi nəzərə alınmalıdır. Bu, universitetlərimizin həm də bir elmi mərkəz kimi fəaliyyəti üçün stimul ola bilər.
Orta təhsildə ikiləşmə. Formal və həqiqi təhsil
Mən indi nailiyyətlər haqqında geniş danışanda heç kəs elə düşünməsin ki, guya hesab edirəm ki, bizim bütün təhsil sistemi, o cümlədən, orta təhsil sistemi qüsursuzdur, nöqsansızdır.
Heydər Əliyev
Hazırda təhsil sistemində yaranmış böyük ziddiyyətlərdən biri orta məktəblərdə verilən biliyin məzmunu ilə ali məktəblərə qəbul zamanı yoxlamanın məzmunu və forması arasındakı uyğunsuzluqdur. Sosioloji tədqiqat göstərir ki, TQDK tərəfindən yüksək bal verilmiş abituriyentlərin hamısı repititorlar vasitəsilə hazırlaşmışdır. Ancaq məktəb biliyinə əsaslanan ən istedadlı şagirdlər belə 400-dən yuxarı bal toplaya bilmirlər. Axırıncı sinif şagirdləri repititorla daha intensiv məşğul olmaq üçün hətta məktəbdən yayınmaq məcburiyyətində qalırlar. Valideyn repititora TQDK-nın nümunə testləri əsasında bilik verdiyinə görə, orta məktəbin müdiriyyətinə isə uşağı dərsə gəlmədən attestat alması üçün pul ödəməli olur. Gözümüzün qarşısında məktəb ikiləşir: rəsmi, lakin formal məktəblər, qeyri-rəsmi, lakin tələbata uyğun bilik verən hazırlıq kursları və repititor «məktəbləri».
Bu ikiləşmə nəyə görə baş verir? Niyə TQDK ilə rəsmi orta məktəb arasında belə böyük uçurum vardır? Məktəblərmi şagirdləri qəbulun tələbatına uyğun hazırlaya bilmir, yoxsa TQDK-mı qəbul testlərini real məktəb biliklərinə uyğun surətdə qurmur?
TQDK belə hesab edir ki, testlər məktəblərin verdiyi real biliyə görə deyil, məktəb proqramları əsasında hazırlanmalıdır. Əgər məktəblər proqrama uyğun bilik verə bilmirsə, bu, TQDK-nın yox, məktəblərin problemidir. Bu mövqedə, əlbəttə, müəyyən həqiqət vardır. Proqramların hansısa yüksək ideal əsasında yox, Azərbaycanın orta məktəblərində dərs deyən müəllimlərin və deməli, həm də şagirdlərin real bilik səviyyəsinə uyğun şəkildə hazırlanması, görünür, əlaqədar təşkilatların ağlına gəlmir. Əlbəttə, TQDK-nın orta məktəbə qoyulan tələbatdan, proqramların məzmunundan deyil, məktəbin real səviyyəsindən, abituriyentlərin məktəbdə qazandığı biliklərin orta həddindən çıxış etməsi və testləri buna uyğunlaşdırması geriyə doğru bir addım olardı. Başqa sözlə, biz real səviyyəni qaldıra bilmədiyimiz üçün tələbləri və meyarları aşağı salmaqla uyğunluq yaratmağa çalışsaq, bu, məsələnin heç də arzu olunan həlli olmaz. Lakin orta məktəbin real səviyyəsi qalxana qədər (bu – günün ən mühüm vəzifələrindəndir), müəyyən kompromislər tapılmalı, «qızıl orta» prinsipi rəhbər tutulmalıdır.
Orta məktəblərin belə sürətli deqradasiyası şəraitində TQDK-nın keçirdiyi qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticələrdə bir yüksəliş müşahidə olunması nə ilə əlaqədardır? Bu paradoksu ancaq bir hadisə ilə izah etmək olar. Son illərdə Azərbaycanda parakəndə halda alternativ məktəb formalaşmaqdadır. Repititorların fəaliyyəti ildən-ilə genişlənərək təhsil sistemimizdə nəzərə çarpacaq səviyyəyə çatmışdır. Artıq məktəb dərsliklərinə alternativ olaraq test üsulu ilə imtahan verməyə uyğunlaşdırılmış yeni dərs vəsaitlərləri yazılır və ildən-ilə artır. «Alternativ məktəb» sisteminin öz peşəkar müəllimləri xüsusi dərs vəsaitləri və sair bütöv bir şəbəkə halında birləşərək bir növ köhnəliyin qalığını xatırladan rəsmi orta məktəb sisteminə meydan oxuyur.
TQDK-nın üslubuna uyğunlaşdırılmış alternativ məktəb sistemi! Ola bilsin ki, bu yeni qeyri-rəsmi təhsil formasının miqyası rəsmi orta məktəb sisteminin miqyası ilə müqayisədə hələ xeyli kiçikdir. Lakin maraqlı da burasıdır ki, TQDK-nın tələblərinə adekvat cavab verməklə ən yüksək bal toplayan və ən prestijli ixtisaslara qəbul olunan da məhz bu alternativ məktəbin məzunlarıdır.
Bəs dövlətin milyonları hara sərf olunur? Əgər cəmiyyət özü dövlətin bir qəpik də xərc çəkmədiyi alternativ təhsil sistemini yaratmaq məcburiyyətindədirsə, dövlət büdcəsinin dörddə birinin sərf olunduğu rəsmi məktəb sistemi nə vaxt hərəkətə gəlib yeniləşəcəkdir?
Bəli, məktəblə qəbul imtahanları arasında sözün həqiqi mənasında bir uçurum yaranmışdır. Son illərdə orta məktəbin səviyyəsi müasir tələblərə uyğun surətdə yuxarı qalxmaq əvəzinə, xeyli aşağı enmişdir. Biz sovet təhsil sistemini dəyişdirmək istəyərkən, onun ən yaxşı ənənələrindən imtina etmiş və əsasən pis cəhətlərini qoruyub saxlamışıq.
Sovet məktəbində kifayət qədər hərtərəfli bilik verilməklə yanaşı uşaqların mühakimə və yaradıcılıq qabiliyyətini inkişaf etdirən təcrübi məşğələlər, çalışmalar, məsələ və misalların bolluğu şagirdləri birtərəfli inkişafdan qoruyurdu. İmtahanlarda da onların hafizəsi ilə yanaşı, həm də mühakimələri, problemləri araşdırmaq, məsələləri həll etmək qabiliyyəti yoxlanırdı. Bilikləri sadəcə yadda saxlamaq yox, həm də onları əldə etmək, təcrübədə sınaqdan keçirmək, isbata yetirmək vərdişləri aşılanırdı.
Riyaziyyatda məsələ həlli, ədəbiyyatda inşa yazı ön plana çəkilirdi. Bütün bunlar müqayisədə sovet məktəbinin başlıca üstünlükləri idi. Qərb məktəblərində nə vaxtsa alimlərin kəşf etdiyi qanunların, hazır biliklərin yenidən «kəşfinə», nəzəri cəhətdən əsaslandırılmasına, məntiqi yolla isbatına deyil, hazır biliklərin həyatda istifadəsinə, tətbiq yollarının öyrənilməsinə üstünlük verilir. Bu baxımdan, hafizə və praktik vərdiş ön plana keçir. Biliklərin testlərlə yoxlanılması və burada hazır cavablardan birini seçmək şansı verilməsi isə daha çox hafizəyə istinad edir.
Mühakimənin isə testlə yoxlanması xeyli dərəcədə çətindir. Düzdür, bəzi xarici ölkələrdə bu istiqamətdə böyük naliyyətlər əldə edilmişdir, lakin, təəssüf ki, TQDK-nın tərtib etdiyi əsasən hafizənin yoxlanmasına xidmət edir.
Test üsulunun ən üstün cəhətləri yoxlamanın mərkəzləşmiş qaydada aparılmasındadır. Burada hamıya eyni meyardan çıxış edərək qiymət vermək imkanındadır. Qiymətləndirmənin birmənalı rasional metodlarından istifadə olunmasındadır. Qiymətləndirmə zamanı subyektiv meyllərin istisna olunmasındadır. TQDK-nın məhdud sayda işçilərinin qəbulda iştirak edən külli miqdarda tələbələrlə, onların valideynləri ilə gizli əlaqələrə girmək imkanlarının məhdudluğundadır. Onun ərazilərdə rəsmi fəaliyyət göstərən geniş şəbəkəsinin olmamasındadır. TQDK-ya hər adamın əlinin çatmamasındadır.
Təhsil və milli təhlükəsizlik
Əksər hallarda milli təhlükəsizlik dövlət sərhədlərinin qorunması, xarici kəşfiyyata qarşı mübarizə və s. konkret mənalarda başa düşülür. Xüsusən ərazisinin bir hissəsi işğal olunmuş dövlətdə əraziyə, sərhəddə həssas münasibət təbii bir haldır. Lakin silahlı qüvvələrin açıq müdaxiləsi ilə işğaldan başqa iqtisadi, mədəni, mənəvi aspektlərdə də müstəqilliyin tam və ya qismən itirilməsi mümkündür. İqtisadi inkişaf səviyyəsi aşağı olan, siyasi müstəvidə nüfuz qazana bilməmiş bir çox ölkələrin böyük dövlətlərin təsir dairəsində olduğu yaxşı məlumdur.
Azərbaycan da müstəqillik haqqında Konstitusiya aktını qəbul etdikdən sonra hələ müstəqil iqtisadi və mədəni-mənəvi inkişaf strategiyası olmadığından bir neçə il özünü tam müstəqil dövlət kimi təsdiq edə bilməmişdir. MDB məkanındakı bir çox dövlətlər hələ indi də ancaq formal müstəqilliyə malikdirlər. Azərbaycanda isə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sözün böyük mənasında müstəqil dövlət quruculuğu həyata keçirildiyindən məhz milli maraqlara xidmət edən iqtisadi inkişaf konsepsiyası, məqsədyönlü neft strategiyası ilə bərabər, mədəni-mənəvi dəyərlərimizin də qorunub-saxlanması və inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Strateji əhəmiyyətli sahələrdən biri də təhsildir. Burada da Azərbaycan dövlətçiliyinin və milli maraqların üstün tutulması bütün ölkə ərazisində vahid təhsil siyasətinin həyata keçirilməsi, təhsildə sağlam mənəvi iqlim yaradılması mühüm şərtlərdən biridir. Artıq neçə illərdir ki, Azərbaycanda dövlət təhsil siyasətinin işlənib hazırlanması, təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür və buna nail olmaq üçün geniş miqyaslı müzakirələr aparılır, diskussiyalar gedir. Burada keçid dövrünün xüsusiyyətlərindən irəli gələn bir sıra ciddi problemlər var və onların aradan qaldırılması yolları axtarılmaqdadır. Lakin başqa sahələrdə olduğu kimi təhsil sferasında da elə məsələlər vardır ki, onları ancaq ölkədaxili problem olaraq həll etmək mümkün deyildir. Azərbaycan bir sıra xarici ölkələrlə və ilk növbədə yaxın qonşuları ilə başqa sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq edir. Azərbaycanın bu əməkdaşlıqda marağı olmaqla bərabər böyük təhlükəsi də vardır. Xarici iqtisadi əlaqələrin daxili iqtisadi inkişafla həmahəng surətdə həyata keçirilməsi üçün məqsədyönlü gömrük siyasətinə ehtiyac olduğu kimi, təhsil sahəsindəki xarici əlaqələrin milli maraqlar mövqeyindən məqsədyönlü surətdə tənzimlənməsinə böyük ehtiyac vardır. Belə ki, ideoloji və hətta siyasi, iqtisadi və mədəni-mənəvi diversiyaların mühüm formalarından biri də təhsil sahəsindəki diversiyadır. Bu sahədə xariclə əlaqə düzgün tənzim olunmazsa, daxildə normal təhsil siyasətinin həyata keçirilməsi qeyri-mümkündür.
Təhsil mütəxəssislərinin, təhsillə bağlı debatlar aparan KİV nümayəndələrinin başı bu sahədə dövlət və özəl sektorlar arasındakı nisbətin aydınlaşdırılmasına qarışdığı bir vaxtda bəzi qonşu ölkələrdə məhz Azərbaycana ünvanlanmış nə kimi bir «təhsil siyasəti» həyata keçirildiyi nəzərdən qaçırılır ki, buna da heç cür yol vermək olmaz.
Neçə illərdir ki, Azərbaycanda Rusiyanın bir sıra ali məktəblərinin filialları fəaliyyət göstərməkdədir. Dağıstanın və digər bölgələrin ali məktəbləri guya bizim ölkədəki müvafiq ali məktəblərdən daha yüksək durumda imişlər kimi ölkəmizdə öz filiallarını açaraq «bizi inkişaf etdirməyə çalışırlar». Bizcə, bu filiallara münasibətin arxasında biz Rusiyanın milli maraqlarını görə bilmiriksə, Azərbaycana bu «yardımın» başqa izah yolları axtarılmalıdır. Görəsən, biz niyə başqa ölkələrdə universitetlərimizin filiallarını açmırıq və ya aça bilmirik? Başqaları isə bizə asanlıqla yol tapa bilirlər?
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə universitetlərinin filialları bir yana dursun, başqa ölkələrin öz daxillərində açdığı bəzi filiallara diqqət yönəldək. Son illərdə Gürcüstan Respublikasının bir sıra tanınmış dövlət universitetləri əsasən azərbaycanlıların yaşadığı və Azərbaycanla sərhəddə olan Marneuli rayonunda beş-altı filial açıblar. Hətta orta məktəblərin çətinliklə fəaliyyət göstərdiyi, təhsilin xeyli aşağı səviyyədə olduğu bu bölgədə universitetlər necə fəaliyyət göstərir? Burada kimlər və hansı dildə dərs deyir? Əsasən ödənişli formada olan bu təhsil kimin maraqlarına uyğundur və kimə ziyan gətirir? Xüsusi tədqiqat aparmadan da vəziyyətlə ilk tanışlıq göstərir ki, Gürcüstanın dövlət universitetlərinin diplomlarını verən bu qondarma filiallarda təkcə Marneuli rayonunun azərbaycanlı sakinləri yox, Azərbaycanın əksər bölgələrindən olan tələbələr də «təhsil alırlar». Onlar statusu şübhəli olan özəl yox, məhz dövlət ali məktəblərində «təhsil aldıqlarından» dörd il ərzində asanlıqla hərbi mükəlləfiyyətdən azad olunur və təhsillərini başa vurduqdan sonra Gürcüstanın nüfuzlu dövlət ali məktəblərinin diplomları ilə Azərbaycanda həqiqi təhsil almış məzunların işlə təmin olunmasında rəqib kimi çıxış edirlər. Heç bir real təhsil görməmiş diplomlu məzunlar neçə-neçə istedadın yerini tutur.
Əlbəttə, Gürcüstan bizə dost dövlətdir və çətin ki, burada Azərbaycan təhsil sisteminə qarşı bir təxribat planı hazırlanmış olsun. Bu vəziyyətin izahı sadəcə həmin ölkədə əhalinin bizə nisbətən ağır durumu və Tbilisi universitetlərinin merkantil maraqlarıdır. Onlar üçün hər tələbədən ildə 200 dollar almaq da qənimətdir. Lakin bunun Azərbaycan təhsil sisteminə nə kimi ziyanlar vurduğu haqqında ilk növbədə biz özümüz düşünməli və müvafiq tədbirlər görməliyik.
Bu məsələdə Türkiyə Respublikasının təcrübəsi önəmli rol oynayır. Onlar hər hansı başqa bir ölkəyə, hətta inkişaf etmiş Qərbi Avropa universitetlərinə də Türkiyədə özlərinin filiallarını açmağa icazə vermirlər. Görəsən, nə üçün? Məgər məşhur Qərb universitetlərinin Türkiyədə filiallarının olması təhsilin inkişafına xidmət etməzmi? Lakin bu ilk baxışda belə görünür. Filiallarda səviyyə, heç şübhəsiz, Qərb universitetlərinin öz səviyyələrindən xeyli aşağı ola bilər. Çünki avropalı professorların öz universitetlərini buraxıb filiallarda dərs deməsi ehtimalı azdır. Lakin bu əslində əsas səbəb deyil. Türkiyə Respublikası öz tədris planları və proqramları əsasında sadəcə bilikli insanlar deyil, həm də yüksək ixtisaslı vətəndaşlar hazırlayır. Erməni genosidindən bəhs edəcək fransızların hazırlayacağı kadrlar Türkiyənin milli maraqlarına cavab verərmi?
Bəs görəsən Dağıstandan və Rusiyanın digər bölgələrindən bizə hansı professorlar və nə məqsədlə gəlir? Onlar nə dilində dərs deyirlər? Harada və necə yaşayırlar? Bizdə universitet kampusları mövcuddurmu? Digər tərəfdən Rusiya bizim milli maraqlarımıza uyğun kadr hazırlaya bilərmi?
Xeyr. Rusiyalı professorlar hər hansı bir filialda dərs demək üçün Azərbaycana gəlməyi heç lazım da bilmirlər. Onlar diplomu formal sənədlər müqabilində də verə bilərlər. Təki, maddi maraqları ödənmiş olsun. Biliksiz, lakin diplomlu kadrların hazırlanması (onu da qeyd edək ki, dövlətlərarası müqaviləyə görə Rusiya ali məktəblərinin verdiyi diplomlar Azərbaycanda keçərlidir) Rusiyanı, yoxsa bizi narahat etməlidir? Bu vəziyyətin qarşısını almaq üçün məqsədyönlü tədbirlər görülməli deyilmi?
Xarici ölkədə verilmiş diplomun heç bir qeyd-şərtsiz tanınması, yoxsa, bunun üçün müvafiq yoxlama prosedurlarının aparılması daha məqsədəuyğundur? Dövlətlərarası müqavilədən çıxış etsək, yəqin Türkiyə də bizim ali məktəblərin verdiyi diplomları tanımalıdır. Lakin onlar müvafiq yoxlama aparmadan heç bir diplomu tanımırlar. Xüsusən, Türkiyə vətəndaşları Azərbaycanda təhsil alıb geri qayıtdıqdan sonra onların real bilik səviyyələrini yoxlamağı heç vaxt unutmurlar. Nəyə görə? Bu necə dostluqdur ki, onlar bizim professorların imzalarını şübhə altına alırlar?
Lakin, görünür, şübhə üçün müəyyən əsas var. Türkiyədə keçirilən test yoxlamalarında müvafiq bal toplaya bilməyən məzunların Azərbaycanda ödənişli bölmələrə rahatca qəbul olub oxuması və bu yolla diplom almaq imkanı Türkiyənin təhsil siyasətinə uyğun gəlmir. Mərkəzləşmiş bilik yoxlanması sistemini biz elə türklərdən götürmüşük. Lakin bir fərqlə ki, Azərbaycanda ödənişli bölmələrə və özəl institutlara bəzən biliksizlər də qəbul olunurlar. Biz hələ filialları demirik. Aşağı balla özəl institutlara daxil olan tələbələrin bir ildən sonra köçürmə yolu ilə dövlət universitetlərinə keçməsi halları tənqid edildiyindən və yuxarı dövlət orqanları buna icazə vermədiyindən Təhsil Nazirliyi indi də xarici ölkə universitetləri və onların filialları vasitəsilə köçürmələr aparır. Özəl ali məktəblərə girmək üçün, heç olmasa, ən azı 200 bal toplamaq tələb olunurdu. Lakin heç 2 bal toplaya bilməyənlər də Marneulidə lövbər salmış Gürcüstan dövlət universitetlərinə, yaxud Dağıstandakı, yaxud Rusiyanın başqa bölgələrindəki universitetlərə adını yazdırıb, sonra Azərbaycanın ən nüfuzlu ali məktəblərinə köçürülürlərsə, bu, təhsil sistemində təxribat deyilmi?
Bununla, bir tərəfdən onsuz da antitəbliğat nəticəsində nüfuzu aşağı düşmüş özəl ali məktəblər bir azda nüfuzdan düşür, amma «köçürmə» maxinasiyasının mahiyyəti dəyişmir.
Biz qonşu ölkələrlə hər sahədə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq etmək tərəfdarıyıq. Lakin bu əməkdaşlıq qarşılıqlı maraqlar zəminində olmalıdır. Əgər hər hansı bir ölkənin təhsil sistemində boşluqlar və çatışmazlıqlar varsa, biz onların Azərbaycanın təhsil sisteminə «köçürülməsinə» yol verməməliyik.
Dostları ilə paylaş: |