Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 165,49 Kb.
səhifə2/3
tarix17.09.2017
ölçüsü165,49 Kb.
#564
növüMühazirə
1   2   3

Mesopotamiyada yazı
Bizim eradan əvvəl 4-cü, yəni zamanımızdan əvvəlki 6-cı minillikdə Mesopotamiyada (İki çay arası) - Dəclə və Fərat çayları arasında, Cənubda-Bəsrə körfəzi yaxınlığında yaşayan Şumerlər (Sumerlər) yazını kəşf etdilər. S. Kramer: “Tarix Şumerdən başlayır” (çünki yazı şumerdən başlayır). Şumer adını akkadlar qoymuşlar. Şumerlər özlərini “un san qiqa”, yəni “qara başlı adamlar” adlandırırdılar. Hesab-mühasibət sənədi sayılan Uruk tableti hələlik məlum olan ən qədim yazı nümunəsi sayılır. Şumer yazısı piktoqrafik (şəkilvari) yazı idi. Öküzü ifadə etmək üçün öküz başı çəkilmişdi (təbii ki, bir qədər sxematik). Sonra bu, yazı vasitələrindən istifadə və mücərrəd düşüncənin məhsulu kimi dəyişdi.


Bir sıra piktoqramlar yanaşı qoyulduğunda bir fikir ifadə etmək olurdu. Buna ideoqram, yəni düşüncə yazısı deyilir. Əvvəlcə təqribən 1500 piktoqram vardı, sonra bunların sayı təqribən 600-ə endi. Sonra Şumerlər gilin və qamışın bol olduğu bu yerlərdə ucu kəsik iti (bir ucu enli, digər ucu nazik) qamış/bəzən metal çubuğla,qələmlə yumşaq gil lövhənin üzərinə basmaqla həmin piktoqramları yazmağa başladılar (çivi və ya mixi yazı/cuneiform). Dilləri yapışqan və ya bitişik (aqqlyutinativ) qramatik quruluşa malik olan şumerlərə bu yazı üsulu rahat idi. Semit qrupuna daxil olan Akkadlar bu yazını mənimsədilər. Onlar get-gedə sayca üstünlük təşkil etməyə başladılar. İlkin piktoqram (öküz başı) bir neçə hissədən ibarət olaraq, hər hissə çubuğun vurduğu bucaqlı damğa ilə əvəz edilmiş, get-gedə sadələşdirilmiş, yəni mücərrədləşdirilmişdi.

Bu, piktoqrafik yazının aradan qalxması və simvolik yazının yaranması idi. Bu, mücərrəd, sadə və həndəsi yazı sistemi idi. Məsələn, kəsişən iki xətt düşmənçiliyi, paralel iki xətt dostluğu göstərirdi.

Bu cür (əlifbadan fərqli) yazı vahidlərinə çox zaman xarakterlər deyilir. Bu yazı sistemi ətraf dünyaya - qədim elam, hetit (hind-avropa dili), köhnə fars və digər dillərdə də yayılmış, tətbiq olunmuşdu.


Ucları müxtəlif şəkilli olmaqla müxtəlif növ (3 növ?) qələmlər işlənilirdi; üçbucaq uclu, ücbucağın bir təpəsini nazikcə uzatmaq üçün iti uclu və dairəvi uclu qələmlər vardı. Sonuncular sayları ifadə etmək üçün işlənilirdi. Bu - pazşəkilli (üçbucaq uclu), mixi və ya çivi yazı adlanır. Yaş gil üzərində yazıları günəşdə və ya sobada qurudurdular. Şumerlər və sonra Mesopotamiyanın şimalından axın edib hakimiyyəti ələ alan samidilli akkadlar və bir qədər sonra yaranan babil və asuri dövlətləri məktublaşma və poçt sistemi qurdular (gildən zərflər düzəldilirdi!). B.e.ə. 2000-ci il ətrafında artıq şumercə danışıq dili yox olmuş, akkad dili hakim dilə çevrilmişdi. Lakin şumer dili təqribən iki min il ərzində müqəddəs mətnlərin dili, elmi-ədəbi dil kimi işlənilməkdə davam etdi.

Hesab kitabları, ticarət kitabları, dualar, ədəbiyyat yazılırdı, məktəblər fəaliyyət göstərirdi. Gilqamış dastanı!-əsas hissəsi b.e.ə. 7-ci əsrdə mövcud olan Aşşurbanipal kitabxanasında, Ninovada və ya Nineviyada tapıldı; mətndə kəsilmələr var.

Gümüş, metal və digər lövhə və qablar üzərində də yazılar işlənilirdi. Daş üzərində şəkil, heykəlcik və yazılar xüsusi (daha çox siyasi) məqsədlərlə hazırlanırdı. Tikili daşlar üzərində yazılar hökmdarın gücünü və qanunları nümayiş etdirə bilirdi. Babil hökdarı Hammurapi (b.e.ə. 1750-də ölüb) qanunları tarixdə məlum olan ilk qanun məcəlləsidir. Hündürlüyü 2,4 m olan dionit daşın iki tərəfində yazılmış bu abidə Parisdə, Luvr muzeyində saxlanılır. Digər qədim nüsxələri də mövcuddur.
Misirdə yazı
Misir heroqlifləri canlı şəkillərə əsaslanırdə; insan, cürbəcür heyvan və bitki aləmi ifadə vasitəsi kimi işlədilirdi. Yunanca “hieros” - müqəddəs, “glupoin” –qazımaq deməkdir. Yəni, heroqlif müqəddəs yazı, tanrı yazısıdır. Bu cazibəli, şairanə, bəzəkli yazı sistemi b.e.ə. 3-cü minillikdə yarandı. Əvvəllər təqribən 700 heroqlif vardısa, sonralar (Roma işğalı baş verən 4-cü əsrdə) bu say 5000-ə yaxın oldu. Üç növ heroqlif vardı: əşya və canlıları, fikri ifadə edən piktoqamlar, səsləri ifadə edən fonoqramlar (səsyazı) - bir, iki və ya üç hərfi ifadə edən yazı vahidləri və nəyin (əşya, varlıq,..) əsas mövzu olduğunu göstərən işarələr. Misir yazısı adətən sağdan sola oxunurdu. Lakin tanrılar, insan başları və quş dimdikləri yazıda sanki cazibə mərkəzi rolu oynaya bilərdilər, yəni yazı onlara doğru oxunurdu, o cümlədən, soldan sağa, aşağıdan yuxarı, yuxarıdan aşağı istiqamətdə oxuna bilərdi.

Misirdə yazı əsasən papirus üzərində yazılırdı. Papirus Nil deltasında yetişən bitkidir. Ondan hörmələr, səbətlər, masa, yelkən və s düzəldirdilər. Bitkinin sap, lif və ya telləri vardı. Bu saplar kəsilib eni kiçik, uzunu böyük bir dilim şəklində üst-üstə (perpendikulyar) gətirilir, hörgülənir, yapışdırılır, təzyiq altında (nəmləndirib) düzləşdirib qurudulur, cilalandırılır, parıldadılırdı. Onlar nişasta xəmiri ilə bir-birnə yapışdırılır, bir neçə metr uzunluğunda lülə-rulon alınırdı (zamanımıza gəlib çatmış 40 metr uzunluğunda papirus məlumdur). Qələm qamışdan düzəldilirdi (təqribən 20 sm uzunluğunda). Tüstü tozundan, yapışdırıcı maddə və sudan sürmə-qara mürəkkəb düzəldilirdi. Mətnin başlıqları (və tanrıların adı) qırmızı mürəkkəblə (qırmızı rəngli təbii civə 2-sulfid tozundan düzəldilmiş) yazılırdı. Papirus dövlət nəzarətində idi, çox bahalı idi və xaricə satmaqla Misirə böyük gəlir gətirirdi. Bir çox hallarda papirusdan köhnə yazıları silib üstündən yenilərini yazırdılar. Cilalanmış və boyanmış, saxtiyan deyilən dəri yazı materialı olaraq daha bahalı idi və ancaq çox mühüm mətnlər üçün işlənilirdi.

Qədim zamanlardan başlayaraq daha sürətlə yazıla bilən sistem üzərində də iş gedirdi. Kahinlərin istifadə etdiyi daha da sadələşdirilmiş, mücərrəd və işlək Hyerotik yazı mövcud idi. Sonralar (b.e.ə. 7-ci əsrin ortalarında) bir qədər də sadələşdirilmiş işlək “demotik yazı”, yəni “xalq yazısı” da meydana çıxdı. Burada işarələr ilkin mənasından uzaqlaşmışdı. Hər iki yazı sağdan sola oxunur. Misir yazısını ilk dəfə Champollion (1790-1832) oxumağı bacardı. O, üstündə üç cür yazı -heroqlif (yuxarıda), hiyeratik/demotik (ortada) və yunanca (aşağıda) yazı olan “Rozetta daşını” oxudu və 1822-ci ildə onun tərcüməsini nəşr etdirdi. Bu yazılı daş İskəndəriyyə yaxınlığındakı Rəşid (“Rozetta”) məntəqəsində tapılmış bu yazılı daş Londonda Britaniya muzeyində saxlanılır (hündürlüyü 114 sm, eni 73 sm). Misirdə yaşamaqda olan koptların (kıptıların) danışdığı dil və işlətdikləri yazı bu kəşfə kömək etmişdi.

Misir və İslam dünyasında ərəb əlifbası köhnə Misir yazısını əvəz etdi.


Çin və onun ətrafında yazı
Çində yazı təqribən 4000 il əvvəl piktoqrafik yazı olaraq meydana çıxdı və təqribən 1800 il əvvəl tam sistemləşdi və bu gün də Çin həmin yazını işlədir (müəyyən sadələşmə və dəyişmələr təbii olmaqla)!!
c:\documents and settings\mlawry\desktop\ishareler.jpg

Yuxarıdan aşağıya sütunlar şəklində yazılırdı. Xalq və ya küçə Çincəsi soldan sağa, şeir və elm mətnləri yuxarıdan aşağıya, həmçinin sağdan sola oxunur. Çağdaş yazı vahidləri kvadratlar içindədir. Yazı mənanı bildirən bir açar (214 açar piktoqram var) və tələffüzü bildirən bir işarə vasitəsilə həyata keçirilir. Dünyanın ən uzunömürlü sivilizasiyası olan Çin bir qədər təcrid olunmuş vəziyyətdə olmuş, İkiçayarası və Misir mədəniyyətlərindən faydalanmamış (və ya çox az faydalanmış), sivilizasiyalar estafetinə qatılmamışdır (demək olar ki). Çin yazı sistemi xalqı birləşdirən, dövləti monolit edən çox mühüm səbəblərdən biridir!



Dara (Dariuş) və Bisutin yazısı,Hindistanda bambuk lövhələr üzərində yazı və s yazı sistemlərindən söhbət açmaq mümkündür. Türkcə ilk böyük yazılı abidələr (əlifba ilə!) sayılan, Tonyukuk və Yolluq Teqin tərinidən yazılmış Orxon-Yenisey daş kitabələri Monqolustandadır.
Əlifba
Mixi yazı, Misir və Çin yazı sistemi sözləri və hecaları ifadə edə bilən işarələr üzərində qurulmuşdu. Əlifba Mixi yazıların və Misir demotik yazılarının sadələşdirilməsi prosesində ortaya çıxa bilərdi (belə bir ehtimal var). Əlifba ilə, yəni səsləri ifadə etməklə 30 ətrafında işarə-hərflə istənilən söz və fikir yazıla bilir. Finikiya əlifbası (ilk bizə məlum əlifba –təqribən BEƏ 1200) samitlərdən (səssizlərdən) ibarət idi. Onlar az sayda səslilərlə birlikdə dildə işlənilən səsləri əhatə edirlər. Sonra Arami ölkəsində (bugünkü Suriyədə) arami əlifbası meydana çıxdı (təqribən BEƏ 800). Bu, sonralar İbrani dilində Əhdi-Ətiqin (Bibliyanın birinci hissəsi-Köhnə Saziş`in) yazıldığı sağdan sola oxunan əlifba oldu. Ərəb əlifbası da eyni kökdəndir, finikiya əlifbasından törəmə sayılır. İlk ərəb yazısının 512-513-cü illərə aid olduğu güman edilir.
Oxuyan adam səssizlərin arasında uyğun səslini təsəvvür edib oxumalıdır. Sami dillərində səslilər azdır. Ona görə oxuyarkən səslini təsəvvür etmək dəhşətli dərəcədə çətin deyil. Yunanlar Arami hərflərindən öz səsli hərflərini (A-alfa, E-epsilon, O-omeqa, Y-yupsilon, sonra isə I-iota; sonuncunu özləri) düzəltdilər; 17 səssiz, 7-səsli hərf oldu. Yunanlar keramika üzərində çox yazırdılar. Yunan yazısı ilə böyük elm, fəlsəfə və ədəbiyyat meydana çıxdı. Yunan əlifbasına yaxın bir əlifba işlədən etrusk xalqının dili hələ elmə məlum deyil. Latın əlifbası b.e.ə. 3-cü əsrdə meydana çıxmışdır, onun yunan və ya etrusk əlifbası vasitəsilə yaradıldığı güman edilir. Kiril əlifbası da eynilə. Finikiyalılardan əvvəl də hansısa bir əlifbanın varlığı inkar edilmir. Hindistandakı Brahmi yazısı da əlifba üzərindədir, səsli və səssiz hərflərdən ibarətdir, soldan sağa yazılır (sanskrit və hindu yazıları bu əlifbaya əsaslanır). Bu yazının finikiya təsiri ilə yarandığını iddia edənlər var.


Perqament və kağız
Perqamentin vətəni Perqam şəhədir (xarabaları indiki İzmir ətrafındakı Bergama`nın yaxınlığındadır). İranda BEƏ 5-ci əsrdə dəri üzərində yazı-diftera yunanlara da çatmışdı. Aleksandriya və Perqam kitabxanaları bir-biri ilə yarışır, rəqabətdə idilər. Ptolomeylərpapirusun Misirdən kənara çıxmasını qadağan etdilər. Perqamda müxtəlif heyvan (qoyun, dana, keçi, donuz, hətta ceyran, maral,...) dərilərindən yazı materialı hazırlamaq texnikası inkişaf etdirildi (“perqamene” yunanca “Perqam dərisi” deməkdir). Əhəngdə saxlayıb yumaqla dərini zədələmədən tükləri çıxarırdılar. Sonra cilalayır, hamarlaşdırır, təbaşir tozu, un, zülal, süd kimi vasitələrlə dərinin yağını alır və rəngini açıqlaşdırırdılar. Kağız dövrü başlananda da Avropada perqament üzərində yazı işi bitməmişdi, mətbəə dövründə belə Bibliyanın dəri üzərində nüxələri hazırlanılırdı. Vellum (velin?) adlandırılan və adi perqamentdən daha zərif olan yazı materialı quzu və buzov dərisindən alınırdı (o dövr fransızcasında dana demək olan “veel” sözündəndir). Perqamentin iki tərəfində də yazmaq və həmçinin pozub təzədən yazmaq kimi üstünlükləri də vardı! Perqamentdə qaz lələyi ilə yazırdılar. Perqament kitabların (səhifələrin) santimetrlə ölçüsü ən çox (35-50)x(25-30) olurdu. Amma perqament çox bahalı material idi, bir iri kitabın yazılması 1000 dəri tələb edə bilərdi.

751-ci il Xəlifə və Çin orduları arasındakı Talas savaşı (İndiki Qırğızıstan və Qazaxıstandakı Talas çayı vadisində) nəticəsində müsəlmanlar Çində çoxdan mövcud olan kağızla rastlaşdılar. Talas savaşında əsir düşən çinlilər İslam aləminə kağız texnologiyasını gətirdi. Çində artıq 2-ci əsrdə kağız hazırlandığı güman olunur. Çinlilər kətan liflərindən və bənzər xassəli tropik bitkilərdən kağız alırdılar. Bu liflər yuyulub əzişdirilir, su və nişasta ilə hopuzdurulur və “kağız xəmiri” alınırdı.

Qeyd edək ki, karkuklar Çin tərəfdən İslam ordusu tərəfə keçmiş (Çin ordusunun yarıdan çoxu karluklardan ibarətdi), bununla müsəlmanların qələbəsini təmin etmişdilər. Lakin türklərin elliklə islama keçməsi 10-cu əsrdə baş verəcəkdi.


C. Misir və Mesopotamiyada riyaziyyat, astronomiya və təqvim

Qədim dünyada səmanın müşahidə olunması

Ən qədim dövrlərdə bəşər övladı təbiətdə, həyatda daimi və dövri olaraq baş verən hadisələri, məsələn, gecə və gündüzün, yaz, yay, payız və qışın bir-birini əvəz etməsinin şahidi olmuşdur. O, daha irəli gedərək bu dövri hadisələrin göydə baş verən hadisələrlə, məsələn, Günəşin, Ayın, bəzi ulduzların doğuşu və hərəkəti ilə birbaşa əlaqəli olduğunu dərk edir, bu əlaqəni anlamağa, şərh etməyə çalışırdı. Gün (Yerin öz oxu ətrafında fırlanma vaxtı; qədimdə isə Günəşin Yer ətrafında bir tam dövretmə müddəti) birinci, “Ay ayı” (Ayın Yer ətrafında tam dövrü müddəti) ikinci və il (Yerin Günəş ətrafında tam dövr müddəti; görünüşdə Günəşin Yer ətrafında tam dövrü müddəti) üçüncü zaman ölçüsü oldu. Günəşin göydə hündürlüyü və yeri ilə gündüz vaxtı təyin etmək olurdu. Gecə isə Ayın hərəkəti və müəyyən ulduzların vəziyyəti ilə vaxtı (o cümlədən ayı və ili) və istiqaməti təyin etmək mümkün olurdu. Günəş, Ay və ulduzlara pərəstiş edirdilər.

Mövsüm işləri ilə əlaqədar təqvimə yaranan böyük ehtiyac, quruda və gəmidə bir qədər uzaq səfərə çıxarkən istiqaməti və yolu düz seçmək, ulduzların düzülüşü və planetlərin hərəkətinə görə gələcəyi görmək, möcüzələrdən xəbər vermək və möcüzə yaratmaq, proqnoz vermək (astrologiya) kimi arzu və istəklər qədim dünyada səma və təbiət hadisələri arasında əlaqənin, yəni astronomiyanın inkişafını tələb edirdi. Astronomiya və riyaziyyat kənd təsərrüfatı ilə məşğul olan ölkələrdə daha çox inkişaf edirdi.

Kainatın quruluşu və mənşəi, Günəş, Ay və bəzi ulduzların (planetlərin) hərəkəti haqqında düşünən bəşər övladı ən qədim dövrlərdə səma cisimlərini canlı sayır, onları fövqəlgücə malik tanrılarla eyniləşdirir, öz düşüncələrini miflər yaratmaqla ortaya qoyurdu. Səciyyəvi bir misal gətirməklə kifayətlənəcəyik. Qədim Çin miflərinə görə yer müstəvi şəkillidir, göy isə yarımkürə şəkilli olub yer üstündəki sütunlar üzərində dayanmışdır. Əjdahanın mərkəzi sütunu əyməsi nəticəsində Yer şərqə doğru, göy isə qərbə doğru meylləndi. Nəticədə Çində çaylar şərqə doğru axır, göy cisimləri isə qərbdən şərqə doğru hərəkət edir. Şumer, Misir, Hind, İran, Yunan, Türk və qədimdə yazısı olan digər xalqlar kainatda baş verən hadisələrə münasibətlərini müxtəlif və maraqlı miflər yaratmaqla bildirmişlər. Qədim mədəniyyətlərdə rəqəmləri əvvəlcə yanaşı düzülmüş vertikal xətlər və ya nöqtələr vasitəsilə ifadə edirdilər. Sonra bu vertikal xətlər arasına hərflər daxil etməklə sayları daha qənaətcil və çevik üsulla ifadə etməyə başladılar. Bu, mücərrəd düşüncənin ifadəsi və ya elmi yanaşma nümunəsi idi!



Qədim dünyada riyaziyyat. Misir

Qədim dünyanın ən inkişaf etmiş elm sahəsi, sözsüz, riyaziyyat olub. Fizika, kimya, biologiya və astronomiya kimi elmlərdə təcrübənin toplanması (yavaş-yavaş, hətta çox yavaş-yavaş), dərin müşahidə və ölçü aparmaq üçün incə cihazların olması tələb edilir, tək mücərrəd düşüncə və məntiqlə dərin kəşflər etmək mümkün olmur. Məsələn, mikroskop və teleskop olmadan, elektrik cərəyanı kəşf edilmədən təbiət elmləri bəşəriyyətin həlledici gücünə çevrilə bilməzdi. Riyaziyyat isə, məsələlərin bir hissəsi praktikadan, təcrübədən gəlsə də, mücərrəd düşüncə və məntiq yolu ilə inkişaf etdirilə bilir. Misir və Mesopotamiyada riyaziyyat necə inkişaf etmişdi?

Misir Piramidalarının tikilməsi, Misirlilərin böyük əhəmiyyət verdikləri bir parlaq ulduzun - Siriusun doğuşu (Günəşin doğuşundan bir az əvvəl), Nilin daşması kimi hadisələr riyaziyyatın, təqvimin (Günəş ilinin!), astronomiyanın inkişafı ilə bağlı olublar (onlar bu elmlərə qida verir, eyni zamanda bu elmlər onları izah və şərhində əsas rol oynayırdılar). Misirlilər kəsr ədədlər və onlar üzərində əməllər aparır, çox sadə cəbri məsələləri həll edə bilirdilər. Onlar üçbucaq, trapesiya və dairənin sahəsi (S =πr² və π-nin təqribi qiyməti olaraq 3,16 götürülürdü), kəsik piramidanın həcmini hesablaya bilirdilər.

Misirlilər bu gün qüvvədə olan 10 əsaslı və ya onluq (mövqeli olmayan) say sistemindən istifadə edirdilər (saylar 1-dən 10-a qədər və 10, 100, 1000,...kimi rəqəmlərin köməyilə qurulur; məsələn, 13834=10000+3000+800+30+ 4 = 10000 + 3·1000 + 8·100 + 3·10+4). Misirlilər 1-dən 10-a qədər rəqəmləri yanaşı vertikal xətlərlə, 10, 100, 1000,...,1000000 kimi rəqəmləri müəyyən simvollar/işarələr/fiqurlar`la ifadə edirdilər. Rəqəmin ifadəsi çox uzun olmaması üçün rəqəm işarələrinin bir hissəsini üst-üstə (iki mərtəbədə) də yaza bilirdilər. Rəqəmləri ifadə edən işarələr ardıcıllığını, heroqlifli yazıda olduğu kimi, müxtəlif istiqamətlərdə, o cümlədən vertikal şəkildə (aşağıdan yuxarıya və tərsinə) də yaza bilirdilər. Rəqəmlərin ifadə üsulu get-gedə təkmilləşdirilmiş, yazmaq üçün daha rahat və nisbətən daha sadə hieratik yazı sistemindən istifadə edilmiş, sıfır (!) və 1-dən 10-a qədər rəqəmlər üçün, eləcə də 10-un misilləri və qüvvətləri üçün xüsusi işarələr daxil edilmişdi. Tərs ədədləri (1/2, 1/3, 1/4,...) məxrəci ifadə edən işarənin üstünə nöqtə qoymaqla ifadə edirdilər.

Kvadrat köklər, ədədlərin ardıcıl qüvvətləri (r², r³,...), tərs ədədlər (1/r) cədvəlləri vardı. Misirlilər xətti tənliyi həll edə bilirdilər (digər tənliklər haqqında məlumat yoxdur). Məchula “aha” (yığın, topa, qalaq) deyirdilər. Misir riyazıiyyatı haqqında məlumatın çoxu British Museum`da saxlanılan Rhind Papirus`undadır (1858-də onu tapan Alexander Henry Rhind`in adı ilə). Eni 32 sm, uzunu 536sm olan bu papirusun, bu riyaziyyat kitabının müəllifi Ahmes`dir. Bu papirus məzmunca 3 hissəyə ayrılmış kitabdır; birinci hissəyə daxil olan 20 hesab və 20 cəbr məsələsi 2 cədvəllə müşayiət olunur, ikinci hissəyə daxil edilmiş 20 həndəsi məsələ əsasən həcmlərin, bir qədər də sahələrin hesablanmasına həsr olunub. Son 3-cü hissədəki 24 məsələ müxtəlif hesablamalardan, o cümlədən bəzi tətbiqi məsələlərdən (qida maddələrinə aid hesablamalardan) ibarətdir (Robins, R. Gay, and Charles C. D. Shute. The Rhind Mathematical Papyrus: An Ancient Egyptian Text. British Museum Publications Limited, 1987). Digər mühüm kitab həcmcə daha kiçik olan Moskva Papirusu`dur (uzunluğu 5m-dən artıq, eni 4-7 sm ətrafında dəyişir). Təqribən iki əsr daha qədim (“-1850” ətrafı) olan bu kitabda bənzər məsələlərlə yanaşı daha çox tətbiqi həndəsi məsələlərə baxılmışdır. Məsələn, kəsik piramidanın həcmi, bir fiqurun səthinin sahəsi hesablanmışdır. Bu məsələlər və onların həlli Misirlilərin sanki müəyyən nəzəri, ümumiləşdirici biliklərə malik olduqlarını göstərir. Moskva Papirusunun müəllifi məlum deyil.

Neugebauer Misir riyaziyyatının riyaziyyat elminə bir töhfə vermədiyini, hətta sonrakı dövr riyaziyyatına mənfi təsir göstərdiyini (“əsas kəsrlər”dən: 1/2, 1/3, 1/4, 1/5,... həddindən çox istifadə etdiklərini) irəli sürür (səh. 84). Görkəmli elm tarixçisinin bu iddiasını qəbul etmək çətindir. Misirlilərin riyazi bacarıqlarına yunanlar o vaxtdan 1300-1400 il keçdikdən sonra yiyələnə bilmişdilər və onlar Misirlilərə minnətdar olduqlarını qeyd edirdilər. Herodotun “həndəsə Misirdə başlanıldı, oradan Yunanıstana keçdi” (Historia/The Histories, II, 109) və ya Aristotelin “Misirdə elm yarandı; məhz orda kahinləri zəruri olan sərbəst vaxtları vardı” (Metafizika, A1) fikirlərini təkzib etmək üçün böyük əsas varmı?!



Qədim Misir zəka sahibləri və həkimləri

Bəzi Misir zəka sahiblərinin adı zamanımıza gəlib çatıb. Tot (Thoth, Thot, Thout) Misir mifologiyasına görə tanrılarla insanlar arasında vasitəçi, Xeyir və Şər arasında hakim (yəni Filosof!?), yazı və bilik sisteminin yaradıcısıdır. Adının necə tələffüz edildiyi məlum deyil, Tahuti, Tetu və digər çox variantlar var. Qədim yunanlar onu Tot adlandırmış, riyaziyyatın, astronomiyanın, tibb və botanikanın atası saymış, öz tanrılarından olan Hermes`lə onu qovuşdurmuş Hermes Trismegistus (Üçqat böyük Hermes) adı vermiş, əlkimyanın təməlini də onun adı ilə bağlamışlar. Əlbəttə ki, Tot`u gerçək tarixi məlum olmayan əfsanələşmiş tarixi şəxsiyyət saymaq olar. Lakin gerçək tarixi şəxslər olmuş yaradıcı insanlar da məlumdur. “-27”-ci əsrdə Merit-Ptah adlı qadın, yəqin ki, adı məlum olan ilk həkim qadındır. Amenhotep (Hapu oğlu) “-15”-ci əsrin sonlarında və əsasən “-14”-cü əsrin birinci yarısında yaşamış faraon 3-cü Amenhotep` sarayında memar, səlnaməçi/yazıçı, kahin və dövlət adamı olub. O dövrün ən məşhur zəka və praktik fəaliyyət dühası sayılan şəxs isə İmhotep (t. “-2650” – t. “-2600) adlı çoxbilgindir. Faraon Coser`in (Djoser, Zoser,...) vəziri və ya baş vəziri olmuş, memar, mühəndis, həkim, filosof və şair kimi fəaliyyət göstərmişdir. Əhəng daşından tikilmiş və qədim zamanlardan bu günə gəlib çatmış ən böyük memarlıq abidəsinin – Pilləvari Piramidanın (Saqqara, Memfis yanında) memarı və mühəndisi olmuşdur. (Şəkil) İmhotep sağlığında istisna dərəcədə nüfuz sahibi olmuş, ölümündən sonra adı get-gedə daha da məşhurlaşmış, müqəddəsdirilmiş, yunanlar onu həkim-tanrı Alklepius`la eyniləşdirmişlər. Tarixi şəxslərdən biri də Hesira (Hesy-Ra) adlı tanınmış həkimdir, faraon Coser`in sarayında fəaliyyət göstərmişdir.

Herodot`a görə Misirdə hər həkim bir xəstəliyi müalicə edir, yəni həkimlər ixtisaslaşmışlar və ölkə həkimlərlə doludur; bu həkimlər bütün xəstəliklərin yeməkdən əmələ gəldiyini iddia edirdilər.

Mesopotamiya mədəniyyəti

Misir mədəniyyəti müəyyən mənada Nil çayına borclu idisə, Mesopotamiya (iki çay arası) bir-birinə yaxın iki çaya –Dəclə və Fərat çaylarına, eləcədə bu “iki çay arası”na borcludur. Dövlətlər, xalqlar, dillər dəyişsə də, bu yer böyük mədəniyyət mərkəzi olaraq davam etdi. Babilistan hökmdarı Nabonessar və ondan sonra güclü Assuriya hökmdarı 2-ci Tiqlat-Pileser (“-8”-ci əsr) dövrü riyaziyyat və astronomiyanın inkişaf dövrü idi, Günəş və Ay tutulmaları sistemli şəkildə müşahidə edilir və qeydiyyata alınırdı.

İki çay arasına Xaldea (Chaldea; kaldislər) da deyirdilər. Mənşəcə naməlum Şumer mədəniyyəti və onu əvəz edən semit Akkad mədəniyyəti yüksək inkişaf etmiş suvarma sisteminə, əkinçilik və təsərrüfat (aqrar) həyatına, qanunvericilik, riyaziyyat, astronomiya və ədəbiyyata malik idi. Şumer tanrılar panteonu insansayağı tanrılardan ibarətdi; bu cəhətdən yunan və şumer tanrılarını müqayisə etmək mümkündür. Gil üzərində mixi yazı (cuneiform) ilə yazılmış kitablar papirusa nisbətdə daha uzunömürlü idi, bu səbəbdən Mesopotamiya mədəniyyəti, o cümlədən riyaziyyatı və astronomiyası haqqında Misirə nisbətən qat-qat çox qaynaqlar (gil lövhəciklər) qalmışdır.

B.e.ə. 2-ci minilliyin ilk əsrlərində şumerdilli (artıq ölü dil) məktəbdən məzun olmaq üçün qoyulan yüksək tələblər akademik səviyyənin bir göstəricisi kimi qəbul oluna bilər. Şumercədən akkadcaya şifahi və yazılı tərcümə, qramatika və fonetika, akkad-şumer sözlüyü, kalliqrafiya, musiqi alətlərində çalmaq və xor dirijorluğu, riyaziyyat və yerölçmə işi, qida məhsullarının və digər materialların sərf normaları, ədəbi-dini mətnlərin öyrənilməsi,...məktəbi bitirəndə qazanılan bilik və vərdişlərin heç də tam siyahısı deyil (И.М. Дьяконов. Научные представление на древнем Востоке. См. «Очерки истории естественно-научных знаний в древности», «Наука», Москва, 1982; стр. 62-63). Bir dildə (bu halda akkadcada) elm və ədəbiyyatın inkişafı nümunə dildən (bu halda şumercədən) tərcümə vasitəsilə həyata keçirilməyə başlanılırdı. Bu, bəşər tarixində dəfələrlə təkrar olunacaq bir hadisə olacaqdı.

Nineviyadakı (indiki İraqda Mosul ətrafı) Assiruya hökmdarı Aşurbanipal`ın ([-669/8]-[-627]) zəngin (sistemli!) kitabxanası (gil!) alim və yazıçıların əməkdaşlıq mərkəzi ola bilərdi. Ondan əvvəlki hökmdar Sennaxerib`in (“-705”-“-681”) sarayında da kitabxana olub. Əslində Assuriya hökmdarı 1-ci Tiglath-Pileser ([-1114]-[-1076]) sarayında kitabxana mövcud olduğu deyilir.

Mesopotamiyada riyaziyyat

Mesopotamiyada 10-luq və 60-lıq mövqeli say sistemini daxil etmişdilər (bu çox vacib kəşfi Neugebauer əlifbanın icadı ilə, əlifbanın heroqlifli yazı üzərində üstünlüyü ilə müqayisə edir; səh. 21); məsələn, 3847-nin 60-lıq sistemdə (60)² + 4·60 + 7 kimi təmsil olunur. Mövqeli sistem (Hammurapi zamanında vardı?!) rəqəmlərin durduqları yerə görə ədədin qiymətinin müəyyən edilməsidir, məsələn 444 ədədində sağdakı 4, ortadakı 4 və soldakı 4 tutduqları mövqeyə, yəni yerə görə fərqli məna daşıyırlar: uyğun olaraq 4, 40 və 400-ü təmsil edirlər. Sıfır işarəsi yoxdu, onu çox zaman bir məsafə buraxmaqla, yəni boş yerlə ifadə edirdilər (sıfır məsələsinin nə vaxtdan başlaması mübahisəlidir). Bu mövqeli sistemdə müxtəlif mövqelər arasında məsafə qoyurdular (4-ü ifadə edən işarəni üç dəfə təkrar yazaraq 1-ci və 2-ci, eləcə də 2-ci və 3-cü arasında məsafə buraxmaqla). Mövqeli sistemdə az sayda rəqəmlər vasitəsilə ən böyük ədədləri ifadə etmək olur. Çağdaş sivilizasiya 10-luq say sistemindən istifadə etsə də, 60-lıq say sistemi hələ Şumer dövründə daxil edilmişdi. Get-gedə onluq say sistemi üstünlük qazanmağa başlyırdı. Yunan mədəniyyətinin gücləndiyi və çiçəkləndiyi dövrdə Babilistanda Ay və planetlərin müşahidələri çoxalmış, astronomiya və riyaziyyat, xüsusilə cəbr (tənliklər) get-gedə güclənmiş, yunanları cəlb edən, yunanlarla yarışa bilən səviyyəyə çatmışdı Mesopotamiyanın 60-lıq sisteminin qalıqları (zaman və bucaq ölçüləri: bir saat 60 dəqiqə,..., 0-dan 360-a qədər bucaqlar) günümüzə qədər gəlib çıxmış və təbii qəbul edilmişlər.

Mesopotamiyada da ədədləri Misirdə olduğuna bənzər şəkildə yazı sistemi (bu halda mixi yazısı) vasitəsilə ifadə edirdilər. Çevrənin 360 hissəyə bölünməsi m.ö. son əsrlərdə baş vermişdi, 60-lıq sistemin tarixi isə çox qədimdir və daxil edilmə səbəbi məlum deyil (tam inandırıcı olmayan fikirlər var). Bu sistemi yunan, hind, islam və ilk orta əsrlər Avropa astronomları da qəbul edib işlədirdilər. K. Ptolomey zamanından başlayaraq astronomlar çox zaman tam ədədləri onluq, kəsr ədədləri isə altımışlıq sistem ilə yazırdılar (Onluq kəsrləri əl-Kaşi (?-1429) icad etmişdi).

Misirlə müqayisədə Mesopotamiyalılar daha mürəkkəb tənliklərin həlli ilə məşğul olurdular. Kvadrat tənlikləri faktik olaraq bizə məlum olan üsulla həll edir, bəzi kub tənlikləri, eləcə də kvadrat tənliyə gətirilə bilən yuxarı dərcəli tənlikləri də həll edə bilirdilər (sadələşdirmək, yuxarı dərəcəli tənlikləri əvəzləmə ilə aşağı dərəcəlilərə gətirmək). Təbii ki, ancaq müsbət ədədlərdən və müsbət həllərdən söhbət gedirdi. Mesopotamiyalılar müəyyən sonlu həndəsi silsilələrin (1+2+2²+2³+...) və sonlu sayda natural ədədlərin kvadratları cəmini (1²+2²+3²+...), həmçinin Pifaqor üçlükləri (p²+q²=r²) adlandırılan (p, q, r)-i, məsələn (3,4,5)-i tapa bilirdilər (Pifaqordan min il əvvəl!). Onlar Fales`in adına çıxılan “yarımdairə daxilinə çəkilmiş bucaq düz bucaqdır”) xassəni də bilirdilər. √2 ədədinin çox yaxşı təqribi hesablamasını bilirdilər (1. 414222 kimi). Tənliklərin həllində məchulları hərflərlə işarə etmək və tənlik qurub həll düsturunu tətbiq etmək qədim və orta əsrlərdə tətbiq olunmurdu. Əvəzində Mesopotamiyalılar “uzunluq” və “en” kimi (şərtə görə en uzunluqdan böyük ola bilməzdi) həndəsi ifadələr işlədir, üçölçülü halda isə “dərinlik” terminini işlədir, lakin onların həndəsi mənasına uymadan hesabi-cəbri yolla tənlikləri həll edib bu “uzunluq”, “en” və “dərinliyi” tapırdılar. Onlar iki məchullu iki xətti tənlik sistemini də həll edirdilər (vərəsəlik paylarının müəyyən edilməsi kimi tətbiqi məsələlər belə tənliklər sisteminə gətirməklə həll edilirdi). Ümumi düsturlar mövcud olmasa da, ümumi qaydaların varlığı şübhə doğurmamalıdır. Mesopotamiyalılar sanki ədədlər üzərində hesablamaları və tənliklərin həllini həndəsədən daha çox sevirdilər, həndəsəyə sanki tətbiqi hesab kimi baxırdılar (Misirlilərdə, yəqin ki, bunun tərsi doğru olub, həndəsə birinci yerdə idi). Lakin onlar həndəsi məsələlər də həll edirdilər; bəzi kanonik fiqurların həcmini və ya düzgün çoxbucaqlıların (3, 4, 5, 6, 7 bucaqlı) sahəsini, eləcə də bu sahənin çoxbucaqlının tərəfinə nisbətini hesablaya bilirdilər.

Aristotel riyazi fəaliyyəti iki səbəblə izah edirdi : ehtiyac (tətbiq!) və nəzəri bilikləri inkişaf etdirmək üçün sərbəst vaxt (yəni zəka macərası!). Mesopotamiya riyaziyyatının inkişafında hər iki səbəbin rol oynadığı görünür (orada bir sıra tətbiqlə bağlı olmayan, sadəcə ümumi maraq daşıyan məsələlərə baxılırdı).


Yüklə 165,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə