MüNDƏRİcat ön söZ ÖLKƏ İQTİsadiyyati və neft fondu


-ci il üzrə Dövlət Neft Fondunun investisiya portfeli



Yüklə 323,32 Kb.
səhifə3/5
tarix27.03.2018
ölçüsü323,32 Kb.
#35166
1   2   3   4   5

3.2. 2012-ci il üzrə Dövlət Neft Fondunun investisiya portfeli

Cari ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a edilmiş 27 oktyabr 2011-ci il tarixli əlavə və dəyişikliklərə əsasən Fondun investisiya portfelinə yeni maliyyə alətləri, o cümlədən valyutalar daxil edilmişdir. Nəticədə 2012-ci ilin sonuna investisiya portfelində sabit gəlirli qiymətli kağızların xüsusi çəkisi 94,36%-ə qədər enmiş, daxil edilən yeni maliyyə alətləri olan səhmlər, qızıl və daşınmaz əmlakın müvafiq payları isə 2,00%, 2,35% və 1,29% təşkil etmişdir. Bununla yanaşı Fondun investisiya portfelinin valyuta bölgüsündə Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya dolları kimi yeni valyutalar yer almışdır. Bu dəyişikliklərin həyata keçirilməsində əsas hədəf ARDNF-nin investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olmuşdur.



Qrafik 3.2.1. Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsü (31.12.2012 tarixinə)

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-2-1.jpg

Sabit gəlirli qiymətli kağızlara investisiyalar

2012-ci ildə Fondun sabit gəlirli qiymətli kağızlar üzrə investisiya strategiyasında əvvəlki illə nisbətdə ciddi dəyişiklik qeydə alınmamışdır. 2011-ci ildə olduğu kimi Fond əsasən qısamüddətli sabit gəlirli qiymətli kağızlara (qısamüddətli kommersiya kağızları daxil olmaqla) və dəyişkən kuponlu qiymətli kağızlara investisiyalarını davam etdirmişdir. Fondun investisiya portfelində sabit gəlirli qiymətli kağızların xüsusi çəkisi ARDNF-nin illik əsasda ölkə Prezidenti tərəfindən təsdiqlənən İnvestisiya Siyasətində qeyd edilən tələblərə uyğun həddə olmuşdur. Belə ki, 2012-ci il üçün təsdiqlənən İnvestisiya Siyasətinə əsasən Fondun vəsaitlərinin minimum 85%-i sabit gəlirli qiymətli kağızlara investisiya edilə bilərdi ki, bu hədd də 2012-ci ilin sonunda 94,36%-ə bərabər olmuşdur. Cari il ərzində Fond bu portfel üzrə hazırki aşağı faiz dərəcələri mühiti də nəzərə alınaraq, risklərin yol verilə bilinən səviyyəsində gəlirliliyin artırılmasına çalışmışdır. Bu çərçivədə portfelə daxil edilən nisbətən daha aşağı kredit reytinqinə malik qiymətli kağızların çəkisi artırılmışdır ki, burada əsas məqsəd həm gəlirliliyin, həm də müvafiq bölgülər üzrə yüksək diversifikasiyanın təmin edilməsi olmuşdur.



Qrafik 3.2.2. Sabit gəlirli qiymətli kağızlar portfelinin müxtəlif alətlər üzrə bölgüsü
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-2-2.jpg
Qısamüddətli kommersiya kağızlarının sabit gəlirli qiymətli kağızlar portfelindəki xüsusi çəkisi 2011-ci ilin sonuna 12,76% təşkil etdiyi halda, 2012-ci ilin sonuna onların portfeldəki çəkisi 24,74%-ə qədər artırılmışdır. Bununla bərabər, həmin müddət ərzində suveren borc istiqrazlarının xüsusi çəkisi 17,01%-dən 11,40%-ə qədər azaldılmışdır. Dəyişikliklər nəticəsində bu dövr ərzində Fondun investisiya portfelinin əsas hissəsini təşkil edən istiqraz portfelinin dürasiyası 0,36 səviyyəsinə gətirilmişdir.

Sabit gəlirli qiymətli kağızlar portfelinə yeni valyutalar – Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya dollarında ifadə olunan aktivlər əlavə edilmişdir ki, onların da portfeldəki ümumi çəkisi illik investisiya siyasətinə əsasən 5% təşkil edə bilərdi. Türkiyə lirəsi və Rusiya rubluna denominasiya olunmuş aktivlər ilkin mərhələdə bir sıra nüfuzlu yerli banklarda depozit şəklində, Avstraliya dollarında ifadə olunan aktivlər isə ölkənin qısamüddətli dövlət istiqrazlarına investisiya edilmişdir. Nəticədə sabit gəlirli qiymətli kağızlar portfelində Türkiyə lirəsi, Rusiya rublu və Avstraliya dollarının çəkisi müvafiq olaraq 1,43%, 0,31% və 0,65% təşkil etmiş, ABŞ dolları, Avro və İngilis funt sterlinqinin çəkilərində isə ciddi dəyişiklik qeydə alınmamışdır.



Qrafik 3.2.3. Sabit gəlirli qiymətli kağızlar portfelinin valyutalar üzrə bölgüsü
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-2-3.jpg

Qeyd edilənlərlə yanaşı cari il ərzində sabit gəlirli qiymətli kağızlar portfelinin coğrafi regionlar üzrə yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində portfelə daxil edilən inkişaf etməkdə olan ölkələrin dövlət və korporativ istiqrazlarının xüsusi çəkisi artırılmışdır. Belə ki, 2011-ci ilin sonunda investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi 9,5% təşkil edirdisə, bu göstərici 2012-ci ilin sonuna 13,07% təşkil etmişdir. Bununla yanaşı qeyd edilən dövr ərzində Avropa Fondun vəsaitlərinin coğrafi regionlar üzrə bölgüsündə yenə də yüksək çəkisi ilə seçilmişdir.



Qrafik 3.2.4. Sabit gəlirli qiymətli kağızlar portfelinin coğrafi regionlar üzrə bölgüsü

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-2-4.jpg
Cari il ərzində Fondun sabit gəlirli qiymətli kağızlar portfelində aşağı kredit reytinqinə malik istiqrazların həcmi əvvəlki ilə nisbətən daha da artırılmışdır. 2011-ci ilin sonunda Fondun sabit gəlirli qiymətli kağızlar portfelində istiqrazların kredit reytinqləri üzrə təsnifatında “AAA” və “AA” reytinqinə malik qiymətli kağızların xüsusi çəkisi müvafiq olaraq 36,44% və 14,30% təşkil etdiyi halda, bu göstərici 2012-ci ildə müvafiq olaraq 32,96% və 10,98%-ə bərabər olmuşdur. Hesabat ilində həm ABŞ dolları, Avro və İngilis funt sterlinqində ifadə olunan aktivlərdə inkişaf etməkdə olan ölkələrin çəkisinin artması, həm də Türkiyə lirəsi və Rusiya rublunda həyata keçirilən investisiyalarda yalnız yerli emitentlərin nəzərə alınması “A” və daha aşağı kredit reytinqinə malik qiymətli kağızların portfeldəki həcminin artması ilə nəticələnmişdir.

Qrafik 3.2.5. Sabit gəlirli qiymətli kağızlar portfelindəki istiqrazların kredit reytinqinə görə bölgüsü

c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-2-5.jpg

Səhmlərə investisiyalar

2012-ci il üçün təsdiq edilən yeni investisiya siyasətinə əsasən Neft Fondunun aktivlərinin 5%-ə qədərinin səhmlərə investisiya edilməsi nəzərdə tutulmuşdur. Bu investisiyalar üçün Fond tərəfindən dünyanın inkişaf etmiş ölkələrinin önəmli şirkətlərinin səhmlərinin daxil olduğu MSCİ World indeksi bençmark olaraq seçilmiş və passiv idarəetmə üsulu tətbiq edilmişdir. İlkin mərhələdə Fond tərəfindən bu investisiyaların xarici menecerlər tərəfindən həyata keçirilməsinə qərar verilmişdir. Nəticədə UBS Global Asset Management və State Street Global Advisors (SSgA) şirkətləri Fondun səhm portfelinin idarə edilməsi üzrə xarici menecer seçilmişlər. Bu sahədə lazımi bilik və bacarıqların toplanılmasından sonra gələcəkdə bu portfelin də daxildə idarə edilməsi nəzərdə tutulmuşdur.

Xarici menecerlər vasitəsilə Fondun səhmlərə etdiyi investisiyaların həcmi nominal olaraq 600 milyon ABŞ dolları təşkil etmişdir. İlin sonuna Fondun səhm portfelində inkişaf etmiş ölkələrin 1600-dən çox şirkətinin səhmləri yer almışdır.


İnkişaf etməkdə olan ölkələrin özəl səhm fondlarının təşviq edilməsi və onların investorlara daha yaxından tanıdılması hal-hazırda kifayət qədər prioritet məsələlərdəndir. Hesabat ilində ARDNF Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birgə Katalizator Fonduna investisiya edəcəyi ilə bağlı qərar vermişdir. BMK tərəfindən idarə ediləcək Fondun əsas hədəfi inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji və iqlim problemlərinin həllinə yönəlik layihələrin, eləcə də bu sahədə fəaliyyət göstərən fondların təşviqinin həyata keçirilməsidir. Katalizator Fondu qeyd edilən sahələrdə mövcud olan fondlara, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərə birbaşa investisiya həyata keçirəcəkdir. Fondun investisiyaların həyata keçirilməsi ilə bağlı öhdəlik müddətləri fondlar üçün 3 il, müştərək investisiyalar üçün isə 5 il təşkil edir. ARDNF-nin Katalizator Fonduna (ümumi investisiya həcmi 280 milyon ABŞ dolları) 50 milyon ABŞ dolları həcmində vəsait yatıracağı nəzərdə tutulmuşdur.

Qeyd edək ki, 2010-cu ildə ARDNF ümumi investisiya məbləği 1 milyard ABŞ dolları həcmində olan və inkişaf etməkdə olan ölkələrin inkişaf vəd edən şirkətlərinə investisiyaları nəzərdə tutan BMK-nın Afrika, Latın Amerikası və Karib Fonduna (ALAK) 100 milyon ABŞ dolları məbləğində sərmayə yatırmaqla bağlı qərar qəbul etmişdi. 2012-ci ilin dekabr ayına ARDNF tərəfindən 54,7 milyon ABŞ dolları həcmində vəsait ALAK Fonduna yatırılmışdır.




Daşınmaz əmlaka investisiyalar

ARDNF 2012-ci ildə Avropanın bir sıra önəmli şəhərlərində müvafiq ofis komplekslərinə sahib olmaqla daşınmaz əmlaka ilkin investisiyalarını həyata keçirmişdir. Fondun daşınmaz əmlak investisiya strategiyasının əsas məqsədi bu sahədə kifayət qədər inkişaf etmiş, yüksək şəffaflıq və likvidliklə səciyyələnən, müvafiq qanunverici bazaya və uzunmüddətli icarə ənənəsinə malik ölkələrin əsas mərkəz-biznes ərazilərinə birbaşa investisiyaların həyata keçirilməsindən ibarətdir. İlkin mərhələdə investisiyalar əsasən müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlaka yönəldilmişdir. ARDNF cari il ərzində müvafiq olaraq London, Moskva və Paris şəhərlərində investisiyalar həyata keçirmişdir:



  • Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 İngilis funt sterlinqi ( 285 550 000 ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi dekabr ayında başa çatdırılmışdır);

  • Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 000 000 ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi (investisiya prosesi dekabr ayında başa çatdırılmışdır);

  • Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 000 000 avro (180 000 000 ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi (investisiya prosesi 2013-cü ilin mart ayında başa çatdırılacaqdır).

Bu əmlaklara investisiyalar Fondun daşınmaz əmlak üzrə investisiya strategiyasının həyata keçirilməsində uğurlu addım olmuşdur. Dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsasları, eləcə də gələcək illər ərzində əldə ediləcək yüksək sabit gəlirlilik Fondun daşınmaz əmlak investisiyalarında kifayət qədər önəmə sahib amillərdir.

2013-cü ildə Fond daşınmaz əmlak üzrə investisiya coğrafiyasını genişləndirərək digər regionlara da investisiyalar həyata keçirmək və beləcə bu portfelin yüksək diversifikasiyasına nail olmaq niyyətindədir.



Qızıl

ARDNF-nin İnvestisiya qaydalarına əsasən onun vəsaitlərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər ki, Fond da bu investisiyaları London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) tətbiq etdiyi standartlara uyğun qızıl külçələrin alınması yolu ilə həyata keçirir. Qızılın yüksək qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır.

Fond tərəfindən 1 fevral 2012-ci il tarixindən etibarən həftəlik olaraq LQMBİA-nın üzvü olan banklardan və həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) alışına başlanılmışdır. 2012-ci il 31 dekabr tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil etmişdir. Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilmişdir.

Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Qızıl ehtiyatlarından əlavə gəlirin əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlər şəklində yerləşdirilmişdir.



3.3. Neft Fondunun gəlirliliyi
Gəlirliliyin hesablanması metodologiyası. Neft Fondunun vəsaitlərinin gəlirliliyinin hesablanması 21 aprel 2009-cu il tarixli 5 nömrəli sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na uyğun olaraq hesablanır. Bu metodologiyaya uyğun olaraq ümumi valyuta vəsaitləri üzrə gəlirliliyin hesablanması baza valyutası Azərbaycan manatı, ABŞ dolları və ya Avro seçilməklə, həmçinin baza valyutası olmadan (yəni valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan) həyata keçirilir. Sub-portfellər üzrə gəlirliliyin hesablanması bu portfellərin müvafiq valyutasında (lokal valyuta) və ABŞ dolları baza valyutası seçilməklə (valyuta komponentinin təsiri göstərilmək şərti ilə) həyata keçirilir.

Gəlirliliyin hesablanması prosesində aşağıda sadalanan zəruri məlumatlardan istifadə olunur:


Günün sonuna portfelin lokal valyutada bazar dəyəri. Günün sonuna portfelin lokal valyutada bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan qiymətlər istifadə olunur. Ayın sonuna portfelin lokal valyutada bazar dəyərinin hesablanması zamanı isə kastodial bankdan alınan, auditdən keçmiş və Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan qiymətlər nəzərə alınır.
Dünənki günün sonuna portfelin lokal valyutada bazar dəyəri. Dünənki günün sonuna portfelin lokal valyutada bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan qiymətlər istifadə olunur.
Günün sonuna Neft Fonduna daxil olmuş vəsaitlərlə Fonddan xaric olmuş vəsaitlərin fərqi nəticəsində formalaşan xalis daxilolmalar. Xalis daxilolmalar Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sistemindən gündəlik olaraq əldə edilir.
Neft Fondunun 2012-ci ildə gəlirliliyi. Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq 4,2%, 4,5%, 3,8%, 3,3%, 1% və 0,8% təşkil etmişdir. 2012-ci ildə isə vəsaitlərinin idarə edilməsi ilə bağlı ümumi gəlirlilik 2,2% təşkil etmişdir.
Qrafik 3.3.1. Neft Fondunun investisiya portfelinin gəlirliliyi
c:\users\uhasanova\documents\desktop\annual report 20011-final pdfs\2012\az\diaqram_az_3-3-1.jpg
3.4. İnvestisiya məhdudiyyətləri
Neft Fondunun valyuta vəsaitləri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Təlimatı) uyğun olaraq yerləşdirilir. Bu Qaydalara əsasən Neft Fondunun vəsaitləri aşağıda sadalanan aktivlərə investisiya edilə bilər:

  • Mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;

  • İnvestisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri;

  • Dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri

  • Beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;

  • Pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);

  • London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr;

  • Daşınmaz əmlak;

  • İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi “BB-” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər (Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli Fərmanı, 1 mart 2005-ci il tarixli 202 nömrəli Fərmanı və 27 oktyabr 2011-ci tarixli 519 nömrəli Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında” Qaydalara əsasən). 

Eyni zamanda Neft Fondunun valyuta vəsaitləri idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers tipli əməliyyatlar yalnız valyuta bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə həyata keçirilə bilər.



İnvestisiya siyasəti
Neft Fondunun valyuta vəsaitlərinin idarə edilməsi onun hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan investisiya siyasətinə uyğun olaraq həyata keçirilir.

Sözügedən siyasətə əsasən:



Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə saxlanılmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin həcminin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (dürasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Neft Fondu tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Xarici menecerlər
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli, 1 mart 2005-ci il tarixli 202 nömrəli Fərmanı və 27 oktyabr 2011-ci tarixli 519 nömrəli Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a uyğun olaraq Fondun valyuta vəsaitinin idarə edilməsinə xarici menecer (bundan sonra menecer) cəlb edildikdə menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Baa3 (Mudiz) və ya BBB- (Standard ənd Purz, Fiç)) aşağı olmamalı, və ya onun aktivlərinin idarə edilməsində beş ildən az olmayan müsbət təcrübəsi, və yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsi sahəsində səriştəsi olmalıdır.
2012-ci ilin fevral ayında ARDNF səhm portfelinin passiv idarə edilməsi üzrə Xidmət Təklifləri Sorğusu elan etdi. Təqdim olunmuş təkliflərin ətraflı təhlili və qiymətləndirilməsindən sonra State Street Global Advisors (SSgA) və UBS Global Asset Management (UBS) qalib elan olundu və 2012-ci ilin iyun ayında ARDNF bu banklar ilə müqavilə imzaladı. Bundan başqa, 2 aprel 2012-ci ildə Credit Suisse və Clariden Leu birləşdikdən sonra, Credit Suisse Clariden Leu-nun tamhüquqlu sahibi oldu. Buna müvafiq olaraq, qeyd olunan tarixdən etibarən Clariden Leu-ya olan hər hansı cari və gələcək istinadlar Credit Suisse-a ünvanlanmalı idi.
31 dekabr 2012-ci il tarixinə Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlər bunlardır: Dünya Bankı, Deutsche AM, Credit Suisse, SSgA və UBS.

3.5. Risklərin idarə edilməsi
Risklərin idarə olunması Neft Fondunun fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Fond bu istiqamətdə dünya səviyyəsində tanınan, mütərəqqi modellərdən, proseduralardan və göstəricilərdən istifadə edir. 2010-cu ilin fevral ayında satın alınmış RiskMetriks proqram təminatı risklərin idarə olunması sahəsində Fondun imkanlarını xeyli artırmışdır. Fondda risklərin idarə olunması iki istiqamətdə həyata keçirilir: maliyyə riskləri və əməliyyat riskləri.
Maliyyə riskləri
Bazar riski. Eyni zamanda sistematik risk kimi tanınan bazar riski bazar risk amillərinin dəyişməsi ilə əlaqədar portfelin qiymətinin aşağı düşməsi riskidir. Bazar risk amilləri dedikdə qiymətli kağızın qiymətləri, faiz dərəcələri, xarici valyuta məzənnələri və əmtəə qiymətləri başa düşülür. Bazar riskləri investisiya fəaliyyəti ilə məşğul olan hər bir şirkət tərəfindən nəzarətdə saxlanılan ən vacib risklərdən biridir və Neft Fondu da bu istiqamətdə öz səylərini artırmaqda davam edir. Fondun investisiya portfelində qısamüddətli istiqrazlar üstünlük təşkil edir. Digər tərəfdən Fondun aktivlərinin yerləşdirildiyi ölkələrin mərkəzi banklarının faiz dərəcələri daimi nəzarətdə saxlanılır və faiz dərəcələrinin dəyişməsinə uyğun olaraq müvafiq sabit gəlirli qiymətli kağızlar üzrə dürasiyalar nizamlanır.
Kredit riski. Bu risk növü ümumi olaraq borc götürənin borcun əsas hissəsini və onun faiz ödənişlərini vaxtında ödəyə bilməməsi və ya müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Kredit riski bir neçə mənbədən qaynaqlana bilər, məsələn borc götürən şirkətin iflas olması, kredit reytinqinin aşağı salınması və s. Kredit riskləri artdıqca investorlar öz aktivlərini daha yuxarı faiz dərəcəsi ilə borc verirlər. Kredit riski sabit gəlirli aktivlər üzrə investisiyalarda çox mühüm əhəmiyyət daşıyır və əsas kredit təşkilatları minlərlə şirkətin, agentliyin və maliyyə qurumlarının kredit reytinqini mütəmadi olaraq hesablayırlar. Fondun vəsaitlərinin qiymətli kağızlara yerləşdirildiyi maliyyə qurumlarının, habelə qiymətli kağızların kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fondun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”la tənzimlənir.

Əməliyyat riskləri

Əməliyyat riski daxili proseslər, insan amili və xarici amillərlə əlaqədar gözlənilməyən maliyyə və qeyri-maliyyə itkilərinə məruz qalma riskidir.


İnsan riski. Bu risklər işçi qüvvəsinin davranışının təşkilatın prosedura və qaydalarına uyğun olan davranış normalarından kənarlaşması ilə bağlı olan risklərdir. Bu kənarlaşmalar məqsədli və ya təsadüfi qaydada baş verə bilər. Neft Fondunda işçilərin Fondun prosedura və qaydalarına əməl etməsi, qeyri-qanuni bazar əməliyyatları ilə məşğul olmasının qarşısının alınması və korporativ sirrin qorunub saxlanması ciddi nəzarətdə saxlanılır. Digər tərəfdən Neft Fondunun aidiyyəti bölmələrinin işçilərinin ixtisas səviyyəsinin artırılması məqsədi ilə onlar mütəmadi olaraq Fondun əməkdaşlıq etdiyi investisiya banklarının təşkil etdiyi bir sıra tədris seminarları və kurslara göndərilir.
Yüklə 323,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə