Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 1,44 Mb.
səhifə4/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   2   3   4   5   6   7   8   9   ...   14

İlk növbədə məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrənmək üçün gələcək fəaliyyət planlaşdırılır.



Venn diaqramı

Hər hansı iki mövzunun (informasiyanın, coğrafi məlumatın, anlayışın, obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»-nın tətbiq edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb edir, -onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.

Yeni pedaqoji texnologiyaların (fəal təlim üsullarının) xarakterik əlamətləri aşağıdakılardır:

1. Pedaqoji texnologiyada əsas ideya müəllimin rəhbərliyi ilə təlim problemini şagirdlər özləri araşdırır və həll edirlər; müəllim isə istiqamət verir və müvafiq şərait yaradır.

2. Təlim prosesi (texnologiyası) dəqiqliklə layihələşdirilir.

3. Təlim prosesində şagirdlərin təlim-idrak fəaliyyətinin tam tsikli (qavrama, anlama, yaddasaxlama, tətbiqetmə, ümumiləşdirmə və sistemləşdirmə, öz fəaliyyətini təhliletmə və qiymətləndirmə) diqqət mərkəzində saxlanır.

4. Təlim prosesində şagird şəxsiyyəti inkişaf etdirilir (ümumpedaqoji, inkişafetdirici və tərbiyəedici məqsədlər layihələşdirilmiş olur). Yəni, yeni təlim texnologiyalarında şəxsiyyətyönümlülük və inkişafetdiricilik qabarıq şəkildə səciyyələnir.

5. Şagirdlərin uğurla müstəqil fəaliyyət göstərməsi üçün tədris materialı optimal şəkildə tərtib olunur. Bu məqsədlə şagirdlər üçün xüsusi təlim materialları (və ya dərsliklər) hazırlanır. Burada məqsəd və ona nail olmaq üçün: a) təlim sistemi, b) tədris materialının məzmununa daxil olan didaktik modullar və onun öyrənilmə səviyyəsi, c) tədris materialının mənimsənilməsi üçün fəaliyyət üsulları, d) mənimsəmə səviyyəsini ölçmək (müəyyənləşdirmək) üçün qiymətləndirmə meyarları göstərilir. Didaktik materialların ayrı-ayrı texnoloji kartlar şəklində tərtib olunması əlverişli hesab edilir.

6. Şagirdlərin təlim fəaliyyəti istiqamətləndirilir - fəaliyyətin əsas prinsipləri, üsulları, motivasiyası, nəzarət və əldə olunan nəticələrin qiymətləndirilməsi məsələləri izah edilir.

7. Təlim-idrak fəaliyyəti üçün tam şərait yaratmaq imkanı verən dərslər tsiklindən, frontal, kollektiv, qrup və fərdi təlim fəaliyyətlərinin müxtəlif kombinasiyasından istifadə edilir.

8. Bilik və bacarıqların, fəaliyyət üsullarının mənimsənilmə səviyyəsini öyrənmək üçün üç növ qiymətləndirmə - ilkin (diaqnostik) qiymətləndirmə, cari və ya aralıq (formativ) qiymətləndirmə, yekun (summativ) qiymətləndirmə tətbiq olunur.

9. Nəticələrinin qiymətləndirilməsi əsasında şagirdlərin təlim materialını mənimsəmə səviyyəsinin korreksiyası aparılır. Korreksiyanın üç mərhələsi ola bilər :



    • şagirdlərin rastlaşdığı çətinliklərin sistemləşdirilməsi (korreksiyanın propodevtikası);

    • tipik səhvlərin və onların səbəblərinin aydınlaşdırılması (korreksiyanın profilaktikası);

    • şagirdi təhsil standartına uyğun səviyyəyə gətirmək üçün pedaqoji və metodik tədbirlərin görülməsi (əlavə tapşırıqların verilməsi, təkrar öyrənməyə cəlb edilməsi və s.).

10. Ümumi sinfin (qrupun) mənimsəmə səviyyəsinin yoxlanılmasında əsasən testləşdirmə üsulundan istifadə edilir.

11. Təlim prosesinin şəraitə uyğun təkrar olunma imkanı əldə edilir, prosesin alqoritmi tərtib olunur.

Müxtəlif növ müasir təlim texnologiyaların mahiyyətinin araşdırılması göstərir ki, tədris praktikasında - yeni pedaqoji texnologiyalardan istifadə zamanı texnoloji yanaşmaların mərhələlərini belə müəyyənləşdirmək olar:

1)Məqsədin müəyyənləşdirilməsi və gözlənilən nəticələrə müvafiq olaraq onun tam dəqiqləşdirilməsi.

2)Tədris-təlim materiallarının hazırlanması (məsələn, dərs mövzusunun hissələrə bölünməsi, müəllimin şərh edəcəyi və şagirdlərin müstəqil öyrənəcəyi materialların ayırd edilməsi, şərh üçün nümayiş vasitələrinin və müstəqil fəaliyyət üçün təlim vasitələrinin müəyyənləşdirilməsi və s.).

3)Təlim məqsədlərinə uyğun bütöv təlim prosesinin təşkili və keçirilməsi layihəsinin hazırlanması (dərsin gedişinin bütövlükdə layihələşdirilməsi).

4)Dərsin gedişində alınan cari nəticələrin müzakirəsi, qiymətləndirilməsi və korreksiyası.

5)Yekun qiymətləndirmə (yoxlayıcı inşa yazdırma, testləşdirmə və s. üsullarla).

Yeni pedaqoji texnologiyalar, ümumilikdə təlimin yeni konsepsiyası dörd əsas prinsip ətrafında cəmləşdirilə bilər [25, s.12]:

- şagirdyönümlülük;

- fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması;

- təlimin inteqrativliyi;

- təlimin məzmunu və nəticələrinin təlimalanların məktəbdənsonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəli olması.

Şagirdyönümlülük prinsipinə görə şagird pedaqoji prosesin diqqət mərkəzində dayanır. Bütün tədris və təlim işi onun maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişaf etdirilməsinə yönəldilir. Tədris-təlim prosesi şagirdəyönəlik, adaptiv olmalı, onun mövcud təhsil səviyyəsinə qarşı dəstəkləyici, hörmətlə və həssaslıqla yanaşılmalıdır. Şagirdlərin psixoloji xüsusiyyətləri – fərqli templə inkişaf etməsi, yeni fikirləri müxtəlif sürətlə qavramaları nəzərə alınmalıdır.

Şagirdlər düşünməni, araşdırmanı və zövgü stimullaşdıran məqsədyönlü və müvafiq fəaliyyət növləri ilə təmin olunmalıdır. Məsələn, cəlbedici modellərin hazırlanması, maraqlı məsələlərin həlli, yaradıcı fəaliyyət tələb edən müsabiqə və yarışların keçirilməsi və i. a. Şagirdlər onlardan hansı təlim nəticələrinin gözlənildiyini, nəyi və nə üçün öyrəndiklərini bilməlidirlər.

Şagirdyönümlülük o deməkdir ki, şagirdin bilik və bacarıq səviyyəsini ardıcıl olaraq genişləndirilməsi məqsədilə onun təlim fəaliyyəti inkişaf və yetkinlik səviyyəsi ilə uyğunluq təşkil etməlidir. Nəhayət, bütövlükdə qrup (sinif) üzrə şagirdyönümlülük müəllimin dəstəkləyici mühit yaratması ilə də bağlıdır. Dəstəkləyici təlim mühitinin yaradılması effektiv təlimin həyata keçirilməsi mümkün olan intellektual, sosial və fiziki şəraiti təmin edir. Bu o deməkdir ki, şagirdlər özlərində daim öyrənmək həvəsi hiss etməli və təlim zamanı yeni problemləri, məsələləri həll etməkdən çəkinməməli, öyrənmə prosesində buraxılacaq səhvlərin təlimin zəruri, qəbul olunan, bəzən də faydalı cəhəti hesab etməlidirlər.

Məktəbdə və sinifdə əməkdaşlıq atmosferi yaradılmalıdır, bu mühitdə istehza və kinayə olmamalı, stereotip yaradan və şagirdləri, onların səylərini zəiflədən iradlara yer verilməməlidir. Şagirdlərdə olan fərqli cəhətlərə hörmətlə yanaşılmalı, onların cinsi, mədəni, milli və sosial-sinfi müxtəlifliyinə, fərdi qabiliyyətləri və qüsurlarına, ailə mühitindəki fərqlərə həssaslıq göstərilməlidir. Dəstəkləyici təlim mühitinin yaradılması, həmçinin münasib və geniş çeşidli resurslardan, o cümlədən fiziki sahə və avadanlıqlardan, çap və digər materiallardan, faydalı texniki vasitələrdən qənaətbəxş, təhlükəsiz istifadə imkanlarının təmin edilməsi deməkdir.

Fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması prinsipi. Bu prinsipə görə şagirdlər yalnız o zaman aktiv fəaliyyət göstərə bilərlər ki, onlar reallaşdırılan təlim işinin nəticəsi ilə qarşılaşsınlar, bu işi özləri etsin və ya başqasının etdiyini görsünlər. Məsələn, şagirdlər yazı, fəaliyyət və ya tərtibat proseslərinin modellərini görürsə və “yaxşı yazı”, “yaxşı fəaliyyət”, “yaxşı tərtibat” nümunələri ilə rastlaşırsa onların yaxşı yazmaq, yaxşı fəaliyyət göstərmək və ya tərtib etmək ehtimalları da çox olacaqdır. Eləcə də şagird məktəbdə başqalarının fikrinə hörmət etmək və onları dəyərləndirmək nümunələrinə nə qədər çox rast gəlirsə, onların da bu cür davranması ehtimalı yüksək olacaqdır.

Bu prinsip tələb edir ki, şagirdlər təlimi aktiv bir proses kimi qəbul etməyə sövq edilməlidir, onlar sadəcə əzbərləməklə yadda saxlamaq və yada gətirmək vərdişlərindən daha çox yeni fikir və ya təcrübələri qavramaq, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün qarşısına məqsədlər qoymalıdır. Bu o deməkdir ki, təlim işi potensial surətdə mənalı olmalı və şagirdləri fəliyyətə, düşünməyə cəlb etməlidir.

Şagirdləri müstəqil öyrənən şəxslər kimi yetişdirmək üçün onlar müntəzəm olaraq həm fərdi, həm də birgə təlim işinə cəlb edilməli və buna imkan və şərait yaradılmalıdır. Fərdi fəaliyyət vərdişlərinin yaradılması şagirdə prosesləri və bacarıqları fərdi qaydada mənimsəməyə kömək edir. Sinifdə (qrupda) birgə fəaliyyət vərdişlərinin yaranması üçün hər bir şagirdə mütəhərriklik imkanı verilməli və onlar təlim fəaliyyətləri ilə bağlı öz üzərinə məsuliyyət götürməyə sövq edilməlidirlər. Qeyd edilməlidir ki, şagirdlərin öz yoldaşları ilə əməkdaşlıq etməsi; onların başqasının fikirlərini öyrənməsi və qiymətləndirməsi, öz fikirlərini başqalarına izah etməsi təlim materialının daha yaxşı mənimsənilməsi və yaddaşda möhkənilməsini təmin edir, həm də şagirdlərdə ünsiyyət mədəniyyəti inkişaf edir.

Təlimin inteqrativliyi prinsipi. Bu prinsipə əməl etməklə həm müxtəlif təlim sahələri (fənlər) arasında, həm də eyni bir təlim sahəsi (fənn) daxilində biliklərin, bacarıqların, dəyərlərin qarşılıqlı əlaqələrinə diqqət yetirilir. Beləliklə, məktəbdə bilik, bacarıq və dəyərlərin bir bütöv halda inkişaf etdirilməsi təmin olunur. Bu məqsədlə fənlərin tədris materialları inteqrativ məzmunda tərtib olunmalı, həmçinin müəllim müstəqil iş üçün tapşırıqlar seçdikdə onların inteqrativ mənalı olmasına diqqət verməlidir.

Təlimin məzmunu və nəticələrinin təlimalanların məktəbdənsonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəlilik prinsipinə görə təlimin məzmunu, məzmun standartları elə müəyyənləşdirilməli və bunlara uyğun bilik, bacarıq və qabilliyyətlər elə formalaşmalıdır ki, təlimalanların məktəbdənsonrakı həyat fəaliyyətində onlara lazım olsun, içərisində yaşadığı mövcud cəmiyyətlə, başqa insanlarla münasibətlər qurmaqda onlara kömək etsin və nəhayət, təhsilini davam etdirmək üçün gərəkli olsun.

Yeni pedaqoji texnologiyaların mahiyyət və məzmunu ilə yaxından tanışlıq, məktəb praktikasında müxtəlif təlim texnologiyalarının tətbiqi nəticələrinin araşdırılması deməyə əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas üstünlükləri aşağıdakılardır:

-gözlənilən təlim nəticələrinin əldə edilməsi;

- şəxsiyyətyönümlülük (şagirdyönümlülük);

- inkişafetdiricilik.

Təhsil texnologiyaları sahəsində tədqiqatları təhlil etməklə yeni pedaqoji texnologiyaların nəticəverimliliyinin beş əsas ideya ətrafında cəmləşdiyi qənaətinə gəlmək olar:

1.təlim prosesində didaktik vahidlərdən böyüdülmüş şəkildə istifadə edilməsi;

2.təlim prosesi və onun nəticələrinin düzgün planlaşdırılması (layihələşdirilməsi);

3.təhsil prosesinin emosionallaşdırılması;

4.təhsilin diferensiallaşdırılması;

5.müasir informasiya-kommunikasiya texnologiyalarından (kompyuter, audiovizual texnika və b.) istifadənin genişləndirilməsi.

Şəxsiyyətyönümlülük və təlim prosesində şagirdin inkişaf etdirilməsi yeni təlim texnologiyalarının mahiyyətindən və quruluşundan doğur.

Ənənəvi təhsildə təlimvermə: müəllim - dərslik - şagird paradiqması ilə qurulursa, şəxsiyyətyönümlü təhsildə: şagird - dərslik - müəllim paradiqması ilə qurulur. İkinci iş sistemi daha humanistik istiqamət hesab olunur.

Tədris materiallarının öyrənilməsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şagirdlər konkret idrak fəaliyyətinə cəlb olunmalıdır: oxumalı, çalışmalar və məsələlər həll etməli, verilmiş tapşırığı yerinə yetirməli, təhlil və araşdırmalar aparmalı və i.a. işləri icra etməlidir. İdrak fəaliyyətinin səviyyəsini müəyyənləşdirmək üçün son illərdə amerikan psixoloqu B.Blumun taksonomiyalarından daha çox istifadə olunur. Onlar aşağıdakılardır:

1.Bilik əldə etmə (birinci səviyyə) - şagird öyrəndiyi konkret tədris vahidini (termin, fakt, anlayış, tərif, qayda, əməliyyat, prinsip) yadda saxlayır və sözlə, əməllə ifadə edə bilir.

2.Anlama (ikinci səviyyə) - şagird tədris materialına aid biliklərini bir ifadə formasından başqasına keçirə bilir (qısa məzmununu danışır, mahiyyətini izah edir və mənasını açıqlayır, hadisələrin sonrakı inkişafını proqnozlaşdırır).

3.Tətbiqetmə (üçüncü səviyyə) - şagird öyrəndiklərini konkret şəraitdə və yeni situasiyalarda tətbiq edə bilir.

4.Analiz və sintez etmə (dördüncü səviyyə) - şagird bütövü hissələrə ayıra bilir və onların arasındakı qarşılıqlı əlaqələri aydınlaşdırır, sistemin, hadisələrin və faktların elementlərini kombinə edib bir bütöv yarada bilir.

5.Qiymətləndirmə (beşinci səviyyə) - şagird verilmiş konkret tədris matereialının qarşıya qoyulan məqsəd üçün əhəmiyyətini qiymətləndirməyi, öz fəaliyyətinə tənqidi yanaşmağı bacarır.

İnkişafetdirici təlim konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, təlim prosesində şagirdin inkişaf etdirilməsi diqqət mərkəzində olur. Yeni pedaqoji texnologiyanın tətbiqi zamanı təlim işi elə qurulur ki, tədris materialı məzmununun mənimsənilməsi, şagirdlərin tərbiyə və intellektinin inkişafı vahid, bütöv bir proses olur. Burada da bilik və bacarıqların əldə edilməsi inkar olunmur, lakin o, əsas məqsədə nail olmaq üçün bir vasitə rolunu oynayır. İnkişafetdirici xarakterli texnologiyalarda hər şeydən öncə biliklərin müstəqil olaraq qazanılması nəzərdə tutulur. Yalnız bu halda şagirdlərin qabiliyyətləri inkişaf edir, humanist meyilləri və motivasiya sferası formalaşa bilir.

Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiyyətyönümlü-inkişafetdirici təlim texnologiyaları aşağıdakılardır:

1. Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası.

2. Layihələr metodu ilə təlim texnologiyası.

3. Modullarla təlim texnologiyası.

Son illərdə kimya kursunun tədrisində istifadə olunmağa başlayan və daha artıq maraq göstərilən bu yeni təlim texnologiyalarının mahiyyəti və qısa məzmunu ilə tanış olaq.



Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası:

Bu təlim texnologiyasında əsas ideya nəyi isə birlikdə yerinə yetirmək yox, birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim texnologiyasında tədris materialını şagirdlər əsasən qruplar və cütlər halında öyrənirlər. Şagird qrupları və cütlərinin işi üç cür təşkil oluna bilər:

1.Statik cütlər - könüllü olaraq iki şagird birlikdə işləyir, onlardan biri «öyrədən», o biri «öyrənən» rolunu oynayır və növbə ilə öz rollarını dəyişdirirlər. Bu cütlər iki orta qüvvəli, iki qüvvəli, bir zəif və bir qüvvəli şagirdlərdən ibarət ola bilər. Onlar birlikdə işləməyə öz razılığını bildirməlidirlər.

2.Dinamik cütlər - dörd şagird eyni bir tapşırığı öyrənir, yerinə yetirir. Tapşırıq dörd hissəyə bölünür. Bu hissələri ayrı-ayrı şagirdlər öyrənir, sonra onu üç partnyoru ilə ayrılıqda müzakirə edir və müzakirə zamanı yoldaşının səviyyəsini, fərdi xüsusiyyətlərini nəzərə alır.

3.Variasiyalı cütlər - qrupun hər üzvü öz tapşırığını alır, onu yerinə yetirir və müəllimlə birlikdə təhlil edir, sonra o biri üç yoldaşına öz gördüyü işi danışır, onlara bu barədə ətraflı məlumat verir. Beləliklə, şagirdlərin dördü də ümumi bir məsələnin (problemin) hissələrini bütövlükdə mənimsəyir.

Göründüyü kimi qruplarda və cütlərdə şagirdlərin fəaliyyəti onların müstəqilliyinin və kommunikativ bacarıqlarının inkişaf etməsinə imkan yaradır, həmçinin tədris materialının daha yaxşı yadda saxlanmasını təmin edir.

Əməkdaşlıqla təlim texnologiyası müxtəlif metodlarla reallaşdırılır. Onlardan kimyanın tədrisində tətbiq oluna biləcək bir neçəsini nəzərdən keçirək:

1) Komandalarda (qruplarda) təlim metodu. Bu metodda qrupun bütün üzvləri bir mövzu üzərində, yoldaşları ilə əlaqəli şəkildə işləyir, birlikdə qarşıya qoyulan məqsədə nail olmağa çalışırlar. Tapşırıqlar və onların yerinə yetirilməsinə verilən vaxt müxtəlif olur. Komandalar bir-biri ilə yarışmırlar, onlar müxtəlif müddətdə müxtəlif tapşırıqlara cavab hazırlayırlar. Hazırlanmış cavablar siniflə birlikdə müzakirə olunur. İşin sonunda hər qrupa bal verilir, toplanmış bala görə əvvəlcədən hazırlanmış mükafat, sertifikat, fərqlənmə nişanı və s. də verilə bilər. Hər bir komandanın müvəffəqiyyəti onun üzvlərinin fərdi məsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də komandanın bütün üzvləri çalışırlar ki, qrupdakı hər bir adam verilən tapşırığın materiallarınını yaxşı mənimsəyə bilsin.

«Komandalarda təlim metodu» ilə iki variantda aparılan dərsin gedişini izləyək:

a) Kiçık qruplarda (4 nəfərlik) əməkdaşlıqla təlim üsulunda müəllim yeni tədris materialını şərh edir, sonra onu möhkəmləndirmək üçün qruplara tapşırıqlar verir. Qruplarda hər şagird tapşırığın müəyyən hissəsinə cavab hazırlayır. Nəticələr qrup daxilində müzakirə edilir, cavablar dəqiqləşdirilir. Sonra tapşırıqların yerinə yetirilməsi müəllimlə, bütün siniflə birlikdə müzakirəyə çıxarılır. Əgər bütün qruplara eyni tapşırıq verilibsə müzakirə hamı üçün ümumi olur. Qruplara fərqli tapşırıqlar verildikdə isə hər qrupla ayrılıqda müzakirə keçirilir. Bütün qruplar müzakirədə iştirak edir, lazım gəldikdə cavabların dəqiqləşməsi üçün öz təkliflərini verirlər. Qrupların tədris materialını mənimsədiyi məlum olduqdan sonra bütün şagirdlərə test sualları paylanır və hər bir şagird test suallarına fərdi şəkildə cavab yazır. Zəif və qüvvəli şagirdlərin suallarının çətinlik dərəcəsi fərqli olur. Qruplara qiymət çıxarıldıqda hər qrupun üzvlərinin topladığı ballar cəmlənir və elan olunur.

b) Qruplarda (komandalarda) oyun fəaliyyəti ilə təlimin təşkili - əvvəlki variantda olduğu kimi müəllim əvvəlcə yeni tədris materialını şərh edir, sonra qruplarda bilik və bacarıqların möhkəmləndirilməsi aparılır. Lakin burada təlim nəticələri şagirdlərin fərdi olaraq test suallarına cavab verməsi ilə deyil, qruplar (komandalar) arasında yarışmalar təşkil edilməsi ilə yoxlanır. Belə yarışmalar yekunlaşdırıcı dərslərdə və vaxtaşırı başqa dərslərdə təşkil oluna bilər. Bunun üçün «turnir stolları» qoyulur, ayrı-ayrı stolların arxasında hər komandadan üç nəfər - zəif, orta qüvvəli və qüvvəli şagirdlər biri-biri ilə yarışırlar. Onlar növbə ilə bir-birinə yazılı şəkildə suallar verir və cavab alırlar. Suallar həm nəzəri, həm də praktik (məsələ və çalışma həlli, qrafik qurmaq, reaksiya tənliyi yazmaq və s.) ola bilər. Müəllim və üç nəfərdən ibarət münsiflər heyəti verilən sualları, alınan cavabları izləyir, onların doğruluq dərəcəsinə aid qeydlər aparır və qiymətləndirirlər. Hər stolun iştirakçılarının qazandığı ballar tpolanır, qrupun (komandanın) adına yazılır. Toplanmış balların nəticəsinə görə komandalara yer verilir və buna müvafiq olaraq mükafatlandırılır. Mükafat müəllimin xoş sözləri, sinfin topladığı vəsait (və ya məktəbin valideyn fondu) hesabına alınan müxtəlif emblemlər, kitablar və s. ola bilə

Tədris bölmələrinə aid keçirilən testlər də fərdi şəkildə cavablandırılır. Hər həftə müəllim sinifdə və evdə qrupların gördüyü işlərin miqdarı və keyfiyyəti barədə qeydiyyat aparır.

2) «Mişar» yanaşma metodu. Bu metodla işin təşkili zamanı 4-5 nəfərlik qruplar təşkil olunur və bütün qruplar eyni tapşırıq alır, nəticə etibarilə hamı eyni tədris materialını öyrənir. Lakin bu metodda hər qrupdan bir nəfər fəal şagird seçilir və ona ümumi tapşırığın bir hissəsini ətraflı öyrənmək həvalə olunur. Həmin şagird-ekspertlər bir yerə toplanaraq öyrəndiklərini biri-birinə danışırlar. Ümumi tapşırığı tam mənimsəmiş bu şagirdlər öz qruplarına qayıdaraq yoldaşlarını məlumatlandırır, onların da tədris materialını yaxşı mənimsəməsinə çalışır.

Nəzərdən keçirilən bu təlim metodlarında müəllim şagirdlərin idraki, tədqiqatçılıq, yaradıcılıq fəaliyyətlərinin təşkilatçısı rolunu oynayır. Bundan başqa müəllim təlim prosesində şagirdlərin müstəqil şəkildə biliklər əldə etməsinə, müxtəlif mənbələrdən aldığı informasiyanı tənqidi şəkildə təhlil etməsinə, düzgün nəticələr çıxarmasına, təlim işi zamanı meydana çıxan problemləri həll etməsinə kömək edir. Əməkdaşlıq şəraitində təlimdə idraki proseslərin qarşılıqlı əlaqələri aşağıdakı zəncirlə bir-birinə bağlıdır: müstəqil fərdi iş - qruplarda birgə iş - ümumi cavabdehlik. Təlim qruplarında bu qaydalara əməl olunmalıdır:

- qrupun hər hansı üzvü və ya üzvləri ilə fəaliyyət göstərməyə hazır olmaq;

- verilmiş tapşırığın yerinə yetirilməsinə ciddi yanaşmaq, fəal işləmək;

- qrup yoldaşları ilə hörmətlə, mehribanlıqla rəftar etmək;

- özünün, yoldaşlarının, eləcə də bütün sinfin uğurlar qazanmasına çalışmaq;

- qrupda birgə işləməyin məsuliyyətini dərk etmək.

Dərsdə istifadə olunan təlim vasitələri və təlim materialları öncədən müəyyənləşdirilməlidir. Həmçinin dərsdə icra olunacaq işlər üçün vaxt əvvəlcədən düşünülməlidir. Qrupda kimin hansı işi görəcəyini şagirdlər özləri razılaşmalıdırlar. Qrupda aparıcı-lider (tapşırıqların yerinə yetirilməsinə nəzarət edən və şagirdləri hesabat verməyə hazırlayan), redaktor (icra olunan işlərin doğruluğunu yoxlayan) və formalaşdırıcı (tapşırığın səliqəli və qəşəng formada yazılmasına baxan) şagirdlər də əvvəlcədən müəyyənləşlməlidir.

Hər qrupda həm qüvvəli, həm orta qüvvəli, həm də zəif şaqirdlər - oğlan və qızlar olmalıdır.

Əgər qrup şagirdlərinin fəaliyyətinə onlar özləri nəzarət edir və nəticələri özləri qiymətləndirirsə, onda hər bir qrupa böyük kağız, flomaster və lazım olacaq başqa materiallar da verilməlidir.

Əgər yeni dərs materialına aid suallara cavab vermək tapşırığı verilirsə, hər qrup şagirdinə 2-3 sualı cavablandırmaq həvalə olunur. Bu zaman çətin suallar qüvvəli uşağa verilir və ilk cavab ondan tələb olunur, onun cavabının doğru və ya nöqsanlı olmasına isə başqa qruplardan eyni sualı almış şagirdlər münasibət bildirirlər. Sonra qruplarda rollar dəyişdirilə bilər (yəni, bir qrupdakı şagirdlər cavab verir, o biri qrupdakılar onu müzakirə və təsdiq edirlər). Beləlikə, verilmiş bütün suallar ümumi sinif şagirdləri tərəfindən müzakirə olunur.

Verilmiş tapşırığa aid bir qrupdan qüvvəli şagird məruzə ilə çıxış etdikdə, başqa qruplardakı şagirdlər ona suallar verə bilər. Əgər bu qrupun bütün şagirdlərinə eyni bir məsələni və ya çalışmanı həll etmək tapşırılırsa (bunu hamı bacara bildikdə belə tapşırıq verilir), cavab əvvəlcə zəif şagirddən alınır.

Qiymətləndirmə ümumi qrupa aid olur, qrupun ümumi qiyməti üzvlərin hər birinin fəaliyyət səviyyəsindən asılıdır.

Qruplarla iş zamanı müəllimin əsas vəzifəsi şagirdləri bilməməkdə, bacarmamaqda günahlandırmaq və bunları sinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarını öyrənməyə istiqamətləndirmək, yol göstərməkdir. Əgər qrup verilən tapşırığın öhdəsindən gələ bilmirsə bunun iki səbəbi ola bilər:

1) tapşırıq həddən artıq çətin və mürəkkəbdir (bu halda müəllim tapşırığı həll etmək üçün əlavə izahat verməlidir);


  1. məsələni (tapşırığı) həll edə bilmək üçün şagirdlərdə möhkəm praktik vərdişlər yaranmayıb (deməli, həmin şagirdlərdə belə praktik vərdişlər yaradılmalıdır).

Bütün hallarda şagirdlərin cəzalandırılması yox, müəllimin pedaqoji ustalığının artırılması tələb olunur.

Qrupların fəaliyyəti müddətində müəllim şagirdlərin gördüyü işləri izləməli, lazım gəldikdə ehtiyacı olan qrupa kömək etməlidir. Müəllim öz köməyini xeyirxahlıqla, sakit tərzdə etməli və bunu qrupda müzakirə aparan şagirdlərə də təlqin etməlidir.

Yeni pedaqoji texnologiyanın hər hansı variantının uğurlu alınması üçün müəllimdən şəraiti, şagirdlərin hazırlıq səviyyəsini və psixoloji xüsusiyyətlərini nəzərə almaqla işə yaradıcı yanaşmaq tələb olunur. Yaradıcılıq və pedaqoji ustalıq müvəffəqiyyətin rəhnidir, onların qarşılıqlı əlaqələrini belə ifadə etmək olar:

Pedaqoji ustalıq + texnoloji biliklərə yiyələnmə + şagird şəxsiyyəti + şərait = uğur, nailiyyət.

Əməkdaşlıq etməklə işləmək bacarığı tədricən formalaşır. Formalaşma aşağıdakılara əməl olunması ilə tədricən tamamlanır:

- bu və ya başqa bacarığın, vərdişin qazanılmasının nədən ötrü lazım olduğu şagirdlərə başa salınır;

- aşılanan bacarıq və vərdişin nədən ibarət olması və necə formalaşmasını şagirdlər bilməlidir;

- lazımi bacarıq, vərdiş praktikasının formalaşması təşkil edilməlidir;

- şagirdin verilən tapşırığı yerinə yetirmək üçün kifayət qədər informasiya

aldığına əmin olunmalıdır;

- fəaliyyət zamanı şagirdlərin bir-birinə kömək etmələri üçün onlar stimullaşdırılmalıdır

- şagirdlərin müsbət nəticələrə nail olmaq istəməsi üçün lazımi situasiyalar yaradılmalıdır;

- belə praktika o vaxta qədər stimullaşdırılmalıdır ki, şagirdlərdə buna tələbat yaransın.

Əgər təşkil edilmiş müəyyən qruplarda iş yaxşı alınarsa, mehriban ünsiyyət, qarşılıqlı hörmət pozulmazsa onlar tərkibi dəyişmədən uzun müddət fəaliyyətlərini davam etdirə bilərlər. Əks halda hər yeni tapşırıq veriləndə qrupların tərkibi dəyişdirilməlidir. Tərkibi uzun müddət dəyişməyən baza qrupları yeni materialın öyrənilməsi, ev tapşırığının yerinə yetirilməsi, yoxlama yazı işi və testlərə hazırlıq işləri üçün daha əlverişli hesab olunur. Verilmiş məsələnin və ya pedaqoji situasiyanın həllinə uyğun olaraq qruplar yalnız qüvvəli və yalnız zəif şagirdlərdən də təşkil oluna bilər. Bu halda zəif qrupun fəaliyyətinə müəllim yaxından, daha çox istiqamət verməlidir. Qüvvəli qrup – ekspert qrupu kimi keçilmiş tədris materiallarını ümumiləşdirəndə, başqa şagird qruplarının işini qiymətləndirəndə, onların işinə rəy verəndə istifadə oluna bilər.

"Əməkdaşlıqla təlim texnologiyası" ilə dərsə hazırlıq və onun gedişinin planlaşdırılması (layihələşdirilməsi) üçün aşağıdakı işlər görülməlidir:


    1. Keçən dərslərdə öyrənilmiş materialların mənimsənilmə səviyyəsinin qısa müddətli yoxlanması (testləşdirmə və ya ev tapşırığının yoxlanması kimi).

    2. Dərsdə şagirdlərin müstəqil öyrənə bilmədiyi təlim materialı olduqda müəllimin qısa müddətli şərh verməsi.

    3. Öyrənilən materialın tətbiqinə aid praktik tapşırıqların yerinə yetirilməsi (yeni məsələlərin, problemlərin həlli).

    4. Alınmış nəticələrin təhlili, ümumiləşdirilməsi, əsaslandırılması yolu ilə əqli bacarıqların formalaşdırılması (qruplarda alınan nəticələri müzakirə etmək, diskussiya təşkil etmək, bir qrup şagirdin verdiyi cavablara başqalarının münasibət bildirməsi yolu ilə).

Dərsdə qruplara elə tapşırıqlar verilməlidər ki, onlar bu tapşırıqların yerinə yetirilməsində əvvəlki dərslərdə yiyələndikləri bacarıqlardan istifadə edə bilsinlər. Yeni dərsdə şagirdlərin yiyələnəcəyi konkret bilik, bacarıq və vərdişlər əvvəlcədən müəyyənləşdirilməlidir, burada akademik, əqli və ümumtəlim bacarıq və vərdişlər ayrıca qeyd olunmalıdır. Həmçinin dərsdə istifadə olunacaq fəaliyyət növləri və vasitələri, tədris avadanlığı və tətbiq olunacaq hər bir fəaliyyət növünə ayrılan vaxt əvvəlcədən təxmini olaraq müəyyənləşməlidir.

5. Bir dərsdə kiçik qruplarda yerinə yetiriləcək tapşırıqlar və onların həcminin müəyyənləşdirilməsi. Dərsin başlanğıcında şagirdlərə elan olunur ki, qrupa verilən tapşırıqlar bütövlükdə hər kəs tərəfindən ayrıca öyrənilmir, hərə ona ayrılan hissəni öyrənir, sonra qrupda müzakirə edilir, hər bir şəxsin cavabı hamı tərəfindən dınlənilir və yadda saxlanır. Tapşırığın həllində kim çətinlik çəksə yoldaşlarına müraciət edir və birlikdə həll edilir. Burada heç bir yarışma aparılmır, qrupun işinə ümumi qiymət verilir, onun uğuru hər bir üzvün necə fəaliyyət göstərməsindən asılı olur. Qrupların hamısı üçün eyni və ya hər qrupa ayrı-ayrı tapşırıq verilə bilər.

6.Qruplara verilən tapşırıqlar yerinə yetirildikdən sonra kollektiv müzakirənin aparılması. Bu mərhələdə qrupun bir üzvü tapşırığın yerinə yetirilməsinə aid məruzə ilə çıxış etməlidir, tapşırığa aid verilən suala cavab verməyə qrupun hər bir üzvü hazır olmalıdır. Başqa qrupun üzvləri nəinki məruzəçiyə və qrupun üzvlərinə sual verə bilərlər, hətta cavablara əlavə edib onu dəqiqləşdirə də bilərlər.

Bütün variantlarda aparılan əməkdaşlıqla təlimdə qrupların işinin nəticəsi kollektiv müzakirə, refleksiya, ünsiyyət mədəniyyəti vərdişlərinin formalaşdırılması və obyektiv olaraq özünüqiymətləndirmə, özünütəhlillə sonunclanmalıdır.

7.Mükafatlandırma. Mükafatlandırmada əsas qaydalar bunlardır:

- əgər qruplarda şagirdlər həvəslə (məhsuldar) işləyirsə onları hər dəfə tərifləməyə ehtiyac yoxdur, bu normal hal kimi qəbul edilməlidir (şagirdlərə də bu təlqin edilir);

- mükafatlandırma (tərifləmə, xüsusi qeyd etmə və s.) qrupun bütün üzvlərinə aid edilməlidir;

- əgər qrup tərifə layiq işləməyibsə bunu hamının yanında qeyd etməyin, çünki bu halda qrup daxilində mübahisələr, ruhdan düşmə və b. neqativ hallar əmələ gələ bilər. Belə qruplara həmin tapşırığın evdə həll edilməsi həvalə olunur və ya qrupa əlavə izahat verilir ki, onlar tapşırığın öhdəsindən gələ bilsin. Tapşırığın yerinə yetirilməməsinin səbəbini müəllim özündə axtarmalıdır (çətin tapşırıq verilib, şagirdlərdə lazımi bacarıqlar yaradılmayıb və s.);

-mükafatlandırma və qiymətləndirmə həm akademik müvəffəqiyyətlərə, həm də ünsiyyətin psixoloji aspektlərinə görə olmalıdır.

Lahiyələr metodu ilə təlim texnologiyası.

Bu metodla təlim fəal əsasda, şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qurulur. Tədris prosesində şagirdə tanış olan və onun üçün əhəmiyyət daşıyan, real həyatdan götürülmüş ən vacib problemlərin həllinə onun malik olduğu və əldə edəcəyi yeni biliklərdən istifadə etmək öyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini göstərə bilər və ya bu informasiyaları necə axtarmaq mümkün olduğunu deyə bilər və şagirdi istiqamətləndirə bilər.

Şagirdlər problemi müstəqil olaraq və yoldaşları ilə birlikdə həll edərkən müxtəlif sahələrdən əldə etdiyi biliklərdən istifadə edirlər. Hər hansı vacib problemi həll etmək üçün şagird fəaliyyəti layihələşdirilir. Layihələşdirilmədə şagirdlərin özləri əsas rol oynayır, müəllim isə onları istiqamətləndirir. Metodun əsas ideyası sərbəst tərbiyədir (burada şagirdlər müstəqil fəaliyyətə cəlb olunmaqla özünütərbiyə baş verir). Hazırda, bu ideya yaxşı işlənmiş və qurulmuş təhsil sisteminin inteqrallaşdırılmış bir komponenti olmaqdadır. Metodun əsas mahiyyəti müəyyən problemlərin həllində şagirdlərdə marağı stimullaşdırmaq, bu məqsədlə məlum miqdarda biliklərə yiyələnmək və lahiyələşdirilmiş fəaliyyətlə nəzərdə tutulmuş bir və ya bir neçə problemi həll etmək, bununla da əldə edilmiş biliklərin praktik tətbiqini göstərməkdir.

"Layihələr metodu"nda şagirdlər fərdi, cütlər, qruplar şəklində müəyyən vaxt ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə yönəldilir. Problemin həllində müxtəlif təlim metodları və təlim vasitələri tətbiq edilməklə yanaşı, həm də müxtəlif elm, texnika və texnologiya sahələrinə aid biliklərdən inteqrativ şəkildə istifadə edilməsi nəzərdə tutulur.

Bu "metod" həm dərsdə, həm də dərsdən kənar vaxtlarda tətbiq oluna bilər. Burada bir mövzunun (bölmənin) öyrənilməsi layihəsi hazırlanır və bu layihə fərdi, ya ikilikdə, ya da qrup şəklində, müəllimin rəhbərliyi və köməyi ilə yerinə yetirilir.

"Lahiyələr metodu"ndan istifadəyə verilən tələblər aşağıdakılardır:



  1. Həlli inteqrativ biliklər və tədqiqi axtarışlar tələb edən problemin/məsələnin olması (məsələn, dünyanın və ya ölkənin müxtəlif reqionlarında demoqrafik problemin tədqiqi; ətraf mühitə “turşu yağışları”nın təsiri probleminin tədqiqi; avtomobillərin buraxdığı qazlarla şəhər havasının çirklənməsi; sənaye tullantıları, neft və neft məhsulları ilə Xəzərin çirklənməsi və s.).

Sinif-dərs sistemində layihə üzərində iş mərhələlərlə (4-6 dərs saatında) aparıla bilər. Dərslərdə yerinə yetiriləcək işləri aşağıdakı ardıcıllıqla sıralamaq olar:

  1. Layihənin mövzusu və məqsədlərinin müəyyənləşdirilməsi, təşkilati işlərin görülməsi (tədqiqat problemi seçilir; hipotez irəli sürülür; onun izahı və isbat edilməsi yolları müəyyənləşdirilir; informasiya toplayacaq şagird qrupları təyin olunur və hər bir qrup üzvünün vəzifəsi aydınlaşdırılır).

  2. Tədqiqat metodları və üsullarının müəyyənləşdirilməsi (əvvəlcə qruplarda, sonra isə ümumi sinif üzrə diskussiyalarda metod və üsulların secilməsi; mövzuya aid ayrı-ayrı istiqamətlərdə ekspert qruplarının işinin müəyyənləşdirilməsi, baza qruplarında informasiya mübadiləsi.

  3. İnformasiya mübadiləsi, ekspert qrupları ilə iş, qrup liderləri ilə iş, iş metodları və hesabat formalarının seçilməsi (informasiya əldə edilməsi və mübadiləsi üzrə işlərin birlikdə təhlili; layihənin istiqamətləri üzrə müəyyənləşdirilmiş formada hesabatların tərtibi; qrupların üzvləri tərəfindən təklif olunan və hipotezləri təsdiq, yaxud inkar edən arqumentlərin müəyyənləşdirilməsi).

  4. Aparılan eksperimentlərin, araşdırmaların nəticələrinin və qrupların topladığı informasiyaların təhlili (toplanmış informasiyaların və alınmış nəticələrin müzakirəsi; istiqamətlər üzrə nəticələrin arqumentləşdirilməsi; istiqamətlər üzrə layihələrin müdafiəsi üçün rolların bölünməsi).

  5. Layihələrin müdafiəsi üçün ssenarilərin tərtibi və kiçik qruplarda iş (hər bir layihə ssenarisində problem göstərilir; istiqamət üzrə fərziyyənin təsdiqi sübuta yetirilir; cədvəl, sxem, şəkillər və b. üzrə izahat aparılır, nəticələr çıxarılır; müdafiə olunacaq layihəyə aid başqa qrupların suallarına cavab verilməsinə hazırlaşılır).

  6. Qrupların öz layihələrini müdafiə etməsi (təqdimatı).

  7. Mövzuya aid biliklərin sistemləşdirilməsi və qiymətləndirilməsi.

Dərsdənkənar fəaliyyətə aid layihənin hazırlanması və müdafiəsinə müxtəlif ölkələrdə proqram üzrə 1-3 dərs məşğələsi ayrılır. Belə layihələrin işlənilməsinə dərsdə başlanılır, sonra iş dərsdənkənar vaxtlarda davam etdirilir. Hazırlanmış və mənimsənilmiş layihənin müdafiəsi (təqdimatı) həmçinin, dərsdə aparılır. Layihənin işlənilməsi və işin başa çatdırılmasına bir neçə həftədən bir ayadək vaxt verilə bilər.

Əsasən dərsdənkənar vaxtlarda işlənən belə layihələr üçün müxtəlif sahələrdən mövzu götürmək olar. Bu məqsədlə əvvəlcə ümumi bir problem seçmək, onu tərkib hissələrinə bölmək və həlli yollarını müəyyənləşdirmək lazımdır. Problemin şagirdlər tərəfindən seçilməsi üçün onlara istiqamətləndirici suallar verilməlidir. Problemin müəyyənləşdirilməsi üçün həmçinin, şagirdlərə müxtəlif situasiyalar təqdim olunur. Problemin seçilməsindən sonra məqsədlər müəyyənləşdirilir. Bu mərhələdən sonra problem formulə edilir. Məsələn, kimya-ekologiya sahəsində mövzunu tədqiq etmək üçün problem belə seçilə bilər: “Ətraf mühitin (havanın, suyun, torpağın) kanserogen maddələrlə çox çirklənməsi nə kimi zərərli nəticələr verə bilər? ” Bu halda aşağıdakı fikirlər söylənə bilər: a) insanlarda müxtəlif xəstəliklər əmələ gələr; b) kəskin iqlim dəyişmələri baş verər; c) “Turşu yağışları” müşahidə olunar və s.

İrəli sürülən hipotezlərin təsdiqlənməsi üçün göstəricilərin və informasiyaların toplanması və təhlili metodları öncədən düşünülür. Bu məqsədlə şagirdlərin 3-4 nəfərlik qrupları təşkil edilir. Hər qrupa söylənilən fərziyyələrin birinin təsdiqlənməsi, dərsdənkənar vaxtlarda onlara aid məlumatlar toplanmasına aid tapşırıqlar verilir. Bir müddətdən sonra diskussiyalar, müzakirələr keçirilir və ümumi nəticələrə gəlinir. Bunun üçün şagirdlərə internetə girmək, problemlə məşğul olan təşkilatlarla əlaqələr yaratmaq, fərdi söhbətlər aparmaq və s. imkanları verilir, onlara kömək edilir.

Modul üzrə təlim texnologiyası.

Təlimdə şəxsiyyətyönümlü konsepsiyanın reallaşdırılması, inkişafetdirici pedaqoji texnologiyaların layihələşdirilməsi və praktikada (məktəbdə) daha geniş tətbiqi onların müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını, bu sahədə pedaqoji təcrübələrin öyrənilməsini tələb edir. Məktəblərdə tətbiqinə böyük maraq göstərilən yeni pedaqoji texnologiyalardan biri də blok-modul texnologiyasıdır.

Təlimin modul texnologiyası dedikdə şagirdlərin müstəqil olaraq dərsdə və dərsdənkənar vaxtlarda modulla iş prosesində konkret təlim məqsədlərinə nail olması başa düşülür. Burada da müəllim, başqa yeni təlim texnologiyalarında olduğu kimi, şagirdlərin müstəqil işlərinin təşkilatçısı, eksperimentator, birgə tədqiqat fəaliyyətinin iştirakçısı olur.

Təlimdə “modul” anlayışı dedikdə, tədris materialının bitkin məzmunu və onu mənimsəmək texnologiyasını özündə birləşdirən bir kompleks (informasiya bloku, tədris vahidi) nəzərdə tutulur. Modulların mənimsənilməsi qarşıya qoyulmuş didaktik məqsədlərə müvafiq olaraq həyata keçirilir. Təlim alan (şagird) üçün müəyyən olunmuş didaktik məqsəddə yalnız biliklərin həcmi deyil, həm də onların mənimsənilmə səviyyəsi əks olunur. Modul təlim texnologiyası təlimi subyekt-subyekt əlaqələri əsasında qurmağa, ayrı-ayrı şagirdlərlə fərdi işlər təşkil etməyə, şagirdlərə öyrənilən təlim məsələlərini hissə-hissə, xırda dozalarda mənimsəməkdə köməklik göstərməyə, müəllim-şagird ünsiyyəti formalarını çevik surətdə dəyişməyə imkan verir.

Modullarla təlimi reallaşdırmaq üçün müəllim tədris proqramı materiallarına uyğun modullar kompleksi və ardıcıl olaraq tədricən mürəkkəbləşən didaktik tapşırıqlardan ibarət xüsusi proqram hazırlayır, tapşırıqların düzgün yerinə yetirilməsini təmin edən qiymətləndirmə mexanizmini müəyyənləşdirir.

Müasir texnologiyalarla işləyən məktəblərin iş praktikası, eləcə də qabaqcıl kimya müəllimlərinin iş təcrübəsi göstərir ki, təbiət fənlərinin (kimya, fizika, biologiya və b.) tədrisində tsikllərlə aparılan dərslərdə (modul texnologiyası) daha yüksək nəticələr alınır. Planlaşdırma zamanı bütöv bir mövzunun (bölmənin) təlim strategiyası hazırlanır. Hər bir dərs bütöv mövzu zəncirinin bir həlqəsi olur. Planlaşdırmada məzmun deyil, şagirdlərin idrak fəaliyyətinin məntiqi inkişafı və müəllimin təlimləndirici fəaliyyətinin inkişafı əsas götürülür. Didaktikada bu cür planlaşdırmaya tsiklik planlaşdırma deyilir. Tsikl dedikdə, tədris proqramının bir mövzusundan (bölməsindən) o biri mövzusuna qədər təlim prosesləri təşkilində şagirdlərin idrak fəaliyyətinin və müəllimin öyrədici fəaliyyətinin məntiqi ardıcıllığının inkişaf tsiklləri anlaşılır.

Belə plan hazırlandıqda əvvəlcə bütöv mövzunun, sonra onun hissələrinin öyrənilməsinə aid dərslərin (1-ci, 2-ci, 3-cü və s.) məqsədləri, bu məqsədlərə çatmaq üçün vəzifələrin yerinə yetirilmə ardıcıllığı və mərhələləri düşünülür. Bundan sonra şagirdlər və müəllimin təlim işinin məzmunu, onlara sərf olunan vaxt və hər bir fəaliyyətin nəzərdə tutulan səviyyədə reallaşması üçün təlim metodları və vasitələri müəyyənləşdirilir.

Tsikl dərslərdə təlim işinin aşağıdakı ardıcıllıqla reallaşdırılması məqsədəuyğun hesab olunur:

- şərhetmə dərsi, burada mövzunun (modulun) əsas məzmunu müəllim tərəfindən şərh olunur, şagirdlər qeydlər aparır, onlar məzmunun əks olunduğu cədvəl, sxem və diaqramlarla tanış edilir;

- müstəqil işlərin (mövzuya aid mətnlərin öyrənilməsi, məsələ və çalışmalar həlli, dərs materialına aid təcrübələrin aparılması və s.) növləri müəyyənləşdirilir;

- öyrənilənlərin müzakirəsi və səhvlərin düzəldilməsi (korreksiya) aparılır;

- əldə olun

Əməkdaşlıqla təlim, layihələr metodu və modullarla təlim texnologiyaları XXI əsrin geniş yayılmış texnologiyaları hesab olunur. Bu təlim texnologiyaları başqaları ilə müqayisədə pedaqogikanın humanist mahiyyətini daha çox əks etdirməklə yanaşı, həm də sənayeləşmiş cəmiyyətdə uşaqları həyata daha yaxşı hazırlamağa imkan verir. Bu texnologiyalar təkcə təlimverici deyil, həm də tərbiyəedici xarakter daşıyır, şagirdlərin sərbəst düşünmə qabiliyyətini, özünün və yoldaşlarının müvəffəqiyyətləri üçün məsuliyyətini artırır. Bu təlim texnologiyalarında müəllimin rolu əsaslı surətdə dəyişir. O, hər şeyi bilən və öyrətməkdən daha çox şagirdlərin biliyində nöqsan axtaran nəzarətçidən, tələb olunan nəticəni almaq üçün şagirdlərə həmişə kömək edən, onların işini istiqamətləndirən rəhbərə çevrilir.

Müəllim peşəsi yaradıcı peşədir. Müəllimdən pedaqogika, müasir didaktika, pedaqoji psixologiya elmlərindən baş çıxarmaq və öz fənninə aid mövzuları, onların tədrisi metodikasını yaxşı bilmək tələb olunur. Müəllim, həmçinin müəyyən dərəcədə aktyorluq məharətinə yiyələnməli, dərsdə emosional situasiyalar yaratmağı bacarmalıdır. Əks halda o, təlimi professional pedaqoq kimi qura bilməz. Hər bir müəllim şəxsiyyət olmalı, şagirdlər, eləcə də öz iş yoldaşları arasında nüfuza malik olmalıdır. Bundan başqa indiki dövrdə müəllim həm də müasir təlim texnologiyalarını yaxşı bilməlidir. Müəllimin bütün ustalığı və bacarıqları dərs prosesində - yaradıcı prosesdə meydana çıxır. Buna görə də yaxşı müəllim odur ki, aparacağı dərsi bütün incəliklərinədək əvvəlcədən təsəvvür edir, məqsədlərini müəyyənləşdirir və bu məqsədləri hansı metodlar, üsullar və priyomlarla, hansı vasitə və instrumentlərlə reallaşdırmağı qabaqcadan aydınlığı ilə düşünə bilir.

Pedaqoji tədqiqatların təhlili göstərir ki, müəllimlərin yeni pedaqoji texnologiyalarla işləməyə keçməsi və buna davamlı vərdişlər etməsi asan olmayan, uzun müddətli bir prosesdir. Bu, onunla izah olunur ki, pedaqoji fəaliyyət mexaniki əməliyyatlardan ibarət konveyer - istehsalat prosesi olmayıb, çeviklik və yaradıcılıq tələb edən prosesdir. Pedaqoji fəaliyyət həmişə dinamik situasiyalarda həyata keçirilir və real şəkildə mövcud olan situasiyalardan asılı olaraq bu və ya başqa iş üsulları seçməyi, yaradıcılıq axtarışları aparmağı tələb edir.

Müəllimin yaradıcılıq potensialının tam reallaşması üçün ona fəaliyyət şəraiti yaradılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, müəllimin yaradıcılıq imkanları tam olaraq yalnız təlim prosesinin metodoloji, nəzəri, metodik və texnoloji səviyyələrdə əvvəlcədən düşünülməsi şərtilə reallaşdırıla bilər.

Coxillik məktəb praktikası, aparılmış müşahidələr göstərir ki, hər hansı yeni pedaqoji ideya (innovasiya) nəzəri və metodoloji səviyyədə adətən müvəffəqiyyətlə hazırlanır, onun praktikada bilavasitə tətbiqi (texnologiyanın mənimsənilməsi) isə çox ləng gedir. Təlim proseslərində yeni pedaqoji ideyanı tətbiq etmək istəyən müəllimlərin çoxusu onu ancaq metodiki və ya ayrı-ayrı didaktik priyomlar səviyyəsində mənimsəməyə çalışırlar. Bu cür yanaşmalar da işdə çətinliklər yaradır və yeni pedaqoji konsepsiyanın təhrif olunmasına səbəb olur.

Təminatlı nəticələrin əldə olunmasını tələb edən yeni pedaqoji texnologiyaların məktəb praktikasında tətbiqinin bir problemi də arzu olunan təlim prosesi üçün təkcə müəllimin fəaliyyət texnologiyasını deyil, həm də şagirdlərin idrak fəaliyyəti texnologiyasını hazırlamağın tələb olunmasıdır. Tədqiqatçı pedaqoqlar indiyədək buna - şagirdlərin yarımmüstəqil və müstəqil şəkildə biliklər, bacarıqlar əldə etmək fəaliyyətinin təşkili texnologiyasına az diqqət yetirmişlər.Müasir pedaqogika elmi şagirdlərin müstəqil işlərinin təşkilinin yeni (innovasiyon) nəzəri əsaslarını hazırlamalıdır. Bu zaman təlim prosesində müasir informasiya texnikasının (fərdi kompyuterlərin), valeologiyanın, informatikanın və pedagoji psixologiyanın son nailiyyətləri nəzərə alınmaqla yaradılan yeni pedaqoji sistemlərin tətbiqi imkanları bütün fənlər üçün araşdırılmalıdır.



Kurikulumun tələblərinə daha çox uyğun olan interaktiv təlim prosesinin ardıcıllığı belə qurulur:

- motivasiya, problemin qoyuluşu

- tədqiqatın aparılması, (məlumatların toplanması)

- müzakirə

- nəticələrin çıxarıması, yekunlaşdırma

- yaradıcı tətbiqetmə

-qiymətləndirmə

Şagirdlərin idraki və praktik fəaliyyəti baxımından kimya dərslərinin dörd əsas tipi ayırd edilir:

1. Yeni materialın öyrədilməsi dərsi.

2. Bilik və bacarıqların möhkəmləndirilməsi və inkişaf etdirilməsi (və ya praktik məşğələ) dərsi

3. Bilik və bacarıqların ümumiləşdirilməsi və sistemləşdirilməsi dərsi.

4. Əldə edilmiş bilik, bacarıq və vərdişlərin səviyyəsinin qiymətləndirilməsi dərsi.

Bundan başqa, bu dörd dərsin iki və daha çox tipinin elementlərindən istifadə edilən

qarışıq və ya kombinə edilmiş dərs tipini də yaratmaq mümkündür.



1-ci dərs tipində əsas didaktiv məqsəd şagirdlərin təlim materialını öyrənməsinə nail olmaqdır. Məqsədə nail olmaq üçün dərs prosesində ardıcıl olaraq şagirdləri yeni anlayışları, faktları və hadisələri mənimsəməyə yönəltmək, bunun üçün onların müstəqil idrak fəaliyyətini təşkil etmək və istiqamətləndirmək lazımdır. Yeni materialın öyrədilməsi dərsində həmçinin müəllim şagirdlərin müstəqil fəaliyyət göstərməklə dərk edə bilmədiyi nəzəri məsələlərə, mexanizmlərə qısa müddətli şərh verməlidir.

Yeni materialın öyrədilməsi dərsində təlim prosesinin demək olar ki, bütün mərhələləri-sorğu, yeni tədris materialının öyrənilməsi, bilik və bacarıqların möhkəmləndirilməsi, ev tapşırığının yoxlanılması və verilməsi ehtiva olunur.



2-ci dərs tipində əvvəlki dərslərdə öyrənilən bilik və bacarıqların aktuallaşdırılması ,yeni öyrənilən materiala tətbiqi, yeni öyrənilən biliklərin möhkəmləndirilməsi və nisbətən dərinləşdirilməsi, yeni bacarıq və vərdişlərin formalaşdırılması aparılır, qazanılmış yeni bilik, bacarıq və vərdişlər təkmilləşdirilir, inkişaf etdirilir. Kimyanın tədrisində tətbiq olunan müxtəlif növ praktik məşğələlər (kimyəvi təcrübələrin aparılması, molekul və atomların modellərinin tərtibi, çalışmalar və hesablama məsələlərin həlli və b.) bu dərs tipinə aid edilir.

3-cü dərs tipində bir fəslin (bölmənin, mövzunun) tədris materiallarına aid öyrənilmiş əsas anlayışlar, bilik və bacarıqlar aktuallaşdırılır, ümumiləşdirilir və sistemə salınır. Bu məqsədlə evdə və dərsdə ən mühüm anlayışların təkrarı aparılır, onlara aid ümumiləşdirici çalışmalar və məsələlər həll etdirilir.

4-cü tip dərslərdə müəyyən müddətdə ( yarımildə, ildə) tədris vahidinin öyrənilməsi başa çatdıqdan sonra yarım illik və tədris ilinin sonunda şagirdlərin bilik və bacarıqları yoxlanılıb qiymətləndirilir. Son illərdə bu məqsədlə ən əlverişli üsul yazılı test yoxlaması hesab olunur. Bilik və bacarıqların səviyyəsinin qiymətləndirilməsi və təhlili sinifdə sonrakı təlim işini necə planlaşdırmaq üçün əsas verir, müəllim gələcəkdəki fəaliyyətini müəyyənləşdirir.

Indiki dövrdə tədris olunan dərsləri tətbiq olunan təlim metodları və vasitələrinə görə əsasən iki qrupa bölmək olar: problemli dərslər və problemli olmayan izahlı-illüstrativ dərslər. Problemli dərslər məntiqi-psixoloji və didaktik quruluşuna görə o birilərindən fərqlənirlər. Məntiqi-psixoloji problemli dərslərdə müəllim problem-situasiya yaradır və şagirdlərin müstəqil işlərini təşkil etməklə təlim probleminin həllinə nail olunur. Problem həm müəllim, həm də şagirdlərin özləri tərəfindən irəli sürülə bilər. Sinfin inkişaf səviyyəsindən asılı olaraq problemin həlli də müəllim və ya şagirdlər tərəfindən həyata keçirilə bilər.

Dərslərin uğurla təşkili üçün onların tipləri ilə yanaşı ona müvafiq fəaliyyət növləri də ayırd edilməlidir. Dərs tiplərini müəllim və şagirdlərin fəaliyyət xarakterinə görə növlərə bölmək praktik baxımdan faydalıdır.

Məlumdur ki, dərsdə konkret fəaliyyət üsulunun seçilməsi müəllimin metodik hazırlıq səviyyəsindən, tətbiq ediləcək təlim metodundan, sinif şagirdlərinin mövcud bilik səviyyəsindən və başqa subyektiv amillərdən asılıdır. Müxtəlif metodlar eyni bir üsulla reallaşdırıla bildiyindən (məsələn, dialoji şərh və qismən-axtarış metodlarının hər biri müsahibə üsulu ilə) dərsin növü müəyyənləşdirilərkən təlim metodunun özü yox, onların reallaşdırılması üsulu (forması) əsas götürülür. Aşağıdakı cədvəldə dərslərin tiplərinə müvafiq üsullar-fəaliyyət növlərini nəzərdən keçirək.

Cədvəl 2




Dərsin tipləri

Fəaliyyət növləri

1

Yeni materialın öyrədilməsi dərsi.

a) Mühazirə; b) müsahibə; c) nəzəri və praktik

xarakterli müstəqil işlər; d) kinofilmə baxış;

e) qarışıq fəaliyyət.

2


Bilik və bacarıqların möhkəmləndirilməsi və inkişaf etdirilməsi (praktik məşğələlər) dərsi.

a) Müstəqil işlər (reproduktiv xarakterli

çalışmalar);

b) laboratoriya təcrübələri;

c) praktik işlər (modelləşdirmə, məsələ həlli, sxem

və cədvəl üzrə iş və s.); d) seminar dərsi;

e) ekskursiya.


3


Bilik və bacarıqların ümumiləşdirilməsi və sistemləşdirilməsi dərsi.

a) öyrənilənlərin təkrarı və dərinləşdirilməsi;

b) ümumiləşdirici məsələ və çalışmalar həlli;

c) ümumiləşdirici sxem və cədvəllər üzərində

müstəqil işlər;

d) müəllimin ümumiləşdirici-yekunlaşdırıcı sözü.

4


Bilik, bacarıq və vərdişlərin səviyyəsinin qiymətləndirilməsi dərsi.

a) şifahi sorğu; b) yazılı sorğu (fərdi şəkildə);

c) zaçot qəbulu (şifahi və yazılı şəkildə);

d) yoxlama yazı işi (adi qaydada və test üsulu ilə).


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə