MüNDƏRİcat ön söZ ÖLKƏ İQTİsadiyyati və neft fondu



Yüklə 323,32 Kb.
səhifə4/5
tarix27.03.2018
ölçüsü323,32 Kb.
#35166
1   2   3   4   5

Reputasiya riski. Reputasiya riski təşkilatın maraqlı olan tərəflərdən təşkilat haqqında mənfi fikirlərin yaradılması nəticəsində keçmiş biznes əlaqələrinin qorunub saxlanılması və yaxud yenilərinin yaradılması, eləcə də təşkilata yeni resursların cəlb edilməsində problemlərin yaranması ilə bağlı olan risklərdir. Təşkilatın maraqlı olan tərəfləri onun müştəriləri, tərəf müqabilləri, səhmdarları, tənzimləyiciləri və s. ola bilər. Təşkilat hər hansı qanun pozuntusu etmədən də reputasiya riskinə məruz qala bilər. Fond tərəfindən reputasiya riskinə xüsusi diqqət yetirilir və fəaliyyət göstərdiyi 12 il ərzində, xüsusən də, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində əldə etdiyi uğurları sayəsində Fond təkcə Azərbaycanda deyil, həmçinin beynəlxalq aləmdə öz nüfuzunu xeyli artırmış və müsbət reputasiya qazanmışdır.

4. İDARƏETMƏ
Dövlət Neft Fondunun fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən İcraçı direktor həyata keçirir.
Dövlət Neft Fondunun Müşahidə Şurası

Dövlət Neft Fondunun fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli Sərəncamı ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı üzvlərdən ibarət tərkibi təsdiq edilmişdir:

Artur Rasi-Zadə

Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini

Vahid Axundov

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov

Azərbaycan Respublikasının Maliyyə naziri

Şahin Mustafayev

Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri

Elman Rüstəmov

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə heyətinin sədri

Mahmud Kərimov

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti
2012-ci ildə Müşahidə Şurasının 1 iclası keçirilmişdir. Müşahidə Şurasının 7 iyun 2012-ci ildə keçirilmiş iclasında Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabat və maliyyə fəaliyyətinin auditinin nəticələri, Neft Fondunun 2011-ci il büdcəsinin icrası barədə hesabat müzakirə edilərək məqbul hesab edilmiş və müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişikliklərin edilməsinə dair müvafiq qərar çıxarmışdır.
Eyni zamanda 27 dekabr 2012-ci il tarixində Müşahidə Şurası tərəfindən iclas keçirilmədən sorğu yolu ilə Neft Fondunun 2013-cü il üçün büdcə layihəsinə, o cümlədən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinə baxılmış və Fondun büdcə layihəsinin təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar çıxarılmışdır.

Dövlət Neft Fondunun təşkilati strukturu
Dövlət Neft Fondu tərəfindən xarici maliyyə bazarlarında həyata keçirilən investisiya fəaliyyəti Fondun tərkibində fəaliyyət göstərən üç ofis – Ön, Orta və Arxa ofislər vasitəsilə aparılır. Ön və orta ofislərin funksiyalarını Vəsaitlərin idarə edilməsi müdiriyyəti nəzdində yaradılmış İnvestisiya və Risklərin idarə edilməsi departamentləri həyata keçirir.
İnvestisiya departamenti (Ön ofis)

İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhmlər, daşınmaz əmlak, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

  •   Sabit gəlirli qiymətli kağızlar üzrə şöbə;

  •   Səhmlər və alternativ investisiyalar üzrə şöbə;

  •   Pul bazarları və valyuta əməliyyatları üzrə şöbə.
Risklərin idarə edilməsi departamenti (Orta ofis)

Risklərin idarə edilməsi departamenti Fondun investisiya siyasəti və vəsaitlərin strateji bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, “risk büdcəsi” - bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda, risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və Fondun investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə və xarici menecerlərin fəaliyyətinə nəzarət funksiyaları da bu departamentdə həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

• Vəsaitlərin Strateji Bölüşdürülməsi/ Risklərin və gəlirliliyin ölçülməsi şöbəsi;

• Xarici menecerlərə nəzarət / Təhlil şöbəsi.


Hesablaşmalar departamenti (Arxa ofis)

Arxa ofisin funksiyalarını Fondun Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamenti həyata keçirir.

Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.
Büdcə proqnozlaşdırma və layihələr departamenti

Büdcə proqnozlaşdırma və layihələr departamenti Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması, Fondun büdcə fəaliyyətinin təşkili, iqtisadi təhlil, strateji araşdırma və makroiqtisadi modelləşdirmənin aparılması, Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili və Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyəti həyata keçirir



Sxem 4.1. Dövlət Neft Fondunun təşkilati strukturu

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\sxem_az_4-1.jpg

5. NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND
5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri
Yaradıldığı gündən etibarən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Dövlət Neft Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyətinin auditi Ernst ənd Yanq şirkəti tərəfindən keçirilib.
Dövlət Neft Fondunun İnformasiya Siyasəti. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Fondun İnformasiya Siyasəti Dövlət Neft Fondunun İcraçı direktorunun 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Neft Fondunun İnformasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. Neft Fondunun ictimaiyyətə informasiya açıqlama vasitələrinə əsasən aşağıdakılar daxildir:

• Pres-relizlər;

• Rüblük və illik hesabatlar;

• Neft Fondunun rəsmi internet səhifəsi;

• Mətbuat konfransları;

• Kütləvi informasiya vasitələri (KİV).


İctimaiyyət Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya fəaliyyəti, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər barədə pres-relizlər vasitəsilə məlumatlandırılır.
Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları, MHŞT-nin tətbiqi barədə məlumatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.

Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.


Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarının cavablandırılmasında hər zaman maraqlıdır. Fonda daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır.
Bu gün bir çox KİV-lər, QHT-lər, müstəqil ekspertlər Neft Fondunu vətəndaşların sorğu, sual və məktublarını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi yüksək qiymətləndirirlər.

2012-ci il iyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Fondun əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdır.

Seminarda KİV nümayəndələrinə Neft Fondu haqqında ümumi məlumat, Fondun strukturu və  idarə edilməsi mexanizmi, Neft Fondunun büdcəsi, maliyyələşdirdiyi layihələr, ARDNF-nin yeni investisiya siyasəti, şəffaflıq sahəsində fəaliyyəti, o cümlədən suveren fondlar və maliyyə bazarlarına dair ətraflı məlumat verilmişdir.



5.2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən bəyan edilib. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir.

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə şəffaflıq standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.

2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq üçün beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli Qrup (ÇQ) tərəfindən müəyyən edilir.

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər, o cümlədən dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə qatılmışdır. Hökumət MHŞT-nin tətbiqi prosesinin işlənib hazırlanması, monitorinqi və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin də fəal iştirakını təmin etmişdir.

2012-ci ildə Neft Fondu MHŞT-nin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

2012-ci il fevralın 14-15-də İngiltərənin Susseks şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir. 

2012-ci il martın 26-30-da Qırğızıstan və Tacikistan və 2012-ci il noyabrın 5-də Əfqanıstan nümayəndə heyətlərinin Azərbaycana səfəri baş tutmuşdur. Səfərlər çərçivəsində heyətlərin ARDNF-də bir sıra görüşləri keçirilmiş, görüşlər zamanı nümayəndə heyətləri Azərbaycanın hasilat sənayesindən əldə olunan gəlirlərinin idarə olunması və şəffaflığın təmin olunması sahəsində Azərbaycanın təcrübəsini öyrənmişlər.

2012-ci il dekabrın 14-də “Mur Stefens” (Moore Stephens) audit şirkəti və MHŞT üzrə Katiblik tərəfindən BP şirkətinin təşkilati dəstəyi ilə Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə təlim keçirilmişdir. Təlimin əsas məqsədi Azərbaycanda MHŞT hesabatlarının tutuşdurulması zamanı aşkarlanan fərqlər və səhvlərin aradan qaldırılması və onların növbəti hesabatlılıq illərində azaldılması ilə MHŞT hesabatlılığının keyfiyyətinin artırılmasına nail olmaqdır. Azərbaycanda belə bir təlimin ilk dəfə həyata keçirilməsi iştirakçılara həm digər şirkətlərin əməkdaşları, həm də auditorla birbaşa ünsiyyətdə olmaq imkanı yaratmışdır. Bununla da, iştirakçılar MHŞT hesabatlarının hazırlanması barədə yaranan suallara və qaranlıq qalan məqamlara operativ şəkildə cavab tapmağa müvəffəq olmuşdur. Təlimdə yerli və xarici şirkətlərin nümayəndələri iştirak etmiş və MHŞT hesabatlarının hazırlanması üzrə öz peşəkarlıqlarını artırmışdır.

2012-ci il iyunun 4-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 16-cı hesabatı (2011-ci il üzrə) açıqlanmışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

2012-ci il iyulun 17-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 16-cı hesabat (2011-ci il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır.

2012-ci il avqustun 31-də ayrı-ayrılıqda açıqlanan Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat, Müstəqil Mühasiblərin Rəyi və İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyini özündə cəmləşdirən vahid sənəd - MHŞT hesabatı ilk dəfə dərc olunmuşdur.

2012-ci il iyunun 29-da MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk hesabat dərc olunmuşdur. Yeni hesabat MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş V Qlobal Konfransda qəbul edilmiş MHŞT üzrə yeni qaydalara əsasən dərc edilmişdir.

2012-ci il sentyabrın 24-də ARDNF-də Afrika İttifaqının gənclərdən ibarət nümayəndə heyətinin görüşü keçirilmişdir. Görüşdə Afrika İttifaqının 16 ölkəsi təmsil olunmuşdur. Bu görüşlərdə Azərbaycanda neft və qaz sektoru sahəsində mövcud vəziyyət, milli strategiya, neft gəlirlərinin idarə edilməsi, MHŞT-nin Azərbaycanda tətbiq mexanizmi və koordinasiya strukturu, bu sahədə mövcud çətinliklər və perspektivlər, MHŞT-nin ölkə üçün əhəmiyyəti və s. aspektlər barədə ətraflı müzakirələr aparılmışdır. Gənclər Azərbaycanda MHŞT-nin tətbiqi və hesabatlılıq mexanizmi barədə onları maraqlandıran suallara cavab tapmışdır.

Azərbaycanda MHŞT-nin tətbiqini təkmilləşdirmək və genişləndirmək məqsədilə müəyyən tədbirlər görülmüşdür. Bu addımlardan biri də Hasilatın Pay Bölgüsü haqqında Sazişlərin (HPBS) mətnlərinin MHŞT-nin rəsmi internet səhifəsində açıqlanması olmuşdur. Şəffaflığın təmin edilməsi və Azərbaycanın hasilat sənayesi haqqında informasiyanın ictimaiyyətə dolğun çatdırılması baxımından mühüm olan bu təşəbbüs 2012-ci ildə də davam etdirilmişdir. Artıq 5 HPBS mətni MHŞT- Azərbaycanın (www.eiti.az) internet səhifəsində yerləşdirilmişdir.

2012-ci il dekabrın 21-də MHŞT üzrə ÇQ-nin 2012-ci il üzrə son iclası keçirilmişdir. İclasda ÇQ-nin 2013-cü il üzrə İş planı təsdiqlənmiş, MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.



5.3. Suveren Fondların Beynəlxalq Forumu
Suveren Fondların Beynəlxalq Forumu (SFBF və ya Forum) Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
İllik əsasda baş tutan SFBF-nin dördüncü görüşü 2012-ci ilin 5-7 sentyabr tarixlərində Meksikanın Mexiko şəhərində baş tutmuşdur. Meksikanın Maliyyə və Dövlət Krediti Nazirliyinin təşkil etdiyi görüşdə SFBF-nin üzvləri tərəfindən Santyaqo Prinsiplərinin tətbiqi, risklərin idarə olunması və investisiya mühiti, açıq investisiya mühitinin təmin olunması, eləcə də Forumun idarə olunması məsələləri müzakirə olunmaqla Forumun 2011-ci ilin may ayında Pekində üzərinə götürdüyü öhdəliklərdə irəliləyiş əldə olundu.
Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən Neft Fondu bu prinsiplərin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavə 1-də tanış olmaq olar.
6. BİZİM DƏYƏRLƏRİMİZ: HÖRMƏT, KOLLEKTİV İŞ, İNAM, ŞƏFFAFLIQ
Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla münasibətlərini hörmət, şəffaflıq, qarşılıqlı inam, etibarlı tərəfdaşlıq prinsipləri əsasında qurur.
Dövlət Neft Fondu tərəfindən qısa müddət ərzində yüksək uğur əldə etmənin səbəbi kollektivin öz işinə yaradıcı yanaşması, fədakar əməyi, əsasən də, peşəkarlığın artırılması və korporativ mədəniyyətin qurulmasıdır. Yüksək ixtisaslı, peşəkar və gənc kadrlardan formalaşmış komanda şəxsiyyətə hörmət, qarşılıqlı inam, məsuliyyət, komanda halında çalışmaq kimi meyarları əsas tutur.
Dövlət Neft Fondu kollektivin həmrəyliyinə, işçilər arasında etibarın olmasına, qarşılıqlı anlaşmaya, düzgünlüyə, vicdanlılığa və kollektiv işə böyük önəm verir. Məhz kollektiv iş və ümumi səylər nəticəsində Dövlət Neft Fondu böyük uğurlar əldə etmiş və nəinki Azərbaycanda, o cümlədən beynəlxalq arenada da yüksək nüfuz qazanmışdır. Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ölkənin hər barel neftin, hər kub metr qazın satışından əldə etdiyi bütün vəsaitləri barədə istənilən məlumatı vətəndaşlarımız Dövlət Neft Fondunun rəsmi internet saytından əldə edə bilərlər. Əldə edilən vəsaitlərin geniş ictimaiyyətə açıqlanması vətəndaşların və beynəlxalq təşkilatların Dövlət Neft Fondunun şəffaf fəaliyyətinə yüksək inam hissini yaradır.
Dövlət Neft Fondu yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlər ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanan, müasir standartlara uyğun fəaliyyət göstərən Fond Azərbaycanda və beynəlxalq aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir. MHŞT-nin prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Neft Fondu “BMT-nin Dövlət Qulluğu Mükafatı” və “2009-cu il MHŞT mükafatı”na layiq görülmüşdür.
Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, əldə edilən gəlirləri xalqın və ölkənin rifahına yönəltmək, neftdən əldə edilən vəsaitdən yalnız bugünkü deyil, gələcək nəsillərin də faydalana bilməsi, vəsaitlərin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi Dövlət Neft Fondunun əsas məqsədləridir. Qarşılıqlı hörmət, inam, komanda ruhunda çalışmaq, şəffaf fəaliyyət isə bu məqsədlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.


7. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI
Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
2012-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 589 nömrəli Fərmanı ilə Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər edildi. Dəyişikliklərə əsasən Fondun büdcəsinin qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 000,0 min manatdan 300 000,0 min manata qədər, müvafiq olaraq Neft Fondunun büdcə xərclərinin ümumi həcmi 10 561 304,0 min manatdan 10 751 304,0 min manata qədər artırıldı.
Eyni zamanda 2012-ci ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar Hasilatın Pay Bölgüsü barədə Sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 02 iyul tarixli Fərmanı ilə Neft Fondunun 2012-ci il büdcəsində növbəti dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının payına düşən karbohidrogen ehtiyatlarının satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 10 365 432,0 min manatdan 13 388 644,0 min manata qədər artırıldı, eyni zamanda “Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar” ilə bağlı 1 572,6 min manat məbləğində gəlir maddəsi əlavə edildi, müvafiq olaraq Neft Fondunun gəlirlərinin ümumi həcmi 10 697 030,6 min manatdan 13 721 815,2 min manata qədər artırıldı.
Gəlirlər. 2012-ci il ərzində Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 13 674,1 milyon manat təşkil etmişdir ki, bu da büdcədə nəzərdə tutulana nisbətən (13721,8 milyon manat) 99,7% səviyyəsində yerinə yetirilmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq 253,4 milyon manat təşkil etmişdir, o cümlədən gəlir maddələri üzrə:
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2012-ci il ərzində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fonduna 13 117,4 milyon manat və ya 16 695,8 milyon ABŞ dolları daxil olmuş və bu gəlirlər Fondun büdcəsində nəzərdə tutulmuş (13 388,6 milyon manat) gəlir maddəsinə nisbətən 98% yerinə yetirilmişdir. Mənfəət neftinin və qazın satışı ilə bağlı Fondun gəlirlərinin daha az icra olunması 2012-ci il ərzində xam neftin hasilatının Fondun büdcəsində nəzərdə tutulana nisbətən aşağı olması ilə izah olunur. Eyni zamanda ARDNŞ tərəfindən 30.10.2012-ci il tarixində satılmış 2,1 milyon barel xam neft partiyasının satışından əldə ediləcək 234,2 milyon ABŞ dolları məbləğində vəsait Neft Fonduna 120 gün ərzində (28.02.2013-cü il tarixində) daxil olması nəzərdə tutulduğundan, bu vəsait Fondun 2013-cü il büdcə gəlirlərinə aid ediləcəkdir.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər. 2012-ci ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Dövlət Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 3,0 milyon manat və yaxud 3,8 milyon ABŞ dolları təşkil etmişdir.
Belə ki, 2012-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Azərbaycan Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı Sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq 1,5 milyon ABŞ dolları, Xəzər dənizinin Azərbaycan sektorunda  Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq 2,1 milyon ABŞ dolları məbləğində akrhesabı ödənişlər həyata keçirilmişdir. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Dövlət Neft Şirkəti, Bahar Enerji Opereytinq Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 31.2-ci maddəsinin icrasına uyğun olaraq 0,2 milyon ABŞ dolları (Bahar və Qum-Dəniz yataqlarında hasilatın proqnozda nəzərdə tutulana nisbətən daha az sahəni əhatə etməsi səbəbindən, Bahar Enerji Opereytinq Limited şirkəti tərəfindən büdcədə proqnozlaşdırılan 0,62 milyon ABŞ dollarına nisbətən daha az vəsait ödənilmişdir) məbləğində ödəniş həyata keçirilmişdir. Bununla əlaqədar akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi Fondun büdcəsində nəzərdə tutulana (3,3 milyon manat) nisbətən 90,0% səviyyəsində icra olunmuşdur.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər. 2012-ci ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 7,9 milyon manat və yaxud 10,0 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit haqları ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (8,1 milyon manat) nisbətən 97% səviyyəsində yerinə yetirilmişdir. 2012-ci ildə hasilatın aşağı düşməsi və müvafiq olaraq Bakı-Supsa ixrac boru kəməri ilə daha az neftin nəql olunması səbəbindən bu gəlir maddəsi proqnoza nisbətən 3% aşağı yerinə yetirilmişdir.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar. 2012-ci ildə bu gəlir maddəsi üzrə gəlirlər 1,6 milyon manat və yaxud 2,0 milyon ABŞ dolları təşkil etmişdir. “Balaxanı-Sabunçu-Ramana və Kürdaxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ ortaq şirkəti arasında imzalanmış saziş üzrə 2011-ci ildə (qüvvəyə minmə tarixindən 30 gün ərzində) ödənilməsi proqnozlaşdırılan bu vəsait Neft Fonduna 2012-ci ildə köçürülmüşdür.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2012-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 544,0 milyon manat (693,5 milyon ABŞ dolları) təşkil etmiş və bu mənbə üzrə gəlirlər Fondun 2012-ci il üzrə büdcəsində nəzərdə tutulmuş məbləğə nisbətən 70,4 % daha çox yerinə yetirilmişdir. 2012-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı investisiya portfelinin gəlirliliyi 2,2 % təşkil etmişdir.
Digər gəlirlər və daxilolmalar. 2012-ci ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun daxilolmaları 0,3 milyon manat təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2012-ci il üçün büdcəsində nəzərdə tutulana (0,9 milyon manat) nisbətən 28% icra olunmuşdur. (Gəlirlərin icra səviyyəsi Cədvəl 7.1.-də əks etdirilir).
Yüklə 323,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə