1
İŞGÜZAR YAZIŞMALAR FƏNNİ ÜZRƏ
KOLLOKVİUM SUALLARININ CAVABLARI
Mövzu 1. MÜASİR AZƏRBAYCAN DİLİNİN İŞGÜZAR ÜSLUBU.
Sual 1. İşgüzar üslubun özəllikləri nədir?
Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə
düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas
səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni
standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli
rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır.
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir
sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.
Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin
dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan
sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri,
Konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
-
dilin maksimum mükəmməlliyi;
-
fikrin tam aydınlığı;
-
fikrin (sözlərin) birmənalılığı;
-
fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
-
dil yığcamlığı
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi
sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin
sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.
İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt,
xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün
eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti
daşımır.
Rəsmi-işgüzar üslubun şifahi forması olmur.
2
Sual 2. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər nədən ibarətdir?
Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir.
Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması
vasitəsilə həyata keçirilir.
Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, onun şəxsi imzası daxildir.
Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa
şəkildə göstərilir. Məsələn:
Sədr: «-------» Əli Məmmədov
Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi
tam şəkildə göstərilir. Məsələn:
Nümunə
Azərbaycan Respublikası Dövlət Tikinti və
Arxitektura Komitəsinin sədri: «-------» Həsən Nuriyev
(tarix)
Təşkilatlara göndərilən sənədlər onu göndərən təşkilatın rəhbəri və ya onun
müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə
müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
Sual 3. İşgüzar üslub başqa üslublardan nə ilə fərqlənir?
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə
fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir.
İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd
etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında –
sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və
3
formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza
etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək,
tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək,
cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət
daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq,
xəbərdarlıq etmək və s.
Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın
olmasını, asan başa düşülməsini bir növ təmin edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz
birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək,
məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii
ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda
olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən
biridir.
İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud
yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs
olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar
üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun səciyyələnməsində və
formalaşmasında az əhəmiyyət kəsb etmir.
Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin
bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər,
vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim,
professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin
vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir.
İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur.
Doğrudur, üslubi məqsəd və əlavə izahlar üçün başqa üslublarda da mötərizə
işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul
şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir.
İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən
cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.
Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza ,
cinayət, icra, şikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama»,
«qərar», «üsul», «istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir.
Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer
verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan