KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 399,5 Kb.
səhifə1/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
  1   2   3   4   5   6   7   8   9   10   11


KƏHRƏBA
İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr

Kitаbın аdı:.........................................Kəhrəba

Tərtib edən:......................................Hadi Ülya

Tәrcümә еdәn:...........................İbrahim Mirzə

Nәşr еdәn:.................................."Üfüqe-fərda"

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000


Söhbət Allah liqasından və Allahla görüşdən gedir.

İnsanın yaranmasının, “Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan“ sözünün, bütün bu fəaliyyət və zəhmətlərin məqsədi budur: “Sən Ona qovuşacaqsan!“

Əgər kimsə Allah liqasını vətən seçmişsə, "bizimlə gəlsin”, Hüseynlə (ə) birgə yola düşsün, evdə oturmaq olmaz!

Dünyadan və dünya nemətlərindən yapışmaq və Hüseyn (ə) yolundan xəbərsiz qalmaq olmaz!

Yola düşməliyik.

Bu yola düşmək bizim daxilimizdən, nəfsimizdən və nəfsin paklığı ilə başlayır, sonra cəmiyyətə və dünya miqyasına çatır.


Məhərrəm ayı ərəfəsində ruhani və vaizlərlə görüşdəki çıxışdan: 1995.
Hüseyn ibn Əlinin (ə) adı qəribə addır.

Duyğusal baxımdan yanaşdıqda görürsünüz ki, o imamın adı inanclı müsəlmanların qəlbini maqnit və kəhrəba kimi özünə cəzb etmək xüsusiyyətinə malikdir.

Düzdür, müsəlmanların arasında buna malik olmayanlar və əslində İmam Hüseyn (ə) inancından bəhrəsiz qalanlar var. Digər tərəfdən, bu ailənin şiələri sayılmayan şəxslər də var. Lakin onların arasında elələri də var ki, Hüseynin (ə) adı gözlərini yaşardır, qəlblərini coşdurur. Allah-Taala İmam Hüseynin (ə) adına elə təsir bəxş etmişdir ki, bu ad çəkiləndə biz İran xalqının və digər şiə xalqların ürəyinə və canına mənəvi bir hal hakim olur. Bu o müqəddəs adın duyğusal mənasıdır. Əvvəldən də agah insanlar arasında belə olmuşdur. Rəvayətlərdən, tarixdən və əsərlərdən anlaşılana əsasən, əziz Peyğəmbərin (s) və Əmirəl-mömininin (ə) evində, onların yaşadığı yerdə bu əziz varlıq bu xüsusiyyətə malik olmuş, ona məhəbbət və eşq bəslənmişdir. Bu gün də belədir.
İslam İnqilabının Böyük Rəhbəri və Ali Baş Komandanın Keşikçi Günü münasibəti ilə İslam İnqilabının Keşikçilər Korpusunun komandirləri, məsul işçiləri və şəxsi heyəti, həmçinin polislər və İslam inqilabı əlilləri ilə görüşündəki çıxışından: 1995.
İnsan vacib əməli və vəzifəni yerinə yetirməlidir. Lakin bu iş böyük bir problemə, misal üçün, bir çoxlarının öldürüləcəyinə bais olsa, daha vəzifəsi olmadığını düşünür. Siz görün İmam Hüseynin (ə) qarşısında hər bir yaxıngörən insanı yoldan saxlaya bilən belə şəriət üzrləri nə qədər olmuşdur; biri o birindən sonra qarşıya çıxırdı. Əvvəlcə Kufə xalqının üz çevirməsi və Müslimin öldürülməsi hadisəsi baş verdi. Fərz edək burada İmam Hüseyn (ə) buyurmalı idi ki, bu, şəriət baxımından üzrlü səbəbdir və vəzifə boynumuzdan götürülür. Biz istəyirdik Yezidlə beyət etməyək, amma bu vəziyyətlə mümkün deyil, xalq da dözmür. Deməli, vəzifə götürülmüşdür və məcbur qalıb beyət etməliyik.
Böyük Rəhbərin İmam Xomeyninin məqbərəsindəki izdihamlı toplantıda çıxışından: 1996.
Aşura sırf tarixi hadisə deyildi. Aşura bir mədəniyyət, davamlı bir düşüncə və İslam ümməti üçün daimi örnək idi.

Həzrət Əbu Abdullah (ə) öz dövründə tam aydın əqli və məntiqi izahı olan bu hərəkəti ilə İslam ümməti üçün bir nümunə yazıb qoydu.

Bu nümunə təkcə şəhid olmaq deyil, mürəkkəb və çox dərin bir şeydir.

Həzrət Əbu Abdullahın (ə) hərəkətində üç element vardır:

Məntiq və ağıl,

Qəhrəmanlıq və izzət,



Duyğu.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
Bu hərəkətdə məntiq və ağıl elementi o həzrətin, bu hərəkətin başlanmasından öncə Mədinədə olduğu zamandan şəhidlik gününə qədərki sözlərində görünür. Bu nurlu kəlamların hər bir cümləsi möhkəm bir məntiqi bəyan edir. Bu məntiqin xülasəsi odur ki, şərait mövcud və münasib olduqda müsəlmanın vəzifəsi addım atmaqdır; bu addımın ən yüksək mərhələlərdə təhlükəsi olsun, yaxud olmasın. Ən böyük təhlükə odur ki, insan özünün və əzizlərinin canını, özünün yaxın namuslarını - həyat yoldaşını, bacısını, övladlarını və qızlarını ixlasla meydana aparsın və əsirliyə məruz qoysun. Bunlar çox təkrar olunduğundan bizə adi görünür, halbuki bu sözlərin hər biri oyadıcıdır. Odur ki, hətta bu həddə təhlükə olmasa da, bu xəttə münasib addım üçün şərait mövcud olduqda insan addım atmalı və dünya onun qarşısını almamalıdır; nəyisə nəzərə almaq və mühafizəkarlıq insana mane olmamalıdır; fiziki ləzzət, rahatlıq və asayiş insanın yolunu kəsməməlidir. İnsan hərəkət etməlidir. Əgər hərəkət etməsə, deməli, onun imanının və İslamının sütunları yerində deyil. "Həqiqətən Allahın Rəsulu belə buyurub: “Kim Allahın haramını halal edən zalım bir hökmdarla üzləşsə, lakin əməli və sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin”. Məntiq budur. Dinin bünövrəsi təhlükəyə düşdükdə siz bu təhlükəli hadisənin qarşısında sözlə və işlə müdaxilə etməsəniz, (sizin kimi) məsuliyyətsiz və öhdəliksiz insanı qarşı tərəfin - yəni həmin hegemonun və zalımın vəziyyətinə düçar etmək Allahın haqqıdır.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
Hüseyn ibn Əli (ə) bu işin aqibətini bilirdi. Belə düşünmək olmaz ki, o həzrət hakimiyyətə - sözsüz ki, o hakimiyyətin məqsədi müqəddəsdir – gəlmək üçün gözlərini bağlayıb hərəkət etdi. Xeyr, bir ziyalınüma baxışın bizi buna çəkməsinə əsla lüzum yoxdur. Xeyr, dəqiq hesablara əsasən və imamətə xas aydın baxışla bu yolun aqibəti İmam Hüseynə (ə) bəlli idi. Lakin məsələ o qədər əhəmiyyətlidir ki, Hüseyn ibn Əli (ə) kimi qiymətli bir şəxs bu məsələ ilə rastlaşdıqda öz canını ixlasla meydana aparmalıdır. Bu, qiyamətə qədər bütün müsəlmanlara aiddir. Buna əməl də olunmuşdur, yalnız nümunə göstərmək üçün yazı lövhəsinə yazılan və sonra pozulan bir dərs olmamışdır. Bu, İslam tarixinin alnında ilahi rənglə qeyd olundu; çağırdı, cavab aldı, bu günə qədər də alır.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
İkinci element qəhrəmanlıqdır. Yəni lazım olan bu mücahidlik gərək İslam izzəti ilə edilsin. Çünki "izzət Allaha, onun Rəsuluna (s) və möminlərə məxsusdur". Müsəlman həmin hərəkətdə və mücahidlikdə də özünün və İslamın izzətini qorumalıdır. Məzlumluğun zirvəsində də çöhrəyə baxsan, qəhrəman və izzətli bir çöhrədir. Əgər öz müasir tariximizin müxtəlif siyasi və hərbi mübarizələrinə baxsanız, görərsiniz ki, hətta əlinə tüfəng alıb fiziki müharibəyə atılanlar da bəzən özlərini alçaltmışlar. Lakin Aşura məntiqində belə bir şey yoxdur. Hüseyn ibn Əli (ə) bir gecə möhlət aldıqda da izzətlə möhlət alır, “kömək edən varmı?” - deyə yardım istəyəndə də izzət və iqtidar mövqeyindən deyir. Mədinə-Kufə yolunda müxtəlif insanlarla rastlaşdıqda, onlarla danışdıqda və bəzilərindən kömək istədikdə də zəiflik və gücsüzlük mövqeyindən istəmir. Bu da başqa bir dəyərli elementdir. Bu element Aşura yolçularının öz proqramlarında yerləşdirdikləri bütün mücahidliklərdə nəzərə alınmalıdır. Bütün mücahid hərəkətlər – istər siyasi, istər təbliğat, istər canını fəda etməyin lazım olduğu hərəkətlər izzət mövqeyindən olmalıdır.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
Aşura günü Feyziyyə mədrəsəsində imamın simasına baxın:

Nə silahlı əsgəri, nə bir gülləsi olan ruhani elə izzətlə danışır ki, onun izzətinin ağırlığı düşmənin dizini qatlayır.

Bu, izzət mövqeyidir. İmam həmişə belə idi:

Tənha, yalqız, dəstəsiz, lakin izzətli.

Bu bizim Böyük İmamımızın siması idi.

Allaha şükür edək ki, biz bu zamanda yaşadıq. Allah dəfələrlə və illərlə dediyimizin, oxuduğumuzun və eşitdiyimizin real nümunəsini gözlərimiz önündə göstərdi. Biz öz gözlərimizlə onu gördük. O bizim Böyük İmamımız idi.


İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
Üçüncü element duyğudur. Yəni həm hadisənin özündə, həm də davamında duyğu təyinedici bir rol yaratmışdır. Bu, Aşura və şiə cərəyanı ilə digər cərəyanlar arasında sərhədin yaranmasına bais oldu. Aşura hadisəsi quru və yalnız məntiqi hadisə deyil, onda eşqlə, məhəbbətlə, rəhmlə və ağlamaqla yanaşı olan emosiya da var. Emosiyanın gücü böyükdür. Odur ki, bizə ağlamağı, ağlatmağı və hadisəni izah etməyi tapşırırlar. Zeynəb-Kübra (ə) Kufə və Şamda məntiqli danışır, lakin mərsiyə oxuyur; İmam Səccad (ə) Şamda minbər üzərində elə qüdrətlə və möhkəm şəkildə Əməvi hakimiyyətinin başından vurur, lakin mərsiyə oxuyur. Bu mərsiyəxanlıq bu günədək davam edir və əbədi olaraq davam etməlidir ki, emosiyalar cəlb olunsun. Emosional mühitdə, eşq və məhəbbət vadisində digər yerlərdə anlaşıla bilməyən çoxlu həqiqətləri anlamaq olar.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdəki çıxışından: 2006.
İran xalqının böyük inqilabında da Aşuranın, Hüseyn ibn Əlinin (ə) və məhərrəm hadisələrinin xatirəsinin əsaslı rolu vardır. Aşura mövzusu tükənməyən və əbədi bir mövzudur. Bu hadisə nə üçün İslam tarixində bu qədər böyük təsirlər qoymuşdur? Mənim fikrimcə Aşura məsələsi ona görə qeyri-adi əhəmiyyətə malikdir ki, bu hadisədə olan fədakarlıq və candan keçmək müstəsna bir fədakarlıqdır. İslam tarixinin əvvəlindən bu günədək həmişə müharibələr, şəhadətlər və fədakarlıqlar olmuşdur. Biz də öz dövrümüzdə mücahidlik edən, canından keçən və çətin şəraitə dözən çox insanlar görmüşük. Bizim bütün bu şəhidlərimiz, bütün bu əlillərimiz, əsir düşənlərimiz, onların ailələri və inqilabdan sonrakı illərdə, yaxud inqilab dövründə fədakarlıq edən digər şəxslər bizim gözümüz önündədirlər. Keçmişdə də belə hadisələr olmuşdur; tarixdə oxumusunuz. Lakin bu hadisələrin heç biri Aşura hadisəsi ilə müqayisəolunası deyil; hətta Bədr, Ühüd və erkən İslam çağının şəhidlərinin şəhadəti də. İnsan fikirləşəndə bizim bir neçə imamımızın dilindən şəhidlər ağasına müraciətlə “sənin (faciəli) günün kimi heç bir gün yoxdur” – sözünün nə üçün deyildiyini anlayır.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Aşura hadisəsinin əsas məğzi budur ki, hər yeri zülmətin, fəsadın və zülmün bürüdüyü bir dünyada Hüseyn ibn Əli (ə) İslamı xilas etmək üçün qiyam etdi və bu böyük dünyada heç kəs ona kömək etmədi. Hətta o həzrətin dostları, yəni hər biri bir cəmiyyəti bu meydana və Yezidlə mübarizəyə çəkə bilən şəxslər bəhanə ilə meydandan çıxdılar və qaçdılar; İbn Abbas bir cür, Abdullah ibn Zübeyr bir cür, səhabə və tabelərdən olan digər böyüklər də bir cür. Məşhur və adlı-sanlı şəxsiyyətlərin, təsir göstərə bilən və mübarizə meydanını qızışdıra bilən şəxslərin hər biri bir cür meydandan çıxdılar. Danışanda hamısı İslamı müdafiədən danışırdılar, lakin növbə əmələ çatdıqda gördülər ki, Yezidin hökuməti qəddar hökumətdir, rəhm etmir, sərt tədbirlərə qərar vermişdir. Odur ki, hər biri bir tərəfə qaçıb İmam Hüseyni (ə) tənha qoydular. Hətta öz işlərini üzrlü göstərmək üçün Hüseyn ibn Əlinin (ə) yanına gedib o həzrətə israrla deyirdilər ki, ağa, siz də qiyam etməyin, Yezidlə müharibəyə girişməyin.

Bu, tarixin qəribə bir ibrətidir.


İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Böyüklərin qorxduğu yerdə, düşmənin çox qəddar simasını göstərdiyi yerdə, hamının, meydana qoşulacağı təqdirdə qərib meydanın onları udacağını hiss etdiyi yerdə, insanların içinin və daxilinin tanındığı yerdə, o zamanın olduqca çoxlu əhalisi olan bütün İslam dünyasında - bu böyük bir dünya idi, bu gün müstəqil və ayrı olan çoxlu müsəlman ölkələr o zaman bir ölkəni təşkil edirdilər - düşmənin qarşısında dayanmağa qərar verən, buna iradəsi və cürəti çatan şəxs Hüseyn ibn Əli (ə) idi.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Bu məzlumluqdur. Bu məzlumluq kiçilmə və alçalma deyil. İmam Hüseyn (ə) İslam tarixinin ən əzəmətli mübarizi və mücahididir. Çünki o belə bir meydanda dayandı, qorxmadı və cihad etdi. Lakin bu böyük insanın əzəməti qədər məzlumluğu da var. O, böyük olduğu qədər məzlumdur da. O, qürbət içərisində şəhadətə qovuşdu. Döyüş meydanına gedən, xalqın şüar dediyi, təriflədiyi, ətrafını özü kimi qəhrəman insanların əhatə etdiyi, yaralanacağı, yaxud şəhid olacağı təqdirdə xalqın onunla necə eşqlə rəftar edəcəyini bilən fədakar əsgərlə və dəliqanlı insanla qürbətdə, zülmətdə, tənha, köməksiz, xalq tərəfindən heç bir yardıma ümidi olmayan halda və düşmənin geniş təbliğatına rəğmən, dayanan, mübarizə aparan, Allahın qəza və qədərinə razı və Allah yolunda öldürülməyə hazır olan şəxs arasında fərq var. Kərbəla şəhidlərinin əzəməti bundadır. Onlar Allah və din yolunda cihaddan ibarət olan vəzifə hissi üçün düşmənin əzəmətindən qorxmadılar, öz tənhalıqlarından vahiməyə düşmədilər, saylarının az olmasını düşmən qarşısında qaçmağa səbəb bilmədilər. Bir insana, bir rəhbərə və bir xalqa əzəmət bəxş edən budur: düşmənin puç əzəmətindən qorxmamaq.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Seyyidüş-şühəda (ə) bilirdi ki, şəhid olandan sonra düşmən cəmiyyətdə və ozamankı dünyada onun əleyhinə təbliğat aparacaq. İmam Hüseyn (ə) elə bir şəxs deyildi ki, zamanı və düşməni tanımasın. O, düşmənin hansı xəbisliklər törədəcəyini bilirdi. Eyni zamanda inamı və ümidi vardı ki, onun bu məzlumcasına və qəribcəsinə hərəkəti nəhayət düşməni həm qısa və həm uzun müddət üçün məğlub edəcək; elə də oldu.

İmam Hüseynin (ə) məğlub olduğunu düşünmək səhvdir. Öldürülmək məğlub olmaq deyil. Müharibədə öldürülən şəxs məğlub sayılmır, öz məqsədinə çatmayan şəxs məğlub sayılır. İmam Hüseynin (ə) düşmənlərinin məqsədi İslamı və Peyğəmbərin (s) yadigarlarını yer üzündən silmək idi. Onlar məğlub oldular; çünki belə olmadı. İmam Hüseynin (ə) məqsədi isə İslam düşmənlərinin hər yeri istədikləri rəngə boyamaqdan ibarət olan yekdil proqramını iflasa uğratmaq, İslamın, onun məzlumluq və haqlılıq nidasının hər yerdə ucalması və nəhayət İslam düşməninin məğlub olması idi. Və belə də oldu.



İmam Hüseyn (ə) həm qısa müddət üçün qalib oldu, həm də uzun müddət üçün.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Qısa müddət üçün belə oldu ki, bu qiyamın, o həzrətin məzlumcasına şəhadətinin və ailəsinin əsir olmasının özü Bəni-Üməyyə hökumətini zəiflətdi. Həmin hadisədən sonra İslam dünyasında – Mədinədə və Məkkədə bir-birinin ardınca bəzi hadisələr baş verdi və nəhayət Əbu Süfyan sülaləsinin məhvinə səbəb oldu. Üç-dörd ildən sonra Əbu Süfyan sülaləsi tamamilə sıradan çıxdı. Kim təsəvvür edərdi ki, İmam Hüseyni (ə) Kərbəlada məzlumcasına şəhid edən bu düşmən o imamın fəryadının əks-sədasına bu şəkildə məğlub olsun; özü də üç-dörd ildən sonra?! İmam Hüseyn (ə) uzun müddət üçün də qalib oldu. Siz İslam tarixinə baxsanız, görərsiniz ki, dünyada din nə qədər inkişaf etdi, İslam dini nə qədər kök saldı, İslam xalqları necə yarandılar və inkişaf etdilər, İslam elmləri necə inkişaf etdi, İslam fiqhi necə inikşaf etdi və nəhayət, əsrlər ötdükdən sonra bu gün İslam bayrağı dünyanın ən uca yerlərindən birində dalğalandı.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Allah yolunun dünya qarşısında elə məzlumcasına dayanan, qanı tökülən, ailəsi əsir alınan mübarizi və mücahid şəxsi öz düşməninə qələbə çaldı. Bu, xalqlar üçün bir dərsdir. Buna görə müasir dünyanın hətta bəziləri müsəlman olmayan böyük rəhbərlərindən nəql edirlər ki, biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik. Bizim öz inqilabımız həmin nümunələrdən biridir. Bizim xalqımız da Hüseyn ibn Əlidən (ə) öyrəndi; anladı ki, öldürülmək məğlub olmaq demək deyil; anladı ki, zahirən qüdrətli düşmən qarşısında geri çəkilmək fəlakətə və bədbəxtliyə bais olur. Düşmən nə qədər əzəmətli olsa da, mömin cinah və mömin tərəf Allaha təvəkkül edib onun qarşısında cihada qalxsa, nəhayət düşmən məğlub olacaq və möminlər qalib. Bunu bizim xalqımız da anladı.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla düşmənin əzəməti qarşısında insanın tərəddüdə düşməməsi üçün bir misaldır. Bu, sınaqdan çıxmış bir örnəkdir. Düzdür, erkən İslam çağında Hüseyn ibn Əli (ə) 72 nəfərlə şəhadətə qovuşdu, lakin mənası bu deyil ki, kim Hüseynin (ə) yolunu gedirsə və kimlər mübarizə aparırlarsa, mütləq şəhid olmalıdırlar. Xeyr, İran xalqı Allahın lütfü ilə bu gün Hüseynin (ə) yolunu təcrübə edib İslam xalqları və dünya xalqları arasında başucalığı və əzəmətlə yaşayır. Sizin inqilabın qələbəsindən öncə getdiyiniz yol Hüseyn (ə) yolu - yəni düşməndən qorxmamaq və qüdrətli düşmənlə mübarizəyə girmək idi. Müharibə dövründə də belə oldu. Bizim xalqımız bilirdi ki, onun qarşısında Şərq və Qərb dünyası və bütün imperializm dayanmışdır. Lakin qorxmadı. Düzdür, biz dəyərli şəhidlər verdik, əzizlərimizi itirdik, bizim əzizlərimiz sağlamlıqlarını əldən verdilər, əlil oldular, bəzi əzizlərimiz bir neçə il əsirlikdə qaldılar, bəziləri hələ də Bəs rejiminin zindanlarındadır. Lakin xalq bu fədakarlıqlarla izzət və əzəmətin zirvəsinə çatmışdır, İslam izzətli olmuşdur, İslam bayrağı ucalmışdır. Bu sözügedən müqavimətə görədir.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
O müqavimət bu gün də vacib və zəruridir. Bu gün hegemonçu Amerika İran xalqını və bütün dünyada mübariz müsəlman xalqları öz gücündən qorxutmaq istəyir. Şərq bloku dağılandan sonra onun parça-parça olmuş bir çox hissələri zəiflik səbəbindən özlərinin dünənki düşmənlərinə təslim oldular, onlara üz tutdular, bir çox ölkələrdəki iradəsiz xalqlar Amerika dövlətinin boyunduruğu altına düşdülər. Bu gün Amerikanın öz dostlarına və əlaltılarına diktə etdiyi siyasət budur ki, hegemonluğun mütləq hökmranlığı yolunda olan hər hansı bir müqavimət məhv edilməlidir. Deyirlər ki, indi bir çox dövlətlər bizə təslim olmuşlar, nə üçün İslam tərəfdarları təslim olmurlar, nə üçün İran xalqı təslim olmur. Müsəlman xalqları qorxutmaq istəyirlər. Bu gün elə bir gündür ki, müsəlman xalqlar imperializmin zahiri iqtidarı qarşısında qorxuya və tərəddüdə düşməməlidirlər. Bu mübarizə davam edir.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Bu xalq tarixi keçmişli və böyük xalqdır.

Biz altmış milyona yaxın əhalisi, potensial imkanları olan və dünya coğrafiyasının həssas mövqeyində yerləşən böyük bir ölkədə yaşayırıq. Biz elə bir xalq deyilik ki, böyük güclər bizi təhdid edib qorxuda və öz qanadları altına sala bilsinlər. Xalq və hökumət əl-ələ verib bu ölkədə mövcud olan müxtəlif imkanlarla bu ölkəni qurmalıdırlar. Bu ölkə iranlının əli ilə qurulmalıdır, qeyri-iranlıya etimad etmək olmaz. Uzun illər qeyri-iranlılar müxtəlif adlarla - müstəşar və digər adlarla gəlib bu ölkəyə xəyanət etmişlər. Hökumət xalq üçün, xalq hökumət üçün və hökumətin arxasında olmalıdır, hamı əl-ələ verməli, müxtəlif təbəqələr çiyin-çiyinə dayanıb hegemonluğun və böyük şeytanın gözünə tikan kimi batmalıdırlar. Onların İran xalqına tamah salmalarına icazə vermək olmaz. Və bu, İmam Hüseynin (ə) ruhu sayəsində, Aşuranın ruhu sayəsində mümkündür.


İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
Əza məclisləri ondan ötrüdür ki, bizim qəlblərimizi Hüseyn ibn Əli (ə) və o həzrətin məqsədləri ilə tanış etsin. Bəzi anlamaz adamlar deməsinlər ki, İmam Hüseynin (ə) yolu bütün İran xalqının öldürülməsidir. Hansı nadan insanın belə söz deməsi mümkündür?! Bir xalq Hüseyn ibn Əlidən (ə) dərs almalıdır - yəni düşməndən qorxmamalıdır, özünə güvənməlidir, öz Allahına təvəkkül etməlidir; bilməlidir ki, əgər düşmən əzəmətlidirsə, bu əzəmət sarsılandır; bilməlidir ki, düşmənin cəbhəsi zahirən böyük və güclü olsa da, həqiqi qüvvəsi azdır. Məgər görmürsünüzmü, 14 ilə yaxındır düşmənlər İslam Respublikasını məhv etmək istəyirlər, amma bacarmırlar?!

Bu onların zəifliyindən və bizim qüdrətimizdən başqa nədir?! Biz güclüyük, İslamın sayəsində bizim qüdrətimiz var, Böyük Allaha təvəkkül edir, Ona arxalanırıq. Yəni bizdə ilahi qüvvə var. Dünya belə bir qüvvənin qarşısında dayana bilməz.


İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı münasibətilə xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 1992.
İmam Hüseyni (ə) şəhadət günəşi, məzlumcasına və qəribcəsinə cihadın günəşi adlandırmaq olar. Bu günəş Hüseyn ibn Əlinin (ə) və onun dostlarının vasitəsi ilə işıq saçdı. Zaman ötdükcə bu nurlu günəşin sönməz çöhrəsinin daha artıq aşkarlanması, Aşuranın faydalarının daha çox bəlli olması duyulur.

Bu hadisənin baş verdiyi ilk gündən onun köklü təsirləri tədricən bəlli olmuşdur. Həmin günlərdən bəzi şəxslər üzərlərinə müəyyən vəzifələrin düşdüyünü hiss edirlər.

Təvvabin (tövbə edənlər) hadisəsi baş verdi, Bəni-Haşim və Bəni-Həsən (ə) ailəsinin uzun mübarizələri qarşıya çıxdı, sonra hətta Bəni-Üməyyə əleyhinə Bəni-Abbas hərəkatı baş qaldırdı; hicrətin ikinci əsrinin ortalarında ozamankı İslam dünyasının bütün bölgələrinə, xüsusən də İrana, İranın şərqinə - Xorasana və digər yerlərə dəvətçilər göndərib zalım, hegemon və millətçi Əməvi hökumətinin məhvinə zəmin yaratdılar.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və vaizlərlə görüşdəki çıxışından: 1995.
Doğrudur ki, bu gün düşmənin təbliğatı bütün bəşəriyyətin beyin fəzasını bürümüşdür. Bunda heç bir şübhə yoxdur. Doğrudur ki, İslamın, xüsusən də şiəliyin simasını ləkələmək üçün çoxlu pullar xərclənir. Doğrudur ki, xalqların və ölkələrin həyatında qanunsuz maraqları olan hər bir kəs özünü İslamın və İslam hökumətinin əleyhinə fəaliyyət göstərməyə borclu bilir. Doğrudur ki, küfr bütün parçalanmasına və qruplara bölünməsinə rəğmən, bütün imkanlardan istifadə edib bir məsələdə yekdil rəyə gəlmişdir. Bu, əsl İslamla düşmənçilikdir. Hətta təhrif olunmuş İslamı da əsl İslamla müharibəyə çəkmiş və meydana gətirmişlər. Bunların hamısı doğrudur. Lakin haqq cinahı və əsl İslam cəbhəsi bu düşmən və xəbis təbliğatlar qarşısında Aşuranın və məhərrəm sözünün ruhu, mesajı və həqiqəti sayəsində həmin möcüzəni bir də təkrar edə bilməzmi?! Nə üçün edə bilməsin?! Çətindir, amma mümkündür, iradə və fədakarlıq lazımdır. Yol açıqdır, bağlı deyil.
İslam İnqilabının Böyük Rəhbərinin məhərrəm ayı ərəfəsində ruhani və vaizlərlə görüşdəki çıxışından: 1995.
İlahi! Bizim həyatımızı Hüseyn (ə) həyatı, ölümümüzü Hüseyn (ə) ölümü et!

İlahi! Bizi bu yola yönəldən Böyük İmamımızı Kərbəla şəhidləri ilə birgə et! Bizim əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə birgə et!

İlahi! Bizim ölümümüzü öz yolunda şəhidlik et!

İlahi! Bu böyük xalqı, bu hüseynçi və aşuraçı xalqı bütün kiçik və böyük düşmənlərinə qalib, onun düşmənlərini məhv, məyus və uğursuz et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, İslam ümmətini hər yerdə başıuca et, Hüseyn (ə) vəzifəsini onlara öyrət, bu vəzifəni yerinə yetirmək uğurunu onlara əta et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, dövrümüzün imamının, zamanın vəlisinin qəlbini bizdən razı et! Bizi o həzrətin dostlarından və köməkçilərindən et! O həzrəti ziyarət etmək səadətini bizə nəsib et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, səndən istədiyimiz və istəmədiyimiz xeyirləri bizə bəxş et! Sənə sığındığımız və sığınmadığımız hər bir şərdən bizi qoru!
Böyük Rəhbərin cümə namazı xütbələrindən:1995 (Aşura 1416).
Hüseyn (ə) hərəkatına əslində iki cür yanaşmaq olar. Onların hər ikisi də düzgündür. Bir yanaşma Hüseyn ibn Əlinin (ə) zahiri hərəkətidir. Bu, fəsadlı, azğın, zalım və qəddar hökumətin - Yezid hökumətinin əleyhinə bir hərəkətdir.

Bu hadisənin əsl həqiqəti isə daha böyük hərəkətdir. İkinci yanaşma insanı buna yönəldir. Bu, insan cəhalətinin və zəbunluğunun əleyhinə hərəkətdir.

Əslində İmam Hüseyn (ə) Yezidlə mübarizə aparsa da, onun geniş və tarixi mübarizəsi qısaömürlü və dəyərsiz Yezidlə bitmir.

O, insan cəhaləti, aşağılığı, azğınlığı, zəbunluğu və xarlığı ilə mübarizə aparır.

İmam Hüseyn (ə) bunlarla mübarizə aparır.
Böyük Rəhbərin cümə namazı xütbələrindən:2000.
İmam Hüseynin (ə) bütün səhabələri şəhid olduqda və ailəsindən başqa heç kəs qalmadıqda Əli Əkbər çadırdan xaric oldu. O ən gözəl gənclərdən biri idi. Atasının yanına gəlib izn istədi. Dedi ki, ata, indi icazə ver mən gedib vuruşum və canımı fəda edim. İmam əsla qarşı çıxmadı və icazə verdi. Bu daha səhabələr, qardaşı, yaxud bacısı uşağı deyil ki, imam “getmə, dayan” - deyə bilsin. Bu onun canının parçası və ciyərparəsidir; getmək istəyəndə icazə verməlidir. Bu, İmam Hüseynin (ə) ehsanıdır. Bu, Hüseynin (ə) ismayılıdır; meydana getmək istəyir. Ona icazə verdi. Əli Əkbər meydana getdikdə İmam Hüseyn (ə) ümidsiz halda ona baxdı. O həzrət ağladı və dedi ki, İlahi, sən şahid ol, mən hər cəhətdən - həm üzdə, həm danışıqda, həm də əxlaqda Peyğəmbərə (s) hamıdan çox bənzəyən bir gənci döyüşə və ölümə göndərdim. Afərin bu gəncə! Əxlaqı da Peyğəmbərə (s) daha çox bənzəyir, siması və danışığı da.
Böyük Rəhbərin cümə namazı xütbələrindən:1995 (Aşura 1416).
Mübahilə günü elə bir gündür ki, İslamın əziz Peyğəmbəri (s) özünün ən əziz insanlarını səhnəyə gətirir. Mübahilədə mühüm məqam budur ki, onda "özümüz" və "özünüz", "qadınlarımız" və "qadınlarınız" sözləri var. Əziz Peyğəmbər (s) ən əziz insanlarını seçir və haqla batil arasındakı ayrıcın və aydın göstəricinin hamının qarşısında nümayiş etdiriləcəyi mübahisə üçün səhnəyə çıxarır. Belə bir şey görünməmişdi ki, dinin təbliği və həqiqətin bəyanı yolunda Peyğəmbər (s) öz əzizlərinin, övladlarının, qızının, özünün, qardaşı və canişini olan Əmirəl-mömininin (ə) əlini tutub meydana gətirsin. Mübahilə gününün müstəsna olması buna görədir; yəni həqiqətin bəyan olunmasının, həqiqətin çatdırılmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Meydana gətirib deyir ki, gəlin mübahilə edək, hansımız haqq olsa, qalsın, hansımız haqsız olsa, Allahın əzabı ilə məhv olsun. Həmin məsələ məhərrəmdə əməli surətdə baş verdi. Yəni İmam Hüseyn (ə) də həqiqətin bəyanı və tarix boyu aydınlıq yaratmaq üçün özünün ən əzizlərini götürüb meydana gətirir. İmam Hüseyn (ə) hadisənin necə tamamlanacağını bildiyindən Zeynəbi (ə) gətirdi, öz həyat yoldaşlarını gətirdi, öz övladlarını gətirdi, əziz qardaşlarını gətirdi.
Hövzə tələbələri və ruhanilərlə görüşdəki çıxışdan: 2009.
Mənim əzizlərim!

İmam Hüseyn (ə) hansı dillə desin ki, sizin vəzifəniz nədir?

Şərait həmin şəraitdir;

Həyat eyni həyatdır; İslam da həmin İslamdır.

Bəli, İmam Hüseyn (ə) bütün nəsillərə praktiki olaraq göstərdi.

Əgər İmam Hüseyndən (ə) bir kəlmə də söz nəql olunmasaydı, biz vəzifəmizin nə olduğunu anlamalıydıq.

Əsir olan, zəncirlənən, başçılarının fəsadına düçar olan, din düşmənlərinin hakim olduğu, həyatına və taleyinə qənim kəsildiyi bir xalq hər zaman vəzifəsinin nə olduğunu anlamalıdır.

Peyğəmbərin (s) məsum imam olan övladı belə bir şəraitdə nə etməli olduğumuzu göstərmişdir.


Böyük Rəhbərin cümə namazı xütbələrindən:1995 (Aşura 1416).
İmam Hüseynin (ə) dövründə İslam imamətini belə bir hala salmışdılar: “Allah bəndələrinə qarşı günah və düşmənçiliklə rəftar olunur”. İmam Hüseyn (ə) belə bir vəziyyətin qarşısında mübarizə aparırdı. Onun mübarizəsi demək, aydınlaşdırmaq, hidayət etmək, istər Yezidin dövründə, istərsə də ondan öncə haqq və batilin arasındakı sərhədi müəyyən etmək idi. Yezidin dövründə əlavə olunan bu idi ki, həmin zülm və azğınlıq rəhbəri bu hidayət imamının onun hökumətini imzalamasını istəyirdi. Beyət budur. İmam Hüseyni (ə) məcbur etmək istəyirdi ki, xalqı hidayət etmək və o zalım hökumətin azğınlığından danışmaq yerinə gəlib həmin hökuməti imzalasın və təsdiqləsin. İmam Hüseynin (ə) qiyamı buradan başlandı. Əgər Yezid tərəfindən belə yersiz və axmaq gözlənti olmasaydı, İmam Hüseynin (ə) Müaviyənin dövründəki kimi və özündən sonrakı imamlar kimi hidayət bayrağını ucaltması, xalqı düz yola yönəltməsi və həqiqətləri deməsi mümkün idi.
İslam İnqilabının Böyük Rəhbərinin Dokuhə qarnizonundakı çıxışından: 2002.
Aşura günündə heç kəs nə baş verdiyini anlamadı.

O hadisənin əzəməti, Peyğəmbərin (s) ciyərparəsinin, onun dostlarının və yaxınlarının cihadının əzəməti, eləcə də Peyğəmbər (s) övladlarının və əzizlərinin öldürülməsi faciəsinin əzəməti heç kəsə aydın deyildi. Orada olan şəxslərin əksəriyyəti də anlamadılar.

Düşmən cəbhəsində olanlar o qədər məst, o qədər qafil idilər, insanlıqdan o qədər uzaqlaşmışdılar ki, nə baş verdiyini anlamadılar.

Dünyanın məstləri, qürur, şəhvət, qəzəb və heyvanlıq məstləri insanlıq aləmində nəyin baş verdiyini anlamırlar.

Zeynəb isə yaxşı anladı.

Səkinə isə yaxşı anladı.

O məzlum qadınlar və qızlar nə baş verdiyini yaxşı anladılar.
Fars vilayətinin əlilləri, fədakarları və şəhid ailələri ilə görüşdəki çıxışdan: 2008.
Zeynəb-Kübra müsəlman qadının kamil nümunəsidir, İslamın qadın tərbiyəsi üçün dünya xalqlarına təqdim etdiyi bir örnəkdir. Zeynəb-Kübra çoxcəhətli şəxsiyyətə malikdir; elmli, məlumatlı, uca bilgilərə malik və dəyərli bir insandır. Kim o həzrətlə qarşılaşırsa, onun elmi və ruhi əzəməti qarşısında kiçik olduğunu duyur. Bəlkə də müsəlman qadın şəxsiyyətinin hamıya təqdim edə biləcəyi ən mühüm cəhət İslamdan götürdüyü bu cəhətdir. Müsəlman qadının şəxsiyyəti imana görə, ilahi rəhmətə və əzəmətə könül vermək sayəsində o qədər böyük və əzəmətli olmuşdur ki, böyük hadisələr onun qarşısında kiçik görünür. Zeynəb-Kübranın (ə) həyatında bu cəhət digərlərindən daha aşkar və daha qabarıqdır. Aşura günü kimi bir hadisə Zeynəb-Kübranı (ə) əzə bilmir; Yezid və Übeydullah ibn Ziyad kimi zalım və qəddarların zahiri əzəməti və cah-calalı Zeynəb-Kübranı (ə) təhqir edə bilmir. Zeynəb-Kübra (ə) əzəmətli şəxsiyyətinin vətəni olan Mədinədə, onun qəm-qüssə ocağı olan Kərbəlada, Yezid və Übeydullah ibn Ziyad kimi zalımların sarayında özünün mənəvi əzəmətini qoruyur və digər şəxsiyyətlər onun qarşısında təhqir olunurlar.
İslam İnqilabının Böyük Rəhbərinin xalqın müxtəlif təbəqələrilə görüşdəki çıxışından: 2005.
Hüseyn ibn Əli (ə) elə bir iş gördü ki, bütün tağutlar dövründə erkən İslam çağından uzaq olsalar da, zülm və fəsad rejiminə qarşı mübarizə iradələri İmam Həsən Müctəba (ə) dövründən çox olan insanlar peyda oldular; hamısı da yatırıldılar. Mədinə xalqının Hərrə qiyamından tutmuş sonrakı hadisələrə, Təvvabin və Muxtar qiyamlarına, Bəni-Üməyyə və Bəni-Abbas dövrünə qədər xalqların daxilində ardıcıl olaraq qiyamlar baş verdi. Bu qiyamları kim yaratdı? Hüseyn ibn Əli (ə). Əgər İmam Hüseyn (ə) qiyam etməsəydi, tənbəllik və məsuliyyətdən qaçmaq ruhiyyəsi zülmə qarşı barışmazlıq və məsuliyyət hissetmə ruhiyyəsinə çevrilərdimi?! Nə üçün deyirik ki, məsuliyyət hissetmə ruhiyyəsi ölmüşdü? Ona görə ki, İmam Hüseyn (ə) İslam böyüklərinin övladlarının mərkəzi olan Mədinədən Məkkəyə getdi. Abbasın övladı, Zübeyrin övladı, Ömərin övladı, İslamın ilk xəlifələrinin övladları Mədinədə toplaşmışdılar, amma onların heç biri həmin qanlı və tarixi qiyamda İmam Hüseynə (ə) kömək etmədi.
Böyük Rəhbərin 3 şaban (İmam Hüseynin (ə) doğum günü) münasibətilə Keşikçilər Korpusu və polis qüvvələri görüşdəki çıxışından: 1993.
İmam Hüseynin (ə) qiyamı başlanmazdan öncəyə qədər xüsusi adamlar addım atmağa hazır deyildilər.

İmam Hüseynin (ə) qiyamından sonra isə bu ruhiyyə canlandı. Bu, Aşura macərasında və digər dərslərin yanında bilməli olduğumuz böyük bir dərsdir.

Bu macəranın əzəməti budur: o həzrətin doğulmasından öncə yer və göy onun üçün ağladı.

Bu böyük matəmə görə Hüseyn ibn Əliyə (ə) diqqət yetirdilər, onun əzasını saxladılar, bu duanın, yaxud ziyarətin təbirincə, ona ağladılar. Bu ona görədir.


Böyük Rəhbərin 3 şaban (İmam Hüseynin (ə) doğum günü) münasibətilə Keşikçilər Korpusu və polis qüvvələri ilə görüşdəki çıxışından: 1993.
İmam Hüseyn (ə) əbədi olaraq haqq bayrağı kimi qalmalıdır. Haqq bayrağı batil sırasında dayana bilməz, batilin rəngini götürə bilməz. Buna görə İmam Hüseyn (ə) buyurdu ki, zillət bizdən uzaqdır. İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi; yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti, Peyğəmbərin (s) təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) başucalığının tərənnümü idi, möhkəm dayandığından fəxrə də səbəb oldu. Bu, Hüseyn (ə) izzəti və fəxridir. Bir zaman bir şəxs bir söz deyir; sözü demiş və məqsədinə nail olmuşdur. Lakin o sözün üstündə durmur və geri çəkilir. Bu daha fəxr edə bilməz. Fəxr sözünün üstündə duran, ucaltdığı bayrağı tufanların məhv etməsinə və yatırmasına qoymayan insana, xalqa və qrupa məxsusdur. İmam Hüseyn (ə) bu bayrağı möhkəm saxladı, əzizlərinin şəhidliyinə və şərəfli ailəsinin əsirliyinə qədər getdi. Bir inqilabi hərəkətdə izzət və iftixar da budur.
İslam İnqilabının Böyük Rəhbərinin Dokuhə qarnizonundakı çıxışından: 2002.
Bizim dövrümüzdə baş verən İslam inqilabı və İslam quruluşu hərəkatı bu yolda idi. Bu hərəkatı başlayanlar nəzərdə tutduqları hökuməti və quruluşu təşkil etmələrini təsəvvür edə bilərdilər, lakin bu yolda şəhid olmalarının, bütün ömürlərinin mübarizədə, çətinlikdə və uğursuzluqda keçməsinin mümkünlüyünü də bilirdilər. Hər iki yol mövcud idi; İmam Hüseynin (ə) hərəkatında olduğu kimi. 1962 və 63-cü illərdə və sonra çətin və qaranlıq illərdə bu həbsxanalarda ürəkləri isidən, onları hərəkətə vadar edən yeganə şölə mübarizəyə iman şöləsi idi, hakimiyyətə çatmaq eşqi yox. Bu yol İmam Hüseynin (ə) yolu idi. Lakin onun iki tərəfi var; zaman və məkan şəraiti fərqlidir. Bir zaman imkanlar yaranır və İslam hakimiyyətinin bayrağı ucalır. Bir zaman da bu imkanlar yaranmır və şəhadətlə sonuclanır. Tarixdə bu qəbildən olanlarımız çoxdur.
İslam İnqilabının Böyük Rəhbərinin İslam Respublikası quruluşunun məsul şəxsləri ilə görüşdəki çıxışından: 2002.
Ərbəin (İmam Hüseynin (ə) şəhidliyinin qırxıncı günü) Kərbəla hadisəsində bir başlanğıc idi. Kərbəla hadisəsi - o böyük faciə baş verəndən, Əbu Abdullahın (ə) səhabələrinin, dostlarının və ailəsinin o məhdud mühitdə fədakarlığı həyata keçəndən sonra əsirlər qiyamın mesajını təbliğ etməli idilər. Həzrət Zeynəbin (ə) və İmam Səccadın (ə) xütbələri, ifşaları və həqiqəti söyləmələri güclü bir media qurumu kimi düşüncəni, hadisəni və məqsədi geniş çərçivədə təbliğ etməli idi və etdi də. Qapalı mühitin xüsusiyyəti belədir; xalq anladığı həqiqətləri öz əməllərində göstərməyə macal və cürət tapmır. Çünki əvvəla zalım və müstəbid hakimiyyət xalqı anlamağa və əgər anlamışlarsa, anladıqlarına əməl etməyə qoymur. Kufədə, Şamda və yolda çoxları Zeynəb-Kübranın, yaxud İmam Səccadın (ə) sözlərindən və yaxud əsirlərin vəziyyətindən çox şeyi başa düşdülər. Lakin o zülm, hegemonluq, diktatura və qapalı rejim qarşısında anladığını büruzə verməyə kim cürət göstərərdi və kimin buna imkanı çatardı?! Bu, möminlərin boğazında bir düyün kimi qalmışdı. Bu düyünə Ərbəin günündə birinci lanset toxundu; Ərbəin günündə Kərbəlada ilk coşqu yarandı.
Şərqi Azərbaycan əhalisi ilə görüşdəki çıxışından: 2009.
Bir gün İmama (İmam Xomeyni (r.) dedilər ki, əgər siz bu hərəkatı davam etdirsəniz, Qum Elmi Hövzəsini tətil edəcəklər. Burada söhbət candan getmirdi ki, imam "mənim canımı alsınlar, bunun əhəmiyyəti yoxdur" - desin. Çoxları canlarından keçməyə hazırdırlar, lakin "sizin bu addımınızla Qum Elmi Hövzəsinin tətil edilməsi mümkündür" - desələr, geri çəkilərlər. Lakin imam qorxmadı, yolu dəyişmədi və irəliyə getdi. Bir gün imama dedilər ki, əgər bu yolu davam etdirsəniz, bütün böyük alimləri və təqlid müctəhidlərini sizin əleyhinizə təhrik edə bilərlər; yəni İslam dünyasında ixtilaf yaranar. Burada çoxları geri çəkilər, lakin imam geri çəkilmədi, yolu davam etdirdi və inqilabın qələbəsinə nail oldu. Dəfələrlə imama deyildi ki, siz İran xalqını Pəhləvi rejimi qarşısında müqavimətə çağırırsınız, bəs tökülən qanların cavabını kim verəcək? Yəni imamın qarşısında gənclərin qanlarını qoydular. 1963, yaxud 64-cü ildə böyük alimlərin biri mənim özümə bunu dedi ki, o - yəni imam 15 xordadda (5 iyunda) bu hərəkəti başlayanda bizim ən yaxşı gənclərimiz öldürüldülər, bunların cavabını kim verəcək? Bu növ təfəkkür tərzləri vardı. Bu təfəkkür tərzləri təzyiq göstərirdi və hər bir kəsi hərəkətdən daşındıra bilərdi. Lakin imam möhkəm dayandı. Onun ruhunun əzəməti, ona hakim olan agahlığın əzəməti belə yerlərdə görünür.
Böyük Rəhbərin İmam Xomeyninin məqbərəsindəki izdihamlı toplantıda çıxışından: 1996.
Diqqət yetirin, qardaşlar və bacılar! Bu mühüm məsələdir. Kərbəla hadisəsinə bu baxışla diqqət yetirmək lazımdır. Əgər İmam Hüseyn (ə) Əli Əsğərin şəhidliyi, qadınların əsir olması, uşaqların susuzluğu, bütün gənclərin öldürülməsi və Kərbəlada baş verən çoxlu faciələr kimi çox acı və çətin hadisələrə adi bir dindar gözü ilə baxıb öz missiyasının əzəmətini unutsaydı, addım-addım geri çəkilib deyə bilərdi ki, daha vəzifəmiz yoxdur, indi Yezidlə beyət etməliyik, çarə yoxdur, zərurətlər çətinlikləri halallaşdırır. Amma İmam Hüseyn (ə) belə etmədi. Bu o həzrətin müqavimətinin göstəricisidir. Müqavimət budur. Müqavimət hər yerdə çətinliklərə dözmək mənasında deyil. Çətinliklərə dözmək böyük insan üçün şəriət meyarları ilə, el adətləri ilə və sadə əqli meyarlarla məsləhətin əksi görünən məsələlərə dözməkdən daha asandır. Bunlara dözmək digər problemlərə dözməkdən çətindir.

Böyük Rəhbərin İmam Xomeyninin məqbərəsindəki izdihamlı toplantıda çıxışından: 1996.

ŞƏHADƏT GÜNƏŞİ
İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr

Kitаbın аdı:...............................Şəhadət günəşi

Tərtib edən:.............................Əhməd Müxbiri

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:.................................."Üfüqe-fərda"

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000




Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə