Microsoft Word Документ Microsoft Office Word 97 2003 doc



Yüklə 144,9 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü144,9 Kb.
#77121


İllər, pillələr, talelər 

 

Bakıdan bir az aralı,  şəhərin geniş qoynunda, "Binə  qəsəbəsi" deyilən yerdə  qədim, uca 



küknar ağaclarının  əhatəsində Azərbaycan Milli Aviasiya Akademiyasının işıqlı  pəncərələri 

sayrışır. Yeni memarlıq üslubunda tikilən dörd-beş  mərtəbəli tədris ocaqları  tələbələrin və 

müəllimlərin ixtiyarına verilib. Qısaca "Akademiya şəhərciyi" də deyirik. Burada çiynipaqonlu 

gənclərin - oğlanların və qızların timsalında həmişə ürəkaçan həyat qaynayır. Ətrafı yaşıllıqlara 

qərq olmuş idman meydançaları, sinif otaqları, parket döşəməli dəhlizlər  əslində gözəllik 

sərgisidir. Hara baxırsan, sağlam gənclərdi: Müstəqil Azərbaycanın sabahkı  təyyarəçiləri, 

şturmanları, dispetçerləri, təyyarə  bələdçiləri və başqa ixtisas sahibləri yetişir. Azərbaycan 

dilində təhsil alırlar. 

Ürəyim fərəh hissilə dolur. Çünki sıxıntısını çox çəkmişəm. Moskvada, M.Qorki adına 

Ədəbiyyat İnstitutunda oxuduğum illərdə, Bakıya təyyarə ilə gedib-gələndə görürdüm ki, bir-iki 

azərbaycanlı təyyarəçi var. Azərbaycanca bilməyən azərbaycanlılar idilər. Adi təyyarə bələdçisi 

də yox idi. Təyyarənin Bakı aeroportuna enməsini, qalxmasını da rus dilində elan edirdilər. 

"Özümüzünkülər" də rusca danışırdılar. 

İndi, suveren dövlətçiliyimizdə bu təyyarəçilərə, bu bələdçilərə azərbaycanca dərs deyən 

müəllimlərdən biri də  mənəm. Azərbaycan  ədəbiyyatından, dünya mədəniyyəti tarixindən 

mühazirələr oxuyuram. 

Bütün bu yeni təlim-tərbiyə  məsələlərinə  rəhbərlik edən, başqa xalqların da dilinə, 

mədəniyyətinə böyük hörmət bəsləyən Milli Aviasiya Akademiyasının rektoru, yüksək insani 

keyfiyyətlərə malik akademik Arif Paşayevdir. O, ədəbi mühitdə yetişmişdir, böyük yazıçımız 

Mir Cəlal Paşayevin oğludur. 

Arif müəllimin anası Püstə xanım danışırdı ki, biz Mir Cəlalla nikah kəsdirməyə gedəndə 

qabağımıza mərhum şairimiz Mikayıl Müşfiq çıxdı. 

- Haraya belə? - üzünü Mir Cəlala tutub soruşdu. 

- Gedirik nikahımızı kəsdirək, - o da gülümsəyərək cavab verdi. 

- Mən də sizinlə şahid kimi gedirəm. 

- Gedək. - Mir Cəlal sevinclə təklif etdi. 

Püstə xanım deyirdi ki, Müşfiq Mir Cəlalın dostu idi. Biz "Kommunist" qəzetinin 

redaksiyasında işləyəndə (orada da Mir Cəlalla Püstə xanım tanış olublar - N.H.) Müşfiq gəlib-

gedirdi. İndiki Nizami adına Ədəbiyyat Muzeyinin 1-ci mərtəbəsində şəkilçəkən var idi, Dilbərin 

şəklini pəncərənin arxasından asmışdılar. O qədər gözəl idi ki, biz qızlar da gedib ona baxırdıq. 

Dilbər Müşfiqin sevgilisiydi.  

Mir Cəlalla Püstə xanım İçərişəhərdə övliya Mirmövsüm ağanın müqəddəs ocağına yaxın 

bir yerdə ev kirayə etmişdilər. 

Toylarını Azərbaycanın böyük müğənnisi Cabbar Qaryağdıoğlu tar, kamança, qaval üçlüyü 

ilə aparıb. Qələm dostları Süleyman Rəhimov, Sabit Rəhman, Səməd Vurğun toyda dost sözü 

deyiblər, oynayıblar. 

1934-cü il fevralın 15-də o müqəddəs qonşuluqda Mir Cəlalın ilk övladı - Arif Paşayev 

dünyaya göz açıb. Tanrının seyidə (Mir Cəlala) verdiyi bir ev dolu sevinc payı Arif olub! 

Püstə xanım övladcanlı, ailəcanlı bir xanım idi. Anası Gözəl xanım da, bacısı Rəna xanım 

da yanında qalırdılar. Uşaqların hamısına (Arifə, Elmiraya, Hafizə,  Ədibəyə, Aqilə - N.H.) 

demək olar ki, Gözəl xanım özü baxıb. Rəna xanımın da toyu bu evdə çalınıb. 

Mir Cəlal onu qızlarından ayırmırdı. Rəna xanımın yoldaşı Cümşüdlə və Elmira xanımın 

yoldaşı, AMEA-nın müxbir üzvü, mərhum Tofiqlə, Ədibə xanımın yoldaşı mərhum Eldarla da 

mən bu mötəbər ailədə tanış olmuşam. 

Mir Cəlalın sağlığında şəhərdəki evinə gedib-gəlirdim. Əvvəl aspirantı kimi, sonra da o ev 

mənim böyük qələm dostumun eviydi. Mir Cəlal dünyasını  dəyişdi. Amma ailəyə elə 

isinişmişdim ki, yenə də xeyirdə-şərdə dəyirdim.  

Evin ortasındakı iri, uzun və yaraşıqlı ipək süfrəli yemək stolu indiki kimi gözümün 

qabağındadır. Mən də o mehriban süfrədə əyləşərdim. Stolun baş tərəfi Mir Cəlalın fəxri yeriydi. 



"Ayaq tərəfdə" isə kiçik oğlu Aqil oturardı. Boyca hamıdan ucaydı. Mir Cəlal hərdən sataşardı 

ki, Aqil, ayağın ayağıma toxunur, o tərəfə elə. Gülüşərdik. Yumorla danışmaq Mir Cəlalın 

canındaydı. Mərhum Aqil də çox istedadlıydı, heyf, yazmadı. Çoxu dünyasını dəyişdi. 

Əlbəttə, bu mənəvi sarsıntıların episentri Arif müəllimin ürəyindən keçirdi. 

Mir Cəlal müəllimlə tanışlığım 1954-cü ildən başlayır. Məni Bakıdan Sovet ordusunda 

hərbi xidmətə aparmışdılar. "Salyanski kazarma" deyilən yerdə  hərbi hissədəydim. Gəncədə 

Pedaqoji  İnstitutu bitirib, Bakıya yenicə  gəlmişdim.  Şəhərdən bir az aralıda Balaxanı 

qəsəbəsində  dərs deyirdim. İcazə alıb, Yazıçılar  İttifaqına "Gənclər günü"nə  gəlmişdim. Təzə 

şeirlərim var idi, oxumaq istəyirdim.  Əsgər paltarımı  dəyişməmişdim, paqonda, şineldə 

gəlmişdim.  Şeirlərimi oxuyandan sonra qabaq cərgədə oturan Mir Cəlal müəllim məni təbrik 

edib,  əlimi sıxdı. Başqa bir hörmətli yazıçımız  Əyyub Abbasova dedi ki, yaxşı  şeirləri var, 

kitabını buraxmaq olar. O vaxt kitab barədə düşünmürdüm. Amma mənim ilk "Qoca çobanın 

hekayəti" kitabımı  mərhum  Əyyub müəllim buraxdı. O vaxt "Uşaq və  Gənclər  Ədəbiyyatı 

Nəşriyyatı"nda müasir ədəbiyyat  şöbəsinin müdiri vəzifəsində  işləyirdi.  Əsgər  şinelində 

Yazıçılar İttifaqında görüşümüzü Mir Cəlal müəllim sonralar mənim "Könlüm şeir istəyir" adlı 

kitabıma yazdığı müqəddimədə  də xatırlayıb. Aspiranturaya qəbul olunana qədər də biz 

görüşürdük. 

Mir Cəlalın evində kəsilən çörək ömür boyu insana bəs eləyir. Çünki halal müəllim, yazıçı 

əməyi ilə qazanılırdı. O süfrədə çörək kəsməyən tələbəsi yox idi. Elə bil tələbələrini bir-birinə 

çörəklə yaxınlaşdırır, çörəklə mehribanlaşdırır, özü də bundan mənəvi zövq alırdı. İndi görürəm, 

Arif müəllim də belədir. Tək olsa da (mərhum həyat yoldaşı Aida xanımı  nəzərdə tuturam - 

N.H.) çörəyini tək yemir. 

Akademik Arif Paşayev - içində intibah gəzdirən insandır. Onu həm ailədən tanıyıram, 

həm də artıq on iki ilə keçir ki, rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasında işləyirəm. 

Sonuncu iş yerim - Mətbuat və İnformasiya Nazirliyi ləğv ediləndə (nazirin birinci müavini 

idim), mən də başqaları kimi işsiz qaldım. Ölkədə ictimai-siyasi quruluş  dəyişmişdi. Arif 

müəllimin ortancıl qardaşı Hafiz müəllim mənə zəng elədi ki, get Arif müəllimin yanına, sənə 

sözü var. 1997-ci il idi. Hafiz Paşayev onda ABŞ-da Azərbaycanın səlahiyyətli səfiri vəzifəsində 

işləyirdi. Bakıya gəlmişdi. Qardaşlarda da atalarının tələbələrinə olan isti münasibəti gördüm.  

Arif müəllim məni elə həmin gün Humanitar fənlər kafedrasına işə götürdü. 

Mir Cəlal müəllim hələ o vaxt, mənim gənclik illərimdə şeirlərim barədə məqalə yazmışdı. 

"Nəriman" poemamı  Səməd Vurğunun "Komsomol poeması", Mikayıl Müşfiqin "Mingəçevir" 

poemaları ilə müqayisə edib, qiymətləndirirdi. 

Ustadın hekayələr kitabı haqqında mənim də  məqaləm çıxmışdı, sonralar 60 illik 

yubileyini qəzet səhifələrində şeirlə təbrik etmişdim. 

Tərcümeyi-halıma Mir Cəlal müəllim bələd idi. Məni Sovet dövründə kiminsə yerinə 

əsgərliyə də aparmışdılar. Sonralar "Poylu beşiyim mənim" poemamda Mir Cəlala bir neçə bənd 

şeir misraları həsr elədim. Bir bəndi belədir: 

 

Hər papağın altda oğlum, bir oğul yatır, 



Qullar elə bilirlər ki, orda qul yatır. 

İstedadın köməyinə istedad çatır. 

Dahilərin fəryadına insan lal olur,  

O insan ki, insan olur - Mir Cəlal olur. 

 

Mən akademiyaya gələndə onun həyətində kiçik, yastı  kazarmalar  var  idi.  Bu  uzun  yastı 



kazarmaların bir ucunda rektorun qəbul otağı, ortasında köhnə meşin qapılı mühasibat idarəsi, o 

biri ucunda isə  həkim məntəqəsi yerləşirdi. Həyətində  kərtənkələ  də görmüşdüm. Müəllim də, 

tələbə də sinifdə donurdu. Məndən soruşanda ki, dərsin hansı otaqdadır? Zarafatla deyirdim ki, 

borular keçən sinif otağında. Boruların uzunluğuna və iriliyinə görə belə deyirdim. 




Akademiyada ruslar və ruslaşan müəllimlər dərs deyirdi. Ali təhsilli olanlar az idi. 

Azərbaycan dilində bir ərizə, təqdimat yazmaq lazım gələndə, azərbaycanca yazan adam 

axtarırdılar. 

Arif müəllim, burada birinci növbədə, müti şəkildə bu mühitəuyğunlaşma psixologiyasını 

dəyişməliydi, sonra da əlbəttə, akademiyaya ixtisasca aviasiya işini bilən peşə sahiblərilə yanaşı, 

savadlı, mədəni, milli-etik dəyərləri özündə  cəmləşdirən müəllimlər dəvət etməliydi. Onları 

axtarıb tapmalıydı.  

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda heç vaxt olmayan, milli və 

dünyəvi məzmunu olan yeni tipli bir təhsil ocağı yaradılmışdı: Milli Aviasiya Akademiyası. 

Azərbaycan öz tərcümeyi-halının yeni mərhələsinə  qədəm qoyurdu. Dünyaya yeni pəncərə 

açılırdı. Yeni elmi-texniki-pedaqoji tədqiqatlar, yeni mədəni əlaqələr yaranırdı. 

Arif müəllim bunların öhdəsindən  əzmkarlıqla gəldi. Təbii ki, həyatda heç bir şey asan 

olmur. Baş da, əl də, ayaq da işləməlidir. Yeni, lazımi instansiyalarla əlaqə saxlamalı, yazılı-

şifahi müraciətlər etməli, yazdığını  təkid etməli və gedib-gəlməliydi. Saçlarına dən düşməli, 

hətta ağarmalıydı. Tikib-qurmaq üçün, fizika-riyaziyyat elmindən  əlavə, inşaat işlərini bilməli, 

müasir memarlığın tələblərinə bələd olmalıydı.  

O, gözəl bilirdi ki, tikinti-qurucluq məsələlərində - mühəndislik, estetik gözəllik həndəsi-

fiziki-riyazi hesablamalarsız mümkün deyil. 

Az bir müddətdə 4 böyük və yaraşıqlı tədris korpusu tikilib istifadəyə verildi. 4 mərtəbəli 

tələbə yataqxanası, həkim məntəqəsi, təmiz və  səliqəli tələbə yeməkxanası, geniş, işıqlı idman 

kompleksi, yaşıllıqlar, kiçik fəvvarələr, qızıl gül talaları akademiyanın geniş  həyətini bəzədi. 

Sinif otaqları akademiyanın öz mebel fabrikinin istehsalı olan yeni standartlara uyğun partalarla 

daha da gözəlləşdi. Ağappaq yazı lövhələri qara flomastrlarla yazıldı.  

İndi öz ana dilimizdə fakültələr, kafedralar, laboratoriyalar açılıb. Texniki akademiyanın 

siniflərində Azərbaycan tarixi, politologiya, sosiologiya, etika, estetika fənləri ilə yanaşı, 

Azərbaycan, ingilis, rus, latın dilləri keçilir. Kulturologiya, fəlsəfə, hüquq fənləri tədris olunur. 

Maaşlar artırılıb. Fakültələr, kafedralararası kompüter şəbəkəsi yaradılıb. Texniki təhsil alan 

çiynipaqonlu gənclərin sayı artıb. Mənim dərs dediyim tələbələr "Boinq" markalı  təyyarələri 

idarə edirlər və s. 

Onu da deyim ki, Arif müəllim akademiyada Azərbaycanda ilk dəfə olaraq Milli Aviasiya 

Muzeyi yaradıb; burada əsrin  əvvəllərindən başlamış tariximizin müxtəlif mərhələlərinə aid 

nadir sənədlər və fotoşəkillər toplanıbdır. 

Adlı-sanlı akademiklər burada kafedra müdiri işləyir, laboratoriyalarda təcrübələr aparılır. 

Arif müəllim elmi şuralarda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəisi, 

məşhur təyyarəçi Cahangir Əsgərovun adını  həmişə hörmətlə  çəkir. Onun Milli Aviasiya 

Akademiyasında elmi və texniki potensialın möhkəmlənməsinə, inkişafına göstərdiyi daimi 

diqqəti yüksək qiymətləndirir. Onların bu işgüzar və dost münasibətləri akademiyada yaradıcılıq 

mühitinin yaranmasına xidmət edir ki, bu da professor-müəllim heyətinin elmi axtarışları üçün 

yeni imkanlar açır. 

Ən məsul səfərlər zamanı uzaq-yaxın uçuşları yerinə yetirən Milli Aviasiya 

Akademiyasının prorektoru, təyyarəçi Rauf Cəfərzadə aviasiya sahəsində namizədlik və 

doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edən ilk azərbaycanlıdır. Onun 

oğlanları da mənim tələbələrim olub, atalarının yolunu davam etdirirlər. Azərbaycan və dünya 

səmasında xarici markalı təyyarələrdə üç azərbaycanlı şahini uçur! Bu, özü fərəh hissi deyilmi?! 

İki il bundan qabaq, ürəyimin müalicəsilə bağlı Almaniyaya getdiyim zaman İbrahim 

Seyidov adlı təyyarəçi bir tələbəmin İtaliyada Azərbaycan Hava Yollarının təmsilçisi olduğunu 

biləndə sevindim. Məni oğlum Nazimlə  bərabər Milan aeroportunda qarşıladı,  şəhəri gəzdirdi, 

bir gün sonra Almaniyaya yola saldı. Müalicəm demək olar ki, elə buradan başladı. Mən o 

tələbəmə dünya mədəniyyəti tarixindən mühazirələr oxumuşdum.  İndi o, Avropa intibahı 

epoxasının yarandığı  və inkişaf etdiyi yerdə - Dantedən, Petrarkadan, Bokkaççodan danışır, 

Leonarda do Vinçinin, Mikelancelonun, Rafael Santinin həyatına aid maraqlı söhbətlər edirdi. 



Arif Paşayevi müəllimlər də, tələbələr də sevirlər. Belə insanlar mənalı ömürlərini xalqına, 

vətəninə  həsr etməklə keçdikləri yolun yolçularına nümunə olurlar. Onların işığı heç vaxt 

sönmür, zəkasıyla bir ölkə, el-oba, bütün bir vətən tanınır. Belə insanların üzündə  "şəxsiyyət" 

sözünün poetikası oxunur. 

Onun bir şəxsiyyət kimi təkcə təhsilin və təlim-tərbiyənin yox, həm də müasir Azərbaycan 

aviasiya elminin yaranmasında, inkişafında görkəmli ixtiraçı alim kimi xüsusi xidmətləri 

olduğunu xarici ölkələrdə də qiymətləndirirlər.  

Onun  şəxsi təşəbbüsü və  zəmanətilə Milli Aviasiya Akademiyasının mütəxəssis alimləri 

xarici ölkələrin aviasiya akademiyalarına, ali təhsil ocaqlarına, aparıcı elmi mərkəzlərə ezam 

olunur. Müasir elmi nailiyyətlərin və elmi kəşflərin Azərbaycanda da tətbiqi üçün o, həmişə öz 

tövsiyələrini deyir və buna yüksək, ictimai məna verir. 

Milli və dünya texniki elmlərinin bir sıra aktual problemləri ilə bağlı öz laboratoriyasında 

maraqlı təcrübələr aparır, yüksək dövlət və beynəlxalq simpoziumlara dəvət edilir, eləcə də Milli 

Aviasiya Akademiyasının rektoru kimi elmi-pedaqoji vəzifələrini böyük bir kollektiv qarşısında 

şərəflə yerinə yetirir. Sadədir, amma adi deyil. Yüksək mövqedədir, amma yanındakını görür. 

Rəsmi və  fəxri adları çoxdur, amma rəsmi deyil, həssasdır. Elmi şuralarda heç vaxt, heç kəsi 

hədələməyib, amma texniki-elmi əsərlərin yüksək səviyyədə yazılmasını təkidlə tələb edir. 

Arif müəllim cəmiyyət adamıdır. O, istedadı tez görür və ürəkdən sevinməyi bacarır. 

Kömək etmək, qolundan tutub ayağa qaldırmaq üçün dayaq olur. Bir növ, özünü istedadlı 

kimsəsizin yerinə qoyur, Arif olduğunu da unutmur. Görürəm ki, Mir Cəlaldır. Xalqda deyirlər, 

atasını itələyib, yerində durub. Mən nədənsə  həmişə Arifdə Mir Cəlalı axtarıram. Bəlkə  tələbə 

istədiyi müəlliminin övladlarında da müəllimini görmək istəyir. Amma Arif Paşayev şəxsiyyəti, 

nüfuzu həmişə nəzərimdədir. Bu da mənim sevincimdir. Təkcə mənimmi?!. 

Elmi şuralarda müzakirələr zamanı onun iradları ilə hesablaşırlar, çünki xeyirxahdır. Qərəz 

deyilən şey ümumiyyətlə, onda yoxdur və heç vaxt olmayıb. Qərəzli adamlardan da xoşu gəlmir. 

Bir dəfə dedi ki, yanıma gəlirlər, biri o birini pisləyir. Sonra deyir filankəsi işdən çıxarım. Heç 

indi də adamı işdən çıxarmaq olar? Ona qalsa, birinci özü getməlidir. Qərəzli yaşamaq olmaz... 

O, belə bir ürəyin sahibidir. 

Tariximizi,  ədəbiyyatımızı,  şeirimizi, fəlsəfəni sevir. Yazıçı  oğlu kimi, bəzən atası Mir 

Cəlaldan, başqa yazıçıların həyatından qısa, gülməli  əhvalatlar danışır və danışana qulaq asır. 

Güləndə uğunub gedir. Yanına yaradıcı ziyalılardan gələndə, onlara diqqət göstərir. 

Elmi  şura iclaslarının birində Milli Aviasiya Akademiyasında nə üçün kulturologiyanın 

(dünya mədəniyyəti tarixinin), Azərbaycan ədəbiyyatının (eləcə də Azərbaycan dilinin) bir fənn 

kimi tədris olunmadığını soruşdu. Və dedi ki, bunlar proqrama daxil edilsin. Dedilər texniki ali 

məktəblərdə bu fənlər keçilmir. Nə üçün?! - sual etdi. Bu qaydanı kim qoyub?! Texniki ali 

məktəbin tələbəsi öz xalqının tarixini, ədəbiyyatını, dünya mədəniyyəti tarixini bilməməlidir? 

Humanitar biliklərdən məhrum olmalıdır? Heç kəs cavab verə bilmədi.  

- Tələbə hərtərəfli yetişməlidir - dedi. 

Akademik Arif Paşayev böyük təhsil islahatçısı, böyük yaradıcı qüvvədir. Bunu tək mən 

yox, həmkarları da bilir. Yaxşılıq, xeyirxahlıq müsabiqəsi keçirilsəydi, o, mütləq birinci yeri 

tutardı. 

Mir Cəlal imtahan götürməyə gedəndə  tələbələrdən eşidir ki, onsuz da qiymət yazacaq, 

onun imtahanına hazırlaşmasaq da olar. Söz ona bərk toxunur. Dalbadal dörd-beş tələbəyə "2" 

yazır. Sonra da yanındakı assistenti göndərir ki, qoy göndəriş alıb gəlsinlər qiymətlərini yazım 

ki, təqaüd ala bilsinlər. 

Arif müəllim də Mir Cəlalın tərbiyəsini alıb.  

Millət, millət! - deyən natiqlər az deyil. Təəssüf ki, milləti yaşadanlar azdır. Bəlkə də bu, 

elə az olmalıdır?!. 

Arif müəllim belə azlardandır. Danışanda qışqırmır, səsi qulağı deşmir, ürəyi sığallayır. 

Tənqidi də xoş olur, tərifi də. Öldürmür, yaşadır. Amma çəkdiyini ürəyində çəkir. Buna görə də 

ürəyindən əməliyyat olundu. Bəşər övladı kimi o da qayğı istəyir, diqqət istəyir. 

Bağdakı evlərinin həyətində çay içirdik. Arif müəllimin anası Püstə xanım qəhərlənmişdi. 




- Arif də tək qaldı, Nəriman da, Aqil də, - deyə köks ötürürdü. 

Üçümüz də həyat yoldaşımızı itirmişdik. 

Mən Aida xanımı indi xatırlayıram. Ailənin böyük gəliniydi, elmi mühitdə  də böyük 

hörmət qazanmışdı. Vaxtsız getdi. Amma böyük elmi, ədəbi irs qoyub getdi. Bəzən mənə elə 

gəlir ki, qadınlar hansı yaşda olsalar da, dünyadan vaxtsız gedirlər. 

Akademik Arif Paşayev akademiyada sərəncamlar verir, anası Püstə xanımın yanında isə 

"dəyişir", bir növ yenə olurdu ailənin böyük uşağı (mənə elə  gəlirdi). Anasının asta, 

mehribancasına dediyi sözlər Arif müəllim üçün "sərəncam" olurdı, "əmr" olurdu, "göstəriş" 

olurdu. Mən bunların  şahidiyəm. Bu, övlad-valideyn halallığı idi. Amma bir həssaslığı da 

duymuşdum ki, Püstə xanım sözü elə deyirdi ki, Arifin də ürəyincə olsun. 

Püstə xanım dünyasını dəyişən kimi, Arif müəllim yenə "dəyişdi". Gördü ki, ailədə ondan 

böyüyü yoxdur. Gördü ki, dünən Püstə xanımın yanına gələnlər, bu gün onun yanına məsləhətə 

gəlirlər. O, məsləhətlər verəndə daha səhv etməməliydi. Təmkinli, müdrik olmalıydı. Oldu da. 

Arif Paşayev ürəyinin odunu anasız qalan iki gül kimi qız balalarına həsr elədi. Onları 

cəmiyyət üçün tərbiyə etdi, böyütdü. Həm ata oldu, həm də ana. İndi də elədir. 

Mehriban  Əliyeva Azərbaycanın birinci xanımı, cənab Prezident İlham  Əliyevin həyat 

yoldaşı, dostu, silahdaşıdır. 

Nərgiz Paşayeva M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 

rektorudur, filologiya elmləri doktoru, professordur. Mən onun müdafiəsində  iştirak etmişəm. 

Elmi rəhbəri, çıxış edən akademiklər Nərgiz xanımın ədəbi-elmi mühitə yeni ab-hava gətirdiyini 

deyir, onu təbrik edirdilər. 

Arif müəllimdən televiziya müsahibələrindən birində soruşdular ki, qızınıza (Mehriban 

xanımı nəzərdə tuturdular - N.H.) nə tövsiyə edərdiniz. 

Çox müdrik cavab verdi: - O mənim ağıllı, həssas qızımdır dedi, - Özü bilir ki, bütün bir 

ölkə (nəinki bir ölkə?!) onun danışığını, hərəkətlərini, gördüyü işləri izləyir. Və haqqında fikir 

yürüdür, rəy formalaşdırır. 

Taleyin nə qədər şərəfli, nə qədər məsuliyyətli qismətidir! 

Arif müəllim bu sözlərlə Tomrisdən üzübəri qəhrəman qadınlarımızın zəminində  şahanə 

görkəmilə seçilən Mehriban Əliyevanı sanki müasirlərinə təqdim edirdi. 

Mehriban xanım Fransada YUNESKO-nun xoşməramlı səfiri seçiləndə, mən də sevindim. 

Birinci dəfəydi ki, millətin qızı böyük Avropa ölkəsində nüfuzlu bir təşkilatın səlahiyyətli 

təmsilçisi seçilirdi.  

 

Bizim xoşməramlı səfir qızımız,  



Birinci xanımı Azərbaycanın. 

Bizim yerdə doğan Dan Ulduzumuz - 

gözünə işıqdı elin-obanın. 

Birinci xanımı Azərbaycanın. 

 

Başında tac gördüm - sənə halaldı, 



Tanrının əliylə o yanır, qızım. 

Qız yaxşı olanda -  

el misalıdı, - 

ata bir oğul da qazanır, qızım. 

 

Sən millət dedikcə, sevincin daşır, 



Bilirəm, ulular düşür yadına. 

A qızım, 

millət də mehribanlaşır, - 

Mehriban dedikcə sənin adına. 

 

Sən qızlar içində gün kimi aydın, 




gəlinlər içində su sonasısan. 

Sən heykəl Heydərin - qız anasıydın, 

Heydər Əliyevin - öz anasısan. 

 

Cənab prezident, mən oğlum desəm, 



qəbul et, 

haqdandı şairin səsi. 

Bir ata yanında gəldin ərsəyə, 

bütün atalara oğul əvəzi. 

 

Sən ali rəmzisən qədim torpağın, 



insana hörmətdi insan yaddaşı. 

Qoşa qanad kimi zirvəyə qalxın, 

Üçrəngli bayraqla durun yanaşı. 

 

Arif müəllim millətin balalarına da diqqət ayırır, qayğı göstərir. 



O, yataqxanada tələbələrin yaşayış  şəraitilə gedib şəxsən tanış olur, akademiya 

şəhərciyində  ədəbi görüşlər keçirir, xarici qonaqları  qəbul edir və s. Məqsəd ancaq 

dövlətçiliyimizə xidmətdir, xeyirxahlıq və insanpərvərlikdir. O, tələbələri bəzi "tələbkar" 

müəllimlərdən də qoruyur. Elmi şuralarda yeri düşəndə deyir ki, biz müəllimlərə tələbələrə görə 

maaş verilir. Onları  kəsmək yox, birinci növbədə öyrətmək lazımdır. Mir Cəlalın da əzazil 

müəllimlərdən zəhləsi gedərdi. Çünki o: 

 

Tələbənin atasıydı, 



Yerdə Tanrı sədasıydı. 

Məqbul vaxtı qaydasıydı - 

Soruşmamış qol çəkərdi. 

 

Mir Cəlal sağlığında yazdığı  əsərlərə görə  təqiblərə  məruz qalsa da, dünyaya kişi kimi 



gəldi, kişi kimi də getdi.  

Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Mir Cəlal demək olar ki, 

ömrünün çoxunu Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə  həsr edib. "Azərbaycan 

ədəbiyyatı tarixi kafedrası"nın müdiri işləmişdir. Mübaliğəsiz demək olar ki, indiki Azərbaycan 

ziyalılarının yarısı bu unudulmaz müəllimin tələbəsidir. Axı, tələbələrinin də tələbəsi olub, indi 

də var. Mir Cəlal zəmanəmizin mütəfəkkir alimi, yazıçısı, pedaqoqu olub. "Bir gəncin 

manifesti"ndə bir azərbaycanlı qadının toxuduğu xalını  "İtə ataram, yada satmaram!", - deyə 

üsyan etməsi - məhz Mir Cəlalın bəyanatı, yazıçı manifestiydi. O hələ öz sağlığında dünyanın 

böyük simaları ilə yanaşı dururdu. Əks halda, "Fransa burjua inqilabını hazırlayan" Avropa 

maarifçilik epoxasının yaradıcıları ilə, eləcə  də bizim qabaqcıl fikirli maarifçilərimizlə Mir 

Cəlalın fikir, əqidə qohumluğu olmazdı. O, yazıçı kimi Sovet dövründə Azərbaycan gəncliyinə 

milli hisslər aşılayır, sanki onları silkələyib ayıldırdı. Bu, yazıçı fədakarlığıydı. "Xalq yazıçısı" 

və akademiyanın "müxbir üzvü" kimi fəxri adlardan isə yüksəkdə dururdu. 

Onun bütün şüurlu həyatı, ömrünü həsr etdiyi ədəbi-bədii-elmi yaradıcılıq sahələrində eyni 

uğurlar qazanmaqla müasirlərinə nümunə olması dediklərimə  ən yaxşı sübutdursa, müstəqil 

Azərbaycanın ilk uzunmüddətli səlahiyyətli səfiri, professor Hafiz Paşayevin "Bir səfirin 

manifesti" adlı qiymətli kitabı,  əsərin müzakirəsi zamanı  səslənən fikirlər də  mənim sözlərimə 

qüvvətdir. 

Nəhayət,  ədalət öz yerini aldı. Cənab Prezident İlham  Əliyevin sərəncamından sonra, 

böyük yazıçının 100 illik yubileyi YUNESKO xəttilə Parisdə geniş qeyd olundu. Azərbaycanın 

birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 

xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva yubiley mərasimində məzmunlu çıxışı 

ilə Fransa ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Bu, bizim günlərin ədəbi hadisəsiydi.  



Həmin günlərdə ingilis-Azərbaycan-rus dillərində "Aviasiya terminləri lüğəti" də (baş 

redaktoru - Nərgiz Paşayeva, elmi redaktoru - Arif Paşayev) nəfis tərtibatda çıxıb. Yeri 

gəlmişkən qeyd edim ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfəydi ki, üç dildə belə bir kitab 

nəşr olunurdu. 

Arif Paşayev elə bir elmi-ədəbi-pedaqoji mühitdə  pərvəriş tapıb ki, tək bir Azərbaycan 

ziyalısını deyil, mötəbər bir ailəni, elit yaşıdlarının, həm də yaşadığı epoxanın elmi təfəkkürünü 

ləyaqətlə təmsil edir. 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və elmi kəşflərinə görə dünyanın bir 

çox akademiyalarının fəxri üzvü seçilib. Apardığı ictimai-pedaqoji işlərin miqyası müqabilində 

xarici dövlətlərin qızıl, gümüş medalları, ordenləri ilə  təltif edilib, respublika dövlət mükafatı 

laureatı fəxri adına layiq görülüb, fizika-riyaziyyat elmləri doktoru, professordur. 

Bütün bunlar onun haqqıdır. Mir Cəlal sağ olsaydı, daha obrazlı şəkildə - Ana südü kimi 

halaldır, - deyərdi. 

Ürəyimdə bax, belə bir "Arif Paşayev" ucalığı var. 

Görürəm ki, illər Arif müəllim üçün pillələr oldu. Pillələr taleyinə döndü. Arif Paşayev o 

pillələri liftlə qalxmadı, piyada çıxdı, amma ağılla, fəhmlə, təfəkkür işığında çıxdı  və qalxdı. 

Yolun işıqlı olsun! 

Mir Cəlal evə bir az gec gələndə adətən, işıqların hamısını yandırardı ki, ev nura qərq 

olsun.  İmkanı olsaydı, dünyanı  işığa döndərərdi.  O,  Sizi  də  İşıq kimi yandırdı, Arif müəllim. 

Yanın, bundan sonra da işıq paylayın - insanlar arasında, insanlıq cərgəsində. 

Böyük  şairimiz Nizami Gəncəvi yaxşı insanlar haqqında belə demişdir: "Adlı-sanlılar 

içində eləsini tanımıram ki, onun insanlığı üçün minnət və şükür edilməsin". 



 

 

Nəriman Həsənzadə, 



xalq şairi 

 

Azərbaycan.-2009.-13 fevral.-S.8. 

 

 

Yüklə 144,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə