MühaziRƏ 12 elektrik təHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ Plan



Yüklə 95,31 Kb.
tarix05.02.2018
ölçüsü95,31 Kb.
#25141

MÜHAZİRƏ 12

ELEKTRİK TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ

Plan

  1. Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri

  2. Elektrik cərəyanının canlı orqanizmə təsiri

  3. Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri


Ədəbiyyat


  1. М.Б.Сулла «Охрана труда», Москва, 2009

  2. Ю.К.Недоступов «Охрана труда в образовательных учреждениях» Москва, 2001

  3. С.В.Белов, А.В.Ильницкая и др. «Безопасности жизнодеятельности» Москва, 2008

  4. M.A.Həsənov «Əmək mühafizəsi», Bakı – 2005

  5. A.K.Marenqo, H.A.Tilkunov «Elektrik təhlükəsizliyi» Bakı – 1996

  6. П.А.Долин «Действие электрического тока на человека и первая помощь пострадавщему». М., «Энергия», 1976

Elektrik təhlükəsizliyi

Elektrik enerjisi ən universal və əlverişli enerji növüdür. Elektrik enerjisi olmadan insanın mədəni yaşayışını təsəvvür etmək çətindir. Eektrik enerjisi işdə və məişətdə bizim sadiq köməkçimizdir, lakin onunla yanlış və etinasız davranarkən, adamın həyatı üçün təhlükəli olur. Digər təhlükəli sahələrdən fərqli olaraq elektrik cərəyanını xüsusi cihaz olmadan müəyyən etmək mümkün deyil.

Belə ki, hərəkət edən maşını, onun təhlükəli hissələrini, çəpərlənməmiş təhlükəli sahəni və s. görmək mümkün olduğu halda elektrik gərginliyini çox geç, yəni insan zədələndikdən sonra hiss etmək olur. Elə bu baxımdan elektrik zədələnmələri statistik məlumata görə ölümlə nəticələnən hadisələr sırasında çoxluq təşkil edir.

Elektrik təhlükəsizliyi – təşkilati və texniki tədbirlər sistemi olaraq, adamları elektrik cərəyanının, elektromaqnit sahəsinin və statik elektrik­ləşmənin zərərli və təhlükəli təsirindən mühafizə edir.



Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri

Elektrik cərəyanı ilə zədələnmənin dörd xüsusiyyəti mövcuddur.

1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əla­mətlər yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin müm­künlüyünü görmür, eşitmir, iyləyə, yaxud vaxtından əvvəl aşkar edə bilmir.

2. Elektrikdən travmalar zamanı əmək qabiliyyətinin itirilməsi, bir qayda olaraq, uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər.

3. Sənaye tezlikli 10-20 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, bunun da nəticəsində, necə deyərlər, cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir.

4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür.

Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri aşağıdakı­lardır:


    1. Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma.

    2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyn keçirən hissələrinə toxunmaq.

3. Addım gərginliyinin təsiri altına düşmək.

4. Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik texnikası qaydalarının pozulması.

Elektriklə işləyən avadanlıqlar, elektrik mühərrikləri, idarəetmə və mühafizə aparatları, nəzarət ölçmə cihazları və s.istehsal olunarkən onların iş şəraiti nəzərə alınaraq konstruksiya edilir. İstehsalat müəssisə­lərində bu şərait nəzərə alınmadan elektrik qurğuları seçilib yerləşdi­rildikdə avadanlığın sıradan çıxmasına, işçilərin elektrikdən zərər çəkməsinə, yanğın hadisələrinin törənməsinə səbəb olur.

Elektrik cərəyanı ilə zədələnməyə təhlükəlilik dərəcəsinə görə bütün binalar əsasən üç kateqoriyaya bölünür:

1. Yüksək təhlükəli binalar. Bu binalar aşağıdakı əlamətləri ilə xarak­terizə olunur:

a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir – beton)

b) yüksək temperatur (300S və daha yüksək – metallurgiya sexi)

c) mühitin yüksək rütubətliliyi (75% - dən çox)

d) avadanlığın və yerlə birləşdirilmiş metal konstruksiyanın gövdələrinə eyni vaxtda toxunmaq imkanının olması.

2. Xüsusi təhlükəli binalar. Bu binalar aşağıdakılarla xarakterizə olunur:

a) Mühiti yüksək nisbi rütubətli (100%) – Camaşırxanalar, qalvanik hopdurma sexləri.

b) Mühitin kimyəvi aktivliyi – qalvanik sexlər, elektrik üyütmə sexləri, heyvandarlıq fermaları.

c) Yüksək təhlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması.

3. Az təhlükəli binalar. Bu binalar elə binalara deyilir ki, onlarda birinci iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan yuxarıdakı amillər yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.

Bütün qurğular 500V və daha yüksək gərginliklərdə yerlə birləşdirilir və yaxud sıfırlanır, lakin yüksək təhlükəli və ya xüsusi təhlükəli binalarda yerləşdirilmiş qurğular isə dəyişən cərəyan gərginliyi 36V – dan çox və sabit cərəyan gərginliyi 110V – dan böyük olduqda yerlə birləşdirilməlidir. Partlayış təhlükəli zonalarda qurğular istənilən gərginlikdə yerlə birləşdirilir.

Elektrik cərəyanının canlı orqanizmə təsiri

Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və bioloji təsir göstərir.

Termiki təsir özünü bədəndə yanıqların, isitmənin əmələ gəlmə­sində və qan damarlarının zədələnməsində, ürəyin, beyinin və başqa orqanların həddindən artıq qızmasında biruzə verir ki, bunlar da həmin orqanlarda funksional pozğunluqlara səbəb olur.

Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən qanın parça­lanmasında göstərir, bu da onun tərkibinin, habelə bütövlükdə toxunma­nın xeyli dərəcədə pozulmasına səbəb olur.

Bioloji təsir özünü başlıca olaraq, normal fəaliyyət göstərən orqanizmə xas olan və onun həyati funksiyları ilə sıx bağlı daxili bioelektrik proseslərin pozulmasında göstərir. Bioloji təsir nəticəsində orqanizmdə hüceyrələr qıcıqlanır, əzələlər iflic olur.

Eektrik cərəyanı ilə əlaqədar bədbəxt hadisələr iki yerə ayrılır.



  1. Elektrik zədəsi

  2. Elektrik zərbəsi.

Elektrik zədələri yanıq, elektik nişanı, dərinin metallaşması, mexaniki zədələnmələr və elektrooftalmiya formalarında ola bilir. Elektrik yanığı bədənin səthinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük cərəyanların təsirilə zədələnməsidir. Cərəyan yanığı elektrik enerjisinin istilik enerjisinə çevrilməsinin nəticə­sidir, bir qayda olaraq, bu dərinin yanmasıdır, çünki insanın dəri­sinin elektrik müqavi­məti bədənin başqa toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür. Elektrik nişanı insan bədəninin cərəyan daşıyan hissə ilə təmasda olduğu yerdə dərinin sarımtıl rəngli, qabar şəklində şişməsindən ibarətdir. Dərinin metallaşması isə elektrik cərəyanının təsirindən sıçrayan və buxarlanan (qaynaq zamanı və s.) hissəciklərin dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir.

Elektrik cərəyanının təsirindən insanın huşunu itirməsi nəticə­sində hündürlükdən düşdükdə və digər hadisələrdə aldığı zədələr elektrik cərəyanının təsirindən alınmış mexaniki zədələr adlanır.

Elektrooftalmiya isə elektrik qövsü şüaları nəticəsində gözün aldığı zədələrə deyilir. Belə şüalanma elektrik qövsü (qısa qapanma) baş verdikdə mümkün ola biılər ki, bu da intensiv olaraq nəinki görünən işıq, həm də ultrabənövşəyi və infraqırmızı şüalar buraxır.

Elektrik cərəyanı əgər bütünlükdə orqanizmdən keçərsə və bu zaman tənəffüs orqanları, ürək, sinir sistemi, digər üzvlər tam və ya qismən iflic olarsa, belə hadisəyə elektrik zərbəsi (şok) deyilir. Şokun iki fazası vardır.



  1. Təsirlənmə fazası

  2. Əsəb sisteminin tormozlanması və zəifləməsi fazası.

İkinci fazada nəbz artır, nəfəsalma zəifləyir, ruh düşgünlüyü və huşu saxlanılmaqla ətraf mühitə qarşı tam laqeydlik halı yaranır. Şok halı bir neçə dəqiqədən sutkaya kimi davam edə bilər,bundan sonra orqanizm ölür.

Elektrik cərəyanı ilə zədələnmənin nəticəsi aşağıdakı amillərdən asılıdır.



  • cərəyanın gücündən

  • insan və digər canlı orqanizmin müqavimətindən,

  • gərginliyin miqdarından,

  • cərəyanın tezlik və növündən,

  • cərəyanın təsir müddətindən ,

  • insanın fərdi xüsusiyyətlərindən,

  • cərəyanın orqanizmdən keçmə yolundan,

  • ətraf mühitin vəziyyətindən.

Elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanının insan bədənindən keçdiyi yol və onun təsir müddətiidir. Bununla əlaqədar olaraq, cərəyanın təsir xarakterinə görə onu 1 – ci cədvəldəki kimi qiymətləndirirlər.

Cərəyanın insan orqanizminə təsiri

Cərəyan

mA


Təsirin xarakteri

Dəyişən cərəyan

Sabit cərəyan

0,6…1,5

Hissetmə başlayır, əl barmaq­ları yüngül əsir

Hiss olunmur

2…3

Əl barmaqları güclü əsir

Hiss olunmur

5…7

Əllər qıc olur

Göynəmə,qızışma hiss olunur

8…10

Əlləri elektrodlardan çətinliklə ayırmaq olur.

Barmaqlarda və biləklərdə güclü ağrılar olur.



Güclü qızışma

20…25


Əllər qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur.

Nəfəs almaq çətinləşir.



Olduqca güclü qızışma.Əl əzələ­ləri cüzi yığılır.

50…80

Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası baş­layır


Əl əzələləri yığılır, qıcolmalar olur, tənəffüs çətinləşir

90…100

Tənəffüs dayanır. 3 saniyə və daha çox müddətdə ürək dayanır.

Tənəffüs dayanır.

Elektrik cərəyanının bədəndə axdığı yolun da zədələnmənin nəticəsinə böyük təsiri vardır. Elektrik cərəyanı bədəndə əsasən limfalar və qan damarları ilə axır. Cərəyanın yolu uzun və ya ürəyə yaxın olduqda zədələnmənin nəticəsi ağırlaşır.

Tədqiqatlar göstərir ki, orqanizmdən on bir müxtəlif yolla cərəyan keçdikdə zədələnmə baş verir. Məsələn, qol – qol, qol – ayaq, sağ qol – sol ayaq, sol qol – sağ ayaq, qol – boyun, ayaq – ayaq vəs. Bunlardan ən təhlükəli və əksərən ölümlə nəticələnəni qol – boyun və diaqonal istiqamətdə (sağ qol – sol ayaq və əksinə) cərəyanın axma­sıdır. Çünki bu istiqamətlərdə cərəyan axdıqda ürək cərəyanın təsirinə daha çox məruz olaraq iflic olur.

100 mA və daha böyük cərəyan əl - ələ və yaxud əl – ayaq yolu ilə insanın bədənindən keçərək, köks qəfəsində dərinlikdə yerləşən ürəyin əzələsinə qıcıqlandırıcı təsir göstərir. Bu, insan orqanizmi üçün olduqca qorxuludur, çünki bu cərəyanın dövrəsi insan bədənində qısa qapandığı andan 1-2 san sonra ürəyin fibrilyasiyası başlaya bilər. Bu halda qan dövranı kəsilir və deməli, orqanizmdə oksigen çatışmamazlığı yaranır, bu da öz növbəsində tənəffüsün dayanması ilə yaxud ölümlə nəticələnir.

Tədqiqatlar göstərir ki, kiçik gərginliklərdə (100V~ a qədər) sabit cərəyan 50 Hs tezlikli dəyişən cərəyana nisbətən təxminən 3-4 dəfə az təhlükəlidir. 400-500 V gərginlikdə onların təhlükəliliyi bir – birinə yaxın olur, daha yüksək gərginliklərdə isə sabit cərəyan dəyişən cərəyandan daha təhlükəlidir.

İnsan üçün ən təhlükəli cərəyan tezliyi 50-60 Hs olan sənaye cərəyanlarıdır. Yüksək tezlikli cərəyanlar insana elektrik zərbəsi yox, elektrik yanığı kimi təsir edir. Bu ona görə belədir ki, bu yüksək tezliklər əsəb və əzələ toxumalarını qıcıqlandıra bilmir. Cərəyanla zədələnmə xarakterinin dəyişməsinə təsir göstərən amillərdən biri də gərginlikdir. Odur ki, az təhlükəli binalarda 42 V – a qədər, yüksək təhlükəli binalarda 36 V – a qədər, xüsusi təhlükəli binalarda isə 12 V – a qədər gərginlik təhlükəsiz hesab edilir.



Toxunma gərginliyi. Elektrik qurğusunun izolyasiyası deşildikdə cərəyan qurğunun gövdəsinə, oradan da yerləbirləşdirici elektrod vasitəsilə yerə axır. Yer səthində dayanmış insanın əli yerləbirləşdiriciyə bənd edilmiş metal hissələrə toxunduqda əldə yerləbirləşdiricinin potensialı, ayaqlarda isə başqa potensial əmələ gəlir. Ayaqlarda əmələ gələn potensialın qiyməti ayaqlarla yerləbirləşdirici arasındakı məsafədən asılıdır.

Göstərilən vəziyyətdə əl ilə ayaqlar arasında yaranan potensiallar fərqi toxunma gərginliyi adlanır. Yerləbirləşdiricidən uzaqlaşdıqca toxunma gərginliyi də artır.



Addım gərginliyi. Yerləbirləşdiricidən və ya qırılıb yerə düşmüş xətdən yerə axan cərəyan radius üzrə bütün istiqamətlərdə yayılır. Ən böyük potensial yerləbirləşdiricinin yerə toxunduğu nöqtələrdə yaranır. Həmin yerdən uzaqlaşdıqca cərəyanın axmasına müqavimət azaldığı üçün potensialın qiyməti də azalır. Yerləbirləşdiricinin və ya qırılıb yerə düşmüş xəttin ətrafında 20 m radiuslu sahə cərəyanın yerdə axma zonasıdır. Cərəyanın yerdə axdığı zonada hərəkət edən insanın ayaqlarının toxunduğu nöqtələrdə potensiallar müxtəlif olduğu üçün o, gərginlik altına düşmüş olur. Cərəyanın yerdə axma zonasında ayaqlar arasında (0,8 m) əmələ gələn potensiallar fərqi addım gərginliyi adlanır. İnsan elektrodun torpağa toxunduğu yerə nə qədər yaxın olarsa, addım gərginliyinin qiyməti və zədələnmə təhlükəsi də artır. Addım gərginliyi zonasına düşmüş şəxs ayaqlarını cəld birləşdirməli, qısa addımlarla və ya cüt ayaqlı sıcrayışlarla və ya tək ayaqla hoppana-hoppana oradan çıxmalıdır.

İri mal-qaranın qabaq və arxa ayaqları arasındakı məsafə böyük olduğundan, insana nisbətən onların zədələnmə təhlükəsi daha yüksəkdir.(at, inək və s.)

Elektrik zədələnməsində insanın bədəninin müqavimətinin də böyük rolu var. İnsan bədəninin müqaviməti sabit olmur. Bu bir sıra amillərdən asılıdır. Yəni, dərinin buynuz təbəqəsinin qalınlığından, dərinin vəziyyətindən (zədəli, quru, nəm, təmiz və s.), əsəb gərginliyinin vəziyyətindən və s. asılıdır. İnsan bədəninin müqavimətini müəyyən edən əsas amil dəri örtüyüdür. Dərinin üst qatı izolyator rolu oynayır, insan bədəninin ümumi müqaviməti 1000 Om qəbul edilir. İnsan bədəninin bu müqaviməti onun cinsindən, yaşından, kütləsindən, əhvali – ruhiyyəsindən və fiziki sağlamlığından asılıdır. Tam sağlam, fiziki cəhətdən möhkəm adamlar elektrik cərəya­nının zərbələrinə xəstə və zəif adamlardan daha çox davamlıdırlar. Müəyyən edilmişdir ki, cərəyanın təsiredici qiyməti kişilərdə qadınlara nisbətən 1,5 dəfə yuxarıdır. Dəri, ürək – damar sistemi, daxili sekresiya orqanları, ağciyər, əsəb xəstəliklərinə və başqa xəstəliklərə tutulmuş adamlar elektrik cərəyanına daha həssas olurlar.

Buna görə təhlükəsizlik texnikası qaydalarında elektrik qurğu­larına xidmət üçün heyətin sağlamlığa görə seçilməsi nəzərdə tutulur.



Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri

Mühafizənin texniki üsul və vasitələri dedikdə, əsasən, aşağı gərginlikdən, etibarlı izolyasiyadan, çəpərləmə və bloklama qurğularından, avtomatik söndürücülərdən, mühafizə yerləbirləşdirməsindən və digər tədbirlərdən istifadə başa düşülür.

Elektrik gərginliyinin təhlükəsini azaltmaq üçün istifadə edilən aşağı gərginlik 42 V-dan az olan gərginlik hesab edilir. Belə gərginlik, əsasən, əlverişsiz işçi şəraitində işləyənlər üçün vacibdir. Bu zaman cərəyan mənbəyi qalvanik element batareyaları, akkumulyator, alçaldıcı transformator ola bilər.

İzolyasiya. Elektrik şəbəkələrində başlıca təhlükəsizlik tədbirlərindən biri izolyasiyanın vəziyyətini yüksək səviyyədə saxlamaqdır. İzolyasiyanın pozulması qısaqapanmalara, odtutmaya, avadanlığın gövdələrinə gərginliyin düşməsinə və həmin səbəblərdən insanların elektrik cərəyanı ilə zədələnməsinə səbəb ola bilər. Gərginliyi 1000 V-a qədər olan dəyişən cərəyan şəbəkələrində izolyasiyanın müqaviməti 0,5 mOm-dan az olmamalıdır.

Elektrik şəbəkəsinin hər hansı sahəsində müxtəlif fazalar arasında və ya xətlə yer arasında izolyasiyanın müqaviməti azı 500 kOm olmalıdır. İzolyasiya müqaviməti meqometr adlı xüsusi cihazla yoxlanılır.



İkiqat izolyasiya. Elektrik təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri də ikiqat izolyasiyanın tətbiqidir. İkiqat izolyasiya əlavə və işçi izolyatordan ibarət olur. Bu vaxt işçi izolyator xarab olduqda işçini əlavə izolyator zədələnmədən qoruyur. Məsələn, əllə gəzdirilən səyyar lampa və digər elektrikləşdirilmiş alətlər bu qəbildəndir.

Çəpərləmə və bloklama. Elektriklə işləyən işçilərin izolyasiyasız cərəyan daşıyan hissələrə təsadüfən toxunmasının qarşısını almaq üçün müxtəlif çəpərliyici və bloklayıcı qurğulardan istifadə edilir. Elektrik qurğularında izolyasiyasız naqillər, kontakt birləşmələri, kəsən açarlar, qoruyucular və s. elə çəpərlənməlidir ki, onları xüsusi açar və ya alətsiz açmaq mümkün olmasın. Çəpərlər örtük, lövhə, tor və s. tipli ola bilər. Maşın və mexanizmlərin işə salma quruluşları elə yerləşdirilməlidir ki, onları təsadüfən və ya kənar şəxslər tərəfindən işə salmaq mümkün olmasın. İdarəedici lövhənin üstündə yerləşdirilmiş açarlar və digər idarəedici ləvazimatlar mütləq bütöv örtük ilə bağlanmalıdır.

Təhlükəli vəziyyətlərdə elektrik dövrəsini avtomatik olaraq kəsməklə işciləri zədələnmədən qorumaq üçün bloklama qurğuları tətbiq edilir. Çox vaxt bloklama və çəpərləmə eyni qurulur. Bloklamanın iş prinsipi ondan ibarətdir ki, şkafların, elektrik qurğusu çəpərinin və ya elektrik avadanlığı örtüyünün qapıları açıldıqda elektrik dövrəsi kəsilir, qurğu və avadanlıq avtomatik olaraq qida mənbəyindən ayrılır. Qurğulara elektrik enerjisini vermək üçün daha təhlükəsiz vermək və ya kəsmək üçün maqnit isə salıcıdan istifadə edilir.



Avtomatik ayırma. Qəza vəziyyətində elektrik qurğularını ani olaraq (0,1…0,2 san) dövrədən ayırmaq üçün avtomatik ayırıcılar tətbiq edilir. Fazanın elektrik avadanlığının gövdəsinə qapanması, faza izolyasiyası müqavimətinin müəyyən həddən aşağı düşməsi, şəbəkəyə daha yüksək gərginlik düşməsi, insanın cərəyandaşıyan hissəyə toxunması hallarını qəza vəziyyətinə misal göstərmək olar. Bu zaman elektrik şəbəkəsinin bəzi parametrilərinin dəyişməsi mühafizə ayırma qurğusunu işə salır. Məsələn, qaynaqcı elektrodu dəyişdikdə onu tutucudan çıxaran kimi transformator şəbəkədən ayrılır və aparatdan gərginlik götürülür.

Mühafizə yerləbirləşdirməsi. İnsanları elektrik cərəyanının təsirindən qorumanın ən geniş yayılmuş üsullarından biri mühafizə yerləbirləşdirmədir. Gərginlik təsadüfən mexaniki avadanlığın cərəyan daşıyan hissələrinə keçdikdə yerləbirləşdirmə (torpaqlama) insanı mühafizə edir.

Yerləbirləşdirmə qurğusunun müqaviməti gərginliyi 1000 Volta qədər olan qurğularda 4 Om-a qədər, gərginliyi 1000 Voltdan yüksək olan qurğularda isə 10 Om-a qədər olmalıdır.

Yerləbirləşdirmənin əsas məqsədi qurğunun gövdəsindəki gərginliyi təhlükəsiz həddə çatdırmaqdan ibarətdir.

Əgər adam avadanlığın gövdəsinə toxunursa, bu zaman o, mühafizə yerləbirləşdirməsinə paralel olaraq cərəyan dövrəsinə qoşulur və onun bədənindən cərəyan keçir; lakin yerləbirləşdirici saz olduqda bu cərəyan cüzi olar və orqanizm üçün təhlükə törətməz. Bu paralel budaqlarda cərəyan, budaqların müqavimətinə mütənasib olaraq paylanır. Alçaq gərginlik qurğuları üçün Rj125/Jq şərtindən (burada Rj- yerləbirləşdiricinin müqaviməti, Jq –elektrik qurğusunun yerləbirləşdirmə cərəyanının ən böyük qiymətidir), yüksək gərginlik qurğularında isə Rj250/Jq şərtindən yerləbirləşdiricini maksimum müqaviməti uyğun olaraq 4 Om-a və 10 Om-a qədər tapılır.

Yerləbirləşdiricinin elektrik müqaviməti insanın elektrik müqavimətindən dəfələrlə kiçik olduğu üçün yerləbirləşdirilmiş gövdəyə toxunan insana elektrik cərəyanı təsir etmir.

Mühafizə yerləbirləşdirməsi yerləbirləşdirici elektrodlardan və onları birləşdirən naqillərdən ibarətdir. Yerləbirləşdiricilər təbii və süni olur. Təbii yerləbirləşdirici kimi yeraltı su kəmərindən və digər metal boru xətlərindən (yanar maye və qaz xəttindən başqa), bina və texniki qurğularda yerlə əlaqəsi olan metal konstruksiyalardan və s. istifadə edilir. Süni yerləbirləşdirici kimi şaquli basdırılmış polad mil, boru, tilli polad, üfiqi vəziyyətdə qoyulan polad zolaq, lövhə və s. tətbiq olunur.

Yerləbirləşdirici naqillər elektrik qurğusunun hissələrini yerə basdırılmış elektrodlara birləşdirən izolyasiyalı məftillərdir.

Elektrik qurğuları aşağıdakı hallarda mühafizə yerlə birləşdirməsi ilə təchiz edilməlidir.

a) gərginliyi 36 V-dan yüksək olan dəyişən cərəyanlı xarici qurğular

b) gərginliyi 110 V-dan yüksək olan sabit cərəyanlı xarici qurğular

c) xüsusi təhlükəli otaqlarda qoyulmuş elektrik qurğuları

d) gərginliyi 500 V-dan yüksək olan qurğular (bütün hallarda)



Mühafizə sıfırlanması. Gərginliyi 1000 V-a qədər olan, neytralı yerlə birləşdirilmiş elektrik şəbəkələrində mühafizə yerləbirləşdirməsi əvəzinə həmin məqsədlə mühafizə sıfırlanması tətbiq edilir.

Elektrik qurğularının normal vəziyyətdə gərginlik altında olmayan metal hissələrinin «sıfır» xəttinə birləşdirilməsi sıfırlanma adlanır. Bu halda «sıfır» xətti özü etibarlı yerləbirləşdirilmiş olmalıdır. Adətən, «sıfır» xətti şəbəkənin əvvəlində və sonunda, xətt ayrıclarında, eləcə də xətt boyunca hər 100 metrdən bir yerlə birləşdirilir.







Yüklə 95,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə