Lecture 4
A.
Afina. Siyasi və mədəni mühit
İki başlıca elm-mədəniyyət mərkəzi (Kiçik Asiya sahilləri və İtaliyanın
cənubu-Siciliya) kənarında olan yunan şəhərləri arasında Afina fərqlənməyə
başlamışdı. [-6]-cı əsrin ortalarından başlayaraq Afinalıların Homeri
öyrəndikləri, əzbərlədikləri məlumdur. [-6]-cı əsrdə Solon`un (t.“-634”-t.“-
559”) islahat və qanunları Afinanı demokratik yola salmağa başlamışdı. O,
tanınmış şair idi. Persiya üzərində qələbə -Dara ilə Marafon (“-490”) və onun
oğlu Kserks ilə əsasən dəniz savaşı (“-480/479”), bu savaşlarda yunan
güclərinin təşkilatçısı və birincisi olan Afinanın nüfuzunu qeyri-adi dərəcədə
artırmışdı. Böyük dövlət adamı və sərkərdə Perikles (“-495”-“-429) Afina
yaxınlığında doğulmuş, təqribən 30 il Afina`nın rəhbəri olmuş, demokratiyanın
inkişafında mühüm rol oynamış (Platon və Aristotel bir qədər fərqli düşünür,
Periklin hər şeyi siyasi uğur naminə etdiyini deyirdilər), kasıbların mənafeyini
güdən qanunlar çıxarmış, mədəniyyətə himayəçilik etmişdir. Yaxşı təhsil
almışdır (Elealı Zenon, tanınmış musiqiçi Damon ona dərs demiş,
formalaşmasına təsir göstərmişlər). Tarixçilər “Perikl dövrü” ilə “Qızıl dövr”
terminlərini çox zaman eyni mənada işlətmişlər. Tarixçilərdən Fukidid və
Plutarx onun parlaq surətini yaratmışlar.
Afina məhz Perikl dövründə geriqalmışlığı aradan qaldırdı və güclü inkişaf
edib zəka mərkəzinə çevrildi. Sokrat Perikl dövründə tanınmağa başlamışdı.
Persiya ilə son savaşda və barışıq əldə edilməsində (“-449”) xüsusi rol
oynamış, “-461”-ci ildə Afina`nın liderliyinə yüksələ bilmiş, Peloponnes
savaşının (“-431”-“-404”) başlanğıcında da liderlik etmişdir. Perikl Elealı
filosoflar Protaqoras və Zenon`la, Sofokl və Feidias`la (Fidi ilə), musiqiçi
Damon və digər zəka və sənət adamları ilə yaxınlıq etmiş, lakin ən çox
Anaksaqoras`ın təsiri altında olmuşdur. “Biz həm müasirlərimiz, həm də
sonrakı nəsillər üçün heyrət mövzusuna/obyektinə çevriləcəyik” (Perikl).
Afinalı sərkərdə Alkibidias`la Afinanın qarşıdurması Afinalıların vəziyyətini
ağırlaşdırmışdı. Afinanı rəqib bilən Persiya Spartaya kömək etdi. Afinada
Spartanın təsirində olan 30-lar hakimiyyəti və onun terroru vəziyyəti
qarışdırmışdı. Sonra yenidən demokratiyanın gəldi, qisasçılıq (Sokrat da bunun
qurbanı oldu) hissləri də artdı. Peloponnes savaşında Afina Spartaya məğlub
oldu, lakin zəka və sənət baxımından öz liderliyini əldən vermədi.
Azad şəhər-dövlətlər, onların demokratik idarəetmə adət-ənənəsi elm və
fəlsəfənin inkişafı üçün münbit mühit oldu. Qarşıdakı insanlarla açıq dialoq və
mübahisə imkanı, xalq toplantıları və məhkəmələrdə sözlə inandırmaq
ehtiyacı,natiqlərin yarışı (Aristotel “Ritorika” kitabını bu işə kömək üçün
yazmışdı) siyasətlə məşğul olmadan maraqlı yaşamağa imkan verir, həvəs
yaradırdı. Vətəndaşlarıən azad olması ilə yanaşı qul əməyindən istifadə elm və
fəlsəfə üçün sərbəst vaxt əldə etmək məsələsinə kömək edirdi. Əlbəttə ki, hay-
küyçülər, qabiliyyəti ilə düz gəlməyən dərəcədə irəli çıxmaq ehtirasına
qapılanlar, intiqam almaq istəyənlər dədemokratik quruluşdan öz məqsədləri
üçün istifadə etməyə çalışırdılar. Bu barədə Sokrates`in sözünü yada salmaq
yerinə düşür: “yaxşı olardı ki, başqalarının ağzını bağlamayasınız və özünüz də
yaxşı olasınız”.
Delos birliyi (Yunan şəhərləri ya savaşda iştirak etməli, ya maddi kömək
etməlidirlər) və Afina donanmasının güclənməsi! Mühüm qərarları, o
cümlədən məhkəmə qərarlarını qəbul edən seçkili (püşk ilə, maksimum 2 dəfə)
500-lər Məclisi (seçkidə bütün xalq-30 yaşdan böyük kişilər iştirak edə bilirdi;
qadınlar və qullar vətəndaş sayılmırdılar). Demokratiya dövründə kübarların
gücü azalmışdı. [-4]-cü əsrin birinci yarısında yunan şəhər-dövlətləri bir-biri ilə
vuruşub əldən düşmüş durumda ikən Makedoniya güclənməkdə idi.
Afina yunanların mədəni mərkəzinə çevrilirdi. Esxil “Perslər” faciəsində
Daranın məğlubiyyətini təsvir etmişdi. Perikl zamanı yanğına uğramış
Akropol`un bərpası başa çatdırıldı, böyük heykəltəraş Fidi fəaliyyətdə idi.
Sofokl`un faciə-dramları, Evripid`in bədbin-skeptik faciələri (Yunanıstanın iç
savaş dövrü), onun müasiri Aristofan`ın komediya-dramları (o cümlədən
Sokratı günahlandırması) populyar idi.
Kiçik Asiya, Halikarnas/Caria (indiki Bodrum, Türkiyə) doğumlu Herodotus
(“-484”-“-425”) - “Tarixin atası”, bəzilərinə görə həm də “Tarixin yalançısı” –
Voltair`ə görə hər ikisi - Doriya tayfalarından olsa da, “Tarixlər”ini ən mədəni
dil sayılan İonia ləhcəsində yazmışdı. O, çox güman ki, siyasi səbəb üzündən
yetkin çağında (?”-447”) vətəni tərk edib Afinaya getmiş (Perikl dövründə), bir
neçə ildə sonra isə Magna Graecia`ya, Furiuma getmişdi, başqa sözlə desək,
hər üç Yunan elm və hikmət yurdunda yaşamışdı.
B.
Anaksaqor
Anaksaqor (“-500”-“-428”) Klazomanai`də (indiki , Türkiyə) doğulmuş, gənc
yaşında (20?) İonia`nı tərk edib Afinaya gələn ilk filosof sayılır. Afina yunan
dünyasının siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilməkdə idi. O, Perikl`in
müəllimi və yaxın dostu oldu. Əvvəlki bir çox filosoflardan, o cümlədən
Parmenides və Empedokles`dən fərqli olaraq sadə nəsr şəklində yazmış, ondan
da fraqmentlər qalmışdır (Simplikios).
Anaksaqor kainatın efir (aether) adlı daima dövretmədə olan gözəgörünməz
maddə ilə dolu olduğunu və “qırmızı qaynar daşlar”dan ibarət olan səma
cisimlərinin məhz efir vasitəsilə dövr etmə hərəkətində olduğunu irəli
sürmüşdü. Heç nədən heç nə doğmur və heç nə yox olmur, “sadəcə mövcud
şeylərin qarışması və ayrılması var”. Anaksaqoras, beləliklə, yaranma və
dəyişməni inkar etmir. Anaksaqor təbiətdə böyük müxtəlifliyin olduğunu
deyirdi, hər şey özü təməldir, o nə qədər dəyişsə də, sonsuz bölünsə də,
təbiətini dəyişdirmir, “hər şeyin hər şeydə bir parçası var”. Beləliklə,
Empedokles`də olduğundan fərqli olaraq dörd təməl ünsür deyil, sonsuz təməl
ünsür var; heç nə saf deyil, başlanğıcdan hər şey qarışıqdır, bölünməyən şey
yoxdur, “daima bir daha kiçik vardır, çünki varolanın bölmə yoluyla varlıqdan
kəsilməsi imkansızdır”.
Anaksaqora görə ulduzlar və yeri təşkil edən maddələr eynidir. Göy cisimləri
də ağır maddələrdən, məsələn daş və dəmirdən ibarətdir, onlarda ilahi heç nə
yoxdur. Bu cisimlərin öz ağırlıqları nəticəsində yerə düşməmələrinin səbəbi
onların yerin ətrafında dövr etmələridir (bu, əslində, mərkəzdənqaçma
qüvvələri haqqında fikir idi). Günəş, Ay və ulduzlar Yerdən qopan daşlardır,
sürətli hərəkət nəticəsində közərmiş şəkildədirlər (sürət qüvvə yaradır).
Anaksaqor cisimlərin hər cür dəyişməsini gözəgörünməz kiçik zərrəciklərin
birləşməsi və ya ayrılması ilə izah edirdi. Kainat bir dəfə ilkin halda doğulub.
Müəyyən ağıl və ya dərrakənin təsiri nəticəsində ilkin halın, qarışıq maddənin
bir yerində güclü fırlanma hərəkəti başlamış və bu hərəkət get-gedə böyümüş,
nəticədə ilkin qarışıq maddə tərkib hissələrinə (birinci növbədə hava və oda)
ayrılmışdır.
Anaksaqoras “Nus”dan, yəni Zəkanın/Ağlın/Zehnin (Nous/Mind) aparıcı
gücündən bəhs etmişdi, “o hər şeyin bilgisinə və qüdrətə sahibdir”; qarışıqlığı
düzəldən, Xaosu Kosmosa keçirən Nus`dur. “Nus mövcud şeylər arasında
onların ən incəsi və ən safıdır”, yeganə saf olan şeydir, əks halda “onlar
üzərində heç bir gücə sahib olmazdı”.Nus başlanğıcda hər şeyi hərəkətə
gətirmiş, hava mərkəzə, daha incə şey olan efir isə havanın ətrafına yığılmışdır.
Bir-birinə zidd olan xassələr bir-birindən ayrılmış (sıx-seyrək, isti-soyuq, quru-
yaş, işıq-qaranlıq), sıx, yaş, soyuq və qaranlıq olanlar indi dünyanın (Yer`in)
olduğu yerə, əks xassədə olanlar isə efirə tərəf yığışmışlar. Daşlar sanki
mərkəzdənqaçma qüvvəsi nəticəsində uzaqlaşmış, qızmış, səma cisimlərinə
çevrilmişlər. Bizim dünyamıza bənzər digər dünyaların mövcudluğu
mümkündür. Boşluq yoxdur. O, Ay`ın öz işığını Günəşdən aldığını deyirdi,
yəni Ayın işığı Günəş şüalarının onun səthindən əks edilməsi ilə bağlıdır.
Mümkündür ki, Ayda canlılar yaşayır. O, Günəş və Ay tutulmalarını izah edə
bilirmiş (?). Anaksaqoras da əvvəlki İoniya filosofları kimi yaradılış və
təşəkkülü fiziki-mexaniki yolla izah edir.
Anaksaqorasa müasirləri Nus ləqəbi vermişdilər (Plutarx. Periklin həyatı).
Anaksaqoras Empedokles`in əksinə duyğunun (bənzərliklər deyil) ziddiyyətlər
əsasında ortaya çıxdığını vurğulayır. Gecə görə bilməməyimizin səbəbi həm
göz bəbəyimizin, həm də gecənin qaralığıdır.
Öz fikirləri ilə sağlam düşüncəyə meydan oxuduğuna görə (məsələn, Günəş
allah deyil, daş parçasıdır; meteoritlər Günəşdən qopan parçalardır) Periklin
düşmənləri Anaksaqorası dinsizlikdə və mümkündür ki, Perspərəstlikdə
(medeizm) suçlamışdılar (“-450” ətrafında). Bir qədər həbsdə yatan
Anaksaqoras orada sahəsi dairənin sahəsinə bərabər olan kvadrat qurmaq
məsələsi (x² = πR²) üzərində düşünürmüş (Plutarx). Bu doğrudursa, yunanların
praktik deyil, tam nəzəri xarakterə malik bir riyazi məsələ ilə maraqlandıqları
ortaya çıxır; bu yeni və çox mühüm addım idi. Bu, Antik dünyanın üç məşhur
qurma məsələsindən biri (zamanca ilki) sayılır. Perikl Anaksaqorasın təqribən
30 il yaşadığı Afinadan Lampsakusa (Hellespont, Kiçik Asiya sahillərinin
şimalı, indiki Çanakkale yanı) qaçmasına kömək etmişdi. (Anaksaqor ölümə
məhkum edilmişdi. Perikl`in sayəsində ölüm cəzası həmişəlik Afinanı tərk
etməklə əvəz olunmuşdu?). Anaksaqoras orada öz məktəbini açmış və
ömrünün sonuna kimi onu idarə etmişdi. “Vətəni ilə niyə çox maraqlanmır?”
sualına göyü göstərib onun vətəni olduğunu, qürbətdə ölmənin talesizliyindən
söhbət düşəndə isə o dünyaya gedən yolların hər yanda eyni olduğunu
deyibmiş. Lampsakuslular aqorada, bazar məhəlləsində onun heykəlini
qoymuşdular. Bu böyük filosofun xatirəsi Lampsakuslular tərəfindən əziz
tutulur, ölümündən keçən illər uzun müddət mərasimlərlə (məktəb uşaqlarına
tətil və əylənmə günü olaraq) yada salınırdı. Anaksaqorasla Milet-İoniya-Kiçik
Asiya məktəbi bitir, Afina fəlsəfə məktəbi başlayır. Perikl Anaksaqorası xilas
etdi, Sokratesi isə xilas edən lider olmayacaqdı...Anaksaqoras`ın öldüyü il
Platon dünyaya gəldi...
Sokratesə görə Anaksaqoras hadisələrin ancaq necə baş verməsi haqqında
danışır, niyə sualına isə cavab vermir, hər şeyə qadir saydığı Ağlı (“Nus”u)
əslində işə qarışdırmır, hava, efir və su kimi qəribə şeylərdən danışır, insandan,
onun məsuliyyətindən söhbət açmır (Plato. Phaedo). Bu məsələdə Sofistlərlə
Sokrates`in fikirləri oxşardır.
C.
Sofistlər. Protoqoras
Sofistlər və Sokrates dövrünü yunan maarifçiliyi və ya aydınlanma dövrü
sayanlar var (b.e.ə. 5-ci əsr). Bu dövr təbiətə maraq yerində qalmaqla(?) insana
(əxlaqa, dinə, siyasətə, mədəniyyətə,...) marağın kəskin artması baş verdi
(Avropada 17-ci əsrdən sonra gələn 18-ci əsr kimi). İnsan sanki əvvəlcə
ətrafını, sonra özünü anlamağa çalışır. Bu dövrdə təbiət fəlsəfəsinin gücünün,
imkanlarının tükəndiyi də deyilir; bir-birinə uyğun gəlməyən və bir-birinə zidd
olan izahlar, öz növbəsində, şübhəçiliyi artırırdı. Sofistlər haqqında məlumat
əsasən sonra gələn filosofların əsərlərindəki alıntılardan ibarətdir, onların
günümüzə gəlib çıxmış ciddi yazıları yox dərəcəsindədir. Sofistlər təbii insan
haqları görüşünü meydana çıxarmış və onu müdafiə edirdilər. Sofistlər və
onların tənqidi (Protaqorasa hörməti istisna etməklə) Sokrates və Platon,
müəyyən dərəcədə də Aristotel fəlsəfəsinə ideya verdilər, - belə demək
mümkündür. Sofistlər məktəb açmamışdılar, onlar fərdi dərs verirdilər.
Sofistlər insani ehtiyacları müzakirə edirdilər (maarifçilik!). Bilik və sənətin
önəmini, faydasını (mücərrəd olmadığını) göstərməyə, vətəndaş yetişdirməyə
çalışırdılar (Aristotel “bilmək üçün bilmək” deyəcəkdi). Sofistlər Yunanıstanı
gəzib-dolaşır, maraqlananlara (üstəlik dərs üçün pul verə bilənlərə) dərs
verirdilər. Gənclər arasında sofistlərə böyük maraq vardı, onlar sofistlərin
köməyilə öyrənmək, mübahisə etmək qabiliyyətini gücləndirmək istəyirdilər.
Sofistlər sanki öz fikirlərini müdafiə etməklə məşğul olmur (filosofların əksinə
olaraq), həqiqəti aşkar etmək məqsədi güdür, bu yolu öyrətməyə çalışırdılar;
bu, mənəviyyat fəlsəfəsi ilə bəzən (çox zaman?!) düz gəlmirdi. Sofistlər
insanları fəzilətli olmağa çağırmırdılar. Platon kimi filosoflar bu səbəbə görə
də (əsas?!) sofistləri sevmirdilər (yumşaq desək). Fəlsəfi doktrina tam səmimi
olmağa imkan vermir (?!)
Protaqoras (“-490/480”-?“-420”) Demokrites`in həmyerlisidir, Abdera
doğumludur (məşhur filosoflardan sanki yalnız Platon Afina doğumludur).
Afinaya dəfələrlə (azı iki dəfə?!) gəlib-getmiş, Herodot, Sokrates, Perikl kimi
ünlülərlə tanış olmuş, Periklin bir layihəsində iştirak etmişdir. Afinadan canını
qurtarmaq üçün qaçdığı güman olunur (tanrısızlıqda günahlandırılırdı).
Protaqoras “insan hər şeyin ölçüsüdür” (əslində “bütün şeylərin ölçüsü
insandır”), “üşüyən üçün külək soyuq, üşüməyən üçün soyuq deyildir”, yəni
vacib olan duyğudur və fərqli insanların eyni şey haqqında duyğuları fərqli ola
bilir və ya bir insanın eyni şey haqqında duyğuları fərqli zamanlarda fərqli ola
bilir) deyirdi. Platon isə duyğulara güvənmək olmaz, bilgi ağılla qavranılan
şeylərdən – İdeyalar`dan ibarətdir deyəcəkdi. Protaqoras həmçinin “hər şey
haqqında bir-birinə zidd olan iki fikir söyləmək mümkündür və hər ikisi doğru
ola bilər” deyirdi. Protaqoras tanrılar haqqında əsərində tanrıların varlığı,
yoxluğu, təbiətləri haqqında bilgi almağın mümkünsüzlüyünü (məsələ qeyri-
müəyyəndir və insan ömrü qısadır!) deməsi (“Tanrılar haqqında”) ona
hücumlara yol açdı. O, Afinadan qaçmalı olmuş və deyilənə görə, bir versiyaya
görə qaçarkən dənizdə batmışdı.
Platon isə “Bütün şeylərin ölçüsü Tanrıdır” deyəcəkdi (“Qanunlar”). Platonun
mühüm dialoqlarından biri “Protaqoras” adlanır, onun “Qorqias” (digər məşhur
sofist) adlı dialoqu da var. Protaqoras və Qorqias kimi sofistlərin (ödənişli)
dərsləri Afinada (və digər şəhərlərdə!) çox populyar olub. Sofistlər insanın
insan olması üçün bir ümumi dərsə-həyat dərsinə, siyasət dərsinə ehtiyacı
olduğunu vurğulayırdılar; insanlar bunu öyrənə bilərlər (Aristotel: insan siyasi
canlıdır/politikon zoon). Sofistlər şeir əvəzinə natiqliyi, xitabəti/ritorikanı və
beləliklə, gözəl nəsri dəbə mindirdilər. Aristofanes, Platon və qismən də
Aristoteles sofistləri mənfi/pis cəhətdən təsvir etmiş, bir çox hallarda gülünc
vəziyyətə salmışlar (başlanğıcda müdrik, bilgin və ya bilgin müəllim mənası
verən sofist kəlməsi tənqidlər və lağlar nəticəsində mənfi çalar almışdır). Onlar
sofistlərin pul alıb dərs vermələrini xüsusilə tənqid atəşinə tutmuşdular.
G.H.Lewes`ə görə “Sokrates`in Aristofanes tərəfindən gülünc hala salınması
nə qədər gerçəyə yaxınsa, Platon`un sofistləri təhrif etməsi də o qədər gerçəyə
yaxındır. Yalnız bu fərqlə ki, birincisinin səbəbi siyasidir, ikincisi isə fəlsəfi bir
kinin nəticəsidir”
(
Friedrich Albert Lange. Materializmin tarixi və günümüzdəki
anlamının eleştirisi. 1-ci cild, Sosyal yayınlar, 1998; səh. 57)
.
Sofistlər müəyyən düşüncə və həyat tərzi olan, onu təbliğ edən bilikli insanlar
idi (bu, onların ortaq tərəfidir, konkret görüşləri isə bir-birindən fərqli idi).
Afinada kök salan demokratiya, vətəndaş cəmiyyəti, bu yeni həyat sofistləri
yetişdirdi demək mümkündür. Protaqoras`ın “insan hər şeyin ölçüsüdür”
prinsipi fərdlərin yaradıcı və islahatçı ruhlarına mane olan ənənələri aşmağa
kömək edə bilirdi. Lakin bu prinsip həm də “güclü haqlıdır” kimi təhlükəli
yola da işıq saçır.
Qorqias`ın (?“-480”-?“-380”) cənubi İtaliyada doğulduğu deyilir,
Empedokles`in tələbəsi olub. Siciliyada Ritorika üzrə məşhurlaşıb (ritorikanı
/xitabəti Empedokles icad edib, Qorqiasa öyrədib, Qorqias da Afinaya satıb.
Aristotel), Afinada az olub. O, varlıq, düşüncə/idrak və ünsiyyət məsələlərinin
mürəkkəb olduğunu göstərən məntiqi aforizmlərin (paradoksların?) müəllifidir.
Qorqias`a görə bir şey var olub bir şəxs tərəfindən bilinsə belə, onu başqasına
anlatmaq çətindir; heç bir şey yoxdur, olsa onu dərk etmək, anlamaq olmur,
anlayanda onu başqasına anlatmaq olmur. Bəlkə də, xitabət fəlsəfədən
faydalıdır demək istəmişdir. Sofistlər fəlsəfədən daha çox yaşamaq prinsipləri,
xitabət, siyasətlə maraqlanır, insanlara bunları öyrətməyə çalışırdılar.
Sofist təlimini sistemli bir fəlsəfi məktəb saymaq bəlkə də doğru deyil. İlk
sofistlərdən fərqli olaraq sonrakılar, mümkündür ki, Afinanın pozulan
mühitindən və digər amillərdən təsirlənib ölçüsüz, dağıdıcı, hətta əxlaqsız
fikirlər irəli sürürdülər. Sonrakı sofistlər “tanrılar bic insanların uydurmasıdır”
fikrini ortaya atdılar. Onlar, gərək ki, yunan fəlsəfəsəsində ilk dəfə, dünyada
şərin varlığını tanrıların varlığı və ya tanrıların insanların işinə qarışması
ideyalarını inkar etmək üçün istifadə etdilər. İlk sofistlərin dövlət, cəmiyyət
içində insan təlimi sonrakılarda dövlət və cəmiyyət əleyhinə təlim ilə əvəz
olunmuşdu. Onlar təbiət etibarilə, bu səbəbdən ümumiyyətlə, insanların
bərabərliyi, insan təbiətinin, təbiətdən doğan fikir və hərəkətlərin qanunlardan
üstünlüyünü (yunan, ya qeyri-yunan; azad insan, ya qul) irəli sürürdülər.
Əslində, bu, mürəkkəb məsələdir, təbiəti etibarilə insanlar müqayisədə daha
güclü, daha ağıllı,..ola bilir, fərqli iş görüb fərqli haqlar istəyə bilərlər
(Nietzsche!). Digər tərəfdən Herodot`un tarixi də müxtəlif xalqların fərqli adət,
mədəniyyət və dövlətçiliyinin varlığını, yunan dəyər və qanunlarının universal
olmadığını göstərirdi. Sofistlər ümumi cəmiyyətə xas olan dəyərləri, o
cümlədən tanrıları, qanunları yox sayır, hər fərdin öz həqiqəti var deyirdilər.
Sofistlərin Tanrıları tanımaması, qanunlar və dövlət əleyhinə fikirlərini Platon
kəskin tənqid edir, onları pozuculuqda günahlandırırdı. Bu, sonda, böyük
ehtimalla, gücün doğruluğuna, gücün hakimiyyətinə gətirib çıxarmalıdır.
Elis`li (Pelopennes yarımadasının şimal-qərbi tərəfdə bölgə) Hippias əsasən “-5”-ci
əsrin ikinci yarısında yaşamış (o, Sokrates öldürüləndə sağ imiş), deyilənə görə çox
uzun ömür sürmüş məşhur sofistdir. Sokrates`in müasiri, Protoqarısın gənc müasiri
olub. Çox geniş bilik sahibi olan Hippias Yunanıstanı gəzə-gəzə (əsasən Afinada
yaşayırdı) nitqlər söyləmiş, hesab, həndəsə, astronomiya, musiqi, siyasət, poeziya,
ədəbiyyat və qramatika, arxeologiya, natiqlik, incəsənət sahələrində dərs demiş,
diplomat kimi də fəaliyyət göstərmiş (müxtəlif yerlərdə, xüsusilə Sparta`da Afinanı
təmsil etmiş), şöhrət qazanmışdır. Onun haqqında məlumatların bəziləri birtərəfli,
digərləri dumanlıdır. Platon (“Hippias minor” və “Hippias major” adlı dialoqlarında)
Hippiası özündən razı, lovğa, çox bilən, amma bilikləri səthi olan bir sofist kimi
təqdim edir, onu gülünc vəziyyətə salır. Hippias qeyri-adi yaddaşa malikmiş,
çoxbilginliyini bununla da izah edirlər. Hippias tarixdə, əsasən, ona aid edilən bir
riyazi kəşfə görə qalıb –belə demək mümkündür. O, üç məşhur məsələdən biri olan
bucağı üç bərabər hissəyə bölmək məsələsini həll etməyə çalışıb. Hippias`a aid edilən
ideyalardan biri də kainatın təməlinin oddan ibarət olmasıdır.
1.Ivor Bulmar-Thomas.
"Hippias of Elis." Complete Dictionary of Scientific Biography. 2008.
http://www.encyclopedia.com/doc/1G2-2830902010.html. 2. O'Connor, John J.; Robertson,
Edmund F., "Hippias", MacTutor History of Mathematics Archive, University of St Andrews
.
Sofistlər bir tərəfdən, natiqlik sənəti (ritorika) digər tərəfdən fikir irəli sürüb
onu deduktiv yolla isbat etmək məharətini populyarlaşdırdı və inkişaf etdirdi.
Bu, zənnimcə, riyazi təklifləri də ilkin şərtlərdən (aksiomlardan) deduktiv yolla
almaq, yəni isbat olunacaq faktı-teoremi dürüst ifadə etmək və bu ifadə
olunmuşu doğru qəbul edilmiş faktların köməyi və silloqizmlərlə sübuta
yetirmək mədəniyyətinin formalaşmasına gətirib çıxardı (və yəqin ki, öz
növbəsində riyazi mühakimələr də sofistlərin deduktiv mülahizə sisteminə təsir
etmişdi). Rasionallaşan düşüncə mifləri də dünyanın, kainatın təbiəti, əmələ
gəlməsi kimi məsələlər istiqamətində rasionallaşdırmağa çalışdı, əsas
elementləri (su, hava, daha mücərrəd apeyron,...) və qüvvələri anlamaq və
ifadə etmək yolunu işıqlandırdı. Demokratik quruluş açıq müzakirələri təşviq
etdi, güclü məntiq və gözəl ifadə tərzi öz daşıyıcısını yaşatdı və şöhrətləndirdi.
İdman yarışları (olimpiadalar) ilə yanaşı natiqlik yarışı, söz və fikir yarışı geniş
yayıldı. Sofistlərin fəaliyyətinin mühüm bir tərəfi də dil təhlilinin güclənməsi
idi.
D.
Sokrates
5-ci əsrin sonlarına yaxın Afinanın (və müttəfiqlərinin) Peloponnes savaşında
(“-431”-“-404”) məğlub olması və bir çox sahələrdə (iqtisadi, siyasi, əxlaqi,...)
başlanan böhran, aristokratlarla demokratlar arasındakı barışmazlıq və nifrət
deyəsən sofistlərə və Sokratesə qarşı hirs və kinin artmasına səbəblərdən biri
olub.
Afinalı Sokrates (?”-470/69”-“-399”), sofistlərə etirazla (sofistlər öyrətmə
maskası, görüntüsü altında pul qazanmaq ehtirası naminə ova
çıxanlardır...Platon: “Sofist”) və sofistlərin davamı olaraq meydana girmiş,
xalq və əxlaq fəlsəfəsinin zirvəsi, şifahi müdrikliyin təcəssümü, filosofcasına
həyat sürmüş və dünyadan filosof ölümü ilə getmiş gerçək, amma
əfsanələşmiş bir şəxsdir. O, savaşlarda göstərdiyi hünər, həyatda ədaləti
qoruyan cəsur hərəkətləri və əlbəttə ki, filosofluğu ilə zamanının ən populyar
insanı olmuşdur. Görünüş cəhətdən çirkin, davranışlarında ölçülü, çox dözümlü
olmuş, çox sadə geyinər, ayaqyalın gəzərmiş, iki dəfə evlənmiş, üç oğul atası
olub. Tələbəsi Platon`a məxsus bir çox əsərlərin baş qəhrəmanıdır; digər
tələbəsi, tarixçi və hərbçi Ksenofon (t.”-430”-“-354”) da Sokrata aid dialoqlar
yazmışdır. Aristofan öz “Buludlar” komediyasında Sokratın xoşagəlməz,
gülünc surətini yaratmışdır (Platonun “Ziyafət” dialoqunda Sokrat və
Aristofanın bir məclisdə yan-yanaşı mehribanca iştirakı və söhbətləri təsvir
olunur).
Sokratesin gücü ağıl və səmimiliyin vəhdətindədir, sual-cavab ustalığındadır.
Platon onun özünə qapandığı, ətrafa fikir vermədən uzun müddət bir yerdə
dayanıb düşündüyü səhnələri təsvir etmişdir.
Platon “Apologiya”sında (Sokratın məhkəmədə özünü müdafiə çıxışı haqqında
məşhur əsərində) bir əhvalatı yada salır. Delfoi/Delphoi kahininin “yunanlar
içində ən müdrik şəxs Sokratesdir” fikri, rəvayətə görə Sokratesi
təəccübləndirmiş və o, müdrik insanları tapmaq üçün tanınmış dövlət adamları,
şairlər, müxtəlif sənət sahibləri ilə söhbətə girişmiş, onlarla humanitar
məsələlər ətrafında müzakirələr apamışdır (Delfoi məbədi üzərində insana
müraciətlə “özünü dərk et” yazılıbmış). Onun gəldiyi nəticə gözlənilməz olub:
insanlar bildiklərini sanır, lakin bilmirlər. Və Sokrat bunu həmin adamların
üzünə demiş, öz dediyi kimi onların nifrətini qazanmışdı. Sokrates`in onlardan
fərqi heç nə bilmədiyini dərk etməsiymiş. “Bir şey bilirəmsə, o da heç nə
bilmədiyimdir”. Amma bilik əldə oluna biləndir. Bilik insanın fəzilətli
olmasına kömək edir. Tək müdrik olan isə Tanrıdır.
Sokratesin təlimi bilgisizlik, şübhəçilik və əxlaqi dəyərləri əldə tutaraq dialoq
aparmaqla anlamaq, bilgi əldə etmək, həmçinin özünü yetişdirməkdir. Bu,
əlbəttə ki, bir fəlsəfi fikir olaraq şübhəçilik deyil, tənqidi düşüncə vasitəsilə
bilik əldə etməkdir. Sokrates özünü dərketmə yolunun insanı fəzilətə doğru
apardığını deyirdi. Sokrates materialistlər kimi tanrısız olmayıb, əksinə
tanrılarsız əxlaqın ola biləcəyinə inanmamışdır (Delphoi kahininin Sokratesi ən
müdrik etməsində, az da olsa, bu fakt da rol oynamış ola bilər). İnsanın
məqsədi xoşbəxtlikdir. Əsl xoşbəxtlik fəzilətli/comərd/ləyaqətlı/yaxşı əxlaqlı
(dobrodetel`/virtue) və ədalətli olanlara nəsib olur. Fəzilətli insan yaxşı-
yamanı, xeyir-şəri bir-birindən ayıra bilir. Sokrates insanı mərkəzdə
yerləşdirmək baxımından sofistlərə yaxındır.
Bu dövrün əxlaq fəlsəfəsini mərkəzə qoyan filosofları təbiətşünaslıq məsələləri
içində də əxlaqa yer ayırırdılar. Sokrates də sofistlər kimi kainatın materialist
izahını sevmirdi. Sokrates Anaksaqoras`ın kainatı bir Ağlın (Nus`un) yaratdığı
fikrindən ruhlanmış (Ağlı tanrı olaraq qəbul etmiş), lakin onun digər kainat
hadisələrini də bu yolla izah etməsini görməmişdir. Anaksaqorda yaranışın və
gərdişin bir məqsədə doğru hərəkətdən ibarət olmasını, bu yaradıcı qüvvəni,
teleoloji yanaşmanı görməyən Sokrates hirslənmiş, fizika əvəzinə insan
təbiətini, əxlaqi və mənəvi dəyərləri öyrənməyə (və beləliklə öyrətməyə və ya
təbliğ etməyə) başlamışdır.Sokrates öz tələbələrinə səma cisimlərinin hərəkət
qanunları, onların mənşəi, yerdən olan məsafələri kimi məsələlərlə məşğul
olmağı məsləhət görmürdü. Tələbəsi Ksenofont Sokratın sözlərini yada salır:
bunlar insan üçün bir sirr olaraq qalacaq, insana hansı sirrləri açıb-açmamağı
tanrılar özləri bilərlər. Sokrates və Platon (həmçinin Aristotel) hər şeyin
məqsədli, insan üçün, insanın xeyrinə yaradıldığını irəli sürürdülər
(materializmə qarşı əsasən teleoloji baxış; materializmi tam inkar etməsələr
də).
Dialoqlarında o özü də tələbədir, əsla müəllim deyil. “Pislik edən onun pislik
olduğunu bilmir” (yəni günahkarları öldürməyək, islah edək, başa salaq?!).
“Pislik etməkdənsə, pisliyə məruz qalmağı üstün tutardım” (Platon.
“Qorqias”). Sokrates (Platon?!) dialoqlarında sofistlərin əksinə fərddən asılı
olmayan, dialoqdakı hər iki şəxsin qəbul etməli olduğu bir doğrunun varlığını
göstərirdi. Sofistlərin nisbiliyinə qarşı Platon dəqiq/riyazi sübut oluna bilən
fikir qoyurdu; bu, sofist nisbi fikrinin yanlış olduğunun sübutuna çevrilirdi.
Sokrates Afina gənclərini yoldan çıxarmaqda, onların əxlaqını pozmaqda,
yunan tanrılarına inanmayıb başqa tanrılara tapınmaqda, bir sözlə, əxlaqsızlıq
və dinsizlikdə, gəncləri də buna cəlb etməkdə günahlandırıldı və məhkəməyə
cəlb edildi. Bu dövrdə Afina siyasi, iqtisadi və hərbi cəhətdən çox zəifləmişdi;
vəba və vətəndaş qarşıdurması da bunların üstünə gəlmiş, Afinalılar pərişan
idi. Aristofanes “-423”-də yazdığı “Buludlar” dramında Sokrates`in bənzər
günahlarından söhbət açmış, cəza olaraq evi yandırılmışdı (əsərdə). Platon
məhkəmədə iştirak etmiş və sonralar (bir neçə ildən sonra?) öz
“Apologiya”sını yazmışdı. Sokrates məhkəmədəki çıxışında bacardığı işin
həqiqəti demək olduğunu demiş, onun tanrısız olduğu haqqında Aristofan və
tanımadığı şəxslər tərəfindən köhnədən şayiələr yayıldığını yada salmışdı.
Sokrat günahlandırılmasına əsas səbəb olaraq “fəlsəfənin narahatlıq
yaratdığını” vurğulamışdı. Fəlsəfə öz təhlili ilə “böyüklərin” nüfuzuna toxunur;
və filosof (Sokrates) bu təhlildən qaça bilməz. Sokrates ona qarşı yönəldilən
bütün iddiaları təkzib edir: tanrılara sitayişini edir, vətəndaş kimi üzərinə
düşəni edib, savaşıb, ədaləti qoruyub, dürüst olub, dərs üçün heç kimdən pul
almayıb (sofistlərin əksinə), kim gəlsə onunla söhbət edib, heç kimi geri
qaytarmayıb.
“Nə qədər ki, nəfəsim üstümdədir və gücüm var - filosofluq etməyi buraxan
deyiləm...”. “Şübhəniz olmasın ki,...məni edam etməklə siz daha çox özünüzə
zərər verəcəksiniz, nəinki mənə”. Sokrat tələbələrinin və onların
valideynlərinin məhkəmədə iştirak etdiyini və onların heç birinin Sokratın
gəncləri yoldan çıxarması barədə şahidlik etmədiklərini də nəzərə çatdırır.
(Platon. “Sokrates`in Apologiyası/Müdafiəsi”.).
Məhkəmə bir qədər səs üstünlüyü ilə Sokratı suçlu saydıqdan sonra Sokrat
qanunlara əsasən özünə ağır ölüm cəzası əvəzinə digər, amma bir qədər ağır
cəza verilməsini istəyə bilərdi. Sokrat isə ölüm cəzasının müəyyən (çox böyük
olmayan) pul ödənilməsi ilə əvəz olunmasını istədi (Platon`u zaminlərdən biri
olaraq göstərmişdi). Məhkəmə bunu ələsalma sayaraq bu dəfə böyük
əksəriyyətin səsi ilə Sokratı zəhərli su baldırğanı udmaqla ölümə məhkum etdi.
Bundan sonra Sokrat son çıxışını etdi. Afinalılara müraciətlə “insanları
öldürməklə doğru yaşamadığınızı unutdura bilməyəcəksiniz“ dedi. Ən sadə, ən
yaxşı yol: “başqalarının ağzını bağlamayın və özünüz də mümkün qədər yaxşı
olmağa çalışın”. “Artıq getmək vaxtı çatdı, mənə-ölmək üçün, sizə - yaşamaq
üçün; bəs bunlardan hansı yaxşıdır – bunu Tanrıdan başqa heç kim bilmir”.
Ölümdən qaçmaq istəmədi (dostlarının təkidinə baxmayaraq). Platon qaçmağı
Sokratın qaçmaq istəməməsini onun öz prinsiplərinə xəyanət etməməsi və
qanunlara hörmət etməsi (demokratiyanı sevməsə də) kimi şərh etmişdir.
Ksenofon da Sokratın məhkəməsi haqqında “Sokratın məhkəmədə
müdafiəsi/apologiyası” adlı əsər yazmışdır. O, ölüm qərarından sonra Sokratın
“dünya ilə vidalaşmaq zamanı gəldi” kimi düşündüyünü yazmışdır.
Sokratesin himayə etdiyi iki şəxs (biri Platon`un qohumu-anasının əmisi olan Kritias,
digəri Alkibiades) Afinaya böyük ziyan vurmuş, biri insanların haqsız ölümlərinə
qərar verənlərdən olmuş, digəri düşmən tərəfə keçmişdi (və onlar demokratların
düşməni olan aristokratlar idi). Sokrates həmçinin Afinada tətbiq olunan xalq
məhkəməsi, xalq məclisi kimi demokratik ünsürlərə toxunur, bu cür işlərin peşəkarlar
tərəfindən görülməsini doğru sayırdı. Filosoflar intizamsız, hər kəsin söz dediyi
demokratiyanı sevmirdilər. Görünür ki, işin altında yatan bu siyasi səbəblər üzündən
məhkəmə onun haqqında ölüm qərarı çıxardı. Lakin Sokrates sevmədiyi qanunlara
belə hörmətlə yanaşmış, ona qaçmağa imkan yaradılsa da, qaçmamış, bununla da
təlimi ilə həyat tərzinin bir-birinə qovuşduğunu göstərmişdir.
Dostları ilə paylaş: |