“Milli Məclis”. 2010.№1 S. 60-65. RƏNgləRİn qurultayi



Yüklə 148,16 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü148,16 Kb.
#67201


“Milli Məclis”.-2010.-№1-2.-S.60-65.

RƏNGLƏRİN QURULTAYI

... Fəqət bizim bayrağımız ucalan pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 

Kölgesində ay əyilib bir gözəli qucmada. 

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 

Şu görünüş bir ananın şəfqətinə oxşayır. 

Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə boylə sevilmək! 

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı

Bir türk oğlu olmalı! 

Yaşıl boya islamlığın sarsılmayan imanı, 

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı, 

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU



Cəfər Cabbarlı

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycan Respublikasının

Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ilə bağlı sərəncam verdi. Dekabrın 4-də isə Milli Məclis Prezidentin

imzası ilə daxil olmuş  qanun layihəsini dəstəkləyərək Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün

bayram  kimi  qeyd  edilməsini  qəbul  etdi.  Prezident  İlham  Əliyevin  sərəncamı  ilə  yaradılan  Dövlət  bayrağı

meydanında  isə  artıq  tamamlama  işləri  aparılır.  Bütün  bunlar  Azərbaycan  Respublikasının  dövlət

rəmzlərinə,  o  cümlədən  onun  Milli  bayrağına  hörmət  və  ehtiramın  təmin  edilməsinə,  eyni  zamanda,  onun

təbliği işinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın Dövlət bayrağına hörmət və ehtiramın aşılanması

ilk növbədə onun tarixinin və mahiyyətinin öyrənilməsindən baş lanır.

MİLLİ

İSTİQLALIMIZIN RƏMZİ

ADR hökumətinin 1918-ci il iyunun 21-də Gəncədə fəaliyyət göstərərkən qəbul etdiyi ilk bayraq üzə-rində

ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsvir  olunan  qırmızı  rəngli  bayraq  idi.  Bayrağın  qırmızı  rəngi  Qərb

demokratiyasına,  Avropa  hürriyyətinə  etimad  əlamətini  bildirirdi.  O  zaman  bəziləri  bu  bayrağın  Osmanlı

İmperatorluğunun 1793-1844-cü illərdəki üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli

bayrağına  bənzəməsini  əsas  gətirərək  Azərbaycanın  Osmanlının  bir  parçası olmasını iddia  edirdilər.  O  cümlədən

Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə Azərbaycan ərazisi üzərində səlahiyyət  mandatı almış müttəfiq

dövlətlərin  qoşunlarının  komandanı general  V.Tomson  elə  ilk  bəyanatlarında  Azərbaycan  hökumətini  Türkiyənin

intriqasından  yaranmış  bir  qurum  kimi  qiymətləndirirdi.  Bu  bəhanələrin  qarşısını  almaq  və  milli  hökumətin

tanınmasına nail olmaq məqsədilə Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da mavi, qırmızı,

yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan yeni üçrəngli milli bayrağını

təsdiq etdi. Elə həmin gün üçrəngli cümhuriyyət bayrağı Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının

yerləşdiyi binanın üzərində (indiki ARDNŞ-in binası) dalğalanmağa başladı.

Milli  bayrağımız  1918-ci  il  dekabrın  7-də  Cümhuriyyət  Parlamentinin  açılışı  zamanı  Məclisi-Məbusanın

binası (indiki Əlyazmalar İnstitutunun binası) üzərinə qaldırıldı. Sovet Rusiyasının XI qırmızı ordusu aprelin 27-də

Azərbaycanı  işğal  edəndən  bir  həftə  sonra  -  1920-ci  il  mayın  3-də  üçrəngli  milli  bayrağımız  Azərbaycan

Parlamentinin binası üzərindən endirildi.

Üçrəngli bayraq sovet  dönəmində  də  Azərbaycanda  dalğalandırılır.  Məsələn,  1956-cı ildə  üçrəngli  bayraq

yaşadığı  quruluşa  nifrətini  açıq  şəkildə  bildirən  Cahid  Hilaloğlu  tərəfindən  Qız  qalasının  üzərinə  qaldırılır.  Bu

hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilir, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi

xəstəliklər dispanserinə salınır.

1952-ci il mayın  28-də isə mühacirətdə olan azərbaycanlıların  Almaniyada keçirdiyi Respublika günün-də

M. Ə. Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu

soruşur.  Zaldakılardan  Gülmirzə  Bağırov  bu  əmanəti  götürür  və  70-ci  illərdə  həyat  yoldaşının  bədəninə  sarıyıb

Vətənə gətirir. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılır. 

MİLLİ

DİRÇƏLİŞİMİZİN RƏMZİ



Milli-azadlıq  hərəkatı  başladıqda  ziyalıların  təşəbbüsü  ilə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bayrağı

qeyri-rəsmi  olaraq  1988-ci  il  noyabrın  17-də  Bakıda  indiki  Azadlıq  meydanında  qaldırılır.  Rəsmi  olaraq  isə  bu

bayraq  Azərbaycan  ərazisində  Naxçıvan  Muxtar  Respublikası  Ali  Sovetinin  1990-cı  il  19  yanvar  tarixli  qərarı

əsasında  Naxçıvan  Ali  Sovetinin  binası  üzərində  ucaldılır.  Həmin  qərar  səkkiz  gün  sonra  Azərbaycan  SSR  Ali

Soveti  tərəfindən  ləğv  edilsə  də,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bayrağı 1990-cı il  noyabrın  17-də  Naxçıvan

Muxtar  Respublikası Ali  Məclisində  Ümummilli  lider  Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən  sessiyada  Naxçıvan

Muxtar  Respublikasının  Dövlət  bayrağı  kimi  qəbul  olunur  və  Azərbaycan  Respublikası  Ali  Soveti  qarşısında

üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırılır. 1991-ci il fevralın 

5-də  Azərbaycan  Respublikasının  Ali  Soveti  həmin  vəsatəti  təmin  edərək  "Azərbaycan  Respublikasının  Dövlət

bayrağı  haqqında"  Qanun  qəbul  edir.  Beləliklə,  üçrəngli  milli  bayrağımız  Azərbaycan  Respublikasının  Dövlət

bayrağı kimi təsdiq edilir və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başlayır.

DÖVLƏTİN

VƏ MİLLƏTİN RƏMZİ

Dövlətin  və  millətin  rəmzi  olan  bayraq  xalqın  birlik  və  bərabərliyini  təmsil  etməklə  yanaşı,  özündə

müqəddəs  mənaları və  milli  dəyərləri  əks  etdirir.  Heç  bir  bayrağın,  o  cümlədə  Azərbaycanın  Dövlət  bayrağının

forması və rəngi təsadüfən meydana gəlməmişdir.

Dövlət  bayrağımızın  üzərindəki  hər  bir  simvolun  özünəməxsus  tarixi-siyasi,  mədəni  amillərlə  bağlı  olan

məna və funksiyası vardır. Bu baxımdan Azərbaycanın üçrəngli milli bayrağının - trikolorundakı rəng palitrasının,

üzərindəki  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsvirinin  məna  və  funksiyasının  şərhində,  açıqlanmasında

tarixi-siyasi, mədəni-ideoloji faktorların nəzərə alınması çox vacibdir. Çünki Azərbaycan trikolorunun hələ 1918-ci

ildə qəbul edilməsini, həmin bayrağın qəbulunu şərtləndirən tarixi-siyasi və mədəni amilləri, xüsusən bayraqda əks

olunan  milli-ideoloji  prinsiplərin  formalaşması  və  reallaşması  prosesinə  aparan  milli-azadlıq,  milli-müstəqillik

tarixini  nəzərə  almadan,  onu  tarixilik  baxımından  təhlil  etmədən  milli  bayrağımızdakı  rənglərin,  eləcə  də  digər

simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyil.

Lakin bayrağımızdakı rənglər düzümünün və digər simvolların məna açımında çoxsaylı yanlışlıqlara, hətta

uydurmalara, fərziyyələrə də rast  gəlirik.  Bu  müxtəlifliyi  aradan  qaldırmaq  məqsədilə  Azərbaycan  milli  bayrağını

yaradanların,  həmçinin  XX  əsrin  əvvəllərində,  xüsusən  1918-1920-ci  illərdə  bu  məsələ  ilə  bağlı  mülahizələr

söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq, onların işığında məsələnin şərhini vermək daha

faydalı və düzgün olardı.

Bu  gün  müstəqil  Azərbaycanın  Dövlət  bayrağındakı  üç  rəngin  ifadə  etdiyi  "Türkçülük,  islamçılıq  və

müasirlik"  düsturunun  müəllifi  gör-kəmli  Azərbaycan  mütəfəkkiri  Əli  bəy  Hüseynzadədir.  O,1905-ci  ildən

başlayaraq "türkləşmək, islamlaşmaq, avropalaşmaq" siyasi-ideoloji modelini irəli sürdü. Onun fikrincə, türkləşmək

milli  ənənələrin  dirçəlməsi,  milli  dilin,  ədəbiyyatın,  tarixin  və  mədəniyyətin  yüksəldilməsi;  islamlaşmaq  islamda

milli,  dini-əxlaqi  və  ümumbəşəri  dəyərlərin  inkişaf  etdirilməsi;  avropalaşmaq  Avropa  elm  və  texnikasının

nailiyyətlərini  öyrənib  onun  nəticələrinin  öz  milli  mədəniyyətinin,  elminin  inkişafına  yönəldilməsi,  Qərb

demokratiyası  ənənələrindən  istifadə  olunması  deməkdir.  Bu  model  sonralar  M.Ə.  Rəsulzadə  tərəfindən

milli-istiqlal  hərəkatının siyasi-ideoloji  prinsipi  səviyyəsinə  qaldırılmış, müstəqil  Azərbaycanın istiqlal  və  azadlıq

rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentini açan M.Ə. Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən

milli  bayrağımızdakı  üç  rəngin  "türk  hürriyyəti,  islam  mədəniyyəti  və  müasir  Avropa  iqtidari-əhraranəsini

(demokratiyasını)"  ifadə  etdiyini  xüsusi  olaraq  qeyd  edirdi.  Başqa  bir  çıxışında  isə  o,  deyirdi  ki,  Azərbaycanın

Dövlət  bayrağındakı  bu  üç  rəng  türk  milli  mədəniyyətinin,  müasir  Avropa  demokratiyasının  və  islam

sivilizasiyasının simvoludur.

Üzeyir  Hacıbəyov  milli  bayrağımızdakı  rənglərin  ifadə  etdiyi  məna  və  funksiyaları  haqda  yazırdı:

"Azərbaycan  Respublikası o  zaman  bütün  Şərqdə  (və  Avropada)  ən  demokratik  parlament  modelinə  malik  idi  və

sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...

Eyni  zamanda,  Azərbaycan  çağdaş  bir  cəmiyyət  qurmağa,  Avropa  zehniyyəti  ilə  çalışmağa  əzm  etmişdir.

Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır".

Bəzilərinə  görə,  trikolorumuzdakı  birinci  rəng  göy  mavisi  rəngində  olmalıdır.  Turkuaz  (fransızcada  əsli

"turquoise"- "türk-e-has") adı ilə daha çox tanınan mavi rəngin bu tonu asanlıqla gözə Çarpan, bürcündə də uğurlu

olan rəng tonlarından biridir.

Türklərin göy mavisi rənginə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam

dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə tikilən saysız-hesabsız qədim abidələrin əksəriyyəti  göy mavisi

rəngində olub.

Bayraqdakı qırmızı rəng müasirliyin, inkişafın rəmzidir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa

burjua  inqilabından  sonra  qırmızı rəng Avropanın simvoluna  çevrilmişdi.  Ə.Hüseynzadə  yazırdı: "Avropalaşalım,

firəngləşəlim  deyirsiniz.  Lakin  ey  qare  (ey  oxucu),  müraciətdən  müraciətə  fərq  vardır.  Biz  avropalıların

ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil!




Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"

Azərbaycan  milli-istiqlal  hərəkatının  ideoloqu  M.Ə.Rəsulzadə  1918-ci  ildə  Azərbaycan  parlamentinin

yığıncağında  demişdi:  "Bizim  qaldırdığımız  bayrağın  üç  rəngi:  türk  milli  mədəniyyətinin,  müsəlman

sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Azərbaycan  Respublikasının  Dövlət  bayrağındakı simvollardan  biri  də  bayraqdakı qırmızı zolağın  hər  iki

üzündə  təsvir  olunan  ağ  rəngli  aypara  və  ağ  rəngli  səkkizguşəli  ulduzdur.  Bu  simvolların,  xüsusən  səkkizguşəli

ulduzun  məna  və  funksiyası  barədə  müxtəlif  fikirlər  mövcuddur.  Bəziləri  səkkizguşəli  ulduzun  Azərbaycandakı

millətlərin  sayını  bildirdiyini  iddia  edirlər  ki,  bu  fikir  əsassızdır.  Çünki  Azərbaycanda  yaşayan  millətlərin  sayı

səkkiz deyil, çoxdur. Həm də bu rəmzin Şərq xalqlarında, o cümlədən türk xalqlarında 3 000 illik tarixi var. Müasir

heraldika  sənətində  günəşin bayraqlarda  səkkiz,  yaxud  on  iki  şüalı verilməsi  halları da  geniş  yayılmışdır.  Qafqaz

Albaniyasında  da  günəşə  sitayiş  edilirdi  və  alban  tarixi  abidələrində  səkkizguşəli  ulduzun  təsvirinə  tez-tez  rast

gəlinir.


Türk  xalqlarında,  eləcə  də  digər  Şərq  xalqlarında  ayparanın  tarixi  kökləri  çox  qədimlərə  gedib  çıxır.

Türkiyə tarixçisi Fevzi Kurtoğlu yazır ki, "hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan Ön Asiyaya köç etmiş

şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə

Sultan  Osman  Qazinin  məşhur  röyasından,  nə  də  Sultan  Mehmed  Fatehin  İstanbulu  fəthindən  başlar.  Bunun

köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi qədər əskidir..."

Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən əski

türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi.

Səkkizguşəli  ulduz  simvolunun  tarixi  çox  qədimlərlə,  əski  inamlarla,  mifik  görüşlərlə  bağlıdır.  Qədim

türklər  günəşə  və  aya  sitayiş  edər,  çadırlarının qapısını günəş  doğan  səmtə  doğru  qoyardılar.  Əski  türklərin  dini,

mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl  doğru olaraq yazır  ki,  qədim  türklərin  dini  görüşlərində

göy  və  günəş  birinci  dərəcəli  yer  tuturdu.  Sonralar  maniçilik  dinini  qəbul  edən  türklər  Ay  kultuna  da  üstünlük

verdilər.  Beləliklə,  göy,  ay  və  günəş  kultları  qədim  türklərdə  müqəddəs  sayılırdı.  Əvvəllər  türklər  Tanrıya  "Göy

Tanrı" dedikləri halda, maniçiliyin qəbulundan sonra "Ay Tanrı" deməyə başladılar. Sonralar türk mifologiyasında

günəşin ananı, ayın isə atanı simvolizə etdiyini görürük. Maraqlıdır  ki, Hun imperatoru Metenin Çin imperatoruna

göndərdiyi məktubda belə bir cümlə var: "Göy və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının

Böyük Kutu ehtiramla Çin İmperatorundan rica edər..."

Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş  və tapınma geniş yayılmışdı.

Əgər  tarixşünaslıqda  qədim  türklərlə  şumerlilər  arasında  mədəni  əlaqələrin,  hətta  qohumluğun  da  istisna

olunmadığını, eləcə də hər iki qədim etnosun eyni arealda (Mərkəzi və Ön Asiyada) əsrlərlə kontaktda olmalarını

nəzərə  alsaq,  belə  bir  ehtimal  irəli  sürmək  mümkündür  ki,  qədim  türklərdə  mövcud  olmuş  Ay  və  Günəş  kultları

eynən şumerlilərə, həmçinin sonralar şumerlilərin Orta Asiyadan köç etdikləri Ön Asiyadakı xalqlara da keçmişdir.

Beləliklə, Ay və Günəş kultu bir çox qədim Şərq xalqlarında geniş yayılmışdır. Şübhəsiz, qədim şumer abidələrində

 əks olunmuş  ay və səkkizguşəli ulduz ("Günəş" anlamında) simvolu əski türk və şumerlilərin Ay və Günəşə olan

inamlarının nəticəsi kimi yozulmalıdır.

Ay  və  Günəş  kultu  qədim  azərbaycanlılar  arasında  da  geniş  yayılmışdır.  Azərbaycanda  Aya  və  Günəşə

sitayişlə bağlı arxeoloji abidələrdə, eləcə də xalçalar üzərində günəşin simvolu olan səkkizguşəli ulduz təsvirlərinin

mövcudluğu göstərir  ki,  xalqımızın  dini,  mifik görüşlərində  Ay  və  Günəşin müqəddəsliyi  və  ona  sitayiş, inam  və

tapınma çox qədimlərlə, əski çağlarla səsləşir. Azərbaycan xalqının maddi mədəniyyətinin şah əsəri olan Qobustan

qayaüstü rəsmlərində də səkkizguşəli ulduz təsvirlərinə çox rast gəlinir.

KEÇMİŞİN, BUGÜNÜN VƏ GƏLƏCƏYİN RƏMZİ

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq  məfkurəsinə,  milli-mənəvi

dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Gördüyümüz kimi, Dövlət bayrağımız xalqımızın

qəhrəmanlıqlarla dolu tarixi keçmişindən, böyük mədəniyyətindən xəbər verən qiymətli bir əlyazmasıdır. Və Dövlət

bayrağımız  dövlətimizin,  millətimizin  siması  olmaqla  minillikləri  ehtiva  edən  tarixi  keçmişimizi,  bu  günümüzü,

işıqlı  sabahımızı  özündə  əks  etdirən  müqəddəs  bir  rəmzdir.  Bayraq  həm  də  vətən  torpağı,  vətən  göylərində

dalğalanan  şəhid  ruhlarıdır.  Bayrağın  dəyəri  hazırlandığı  parçanın  keyfiyyəti  ilə  deyil,  təmsil  etdiyi  millətin  ona

verdiyi  qiymətlə  ölçülür.  Dövlətin  hakimiyyətini,  müstəqilliyini  və  şərəfini  təmsil  etdiyi  üçün  hər  kəsin  bayrağa

hörmət  göstərməsi  vacibdir.  Yerə  düşən  çörəyi  görəndə  götürüb  öpüb,  gözümüzün  üstünə  qoyduğumuz  kimi,

ÜÇRƏNGLİ  BAYRAĞIMlZın  şəkli  olan  kağız,  qəzet  parçalarmı  da  yerdə  görəndə  əyilib  götürməliyik,  öpüb



gözümüzün üstünə qoymalıyıq.

Yüklə 148,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə