Mülki iş üzrə cavabdehlər Zəfərov Ədalət Qalib oğlu, Zəfərova Məlahət Zəfər qızı



Yüklə 24 Kb.
tarix29.08.2018
ölçüsü24 Kb.
#65468


Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına

Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli, 2(010)-0000/11 saylı qətnaməsindən
Mülki iş üzrə cavabdehlər Zəfərov Ədalət Qalib oğlu, Zəfərova Məlahət Zəfər qızıZəfərov Qalib Ədalət oğlu tərəfindən

APELLYASİYA ŞİKAYƏTİ

Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli, 2(010)-0000/11 saylı qətnaməsi ilə iddiaçı “BorcpulBank” ASC-nin cavabdehlər – Zəfərov Ədalət Qalib oğluna, Zəfərova Məlahət Zəfər qızına və Zəfərov Qalib Ədalət oğluna qarşı pul tələbinə dair iddiası tam təmin edilərək,



  • Zəfərov Ədalət Qalib oğlundan, Zəfərova Məlahət Zəfər qızından və Zəfərov Qalib Ədalət oğlundan “BorcpulBank” ASC-nin xeyrinə əsas borc üzrə 5888,70 (beş min səkkiz yüz səksən səkkiz manat, yetmiş qəpik) manat, faiz borcu üzrə 1885,05 (bir min səkkiz yüz səksən beş manat, beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 7793,75 manat məbləğində pulun tutulması;

  • Tutmanın kreditinin təminatı kimi cavabdeh Zəfərov Ədalət Qalib oğlunun mülkiyyətində olan Suraxanı Rayonu Yeni Günəşli qəsəbəsi 00 saylı binanın, 00 saylı mənzilinə yönəldilməsi, həmin mənzil tam boşaldıldıqdan və cavabdeh, onun ailə üzvləri və digər şəxslər həmin mənzildən çıxarıldıqdan sonra həmin mənzilin açıq hərracdan satılması, realizə edilmiş evin dəyərindən 7793,75 (yeddi min yeddi yüz doxsan üç manat, yetmiş beş qəpik) manat məbləğində pulun “BorcpulBank” ASC-yə ödənilməsi;

  • Cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması;

  • Realizə edilmiş mənzilin dəyəri tələbin ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi qət edilmişdir.

Suraxanı Rayon Məhkəməsinin 2(010)-0000/11 nömrəli mülki iş üzrə 20 oktyabr 2011-ci il tarixdə qəbul etdiyi qətnamə 13 noyabr 2011-ci il tarixdə cavabdehlərin ünvanına daxil olmuşdur.

İş üzrə cavabdehlər Zəfərov Ədalət Qalib oğlu, Zəfərova Məlahət Zəfər qızı və Zəfərov Qalib Ədalət oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-360-cı maddələrinə müvafiq olaraq Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli, 2(010)-0000/11 saylı qətnaməsindən apellyasiya şikayəti verir.

Suraxanı Rayon Məhkəməsi 20 oktyabr 2011-ci il tarixli, 2(010)-0000/11 saylı qətnaməsi ilə cavabdeh Zəfərov Ədalət Qalib oğlunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur.

Aşağıda qeyd olunanlarla Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli, 2(010)-0000/11 saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Suraxanı Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.


İŞİN HALLARI VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
İş materiallarından göründüyü kimi, Zəfərov Ədalət Qalib oğlu ilə “BorcpulBank” ASC arasında imzalanmış 04 dekabr 2009-cu il tarixli, 1001 saylı Kredit müqaviləsinə əsasən Zəfərov Ədalət Qalib oğluna 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik 24 % olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir.

“BorcpulBank” ASC ilə Zəfərov Ədalət Qalib oğlu arasında imzalanmış 04 dekabr 2009-cu il tarixli, 1001 saylı İpoteka müqaviləsinə əsasən Zəfərov Ədalət Qalib oğluna məxsus, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 00 saylı binanın, 00 saylı mənzili ipoteka qoyulmuşdur.

Suraxanı Rayon Məhkəməsi 2(010)-0000/11 nömrəli mülki iş üzrə 20 oktyabr 2011-ci il tarixdə qəbul etdiyi qətnamədə borcalan Zəfərov Ədalət Qalib oğlu olduğu təqdirdə qətnamənin nəticə hissəsində əsassız olaraq borcun digər cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, cavabdehlər Zəfərova Məlahət Zəfər qızı və Zəfərov Qalib Ədalət oğlu kredit müqaviləsinin tərəfləri olmamış və onlar yalnız ipoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq vermişlər.

Suraxanı Rayon Məhkəməsinin 2(010)-0000/11 saylı, 20 oktyabr 2011-ci il tarixli qətnaməsinin nəticə hissəsində qət edilmiş ardıcıllığa nəzər salsaq görərik ki, ipoteka predmeti olan mənzil tam boşaldılmalı cavabdeh, onun ailə üzvləri və digər şəxslər həmin mənzildən çıxarılmalı və bundan sonra mənzil açıq hərracda satılmalıdır. Məhkəmənin bu qənaəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə tamamilə ziddir. Belə ki, həmin maddəyə əsasən ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzil 1 ay ərzində boşaldılmalıdır.

Bundan əlavə, qətnamənin nəticə hissəsində məhkəmənin “cavabdeh, onun ailə üzvləri və digər şəxslərin həmin mənzildən çıxarılması” qənaəti ilə bağlı qeyd olunmalıdır ki, burada “digər şəxslər”in dairəsi qeyri-müəyyəndir və belə bir ifadənin qətnamənin nəticə hissəsində əks olunması hüquqi müəyyənlik prinsipi baxımından məqsədəuyğun deyil.

“Cavabdehlərin həmin mənzildən qeydiyyatda çıxarılması” ilə bağlı məhkəmənin gəldiyi nəticə isə tamamilə əsassızdır. Belə ki, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir.

Realizə edilmiş mənzilin dəyərinin tələbin ödənilməsinə kifayət edib-etməməsi məsələsinin hazırki mərhələdə müəyyən edilməsi qeyri-mümkündür. Belə ki, “İcra haqqında” və “İpoteka haqqında” Qanunların tələblərinə müvafiq olaraq ipoteka predmeti olan mənzil icra məmurunun müvafiq sifarişi əsasında qiymətləndirici tərəfindən qiymətləndirilir. Bundan sonra, mənzilin açıq hərracda satılması üçün icra məmuru ixtisaslaşmış hərrac təşkilatına sifariş verir. Hərrac təşkilatında mənzilin satılması mümkün olmazsa bu halda ipoteka predmeti ipoteka saxlayana təklif olunur. İpoteka saxlayan təklifi qəbul etmədiyi təqdirdə ipotekaya xitam verilir. Göründüyü kimi, məhkəmə “realizə edilmiş mənzilin dəyəri tələbin ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi” qənaəti ilə əvvəlcədən icra prosesini qabaqlamışdır.

Qeyd olunmalıdır ki, borcalan və ipoteka qoyan Zəfərov Ədalət Qalib oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirmişdir. 01.08.2011-ci il tarixdə cavabdeh Zəfərov Ədalət Qalib oğlu avtomobil qəzasına düşmüş və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, həmçinin iki ay müddətində müalicə almışdır. Bu səbəbdən ardıcıl olaraq 04.08.2011-ci il və 04.09.2011-ci il tarixlərində kredit öhdəliklərini icra edə bilməmişdir. İş üzrə digər cavabdehlər Zəfərova Məlahət Zəfər qızı və Zəfərov Qalib Ədalət oğlu ərizə ilə Banka müraciət edərək üzürlü səbəbdən Zəfərov Ədalət Qalib oğlunun kredit öhdəliyini icra edə bilməməsi ilə əlaqədar olaraq borcalana möhlət verilməsini xahiş etmişlər. Həmin ərizəyə Bank tərəfindən hər hansı münasibət bildirilməmiş, əksinə cavabdehlərə xəbərdarlıq edilmədən (pretenziya irəli sürülmədən) məhkəməyə müraciət olunmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 maddəsinə əsasən - Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə prosesində hakimə və iddiaçıya cavabdehin sağlamlıq imkanlarının və əmək qabiliyyətinin bərpa olunduğu, həmiçinin ödəniş qabiliyyətinin olduğu barəsində məlumat verilsə də bu hal nəzərə alınmamışdır. Məhkəmə prosesi getdiyi dövrdə cavabdeh tərəfindən 10 oktyabr tarixli qəbzlə 500 (beş yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin qəbzin sübut kimi məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır.

Xüsusilə vurğulanmalıdır ki, cavabdeh Zəfərov Ədalət Qalib oğlunun kredit öhdəliyinin icrasını gecikdirmələrinə səbəb olan üzürlü hallar aradan qalxmışdır və cavabdeh qalan kredit borcunu qrafik üzrə vaxtında və tam ödəməyə hazırdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.



Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362, 384.0.2 və 385.1.1-ci maddələrinə əsasən,
X A Hİ Ş E D İ R İ K:


  • Apellyasiya şikayətinin təmin olunması;

  • Suraxanı Rayon Məhkəməsinin 2(010)-0000/11 saylı, 20 oktyabr 2011-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi;

  • İddiaçının iddiasının rədd edilməsi və cavabdeh Zəfərov Ədalət Qalib oğlunun “BorcpulBank” ASC-yə olan borcunun qalan hissəsini ödəniş qrafiki üzrə ödəməsi barəsində yeni qətnamə çıxarasınız və;

  • “Cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması” hissəsində iş üzrə icraata xitam verilməsi barəsində qərardad qəbul edəsiniz.



Qoşma:

  1. Apellyasiya şikayətinin surəti;

  2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.



Tarix: 10 dekabr 2011-ci il

İmza: Cavabdeh Zəfərov Ədalət Qalib oğlu ______________________

İmza: Cavabdeh Zəfərova Məlahət Zəfər qızı ______________________

İmza: Cavabdeh Zəfərov Qalib Ədalət oğlu ______________________
Yüklə 24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə