Jan Batist molyer



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix27.04.2023
ölçüsü0,6 Mb.
#107264
Mir.az Mir.az-molyer-xesis- az



Jan Batist MOLYER 
Tərcümə edən: Mehman Musabəyli 
X ə s İ s 
(beş pərdəli komediya) 
İştİrak edİRlər: 
1. QARPAQON Kleant və Elizanın atası, Marianaya vurulub. 
2. KLEANT Qarpaqonun oğlu, mariananın sevgilisi. 
3. ELİZA Qarpaqonun qızı, Valerin sevgilisi. 
4. ANSELM Valerin və Mariananın atası. 
5. VALER Anselmin oğlu. 
6. MARİANA Anselmin qızı. 
7. FROZİNA Könüllərarası vasitəçi 
8. SİMON Makler 
9. JAK Qarpaqonun aşpazı və faytonçusu 
10. LAFLEŞ Kleantın nökəri 
11. KLOD Qarpaqonun qaravaşı 
12. BRENDAVUAN |
} Qarpaqonun nökərləri 


13. LAMERLUŞ | 
14. KOMİSSAR 
15. MİRZƏ
Hadisələr Parisdə, Qarpaqonun evində baş verir.
Bİrİncİ Pərdə 
I gəliş 
Eliza, Valer 
VALER Eliza, əzizim, nə olub axı? Bayaq məni inandırırdız ki, vəfasız olmayacaqsız, indi 
isə tərəddüd edirsiz? Mən sevinc içindəyəm, sizsə ah çəkirsiz. Yoxsa məni xoşbəxt etdiyinizə 
görə təəssüflənirsiz? Ya da mənim çılğın hisslərimə tab gətirməyib söz verdiniz, indi də 
peşmansız. 
ELİZA Peşman olmağıma bir səbəb yoxdur, Valer. Bizə sevgi hakimdir, bu məni 
fərəhləndirir. Ona müqavimət göstərməyə heç gücüm də çatmaz. Amma düzünü desəm, bunun 
sabahından qorxuram. Məni qorxudan odur ki, sizi lazım olan qədərdən daha çox sevirəm.
VALER Burda qorxmalı nə var, Eliza, pis iş ki görmürsən? 
ELİZA Ah, qorxulu çox şey var: atam mənə acıqlanar, ailəmiz danlayar, dost-tanış 
bədnam edər... Ən çox qorxduğum şey isə odur ki, Valer, qəlbiniz dəyişə bilər, bütün bunlardan 
sonra sizin mənə qarşı soyumağınız bir cinayət olardı. İnsan dəli və sadəlövhcəsinə sevəndə, 
belə şeylər tez-tez baş verir.
VALER Ah, məni təhqir etməyin. Mən başqaları kimi deyiləm. Haqqımda nə istəsəz 
düşünə bilərsiz, Eliza, lakin bilin ki, mən öz borcuma xain çıxmaram! Mən sizi hədsiz sevirəm, 
ölənə kimi də sevəcəm. 
ELİZA Ah, Valer bunu deyən tək siz deyilsiniz! Kişilərin hamısı eyni cür söz verir, 
əməllərində isə böyük fərq olur! 
VALER Siz də əməlimə görə qiymət verin, xəyal etdiyiniz günahlarıma görə yox! – 
bunların hamısı əsassız qorxulardır, zəhlətökən təxəyyülün məhsuludur. Yalvarıram sizə, ədalətli 


olun, təhqiredici şübhələrinizlə mənim hisslərimə öldürücü zərbələr endirməyin! Vaxt verin, sizə 
olan sevgimi saysız dəlillərlə sübut edim!
ELİZA İnsan sevəndə çox həvəslə inanır! Elədir, Valer, məncə siz məni aldatmağa qabil 
deyilsiz. İnanıram ki, məni doğrudan da sevirsiz və heç bir zaman mənə xain çıxmayacaqsız. 
Mən heç bir şeydən şübhələnmək istəmirəm, amma camaat mənim haqqımda nə deyəcək? Bax, 
mən bundan qorxuram. 
VALER Camaat nə deyə bilər ki? 
ELİZA Hamı sizi mən tanıdığım kimi tanısaydı, heç nədən qorxmazdım. Mənim sevgim 
əbəs deyil, onun bəraəti sizsiniz. Sizin üstünlükləriniz mənim müdafiəçimdir və sözsüz, buna 
görə həmişə sizə minnətdar olacam. İlk dəfə tanış olduğumuz o dəhşətli təsadüfü heç vaxt 
unutmaram. Heç vaxt yadımdan çıxmaz: siz necə bir fədakarlıqla arxamca suya atıldınız, məni 
coşğun dalğaların qəzəbindən xilas etdiniz. Necə nəcib bir qayğı ilə məni özümə gətirdiniz. 
Sonra öz dərin sevginizlə mənə qarşı nə qədər ehtiramlı və səbirli oldunuz! Bu sevginizi nə 
maneələr, nə də zaman soyuda bildi. Mənim xətrimə əzizlərinizi, vətəninizi unudub burada 
qaldınız və məndən ayrılmamaq üçün, başqa ad altında, atamın yanında nökərçiliyə başladız: 
bütün bunlar mənim qəlbimdə dərin təəssürat yaratdı, yoxsa mən sizə razılıq verməzdim. Amma 
ola bilsin başqalarının gözündə bu bəraət deyil, inanmıram ki, məni başa düşsünlər. 
VALER Mənim bir üstünlüyüm var – o da sevgimdir! Əgər sizə bəraət vacibdirsə, o var – 
atanız! Belə xəsis və uşaqlarına qarşı sərt bir atanın yanında hələ başqa şeylərə də bəraət tapmaq 
olar. Üzr istəyirəm, mənim əziz Elizam, amma burada başqa söz demək mümkün deyil. Mən 
valideynlərimi tapan kimi, onunla dil tapmaq asan olacaq. İndi xəbər həsrətindəyəm, işdi 
geciksələr, özüm dallarınca gedəcəm. 
ELİZA Ah, Valer, məni tək qoyub getməyin, xahiş edirəm! Atamın ürəyini almağa çalışın 
– indi lazım olan bircə budur. 
VALER Mən çalışıram. Bilirsiz ki, onun nökəri olmaq üçün mən nə hiylələrə əl atdım. 
Etibarını, sevgisini qazanmaq üçün mən daha nə oyunlardan çıxmıram? Artıq böyük nailiyyətlər 
əldə etmişəm. İnsanın vərdişlərini təqlid et, onun şərtlərini qəbul et, zəif damarını tut, hər bir 
hərəkətinə valeh ol – onu istədiyin yerə sürəcəksən. Bu ən yaxşı yoldur, bunu açıqca oynamaq 
olar, mən indi buna əminəm. Həddini aşmaqdan qorxma, ən ağıllı adam da bu tələyə bir sarsaq 
kimi düşəcək, açıq-aşkar boş və mənasız olan hər sözü üz-gözünü büzüşdürmədən udub yeyəcək, 
təki bu xörəyə bolluca yaltaqlıq ədvası qatılsın. Deməzdim ki, bu düzgün hərəkətdir, amma 
lazımi adamlara tətbiq etmək vacibdir. Əgər başqa əlac yoxdursa, onda təqsirkar yaltaqlanan 
deyil, təqsirkar yaltaqlığa yol verəndir. 
ELİZA Qardaşımla da dostlaşsaydınız yaxşı olardı: qaravaşa etibar etmək təhlükəlidir - 
birdən bizi ələ vermək fikrinə düşər. 
VALER Yox, ikisini yola verə bilmərəm. Onlar biri-birindən o qədər fərqlidirlər ki, 
qılıqlarına girmək çətin olar. Yaxşısı olar, qardaşınızı siz boynunuza götürəsiz, axı siz həm də 
dostsuz... Bu da qardaşınız, bura gəlir. Mən gedirəm. Onunla elə indicə danışın, amma daha hər 
şeyi açıb-tökməyin.
ELİZA Bilmirəm, cəsarətim çatacaqmı?


Valer gedir. 
II gəliş 
Eliza, Kleant
KLEANT Eliza, təksən? Nə yaxşı! Qulaq as: mən sənə sirr açmalıyam. 
ELİZA Diqqətlə sənə qulaq asıram. Nə deyəcəksən? 
KLEANT Çox şey deyəcəm, bacı, amma bir kəlməylə: vurulmuşam! 
ELİZA Vurulmusan? 
KLEANT Elədir ki, var, vurulmuşam. Amma dayan! Bilirəm ki, atamdan asılıyam və onun 
sözündən çıxa bilmərəm. Valideynlərimizin razılığı olmadan biz heç bir öhdəlik götürə bilmərik, 
onların arzuları bizim arzularımız olmalıdır, bizim başqa arzularımız ola bilməz – Allahdan 
buyruq belədir. Onlar hər cür ağılsızlıqdan sığortalanıblar, ona görə də səhvləri bizimkindən 
azdır, bizə nə lazımdır, nə lazım deyil – yaxşısını onlar bilir. Ağıl maarifləndirir, ehtiras isə kor 
edir. Gənclik maraqlarımız bizi uçuruma aparır... Eliza, bunun hamısını sənə ona görə deyirəm 
ki, bu sözləri bir də təzədən mənə deməyəsən: mənim sevgim heç nə eşitmək istəmir, dilə 
tutmağınız əbəsdir.
ELİZA Elçi göndərmisən, Kleant? 
KLEANT Yox, amma qərar qətidir. Səndən bir də xahiş edirəm: məni fikrimdən döndərmə! 
ELİZA Səncə mən bunu bacararam? 
KLEANT Yox, Eliza, amma sən aşiq deyilsən, coşğun sevginin ürəklərə nə qədər hakim 
kəsildiyini bilmirsən, mən sənin ağıllı fikirlərindən qorxuram. 
ELİZA Ah, gəl mənim ağlımdan danışmayaq, Kleant! Onu ömründə heç olmasa bir dəfə 
itirməyən var? Qəlbimi sənə açsaydım, bəlkə də səndən daha az ağıllı olduğumu görərdin. 
KLEANT Qəlbini? Ax, əgər sənin də qəlbin... 
ELİZA Gəl, əvvəlcə səndən danışaq. Kimə aşiqsən?
KLEANT Gənc bir qıza, bizim tərəflərə bu yaxınlarda köçüb. Bir dəfə görmək bəs edir ki, 
sevəsən. Hələ indiyə qədər təbiət ondan gözəl heç nə yaratmayıb. İlk görüşdən valeh oldum. Adı 
Marianadır, xəstə anası ilə bir yerdə yaşayır, sevgi və şəfqətlə onun qayğısını çəkir. Hər bir sözü, 
hər bir hərəkəti o qədər sevimli, o qədər zərifdir ki! Bu qız - gözəllik, zəriflik, mülayimlik, 
saflıq, təmizlik nümunəsidir... Ax, Eliza, sən onu görsəydin! 
ELİZA Mən onu belə də görürəm. Sən onu sevirsən – bu mənim üçün kifayətdir. 


KLEANT Mən dolayı yolla öyrənmişəm ki, onlar çox kasıbdırlar, nə qədər qənaətcil olsalar 
da güclə dolanırlar. Bir təsəvvür et, Eliza, sevdiyim qızı çətinliklərdən xilas etmək, yaxşı 
adamlara heç olmasa bir az, amma diqqətlərini cəlb etmədən, yardım göstərmək mənim üçün nə 
qədər xoş olardı! Təsəvvür et, Eliza, və gör ki, atamın xəsisliyi ucbatından mən bu sevincdən 
məhrumam və öz sevgimi heç bir şeylə sübut edə bilmirəm. 
ELİZA Başa düşürəm, Kleant, sənin üçün nə qədər ağırdır. 
KLEANT Elə ağırdır ki, bacı, heç söz tapa bilmirəm. Doğrudan da atamızın bu 
daşürəkliyindən, bu anlaşılmaz xəsisliyindən də dəhşətli nə ola bilər? İndi, bu saat, biz gənc ikən 
istifadə edə bilmədiyimiz sərvət, gələcəkdə bizim nəyimizə gərəkdir! Bu saat mən başdan-ayağa 
borc içindəyəm, çünki dolana bilmirəm. Az-çox münasib geyinmək üçün, gedib tacirlərdən borc 
pul istəməyə məcburuq. Bir bax, gör atam mənim qərarıma necə baxacaq. Tərslik eləsə, 
mariananı götürüb buradan qaçacam, Allahın köməkliyi ilə bir təhər dolanarıq. Ordan-burdan bir 
az pul taparam. Eliza, gör nə deyirəm, əgər sən də mənim günümdəsənsə, əgər sənə də mane 
olsa, bir yerdə gedərik, atarıq onu, nəhayət onun xəsisliyinin dözülməz əsarətindən canımızı 
qurtararıq. 
ELİZA Bəli, anasız həyatımız günü-gündən daha da ağırlaşır və... 
KLEANT Onun səsini eşidirəm. Gedək, söhbətimizi bitirək və birlikdə çalışıb daş ürəyinə 
yol tapaq.
Gedirlər. 
III gəliş 
Qarpaqon, Lafleş 
QARPAQON Bu saatca rədd ol burdan! Sus, danışma! İtil gözümdən, dələduz, rədd ol 
yaramaz! 
LAFLEŞ (öz-özünə) Ömrümdə belə kinli qoca görməmişəm. İçində iblis oturub, ya rəbbi, 
keç günahımdan. 
QARPAQON Nə mırıldanırsan orda? 
LAFLEŞ Nəyə görə məni qovursuz? 
QARPAQON Hələ bir soruşursan da, yaramaz? İtil, nə qədər ki, səni kötəkləməmişəm! 
LAFLEŞ Axı sizə nə eləmişəm? 


QARPAQON Sənin buradan itilməyini istəyirəm - vəssalam. 
LAFLEŞ Cənab, axı oğlunuz əmr edib ki, onu burada gözləyim. 
QARPAQON Küçədə gözlə, mənim evimdə yox. Burada dayanıb hər yerə göz qoymağın, 
burunlamağın mənə lazım deyil. Casus! Satqın! Lənətə gəlmiş gözləri elə məni izləyir ki, görsün 
nə eləyirəm, ələ keçən bir şey yoxdu ki, çırpışdırıb getsin. Bezmişəm daha. 
LAFLEŞ Mümkün deyil! Hər şey qıfıl altındadı. Üstəlik də gecə-gündüz qaravulunu 
çəkirsiz! 
QARPAQON Qıfıl altında saxlayıram - demək lazım bilirəm, qaravulunu çəkirəm - demək 
kefim belə istəyir. Xəfiyyə çıxıb, hər yerə burnunu soxur! (Öz-özünə). Birdən pullarım haqqında 
xəbər tutmuş ola? (Bərkdən). Birdən orda-burda danışarsan ki, mən pul zad gizlədirəm? 
LAFLEŞ Yoxsa doğrudan da gizlədirsiz? 
QARPAQON Mən bunu demirəm, avara! (Öz-özünə). Məni lap cinləndirir! (Bərkdən). 
Səndən xəbər alıram: sarsaqlığına salıb danışmamısan ki, mənim pulum var? 
LAFLEŞ Eh, pulunuz var, ya yoxdu, bundan bizə nə! Bizə nə istisi var, nə soyuğu! 
QARPAQON (əlini qulaylayıb ona şillə vurmaq istəyir). Sən hələ bir götür-qoy da 
eləyirsən? Tərgitdirərəm sənə götür-qoy eləməyi!.. Cəhənnəm ol burdan, axırıncı dəfə sənə 
deyirəm! 
LAFLEŞ yaxşı, gedərəm. 
QARPAQON dayan! Heç nə çırpışdırmamısan? 
LAFLEŞ Sizdən nə çırpışdırmaq olar ki? 
QARPAQON İnanmıram, əllərini görüm! 
LAFLEŞ Bu mənim əllərim! 
QARPAQON O birini! 
LAFLEŞ O birini?! 
QARPAQON O birini! 
LAFLEŞ Bu da o biri! 
QARPAQON (onun şalvarını göstərərək ). Bəs orada bir şey gizlətməmisəm ki? 
LAFLEŞ Baxın! 
QARPAQON (onu əlləyərək). Bu enli şalvarları elə onunçün düşünüblər ki, oğurladığını 
gizlədəsən. Belə şalvar geyənlərin hamısını boğazından asmaq lazımdır! 


LAFLEŞ (öz-özünə) Ax, bu qoca qorxduğu şeyə layiqdir, bax bu hərifin nəyi var hamısını 
böyük məmnuniyyətlə oğurlayaram! 
QARPAQON Nədi? 
LAFLEŞ Nə? 
QARPAQON Nə danışırsan elə: oğurlayaram-filan? 
LAFLEŞ Deyirəm məni başdan-ayağa axtarırsız, elə düşünürsüz ki, mən sizdən nə isə 
oğurlayaram?
QARPAQON Elədir, elədir... özüdür ki, var (onun ciblərini gəzir). 
LAFLEŞ (öz-özünə) Lənətlər olsun bütün simiclərə, bütün simicliklərilə bir yerdə! 
QARPAQON Necə? Nə deyirsən? 
LAFLEŞ Nə deyirəm? 
QARPAQON Hə də, simiclərlə simiclik haqqında sən nə danışırsan? 
LAFLEŞ Deyirəm, lənətlər olsun onlara! 
QARPAQON kimlərə? 
LAFLEŞ Simiclərə! 
QARPAQON Simiclər kimdir? 
LAFLEŞ murdar adamlar, nacinslər. 
QARPAQON Bəs onlar kimdir belə? 
LAFLEŞ Bəs siz niyə belə narahat olursuz? 
QARPAQON Daha bu mənim öz işimdir. 
LAFLEŞ Bəlkə elə bilirsiz, sizin haqqınızda danışıram? 
QARPAQON Mən bildiyimi bilirəm, amma sən kimin haqqında danışdığını mənə 
deməlisən. 
LAFLEŞ Mən ... mən papağıma deyirəm. 
QARPAQON Odur ki, al papağına! (vurur) buna görə yerə düşməlidi. 
LAFLEŞ Simicləri ki söyməyi qadağan edə bilməzsiz? 
QARPAQON Edə bilmərəm, amma yekəxana danışıqlarına görə ağzını yuma bilərəm. Kəs 
səsini! 


LAFLEŞ Mən ad çəkmədim! 
QARPAQON Bir söz də desən, əzişdirəcəm. 
LAFLEŞ Soğan yeməmisən, için niyə göynəyir? 
QARPAQON Susacaqsan? 
LAFLEŞ Susacam – əlacım nədir? 
QARPAQON Aha-a! 
LAFLEŞ (kamzolunun cibini ona göstərərək) Baxın, bu da bir cib. Razı qaldız? 
QARPAQON Di yaxşı, özün ver. 
LAFLEŞ Nəyi verim axı? 
QARPAQON Götürdüyünü. 
LAFLEŞ Sizin heç nəyinizi götürməmişəm. 
QARPAQON Doğrudan? 
LAFLEŞ Doğrudan. 
QARPAQON Əlvida. İtil cəhənnəm ol! 
LAFLEŞ (öz-özünə) Bu da bunun vidalaşmağı! 
QARPAQON Bax ha, əgər bir şey eləmisənsə, günaha batacaqsan.
Lafleş gedir. 
IV gəliş 
Qarpaqon tək. 
QARPAQON Bu avara məni özümdən çıxartdı. Bu (axsaq) köpəkdən mənim zəhləm gedir. 
Bəli, çoxlu pul yiyəsi olmaq az dərd deyil. Xoşbəxt odur ki, kapitalını etibarlı yerə qoyub, 
üstündə isə təkcə cib xərcliyidir! Hara gizlədəsən? Sandıqlara etibarım yoxdur: oğrulara gəl-gəl 
deyir, onların da birinci eşələdikləri şey sandıq olur. 
Kleant və Eliza daxil olub, öz aralarında sakitcə söhbət edirlər. 


V gəliş 
Qarpaqon, Kleant, Eliza 
QARPAQON (elə bilir təkdir) Bilmirəm, görəsən, dünən mənə qaytarılan on min ekünü 
bağda basdırmağımla mən düz iş gördüm? On min qızıl ekünü evdə saxlamaq, deyim ki... 
(Kleant və Elizanı görüb) Pərvərdigara! Özüm özümü satdım! Başım qarışdı, deyəsən bərkdən 
düşünməyə başladım. (Kleant və Elizaya). Nədi, nə olub?
KLEANT Heç nə, atacan?
QARPAQON Çoxdan burdasız? 
ELİZA İndicə gəldik. 
QARPAQON Eşitdiz? 
KLEANT Nəyi, atacan? 
QARPAQON Bunu da... 
KLEANT Nəyi? 
QARPAQON Mənim dediklərimi ... 
KLEANT Yox. 
QARPAQON Yalan deyirsən! Yalan deyirsən! 
ELİZA Bağışlayın, atacan, amma… 
QARPAQON Siz nə isə eşitmisiz, məsələ aydındı. Mən öz-özümlə danışırdım ki, indi pul 
qazanmaq çox çətindir, deyirdim, guya, on min ekü pulu olan adam xoşbəxtmiş. 
KLEANT yaxınlaşmağa qorxduq ki, mane olarıq. 
QARPAQON Şadam ki, sizi başa saldım, yoxsa məni düz başa düşməzdiz, elə bilərdiz 
özümü deyirəm, guya mənim on min eküm var. 
KLEANT Biz sizin işlərinizə qarışmırıq. 
QARPAQON Ax, əgər mənim on min ekü pulum olsaydı! 
KLEANT Mən elə sanmıram ki... 
QARPAQON Mənim işimə bu saat elə yarayardı ki! 


ELİZA Bu iş çox... 
QARPAQON Bu pul mənə çox lazımdır. 
KLEANT Məncə... 
QARPAQON İşlərimi o saat qaydaya salardı... 
ELİZA Axı sizin... 
QARPAQON Heç pis günümə ağlamazdım. 
KLEANT Atacan! Sizmi göz yaşı axıtmalısız? Varlı adam olduğunuz hamıya məlumdur. 
QARPAQON Kim? Mən varlıyam? Yalan deyirlər. Böhtana bir bax! Təkcə fırıldaqçılar belə 
şayiə yaya bilərlər! 
ELİZA hirslənməyin, atacan. 
QARPAQON Mat qalıram, öz uşaqlarım mənə xain çıxıb, düşmənlərimə çevrilirlər? 
KLEANT Məgər dövlətli olduğunuzu demək sizə düşmən olmaqdır? 
QARPAQON Bəli. Belə söhbətlər, bir də sənin bədxərcliyin ucbatından elə biləcəklər ki, 
varım çoxdur və axırda gəlib başımı kəsəcəklər. 
KLEANT Hansı bədxərcliyimin? 
QARPAQON Hansı? Bəzənib şəhərdə veylləndiyin o dəbdəbəli paltarından şirnikli nə ola 
bilər? Dünən bacını danlayırdım, amma sən ondan da xarabsan. Bu yer üzü sənə necə davam 
gətirir, mat qalmışam? İyirmi dəfə sənə demişəm, Kleant: sənin əxlaqın mənim xoşuma gəlmir. 
Özünü markiz yerinə qoymusan. Sən gərək məni soyasan ki, belə geyinəsən, başqa cür də deyil. 
KLEANT Necə yəni soyaram? 
QARPAQON mən nə bilim. Yaxşı, bəs belə yaşamaqdan ötrü sən pulu hardan tapırsan? 
KLEANT Haradan? Mən qumar oynayıram, çox vaxt uduram, uduşumun da hamısını özümə 
xərcləyirəm. 
QARPAQON Nahaq yerə. Oyunda bəxtin gətirirsə, gərək istifadə edəsən – pullarını faizə 
buraxasan ki, pis günün üçün qalsın. Yaxşı, bu bir yana dursun, mən bircə şeyi bilmək istərdim - 
özünü başdan ayağa sarıdığın bu lentlər nəyə lazımdır? Şalvarını saxlamağa altı dənə qaytan bəs 
eləmir? Öz saçını müftə gəzdirdiyin halda, pariklərə pul verməyin nə adı var? Mərc gələrəm ki, 
sənin bu qoyma saçın və lentlərin ən azı iyirmi pistola başa gəlib, halbuki bu iyirmi pistol ildə on 
səkkiz livr altı su səkkiz denyo qazanc gətirir, hələ yalnız səkkiz faiz şərtilə. 
KLEANT Haqlısız. 
QARPAQON Yaxşı, bunu hələlik qoyaq bir yana, başqa şeydən danışaq. (Kleant ilə 
Elizanın himləşdiyini görüb) Ey! (Öz-özünə) Mənə elə gəlir ki, bunlar məni soymaq haqqında 
düşünüb-daşınırlar. (Bərkdən) Nə him-cim eləyirsiz orda? Hə? 


ELİZA Biz sövdələşirik ki, hansımız birinci danışaq: hər ikimizin sizə deyiləsi sözümüz 
var.
QARPAQON Mənim də hər ikinizə deyiləsi sözüm var. 
KLEANT Bizimki nikah haqqındadır, atacan. 
QARPAQON Mənimki də nikah haqqındadır. 
ELİZA Ah, atacan! 
QARPAQON Nə “ah”? Səni qorxudan nədir: nikah sözü, yoxsa nikahın özü? 
KLEANT Nikah bizim ikimizi də qorxuda bilər, çünki bilmirik, siz buna necə baxırsız. 
Qorxuruq ki, bizim hisslərimiz sizin seçdiyiniz adamla uyğun gəlməsin. 
QARPAQON Hövsələniz olsun. Narahat olmağınıza dəyməz. Sizin ikiniz üçün nə lazım 
olduğunu mən çox yaxşı bilirəm, edəcəyim işdən də narazı qalmayacaqsız. Beləliklə... (Kleanta) 
De görüm, bizim yaxınlığımızda yaşayan Mariana adlı gənc xanımı görmüsənmi? 
KLEANT Bəli, atacan. 
QARPAQON (Elizaya) Bəs sən? 
ELİZA Onun haqqında eşitmişəm. 
QARPAQON Səncə bu necə qızdır, Kleant? 
KLEANT Gözəl qızdır. 
QARPAQON Xasiyyəti necədir? 
KLEANT Çox həyalı qızdır. Ağlına isə söz ola bilməz!.. 
QARPAQON Bəs zahirən? Davranışı? 
KLEANT O hər şeydə yaxşıdır! 
QARPAQON Bu qız haqda düşünməyə dəyər, eləmi? 
KLEANT Əlbəttə, atacan! 
QARPAQON Ondan yaxşı arvad haqqında heç düşünmək də lazım deyil, eləmi? 
KLEANT Əlbəttə, lazım deyil! 
QARPAQON Həm də yaxşı ev sahibəsi olar, eləmi? 
KLEANT Bəs necə! 
QARPAQON Əri də ondan tamamilə razı qalacaq, eləmi? 


KLEANT Tamamilə. 
QARPAQON Amma, bircə əngəl var: qorxuram ki, cehizi elə əynindəkilərdi. 
KLEANT Ax, atacan, belə bir qızla evləndikdə, cehizin nə mənası var? 
QARPAQON Nahaq belə deyirsən, çox nahaq! Belə desək daha yaxşı olar: cehiz yoxdur? 
Nə etmək olar! Bacarığı ilə bu yoxluğu ödəyə bilər. 
KLEANT Şübhəsiz! 
QARPAQON Yaxşı, çox şadam ki, səninlə razılaşdıq. Onun həyası və mülayimliyi məni 
valeh edib, mən də onunla evlənməyi qərara almışam, təki cehiz üçün heç olmasa bir nəyisə 
olsun. 
KLEANT Ax! 
QARPAQON Nə olub? 
KLEANT Siz qərara almısız... 
QARPAQON Mariana ilə evlənməyi. 
KLEANT Kim? Siz? Siz?! 
QARPAQON Bəli, mən! mən! mən! Sənə nə olub? 
KLEANT Halım pisləşdi... mən getməliyəm. 
QARPAQON Boş şeydir. Mətbəxə get, bir stəkan soyuq su iç.
Kleant gedir. 
VI gəliş 
Qarpaqon, Eliza 
QARPAQON Bu da bizim indiki cavanlarımız! Burunlarını tutsan canları çıxar! Deməli belə, 
Eliza, mənim öz qərarım qətidir. Qardaşına bir dul arvad alacam, onun haqqında mənə bu səhər 
danışıblar, səni isə cənab Anselmə verirəm. 


ELİZA cənab Anselmə? 
QARPAQON Bəli. Bu çox təmkinli, ağıllı, fərasərli bir adamdır. Yaşı heç əllini ötməyib, var-
dövləti isə hamıya məlumdur. 
ELİZA (təzim edərək) Cəsarət edib sizə bildirirəm ki, atacan, mən heç də ərə getmək 
istəmirəm. 
QARPAQON (onu yamsılayaraq) Cəsarət edib sizə bildirirəm ki, əziz qızım, siz ərə 
gedəcəksiz. 
ELİZA (təzim edərək) Bağışlayasınız, atacan. 
QARPAQON (onu yamsılayaraq) Bağışlayasınız, qızım. 
ELİZA Cənab Anselmə böyük hörmətim var, amma (təzim edərək) özünüz bilin, mən ona 
ərə getməyəcəm. 
QARPAQON Əmrinizə tabeyəm, amma (yamsılayaraq) özünüz bilin, elə bu axşam ona ərə 
gedəcəksiz. 
ELİZA Bu axşam? 
QARPAQON Bu axşam. 
ELİZA (təzim edərək) Bu iş baş tutmayacaq, atacan. 
QARPAQON (onu yamsılayaraq). Baş tutacaq, qızım. 
ELİZA Yox! 
QARPAQON Baş tutacaq! 
ELİZA Sizə deyirəm – yox! 
QARPAQON Sizə deyirəm – tutacaq! 
ELİZA Məni məcbur edə bilməzsiz! 
QARPAQON Yox, məcbur edərəm! 
ELİZA Özümü öldürərəm, amma ona ərə getmərəm. 
QARPAQON Öldürməzsən, amma ona gedəcəksən. Həyasızlığa bax! Harda görünüb ki, qız 
atası ilə söz güləşdirsin? 
ELİZA Bəs harda görünüb ki, ata öz qızını zorla ərə versin? 
QARPAQON Axtar görüm, belə əri hardan tapacaqsan. Mərc gəlirəm ki, bu qərarıma görə 
məni hər yerdə tərifləyəcəklər.
ELİZA Elə indi mərc gələk, heç bir düşüncəli adam sizi tərifləməyəcək. 


VII gəliş 
Qarpaqon, eliza, Valer
QARPAQON (səhnənin dibində Valeri görərək) bu da valer. İstəyirsən, o bizim şərtimizi 
kəssin? 
ELİZA Razıyam. 
QARPAQON Sən onun qərarına tabe olacaqsan?
ELİZA Bəli, o nə desə – o da olacaq.
QARPAQON Lap yaxşı! Bura gəl, Valer! Biz səni hakim seçmişik ki, sən qərar verəsən. 
Hansımız haqlıyıq – o, yoxsa mən? 
VALER Əlbəttə siz – söhbət ola bilməz! 
QARPAQON Heç bilirsən söhbət nədən gedir? 
VALER Yox, amma siz haqsız ola bilməzsiz, siz – ağıl dəryasısınız. 
QARPAQON Mən bu axşam onu varlı və kamallı bir adama vermək istəyirəm, amma bu 
fərsiz cürət edib mənə deyir ki, istəmir. Sən buna nə deyə bilərsən? 
VALER Buna nə deyə bilərəm? 
QARPAQON Hə. 
VALER Ee... belə...
QARPAQON Necə? 
VALER Deyim ki, əslində mən sizin tərəfinizdəyəm, siz səhv edə bilməzsiz, amma, onun 
da, çox güman ki, müəyyən əsasları var, belə ki... 
QARPAQON Cənab Anselm – onun nəyi pisdi? Nəcib, əxlaqlı, xoşxasiyyət, ağıllı, həm də 
çox varlı bir adam, üstəlik birinci arvadından heç uşağı da yoxdur! Məgər bu xəzinə deyil? 
VALER Burası belədir, amma qızınız sizə deyə bilər: tələsmək nəyə lazımdır? Heç olmasa 
bir az vaxt lazımdır ki, qızınız öz hisslərini yoxlasın. 
QARPAQON İşi isti-isti görmək lazımdır! Belə fürsəti əldən qaçırdın, ikincisini gözləmə: 
axı Anselm onu cehizsiz alır. 
VALER Cehizsiz? 


QARPAQON Bəli! 
VALER Hə!.. Belədirsə, onda mənim sözüm qalmır. Bu elə əsaslı bir səbəbdir ki... heç 
danışmaq lazım deyil... 
QARPAQON Gör nə qədər qənaət etmiş oluram. 
VALER aydın məsələdir! Kim nə deyə bilər? Düzdür, qızınız deyə bilər ki, nikah balaca iş 
deyil. Ərə getmək - ömürlük xoşbəxt, yaxud bədbəxt olacağını həll etmək deməkdir. Ərlə arvad 
ittifaq bağladısa, bu qəbir evinə qədər sürəcək, deməli qızınız nikah bağlayarkən gərək ehtiyatlı 
olsun, həm də yaxşıca düşünsün... 
QARPAQON Cehizsiz!
VALER Haqlısız! Bu hər şeyi həll edir. Bəlkə kimsə sizi inandıracaq ki, belə işlərdə qızın 
qəlbi ilə hesablaşmamaq olmaz, ər-arvad arasında olan böyük yaş fərqi, xasiyyətlərində, 
hisslərində olan fərq nikah üçün böyük təhlükədir. 
QARPAQON Cehizsiz! 
VALER Bu heç, bu bitdi! Bu danılmazdır! Heç şeytanın özü də bəhanə tapa bilməz. 
Düzdür, bir çox valideynlər var ki, qızlarının xoşbəxtliyi puldan da qiymətlidir. Onlar heç vaxt 
qızlarının xoşbəxtliyini öz şəxsi mənafelərinə qurban verməzlər, əksinə, çalışarlar ki, bu nikahda 
qəlb yaxınlığı olsun, sevinc olsun, sülh, əminəmanlıq olsun və əlbəttə ki...
QARPAQON Cehizsiz!.. 
VALER Elədir, doğrudur, susuram. Cehizsiz! Bununla söhbət bitir... 
QARPAQON (bir gözü bağda, öz-özünə). Vay, deyəsən it hürür... Bəlkə də mənim pullarımı 
oğurlayırlar! (Valerə) Getmə. Mən bu saat qayıdıram.
Gedir. 
VIII gəliş 
Eliza, valer
ELİZA Bu nə oyundur, Valer?
VALER Onu hirsləndirməmək və məqsədimizə nail olmaq üçün belə edirdim. Onun əksinə 
getmək – işi korlamaq deməkdir. Elə tərs adamlar var ki, onlara yalnız dolayı yollarla təsir etmək 
mümkündür, müqavimət göstərəndə dözmürlər, həqiqət onları qızışdırır, məntiq onlara kar 


eləmir, belələrinə gərək mane olmayasan. Özünüzü elə göstərin ki, guya hər şeydə onunla 
razılaşırsız, onda siz deyən olacaq, əks təqdirdə isə... 
ELİZA Valer, bəs bu nikah!.. 
VALER Düşünək görək, onu necə pozmaq olar. 
ELİZA Düşünməkdən keçib, axşama çoxmu qalıb!
VALER Xahiş edin başqa vaxta keçirsinlər, özünüzü xəstəliyə vurun. 
ELİZA Xəstəliyə vuraram, amma həkim yalanın üstünü açar! 
VALER Söz dediniz də! Bu həkimlər nə başa düşür axı?! Cəsarətli olun, istədiyiniz 
xəstəliyi uydurun: onlar hər şeyə inanacaqlar və hamısını izah edəcəklər.
IX gəliş 
Eliza, Valer, Qarpaqon 
QARPAQON (səhnənin dibində, öz-özünə). Allaha şükür, hər şey qaydasındadır. 
VALER (Qarpaqonu görmədən). Nəhayət, axırıncı yolumuz var: qaçmaq! Birlikdə qaçıb 
hər şeydən xilas olarıq! Eliza, mənim gözəlim, əgər sizin sevginiz güclüdürsə... (Qarpaqonu 
görür). Bəli, qız atasına tabe olmalıdır. Adaxlı pisdir, yaxşıdır – bu onun işi deyil. Üstəlik 
cehizsizdirsə, daha bunu heç müzakirə eləmək lazım deyil. Nə verirlər, onu da al!
QARPAQON Əla! Afərin! 
VALER Bağışlayın, cənab, bir az qızışdım və cürət edib qızınızla bu cür danışdım.
QARPAQON Əksinə! Mən valeh oldum və qızımın üzərində tam hakimiyyəti sənə verirəm. 
(Elizaya). Bu hakimiyyətdən canını qurtara bilməyəcəksən. Sənin üzərində olan bütün ixtiyarımı 
mən Valerə verirəm və tələb edirəm ki, onun sözündən çıxmayasan. 
VALER (Elizaya) İndi hünəriniz var, sözümdən çıxın.
Eliza gedir. 
X gəliş 


Qarpaqon, valer
VALER Mən onun dalınca gedim, cənab, gedim və nəsihətlərimə davam edim. 
QARPAQON Sənə çox minnətdar olaram. 
VALER Onunla gərək sərt rəftar edəsən. 
QARPAQON Çox doğrudur. Hələ üstəlik... 
VALER Narahat olmayın. Bu işin uğurla bitəcəyinə əminəm. 
QARPAQON Əlbəttə! Buyur! Mən isə hələlik sizdən ayrılmalıyam. 
VALER (Elizanın çıxdığı qapıya tərəf gedib, sanki Elizaya müraciət edərək). Bəli, pul 
dünyada hər şeydən vacibdir. Siz gərək Allahınıza şükür edəsiz ki, belə atanız var! O, həyata 
bələddir. Əgər evlənməyə cehizsiz qız təklif edilirsə, sabahını düşünmək lazım deyil. Cehizsiz 
sözünün özü – hər şey deməkdir. Yəni gözəl, gənc, əsil-nəcabətli, namuslu, ağıllı, həyalı – bu söz 
hər sözü əvəz edir. (Gedir.) 
QARPAQON (tək) Yaxşı oğlandır! Hər kəlməsi bir qızıldır. Yaxşı ki, mənim belə nökərim 
var. 
İkİncİ pərdə 
I gəliş 
Kleant, Lafleş 
KLEANT Ay yaramaz! Harada itib-batmısan, axı sənə əmr eləmişdim ki... 
LAFLEŞ Elədir ki var, cənab, mən də, nə olur-olsun, sizi burada gözləmək fikrindəydim, 
amma sizin atanız mərdiməzar adamdır: boynumun ardından vurub çölə qovdu, az qala 
əzişdirəcəkdi. 
KLEANT İşimiz nə yerdədir? Vəziyyət bizi tələsməyə vadar edir! Atam – mənim rəqibim 
imiş. 
LAFLEŞ Atanız aşiq olub? 
KLEANT Bəli. Mən bu barədə eşidəndə, həyacanımı ondan çətinliklə gizlədə bildim. 


LAFLEŞ Bu nə dəlilikdir? Bişmiş toyuğun gülməyi gələr. Yoxsa onu şeytan yolundan 
çıxarıb? Yazıq camaatı ələ salıb nədir? Heç ona da aşiq olmaq yaraşar?
KLEANT Görünür mənim günahlarım üzündəndir, yoxsa belə şey ağlına gəlməzdi. 
LAFLEŞ Bəs ürəyinizi niyə ona açmadınız? 
KLEANT Onu şübhəyə salmaq istəmədim, yoxsa bu nikahı pozmaq mənə çətin başa gələr. 
Yaxşı, de görüm cavab nə oldu? 
LAFLEŞ Vallah, cənab, borc almaq xalis bəladır: sələmçilərin caynağına keçdinsə, başına it 
oyunu açacaqlar – biri elə siz! 
KLEANT Demək, vermədilər? 
LAFLEŞ Yox, niyə? Bizim Simon elə dəllaldır ki, tayı-bərabəri yoxdur. Deyir, sizin üçün, 
cənab, özünü oda yaxır, məni inandırır ki, sizi bir dəfə görməklə valeh olub. 
KLEANT De görüm, on beş min frank verəcək, ya yox? 
LAFLEŞ Bəli, verəcək, amma o halda ki, gərək onun bəzi şərtlərinə razı olasız. 
KLEANT Səni borc verənin yanına göndərdi? 
LAFLEŞ Nə danışırsız? belə də iş görmək olar? O adam sizdən də bərk gizlənir. İş elə gizlin 
görülür ki, heç təsəvvürünüzə belə gəlməz. O, heç bir vəchlə öz adını demək istəmir, bu gün 
sizinlə onu başqa bir evdə görüşdürəcəklər, öz varınız və ailə vəziyyətiniz haqda özünüz 
danışarsız. Əlbəttə, atanızın kim olduğunu bilən kimi, işlər düzələr. 
KLEANT Üstəlik mənim əmlakım anamdan qalanlardır, onu əlimdən almaq olmaz. 
LAFLEŞ Onun şərti belədir: bu şərtləri özü Simona diktə edib ki, Simon da onları, 
danışıqdan əvvəl sizə göstərsin. “Borc verən özünü yetərincə təmin olunmuş hesab edirsə və 
borc alan həddi-buluğa çatıbsa, kifayət qədər möhkəm, mötəbər və hər cür yasaqlardan azad, 
təmiz əmlaka malik olan ailədəndirsə, bu müqavilə borc verən adamın seçdiyi mötəbər 
notariusun yanında təsdiq ediləcəkdir, müqavilənin bütün qanuni tələblərə uyğun olması xüsusilə 
borc verən üçün vacibdir”... 
KLEANT Bunun əleyhinə heç bir söz demək olmaz. 
LAFLEŞ “Borc verən, ən xırda vicdan əzabından belə qaçaraq, borcdan yalnız beş faiz 
götürmək istəyir”...
KLEANT Beş faiz! Bu nə yaxşı adam imiş! Çox mərhəmətli insandır! Qabağında diz 
çökməyinə dəyər! 
LAFLEŞ Sən saydığını say! “Lakin borc verən, tələb edilən pula malik olmadığından, borc 
istəyəni təmin etmək üçün bu məbləği iyirmi faizlə başqasından almağa məcburdur və bu iyirmi 
faiz – aydındır ki – borc alan tərəfindən ödənilməlidir, çünki adı yuxarıda qeyd edilmiş borc 
verən bu borcu yalnız bir kömək olaraq alıb ona verir.” 


KLEANT Ay səni, lənətə gəlmiş! Bu ki, cuhuddur. Haramzadanın biri! Elə çıxır ki, o, borcu 
iyirmi beş faizdən verir! 
LAFLEŞ Elədir ki, var. Mən də sizə elə bunu deyirdim. Düşünün, daşının – götürəsiz, yoxsa 
yox... 
KLEANT Düşünməli nə var? Mənə pul lazımdır - istər-istəməz razı olmalıyam. 
LAFLEŞ Mən də belə dedim. 
KLEANT Yenə bir şərt-filan var? Nədir? 
LAFLEŞ Boş şeydir. “Borc verən tələb olunan on beş min frankın yalnız on iki minini nəğd 
olaraq verə biləcək. Yerdə qalan üç minini isə borc alan, müxtəlif növ şeylər şəklində alacaq. Bu 
şeylər borc verən tərəfindən aşağıdakı siyahıda, mümkün olduqca ucuz və insaflı qiymətlərlə 
göstərilmişdir...”
KLEANT Bu nə deməkdir? 
LAFLEŞ Siyahıya qulaq asın. “Bir: dörd ayaqlı çarpayı, döşək və çox incə toxunmuş 
krujevası olan mələfə; altı ədəd stul və zeytun rəngli sırınmış yorğan – astarı maviyə çalan 
qırmızı xaradan çəkilib. Bunların hamısı tamamilə yararlıdır. İki: solmuş qızılgül rəngində 
sarjadan tikilmiş, ipək saçaqlı, uzun yataq pərdəsi”. 
KLEANT Bunu mən neynirəm? Nəyimə lazımdır?
LAFLEŞ Səbr edin. “Üç: iki məşuqun sevgi macərasını təsvir edən naxışlı toxunma divar 
örtüyü. Dörd: qoz ağacından qayrılmış, on iki burma ayaqları olan açılan masa; əlavə olaraq altı 
ədəd kətil...” 
KLEANT Bu zəhrimar mənim nəyimə lazımdır axı! 
LAFLEŞ Hövsələniz olsun: “Beş: sədəflə bəzənmiş üç iri çaplı tüfəng, üstündə üç dənə 
dəstək. altı: daşınan kərpic soba, üstündə iki kolba və üç distillə cihazı – bu avadanlıq həvəskar 
araqçəkənlər üçün çox faydalıdır”.
KLEANT Tfu, lənətə gəlmiş! 
LAFLEŞ Qəzəblənməyin! “Yeddi: bolonya udu, simlərinin, demək olar ki, hamısı 
yerindədir. Səkkiz: bilyard, şahmat oyunu üçün taxta, həmçinin “qusek” – bu, yenidən dəbə 
düşmüş qədim yunan oyunudur, sadalananların hamısı bekarçılıq anlarında vaxtı xoş keçirmək 
üçün olduqca yararlıdır. Doqquz: kərtənkələ müqəvvası, çox da böyük deyil, içinə saman 
doldurulub, bunu bəzək kimi qonaq otağının tavanından asmaq olar. Bütün bu yuxarıda 
göstərilənlər həqiqətdə dörd min beş yüz livrdən baha ikən, borc verən lütfkarlıq göstərib onları 
bir min eküyə satmağa hazırdır.” 
KLEANT Hazırlığı gözünə girsin, qaniçən alçaq! Belə şey harda görünüb? Bu dəhşətli 
faizlər azmış kimi, üstəlik üç min livr əvəzində bu zir-zibili mənə sırımaq istəyir! Onları satsam 
mənə heç iki yüz ekü verən olmaz... Bununla belə razı olmalıyam: bu quldur, bıçağı boğazıma 
dirəyib, nəfəs almağa imkan vermir. 


LAFLEŞ Qəzəbinizi boğun, cənab – borca girmək, baha alıb, ucuz satmaq, gələcək hesabına 
dolanmaq – bu iflasa aparan yoldur. Panurqu xatırlayın! 
KLEANT Yaxşı, səncə mən indi nə etməliyəm? Gör atalarımız, lənətə gəlmiş xəsisliklərilə 
bizi nə yerə çatdırırlar! Onların ölümünü arzulamağımız gərək ki, bundan sonra təəccüb 
doğurmasın. 
LAFLEŞ Düzü, atanızın simicliyi müqəddəsi də yolundan çıxarar. Allaha şükür ki, mənim 
fırıldaq işlərlə aram yoxdur, əgər bir tanışım oğurluğa qurşanmaq istəyirsə, mən artıq ondan uzaq 
gəzirəm. Dar ağacı iyi verən fırıldaq mənlik deyil. Amma sizin atanızın əməllərinə baxanda, əlim 
gicişir, niyəsə onu soymaq istəyirəm, düşünürəm bununla mən savab iş görmüş olaram. 
KLEANT Ver o siyahıya bir də baxım... 
II gəliş 
Kleant, Lafleş (səhnənin iç tərəfindədirlər), Qarpaqon, Simon 
SİMON Bəli, cənab, bu gənc oğlanın pula ehtiyacı var, vəziyyəti elədir ki, sizin bütün 
şərtlərinizə əvvəlcədən razıdır. 
QARPAQON Bu işin təhlükəsiz olduğuna əminsiz, Simon? Dediyiniz adamın adı, əmlakı, 
ailə vəziyyəti sizə məlumdur? 
SİMON Yox. Onun haqqında çox az bilirəm – məni ona təsadüfən nişan veriblər, sizə isə, 
şübhəsiz ki, hər şeyi danışacaq, onun adamı məni inandırdı ki, siz ondan tamamilə razı 
qalacaqsız. Bircə onu bilirəm ki, varlı ailədəndir, anası ölüb, atasının uzağı səkkiz aydan sonra 
öləcəyini gözləyir, lazım gəlsə bu barədə zəmanət də yazıb verə bilər. 
QARPAQON Bütün bunlar ciddi işə oxşayır. Yaxınlarını sev və mərhəmət et nəsihəti, 
Simon, tələb edir ki, ona əlimizdən gələn köməyi edək. 
SİMON Şübhəsiz. 
LAFLEŞ (Simonu tanıyaraq yavaşcadan Kleanta). Bu nədir? Bizim Simon sizin atanızla 
danışır. 
KLEANT (eyni səslə). Yoxsa Simon mənim kim olduğumu bilib? Bəlkə məni sən satmısan? 
SİMON (Kleanta və Lafleşə). Vay-vay-vay! Siz çox tələsmisiz. Sizə kim deyib ki, bura 
gələsiz? (Qarpaqona). Onların buraya gəlməsində mən təqsirkar deyiləm, cənab, adınızı və 
yaşadığınız yeri onlara mən deməmişəm. Amma bu o qədər də böyük bəla deyil. Onlar bu sirri 
saxlayacaqlar - siz isə lap elə indicə onlarla danışıqlara başlaya bilərsiz. 
QARPAQON Necə?! 
SİMON (Kleantı göstərərək). Haqqında danışdığım və sizdən on beş min livr borc almaq 
istəyən gənc budur. 


QARPAQON Avara! Demək bu çirkin yola düşən sən imişsən? 
KLEANT Atacan! Demək bu biabırçı işləri görən siz imişsiz?
Simon qaçır, Lafleş isə gizlənir. 
III gəliş 
Kleant, Qarpaqon 
QARPAQON Deməli, borca girib müflis olmaq istəyən utanmaz sənsən?! 
KLEANT Deməli, rüsvayçı sələmçiliklə daha da varlanmaq istəyən sizsiz? 
QARPAQON Bundan sonra mənim gözümə görünməyə cəsarət də edirsən? 
KLEANT Bundan sonra hörmətli adamların gözünə görünməyə cürət də edirsiz? 
QARPAQON Belə bir israfçılıq dərəcəsinə çatmaq, ödənilməsi mümkün olmayan borclara 
girmək, ata-ananın qan-tər içində qazandıqlarını vicdansızcasına göyə sovurmaq - sən heç 
utanmırsan?! 
KLEANT Özünü bu cür müqavilələrlə biabır etmək, varlanmaq xətrinə ad-sanını qurban 
vermək, sələmçilikdə ən qəddar soyğunçuları belə geridə qoymaq – bundan heç utanmırsız? 
QARPAQON Gözüm görməsin səni, yaramaz! Rədd ol gözümün qabağından! 
KLEANT Sizcə kimin günahı daha çoxdur: ehtiyac içində olduğundan yüksək faizlə borc 
alanın, yoxsa pulu başından aşmasına baxmayaraq, onu soyğunçuluqla qazananın? 
QARPAQON İtil deyirəm sənə! Məni hövsələdən çıxarma! 
Kleant gedir.
Şər deməsən xeyir gəlməz, bu mənə bir xəbərdarlıqdır. İndi gərək onun bir 
addımını belə gözdən qoymayım. 
IV gəliş 
Qarpaqon, Frozina 


FROZİNA cənab... 
QARPAQON Gözlə! İndi qayıdıb səninlə söhbət edərəm. (öz-özünə). İndi pulları 
yoxlamağın əsl vaxtıdır! (Gedir.) 
V gəliş 
Frozina, Lafleş 
LAFLEŞ (Frozinanı görməyərək). Bu nə macəradır! Görünür onun bir ambar zir-zibili var, 
çünkü siyahıda bizə məlum heç bir şey yox idi. 
FROZİNA Ah! Lafleş, bu sənsən? Sən hara, bura hara?
LAFLEŞ O! Bu ki Frozinadır! Niyə gəlmisən? 
FROZİNA Niyə nədir? İş düzüb-qoşmağa, camaata qulluq göstərirəm, öz xırda bacarıqlarımı 
özümün və camaatın xoşbəxtliyinə sərf edirəm. Özün yaxşı bilirsən ki, bu işlər olmasa dünyada 
yaşamaq çox çətin olar. Mənim kimilərin dolanacağı bir zirəklikdən, bir də biclikdən çıxır. 
LAFLEŞ Yoxsa bu evin sahibilə bir işin var? 
FROZİNA Bəs necə? Onun işini yoluna qoymuşam. İndi də mükafatımı gözləyirəm. 
LAFLEŞ Ondan? Çətin... Ondan bir şey qopara bilsən sənə qoçaq deyərəm! Deyim ki, 
biləsən, burada pulun qiyməti çox bahadır. 
FROZİNA Belə bir qulluğa görə xəsis də səxavətə gələr. 
LAFLEŞ Gözlə! Sən, görünür, cənab Qarpaqonu hələ tanımırsan. Cənab Qarpaqon insanlar 
arasında ən qeyri-insani bir məxluqdur, o, günahlı insan deyil – onun özü başdan-ayağa 
günahdır. Dünyada elə bir xidmət, elə bir yaxşılıq yoxdur ki, onun pul kisəsini açdıra bilsin. Nə 
qədər istəyirsən tərifləsin, hörmət, iltifat göstərsin, dostluq eləsin, amma sözdə; pul sözü ortaya 
çıxan kimi ağzı yumulur. Dili şirindir, qəlbi irin. Danışanda qılığa girir, yaltaqlanır, işə gələndə – 
üzü bərk olur, ürəyi daş. Onun “vermək” sözündən zəhləsi gedir və heç vaxt “verərəm” demir, 
mütləq “borc verərəm” deyir. 
FROZİNA Allah, sən saxla! Lafleş, gəl sən mənə adamlardan pul sağmağın yollarını öyrətmə, 
onların ən incə tellərindən xəbərdaram! Kimi desən yumşalda bilərəm, qəlbinə girərəm, bir zəif 
damarını belə diqqətsiz buraxmaram. 
LAFLEŞ Heç biri burada keçməz. Sən onun ürəyini pul tərəfdən yumşalt, mən də baxım! Bu 
adam qatı bir kafirdir. Gözünün qabağında gəbərsən, yerindən qımıldanmaz. Bir sözlə, pul onun 
üçün şərəfdən, namusdan, ad və sandan qiymətlidir. Pul istəyənin yalnız sifəti bəs edir ki, qıc 
olsun. Ondan pul istəmək – yarasına duz səpmək, ürəyini deşmək, içalatını çəkib çıxarmaq 
deməkdir və əgər... Gəlir! Əlvida!


Gedir. 
VI gəliş 
Frozina , Qarpaqon 
QARPAQON (öz-özünə). Hər şey qaydasındadır. (bərkdən). Hə, nə var, Frozina? 
FROZİNA Əla görünürsüz, o saat bilinir ki, tamamilə sağlamsız. 
QARPAQON Kim? Mən? 
FROZİNA Bəli, mən hələ heç vaxt sizi bu qədər şux və qıvraq görməmişdim. 
QARPAQON Doğrudan? 
FROZİNA Düşünürəm, ömrünüzdə hələ indiki qədər dəliqanlı olmamısız: iyirmi beş yaşlı elə 
oğlanlar var ki, sizin yanınızda qocadırlar. 
QARPAQON Bununla belə, Frozina, mənim artıq altmış yaşım var. 
FROZİNA Nə olsun? Altmış yaş! Yaman da çoxdur! Bu ki, çiçəklənmə dövrüdür - əsl kişi 
yaşıdır. 
QARPAQON Bəlkə də. Amma yenə də yaşımın üstündən bir iyirmi yaş tullaya bilsəydim, 
pis olmazdı. 
FROZİNA Yaxşı görək! Sizin buna ehtiyacınız yoxdur, siz elə belə də yüz il yaşayacaqsız. 
QARPAQON Sən belə düşünürsən? 
FROZİNA Mütləq. Bütün əlamətləriniz bunu deyir. Bir belə durun görüm! Deyirəm də: iki 
qaşınızın ortasındakı bu qırış, uzun ömür yaşayacağınızı deyir. 
QARPAQON Yəni sənin bundan başın çıxır? 
FROZİNA Başın çıxır da sözdü? Ovcunuzu verin... Aman tanrım, heç sonu görünmür. 
QARPAQON Nəyin? 
FROZİNA Görürsüzmü, bu xətt haraya qədər uzanır? 
QARPAQON Nə olsun ki? 
FROZİNA İstəyirsiz - inanın, istəyirsiz yox, mən yüz dedim, iyirmi də əlavə edin. 


QARPAQON Yalan deyirsən! 
FROZİNA Nə gizlədim, siz ölməyəcəksiz. Siz hələ uşaqlarınızı da, nəvələrinizi də 
basdıracaqsız. 
QARPAQON Çox yaxşı! İşimiz nə yerdədi? 
FROZİNA Soruşmağına dəyməz. Heç görmüsüz ki, boynuma götürdüyüm işi yerinə 
yetirməyim? Elçilik işində isə mənə tamamilə arxayın olun. Dünyada elə toy ola bilməz ki, mən 
onu tez əmələ gətirməyim. Hətta birdən ağlıma gəlsə, türk sultanını Venesiya respublikası ilə 
evləndirə də bilərəm. Bizimsə işimiz, əlbəttə ki, daha asandır. Ana da, qız da məni yaxşı 
tanıyırlar, sizin haqqınızda onlara bir aləm söz danışmışam. Mariananı bir neçə dəfə küçədə, 
pəncərə arxasında gördüyünüzü qarının qulağına pıçıldamışam. Başa salmışam ki, niyyətiniz 
nədir. 
QARPAQON Yaxşı, bəs o nə cavab verib? 
FROZİNA Sevindi. Mən sizin elə bu axşan kəbin kəsdirəcəyinizi və gəlinin də, sözsüz, buraya 
gəlməli olduğunu ona deyəndə, dərhal razı oldu, qızını da mənə tapşırdı. 
QARPAQON Frozina, mən bu gün cənab Anselmi şam yeməyinə dəvət etməli oldum, 
deyirəm, biryolluq elə Mariananı da qonaq etsəydik, pis olmazdı... 
FROZİNA Şübhəsiz. Nahardan sonra qızınızla tanış olmağa gələcək, sonra yarmarkaya 
getmək istəyir, oradan isə şam yeməyinə gələr.
QARPAQON Yarmarkaya qızım da onunla bir yerdə gedəcək. Mən öz karetamı onlara borc 
verə bilərəm. 
FROZİNA Çox gözəl! 
QARPAQON Bəs cehiz barədə anası ilə söhbət etdiz, Frozina? Sən ona dedin ki, bu məsələ 
üçün o heç olmasa bir şey uydurmalı, bir hiylə, bir kələklə ortaya bir şey çıxartmalıdır? Axı, 
doğrudan da, olmaz ki, qız boş-boşuna əli ətəyindən uzun ərə getsin. 
FROZİNA Necə yəni əli ətəyindən uzun? Axı o sizə on iki min livr illik gəlir gətirəcək? 
QARPAQON On iki min livr illik gəlir?! 
FROZİNA Ən azı. Əvvəla qız kasıbçılıq içində böyüdüyündən, yeməyə qənaət eləməyə alışıb: 
bir az salat, azacıq süd, bir dilim pendir və alma tox olması üçün bəs edir. Ərköyün xanımların 
öyrəşdiyi cürbəcür bahalı yeməklərə, qəlyanaltılara, pirojna və şirniyyatlara pul 
xərcləməyəcəksiz. İldə üç min frank qabağa düşəcəksiz. Üstəlik təmiz geyinməyi çox sevir, 
amma bəzək-düzəklə heç arası yoxdur. Deməli, başqa qadınların həvəs göstərdikləri nə bəzəkli 
paltarlar, nə qiymətli daş-qaşlar, nə də dəbdəbəli ev əşyaları lazım olmayacaq. Bu isə sizə ildə 
dörd min livrdən çox qazanc gətirəcək. Nəhayət, heç bir qumar oyunu ilə arası yoxdur. Gəlin, 
indi bizim xanım və qızlara baxaq. Onlardan birini tanıyıram – qonşuluğumuzda yaşayır, bu il 
iyirmi min pul uduzub. Biz bunun dörddə birini götürək və sayaq görək nə qədər qazanacaqsız. 
Demək, qumar oyunu beş min, bəzək-düzək dörd min – bu oldu doqquz min, üstəgəl yeməyi üç 
min... düppədüz on iki min frank. 


QARPAQON Əlbəttə ki, bu pis deyil, amma mən burada, əsas şeyi görmürəm – qazancı. 
FROZİNA Lütfən deyin görüm, əgər arvad özüylə sadəlik, mülayimlik gətirirsə, bəzənmirsə, 
israfçı, qumarbaz deyilsə, məgər bu əsas qazanc deyil?
QARPAQON Sən deyirsən ki, o filan-filan şeylərə pul xərcləməyəcək və bu da onun 
cehizidir. Bu ki, cehiz deyil, sadəcə məni ələ salmaqdır! Almadığım bir şeyə görə mən qəbz verə 
bilmərəm axı. Sən elə bir şey ver ki, mən onu əlimdə tuta bilim! 
FROZİNA Canım, tutacaqsız! Mənə dedilər ki, haradasa mülkləri var: o da sizə çatacaq! 
QARPAQON Bunu yoxlamaq lazımdır. Məni bir şey də narahat edir, Frozina. Bilirsən ki, 
Mariana cavandır, cavan da ki, cavana meyl göstərir. Qorxuram o, öz qoca ərini bəyənməyib 
evdə yeni qaydalar yaradar, sonra da mənim atam yanar... 
FROZİNA Eh, siz onu çox az tanıyırsız! Bu işdə də o başqalarına oxşamayıb. Görün, sizə nə 
deyirəm, cavanlardan zəndeyi-zəhləsi gedir, onunku qocalardı. 
QARPAQON Qocalar? 
FROZİNA Hə, hə. Siz bircə onun dediklərini eşidərdiz! Südəmərləri, deyir, görəndə ürəyim 
bulanır, amma elə ki, mötəbər bir saqqalı olan qoca görürəm, ağlım başımdan çıxır. Nə qədər 
qoca olsa, bir o qədər onunçün yaxşıdır, odur ki, siz yaşınızı ondan gizlətməyin. Altmış yaşlı 
kişilərin dəlisidir. Dörd ay bundan əvvəl az qala ərə gedəcəkdi, amma nişanlısı, - əlli altı yaşım 
var, - deyib kəbini eynəksiz imzalamaq istəyən kimi iş pozuldu. 
QARPAQON Təkcə buna görə? 
FROZİNA Təkcə buna görə. Deyir, əlli altı yaş mənim üçün azdır, bir də burun, deyir, əgər 
üstündə eynək yoxdursa, nə burundur?! 
QARPAQON İşə bax! Bu qədər yaşamışam, hələ birinci dəfədir, belə şey eşidirəm. 
FROZİNA Hələ bu nədir ki! Siz bir onun otağını görəydiz. Divarlardan nə cür şəkillər asılıb! 
Siz elə bilirsiz Adonislər və Parislər, Apollonlar və Kupidonlardır?! Xeyr, səhv edirsiz! Saturn 
və çar Priam, ağsaçlı Nestor, bir də o... adı nə idi... zəifləmiş qoca Anxiz, oğlu onu öz çiynində 
gəzdirir. 
QARPAQON Heyran oldum! Bunu heç ağlıma da gətirməzdim. Mən çox şadam ki, onun 
belə zövqü var. Əslində, elə mən də qadın olsaydım, uşaq-muşağı sevməzdim. 
FROZİNA Əlbəttə! Axı onlarda sevməli nə var, yaramazlardır hamısı? Kimin bu burnufırtıqlı 
bədxərclərə gözü düşər? Onların nəyini bəyənirlər, bilmirəm. 
QARPAQON Nəyə görə qadınlar onları bu qədər sevirlər, ağlıma sığışdıra bilmirəm.
FROZİNA Sarsaqdılar, ona görə. Məgər sağlam düşüncəli qız da gəncliyə şirniklənər? Qəşəng 
oğlanlar! Məgər onlar da kişidir? Onların nəyini sevəsən? 
QARPAQON Elə mən də hər gün bunu deyirəm. Səsləri xoruz səsi, bığları pişik bığı, saçları 
parik, şalvarları düşür, qarınları çöldə... Tfu! 


FROZİNA Sizə isə təkcə baxmaq adama zövq verir! Baxan kimi deyirsən, əsl kişi budur! Üst-
baş, geyim-keçim! Paltarı qadınların ürəyinə od salır! 
QARPAQON Demək, sənin fikrincə mən pis deyiləm, hə? 
FROZİNA Bəs necə! Bircə şəklinizi çəkmək qalır. Bir dönün, xahiş edirəm... Əladı! Gəzişin... 
Qamətiniz incə, qıvraq; yerişiniz sərbəst; heç bir xəstəlik də hiss olunmur. 
QARPAQON Çox şükür ki, sən deyən elə xəstəliyim yoxdur, amma tez-tez təngnəfəs 
oluram, bir də hərdən öskürəyim tutur.
FROZİNA Boş şeydir. Töyşümək sizə yaraşır, öskürəndə isə daha xoş görünürsüz. 
QARPAQON Sən mənə bir de görüm: Mariana məni heç görməyib? Ötəri də olsa. 
FROZİNA Heç. Amma sizin haqqınızda çoxlu söhbətlər etmişik. Mən sizi yetərincə təsvir və 
tərif eləmişəm: belə əri, demişəm, gündüz çıraqla da axtarsan tapa bilməzsən. 
QARPAQON Afərin! Çox sağ ol! 
FROZİNA Sizə, cənab, balaca bir işim düşüb. Məhkəmədə davam var, onu uduza bilərəm - 
pulum çatmır. 
Qarpaqon qaş-qabağını sallayır.
Siz mərhəmət etsəydiz, mən bu işi asanlıqla uda bilərdim... Heç ağlınıza da 
gətirməzsiz ki, o, sizi görməyə nə qədər şad olacaq.
Qarpaqon yenə də şən görünür. 
Ax, onun elə xoşuna gələcəksiz ki. Sizin köhnə dəbli boyunluğunuz onu, bilmirsiz, 
nə hala salacaq! Bu qaytanlı şalvarı isə hələ demirəm: sevincindən dəli olacaq! Qaytanlı şalvar 
geymiş adaxlı! Ağzının suyu axacaq! 
QARPAQON Danış! Danış! 
FROZİNA Vallah, cənab, bu dava mənim taleyimi həll edəcək.
Qarpaqon qaş-qabağını sallayır.
Onu uduzsam, tamamilə müflis olacam. Mənə nə qədər pul lazımdır ki... Görəydiz, 
sizdən danışanda, qız necə bir sevinclə məni dinləyirdi!
Qarpaqon yenə şən görkəm alır. 
Gözləri par-par parıldayırdı, mən də axı əlimdən gələni edirdim!.. Axırda qızı o 
dərəcəyə çatdırdım ki, dedi, bu saat ona ərə gedirəm, lap elə bu dəqiqə! 
QARPAQON Mənə böyük yaxşılıq etdin, Frozina. Elə yaxşılıq ki, heç bilmirəm əvəzini 
necə çıxım. 
FROZİNA Siz də əvəzində mənə yardım edin, cənab. 


Qarpaqon qaş-qabağını sallayır.
Onda işlərim qaydasına düşər və sizə ömrümün axırına qədər duaçı olaram. 
QARPAQON Salamat qal! Mən məktubları yazıb bitirməliyəm. 
FROZİNA Cənab, and içirəm ki, məni böyük bir bəladan xilas etmiş olarsız. 
QARPAQON Sizi yarmarkaya aparmaq üçün karetamı qoşdura bilərəm. 
FROZİNA Vəziyyətim son dərəcə ağır olmasaydı, sizin baş-beyninizi aparmazdım. 
QARPAQON Şam yeməyini isə tez sifariş edəcəm – yatarqarına yemək ziyandır.
FROZİNA Rədd etməyin, mərhəmətli olun!.. Ax, cənab! Əgər bilsəydiz, necə bir sevinc...
QARPAQON Dayan görüm! Məni çağırırlar. Görüşənə qədər! (Gedir.) 
FROZİNA (tək). Ay səni, qoca köpək! Bu simicə heç nə təsir eləmir! Yox, heç vaxt! Əl çəkən 
deyiləm. Bura olmasın, başqa yer olsun, istədiyimi onsuz da qoparacam! 
ÜÇÜNCÜ pərdə 
I gəliş 
Qarpaqon, Kleant, Eliza, Valer, Jak, Klod, Brendavuan, Lamerluş 
QARPAQON Hamınız gəlin! Bu günə olan iş bölgülərinizi təyin edib əmrlərinizi verəcəm. 
Yaxın gəl, Klod! Başlayaq səndən.
Klodun əlində döşəmə şotkası var. 
Sən artıq yaraq-yasağını götürmüsən, bu yaxşıdır. Sənin işin: çalışmalısan ki, hər 
yer tər-təmiz olsun, amma bacardıqca mebellə ehtiyatlı davran, onu siləndə çox sürtmə – 
korlayarsan. Bundan başqa, şam yeməyi vaxtı gözün şərab şüşələrində olmalıdır: əgər biri itsə, 
sınsa – maaşınla cavab verəcəksən. 
JAK (öz-özünə). Bax bunu çox məharətlə düşünüb. 
QARPAQON (Kloda). Get. 


Klod gedir. 
II gəliş 
Qarpaqon, Kleant, Eliza, Valer, Jak, Brendavuan, Lamerluş 
QARPAQON Brendavuan və Lamerluş! Siz qədəhləri yaxalayacaq və şərab verəcəksiz, 
amma nə vaxt vacib olsa, onda. Bəzi sarsaq xidmətçilərə oxşamayın, onlar qonağa zorla qədəh 
uzadıb yadına içmək salırlar, halbuki şərab bəlkə onun heç ağlına da gəlmirdi. Gözləyin, bir-iki 
dəfə xahiş eləsinlər, sonra verin. Bir də, masanın üstünə bolluca içməli su qoyun. 
JAK (öz-özünə). Bəs necə! Axı təmiz şərab adamı tez sərxoş edir! 
LAMERLUŞ Bu önlükləri çıxaracağıq, cənab? 
QARPAQON Bəli, qonaqlar artıq toplaşmağa başlayanda. Amma baxın ha, paltarınıza ləkə 
salmayın. 
BRENDAVUAN Sizə məlumdur ki, cənab, mənim kamzolumun qabağında iri yağ ləkəsi var. 
LAMERLUŞ Mənim də şalvarımın dalı deşik-deşikdir, elə gündədir ki, cənab, ifadəmə görə üzr 
istəyirəm, arxam...
QARPAQON (Lamerluşa). Kifayətdir! Qonaqlara qabaq tərəfini çevir, arxanı isə divara. 
(Brendavuana.) Sən isə bir əlinlə şərab payla, o birisi ilə şlyapanı bax, beləcə tut. (Brendavuana 
yağ ləkəsini şlyapa ilə necə örtməyi göstərir.)
Brendavuan və Lamerluş gedirlər. 
III gəliş 
Qarpaqon, Kleant, Eliza, Valer, Jak 
QARPAQON Sən, Eliza, masanın yığışdırılmasına nəzarət edərsən – heç nə itib-
batmamalıdır. Bu elə əsl qız məşğuliyyətidir. İndi isə get hazır ol ki, nişanlımı layiqincə 
qarşılayasan. Sonra da onunla yarmarkaya get. Eşidirsən, nə deyirəm? 
ELİZA Eşidirəm, atacan. (Gedir.) 


IV gəliş 
Qarpaqon, Kleant, Valer, Jak 
QARPAQON Sən isə, mənim qiymətsiz oğlum – bu günkü hadisəni sənə bağışladım – daha 
bax ha, qızın qabağında sir-sifət turşutmağı ağlına belə gətirməyəsən! 
KLEANT Mən, atacan? Sir-sifətimi niyə turşutmalıyam ki? 
QARPAQON Danışma! Mən yaxşı bilirəm, atalar ikinci dəfə evlənəndə, uşaqlar özlərini 
necə aparır, ögey analarına necə baxırlar. Əgər o hərəkətini tamamilə unutmağımı istəyirsənsə, 
bacardıqca nəzakətli və xoşsifət ol. 
KLEANT Açığını desəm, atacan, onun mənim ögey anam olmasına heç də şad deyiləm – sizi 
nəyə görə aldadım! O ki qaldı nəzakətli və xoşsifət olmağıma, bundan arxayın ola biərsiz. 
QARPAQON Çalış, lütfən. 
KLEANT Razı qalacaqsız. 
QARPAQON Ümidvaram. 
Kleant gedir. 
V gəliş 
Qarpaqon,Valer, Jak 
QARPAQON Sən mənə lazımsan, Valer. Bir bura gəl, Jak, indi də növbə sənə çatdı. 
JAK Kiminlə danışmaq istəyirsiz, cənab, aşpazla, yoxsa faytonçu ilə? Mən axı bu evdə 
həm oyam, həm də o biri.
QARPAQON Aşpazla da, faytonçu ilə də. 
JAK Bəs birinci hansı gəlsin? 
QARPAQON Aşpaz. 
JAK Bu dəqiqə. (faytonçu paltarını çıxarıb, aşpaz paltarında qalır). 


QARPAQON Bu tamaşa nədən ötrüdür? 
JAK Qulluğunuzda hazıram. 
QARPAQON Bu gün, Jak, şam yeməyi veriləcək! 
JAK (öz-özünə) Nə böyük möcüzə! 
QARPAQON Əlindən gələr? 
JAK Yaxşı pula əlbəttə! 
QARPAQON Yerə girəsən! Yenə pul! Bunların bildiyi təkcə bir söz var: “Pul! Pul! Pul!” 
Elə yapışıblar ki, pul ver! Hamısı pul deyir! Pulsuz bir addım da atmırlar! 
VALER Bu cavabdan axmağını hələ eşitməmişəm. Əcəb gözəldir: yaxşı pula yaxşı şam 
yeməyi hazırlamaq! Bundan asan nə var? Bunu axmaq da bacarar! Yox, əgər sən işinin 
ustasısansa, onda gəl gözəl şam yeməyindən danış, amma ucuz başa gəlsin. 
JAK Gözəl şam yeməyi, amma ucuz başa gəlsin? 
VALER Bəli. 
JAK Cənab eşikağası, bəlkə bir zəhmət çəkib bunun sirrini bizə göstərəsiz? Gəlsənə, elə 
mənim də vəzifəmi öz əlinizə götürəsiz? Onsuz da bütün işləri öz əlinizə almısız. 
QARPAQON Sus! Bizə nə lazım olacaq? 
JAK Cənab eşikağası sizə ucuz başa gələn gözəl şam yeməyi hazırlayacaq! 
QARPAQON Mən ondan soruşmuram, səndən soruşuram. 
JAK Neçə adamlıq? 
QARPAQON Səkkiz-on adam olacaq, amma səkkiz adamlıqdan artıq bişirmək lazım deyil. 
Səkkiz adam doyan yerdə on adam da doya bilər. 
VALER Təbii. 
JAK Demək, dörd dəfə süfrə dəyişiləcək. Beş cür qəlyanaltı, şorba, soyutma...
QARPAQON Cəhənnəm ol, lənətə gələsən! Bütün şəhəri yedirtmək istəyirsən, nədi?! 
JAK Qovurma... 
QARPAQON (əlilə onun ağzını qapayır). Vəhşi! Məni dilənçi vəziyyətinə salmaq 
istəyirsən? 
JAK Bir dənə də yüngül yemək... 
QARPAQON Daha nə? 


VALER (Jaka). Deyəsən, doğrudan da, hamını çox yedirib gəbərtmək istəyirsən. Sənin 
ucbatından bu cənab qatilə çevriləcək. Səhhət qaydalarını oxu və həkimdən xəbər al, gör 
qarınqululuqdan zərərli nə ola bilər? 
QARPAQON Qızıl kimi sözlər!
VALER Bax, dostum, yadında yaxşı saxla, bütün qohumlarına da öyrət ki, öz süfrəsinə 
çoxlu ət verən adam sorğu-sualsız qatildir. Əgər ev sahibi qonaqlarını sevirsə, gərək sadəliyə 
riayət eləsin. Hətta belə bir qədim kəlam da var: biz yaşamaq üçün yeyirik, yemək üçün 
yaşamırıq. 
QARPAQON Gözəl kəlamdır! Gəl, Valer, gəl, üzündən öpüm. Ömrümdə belə ağıllı söz 
eşitməmişəm: biz yemək üçün yaşayırıq, yaşamaq üçün... Yox, deyəsən olmadı. Sən necə 
dedin? 
VALER Biz yaşamaq üçün yeyirik, yemək üçün yaşamırıq. 
QARPAQON (Jaka). Eşit! Gördün? (Valerə). Bu sözləri hansı müdrik söyləyib? 
VALER Yadımda deyil. 
QARPAQON Yadıma sal, bu sözləri qeyd edim. Onları qızıl hərflərlə zalın divarına həkk 
etdirəcəm, buxarının üstünə. 
VALER Mütləq. Şam yeməyinə gəldikdə isə, izn verin bu işi öz boynuma götürüm – mən 
hamısını yerli-yerində düzüb-qoşacam.
QARPAQON Düz-qoş. 
JAK Çox gözəl. Mənim işim asanlaşır. 
QARPAQON (Valerə). Elə şeylər hazırlayın ki, adamı tez tutsun: qoyun qovurması, misal 
üçün, yağlı olsun, şabalıdlı paştet... 
VALER Arxayın olun. 
QARPAQON Sonra, Jak, karetanı təmizləmək lazımdır. 
JAK üzr istəyirəm. Bu artıq faytonçuya aiddir. (faytonçu kaftanını geyir). Nə 
buyururduz?.. 
QARPAQON Karetanı təmizləyib, atları qoşmaq lazımdır – yarmarkaya gedəcəksən. 
JAK Atları, cənab? Onlar heç yerlərindən tərpənməyəcəklər. Yalan deməyəcəm: onlar 
palçıqda yatırlar, yazıq heyvanların heç döşənəkləri yoxdur. Yemlənmələri də elədir ki, heç ata 
oxşamırlar – kölgələri qalıb.
QARPAQON Arıqlayıblar? Mən ki, onları heç çapmıram. 
JAK Çapdız ya çapmadız, cənab, yem ki, hər gün verilməlidir. Bu yazıqlar hər cür işə 
gedərlər, təki tox olsunlar. Get-gedə arıqladıqlarını gördükcə, adamın ürəyi parçalanır. Mən axı 


atları sevirəm – onların dərdi mənə əzab verir. Nə qədər qəddar adam olmalısan ki, cənab, 
yaxınlarına yazığın gəlməsin. 
QARPAQON Karetanı yarmarkaya kimi aparmaq o qədər də çətin iş deyil. 
JAK Yox, cənab, mən buna ürək eləmirəm. qamçı vurmağa əlim gəlməz. Ayaqlarını 
sürüyə bilmirlər, istəyirsiz karetanı dartsınlar? 
VALER Qonşu Pikardan xahiş edərəm, cənab, faytonçuluğu o edər, Jak isə, qoy, qalıb 
yemək hazırlasın. 
JAK Yaxşı. İşdi, gəbərsələr, heç olmasa bilirəm ki, mənim günahımdan olmayacaq. 
VALER Çox göydən gedirsən, Jak. 
JAK Çox yaltaqlanırsan, eşikağası. 
QARPAQON Sus! 
JAK Mənim yaltaqlardan zəhləm gedir, cənab. Bunun isə iç üzü mənə çoxdan bəllidir. 
Eləhey çörəyin, şərabın, odunun, duzun, şamların hesabını aparır, hamısını da yalnız sizə 
yaltaqlanmaq, xoşunuza gəlmək üçün edir. Bu isə məni cinləndirir. Sizin haqqınızda danışılanları 
eşitmək isə, doğrusu, məni lap dilxor edir. Axı necə də olsa, atlardan sonra dünyada ən çox sizi 
sevirəm. 
QARPAQON Bəs bilmək olarmı, Jak, mənim haqqımda nə danışırlar?
JAK Olar, cənab... əgər əmin olsam ki, siz hirslənməyəcəksiz. 
QARPAQON Heç zərrə qədər də hirslənməyəcəm. 
JAK Yox, hirslənəcəksiz! Mütləq hirslənəcəksiz! 
QARPAQON Dedim ki, yox! Əksinə, mən razı qalacam, bunu bilmək mənim üçün çox 
maraqlıdır.
JAK İndi ki, özünüz istəyirsiz, cənab, onda sizə vicdanla deyim, bilin: hər yerdə sizi
lağa qoyurlar, kim necə gəldi sizi ələ salır, ağ yuyub-qara sərirlər – xəsisliyiniz haqda gəzən 
lətifələrin sayı-hesabı yoxdur. Bəziləri deyir ki, siz xüsusi təqvim sifariş vermisiz, orada pəhriz 
günlərinin sayı lazım olduğundan iki dəfə artıq göstərilir ki, nökərləriniz tez-tez pəhriz 
saxlasınlar; başqaları deyir ki, sizin nökərləriniz nə bayramlarda hədiyyə alırlar, nə də düzgün 
maaş, çünki həmişə ilişməyə səbəb tapırsız. Biri danışır ki, siz bir dəfə qonşunun pişiyini 
məhkəməyə vermisiz ki, yeməyinizin artığını yeyib; başqa birisi danışır ki, sizi bir gecə, öz 
atınızın arpasını oğurlayanda tutublar və məndən qabaq işləyən faytonçu, qaranlıqda sizi yaxşıca 
budayıb – amma siz üstünü vurmamısız. Qısası, hara gedirsən, elə sizi söyürlər. Sizə bütün şəhər 
gülür; sizi hər tində lənətləyirlər, adınız da ki, hər yerdə acgöz, xəsis, simic, zıqqı! 
QARPAQON (onu döyür). Sən də – sarsaq, alçaq, dələduz, ədəbsiz, səfeh, fırıldaqçı... 
JAK Gördüz, məgər düz demirdim? Sizsə inanmırdız. Mən axı sizi xəbərdar elədim ki, 
həqiqəti desəm hirslənəcəksiz. 


QARPAQON Sən əvvəlcə mənimlə danışmağın təhərini öyrən! (Gedir.) 
VI gəliş 
valer, Jak 
VALER (gülərək). Zənnimcə, Jak, sənin səmimiliyinin haqqını pis ödəyirlər. 
JAK Sənə qalmayıb, bambılı! Özünü elə göstərirsən, elə bil kiməsə lazımsan! Sənin 
özünü kötəkləyəndə gülərsən, məni isə lağa qoymaq lazım deyil. 
VALER Əsəbiləşməyin, hörmətli Jak! 
JAK (öz-özünə). Aha! Quyruğu əsdi! Gəl onu bir qorxuya salım! Əgər axmaq olub 
məndən qorxsa, onda bir az əzişdirərəm. (Bərkdən.) Sizə məsləhət görürəm, cənab dişağardan, 
yadda saxlayasız ki, mənim sizə qoşulub diş ağartmaq niyyətim yoxdur, səbrimi tükədərsiz, sizi 
başqa cür diş ağartmağa məcbur edərəm. (Valeri hədələyir və səhnənin iç tərəfinə qovur.) 
VALER Yaxşı, yaxşı, sakit ol! 
JAK Nə yaxşı? Nə sakit ol?! İndi sənə göstərərəm! 
VALER Xahiş edirəm. 
JAK Qanacaqsızın biri! 
VALER Cənab Jak! 
JAK “Cənab Jak” indi sənə göstərəcək. İndi dəyənəyi əlimə alıb, sənin bütün lovğalığını 
çırpıb tökdürəcəm. 
VALER Necə? Dəyənəyi?! (Jakın üstünə gedir). 
JAK Mən nə dedim ki... 
VALER Cənab Jak, məsləhət görürəm yadda saxlayasız ki, mən sizi daha yaxşı əzişdirə 
bilərəm. 
JAK Siz deyəndir! 
VALER Dəyərsiz mətbəx kötüyü! 
JAK Əlbəttə, razıyam! 
VALER Sən hələ məni tanımırsan! 


JAK bağışlayın... 
VALER Bəs hanı sənin dəyənəyin? 
JAK Mən zarafat edirdim. 
VALER Sənin zarafatın xoşuma gəlmədi. (onu dəyənəklə döyür). Bir də belə zarafat 
eləmə. (Gedir.) 
JAK (tək). Öz səmimiyyətimin ağrısıdı! Doğrunu danışmaq şox faydasız peşədir, tövbə 
edəsi oldum. Yenə ağam döysə dərd yarıdır, amma eşikağası... Bir dayan, mənə borc olsun.
VII gəliş 
Jak, Mariana, Frozina 
FROZİNA Jak, bilmirsən, ağanız evdədir ya yox? 
JAK Evdədir, evdədir. Bunu məndən dəqiq kim bilə bilər? 
FROZİNA Onda zəhmət olmasa ona de ki, gəlmişik. 
Jak gedir. 
VIII gəliş 
Mariana, frozina 
MARİANA Ah, Frozina, mən qəribə bir hiss keçirirəm! Başıma gələcək işlərdən qorxuram! 
FROZİNA Axı niyə? Burada qorxulu nə var? 
MARİANA Hələ soruşursan da! Özünü mənim yerimə qoy: öz ayağımla edam olunmağa 
gedirəm. 
FROZİNA Mən çox aydın görürəm, Qarpaqon kimi bir edamla ölmək sizə o qədər də xoş 
deyil. Bir də bilirəm ki, mənə dediyiniz o cavan oğlan hələ də ağlınızdan çıxmır, məni aldada 
bilməzsiz. 


MARİANA Səni heç aldatmaq da istəmirəm, Frozina. O, bizə gələndə özünü elə gözəl apardı 
ki, boynuma alıram, ona qarşı laqeyd qala bilmədim. 
FROZİNA Heç bilirsiz o kimdir? 
MARİANA Yox. Bircə bilirəm ki, onu sevməmək olmur. Əgər mənə seçmək ixtiyarı 
verilsəydi, əlbəttə bir dəqiqə belə düşünməzdim, amma məni başqasına getməyə məcbur edirlər, 
bu da mənim üçün bir işgəncədir. 
FROZİNA Pərvərdigara! Bu cavanlar ürəyə girə bilirlər də! Bülbül kimi ötməkləri var, amma 
az qala hamısı lütdür, sizin üçün isə, qoca da olsa, varlı adama getmək daha əlverişlidir. Əlbəttə, 
burada sevgidən söhbət gedə bilməz, belə ərlə yaşamağın nə sevinci? Amma bu ki müvəqqətidir. 
İnanın, çox yaşayası deyil, o zaman istədiyiniz adamı seçərsiz: o adam da hər şeyin əvəzini 
qaytarar. 
MARİANA Danışırsan da, Frozina! Xoşbəxtlik xəyallarına bax: kiminsə ölümünü 
gözləməliyəm! Birdən ölmədi! 
FROZİNA Ağ eləməyin! Siz axı o şərtlə ərə gedirsiz ki, tezliklə dul qalacaqsız, bu şərt gərək 
kəbin müqaviləsində də qeyd olunsun. Əgər üç aydan sonra ölməsə, onda düşüyün biri olar. Bu 
da o!
MARİANA Ax, Frozina, nə eybəcərdir!
IX gəliş 
Mariana, Frozina, Qarpaqon 
QARPAQON (Marianaya). Sizi eynəkdə qarşıladığım üçün mənə acığınız tutmasın, gözəl 
qız. Bilirəm ki, gözəlliyiniz onsuz da göz qabağındadır, onu görməmək mümküm deyil və onu 
görmək üçün heç bir böyüdücü şüşəyə ehtiyac yoxdur. Lakin ulduzlara biz böyüdücü şüşələrlə 
baxırıq, mən də iddia və təsdiq edirəm ki, siz – ulduzsunuz, həm də necə bir ulduz! Bütün 
ulduzların içində - ən gözəli... Frozina! O susur və sanki məni görməyinə şad deyil! 
FROZİNA Həyəcanlıdır, hələ özünə gəlməyib. Qızlar, ürəklərindəkini tez biruzə verməyə 
utanırlar. 
QARPAQON Düz deyirsən. (Marianaya). əziz balam, icazə verin, qızımı sizə təqdim edim.
X gəliş 
Mariana, Frozina , Qarpaqon, Eliza 


MARİANA Sizə belə gec gəldiyim üçün, məni bağışlayın, xanım. 
ELİZA Sizsə məni bağışlayın ki, sizi qabaqlamadım: bu mənim vəzifəm idi. 
QARPAQON Görürsüz, qızım nə böyükdür? Alaq otu tez boy atar. 
MARİANA (yavaşca Frozinaya). Nə idbar adamdır! 
QARPAQON (Frozinaya). Bizim gözəl xanım nə deyir? 
FROZİNA Sizə valeh olub. 
QARPAQON Bu mənim üçün böyük şərəfdir, afət. 
MARİANA (öz-özünə). İyrənc məxluqdur! 
QARPAQON Mənim barəmdə olan tərifli fikrinizə görə sizə hədsiz minnətdaram! 
MARİANA (öz-özünə). Səbr etməyə taqətim qalmayıb.
XI gəliş 
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Brendavuan 
QARPAQON Bu da mənim oğlumdur, gəlib ki, sizə öz ehtiramını bildirsin. 
MARİANA (Frozinaya, astadan). Ah, Frozina, nə xoş təsadüf! Bu ki odur! Sənə dediyim 
oğlan!
FROZİNA (Marianaya, astadan). İşə bax! Nə qəribə təsadüf! 
QARPAQON Görürəm, siz təəccüblənirsiz ki, mənim belə böyük uşaqlarım var, amma mən 
tezliklə hər ikisindən yaxamı qurtaracam. 
KLEANT (Marianaya). Doğrusu, xanım, mən belə şey gözləmirdim. Atam öz niyyətini 
bildirəndə məni çox heyrətləndirdi. 
MARİANA Elə mən də sizə eyni sözü deyə bilərəm. Bu gözlənilməz görüş məni sizdən az 
təəccübləndirmədi – bu görüşə heç hazır deyildim. 
KLEANT Tamamilə aydındır ki, atam sizdən artığını seçə bilməzdi: sizi görmək –mənim 
üçün böyük səadətdir, amma deməzdim ki, onun bu hərəkəti məni sevindirdi . Mən şirin 
danışmağı bacarmıram və etiraf edirəm, sizə ögey ana demək istəməzdim. Bəzilərinə, yəqin ki, 


mənim sözlərim kobud görünəcək: lakin siz, – buna əminəm – mənim sözlərimi lazım olduğu 
kimi anlayacaqsız. Bu saat ürəyimdə nələr çəkdiyimi təsəvvür etmək sizə çətin olmaz: məni 
tanıdıqca, anlayacaqsız ki, mənimçün burada sevinməli bir şey yoxdur və mən özümə borc 
bilirəm ki, sizə, atamın icazəsi ilə bəyan edim: əgər bu kəbin məndən asılı olsaydı, heç vaxt baş 
tutmazdı! 
QARPAQON Afərin, çox yaxşı danışdın! 
MARİANA Mən də sizin kimi cavab verəcəm: siz məni ögey ana adlandırmaq istəmədiyiniz 
kimi, mən də sizi ögey oğlum adlandırmaq istəməzdim. Xahiş edirəm, məni narazılığınızın 
təqsirkarı hesab etməyin. Öz-özlüyümdə heç vaxt sizə bir pislik etməyə cürət etməzdim. Sizi 
inandırıram – üzərimdə başqasının hökmü olmasaydı – mən heç vaxt sizi bu nikahla məyus 
etməzdim. 
QARPAQON Ona bu da azdır. Axmaq nitqə verilən axmaq cavab. Bu ədəbsizin günahından 
keçin, gözəl qız: gəncdir, axmaqdır, danışığını qanmır. 
MARİANA İnanın, zərrə qədər də inciməmişəm. Əksinə, səmimi etirafına görə ona çox 
minnətdaram. Əgər o başqa cür danışsaydı, mən daha ona hörmət etməzdim. 
QARPAQON Ona qarşı həddən artıq mərhəmətlisiz. Amma, vaxtı gələndə o da ağıllanacaq, 
hissləri də dəyişəcək. 
KLEANT yox, atacan, mən heç vaxt dəyişilməyəcəm, – xahiş edirəm, xanım, mənə inanasız. 
QARPAQON Belə də ağılsızlıq olar?! Dediyində durur! 
KLEANT Bəs siz istəyirsiz, yalan danışım? 
QARPAQON Yenə öz bildiyini deyir! Başqa şey haqqında danışmaq olmaz? 
KLEANT Yaxşı. Başqa şeydən deyirsiz – başqa şeydən danışaq. İcazə verin, xanım, atamı 
əvəz edim və sizə deyim ki, ömrümdə sizdən qəşəng qıza rast gəlməmişəm, sizin xoşunuza 
gəlmək mənim üçün böyük xoşbəxtlikdir, sizin əriniz olmaq – elə böyük səadətdir ki, onu yer 
üzündə ən böyük sultanın taleyinə belə dəyişməzdim. Bəli, xanım, sizə malik olmaq mənim 
çoxdankı arzum, qürurumun son həddidir. Belə qələbə xatirinə hər şeyimi qurban verərdim, məni 
heç nə saxlaya bilməzdi. 
QARPAQON bir az asta, qardaş, coşma! 
KLEANT Mən bunu sizin adınızdan deyirəm. 
QARPAQON Özümün, şükür Allaha, dilim var, mənə vəkil lazım deyil... Bizə kreslo verin! 
FROZİNA Bəlkə yarmarkaya yollansaq daha yaxşı olar? Tez qayıdardıq – söhbətə də vaxt 
qalardı. 
QARPAQON (Brendavuana). Karetanı qoşun!


XII gəliş 
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer 
QARPAQON (Marianaya). Gəzinti qabağı sizi heç nəyə qonaq etmədiyim üçün üzr 
istəyirəm, gözəlim, unutdum. 
KLEANT Mən artıq bunun qeydinə qalmışam, atacan: indi mandarin, portağal və mürəbbə 
gətirməlidirlər – sizin adınızdan sifariş etmişəm. 
QARPAQON (Valerə, yavaşca). Valer! 
VALER (eyni səslə). O dəli olub. 
KLEANT Atacan, siz elə düşünürsüz, bu kifayət deyil? Belə isə, qonağımızdan üzr 
istəyirəm. 
MARİANA Bunsuz da keçinmək olardı. 
KLEANT Atamın üzüyündəki o heyrətamiz brilyant kimi qaşlardan heç görmüsüzmü, 
xanım? 
MARİANA Çox parlaqdır! 
KLEANT (üzüyü Qarpaqonun barmağından çıxarıb Marianaya uzadır). Yaxşı-yaxşı baxın. 
MARİANA Qəribə brilyantdır! Gözəl parıltısı var. (Üzüyü qaytarmaq istəyir.) 
KLEANT (Mariananın qarşısını kəsir). Yox-yox, xanım, o sizin zərif əlinizdə daha da çox 
işıq saçacaq. Atam onu sizə bağışlayır. 
QARPAQON Mən? Bağışlayıram? 
KLEANT Siz istəyirsiz ki, Mariana bu üzüyü sizdən bir sevgi nişanəsi kimi qəbul eləsin, düz 
demirəm, atacan,? 
QARPAQON (Kleanta, yavaşca). Bu nə deməkdir?!
KLEANT (Marianaya). Soruşmaq artıqdır! Görürsüz, o mənə him-cim edir ki, sizi yola 
gətirim. 
MARİANA Mən heç bir vəchlə... 
KLEANT Vəssalam! Geri götürməyəcək. 
QARPAQON (öz-özünə). Onunla mən nə edim axı? 
MARİANA Bu olduqca... 


KLEANT (üzüyü qaytarmağa qoymur). Yox-yox, siz onun xətrinə dəyərsiz. 
MARİANA Xahiş edirəm! 
KLEANT Qətiyyən! 
QARPAQON (öz-özünə). Görüm səni belə!.. 
KLEANT Görürsüz? Görürsüz? Sizin imtina etməyiniz, onu dilxor elədi. 
QARPAQON (Kleanta, yavaşca). Cani! 
KLEANT (Marianaya) O, ümidsizliyə qərq olub. 
QARPAQON (Kleanta, yavaşca, hədələyici). Qaniçən! 
KLEANT Atacan! Məndə günah yoxdur! Mən Mariananı dilə tuturam ki, sizin hədiyyənizi 
qəbul eləsin, amma o razılaşmır. 
QARPAQON (Kleanta, yavaşca, amma qəzəb içində). Qatil! 
KLEANT Sizin üzünüzdən, xanım, atam məni danlayır. 
QARPAQON (Kleanta, astadan, hədələyərək). Quldur! 
KLEANT (Marianaya). Atam azarlamağa başlayır. Xahiş edirəm, xanım, rədd etməyin! 
FROZİNA (Marianaya). Canım, niyə naz edirsiz? İndi ki, belə xahiş edirlər, götürün. 
MARİANA (Qarpaqona). Sizi acıqlandırmamaqdan ötrü, bu üzüyü özümdə saxlayıram, – o 
vaxta qədər ki, qaytarmaq mümkün olsun.
XIII gəliş 
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Brendavuan 
BRENDAVUAN (Qarpaqona). Bir nəfər sizi xəbər alır, cənab. 
QARPAQON Ona de ki, məşğulam, qoy başqa vaxt gəlsin. 
BRENDAVUAN Deyir ki, sizə pul gətirib. (Gedir.) 


XIV gəliş 
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer. 
QARPAQON (Marianaya). Xahiş edirəm məni bağışlayasınız, bu saat gəlirəm.
XV gəliş 
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Lamerluş 
LAMERLUŞ (yüyürərək daxil olur, Qarpaqona toxunub, yerindən oynadır). Cənab!.. 
QARPAQON Ox, öldüm!
KLEANT Nədi, atacan, əzilmədiniz ki?
QARPAQON Bu qatil yəqin borclularımdan rüşvət alıb ki, mənim boynumu sındırsın. 
VALER (Qarpaqona ). Özünüzə gəlin! 
LAMERLUŞ Bağışlayın, cənab, mən səy göstərirdim... 
QARPAQON Sənə nə lazımdır, quldur? 
LAMERLUŞ Hər iki atın nalı düşüb. 
QARPAQON Düşüb? Qoy nalbəndə aparsınlar. 
KLEANT O vaxtacan isə, atacan, mən ev yiyəsi vəzifəsini öz üzərimə götürərəm, Mariananı 
bağa ötürüb, oraya yemək gətirmələrini də əmr edərəm.
Qarpaqon və Valerdən başqa hamı gedir. 
XVI gəliş 
Qarpaqon, valer 


QARPAQON Valer! Get göz qoy, gör o necə qonaq edəcək, mümkün olan qədərini xilas elə 
və tacirə qaytar. 
VALER Baş üstə . (Gedir.) 
QARPAQON (tək). Oğul-bala! Məni talan etmək fikrindəsən?
Dördüncü pərdə 
I gəliş 
Kleant, Eliza, Mariana, Frozina 
KLEANT Bura girək, bura daha əlverişlidir: heç kəs bizi pusmayacaq, sərbəst danışa bilərik. 
ELİZA Bəli, Mariana, qardaşım mənə hər şeyi danışıb. Bu cür əngəllərin adamı necə 
məyus etdiyini, necə kədərləndirdiyini bilirəm və inanın ki, sizin işinizə mən də tam 
səmimiyyətlə qoşuluram. 
MARİANA Sizin iştirakınız mənim üçün böyük təsəllidir. Mən elə bədbəxtəm ki, Eliza. 
Dostluğunuzu məndən əsirgəməyin. 
FROZİNA Mənim zavallı uşaqlarım! Axı niyə mənə əvvəlcədən demədiz? Mən hər şeyi başqa 
cür döndərərdim, - sizi dərdə yox, sevincə qərq edərdim. 
KLEANT Nə etmək olar? Görünür, mənim taleyim belə imiş. Nə qərara gəlirsiz, gözəl 
Mariana? 
MARİANA Ah, mən nə qərara gələ bilərəm axı? Mənə bu asılı vəziyyətdə yalnız arzulamaq 
qalır. 
KLEANT Təkcə arzulamaq! Daha heç nə? Heç mənə kömək də edə bilmirsiz? Öz 
təəssüfünüzü, xeyirxahlığınızı heç nə ilə göstərə bilmirsiz, sevginizi heç nə ilə sübut edə 
bilmirsiz?
MARİANA Bu sözlərinizə mən nə cavab verə bilərəm? Özünüzü mənim yerimə qoyun və 
fikirləşin, görün mən nə edə bilərəm. Düşünün, tapın, əmr edin – mən hər şeyə razıyam. Ümid 
edirəm, siz ağıllı olacaqsız və məndən ədəbsiz, nalayiq heç nə tələb etməyəcəksiz. 
KLEANT Dərin təşəkkürümü bildirirəm! Fikirləş tap, əmr elə, hələ bir çalış ki, nə ədəb 
pozulmasın, nə də ləyaqət! 


MARİANA Bəs mən nə edim? Tutalım, mən qız ləyaqətimə məhəl qoymadım, axı bundan 
başqa mənim bir övlad kimi də borcum var. Anam məni elə çox sevir ki, mən onun heç vaxt 
məyus olmasına yol vermərəm. Onun rəğbətini qazanmaq üçün əlinizdən gələni edin. Razıyam, 
ona hər şeyi deyin, ümumiyyətlə lazım bildiyiniz kimi hərəkət edin. O məndən xəbər alanda isə, 
əlbəttə, daha ondan heç nə gizlətməyəcəm. 
KLEANT Frozina, mənim göyərçinim! Bizə kömək edərsən? 
FROZİNA Bunu heç soruşmasanız da olar: mən bütün qəlbimlə kömək etməyə hazıram. Mən 
axı təbiətcə çox rəhmliyəm, ürəyim daş deyil axı, belə təmiz və alicənab sevgiyə rast gələndə 
həmişə yardım etməyə şadam. Görən, nə tədbir tökmək olar? 
KLEANT Yaxşıca fikirləş. 
MARİANA Bizə yol göstər. 
ELİZA Nəyi dolaşdırmısansa, hamısını aç. 
FROZİNA Çətindir. (Marianaya). sizin ananızı yola gətirmək məncə çətin olmaz, onun üçün 
nə fərqi var, ata əriniz olacaq, yoxsa oğul. (Kleanta) Dərd burasındadır ki, bu ata – sizin 
atanızdır. 
KLEANT Haqlısan. 
FROZİNA Dediyim budur ki, əgər onu rədd etsələr, acığından sizin də nikahınıza mane olar. 
Biz əgər işləri elə qursaq ki, özü rədd eləsin, - məncə bu daha yaxşı olar. (Marianaya). Bundan 
ötrü gərək siz onun gözündən düşəsiz. 
KLEANT Doğrudur! 
FROZİNA Özüm də bilirəm, doğrudur. Fikir yaxşıdır, bəs bunu necə həyata keçirmək olar?.. 
Dayan!.. Yaşlı, həm də mənim kimi bacarıqlı bir arvad tapsaq, onu bəzəyib ortaya salsaq pis 
olmaz, qoy özünü adlı-sanlı bir xanım yerinə, nə bilim, bir markiza, yaxud Aşağı Bretandan 
gəlmiş bir vikontessa yerinə qoysun, mən də sizin atanızı inandıra bilərəm ki, o olduqca varlıdır, 
hələ evlərini hesaba almıram, yüz min ekü təmiz kapitalı var, özü də dəli kimi ona aşiqdir, ona 
ərə getmək istəyir və bütün var-dövlətini kəbin kağızında onun adına yazmağa hazırdır. Əmin 
olun ki, atanız bunu diqqətsiz buraxmaz. (Marianaya). Sizi sevməyinə sevir, buna söz yoxdur, 
lakin pulu sizdən bir az çox sevir, o bu tələyə düşüb sizin nikahınıza razı olandan sonra, dərdimiz 
azalar: öz markizası ilə nə eləyir eləsin. 
KLEANT Əla düşünülüb! 
FROZİNA Hamısını özüm düzüb-qoşacam. Bir tanışım yadıma düşdü, ondan yaxşısını tapa 
bilmərik. 
KLEANT Əgər işimiz baş tutsa, xəcalətindən bilmirsən necə çıxacam, Frozina! O vaxtacan 
isə, Mariana, ananızı yola gətirmək lazımdır. Bircə bu nikahı poza bilək! Bütün gücünüzü 
toplayın, onun sizə olan sevgisindən faydalanın, əlinizdən gələni edin, yalvarın, ağlayın, 
boynuna sarılın – bilirəm ki, davam gətirməyəcək. 
MARİANA Əlimdən gələni edərəm, heç nəyi unutmaram.


II gəliş 
Kleant, Eliza, Mariana, Frozina, Qarpaqon 
QARPAQON (heç kəs onu görmür, öz-özünə). Paho, oğlum gələcək ögey anasının əlini
öpür, gələcək ögey ana isə ona heç də müqavimət göstərmir. Burada bir fırıldaq olmaya? 
ELİZA Budur, atam da gəldi! 
QARPAQON Kareta hazırdır. İstəsəz, gedə bilərsiz. 
KLEANT İndi ki, siz getmirsiz, atacan, mən onları ötürərəm. 
QARPAQON Yox, sən qal. Onlar sənsiz də keçinərlər, mənə isə sən lazımsan.
Eliza, Mariana və Frozina gedirlər. 
III gəliş 
Kleant, Qarpaqon 
QARPAQON Belə, oğlum, əgər unutsaq ki, o sənin gələcək ögey anandır, sənin özünün 
fikrincə o necədir? 
KLEANT Mənim fikrimcə necədir? 
QARPAQON Hə, danışığı, qaməti, gözəlliyi, ağlı necədir? 
KLEANT Babatdır. 
QARPAQON Elə bu? 
KLEANT Açığını desəm, mən onu başqa cür təsəvvür edirdim. Danışığı ədalıdır, qaməti 
yöndəmsizdir, gözəlliyi orta, ağlı da ki, ən adi ağıldır. Elə bilməyin ki, atacan, mən sizi ona qarşı 
soyutmaq istəyirəm: ögey anam o olacaq, ya başqası – mənim üçün qətiyyən fərqi yoxdur. 
QARPAQON Bəs bayaq sənin ona dediyin... 


KLEANT Sizin adınızdan boş-boş nəzakətli sözlər deyirdim ki, xətriniz xoş olsun. 
QARPAQON Yəni deyirsən, səndə ona qarşı heç bir meyl yoxdur? 
KLEANT Məndə? Heç zərrə qədər də. 
QARPAQON Çox təəssüf. Mənimsə ağlıma yaxşı fikir gəlmişdi. Ona baxarkən öz yaşım 
yadıma düşdü və düşündüm: belə gənc bir qızla evlənsəm, camaat mənə nə deyər? Və bu fikri 
başımdan atmağı qərara aldım. Amma artıq evlənmək təklifi etmişəm və ona sözlə bağlıyam, 
buna görə də, heyf, əgər ondan zəhlən getməsəydi, mənim yerimə sən onu alardın. 
KLEANT Mən? 
QARPAQON Sən. 
KLEANT Evlənərdim? 
QARPAQON Evlənərdin. 
KLEANT Qulaq asın... Orası doğrudur ki, qız o qədər də mənim xoşuma gəlmir, amma əgər 
istəyirsizsə, atacan, sizin xətrinizə onunla evlənərəm. 
QARPAQON Mənim xətrimə? Mən sən bildiyin qədər də düşüncəsiz deyiləm və səni 
məcbur etmək fikrində deyiləm. 
KLEANT Sizə olan sevgimə görə, mən özüm özümü məcbur etməyə hazıram. 
QARPAQON Yox-yox. Əgər meylin, sevgin yoxdursa, xoşbəxtlik də olmayacaq. 
KLEANT Sevgi sonradan əmələ gələ bilər, atacan. Boş yerə demirlər ki: dözərlər – alışarlar. 
QARPAQON Yox, kişi düşünmədən hərəkət etməz: nəticəsi çox kədərli olar, mən bu 
məsuliyyəti çiynimə götürmək istəmirəm. Əgər ona qarşı azacıq da olsa meylin olsaydı, sözüm 
yox: öz yerimə səni evləndirərdim, indi ki, o yoxdur, mən öz ilkin qərarımda qalıram və özüm 
onunla evlənirəm. 
KLEANT Belə isə, ata, onda mən öz sirrimi daha sizdən gizlətməyəcəm! Həqiqəti olduğu 
kimi bilin. Mən onu, gəzintidə gördüyüm gündən bəri sevirəm: hələ onda sizin razılığınızı almaq 
istəyirdim, amma sizin niyyətinizi bilən kimi susdum, sizi acıqlandırmaqdan qorxdum. 
QARPAQON Evlərində olmusan? 
KLEANT Bəli, atacan. 
QARPAQON Özü də bir dəfə yox, eləmi? 
KLEANT Elədir, bir neçə dəfə. 
QARPAQON Yaxşı da qəbul ediblər? 


KLEANT Çox yaxşı. Amma onlar mənim kim olduğumu bilmirdilər, odur ki, Mariana məni 
burada görəndə özünü itirdi. 
QARPAQON Ona eşq elan edib, evlənmək təklif etmişdin? 
KLEANT Əlbəttə. Hətta anasına da eşitdirmişdim. 
QARPAQON O buna necə baxdı? 
KLEANT Çox yaxşı. 
QARPAQON Bəs qızın sənə meyli var? 
KLEANT Bəzi əlamətlərə görə deyə bilərəm ki, atacan, o mənə qarşı laqeyd deyil. 
QARPAQON (öz-özünə). Çox gözəl. Mən elə bunu bilmək istəyirdim. (Bərkdən). Hə, indi, 
oğlum, gör sənə nə deyirəm: sən bu sevgini unutmalı, mənim nişanlımdan əl çəkməli və yaxın 
günlərdə sənin üçün seçdiyim qız ilə evlənməlisən. 
KLEANT Mənə yaxşı kələk gəldiniz, atacan! İndi ki, belə oldu, onda siz də bilin: 
Marianadan əsla imtina etməyəcəm və onu heç vaxt sizə verməyəcəm: siz onun anasının 
razılığını almısız, mən isə, ola bilsin, başqa yol taparam. 
QARPAQON Nəcə, avara? Sən cürət edib mənimlə rəqabət aparırsan? 
KLEANT Siz mənimlə rəqabət aparırsız! Sizdən qabaq mən onunla tanış olmuşam. 
QARPAQON Mən sənin atanam! Sən mənə hörmət etməlisən! 
KLEANT Bu işdə ata, yaxud oğul – fərqi yoxdur: sevgi heç birini tanımaq istəmir. 
QARPAQON İndi dəyənəyi götürərəm, onda tanıyarsan! 
KLEANT Bütün hədə-qorxularınız əbəsdir. 
QARPAQON Marianadan imtina edəcəksən? 
KLEANT Heç vaxt! 
QARPAQON Dəyənəyi verin!.. Dəyənək!
IV gəliş 
Kleant, Qarpaqon, Jak 
JAK Ey! Ey! Ey! Bu nə deməkdir, cənablar? Siz nə edirsiz? 
KLEANT Tüpürüm ona! 


JAK (Kleanta). Bir az asta olun, cənab!
QARPAQON Mən sənə öyrədərəm, ədəbsiz, mənimlə necə danışmaq lazımdır!
JAK (Qarpaqona). Cənab! Allah xətrinə!
KLEANT Dediyimdən dönən deyiləm!
JAK (Kleanta). Kimə? Doğma atanıza? 
QARPAQON Burax məni! 
JAK (Qarpaqona). Kimə? Doğma oğlunuza? O, mən deyiləm axı! 
QARPAQON Jak! Bir fikirləş, gör hansımız haqlıyıq. 
JAK Buyurun. (Kleanta). Bir az kənara durun. 
QARPAQON Mən bir qız sevirəm və onunla evlənmək istəyirəm, bu yaramaz da onu sevir 
və mənim qadağan etməyimi saymayıb, o qızla evlənmək istəyir. Ədəbsizliyin dərəcəsinə bax! 
JAK Yox! O düz eləmir. 
QARPAQON Bu ki dəhşətdir! Oğul öz atası ilə rəqabətə girişib! O mənə hörmət etdiyinə 
görə, bütün pis niyyətlərindən imtina etməlidir! 
JAK Haqlısız. Burada durun, mən onunla danışım! (Kleanta yaxınlaşır). 
KLEANT İndi ki, o səni hakim seçib, qoy olsun, sən ya başqası – mənim üçün fərqi yoxdur. 
Hökmünü ver, Jak, mən hazıram. 
JAK Bu mənə qarşı böyük mərhəmətdir.
KLEANT Mən bir qıza vurulmuşam, o da məni sevir və mənim təklifimi qəbul edir, atamın 
isə ağlına gəlib ki, bizi ayırsın və bu qızla özü evlənsin.
JAK Aydın oldu, o haqsızdır. 
KLEANT Ayıb deyil bu yaşında evlənmək eşqinə düşüb? Heç ona da aşiq olmaq yaraşar? 
Qoy bu işi daha cavanlara həvalə eləsin. 
JAK Siz düz deyirsiz. O zarafat edib. Qoy gedim ona bir-iki kəlmə söz deyim. 
(Qarpaqona). Oğlunuz siz deyən elə sərsəm də deyil, o fikrini dəyişdi. Görün mənə nə dedi: mən, 
deyir, bilirəm ki, atama hörmət eləməyə borcluyam, mən, deyir, özümü saxlaya bilmədim, 
qızışdım, artıq-əskik danışdım, deyir, mən onun əmrinə tabeyəm, təki o, mənimlə mehriban 
olsun və qızı mənim zövqümə uyğun seçsin. 
QARPAQON A-ha! Onda, Jak, get ona de ki, bu şərtlərlə o mənə güvənə bilər. Ona icazə 
verirəm – Marianadan başqa, kimə istəsə evlənə bilər. 


JAK Gözləyin! (Kleanta). Baxın, sizin atanız göründüyü qədər də düşüncəsiz deyil: o 
məni inandırdı ki, sizin qızışmağınız onu əsəbiləşdirib, sizin ziddinizə getmək heç fikrində belə 
yox imiş: mən, deyir, hər nə istəsə ona razıyam, təki, deyir, o özündən çıxmasın və mənə qarşı 
ehtiramlı olub, öz oğul itaətini, hörmətini məndən əsirgəməsin. 
KLEANT Aha! Sən də onu inandır ki, Jak, əgər o Mariananı mənə verərsə, onda mən onun 
üçün ən itaətkar oğul olaram və artıq hər şeydə ona tabe olaram. 
JAK (Qarpaqona) Vəssalam. O hər şeyə razıdır. 
QARPAQON Çox yaxşı. 
JAK (Kleanta). Biz qalib gəldik. Atanız vədinizlə razılaşdı. 
KLEANT Şükür allaha! 
JAK söhbətinizə davam edə bilərsiniz, cənablar. İndi işiniz yoluna düşdü, davanızın 
səbəbi də yalnız biri-birinizi başa düşməməyiniz idi. 
KLEANT Əzizim Jak, bütün ömrüm boyu sənə minnətdar olacam. 
JAK Boş şeydir, cənab. 
QARPAQON sən məni sevindirdin, Jak, mükafata layiqsən. (Cibini eşələyir, Jak əlini 
uzadır, amma Qarpaqon burun dəsmalı çıxarır). Get! Mən bunu unutmaram, əmin ola bilərsən. 
JAK Qarşınızda təzim edirəm. (Gedir.) 
V gəliş 
Kleant, Qarpaqon 
KLEANT Bağışlayın, atacan, qızışdığıma görə.
QARPAQON Eybi yoxdur!
KLEANT İnanın ki, mən çox peşmanam.
QARPAQON Mən isə çox şadam ki, ağıllanmısan. 
KLEANT Siz çox mərhəmətlisiz, mənim təqsirimi belə tez unutduz.
QARPAQON Uşaqlar sözəbaxan olanda, onların təqsiri tez unudulur. 
KLEANT Demək, mənim dəliliyimə zərrə qədər də acığınız qalmayıb? 


QARPAQON Sən məni öz itaətkarlığın və ehtiramınla tərki-silah etdin. 
KLEANT Atacan, söz verirəm ki, bu mərhəmətinizi ölüncəyə qədər unutmayacam. 
QARPAQON Mən də sənə söz verirəm ki, sənin heç bir istəyini rədd etməyəcəm. 
KLEANT Ax, atacan, sizdən artıq heç bir şey istəmirəm: siz böyük bir mərhəmət göstərib 
Mariananı mənə verdiz, artıq mənə nə lazımdır ki? 
QARPAQON Nə? 
KLEANT Atacan, deyirəm ki, sizdən çox razıyam, çünki siz lütf edib, Mariananı mənə 
verdiz. Daha mənə nə lazımdır ki? 
QARPAQON Kim dedi ki, Mariananı sənə verdim? 
KLEANT Siz, atacan. 
QARPAQON Mən? 
KLEANT Bəli. 
QARPAQON Necə yəni! Sən axı söz verdin ki, ondan əl çəkəcəksən!
KLEANT Mən? Ondan əl çəkəcəyəm? 
QARPAQON Əlbəttə! 
KLEANT Heç vaxt! 
QARPAQON Demək, fikrini dəyişməmisən? 
KLEANT Əksinə, mən indi onu əvvəlkindən də çox düşünürəm.
QARPAQON Yaramaz! Yenə öz bildiyindi? 
KLEANT Kişidə söz bir olar. 
QARPAQON Onda özündən küs, sərsəri yaramaz! 
KLEANT Əlinizdən gələni edin. 
QARPAQON Gözümə görünməyi sənə qadağan eləyirəm! 
KLEANT Öz işinizdir. 
QARPAQON Səndən üz döndərirəm. 
KLEANT Döndərin.
QARPAQON Sən daha mənim oğlum deyilsən! 


KLEANT Qoy belə olsun! 
QARPAQON Səni varislikdən məhrum edirəm! 
KLEANT Hər şeydən məhrum edin! 
QARPAQON Və səni lənətləyirəm! 
KLEANT Birdən-birə bu qədər ata qayğısı...
Qarpaqon gedir. 
VI gəliş 
Kleant və Lafleş 
LAFLEŞ (Əlində mücrü bağdan çıxır). Ax, cənab, nə yaxşı ki, buradasız! Tez arxamca 
gəlin. 
KLEANT Nə olub? 
LAFLEŞ Arxamca gəlin, bilərsiz! Bəxtimiz gətirdi. 
KLEANT Nədə gətirdi? 
LAFLEŞ Budur, bizim xoşbəxtliyimiz! 
KLEANT Bu nədir belə? 
LAFLEŞ Çoxdan bəri izlədiyim şey. 
KLEANT Nədir axı bu? 
LAFLEŞ Atanızın xəzinəsi – çırpışdırmışam. 
KLEANT Necə bacardın? 
LAFLEŞ Hər şeyi biləcəksiz. Qaçmaq lazımdır, o artıq qışqırır.
VII gəliş 


Qarpaqon – tək. 
QARPAQON (hələ bağda ikən qışqırır) Oğrular! Oğrular! (yüyürə-yüyürə içəri girir) 
Quldurlar! Qatillər! Aman pərvərdigara! Rəhmin gəlsin! Mən məhv oldum, öldürüldüm, başımı 
kəsdilər, pullarımı oğurladılar! Bunu kim edə bilər? O necə oldu? Hanı o? Hara gizlənib? Mən 
onu necə tapım? Hara qaçım? Qaçmaq lazım deyil bəlkə? Orada deyil ki? Burada deyil ki? 
Kimdir? Dayan! Pullarımı ver, zırrama!.. (Öz qolundan yapışıb özünü tutur). Ax, bu mənəm!.. 
Mən başımı itirmişəm – bilmirəm hardayam, kiməm, nə edirəm... Ox, zavallı pullarım, bədbəxt 
pulcığazlarım, ən əziz dostlarım, sizi əlimdən aldılar! Arxamı, dayağımı, təsəllimi, sevincimi 
əlimdən aldılar! Mənim üçün hər şey bitdi, bu dünyada daha nə işim var? Sizsiz mən yaşaya 
bilmərəm! Gözüm qaraldı, nəfəsim daraldı, ölürəm, öldüm, basdırdılar. Kim məni dirildəcək? 
Əziz pulcığazlarımı mənə kim qaytaracaq, ya da ki, yerini deyəcək? Hə? Nə?.. Heç kəs yoxdur. 
Oğru kim olur-olsun, axı o, mütləq güdməli idi, fürsət tapmalı idi, gör necə bir məqam seçib, 
deməli mən yaramaz oğlumla höcətləşəndə... Gedim, polis çağırım, qoy bütün evi istintaq 
eləsin... nökərləri, xidmətçiləri, oğlumu, qızımı, mənim özümü. Nə olub? Camaat toplaşıb! Elə 
hamısından şübhələnirəm, hər birini oğru görürəm!.. A? Onlar nə haqda danışırlar? Məni soyan 
oğru haqqında danışmırlar ki?.. Yuxarıdakı gurultu nədir? Görən, oğru deyil ki?.. Mənə yazığınız 
gəlsin, məni soyan haqda bir şey bilirsizsə, gizlətməyin, deyin! Bəlkə o, sizin aranızda gizlənib?.. 
Baxırlar, gülürlər... Demək, belə! Onların hamısı orada olub, hamısı da oğurlayıb! Tez 
komissarların, serjantların, polislərin, hakimlərin dalınca, döyün, asın, kəsin! Hamısını bir-bir 
asdıracam, yox əgər pulu tapmasam – özümü asacam!
Beşİncİ pərdə 
I gəliş 
Qarpaqon, komissar, mirzə. 
KOMİSSAR İmkan verin, işə mən başlayım – mən öz peşəmi, allaha şükür, yaxşı bilirəm. 
Birinci gün deyil ki, oğurluqla məşğulam! İstərdim, dar ağacına göndərdiyim adamların sayı 
qədər pul kisələrim olaydı, içi dolu da min franklar. 
QARPAQON Bütün hökumət adamları bu işə qoşulmalıdır. Əgər pulum tapılmasa, daha da 
yuxarılara gedəcəm. 
KOMİSSAR ətraflı sorğu-sual və təhqiqat aparmaq lazımdır. Deyirsiz mücrüdə... 
QARPAQON Düz on min pul var idi. 
KOMİSSAR On min ekü? 
QARPAQON On min ekü. 


KOMİSSAR İrihəcmli oğurluqdur. 
QARPAQON Belə bir cinayət üçün heç bir cəza kifayət deyil, və əgər o cəzasız qalsa, 
deməli, daha müqəddəs heç nəyimiz qalmayıb. 
KOMİSSAR Bu məbləğ hansı pullardan ibarət idi? 
QARPAQON Təptəzə luidor və pistollardan. 
KOMİSSAR Bu oğurluqda kimdən şübhələnirsiz? 
QARPAQON Hamıdan! Bütün şəhəri və şəhər ətrafını zindana, başqa cür də yox! 
KOMİSSAR Mənə inanın: heç kəsi boş yerə narahat etmək lazım deyil, çalışmaq lazımdır ki, 
əlaltdan dəlillər toplanılsın, sonra isə tam ciddiyyətlə oğurlanmış pulunuzun axtarışına 
başlayarıq. 
II gəliş 
Qarpaqon, komissar, mirzə və Jak 
JAK (səhnə arxasına müraciətlə). Mən indi qayıdıram, onu mənsiz kəsin, ayaqlarını 
ütün, qaynar suya salın və tavandan asın. 
QARPAQON (Jaka) Kimi? Məni soyanı? 
JAK Çoşqanı deyirəm, eşikağası göndərib: yeni üsulla bişiriləcək. 
QARPAQON Söhbət ondan getmir. Bax bu cənab (komissarı göstərir) bəzi başqa şeylər 
haqda bilmək istəyir. 
KOMİSSAR (Jaka). Qorxmayın, mən sizi incitmərəm, hər şey sakit bitəcək. 
JAK Qonaqlardansız, cənab? 
KOMİSSAR Siz, mənim əziz dostum, öz ağanızdan heç nə gizlətməməlisiniz. 
JAK Arxayın olun, cənab, mən bütün məharətimi göstərəcəm, sizə elə qulluq edəcəm ki, 
razı qalacaqsız. 
QARPAQON İş bunda deyil. 
JAK Şam yeməyi istədiyim kimi çıxmasa, günah eşikağanızdadır: o öz qənaətcilliyi ilə 
mənim əl-qolumu bağlayıb. 


QARPAQON Yaramaz! Sənin yeməyindən vacib işlərimiz var. Sən mənim oğurlanmış 
pullarımdan danış! 
JAK Pullarınızı oğurlayıblar? 
QARPAQON Bəli, quldur! Onları özümə qaytarmasan, səni də asacaqlar! 
KOMİSSAR (Qarpaqona). Mənə baxın, niyə onun üstünə düşmüsüz? Üzündən görürəm ki, 
düzgün uşaqdır, onu türməyə salmaq lazım deyil, özü hamısını danışacaq. (Jaka) Bəli, dostum, 
əgər etiraf etsəniz, sizə pislik dəyməz, ağanız isə artıqlamasıyla mükafatınızı verəcək. Bu gün 
onun pulunu oğurlayıblar. Ola bilməz ki, bu barədə heç nə bilməyəsiz. 
JAK (öz-özünə). Eşikağasının payını, bax, indi verəcəm! Bura işə girəndəndir sevimli 
hərif olub, ağamız ondan başqa heç kimlə məsləhətləşmir. Hələ dəyənəyi da heç yadımdan 
çıxmayıb. 
QARPAQON Nə fikrə getdin? 
KOMİSSAR (Qarpaqona). Ona dəyməyin. Bir az ürəklənib hamısını danışacaq. Bir də deyirəm: 
o düzgün uşaqdır. 
JAK (Qarpaqona) Əgər həqiqəti bilmək istəyirsizsə, cənab, bu sizin eşikağanızdır. 
QARPAQON Valer? 
JAK Özüdür ki, var. 
QARPAQON Bu qədər inandığım Valer? 
JAK O, o! Məncə sizi o soyub. 
QARPAQON Nəyə görə bu fikirdəsən? 
JAK Nəyə görə? 
QARPAQON Bəli, nəyə görə? 
JAK Ona görə ki... Bu fikirdəyəm, vəssalam. 
KOMİSSAR Bizə sübut lazımdır. 
QARPAQON Sən onun pullar gizlədilən yer tərəfdə dolaşdığını görmüsən? 
JAK görmüşəm, bəs necə... Pulunuz harada idi ki? 
QARPAQON Bağda. 
JAK Elədir ki, var! Onun bağda gəzib-dolaşdığını görmüşəm. Pul nədə idi? 
QARPAQON Mücrüdə. 
JAK Düzdür! Mən onda mücrü də görmüşəm. 


QARPAQON Necə mücrüdür? İndi biləcəm, mənimkidir, ya yox. 
JAK Necə?.. 
QARPAQON Hə. 
JAK Belə də... mücrüyə oxşayır. 
KOMİSSAR Şübhəsiz, söz yox, amma siz onu bizə təsvir edin. 
JAK Böyük mücrüdür. 
QARPAQON Mənimki balaca idi. 
JAK Düzü, öz-özlüyündə balacadır. Mən böyük dedim - çünki, içindəki pul çoxdur. 
KOMİSSAR Rəngi necədir? 
JAK Rəngi? 
KOMİSSAR Bəli. 
JAK Rəngi... belə... necə deyim... birtəhər... Lap dilimin ucundadır… 
QARPAQON Hə! 
JAK Qırmızı deyil ki? 
QARPAQON Yox, boz idi. 
JAK Hə, hə, qırmızımtıl-boz. Elə bunu demək istəyirdim. 
QARPAQON Heç şübhə yoxdur: bu odur. Yazın, cənab, onun ifadəsini yazın! İlahi! İndi 
kimə etibar edəsən? Bundan sonra heç kəsə əmin ola bilmərəm, hətta özüm-özümü 
soymayacağıma da əmin ola bilmərəm! 
JAK (Qarpaqona). Özü də gəlir, cənab. Amma ona deməyin ki, mən satmışam.
III gəliş 
Qarpaqon, komissar, mirzə, Jak, Valer 
QARPAQON Bura gəl! Dünyada hələ görünməmiş ən iyrənc hərəkət, ən dəhşətli cinayət 
törətdiyini boynuna al. 
VALER Nə buyurursuz, cənab? 


QARPAQON Necə, yaramaz?! Belə bir cinayət törətdiyinə heç qızarmırsan da? 
VALER Hansı cinayətdən danışırsız? 
QARPAQON Hansı cinayətdən danışıram? Utanmaz! Guya bilmir söhbət nədən gedir! Boş 
yerə boynundan atma: işin üstü açılıb, mənə hər şey məlumdur. Xeyirxahlığımın əvəzi bu imiş, 
daha sözüm yoxdur! Qəsdən qılığıma girmişdin ki, başıma bu oyunu açasan! 
VALER İndi ki, sizə hər şey məlumdur, cənab, mən heç nəyi danmayacam, heç nəyi də 
boynumdan atmayacam. 
JAK (öz-özünə). O-ho! Düz dediyimi heç özüm də bilmirdim! 
VALER Mən onsuz da boynuma almaq fikrində idim, bunun üçün münasib vaxt 
axtarırdım. İndi ki, artıq özünüz xəbər tutmusuz, onda xahiş edirəm acıqlanmayın və bu 
hərəkətimi doğrultmaq üçün nə deyəcəyimi dinləyin. 
QARPAQON Nə doğrultmaq? Nəyini doğruldacaqsan, rəzil oğru?! 
VALER Yox, cənab, mən bu sözə layiq deyiləm. Mən, əlbəttə, qarşınızda təqsirkaram, 
amma bu təqsiri, istəsəz, bağışlaya bilərsiz. 
QARPAQON Necə yəni bağışlamaq? Belə bir cinayəti, belə bir qətli bağışlamaq?! 
VALER Allah xətrinə, sakit olun! Əgər siz məni dinləsəz, görərsiz ki, cinayət o qədər də 
böyük deyil, sadəcə, sizə böyük görünür. 
QARPAQON Cinayət böyük deyil, sadəcə, mənə böyük görünür! Buna görə səni asmaq da 
azdır! O, mənim daxilim, mənim qanım idi – bildin, yaramaz!
VALER Sizin qanınız, cənab, qətiyyən zərər çəkməyib, çəkə də bilməzdi. İşi asanca yoluna 
qoymaq olar. 
QARPAQON Elə mən də ona çalışıram. Oğurladığını qaytar. 
VALER Sizin namusunuz, cənab, tamamilə bərpa olunacaq! 
QARPAQON İş namusda deyil. Yaxşısı budur de görüm səni buna kim vadar edib? 
VALER Ax, cənab, siz hələ bir soruşursuz da? 
QARPAQON Bəli, bəli, soruşuram! 
VALER Məni buna vadar edən sevgi hissidir və bu – hər şeyi doğruldur. 
QARPAQON Sevgi? 
VALER Bəli, sevgi. 
QARPAQON Sözüm yoxdur, əla sevgidir, əla sevgidir! Mənim luidorlarıma qarşı sevgi 
hissi! 


VALER Yox, cənab, məni sizin var-dövlətiniz cəlb etməyib, məni valeh edən heç də o 
deyil: indidən bütün pullarınızdan imtina edirəm, yalnız artıq mənim olanı, qoyun, məndə qalsın. 
QARPAQON Görməzsən! Sən dedin, mən də qoydum, gözlə! Məndən oğurladığını, qoyum, 
onda qalsın – belə də sırtıqlıq olar?! 
VALER Siz buna oğurluq deyirsiz? 
QARPAQON Yox, oğurluq deyilmiş! Özü də belə bir xəzinə! 
VALER Bəli, doğrudur, xəzinədir, bütün xəzinələrinizin ən qiymətlisidir, amma onu mənə 
vermək – hələ onu itirmək demək deyil. Qarşınızda diz çöküb yalvarıram: bu qəşəng xəzinəni 
əlimdən almayın! Mərhəmətli olun, onu mənə verin! 
QARPAQON Sən nə danışırsan? Başın xarab olub? 
VALER Biz bir-birimizə söz vermişik, and içmişik ki, heç vaxt ayrılmayacağıq. 
QARPAQON Sözə bax! Anda bax! 
VALER Bəli, biz əbədi olaraq bir-birimizə bağlanmışıq!
QARPAQON Mən sizi bir-birinizdən ayıraram, heç narahat olmayın! 
VALER Bizi yalnız ölüm ayıra bilər! 
QARPAQON Gör pullarım onu necə ovsunlayıb! 
VALER Mən sizə artıq dedim ki, cənab, bunu öz mənfəətimə görə eləməmişəm. sizin 
şübhələndiyiniz, mənim heç ağlıma da gəlməyib: məni buna nəcib hisslər vadar edib. 
QARPAQON Eşidirsiz? Hələ deyəcək ki, mənim malımı mənimsəmək istəyinə səbəb – 
xristian mərhəmətidir. Amma onu da bil, cani, bil ki, quldur, mən tədbir görəcəm, qanun 
insafsızlığa yol verməyəcək. 
VALER Siz istədiyiniz kimi edə bilərsiz, mən hər şeyə dözməyə hazıram, amma xahiş 
edirəm bir şeyə inanasız: əgər burada günah varsa, o da mənim günahımdır, qızınızın heç bir 
günahı yoxdur.
QARPAQON Fikirləşirəm! Əgər o da sənə kömək etsəydi, bu çox qəribə çıxardı! Amma gəl 
mətləbə keçək: de görüm, onu haraya gizlətmisən? 
VALER Mən onu heç yerə gizlətməmişəm: o sizin öz evinizdədir. 
QARPAQON (öz-özünə). Ax, mənim əziz mücrüm! (bərkdən). Deyirsən, evimdədir? 
VALER Bəli, cənab. 
QARPAQON De görüm, ona toxunmamısan ki? 
VALER Mən? Toxunmamışam? Cənab, siz bizim hər ikimizi təhqir edirsiz! Mən ona ən 
təmiz və ən ehtiramlı duyğu bəsləmişən. 


QARPAQON (öz-özünə). Mücrümə təmiz duyğu bəsləyibmiş! 
VALER Mən ölərdim, amma onu heç bu haqda bir eyhamla belə təhqir etməzdim: bunun 
üçün o çox ağıllı və səxavətlidir. 
QARPAQON (öz-özünə). Mənim mücrüm çox səxavətlidir! 
VALER Aldığım yeganə zövq – ona tamaşa etmək olub. Onun gözəl gözlərindəki sevgini 
heç bir axmaq fikirlə təhqir etməmişəm! 
QARPAQON (öz-özünə). Mənim mücrümün gözəl gözləri! O, mücrü haqqında elə danışır, 
elə bil sevgilisidir! 
VALER Klod bütün işlərdən xəbərdardır, cənab, təsdiq edə bilər... 
QARPAQON Necə! Bu işə mənim xidmətçim də bulaşıb? 
VALER Bəli, cənab, o bizim andımıza şahid olub, və yalnız mənim niyyətimin təmiz 
olduğunu görəndən sonra, razı olub ki, qızınızı söz vermək üçün yola gətirsin. 
QARPAQON A? (öz-özünə). Qorxusundan, deyəsən, dili açılmağa başlayır?! (Bərkdən). 
Sən qızımı niyə bu işə qatırsan? 
VALER Mən deyirəm ki, onun utancaqlığına öz sevgimlə qalib gəlmək üçün çox çalışmalı 
oldum. 
QARPAQON Kimin utacaqlığına? 
VALER Qızınızın. Nikah kağızına qol çəkməyə yalnız dünən razı oldu. 
QARPAQON Mənim qızım nikah kağızına qol çəkib? 
VALER Bəli, mən də qol çəkmişəm. 
QARPAQON İlahi! Yeni fəlakət! 
JAK (komissara). Yazın, cənab, yazın! 
QARPAQON Dərdim az idi! Bircə bu çatmırdı! (Komissara). Vəzifənizi icra edin, cənab, 
onun işini məhkəməyə verin – o, oğru və yoldançıxarandır. 
JAK Oğru və yoldan çıxaran! 
VALER Mən nə oyam, nə də o biri. Siz mənim kim olduğumu biləndə...
IV gəliş 


Qarpaqon, komissar, mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina. 
QARPAQON Ax, nankor övlad, yaramaz qız! Heç sözüm yoxdu, mənim öyüdlərimə yaxşı 
əməl elədin! Sən yoldan ötənin, oğrunun birinə izn verirsən ki, səni başdan çıxarsın, mənim 
razılığım olmadan ona söz verirsən! Amma ikinizin də oxu daşa dəyib! (Elizaya). Dörd divar 
arasında oturacaqsan. (Valerə). Səni isə, sırtıqlığına görə boğazından asacaqlar! 
VALER Mənim işimə siz yox, hakim baxacaq, o isə məni əvvəlcə dinləyəcək. 
QARPAQON Yox, mən düz demədim, səni boğazından yox, ayağından asacaqlar. 
ELİZA (diz çökərək). Atacan, bu qədər amansız olmayın, yalvarıram! Öz ixtiyarınızdan bu 
qədər sui-istifadə etməyin! Qəzəbə qapılmayın, əvvəlcə hər şeyi soyuq başla düşünün! Təhqirlər 
yağdırdığınız adamı çalışın yaxından tanıyasız. O, heç də siz düşündüyünüz adam deyil. Siz 
biləndə ki, əgər o olmasaydı, mən çoxdan bu dünyada yox idim, mənə qarşı çox mərhəmətli 
olacaqsız. Bəli, atacan, mən suda batanda məni xilas edən o oldu, bu gün siz ona borclusuz ki, 
qızınızı itirmədiz – həmin o qızınızı... 
QARPAQON Bütün bunların mənə dəxli yoxdur. Kaş o vaxt səni xilas etməyəydi ki, bu gün 
də bu cinayəti törətməyəydi. 
ELİZA Atacan! Sizin valideyn məhəbbətinizə and verirəm... 
QARPAQON Yox-yox! Heç eşitmək belə istəmirəm! Qoy, məhkəmədə cavab versin! 
JAK (öz-özünə). Aldın payını?! Məni dəyənəklə döyənə bax! 
FROZİNA (öz-özünə). Aləm qarışıb!
V gəliş 
Qarpaqon, Komissar, Mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina, Anselm
ANSELM Nə olub, cənab Qarpaqon, çox həyəcanlısız... 
QARPAQON Ax, cənab Anselm, qarşınızda duran dünyanın ən bədbəxt adamıdır! Sizinlə 
müqavilə imzalamaq istədiyim bir vaxtda başıma o qədər müsibət gəldi ki! Mənim hər şeyimi 
oğurladılar, var-dövlətimi, şərəfimi əlimdən aldılar. Bax bu cani, bu vəhşi ən müqəddəs 
hüquqlarıma təcavüz etdi, nökər sifətilə evimə soxuldu, pullarımı oğurladı, qızımı da yoldan 
çıxartdı. 
VALER Heç kəs sizin pullarınız haqda düşünmür! Bəsdirin boş-boş danışdınız. 
QARPAQON Bəli, onlar nişanlanıblar. Bu artıq birbaşa sizə aiddir, cənab Anselm: sizin 
müqəddəs borcunuz – onu məhkəməyə vermək, məhkəmə qaydası ilə təqib etmək və sizə 
vurduğu ləkənin intiqamını almaqdır. 


ANSELM Mən güclə evlənən deyiləm. Başqasına verilmiş könül mənə lazım deyil, amma 
halınıza yandığımdan, sizin işinizə öz işim kimi yanaşmağa hazıram. 
QARPAQON Komissar da buradadır, o, vicdanlı komissardır, heç bir şeyi diqqətsiz 
buraxmaz, vəzifə borcundan asılı hər nə var, yerinə yetirər. (valeri göstərərək komissara). Cənab! 
Onun haqqında şikayət aktını elə tərtib edin ki, bütün cinayətlərini əks etdirsin. 
VALER Məgər sizin qızınızı sevmək cinayətdir? Nəyə görə nişanlanmışıq deyə cəza 
çəkməliyəm? Siz biləndə ki, mən kiməm...
QARPAQON Belə nağılları çox eşitmişəm. İndi çoxlu əsil-nəcabətli oğrular və fürsətdən 
istifadə edən yalançılar var ki, ağıllarına gələn ilk ad altında gizlənirlər, kifayətdir ki, bu ad 
məşhur olsun. 
VALER Sizi inandıra bilərəm ki, özgə adları mənim şərəfimə layiq deyil, bütün Neapol 
mənim əsil-nəcabətimi təsdiq edə bilər. 
ANSELM Ehtiyatlı olun! Sözü deməmişdən qabaq bir düşünün. Yalanınızın üstü açıla bilər: 
qarşınızda duran adam bütün Neapolu tanıyır. Onu aldada bilməzsiz. 
VALER (Məğrur sifətlə şlyapasını başına qoyaraq). Mən heç nədən qorxmuram. Əgər sizə 
Neapol tanışdırsa, onda gərək don Tomazo d’Alburçi də tanış olsun. 
ANSELM Əlbəttə, tanışdır. Məndən yaxşı onu kim tanıyar? 
QARPAQON Cəhənnəm olsun don Tomazo da, don Martino da. (İki şamın yandığını görüb, 
birini söndürür). 
ANSELM Xahiş edirəm, onun sözünü kəsməyin. Qulaq asaq, görək nə deyir. 
VALER Onu deyirəm ki, o mənim atamdır. 
ANSELM Don Tomazo? 
VALER Bəli! 
ANSELM Yaxşı, görək! Daha uğurlu yalan düşünün, bununla nə bizi aldadarsız, nə də 
özünüzü xilas edərsiz. 
VALER Xahiş edirəm, ifadələrinizdə ehtiyatlı olun. Mən sizi aldatmıram və dediyimi sübut 
edə bilərəm. 
ANSELM Necə! Siz hələ cəsarət edib, don Tomazo d’Alburçinin oğlu olduğunuzu iddia 
edirsiz? 
VALER Bəli, cəsarət edirəm və bunu hər kəsin yanında təsdiq etməyə hazıram. 
ANSELM Sırtıqlığın dərəcəsinə bax! Onda məlumunuz olsun – və utanın – ki, on altı, bəlkə 
də daha çox il bundan əvvəl, dediyiniz adam arvadı və uşaqları ilə birlikdə dənizdə həlak olub, 
həmin vaxt onlar başqa nəcib ailələrlə birlikdə Neapolda baş verən qarışıqlıq və təqiblərdən 
qaçıb xilas olmaq istəmişdilər. 


VALER Bəli. Amma sizin də məlumunuz olsun – və utanın – ki, onun yeddi yaşlı oğlunu 
və bir nökərini ispan gəmisi xilas etmişdi və xilas olunmuş oğlan – mənəm! Gəmi kapitanının 
mənə yazığı gəldi və himayəsinə götürüb, doğma oğlu kimi tərbiyə etdi. Sonra hərbi xidmətə 
getdim. Bir vaxt xəbər tutdum ki, öldüyünü sandığım atam sağdır. Mən onu axtarmağa 
yollandım və burada Tanrı məni gözəl Eliza ilə görüşdürdü. Onun gözəlliyi məni əsir etdi. 
Mənim coşğun sevgim və onun atasının sərtliyi məcbur etdi ki, mən başqa ad altında bu evə 
daxil olum, valideynlərimin axtarışını isə başqa adama tapşırdım. 
ANSELM Bəs nə ilə sübut edə bilərsiz ki, danışdığınız nağıl yox, həqiqətdir? 
VALER Sübut və şahidlər mövcuddur: gəminin kapitanı, atamın yaqut möhürü, anamın 
qoluma taxdığı əqiq bilərzik və mənimlə birlikdə xilas olmuş nökər – qoca Pedro. 
MARİANA Ah! İndi mən də təsdiq edə bilərəm ki, siz yalançı deyilsiz! Sizin sözlərinizdən 
aydınca görünür ki, siz – mənim qardaşımsız. 
VALER Mən – sizin qardaşınızam? 
MARİANA Bəli. Sən danışar-danışmaz ürəyim çırpındı. Gör anamız necə sevinəcək! O, tez-
tez mənə başımıza gələnləri danışırdı. Tanrı bizi gəmi qəzasında ölməyə qoymadı, amma ölümü 
əsirlik əvəz etdi: bizi dəniz quldurları xilas etmişdilər. On ildən sonra, təsadüfən azadlığa çıxdıq 
və Neapola qayıtdıq. Sən demə, bütün əmlakımız satılıbmış, atamızdan isə səs-soraq yoxdu. 
Onda biz Genuyaya getdik – orada anam oğurlanmış mirasımızın xırda-xuruş qalıqlarını yığa 
bildi, amma anamın qohumları onunla pis rəftar etdilər; o, bura köçdü və zülmlə dolanır.
ANSELM Ax, böyük Tanrı! Sənin qüdrətin hüdudsuzdur! Məni qucaqlayın, uşaqlar və 
atanızla birlikdə sevinin. 
VALER Demək, siz – bizim atamızsız? 
MARİANA Anam isə sizin öldüyünüzü bilib göz yaşları tökürdü. 
ANSELM Bəli, qızım, bəli, oğlum: mən don Tomazo d’Alburçiyəm, Tanrı məni dənizdə 
ölümdən və müflislikdən xilas elədi: pullarımın hamısı üstümdə idi. on altı ildən çoxdur ki, sizin 
hamınızı həlak olmuş hesab edirdim, nəhayət uzun axtarışlardan sonra, xoşbəxtliyimi yeni 
nikahda, yeni ailədə axtarmaq qərarına gəldim. Mülayim və alicənab bir qızla evlənmək istədim. 
Neapola qayıtmaqdan qorxdum və oranı həmişəlik tərk etməyi qərara aldım. Əmlakımı satdım və 
keçmiş adım mənə keçmiş müsibətlərimi xatırlatmasın deyə, Anselm adı altında burada 
məskunlaşdım. 
QARPAQON Demək, bu sizin oğlunuzdur? 
ANSELM Bəli. 
QARPAQON Belə isə, onda zəhmət çəkin, onun məndən oğurladığı on min ekünü özümə 
qaytarın. 
ANSELM O? Sizdən oğurlayıb? 
QARPAQON Bəli, o. 


VALER Bunu sizə kim deyib? 
QARPAQON Jak. 
VALER (Jaka). Sən demisən? 
JAK Görürsüz ki, susmuşam. 
QARPAQON Komissar onun ifadələrini yazıb. 
VALER Fikrinizcə, mən belə alçaq iş tutaram? 
QARPAQON Tutarsan, tutmazsan, öz işindir, sən mənim pullarımı qaytar.
VI gəliş 
Qarpaqon, Komissar, Mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina, Anselm, Kleant, Lafleş 
KLEANT Sakit olun, atacan və heç kəsi təqsirləndirməyin. Mənim sizin itən pullarınız haqda 
məlumatım var və gəlmişəm sizə deyim ki, əgər mənim Mariana ilə evlənməyimə icazə versəniz, 
pulunuz qaytarılacaq. 
QARPAQON Hardadı? 
KLEANT Narahat olmayın, etibarlı yerdədir, ona mən cavabdehəm və ümumiyyətlə hər şey 
məndən asılıdır. Mən yalnız sizin qərarınızı gözləyirəm. Sizə seçmək imkanı verirəm – ya 
Mariananı mənə verirsiz, ya da mücrünüzlə vidalaşırsız. 
QARPAQON Onun içindən heç nə götürməmisən ki? 
KLEANT Heç nə. Mariananın anası artıq buyurub ki, onun üçün fərqi yoxdur – siz, yoxsa 
mən – Mariananın özü necə istəyir elə. İndi söz sizindir. 
MARİANA (Kleanta.) Siz hələ bilmirsiz, amma indi tək bu razılıq kifayət deyil: Tanrı mənə 
təkcə qardaşımı deyil (Valeri göstərir), atamı da (Anselmi göstərir) qaytardı. Görək o nə 
deyəcək? 
ANSELM Övladlarım, mən ona görə qayıtmamışam ki, sizin istəyinizin əksinə gedim. Cənab 
Qarpaqon, etiraf edin ki, həmişə gənc qızın ürəyinə oğul daha çox yatar, nəinki ata. Məni artıq 
söz deməyə məcbur eləməyin, məndən nümunə götürün və hər iki toya razılıq verin. 
QARPAQON Mücrümü görməyincə, heç nə deməyəcəm. 
KLEANT o, sağ-salamatdır. 
QARPAQON Mənim cehizə pulum yoxdur. 
ANSELM Məndə tapılar. Bu barədə narahat olmayın. 


QARPAQON Siz hər iki toyun xərclərini öz üzərinizə götürürsüz? 
ANSELM Bəli, götürürəm. Razı qaldız? 
QARPAQON Hə, amma siz mənə bu toylarda geymək üçün təzə paltar tikdirməlisiz.
ANSELM Tikdirərəm. İndi isə şənlənmək olar. 
KOMİSSAR Dayanın, cənablar, dayanın, tələsməyin. Bəs akt tərtibatının pulunu kim verəcək?
QARPAQON Sizin aktınız bizim nəyimizə lazımdır?
KOMİSSAR Elə çıxır ki, mən havayı zəhmət çəkmişəm? 
QARPAQON (Jakı göstərərək). Budur sizin haqqınız: onu asa bilərsiz.
JAK Gəl indi bundan sonra yaşa, görüm! Həqiqəti deyirsən – dəyənəklə döyürlər, yalan 
danışırsan – asmaq istəyirlər! 
ANSELM Gəlin, siz onu bağışlayın, cənab Qarpaqon! 
QARPAQON Bəs komissarın haqqını verəcəksiz?
ANSELM Yaxşı, verərəm. Di, uşaqlar, ananızı sevindirməyə tələsək.
QARPAQON Mən isə sevimli mücrümün yanına tələsim!

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə