Lizinq xidməti haqqında



Yüklə 60,5 Kb.
tarix28.08.2018
ölçüsü60,5 Kb.
#65098

Lizinq xidməti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında lizinq münasibətlərini tənzimləyir, lizinq müqaviləsi subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirir.



 

I f ə s i l



ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar



 

Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:



lizinq—istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya orta və uzun müddətə icarəyə vermək məqsədi ilə həyata keçirilən xidmət növü;

lizinq müqaviləsi—lizinq xidmətinin həyata keçirilməsi üzrə tərəflər (satıcı, lizinq müəssisəsi və icarəçi) arasında bağlanmış müqavilə;

lizinq müəssisəsi—lizinq müqaviləsinin obyekti olan əmlakı satın almaqla onu istehlakçıya icarəyə verən müəssisə;

icarəçi—lizinq müəssisəsindən əmlakı icarəyə götürən hüquqi və ya fiziki şəxs;

qəbul protokolu—lizinq müqaviləsinin obyekti olan əmlakın qəbul edilməsi, quraşdırılması və istismara verilməsi haqqında lizinq müqaviləsi subyektlərinin imzaladıqları sənəd;

lizinq haqqı—icarəyə götürülmüş əmlak üçün icarəçinin lizinq müəssisəsinə ödədiyi haqq.

 

Maddə 2. Lizinq xidməti haqqında qanunvericilik



 

Azərbaycan Respublikasında həyata keçirilən lizinq xidməti bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri (sazişləri) ilə tənzimlənir.

 

Maddə 3. Qanunun tətbiq sahəsi



Qanun lizinq müqaviləsinin subyektləri olan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə şamil edilir.  

 

II    fəsil



LİZİNQ XİDMƏTİNİN FORMALARI

 

Maddə 4. Lizinq xidmətinin formaları



 

Lizinq xidməti yönəldilən vəsaitin mənbəyinə, lizinq haqqının tərkibinə, lizinq müqaviləsi subyektlərinin iştirakına görə əsasən aşağıdakı formalarda həyata keçirilir:

1)   lizinq xidmətinin həyata keçirilməsinə yönəldilən vəsaitin

mənbəyinə görə:

lizinq müəssisəsinin öz vəsaiti hesabına həyata keçirilən xidmət;

lizinq müəssisəsinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsait hesabına həyata keçirilən xidmət (bu halda lizinq müəssisəsinin öz vəsaiti xidmətin ümumi dəyərinin 30%-dən az olmamalıdır).

2)   lizinq haqqının tərkibinə görə:

əmlakın satınalma dəyəri, digər xidmət xərcləri, habelə lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət;

əmlakın satınalma dəyəri və lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət.

3)   lizinq müqaviləsi subyektlərinin iştirakına görə:

üç müxtəlif tərəfin iştirakı ilə (satıcı, lizinq müəssisəsi və icarəçi) həyata keçirilən xidmət;

iki tərəfin iştirakı ilə həyata keçirilən xidmət (bu halda maliyyə vəsaitinə ehtiyacı olan müəssisə öz mülkiyyətində olan əmlakı lizinq müəssisəsinə sataraq, onu icarəyə götürür).

 

III  f ə s i l



LİZİNQ MÜQAVİLƏSİ

 

Maddə 5. Lizinq müqaviləsinin məzmunu



 

1.   Lizinq xidməti barədə tərəflər arasında yazılı formada müqavilə bağlanılır.

2.   Lizinq müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:

müqavilənin tərəfləri, onların hüquq və vəzifələri;

icarəyə verilən əmlakın tərkibi və dəyəri;

zəruri hallarda icarəçinin lizinq obyekti olan əmlak üçün təminatı;

müqavilənin müddəti;

lizinq haqqının məbləği, onun ödənilmə müddəti və qaydası;

lizinq müddəti bitdiyi dövrə əmlakın qalıq dəyəri.

3.   Lizinq müqaviləsinə qanunvericiliyə zidd olmayan əlavə müddəalar da daxil edilə bilər.

4.   Lizinq müqaviləsi bağlanarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

lizinq müəssisəsi lizinq müqaviləsinin obyekti olan əmlakı icarəyə vermək məqsədilə onu satın almalıdır və həmin əmlak icarəyə götürənin tələblərinə uyğun kəlməlidir;

lizinq müqaviləsinin obyekti olan əmlak bu müqavilədə nəzərdə tutulan təyinatı üzrə istifadə edilməlidir;

lizinq müqaviləsi müddətinin yuxarı həddi əmlakın texniki sənədlərində nəzərdə tutulan istismar müddətindən çox olmamalıdır;

lizinq haqqı, lizinq müəssisəsinə icarəyə verdiyi əmlaka çəkdiyi xərcləri ödəməyə və mənfəət əldə etməyə imkan verməlidir.

5.   Lizinq müqaviləsində müqavilə müddəti bitdikdən sonra lizinq müəssisəsinin razılığı ilə əmlakın qalıq dəyərinə uyğun olaraq icarəçinin mülkiyyətinə keçə bilməsi imkanı nəzərdə tutula bilər.

 

Maddə 6. Lizinq müqaviləsinin obyekti



 

Lizinq müqaviləsinin obyekti istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və sair əmlak ola bilər.

 

Maddə 7. Lizinq müqaviləsinin subyektləri



 

Lizinq müqaviləsinin subyektləri aşağıdakılardır:

öz əmlakını lizinq müəssisəsinə satan hüquqi və fiziki şəxslər;

əmlakı satın almaqla onu istehlakçıya icarəyə verən lizinq müəssisələri;

əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslər.

 

Maddə 8. Lizinq xidmətini həyata keçirən müəssisələr



 

1.   Azərbaycan Respublikasında lizinq xidmətini hüquqi və fiziki şəxslər (o cümlədən xarici hüquqi və fiziki şəxslər) tərəfindən yaradılan maliyyə-kredit təşkilatları və ixtisaslaşdırılmış lizinq müəssisələri həyata keçirə bilər.

2.   Lizinq xidmətini həyata keçirən müəssisələrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanı tərəfindən xüsusi lisenziya verilir.

3.   İxtisaslaşdırılmış lizinq müəssisələrinin təşkili və fəaliyyəti müəssisələr haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

IV fəsil


LİZİNQ MÜQAVİLƏSİ SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Maddə 9. İcarəçinin hüquq və vəzifələri



 

1. İcarəçi əmlakdan istifadə üzrə müqavilə müddəti ərzində həmin əmlak üzərində yalnız sahiblik və istifadə hüququna malikdir. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, icarəçi bu hüququ üçüncü şəxsə lizinq müəssisəsinin razılığı ilə verə bilər.

2.   Lizinq müəssisəsi müflisləşdikdə müqavilə müddəti bitənədək əmlak icarəçinin istifadəsində qalır. Müqavilə müddəti bitdikdən sonra həmin əmlakla bağlı münasibətlər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyənləşdirilir.

3.   Lizinq müəssisəsinə iqtisadi sanksiyalar tətbiq olunduqda icarəçinin müqavilədə nəzərdə tutulan hüquq və vəzifələri müqavilə müddəti qurtaranadək qüvvədə qalır.

4.   Qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, əmlak lizinq müəssisəsinin razılığı ilə icarəçi tərəfindən yaxşılaşdırıldıqda, müqavilə müddətinin qurtarması və ya müqavilənin pozulması nəticəsində əmlak lizinq müəssisəsinə qaytarılarsa, icarəçi çəkdiyi bütün xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

5.   İcarəçi lizinq, müəssisəsinin icazəsi olmadan əmlaka zərər vurmayaraq onu yaxşılaşdırarsa və bu yaxşılaşdırmalar əmlaka zərər vurmadan ayrıla bilərsə, lizinq müəssisəsi bu yaxşılaşdırmaların dəyərini ödəməyə razı olmadığı halda icarəçi əmlakı geri qaytaran zaman həmin yaxşılaşdırmaları götürə bilər.

6.   İcarəçi müqavilə müddətində müqavilənin tələblərinə uyğun olaraq əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə borcludur.

7.   Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilə müddəti ərzində əmlakın istifadəsi ilə əlaqədar cari xərclər icarəçi tərəfindən ödənilir.

8.   İcarəçi müflisləşdikdə lizinq müqaviləsinin obyekti olan əmlak lizinq müəssisəsinə qaytarılır. İcarəçi ilə lizinq müəssisəsi arasındakı sonrakı münasibətlər isə “Müflisləşmə və ifla haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq nizamlanır.

9.   İcarəçi əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar olunarsa, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi v fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq müəssisəsinə məlumat verməlidir.

10. İcarəçi lizinq müqaviləsində göstərilmiş təminat haqqında, müqavilə müddəti ərzində özünün iqtisadi vəziyyəti barədə lizinq müəssisəsinə məlumat verməli, zərurət yarandığı halda mühasibat və digər hesabatları da təqdim etməlidir.

11. İcarəçi lizinq müqaviləsi ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.

12. İcarəçi onun hüquqlarına və qanuni mənafelərinə xələl gətirən hüquqi və fiziki şəxslərin hərəkətlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir.

 

Maddə 10. Lizinq müəssisəsinin hüquq və vəzifələri



 

1.   Lizinq müəssisəsi icarəyə verdiyi əmlakın icarəçi tərəfindən qorunub saxlanılması və təyinatına görə istifadəsi üzərində nəzarət hüququna malikdir.

2.   Müqavilə müddəti ərzində lizinq müəssisəsi lizinq obyekti olan əmlaka mülkiyyət hüququnu digər hüquqi və fiziki şəxslərə verə bilməz.

3.   Lizinq müəssisəsinin razılığı olmadan lizinq obyekti olan əmlak üzərində icarəçinin apardığı yaxşılaşdırmalar əmlaka zərər vurmadan ondan ayrıla bilməzsə, həmin yaxşılaşdırmalara çəkilən xərclərin əvəzi lizinq müəssisəsi tərəfindən ödənilmir.

4.   Lizinq müəssisəsi əmlakı icarəyə verməmişdən əvvəl ən azı müqavilə müddəti üçün həmin əmlakı sığorta etdirməlidir.

5.   “Lizinq haqqının ödənilməməsi və gecikdirilməsi hallarında lizinq müəssisəsi icarəçidən peniya tələb edə və ya müqaviləni poza bilər.

6.   Lizinq müəssisəsi onun hüquqlarına və qanuni mənafelərinə xələl gətirən hüquqi və fiziki şəxslərin hərəkətlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir.

 

Maddə 11. Əmlakın satıcısının hüquq və vəzifələri



 

1.   Əmlakın satıcısı satdığı əmlakın haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə lizinq müəssisəsindən tələb etmək hüququna malikdir.

2.   Lizinq müqaviləsinin obyekti olan əmlak satıcı tərəfindən texniki sənədlərə uyğun olaraq (keyfiyyət, dəst) müqavilədə göstərilən müddətdə icarəçiyə təhvil verilməlidir.

3.   Təminat müddəti ərzində icarəçinin təqsiri olmadan əmlakla bağlı yaranan hər hansı qüsur əmlakın satıcısı tərəfindən onun öz vəsaiti hesabına aradan qaldırılmalıdır.

 

Maddə 12. Lizinq xidmətinə görə güzəştlər



 

Azərbaycan Respublikasında lizinq xidmətini həyata keçirən müəssisələr üçün dövlət tərəfindən müvafiq qaydada güzəştlər nəzərdə tutula bilər.

 

V f ə s i l



LİZİNQ MÜQAVİLƏSİNİN XİTAMI

 

Maddə 13. Müqaviləyə xitam verilməsinin əsasları



 

Lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

müqavilə müddəti qurtardıqda;

icarəçi müəssisə ləğv olunduqda;

icarəçinin və lizinq müəssisəsinin qarşılıqlı razılığı olduqda;

məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı əsasında;

qarşısıalınmaz qüvvə nəticəsində əmlak məhv olduqda;

qanunvericilikdə və müqavilədə nəzərdə tutulan digər hallarda.

 

Maddə 14. Müqaviləyə xitam verilməsinin nəticələri



 

Müqavilə müddəti bitdikdən sonra icarəçinin əmlakı satın almaq hüququ nəzərdə tutulmadıqda, yaxud o, bu hüquqdan istifadə etmək istəmədikdə əmlak lizinq müəssisəsinə qaytarılır.

İcarəçinin təqsiri üzündən lizinq müqaviləsi pozulduqda, icarəçi əmlakı mülkiyyətçiyə qaytarmaqla bərabər ona dəyən zərəri də ödəyir.

Lizinq müəssisəsinin təqsiri üzündən müqavilə pozularsa, o, əmlakı geri götürməklə bərabər, icarəçiyə dəyən zərəri də ödəyir.

 

Maddə 15. Mübahisələrin həlli qaydası



 

Müqavilələrin bağlanması, icrası və ona xitam verilməsi zamanı baş verən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həll edilir.

 

Maddə 16. Qanunun pozulması üstündə məsuliyyət



 

Bu Qanunun pozulması üstündə təqsirli hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 29 noyabr 1994-cü il.



№ 930

 
Yüklə 60,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə