Mənim elektron hökumətim



Yüklə 34,46 Kb.
tarix29.01.2018
ölçüsü34,46 Kb.
#22846


Mənim elektron hökumətim
http://cumhuriyyet.az/uploads/posts/1415957221_elektronhokumet.jpgMənim elektron hökumətim olsa da, bu günə qədər istifadə etmək zərurəti yaranmamışdır. Ehtiyac yaranacağı zamanwww.e-gov.az ünvanında yerləşən elektron hökumət portalından rahat qeydiyyatdan keçib, hər hansı bir dövlət qurumunun elektron xidmətindən vaxtıma qənaət etməklə yararlanacağıma arxayın idim. Amma məlum oldu ki, mənim elektron hökumətim məni tanıya bilmir. "Mənim elektron hökumətim”mövzusunda analitik məqalə və video süjet müsabiqəsinin iştirakçısı kimi tələblərə uyğun olaraq ilk növbədə portalda qeydiyyatdan keçməli idim. Bir neçə dəfə cəhd etsəm də, müsabiqəyə qatılan digər bəzi iştirakçılar kimi qeydiyyatdan keçməm mümkün olmamışdır. Müsabiqədə iştirak tələblərində portaldan qeydiyyat bəndinə əvvəlcədən dəqiq aydınlıq gətirilmədiyindən iştirakçıların əksəriyyəti portaldan istifadəçi kimi qeydiyyatdan keçirdilər. Sonradan müsabiqənin Facebook sosial şəbəkəsində yaradılmış qrupunda qeydiyyat məsələsi tam izah edildi və məlum oldu ki, müsabiqəyə qatılmaq üçün portaldan istifadə üçün qeydiyyatdan deyil, məhz müsabiqə üçün yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçib kod əldə etmək lazım imiş. Əslində müsabiqə iştirakçılarının səhvən portaldan istifadəçi kimi qeydiyyatdan keçmələri qeydiyyatla bağlı bəzi nöqsanları üzə çıxardı. Digər bəzi işitrakçılar kimi mən də www.e-gov.az portalında qeydiyyatın ilk dörd mərhələsini rahat keçirdim. Şəxsiyyətin doğruluğunu təsdiq etmək üçün nəzərdə tutulmuş növbəti beşinci mərhələ mənim üçün keçilməz olurdu. Belə ki, mənim adıma olan mobil nömrəni daxil etsəm də, portal nömrənin səhv və ya mənə məxsus olmaması ilə bağlı xəbərdarlıq edirdi. Problemin səbəbini araşdırmaq məqsədilə ilk növbədə elektron hökumət portalının operatoru Məlumat Hesablama Mərkəzinin (MHM) 157 nömrəli texniki dəstək xidmətilə əlaqə saxladım. İki dəfə zəng vursam da, cavab verən olmadı. MHM-nin şəhər telefonuna yığıb operator xanıma üzləşdiyim problemi dedim və bu məsələ ilə bağlı mənə kömək edəcək şöbə ilə məni əlaqələndirmələrini xahiş etdim. Əlaqələndirildiyim Mərkəzin nümayəndəsi üzləşdiyim halı ona izah edəndən sonra bildirdi ki, mobil nömrəmlə bağlı problem Mərkəzlə deyil, mobil operatorumla əlaqəlidir. Nümayəndənin sözlərinə görə, mobil operatorum çox güman ki, mənim mobil nömrəmi bazaya hələ də daxil etməyib. Problemə sona qədər aydınlıq gətirmək üçün mobil operatorumla əlaqə saxladım. Oradan bildirildi ki, öz adıma aldığım mobil nömrəm dərhal bazaya əlavə olunub. Problemin hansı qurumla əlaqəli olması mənə hələ də aydın deyil. Elektron hökumətin əsas məqsədi vətəndaşlarla dövlət arasında münasibətləri keyfiyyətcə yeni, şəffaf və əlverişli müstəviyə keçirməkdir. Amma elektron hökumət portalında bu münasibətlərə başlamaq üçün ilk mərhələ olan qeydiyyatla bağlı mənim kimi digər sıravi vətəndaşlar da üzləşdiyi problemləri sona qədər araşdıra bilmirlərsə, elektron hökuməti necə özümüzküləşdirəcəyik?

Elektron hökumət = vətəndaş rifahı

Vətəndaş rifahı Azərbaycan dövləti üçün ən əsas prioritetdir. Elektron hökumətin yaradılması vətəndaşın bürokratik əngəllər, korrupsiya və rüşvətxorluqdan azad bir cəmiyyətdə yaşamasını təmin etməyə xidmət edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkədə korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmaqda elektron hökumətin qurulması çox önəmli addımlardandır.

Elektron hökumətin həm vətəndaş, həm də dövlətin özü üçün danılmaz üstünlükləri var. İnformasiya texnologiyalarının dövlət xidmətləri sahəsində geniş tətbiqi korrupsiyanı aradan götürməklə yanaşı, sənədlərin toplanmasına sərf olunan vaxtı azaldır, inzibati prosedurları sadələşdirir və dövlət xidmətlərinin əlçatanlığı, operativliyi və keyfiyyətini yüksəldir.

10 illik tarixə malik elektron hökumətimiz dinamik inkişaf templərinə görə bu sahədə qabaqcıl ölkələrin belə diqqətini cəlb etməkdədir. Artıq hətta bəzi ölkələr elektron hökumətin qurulmasında Azərbaycan təcrübəsinin müəyyən elementlərinin tətbiq olunmasını nəzərdən keçirirlər. Əldə olunmuş böyük nailiyyətlər ölkəmizin elektron hökumətin inkişafı göstəricilərinə görə beynəlxalq reytinqlərdə mövqeyini durmadan yaxşılaşdırmağa imkan verir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə bu ilin reytinqində Azərbaycan 193 ölkə arasında 68-ci yeri tutub. 2013-cü ilin göstəricisi ilə müqayisədə ölkəmiz 28 pillə irəliləyərək Çin, Türkiyə və Serbiya kimi ölkələri geridə qoyub. Hökumət əldə olunmuş bu nəticə ilə kifayətlənmək fikrində deyil. Yaxın gələcəkdə elektron hökumətin inkişaf səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq hökumətin əsas hədəflərindən biridir.

Azərbaycanın bir sıra sahələrdəki böyük uğurları məhz inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağa yönəlib. Elektron hökumət sahəsi də istisna deyil. Elektron hökuməti Azərbaycandan öncə qurmuş aparıcı dövlətlərin rəsmi nümayəndələri, yerli və xarici ekspertlər də Azərbaycanın elektron hökumətinin dinamik inkişaf tempini və nailiyyətlərini xüsusilə qeyd edirlər. Nüfuzlu işgüzar "Forbes” jurnalının Estoniya versiyasının bu ilin avqust buraxılışında Azərbaycanın İKT sahəsinin inkişaf templərinə həsr olunmuş məqalədə ölkədə elektron xidmətlərin və müvafiq infrastrukturun inkişafı sahəsində bum dövrünün yaşandığı vurğulanıb.

Azərbaycanda informasiya texnologiyaları sahəsinin son illərdə yüksək sürətlə inkişafı elektron hökumətin daha çevik bir sistemə çevrilməsinə, bu sahədə beynəlxalq təcrübəni tətbiq etmək üçün şərait yaradan əsas amildir. Artıq Azərbaycanda elektron hökumət platformasının "bulud” texnologiyalarına əsaslanacağı gözlənilir. Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin KİV-ə bildirdiyinə görə, bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd xərclərin azaldılması, vətəndaşlara daha keyfiyyətli xidmətin göstərilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsidir.

Elektron hökumət formalaşdırılması üzrə gələcək hədəflər də artıq müəyyən olunub. "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən, elektron hökumət xidmətlərinin 100 faiz tətbiq edilməsi ölkədə müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olmaqla yanaşı, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək.

Elektron hökumət portalı "user friendly”dirmi?

Elektron xidmətlərə açılan qapı rolunu oynayan www.e-gov.az elektron hökumət portalı 2012-ci ildə istifadəyə verilib.Vətəndaş-dövlət təmaslarını daha da asanlaşdırmağa xidmət edən portal yarandığı ilk vaxtda yalnız 15 dövlət qurumunun 57 xidmətini elektron qaydada təqdim edirdi.İki illik fəaliyyəti dövründə artıq 40-dan çox dövlət qurmumun 382-yə qədər elektron xidməti portala inteqrasiya edilib.Bütün dövlət qurumlarının bu prosesdə olduqca fəal iştirakı müşahidə olunur.Portaldan yararlanan vətəndaşların sayı da artmaqdadır.Məlumat Hesablama Mərkəzinin (MHM) açıqladığı son statistikaya əsasən, 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabrın 31-nə qədər portala ümumilikdə 2959944 daxilolma qeydə alınıb.Portala müraciət edənlərin ümumi sayı isə 1003372 nəfər olub.Məlumata görə, portal istifadəçiləri arasında təkrar və yeni istifadəçilərin pay göstəricisi durmadan artır.

Elektron xidmətlərdən istifadədə əvəzsiz rol oynayan elektron imzaya da cəmiyyətdə yüksək tələbat müşahidə edilir. MHM-nin 2014-cü ilin sentyabr ayına olan məlumatına əsasən, ümumilikdə 24 386 e-imza sertifikatı təhvil verilib ki, bu da avqust ayı ilə müqayisədə təxminən 1 600 ədəd çoxdur.

Elektron hökumət portalı dinamik inkişaf etdirilir, inteqrasiya olunan dövlət xidmətlərinin sayı artırılır, elektron xidmətlərdən istifadə üzrə video təlimatlar yerləşdirilir.Bununla yanaşı vətəndaşların portaldan istifadəsini asanlaşdırmaq məqsədilə bir sıra yeniliklərin tətbiq olunacağı gözlənilir.MHM yaxın vaxtlarda vətəndaşlar üçün www.e-gov.azportalına daxil olmaq üçün tələb olunan kod-parolun daha sadələşdirilmiş şəkildə - mobil versiyada əldə etməsini mümkün edəcək. Mərkəzin məlumatına əsasən, əvvəlki qaydaya əsasən vətəndaş qeydiyyat mərkəzlərinə yaxınlaşaraq kod-parol zərfləri əldə etməli idisə, yeni mobil versiya vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi üzrə operator tərəfindən identifikasiya edildikdən sonra, vətəndaşın istifadəçi adı qeyd ediləcək, portala daxil olmaq üçün tələb olunan şifrə isə sistem tərəfindən birbaşa vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndəriləcəkdir. Bu yeniliyin əsas məqsədi prosesin daha da sadələşdirilməsi, vətəndaşların vaxtına qənaət edilməsi və operatorun iş səmərəsini artırmaqdır.

Portalla bağlı nəzərdə tutulan digər vacib yeniliklərdən biri vətəndaşlara portalda şəxsi kabinetin yaradılması imkanının təqdim olunmasıdır.Bu kabinetin yaradılması ilə vətəndaşların elektron hökumət portalından istifadəsi genişlənəcək. Belə ki, vətəndaş özünə aid olan şəhər və mobil telefon borcları, kommunal xidmət borcları və s. bu kimi bütün zəruri məlumatları asanlıqla əldə edəcək.

Elektron hökumət portalı vətəndaşlarla yanaşı qeyri-rezidentlərə də elektron xidmətlər təklif edir.Lakin portalın Azərbaycan dilindən başqa digər xarici dildə olmaması qeyri-rezidentlər tərəfindən elektron xidmətlərin istifadəsini mümkün edə bilmir.Digər tərəfdən, Azərbaycanın elektron hökumətini ətraflı araşdırmaqda maraqlı olan xarici jurnalist və ya ekspert portalı yalnız Azərbaycan dilində olduğuna görə tədqiq etməkdə çətinliklə üzləşəcəklər.

Elektron hökumət sahəsində ən vacib məqam vətəndaşların elektron xidmətlərdən razılığıdır. www.e-gov.az portalının istifadə üçün nə qədər rahat olmasını araşdırmaq məsqəsilə Facebook sosial şəbəkəsində Startup Azərbaycan qrupunda məqalə müəllifinin keçirdiyi kiçik sorğunun nəticələri göstərir ki, İKT sahəsində olan gənclər portalı "user-friendly” və intiutiv hesab etmirlər. Sorğu iştirakçıları hesab edir ki, portal qarışıq sistemə malikdir, bəzi elektron xidmətlər tam elektronlaşdırılmayıb və bəzi xidmətdən tam yararlanmaq üçün yenə də dövlət qurumuna fiziki müraciət tələb olunur. Elektron hökumət sisteminin əsas prinsipi elektron xidmətin istənilən fiziki xidmətdən daha yaxşı olmasıdır. Əgər buna tam nail olmaq mümkün deyilsə, elektron xidmətlərin heç bir əhəmiyyəti olmur.

Nazirlər Kabinetinin 2011-ci ildə təsdiq etdiyi elektron xidmətlərin siyahısında 446 xidmət yer alsa da, onların hələ də hamısı elektronlaşdırılaraq vətəndaşların xidmətinə təqdim olunmayıb. Məsələyə münasibət bildirən MHM-in direktoru Nail Mərdanovun sözlərinə görə, bir sıra dövlət qurumları xidmətlərini elektron formaya keçirmək üzrə işləri davam etdirir. "Bəzi dövlət qurumlarında xidmətlərin elektron qaydada təşkili üçün şərait öyrənilir, digər dövlət qurumlarında isə müvafiq vəsait çatışmazlığı olduğundan xidmətlərin hazırlanması hələ öz vaxtını gözləyir,” deyə o qeyd edib.



Qabaqcıl dövlətlərin elektron hökuməti hansı inkişaf mərhələsindədir?

Elektron hökumət elə bir sistemdir ki, onun nə zaman tam qurulub başa çatdırılacağını təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyaları durmadan inkişaf etdikcə, elektron hökumət də innovativ yeniliklərlə daha da təkmilləşdirilir. Avropada ən proqressiv elekton hökumət modelinə malik olan Estoniya artıq dünyada ilk dəfə olaraq dövlətlərarası elektron xidmətlər sistemini istifadəyə verməyə hazırlaşır. Estoniyanın İqtisadi məsələlər və Rabitə Nazirliyinin İnformasiya Cəmiyyəti Xidmətlərinin İnkişafı Departamentinin direktoru Yanek Rozov bildirib ki, artıq gələn ilin əvvəlində ilk dəfə olaraq Estoniya və Finlyandiya arasında sərhədsiz dövlətlərarası elektron xidmətlər sistemi tətbiq ediləcək. "Bu sistem vasitəsilə Estoniya və Finlyandiya vətəndaşları qarşılıqlı olaraq elektron xidmətlərdən istifadə edə biləcəklər,” deyə o qeyd edib.

Müasir dövrdə insanlar həyatlarının böyük hissəsini onlayn dünyada yaşayır. Hər hansı bir məlumat və ya xidmət lazım olduqda, ilk üz tutulan mənbə internet resurslar olur. İnformasiya cəmiyyətində yaşayan vətəndaş elektron xidmətlərdən istənilən vaxtda və istənilən məkanda, bir klik lazım olacaq daha asan xidmətlərdən istifadə etmək istəyir. İnternetin əlçatan olması elektron hökumətdən yararlanmaq üçün əsas şərtlərdən biridir. Azərbaycanda hər 100 nəfərdən 73-ü internet istifadəçisidir. Vətəndaşların elektron xidmətlərdən daha çox istifadəsi üçün bu göstərici artmalıdır. Bunun üçün bütün ölkə boyu ödənişsiz Wi-Fi nöqtələrinin yaradılması zəruridir. Bu sahədə Estoniyanın təcrübəsinə nəzər salsaq, görərik ki, hər bir vətəndaş internetdən havadan istifadə etdiyi kimi sərbəst istifadə edə bilir. Yanek Rozovun sözlərinə görə, Estoniyada hamı üçün internetə Wi-Fi-la azad çıxış var. O, bildirib ki, məhz bunun sayəsində Estoniyada dövlət xidmətlərinin təxminən 90 faizi vətəndaşlar tərəfindən elektron formada istifadə olunur.

Estoniyada elektron hökumət sahəsində tətbiq olunması gözlənilən yeniliklərə toxunan Yanek Rozov qeyd edib ki, vətəndaşlara artıq profəal xidmətlərin təqdim olunması nəzərdə tutulur. "Bu gün dövlət qurumları vətəndaşın hər hansı bir xidmət üçün müraciət etməsini gözləyir. Lakin biz, bizdə olan informasiya bazasından istifadə edərək artıq elektron xidməti vətəndaşa təqdim etməyə çalışırıq. Məsələn, pasportun etibarlılıq müddəti başa çatır və vətəndaşın mobil nömrəsinə bununla bağlı mesaj gəlir. Mesajda deyilir ki, yeni pasportu biz sizə müəyyən vaxtda təqdim edə bilərik, əgər fotoşəklinizi dəyişmək istəyirsinizsə, dəyişin, istəmirsinizsə, məlumat bazamızda olan fotoşəklinizdən istifadə olunacaq,” deyə o bildirib.

Elektron hökumət üzrə lider olan Cənubi Koreya isə elekton hökumətdən mobil hökumətə keçidə hazırlaşır. MDB ölkələri arasında elektron hökumətin inkişafına görə qabaqcıl yer tutan Qazaxıstan da həmçinin mobil hökuməti elektron hökumətin inkişafının yeni mərhələsi kimi reallaşdırmağı hədəfləyib. Ölkə artıq bu il mobil telefon vasitəsilə istifadəsi mümkün olacaq ən çox tələbatın olduğu 50-yə yaxın xidməti təqdim etməyi planlaşdırır.

Azərbaycanda 100 nəfərə düşən mobil abonentlərin sayı 110-na bərabərdir. Elektron hökumət portalında bir sıra elektron xidmətlərin mobil telefon vasitəsilə istifadəsi gələcəkdə mümkün olsa, vətəndaşların portaldan istifadə məmnunluğu artacaq. Vətəndaşların mobil telefonla internetə çıxışı varsa, onlar niyə elektron xidmətlərdən daha mobil formada istifadə etməsinlər? Cəmiyyət elektronlaşdıqca, elektron vətəndaş üçün "mən harada, elektron xidmət orada” rahatlığı təmin olunmalıdır.

Gələcəkdə elektron xidmətlərin vətəndaşlar tərəfindən istifadə miqyasının genişlənəcəyi gözlənilir. Nail Mərdanovun sözlərinə görə, ölkədə 2016-cı ildən etibarən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. "Həmin İD kartlara elektron imza sertifikatlarının da daxil edilməsi nəzərdə tutulub. Hər bir vətəndaşda elektron imza sertifikatı olandan sonra elektron xidmətlərin istifadəsi artacaq,” deyə o bildirib.

Azərbaycan cəmiyyəti bütün innovativ yeniliklərə hazır və açıqdır. Ölkəmizin elektron hökumətin qurulmasında qət etdiyi qısa yola baxmayaraq, artıq kifayət qədər böyük uğurlar əldə edib. Bu uğurlar Azərbaycanda mükəmməl elektron hökumət və mükəmməl elektron vətəndaşın olduğu cəmiyyətin qurulması üçün zəmin yaradır.


Cəmilə Babayeva

Məqalə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi "Mənim Elektron Hökumətim" mövzusunda analitik məqalə və video süjet müsabiqəsinə təqdim olunur.
Yüklə 34,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə