Mühazirənin planı Maddələr mübadiləsi haqqında ümumi məlumat Karbohidrat mübadiləsinin patologiyası



Yüklə 169,18 Kb.
səhifə1/3
tarix02.03.2018
ölçüsü169,18 Kb.
#28975
növüMühazirə
  1   2   3


Maddələr mübadiləsinin tipik pozulmaları
Mühazirənin planı

Maddələr mübadiləsi haqqında ümumi məlumat

Karbohidrat mübadiləsinin patologiyası

Lipid mübadiləsinin patologiyası

Zülal mübadiləsinin patologiyası

Su-elektrolit mübadiləsinin patologiyası

Turşu-qələvi müvazinətinin patologiyası

Mineral və vitamin mübadiləsinin patologiyası

Maddələr mübadiləsinin 2 növü (xarici və aralıq mübadilə) ayırd edilir. Xarici mübadilə – maddələrin orqanizmə daxil və xaric olma yollarında hüceyrədənkənar çevrilmələridir. Aralıq mübadilə (toxumadaxili) isə qida komponentlərinin həzmindən və sorulmasından sonra baş verən hüceyrədaxili çevrilmələridir. Aralıq mübadiləni çox zaman metabolizm də adlandırırlar. Metabolizmdə bir-birinə əks olan iki proses – katabolizmanabolizm ayırd edilir. Katabolizm irimolekullu maddələrin parçalanması prosesi olub, enerji ayrılması ilə müşayiət olunur. Anabolizm isə sadə molekullardan mürəkkəb maddələrin sintezi prosesi olub, enerji sərfi ilə gedir.

KARBOHIDRAT MÜBADİLƏSİNİN PATOLOGİYASI

Karbohidrat mübadiləsi müxtəlif səbəblərdən pozula bilər: karbohidratların həzminin və sorulmasının pozulmaları, qlikogen sintezinin və parçalanmasının pozulması, karbohidratların aralıq mübadiləsinin pozulması, karbohidrat mübadiləsinin tənziminin pozulması.

Patologiyalar zamanı karbohidratların hidrolizi və ya sorulması pozula bilər. Belə pozulmaların əsas səbəbi ya bağırsaq xəstəlikləri, ya da amilolitik fermentlərin defisitidir. Fosforlaşma prosesinin pozulması, bağırsaq xovlarının strukturunun dəyişməsi, enterositlərin sorucu funksiyasının zəifləməsi membran həzmini pozur. Hipertiroz xəstəliyində monosaxaridlər bağırsaq divarından sürətlə sorulur, hipotirozda isə bu proses ləngiyir və sorulma çətinləşir. Qlükokortikoidlər monosaxaridlərin sorulmasını sürətləndirir. Avitaminozlar, xüsusilə B qrup vitaminlərinin çatışmazlığı karbohidrat mübadiləsini pozur.

Qlikogenin parçalanmasının və ya sintezinin pozulması nəticəsində toxumalarda normal və ya patoloji quruluşlu qlikogenin toplanmasına qlikogenozlar deyilir. Glikogenozların patogenezinə görə 12, klinik gedişinə görə isə 3 növü (qaraciyər, əzələ, yayılmış) ayırd edilir. Glikogenozlar irsi xəstəliklərdir və demək olar ki, hamısı nəsildən-nəslə autosom-resessiv tip üzrə ötürülür.

Karbohidratların aralıq mübadiləsinin pozulmasının əsas səbəbləri aşağıdakılardır: hipoksiya, qaraciyərin funksiyalarının pozulması, B1 vitamininin çatişmazlığı, yatrogen amillər.

Karbohidrat mübadiləsinin tənzimlənməsi neyrohumoral yolla həyata keçir. Simpatik impulslar böyrəküstü vəzilərdən adrenalinin xaric olmasına səbəb olur ki, bu da qlikogenolizi stimulə etməklə hiperqlikemiya törədir. Parasimpatik sinir lifləri qıcıqlanarsa, insulin ifrazının artması, qlükozanın hüceyrələrə daxil olması və hipoqlikemiyanın yaranması müşahidə olunur. Bir çox hormonlar məsələn, qlükaqon, adrenalin, qlükokortikoidlər, adrenokortikotrop, somatotrop, tirotrop və tiroid hormonlar qanda şəkərin miqdarını artırır, insulin isə hipoqlikemik effekt verir. Fizioloji şəraitdə karbohidrat mübadiləsinin tənzimində insulin və qlükaqon daha böyük əhəmiyyət kəsb edir.



İnsulin mədəaltı vəzin Langerhans adacıqlarının β-hüceyrələrində sintez olunur, hipoqlikemik, anabolikmitogen təsir xüsusiyyətlərinə malikdir. İnsulinin hipoqlikemik təsiri qaraciyərdə qlükoneogenezi və qlikogenolizi zəiflətməsi, insulindən asılı toxumalar tərəfindən qlükozanın mənimsənilməsini artırması ilə, anabolik təsiri piy toxumasında lipogenezi, qaraciyərdə qlikogenezi və əzələlərdə zülalların biosintezini srətləndirməsi ilə, mitogen təsiri isə yüksək dozalarda hüceyrələrin proliferasiyasını stimulə etməsi ilə izah olunur.

Qlükaqon mədəaltı vəzin Langerhans adacıqlarının α-hüceyrələrində sintez olunur. İnsulinin əksinə təsir göstərir.

Hipoqlikemiya qanda şəkərin miqdarının normadan(3,58-6,05 mmol/l) az olmasına deyilir. Fizioloji, neonatalpatoloji hipoqlikemiya ayırd edilir. Patoloji hipoqlikemiyanın 2 növü vardır: insulindən asılı olaninsulindən asılı olmayan patoloji hipoqlikemiya.

Hiperqlikemiya qanda şəkərin miqdarının normadan çox olmasıdır. Hiperqlikemiyanın 2 növü ayırd edilir: fiziolojipatoloji. Fizioloji hiperqlikemiya geridönən prosesdir, alimentar və neyrogen mənşəli olur.

Patoloji hiperqlikemiyanın hormonal, narkozla əlaqədar, yatrogen (β-blokatorlar, tiazid diuretiklər, antidepressantlar və s.) və insulin çatışmazlığı nəticəsində yaranan növləri ayırd edilir. Hormonal patoloji hiperqlikemiya endokrinopаtiyalar fonunda inkişaf edir, yəni katexolaminlərin, qlükaqonun, qlükokortikoidlərin, somatotrop hormonun, tiroksinin hipersekresiyası ilə əlaqədardır. İnsulin çatışmazlığı nəticəsində qlükozanın hüceyrələr tərəfindən utilizasiyası zəifləyir, qlükoneogenez fəallaşır, qlikogenoliz sürətlənir. Bütün bunlar qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb olur.

Şəkərli diabet. Şəkərli diabet mütləq və nisbi insulin çatışmazlığı nəticəsində yaranan və hiperqlikemiya ilə müşayiət olunan metabolik xəstəliklər qrupuna aiddir. Şəkərli diabet zamanı maddələr mübadiləsi (karbohidrat, yağ, zülal, su-duz mübadiləsi və turşu-qələvi müvazinəti) pozulur. Etiopatogenezinə görə birincili (spontan) və ikincili şəkərli diabet ayırd edilir. Birincili şəkərli diabet müstəqil nozoloji vahid hesab olunur və 2 tipi var: I tip (insulindənasılı) və II tip (insulindənasılı olmayan).

I tip şəkərli diabet (insulindən asılı) əsasən 30 yaşa qədər olan şəxslərdə təsadüf olunur. Ona görə də I tip şəkərli diabetə “gənclik” diabeti də deyilir. I tip şəkərli diabetin patogenetik əsasını mədəaltı vəzin Langerhans adacıqlarının β-hüceyrələrinin autoimmun destruksiyası təşkil edir. Bu proses bir-biri ilə əlaqəli olan 3 mexanizm hesabına baş verir: MHC (HLA) geni ilə əlaqəli olan irsi meyllik, β-hüceyrələrə qarşı autoimmun aqressiya və ətraf mühit amillərinin (β-sitotrop viruslar və β-sitotrop kimyəvi amillər)təsiri. İrsi meyllik 6-cı xromosomda yerləşən MHC molekullarını kodlaşdıran genlərin xüsusiyyəti ilə əlaqədardır. Belə genlərin daşıyıcısı olan insanlarda mədəaltı vəzin β-hüceyrələri səthində spesifik markerlər olduğu üçün β-sitotrop virus (Koksaki virusu, epidemik parotit virusu və s.) və kimyəvi amillərin (alloksan, streptozotosin və s.) təsirindən asanlıqla zədələnir və autoantigen xassəsi əldə edir. Beləliklə, autoimmun proseslər nəticəsində β-hüceyrələr tədricən zədələnir və sıradan çıxır, insulin sekresiyası azalır, mütləq insulin çatışmazlığı inkişaf edir. Bu hüceyrələrin 90%-nin autoimmun destruksiyası I tip şəkərli diabet xəstəliyinin ilkin əlamətlərinin meydana çıxmasına səbəb olur. Ona görə də I tip şəkərli diabetin müalicəsində insulindən istifadə mütləqdir.

II tip şəkərli diabet (insulindən asılı olmayan) əsasən 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir. I tip şəkərli diabetdən fərqli olaraq, insulindən asılı olmayan şəkərli diabetin etiologiyasında genetik meyllikpiylənmə daha çox rol oynayır. Lakin burada genetik meyllik HLA geni ilə deyil, karbohidrat mübadiləsinin tənzimində iştirak edən amilləri kodlaşdıran genlərin defekti ilə əlaqədar olur. II tip şəkərli diabetin patogenezinin əsasını β-hüceyrələrinin disfunksiyasıinsulinə rezistentlik təşkil edir. Genetik meyllik və piylənmə fonunda davamlı hiperqlikemiya və hiperinsulinemiya yaranır. Uzun müddət davam edən hiperinsulinemiya mədəaltı vəzin β-hüceyrələrinin fəaliyyətinin gərginləşməsinə, üzülməsinə və nəhayət, tükənməsinə səbəb olur.

II tip şəkərli diabetin patogenezində insulinə qarşı rezistentlik böyük rol oynayır və piylənmə ilə sıx əlaqəlidir. Bu əlaqə adipositlər tərəfindən sintez olunan və adipositokinlər adlanan bir sıra zülal təbiətli bioloji aktiv maddələr (TNF, sərbəst yağ turşuları, adiponektin, leptin, və rezistin) hesabına təmin olunur. Müəyyən olunmuşdur ki, piylənmə zamanı adipositlərdə TNF-in sekresiyası artır. TNF hədəf hüceyrələrdə insulin siqnalının postreseptor ötürülmə yollarına təsir etməklə insulinə rezistentlik yaradır. Piylənmə zamanı qanda sərbəst yağ turşularının da miqdarı artır, bu isə triqliseridlərin insulindən asılı hüceyrələrdə toplanmasına səbəb olur. Triqliseridlərin və sərbəst yağ turşularının metabolizm məhsulları hədəf hüceyrələrdə insulin siqnalının postreseptor yollarında iştirak edən zülalların fəallığını azaltmaqla insulinə rezistentlik yaradır. Piylənmə və insulinə rezistentlik zamanı adiponektin və leptinin miqdarı azalır, rezistinin isə artır. Adiponektin skelet əzələlərində triqliseridlərin qatılığını azaldır, sərbəst yağ turşularının utilizasiyasını artırır. Leptin hipotalamusda yerləşən qida mərkəzinin reseptorlarına təsir göstərir. Onun miqdarı azaldıqda aclıq hissi artır, bu isə piylənməyə gətirib çıxarır. Adiponektin və leptindən fərqli olaraq, rezistin insulinə həssaslığı azaldır, rezistentliyi artırır. II tip şəkərli diabetin müalicəsində istifadə olunan tiazolidinedion (TZD) adipositlərin nüvə reseptoru – PPAR-γ (peroxisome proliferator – activated receptor-γ) ilə birləşərək, rezistinin sekresiyasını azaldır və insulinə rezistentliyi aradan qaldırır.



İkincili şəkərli diabet digər xəstəliklərin fonunda yaranır. Bu xəstəlik mədəaltı vəzin zədələnməsi (kəskin və xronik pankreatitlər), kontrinsulyar hormonların hipersekresiyası ilə müşayiət olunan endokrin xəstəlikləri (Kuşinq sindromu, akromeqaliya, feoxromasitoma, tirotoksikoz, qlükaqonoma və s.), bir sıra xromosom xəstəlikləri (Daun, Klaynfelter) və s. zamanı inkişaf edir.

Hazırda şəkərli diabetin digər formaları da müəyyən olunmuşdur. Bura β-hüceyrələrin monogen defektləri ilə əlaqəli disfunksiyası aiddir. Məsələn, insulinin promotor geninin mutasiyası nəticəsində anomal insulin sintez olunur. Qlükokinazanı kodlaşdıran genin defekti zamanı yaranan hiperqlikemiya uşaqlarda nisbi insulin çatışmazlığına gətirib çıxarır. Şəkərli diabetin bu formaları MODY (ingiliscə maturity onset tipe diabetes of youngs – gənclərdə yetkin şəxslərin diabeti) adlanır və nəslə autosom-dominant yolla ötürülür. MODY 25 yaşa qədər şəxslərdə təsadüf olunur. Şəkərli diabetin bu növünün səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, insulinə rezistentlik gənc yaşlarda inkişaf edir. Belə xəstələrdə autoimmun aqressiya (I tipə xas olan) və piylənmə (II tipə xas olan) müşahidə olunmur.

Bəzən hamiləlik dövründə naməlum səbəblərdən insulinə rezistentlik yaranır. Bu, hestasion diabet adlandırılır.

Şəkərli diabet zamanı maddələr mübadiləsinin bütün nüvləri pozulur.

Şəkərli diabet xəstəliyi zamanı karbohidrat mübadiləsinin pozulması nəticəsində meydana çıxan əlamətlərə hiperqlikemiya, qlükozuriya, poliuriyapolidipsiya aiddir.

Şəkərli diabet xəstəliyində inkişaf edən hiperqlikemiya qlükozuriyaya səbəb olur. Normada sidikdə qlükoza olmur, çünki sağlam insanda ilk sidiyin tərkibindəki qlükoza böyrək borucuqlarında (qlükoza-6-fosfataza vəya heksokinaza fermentinin təsiri ilə) tam reabsorbsiya olunur. Qanda şəkərin miqdarı 180 mq%-dən (9,9 mmol/l) çox olarsa, qlükozanın reabsorbsiyası gərginləşir, “böyrək həddi”ni keçir, osmotik diurez (reabsorbsiya olunmayan hər qram qlükoza 15-40 ml suyu orqanizmdən xaric edir) və poliuriya baş verir, son sidikdə qlükoza aşkarlanır. Qan və toxumalar susuzlaşır, xəstədə şiddətli yanğı hissi yaranır və çox su içirlər (polidipsiya). Karbohidrat mübadiləsinin pozulması tam parçalanmamış turş mübadilə məhsullarının yaranmasına səbəb olur. Bu maddələrin dəri reseptorlarını qıcıqlandırması qaşınma yaradır. Dəri qaşınması əsasən qoltuqaltı çuxurda, qasıq və cinsiyyət orqanları nahiyəsində olur.

Şəkərli diabet xəstəliyində lipid mübadiləsi də pozulur. Bu zaman xəstədə hiperlipidemiya, ketonemiya, ketonuriya inkişaf edir. Hipoinsulinizm şəraitində hiperlipidemiyanın əsas səbəbi toxumalarda lipolizin fəallaşmasıdır. Ketonemiya qanda keton cisimciklərinin miqdarının normadan (2,5 mq%) çox olmasıdır. Keton cisimciklərinə aseton, asetsirkə və β-oksiyağ turşuları aiddir. Ketonemiya bir qayda olaraq, mütləq insulin çatışmazlığı zamanı inkişaf edir. Ketonuriya keton cisimciklərinin orqanizmdən sidik vasitəsilə xaric olmasına deyilir. Ketonuriyanın səbəbi qanda keton cisimciklərinin normadan çox olmasıdır. Hipoinsulinizm şəraitində lipid mübadiləsində baş verən dəyişikliklərin təzahür formalarından biri də arıqlamadır. Bu, lipogenezin zəifləməsi və lipolizin sürətlənməsi ilə izah edilir. Şəkərli diabet zamanı insulin çatışmazlığı nəticəsində zülal mübadiləsi də pozulur. Hipoinsulinizm şəraitində zülalların anabolizmi zəifləyir, katabolizmi isə sürətlənir. Bu da mənfi azot balansının inkişafına gətirib çıxarır. Zülal sintezinin ləngiməsi reparativ prosesləri zəiflədir (kollagen sintezi pozulduğu üçün), qanın laxtalanma qabiliyyəti azalır (laxtalanma amilləri az sintez olunduğu üçün), infeksion xəstəliklərə qarşı həssaslıq artır (anticisim sintezi azaldığı üçün). İmmunoloji reaktivliyin zəifləməsi nəticəsində dəridə tez-tez iltihabi proseslər və irinciklər inkişaf edir.

Şəkərli diabet xəstəliyində su-elektrolit mübadiləsinin pozulması poliuriya, hiperkaliemiyahiponatriemiya ilə müşayiət olunur.



Hiperkaliemiya hüceyrədaxili proteolizin fəallaşmasının nəticəsidir. Hiponatriemiyanın yaranması isə nefronların distal qıvrım borucuqlarında asidogenez proseslərinin gərginləşməsi (hidrokarbonatların tam titrlənməməsi), natrium ionlarının üzvi turşularla (asetsirkə, β-oksiyağ turşuları) birlikdə sidiklə itirilməsi ilə əlaqədardır.

Şəkərli diabetin ağırlaşmaları. Şəkərli diabet üçün xarakterik olan ağırlaşmaları kəskin gecikmiş olmaqla 2 qrupa bölürlər. Kəskin ağırlaşmalara komalar (hiperqlikemik və hipoqlikemik) aiddir. Hiperqlikemik komanın ketoasidotik, hiperosmolyar laktatasidemik növləri ayırd edilir. Hiperqlikemik ketoasidotik koma I tip şəkərli diabeti olan xəstələrdə müşahidə olunur. Bu növ komanın patogenezində kəskin hiperqlikemiya, hiperketonemiyametabolik asidoz mühüm rol oynayır. Kəskin hiperqlikemiya insulin çatışmazlığı nəticəsində qlükoneogenezin və qlikogenolizin sürətlənməsi hesabına baş verir. İnsulin çatışmazlığı eyni zamanda lipolizi sürətləndirir, qanda sərbəst yağ turşularının miqdarı artır. Bu isə qaraciyərdə ketogenezin sürətlənməsinə səbəb olur. Keton cisimcikləri hüceyrələrə, xüsusən beyin qabığına toksik təsir göstərir, MSS-nin fəaliyyətini pozur, koma vəziyyəti yaranır. Ketoasidotik koma üçün xas olan əlamətlərə aiddir: huşun və reflekslərin itməsi, arterial təzyiqin enməsi, nəbzin zəif və tezləşmiş olması, Kussmaul tipli tənəffüsün yaranması, dərinin quru olması və elastikliyinin azalması, göz almacıqlarının və əzələ tonusunun zəifləməsi, ağızdan aseton iyinin gəlməsi.

Hiperqlikemik hiperosmolyar koma II tip şəkərli diabeti olan xəstələrdə rast gəlinir. Hiperosmolyar komanın patogenezinin əsasını qanın yüksək hiperosmolyarlığı təşkil edir. Nəticədə hüceyrələr, xüsusilə beyin hüceyrələri dehidratasiyaya uğrayır, su-elektrolit disbalansı, mərkəzi sinir sistemində hipoksiya yaranır və huş itir. Komanın bu forması ketoasidozla müşayiət olunmur. Bu isə insulinin təsiri altında lipolizin blokadası ilə əlaqədardır.

Hiperqlikemik laktatasidemik komaya nadir hallarda təsadüf edilir. Bu, ən çox şəkərli diabet fonunda ürək və tənəffüs, böyrək və qaraciyər çatışmazlığı zamanı inkişaf edir. Qeyd olunan patologiyalar zamanı qanda süd turşusunun miqdarı artır və laktatasidemik koma inkişaf edir. Hiperketonemiya və ketonuriya olmur, cüzi hiperqlikemiya və yüngül qlükozuriya müşahidə edilir. Asidoz nəticəsində miokardın oyanıqlığı və yığılma qabiliyyəti pozulur, eyni zamanda periferik damarların iflici yaranır.

Hipoqlikemik koma şəkərli diabetin müalicəsi zamanı insulinin və digər preparatların yüksək dozada qəbulu zamanı və ya şəkər əleyhinə preparart qəbul etdikdən sonra qida qəbul etməmək nəticəsində inkişaf edir. Hipoqlikemik komanın inkişaf mexanizmində qanda qlükozanın miqdarının kəskin azalması və sinir hüceyrələrində qlükoza aclığı əsas rol oynayır. Bu zaman MSS-nin funksiyası pozulur. Qan plazmasında qlükozanın səviyyəsi 3 mmol/l-dən az olarsa, xəstədə tərləmə, tremor, həyəcan, aclıq hissi və zəiflik yaranır. Sonra xəstə müvazinətini itirir, hallyusinasiya, klonik qıcolmalar və huşun itməsi baş verir.

Şəkərli diabetin gecikmiş ağırlaşmalarına makro-, mikroangiopatiyalarneyropatiyalar aiddir. Angiopatiyaların patogenezinin əsasını eyni mexanizm – zülalların qeyri-fermentativ qlikozilləşməsi və daha çox qlükozanın sorbitola çevrilməsi təşkil edir. Qeyri-fermentativ qlikozilləşmə qlükozanın fermentlərin iştirakı olmadan zülallarla birləşməsidir. Bu yolla mələ gələn qlikoproteinlərə hemoqlobinin qlikozilləşmiş forması, damar divarında və toxumaarası sahədə kollagenin qlikozilləşmiş forması və s. aiddir. Bu qlikoproteinlər davamlı birləşmələr olub, damar divarında sklerotik dəyişikliklərin inkişafına şərait yaradır. Nəticədə belə damarların qidalandırdığı toxuma və orqanlarda patologiyalar inkişaf edir. Şəkərli diabetin gecikmiş ağırlaşmalarının digər inkişaf mexanizmi hüceyrədaxili qlükozanın sorbitola çevrilməsinin sürətlənməsidir. Hiperqlikemiya şəraitində qlükozanın artıq miqdarı insulindən asılı olmayan toxumalara (sinir hüceyrəsi, göz bülluru, böyrək, eritrositlər) asanlıqla daxil olur və intrasellülar qlükozanın qatılığı artır. Normada hüceyrədaxili qlükozanın 1-2%-i sorbitola çevrilir, şəkərli diabet xəstəliyində isə sorbitolun əmələ gəlməsi 8-10 dəfə artır. Nəticədə hüceyrədaxili osmolyarlıq artır, su hüceyrə daxilinə keçir, osmotik zədələnmə baş verir. Bu da müvafiq orqanların patologiyalarına səbəb olur.

Damarların ölçüsündən asılı olaraq, mikro- və makroangiopatiyalar ayırd edilir. Mikroangiopatiyalara misal olaraq diabetik nefropatiya və diabetik retinopatiyanı göstərmək olar. Makroangiopatiyalara iri və orta diametrli arteriya divarlarının sklerotik dəyişiklikləri aiddir. Beyin, koronar və aşağı ətraf arteriyalarının aterosklerozu müvafiq olaraq hemorragik insult, miokard infarktı və ətrafların qanqrenası şəklində təzahür edir.

Neyropatiyalara periferik və vegetativ neyropatiya, radikulopatiyalar, mononeyropatiyalar, ensefalopatiyalar aiddir. Neyropatiyalarda patogenezin əsas zəncirini sinirlərin demielinləşməsi və aksoplazmatik nəql olunmanın pozulması təşkil edir. Bu dəyişikliklərin səbəbi də zülalların qeyri-fermentativ qlikozilləşməsi və hüceyrədaxili sorbitolun artmasıdır.

Şəkərli diabetin diaqnostikasının və müalicəsinin ümumi prinsipləri. Şəkərli diabet diaqnozu qoymaq üçün aşağıdakı meyarlardan istifadə olunur:


  • qanda şəkərin miqdarının 200 mq% və daha çox olmasının təsadüfən aşkarlanması;

  • bir neçə dəfə acqarına müayinə zamanı qlükozanın miqdarının 126 mq% və daha çox olması;

  • şəkər yükü sınağı – 75 q karbohidrat qəbulundan 2 saat sonra qanda şəkərin miqdarının 200 mq % olması.

Əgər acqarına qanda qlükozanın miqdarı 110 mq%-dən, şəkər yükü sınağı zamanı 140 mq%-dən az olarsa, bu, norma hesab olunur. Lakin acqarına qlükozanın miqdarı 110-126 mq%, şəkər yükü sınağı zamanı isə 140-200 mq% arasında tərəddüd edərsə, bu, şəkərli diabetin gizli formasının olduğunu göstərir.

Şəkərli diabetin müalicəsi etiotrop, patogenetik və simptomatik prinsiplərə əsaslanır.



LİPİD MÜBADİLƏSİNİN PATOLOGİYASI

Orqanizmdə lipid mübadiləsinin pozulması nəticəsində bir çox patologiyalar inkişaf edir. Lipid mübadiləsinin pozulması aşağıdakı mərhələlərdə ola bilər: lipidlərin orqanizmə daxil olmasının, həzminin və sorulmasının pozulması; lipidlərin qandan toxumalara nəql olunmasının pozulması; piy toxumalarında və orqanlarda lipidlərin həddindən artıq toplanması; lipidlərin aralıq mübadiləsinin pozulması.

Bağırsaqlarda lipidlərin həzminin və sorulmasının pozulması bir neçə səbəbdən ola bilər: yağların emulsiyalaşmasının pozulması, yağların hidrolitik parçalanmasının pozulması, nazik bağırsaqda lipid mitsellərinin əmələ gəlməsinin pozulması,lipid mitsellərinin sorulmasının pozulması, triqliseridlərin resintezinin və bağırsağın epitel hüceyrələrində xilomikronların formalaşmasının pozulması və s.

Lipidlərin qandan toxumalara nəql olunmasının həm artması, həm də azalması müşayiət oluna bilər. Hiperlipemiyaların inkişaf mexanizminə görə alimentar (rezorbsion), retension, irsi, nəqledilmə növləri ayırd edilir. lipoproteinlər aterogenantiaterogen olmaqla iki qrupa bölünür. Aterogenlərə çox aşağı sıxlıqlı, aşağı sıxlıqlı və orta sıxlıqlı lipoproteinlər, antiaterogenlərə isə yüksək sıxlıqlı lipoproteinlər aiddir. Hipolipoproteinemiyalara nisbətən az təsadüf olunur. Ən çox irsi dəyişikliklərlə əlaqədar olaraq inkişaf edir.

Lipid mübadiləsinin pozulmasının göstəricilərindən biri də piylənmədir, ümumiyerli piylənmə ayırd edilir.



ZÜLAL MÜBADİLƏSİNİN PATOLOGİYASI

Zülallar orqanizmin həyat fəaliyyətində əsas rol oynadığı üçün zülal mübadiləsinin pozulması istənilən patoloji prosesin patogenezinin komponenti kimi mühüm əhəmiyyət kəsb edir. Orqanizmdə zülal mübadiləsi bir neçə səbəbdən pozula bilər: zülalların orqanizmə daxil olmasının, həzminin və bağırsaqlardan sorulmasının pozulması; hüceyrələrdə zülalların endogen sintezinin və parçalanmasının pozulması; aminturşu mübadiləsinin pozulması; zülal mübadiləsinin son mərhələsinin pozulması; qanın zülal tərkibinin pozulması.



Zülalların orqanizmə daxil olmasının, həzminin və bağırsaqlardan sorulmasının pozulması. Patologiyanın bu növü uzunmüddətli aclıq və keyfiyyətsiz qidalanma (qidada əvəzedilməyən aminturşuların və bəzi vitaminlərin çatışmazlığı) zamanı müşahidə edilir. Hüceyrələrdə zülalların endogen sintezinin və parçalanmasının pozulması. Əvəzedilməz aminturşuların, ATF-in çatışmazlığında, gen mutasiyalarında və digər hallarda hüceyrələrdə zülalların biosintezi pozulur. Zülal sintezini artıran hormonlara insulin, somatotrop hormon, tiroid hormon (fizioloji dozada), cinsiyyət hormonları aiddir. Zülalların parçalanmasına təsir edən hormonlara qlükaqon, katexolaminlər, tiroksinin yüksək dozası aiddir. Aminturşu mübadiləsində baş verən dəyişikliklər ayrı-ayrı aminturşularının yenidən aminləşməsi, aminsizləşməsi, dekarboksilləşməsi, transmetilləşməsi və digər reaksiyaların pozulması şəklində özünü göstərir. Yenidən aminləşmə və aminsizləşmə reaksiyaları zülal mübadiləsi üçün universal əhəmiyyətə malik olsa da, dekarboksilləşmə reaksiyası yalnız bəzi aminturşularına aiddir.

Zülal mübadiləsinin son mərhələsinin pozulması. Zülal mübadiləsində aminturşuların parçalanmasının son məhsullarına ammonyak, sidik cövhəri, kreatinin, indikan, CO2 və H2O aiddir. Zülal mübadiləsinin son mərhələsinin patologiyası zamanı azot məhsullarının əmələ gəlməsi və ya orqanizmdən xaric edilməsi pozulur.

Qanın zülal tərkibinin pozulması. Patoloji proseslər zamanı zülallar həm kəmiyyət, həm də keyfiyyət dəyişikliklərinə uğrayır. Qan plazmasında zülalların kəmiyyət və keyfiyyət dəyişikliklərinin aşağıdakı növləri ayırd edilir: hipoproteinemiya, hiperproteinemiya, disproteinemiya, paraproteinemiya.

SU-ELEKTROLİT MÜBADİLƏSİNİN PATOLOGİYASI

Su mübadiləsinin pozulması. Su mübadiləsinin pozulmasına dishidriya deyilir. Dishidriyanın iki növü ayırd edilir:

  • susuzlaşma (hipohidriya, hipohidratasiya, dehidratasiya, eksikoz) – hüceyrədaxili və hüceyrəxarici olur.

  • orqanizmdə suyun ləngiməsi (hiperhidriya, hiperhidratasiya) də hüceyrədaxili və hüceyrəxarici olur.

Yüklə 169,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə