Microsoft Word Sosial 2, 2011. doc



Yüklə 83,04 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü83,04 Kb.
#5497


 

82

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

 

 

UOT 101.1 

ELMİN İNKİŞAFINDA VARİSLİK PRİNSİPİ  

 

V.S. SƏLİMOV 

Bakı Dövlət Universiteti 

s.vuqar@yahoo.com  

 

Məqalədə elmin inkişafında varislik prinsipi, onun xüsusiyyətləri və  təzahür etmə 



formaları araşdırılır.  Ənənələrlə innovasiyalar arasındakı dialektik münasibətlərin elmi 

subyektlərin (alimlər, elmi məktəblər, elmi istiqamətlər və s.) fəaliyyətinə təsiri təhlil olunur. 

Elmin inkişafında varislik prinsipinin pozulmasının elmi ənənələr və  təcrübələr arasında 

rabitənin qırılmasına gətirib çıxardığı göstərilir. Bu məsələ keçmiş sovetlər birliyi dövründə 

humanitar elmlərin timsalında  şərh olunur. Elmi inkişafın mühüm mərhələlərində  fəlsəfənin 

xüsusi aktuallıq kəsb etməsi səbəbləri göstərilir. Elmlərin diferensiasiyasında və inteqrasiya-

sında, elmi biliklərin empirik, nəzəri və metanəzəri səviyyələrində varislik prinsipinin yeri və 

rolu məsələsi analiz olunur.  

 

Açar sözlər:  varislik prinsipi, ənənələr, innovasiyalar, elmi biliklər, elmi idrak, elmi 

subyektlər  

 

Elmdə varislik prinsipinin tədqiq edilməsi elm tarixinin, onun inkişaf 

qanunauyğunluqlarının sosial-fəlsəfi və metodoloji baxımdan dərindən başa 

düşülməsində mühüm əhəmiyyət daşıyır. Bu prinsip elmi biliklərin inkişafının 

fundamental qanunauyğunluğu olaraq özündə elmi ənənələrin və  dəyərlərin 

nəsillərdən-nəslilərə ötürülməsi mexanizmini ifadə edir. Elmi varislikdə sa-

bitliklə transformasiya, fasiləsizliklə fasiləlik dialektik şəkildə bir-biri ilə 

qarşılıqlı əlaqədədir.  

Elmin dialektik qanunauyğunluqlardan irəli gələrək irəliyə doğru inkişaf 

etməsi mexaniki, keçmiş ideyaların yeni mərhələdə sadəcə köçürülməsi, yaxud 

nəzəriyyə və tədqiqat metodlarının sərf-nəzər edilmədən qeyri-yaradıcı şəkildə 

əxz olunması demək deyildir. Elm həm xüsusi fəaliyyət forması, biliklər 

sistemi, həm də sosial institut olaraq (1, 83) ənənələrlə novasiyaların qarşılıqlı 

təsirini və mübarizəsini  əks etdirən fasiləsiz yaradıcılıq sahəsidir.  Ənənələr 

həm elmi fəaliyyət vasitəsilə elmi təcrübələrin ötürülməsini təmin edir, həm də 

elmdə yeninin formalaşması bazası olaraq onun məzmununun müəyyənləşmə-

sinə mühüm təsir göstərir. Ənənələrin elmi biliklərin əsaslandırılması və sübut 

olunması zamanı mühüm meyar kimi çıxış etməsinin ciddi əsasları vardır. 

Çünki ənənələr vasitəsilə “cəmiyyətin sistemində elmin statusunu təmin edən 

elmi meyarlar, normalar və dəyərlərin qorunmasına çalışılır” (2, 5). Buna görə 




 

83

də elmi biliklərin həqiqiliyinin müxtəlif vasitələrlə yoxlanılmasında keçmişdə 



qazanılmış təcrübələr və ənənələr böyük əhəmiyyət daşıyır.  

Elmi subyektlərin (alimlər, elmi məktəblər, istiqamətlər və s.) ənənələr-

dən və elmi əxzetmədən kənar fəaliyyət göstərməsi mümkün deyildir. Elmi 

ideyalar keçmişə məxsus olan ənənələrin, nəzəriyyələrin və s. sərf-nəzər edil-

məsi, onlardan mütərəqqi olanların  əxz edilməsi yolu ilə formalaşır. Elmi 

ənənələrin zənginliyi yeni nəsil tədqiqatçılara səmərəli elmi araşdırmalar 

aparmaları üçün geniş imkanlar yaradır.  

Cəmiyyətdə ictimai münasibətlərin xarakterinin və elmi təfəkkür para-

diqmalarının dəyişməsi elmi fəaliyyət  ənənələrində  də yeniləşmələrə  səbəb 

olur. Ənənələrin özündə zəngin informasiya və elmi problemlərin həlli təcrü-

bəsini daşıması alimlərin yeni elmi tədqiqat istiqamətləri seçməsində mühüm 

rol oynayır.  

Elmi  ənənələrlə novasiyaların qarşılıqlı mübarizəsi və  vəhdəti elmin 

inkişafının mühüm tərəflərindən birini təşkil edir. Elmi biliklərin dialektik 

inkişafı zamanı keçmiş ənənələrə məxsus olan müsbət dəyərlər novasiyaların 

tərkib hissələrindən birinə çevrilir. Daha doğrusu, elmi novasiyalar yeniliyi 

ifadə etsə də, özünün ilkin mənbəyini elmi ənənələrdə tapır.  

Elmin inkişafında varisliyin pozulması uzun illər  ərzində toplanılmış 

elmi  ənənələr və  təcrübələr arasında qarşılıqlı  əlaqələrin qırılmasına gətirib 

çıxarır. Fikrimizcə, bunu keçmiş Sovetlər birliyi dövründə humanitar elmlərin 

timsalında bir qədər  ətraflı izah etmək yerinə düşərdi. 1917-ci ilin oktyabr 

inqilabından sonra siyasi-ideoloji səbəblərdən irəli gələrək sovet məkanında 

əsasən humanitar elmlər sahəsində varislik prinsipi pozuldu. Həmin dövrdən 

başlayaraq 70 il ərzində bu elmlər qarşısında belə bir vəzifə qoyuldu ki, onlar 

marksizm-leninizm ideologiyasının müəyyənləşdirdiyi çərçivələr daxilində 

formalaşmalıdır. Bundan kənara çıxmaq isə  həmin ideologiyanın  əleyhinə 

getmək demək idi. Həmin dövrdə ABŞ  və  Qərb ölkələrində yaranan fəlsəfə, 

sosiologiya, psixologiya və digər humanitar elmlər burjua ideoloqlarının 

kapitalizmə xidmət edən uydurmaları hesab olunurdu.  

Buna görə də, keçmiş sovet məkanında ABŞ və Qərb ölkələrinə məxsus 

filosof, sosioloq və psixoloqların marksizm-leninizm ideologiyasına zidd olan 

əsərlərinin tərcümə olunması, hətta müsbət mənada onlara istinad belə 

qadağan edilmişdi. Sovet tədqiqatçısının həmin əsərlərlə tanış olmasına nəyin 

bahasına olursa-olsun maneçilik yaradılır və bu niyyətə düşənlərə “burjuaziya-

nın nökərləri”, “sovet xalqının düşmənləri” epitetləri yapışdırıldı. Ümumiyyət-

lə bu məsələləri təhlil edərkən təbii olaraq belə bir sual ortaya çıxır:  Əgər 

marksizm-leninizm ideologiyasının termini ilə desək, “burjua filosofları, so-

sioloqları, tarixşünasları” mənasız və yaxud reallıqdan uzaq araşdırmalarla 

məşğul olurdusa, onda nə üçün onların  əsərlərinin tərcüməsi və yayılması 

qadağan edilmişdi, sovet tədqiqatçılarının onlarla bilavasitə yaxından tanış 

olması yolverilməz idi? Yaxşı olmazdımı ki, sovet alimlərinin “burjua” 

humanitar elmlərindəki “mənasız və uydurma” fikirlərlə tanış olmasına imkan 




 

84

yaradılaydı? Axı,  əslində bu yol marksizm-leninizm ideologiyasının iddia 



etdiyi kimi sovet humanitar elmlərinin üstünlüyünü aşkara çıxara bilərdi və 

belə olan halda bu vasitədən nə üçün istifadə olunmurdu? Cavab birmənalı 

şəkildə aydındır. Çünki Qərb ölkələrində humanitar elmlərin inkişafı, bu 

sahədə aparılan tədqiqatların zənginliyi, onların istiqamətləri və  məzmunu 

sovet siyasi sisteminin rəhbərliyinə məlum idi. Ona görə də belə hesab edilirdi 

ki, məsələn, sovet alimi Qərb fəlsəfəsi ilə marksizm-leninizm fəlsəfəsi arasın-

da müqayisələr aparıb ikincinin zəif cəhətlərini aşkara çıxara bilər (lakin nəzə-

rə almalıyıq ki, marksizm-leninizm fəlsəfəsini bütövlükdə inkar etmək də düz-

gün olmazdı, çünki onun elmi-metodoloji baxımdan əhəmiyyətli xüsusiyyətlə-

ri də vardır).  

Göründüyü kimi bu qadağalarla keçmiş SSRİ  məkanında humanitar 

elmlərin inkişafı dar bir çərçivəyə salınır, onlar müasir dünya fəlsəfi və 

sosioloji fikrindən məhrum edilirdi. Bu baxımdan keçmiş sovetlər birliyində 

humanitar elmlər Qərb fəlsəfəsi, sosiologiyası, elmşünaslığı və digər sahələr-

dəki araşdırmaların və  nəzəriyyələrin mahiyyətindən bir növ bixəbər  şəkildə 

inkişaf etməyə  məcbur idi. Həmin dövrdə sovet alimlərinin apardığı  tədqi-

qatlar marksizm-leninizm ideologiyasının müəyyənləşdirdiyi hüdudlardan 

kənara çıxa bilmədi, bu səddi keçmək istəyənlər isə repressiyalara məruz 

qalaraq cəzalandırıldı. Buna görə  də keçmiş sovetlər birliyi dövründə 

humanitar elmlərə, o cümlədən marksizm-leninizm fəlsəfəsinə alternativ olan 

fəlsəfi sistemlər, nəzəriyyələr və istiqamətlər yarana bilmədi. Həmin dövrdə iş 

hətta o yerə çatmışdı ki, əsərlərində marksizm-leninizm nəzəriyyəsi nümayən-

dələrinin fikirlərinə geniş yer verən humanitar elm sahələrinin alimləri möv-

cud ideoloji çərçivələrdən kənar, ötəri mülahizələr işlətdikdə belə repressiyala-

ra məruz qalırdılar. Yalnız keçmiş sovetlər birliyi dağıldıqdan sonra postsovet 

məkanında humanitar elmlərin, xüsusilə fəlsəfənin ideoloji qadağalardan azad 

inkişafı üçün geniş imkanlar yarandı.  

Tarixi təcrübələr göstərir ki, tranzitar cəmiyyətlərdə sosial və humanitar 

elmlər sahəsində baş verən dəyişiklərin, yeni metodoloji yanaşmaların 

yaranmasının özünəməxsus xüsusiyyətləri vardır. Bu isə, hər  şeydən  əvvəl

onunla bağlıdır ki, “sosial və humanitar elmlərin obyektləri təbiət elmlərinin 

obyektləri ilə müqayisədə xüsusi ontologiyaya malikdir. Bu da öz növbəsində, 

elmlər üçün ənənəvi olan koqnitiv formaların yenidən mənalandırılmasını 

tələb edir” (3, 44). Buna görə  də, keçmiş SSRİ süquta uğradıqdan sonra 

ictimai elmlərin cəmiyyətdə gedən proseslərə yeni nəzəriyyələr prizmasından 

yanaşaraq təhlil etməsi xüsusi aktuallıq kəsb etdi.  

1990-cı ilin əvvəllərindən etibarən postsovet məkanında gedən ictimai-

siyasi, mənəvi-əxlaqi və sosial-iqtisadi proseslərin mahiyyətinin Qərb huma-

nitar elmlərinə  məxsus hansı  nəzəriyyələr və konsepsiyalar vasitəsilə  tədqiq 

edilməsi məsələsi  ətrafında müxtəlif müzakirələr başladı. Aydın oldu ki, 

“sosial-humanitar biliklər sahəsində mövcud nəzəri-dərketmə situasiyası icti-

mai şüurda və elmdə özünü qabarıq şəkildə göstərən ziddiyyətlərlə xarakterizə 




 

85

olunur” (4, 92). Buna görə  də “Sovet İttifaqı dağıldıqdan sonra bütün post-



sovet ölkələrində olduğu kimi, bizdə də ideologiyasızlaşdırma deyilən prinsip 

bəyan edildi. Bu prinsip marksizm-leninizm ideologiyası ilə bağlı  nə varsa, 

hamısından tamamilə imtina olunmasını  nəzərdə tuturdu və totalitarizmin, 

kommunist ideologiyasının təzədən baş qaldırmasına imkan verməməli idi. 

Lakin həmin dövrdə baş verən mürəkkəb proseslər nəticəsində yaranmış 

boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar 

doldurdu” (5, 2).  

İctimai elmlər sahəsində zamanın tələblərinə uyğun olan yeni metodoloji 

yanaşma və prinsiplər formalaşdırılarkən elmi ənənələrin və  təcrübələrin 

nəzərə alınması məqsədəuyğun məsələlərdən biridir. Elmi-fəlsəfi nəzəriyyələr 

real gerçəkliyi o halda adekvat izah edir ki, onlar keçmiş elmi ənənələri və 

təcrübələri diqqət mərkəzində saxlayır. Buna görə  də müasir dövrdə Azər-

baycanda ictimai elmlərin, xüsusilə  fəlsəfənin inkişafı mütərəqqi elmi-fəlsəfi 

ənənələr və  təcrübələrlə dünya fəlsəfi fikrinin sintezini, onlar arasında 

qarşılıqlı əlaqələrin mövcud olmasını tələb edir. Azərbaycanda fəlsəfə elminin 

bu müstəvidə inkişafının məqsədəuyğun olmasının ciddi əsasları vardır. Çünki 

elmlərin inkişaf dialektikasının başa düşülməsində  və öyrənilməsində  fəlsəfə 

xüsusi yer tutur. Məhz fəlsəfə vasitəsilə elmin inkişafını ləngidən “standartla-

rın və mühakimələrin qəbul olunmazlığı aşkara çıxarılır” (6).  

 Tarixi təcrübələr göstərir ki, fəlsəfənin elmi inkişafın böyük dəyişiklik-

lərə səbəb olan mərhələlərində xüsusi aktuallıq kəsb etməsi hər şeydən əvvəl 

onun özündə daşıdığı genetik keyfiyyətlərdən irəli gəlir. Çünki “fəlsəfə 

özünün meydana gəlməsinin ilkin momentlərindən başlayaraq ciddi elm olmaq 

iddiası ilə çıxış etdi. Bu iddia istər böyük, istərsə də kiçik enerji ilə çıxış etsə 

də heç vaxt yox olmadı. O, hətta xalis nəzəriyyəyə maraqların itməsi təhlükəsi 

yarandıqda və yaxud dini qüvvələrin elmi tədqiqat azadlıqlarını  sıxışdırdığı 

vaxtda belə yox olmadı” (7, 669). Fəlsəfə yaranmış elmi situasiyanın izah 

olunmasında və başa düşülməsində əhəmiyyətli rol oynayır. O, elmlə yanaşı, 

həm də daha geniş miqyasda, “mədəniyyətin universaliləri üzərində refleksiya-

nı həyata keçirir” (8). Ən böyük elmi nailiyyətlər fəlsəfi ümumiləşdirmələrin 

aparılmasını tələb edir.  

Elmi idrakın inkişaf dialektikasına uyğun olaraq müxtəlif elmlər və bir-

biri ilə qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf edir. Elmi biliklərin intensiv 

inkişafı və zənginləşməsi elmlərin diferensiasiyasına və inteqrasiyasına gətirib 

çıxarır. Ənənələrlə novasiyalar arasındakı qarşılıqlı təsir elmlərin diferensiasi-

yası  və inteqrasiyası prosesində özünü göstərən mühüm faktora çevrilir. 

Elmlərin diferensiasiyası təbiətdə, cəmiyyətdə və təfəkkürdə gedən proseslərin 

ətraflı  şəkildə öyrənilməsində  və elmi tədqiqatçıların fəaliyyət sahələrinin 

konkretləşməsində mühüm rol oynayır. Diferensial varislik elmlərin diferen-

siasiyası prosesində elmi biliklər arasındakı əlaqələri qoruyub saxlayır.  

Mürəkkəb və qlobal problemlərin həlli isə elmlərin inteqrasiyasını 

şərtləndirən mühüm amil kimi çıxış edir. Elmlərin inteqrasiyasında varislik 




 

86

elmi faktların və hadisələrin izah olunması prosesində informasiyaların qar-



şılıqlı mübadiləsini, vahid effektiv tədqiqat metodlarının və yeni elm 

sahələrinin yaranmasını təmin edir. Məsələn, cəmiyyətdə gedən sosial-iqtisadi, 

ictimai-siyasi proseslərin dərindən və ətraflı şəkildə öyrənilməsi zərurətindən 

irəli gələrək fəlsəfə, sosiologiya, politologiya və psixologiya elmlərinin 

inteqrasiyası  nəticəsində sosial fəlsəfə, sosial psixologiya, siyasi sosiologiya 

və s. elm sahələrinin yaranmasında inteqral varislik özünəməxsus yer tutur.  

Elmi biliklər sistemli xarakter daşıdığından onlar elmi nəzəriyyələrin 

mühüm  əsaslarından birini təşkil edir. Elmi nəzəriyyələr “elmi təsəvvürlərin 

əsaslandırılmış  və konseptual təşkil olunmuş sistemi” (9, 225) və  nəzəri 

təfəkkürlə empirik müşahidələrin birgə məhsulu kimi əsasən nəzəri problemlə-

rin həlli dövründə yaranır. Bu zaman keçmişə məxsus elmi meyarların hamısı 

rədd edilmir və onların səmərəli olanlarından elmin yeni inkişaf mərhələsində 

istifadə olunur. Varislik prinsipi nəzəriyyənin  əsasında dayanan empirik 

faktların toplanılması  və yoxlanılmasında, onun komponentləri arasındakı 

qarşılıqlı əlaqənin təmin olunmasında xüsusi yer tutur. Bu prinsip nəzəriyyə-

nin  əsas müddəalarının dərindən  əsaslandırılmasına kömək etməklə onun 

praktiki tətbiq olunması səmərəliliyini artırır.  

Elmi varislik elmi inkişafın hər bir keçid mərhələsində elmi anlayışlar, 

tədqiqat metodları və prinsiplər arasında qarşılıqlı əlaqə yaradır. Elmin inkişa-

fının mühüm tərəflərindən birini mütləq və nisbi həqiqətlərin qarşılıqlı 

dialektikası təşkil edir. Hər bir nisbi həqiqət və elmi nəzəriyyə öz başlanğıcını 

mütləq həqiqətdə tapır. Elmin inkişafında nisbi həqiqətlərdən mütləq 

həqiqətlərə keçid, o cümlədən keçmiş  həqiqətlərin və  nəzəriyyələrin yeni 

metodlarla dialektik inkarı varislik prinsipi vasitəsilə təzahür edir.  

Hər bir elmin sistem kimi dayanıqlığında onun tərkib hissələri arasındakı 

qarşılıqlı əlaqələri və asılılığı təmin edən varislik əlaqəsi əhəmiyyətli rol oy-

nayır. Bu əlaqə elmin sosiomədəni fenomen kimi inkişafı üçün elmi nəzəriyyə 

və konsepsiyalardan aktual və mühüm olanların seçilməsinə imkan yaradır. 

Eyni zamanda o, yeni elmi istiqamət və elmi metodların yaranması prosesində 

fundamental qanunauyğunluq kimi özünü göstərir.  

Elmi biliklər mütəmadi  şəkildə yeniləşir və varislik burada müxtəlif 

formalarda (universal-anlayış,  ənənəvi, normativ, elmi-idarə olunan və s.) 

təzahür edərək elmi idrakın inkişaf mərhələləri arasında qarşılıqlı  əlaqəni 

təmin edir. Qeyd edək ki, varisliyin müxtəlif formalarda təzahür etməsi ictimai 

münasibətlərin xarakteri, obyektiv və subyektiv amillərin təsiri ilə sıx şəkildə 

bağlıdır. Elmi irsin sistemləşdirilməsi və qorunması prosesi varisliyin uni-

versal-anlayış forması sayəsində reallaşır. Elmi nailiyyətlərin mənimsənilməsi 

və  əxz olunmasının tənzimlənməsi mexanizminin əsasında varisliyin ənənəvi 

forması dayanır. Burada aparıcı rol ənənələrə  məxsus olduğundan istənilən 

yenilik mövcud normalardan kənara çıxmaq kimi mənalandırılır. Elmdə indi 

ilə keçmiş arasındakı münasibətlərin bu cür formada tənzimlənməsi öz əksini 

elmi fəaliyyətdə də tapır.  




 

87

Elmi məsələlərin kortəbii və təsadüfü həlli metodları müəyyən qanuna-



uyğunluqlar  əsasında elmi metodlarla əvəzlənir ki, bu prosesdə varislik kor-

təbii və  dərkedici formalarda təzahür edir. Elmdə varisliyin kortəbii forması 

əvvəlcədən nəzərdə tutulmayan elmi biliklərin mənimsənilməsini və yenidən 

işlənməsini ifadə edir. Əvvəlcədən qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq 

elmi biliklərin dərk edilməsi isə “dərkedici varislik” anlayışı ilə ifadə olunur.  

Əxz olunan elmi biliklərin dəyər-informasiya  əhəmiyyəti elmdə varis-

liyin müsbət və  mənfi momentləri ilə müəyyənləşir. Bu əsasda isə varisliyin 

iki növü (perspektiv və loyal) bir-birindən fərqlənir. Varisliyin perspektiv 

növü cəmiyyətin inkişaf səviyyəsinə cavab verən elmi biliklərin yaranmasında 

və zənginləşməsində təzahür edir. Elmi biliklərin qarşısında dayanan perspek-

tiv vəzifələrin həllində isə loyal varislik özünü göstərir. Varisliyin bu növün-

dən irəli gələrək elmi biliklər konkret zaman çərçivəsində əxz olunur.  

Hər bir elm özünün tədqiqat obyektindən asılı olaraq real gerçəkliyin 

müxtəlif sahələrini adekvat əks etdirməyə çalışır. Tədqiqat obyektinin xüsusiy-

yətləri də öz növbəsində onu öyrənən elmin məzmununa təsir göstərir. 

Məsələn, iqtisadiyyat elmi tədqiqat obyekti kimi iqtisadi sistemi, onun mahiy-

yətini və xüsusiyyətlərini araşdırır.  Əgər iqtisadi inkişafda innovativ meyllər 

artırsa, bu halda tədqiqat obyektinin əks olunmasının adekvatlığından irəli gə-

lərək iqtisadiyyat elminin özündə innovativ yanaşmaların mövcud olması zə-

rurətə çevrilir (10, 29).  

Ümumiyyətlə hər bir elmin irəli sürdüyü anlayışlar, kateqoriyalar, kon-

sepsiyalar və s. əvvəlcə innovasiyalar kimi çıxış edirlər. Onlar elmi birlik 

tərəfindən qəbul olunduqdan və verifikasiya prosesində  həqiqət kimi təsdiq 

edildikdən sonra elmin anlayışlar və kateqoriyalar aparatına daxil olur.  

 Elmi  biliklərin inkişafının inqilabi və qeyri-inqilabi situasiyalarında 

statik (kəmiyyəti) və dinamik (keyfiyyəti) varislik bir-birindən fərqlənir. Buna 

görə  də elmi biliklərin inkişafına müəyyən sistem çərçivəsindən və eyni 

zamanda yeni sistemə keçid aspektindən yanaşmaq olar. Birinci halda kə-

miyyət dəyişmələri baş verir ki, burada sistemin informasiya həcmi artsa da 

onun strukturu köklü dəyişikliklərə  məruz qalmır.  İkinci halda isə keyfiyyət 

dəyişmələri özünü göstərir ki, burada bir sistemdən digərinə keçid baş verir. 

Qeyd edək ki, varisliyin elmi biliklər arasındakı  əlaqələri  əks etdirməsi elmi 

fəaliyyətin sistemli xarakter daşımasına təsir göstərən mühüm faktordur.  

Elmi biliklərin inkişafı bir-biri ilə dialektik şəkildə bağlı olan mütərəqqi 

və reqressiv varislik formalarında da təzahür edir. Mütərəqqi varislik sistem 

kimi götürülmüş elmin inkişafını müəyyənləşir ki, onun əsas xüsusiyyəti elmi 

biliklərin aşağı formalardan daha yüksək və təkmil formalara keçidlə bağlıdır. 

Əgər elmin inkişafında faydalı olan biliklərin zənginləşməsi dinamik xarakter 

daşımırsa, bu halda elmi biliklərin strukturunun dayanıqlığını, bütövlükdə 

elmin sistem kimi mövcudluğunu və sabitliyini təmin edən  əlaqələr zəifləyir 

ki, bu prosesdə varislik reqressiv formada təzahür edir.  

Elmi biliklərin strukturunda empirik və  nəzəri biliklər varislik prin-




 

88

sipinin empirik və nəzəri formalarda təzahürünü şərtləndirir. Bu prinsip elmi 



biliklərin göstərilən səviyyələri ilə yanaşı, onlarla müqayisədə daha ümumi və 

“iki alt səviyyədən: 1) ümumi elmi biliklər və 2) elmlərin fəlsəfi əsaslarından” 

(11) ibarət olan metanəzəri səviyyədə  də  təzahür edir. Elmi fəaliyyət 

nəticəsində qazanılmış  təcrübələr,  əldə olunan nailiyyətlər biliklərin empirik, 

nəzəri və metanəzəri səviyyələri arasında qarşılıqlı əlaqə yaradır. Buna görə də 

elmi biliklərin bütün səviyyələri üzrə tədqiqatlar aparılarkən elmi təcrübələrin 

və metodoloji yanaşmaların məqsədəuyğun olanlarından istifadə edilir.  

Elmdə pozitiv varislik elmin inkişafının müxtəlif mərhələlərində onun 

struktur elementləri, forma və metodlarını qoruyub saxlayan qanunauyğun 

əlaqəni göstərir. Pozitiv varisliyin neqativ varisliklə mübarizə  şəraitində 

olmasını  nəzərə alması elmi tədqiqatçının öz axtarışlarında düzgün mövqe 

tutmasına kömək edir. Bunun nəticəsində dövrün tələblərinə cavab verən elmi 

irs qorunub saxlanılaraq zənginləşir.  

Elmi dəyərlərin yaradıcı və pozitiv şəkildə tədqiq olunmasında varisliyin 

elmi-idarəolunan növü xüsusi yer tutur. Nəzərə alınmalıdır ki, “əgər dəyərlər 

istənilən fəaliyyətin ayrılmaz elementidirsə, elmi idrak xüsusi fəaliyyət for-

ması kimi onlardan ayrı ola bilməz” (12). Mütərəqqi elmi dəyərlərin hər 

şeydən  əvvəl “klassik aksiologiyanın prezumpsiyası kimi çıxış etməsi” (13, 

399) onların qorunub saxlanılmasının  əhəmiyyətini artırır. Varisliyin elmi-

idarəolunan formasının əsas xüsusiyyəti elmi biliklərin nizamsız şəkildə deyil, 

dəqiq hesablamalar əsasında elmi dövriyyəyə daxil olmasını təmin etməsidir. 

Bu baxımdan daha geniş  mənada götürsək, bəşəriyyəti narahat edən qlobal 

problemlərin həllində elmi-idarəolunan varislik mühüm əhəmiyyət daşıyır.  

Elmi tədqiqatçıların  əxz olunan obyektin mahiyyətinə  dərindən və  fəal 

şəkildə nüfuz etməsi varisliyin intensiv növü ilə bağlıdır. Elmi professio-

nallıqla sıx  şəkildə  əlaqəli olan varisliyin bu növünün reallaşmasında elmi 

subyektlərin qarşısında dayanan məqsəd və  vəzifələr mühüm rol oynayır. 

Varisliyin ekstensiv növü isə əsasən seyrçi müşahidələr zamanı özünü göstərir 

ki, bu halda elmi mülahizələrdə qeyri-dəqiqliyə, bəzən də yanlışlığa yol verilir.  

Varislik prinsipi elmi tədqiqatçıların dünyagörüşünə, onların profes-

sional fəaliyyətinin formalaşmasına və inkişafına ciddi təsir göstərir. Elmi 

tədqiqatçı yaşadığı dövrün çərçivələri və imkanları ilə  məhdudlaşmamalı 

zamanın fövqündə dayanaraq elmi uzaqgörənliklə gələcəyə baxmalıdır. Qeyd 

edək ki, elmi biliklərin inkişaf meyarları onların “mütərəqqi toplanmasının və 

yaxud ekstensiv artmasının sadə sxemləri” (14, 152) ilə məhdudlaşmır. Buna 

görə də elmi tədqiqat zamanı keçmişdə qazanılan empirik təcrübələrə və nəzəri 

yanaşmalara  əsaslanmaq elmi idrakın inkişaf qanunauyğunluqlarının, onun 

bütün tərəflərinin nəzərə alınması deməkdir.  

Elmi fəaliyyət nəticəsində formalaşmış paradiqmaların və sosiomədəni 

modellərin gələcək nəsillərə ötürülməsi normativ varislik sayəsində mümkün 

olur. Bu halda varislik mövcud elmi normaların və  dəyərlərin rasional dərk 

edilməsini tələb edir. Varisliyin bu formasının elmi fəaliyyət subyektinə elmi 




 

89

dəyərləri mənimsəmək üçün seçim imkanı verməsi onun fəallığını  və 



təşəbbüskarlığını stimullaşdırır.  

Elmi biliklərin nəsillərdən-nəsillərə ötürülməsi elmi subyektlər tərəfin-

dən həyata keçirilir ki, burada elmi irsin qavranılması və zənginləşməsi onların 

professionallığı, sosial statusu ilə  sıx  şəkildə bağlıdır. Bu zaman “alimin və 

elmi birliyin dəyər yönümü idrak prosesində, elmi tədqiqatların istiqamətlə-

rində  və xarakterində  əhəmiyyətli rol oynayır. ... Bu eyni dərəcədə  həm 

humanitar, həm də təbiət elmlərinə aiddir” (15, 493). Elmi biliklər, istiqamət-

lər və  məktəblərin yaranması elmi fəaliyyət praktikasının təkmilləşməsində 

xüsusi yer tutur. Elmi məktəblərdə elmi ənənələr və dəyərlər qorunmaqla ya-

naşı, alimlərin yaradıcılıq enerjisi konsentrasiya olunur.  

Elmi məktəblər yaranarkən onun əsasını qoyan alimin fərdi elmi kon-

sepsiyası kollektiv fəaliyyətin  əsasını  təşkil edir. Məsələn, buna misal kimi 

Azərbaycanda dilçilik elmi sahəsində M.Şirəliyevin dialektoloji məktəbini, 

M.Hüseynzadənin müasir dil məktəbini, Ə.Dəmirçizadənin dil tarixi və üslu-

biyyat məktəbini və s. göstərmək olar. Azərbaycan dilçiliyinin inkişafında 

əvəzsiz xidmətləri olan bu alimlər dilçiliyin müxtəlif tərəfləri ilə bağlı müx-

təlif konsepsiyalar irəli sürdülər. Bu məktəblərin davamçıları isə onların 

əsasında gələcək tədqiqatların aparılması istiqamətlərini müəyyənləşdirdilər.  

Elmi məktəblərdə ideyaların və  fəaliyyətin  ənənələrin hesabına təmin 

olunması heç də təsadüfi deyil. Çünki “ənənələr elmin bütün sahələrini əhatə 

etdiyindən, onlardan kənar hər hansı novatorluq və yaradıcılıq ola bilməz” (16, 

37). Daha geniş  mənada götürsək, elmi ənənələr  əsasında formalaşan sosio-

mədəni münasibətlər elmi fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mü-

hüm rol oynayır.  



 

ƏDƏBİYYAT 

1.

 



Лешкевич Т.Г. Философия науки: традиции и новации.  М.: ПРИОР, 2001,   428 с. 

2.

 



Наука в эпоху перемен (тема этоса) // Философия науки.  М.,  2005, вып. 11,  с.  5-10.                        

3.

 



Микешина  Л.А.  Эпистемологическое  оправдание  гипостазирования  и  реификации 

Вопросы философии,  М., 2010,  №12, с. 44 -54.  

4.

 

Чешков М.Л. Дореволюционная Россия и Советский Союз: анализ преемственности 



и разрыва // Общественные науки и современность. М., 1997,  №1, с.  92 – 104  

5.

 



Mehdiyev R.Ə. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı: Xalq qəzeti, 

2009, 9  dekabr, 

6.

 

Павлов К.А. Каким может быть понимание философии сегодня // VOX  Философ-



ский журнал. М.,   2010,   №8.  

http://vox-journal.org/html/issues/vox8/112 

7.

 

Гуссерль  Э.  Логические  исследования.  Философия  как  строгая  наука.  М.: ACT, 



2000, 752  с.  

8.

 



Стёпин В.С. Философия, культура, личность философа  //Драма советской филосо-

фии (Книга – диалог).  М., 1997, 239 с. 

http://iph.ras.ru/uplfile/root/biblio/1997/Drama.pdf 

9.

 



Ушаков Е.В. Введение в философию и методологию науки. М.: Экзамен, 2005,   528 с.  

10.


 

Землянухина С.Г. Инновационность  и преемственность в развитии экономической 

науки // Журн. Инновационная деятельность. 2007, №1, с. 19-35. 

11.


 

Лебедев С.А. Уровни научного знания // Журн. Вопросы философии, 2010,  №1,  с. 62 -75. 




 

90

12.



 

Ивин А.А. Современная аксиология: некоторые актуальные проблемы // Философ-

ский журнал. М., 2010, №1. iph.ras.ru/page27846343.htm 

13.


 

 Шохин  В.К.  Философия  ценностей  и  ранняя  аксиологическая  мысль.  М.:  РУДН 

2006,  457  с.  

14.


 

Шульга  Е.Н.Природа научного познания и критерии рациональности // Философия 

науки. М., 2004, в. 10, с. 151 – 170    

15.


 

Гайденко  П.П.  Научная  рациональность  и  философский  разум.  М.:  Прогресс-Тра-

диция, 2003, 528 с.  

16.


 

Грезнева О.Ю. Научные школы.  М.: РАО,  2003, 69 с.  



 

ПРИНЦИП ПРЕЕМСТВЕННОСТИ В РАЗВИТИИ  НАУКИ  

 

В.С.САЛИМОВ  

 

РЕЗЮМЕ 

 

В статье исследуется принцип преемственности в развитии науки, его особеннос-



ти и формы проявления. Анализируется влияние связи традиционных и инновационных 

диалектических отношений  на деятельность научных субъектов (ученые, научные шко-

лы,  научные  направления  и  т.д.).  Указывается,  что  нарушение  принципа  преемствен-

ности в развитии науки приводит  к срыву связи между научными традициями и опы-

том.  Этот  вопрос  рассматривается  на  примере  гуманитарных  наук  во  время  бывшего 

Советского    союза.  Указываются  причины,  способствующие  влиянию  философии  на  

научное развитие, которые приводят к большим изменениям. В процессе  дифференциа-

ции и интеграции наук, на эмпирическом, теоретическом и метатеоретическом  уровнях  

научных знаний анализируется место и роль принципа преемственности.  

 

Ключевые  слова:  принцип  приемственности,  традиции,  инновации,  научные 

знания, научные  познание, научные субьекты 



 

INHERITANCE PRINCIPLE IN THE DEVELOPMENT OF SCIENCE 

 

V.S. SALIMOV 

 

SUMMARY 

 

The article investigates the inheritance principle in the development of science, its 

features and manifestation forms. The author analyzes the influence of dialectic relations of 

customs and innovations on scientific subjects (scientists, scientific schools, scientific 

directions etc.) and notes that disorder of the inheritance principle in development of science 

causes disintegration of the communication between scientific traditions and experiences. This 

problem is explained on the samples of humanitarian sciences during the post-Soviet period. 

The causes conditioning the infunce of Philosophy on scientific development, which lead to 

great changes are analyzed.  

In the process of differentiation and integration of sciences, the position and the role of 

interitance are investigated from empiric, theoretical and metatheoretical aspects of scientific 

knowledge. 



 

Key words: inheritance principle, traditions, innovations, scientific knowledge, scienti-

fic subjects. 



Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə