İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi Məhərrəm ayının başlanması münasibətilə mətbuatda “azərbaycanlı bacı və qardaşlarına” başsağlığı verdi



Yüklə 40,43 Kb.
tarix04.02.2018
ölçüsü40,43 Kb.
#23913
növüDərs


Tarixin ibrət dərsləri
Kərbəla olayları

Alimlər məhəbbətə,

nadanlar cəhalətə yönəldər bizi...

Akif ƏLİ


---------------
Məhərrəmlik başa çatandan, səfər ayı bitəndən sonra toylar başlayar...
***
Ötən il Məhərrəm ayının əvvəlində dini mərkəzlərdən birinin mətbuatda “bacı və qardaşlarına” verdiyi başsağlığı mətnindəki sitat diqqətimizi çəkdi: “Salam olsun Hüseynə! Həqiqətən də Hüseyn hidayət çırağı və nicat gəmisidir!” (Məhəmməd Peyğəmbər)

Maraqlı idi, hicrətin 4-cü ilində qızı Fatimə ilə müqəddəs Əli-nin izdivacından nəvəsi Hüseyin doğulanda Peyğəmbərin 56 yaşı vardı və bu dünyadakı ömrünə cəmi 6 il qalırdı. İslamın “nicatı” naminə nəvəsinin “hidayət çırağı” yandıracaq qədər misilsiz şücaət göstərdiyi Kərbəla olaylarına isə hələ 44 il vardı! Bəs Məhəmməd Peyğəmbər cəmi 6 yaşlı körpəcə nəvəsi barədə uzaqgörənliklə belə dəqiq təyini necə söyləyə bilmişdi? Onu harada, haçan, nə münasibətlə demişdi?


***

Aşura məktəbini, ondakı insani dəyərləri dünyaya daha yaxından tanıtmaq məqsədilə 2000-ci ildə Türkiyənin dini xocaları tərəfındən qurulan “Kərbəla” saytında qanlı olayların səbəbi yazar H.Fahrettin Altanın qələmində belə anladılır: “...Yezid Müslümanların başına xəlifə (yəni rəhbər, peyğəmbərin yerində oturan şəxs-A.) təyin edildiyi gündən etibarən İslam dini kökündən ciddi bir şəkildə təhlükəyə məruz qaldı.”

Hicrətin 55-ci ilində (miladi 677-ci il) Muaviyə öz oğlu Yezidi özündən sonra xəlifə təyin etməyə qərar verir. Bu işi yerinə yetirməkdən ötrü o, Yezid üçün biət (itaətdə durmaq, rəhbər kimi qəbul etmək) toplayıb özü də ona biət edir.

İbn-i Səad “Tabakat” əsərində bunu belə yazır: “Əli-nin oğlu Hüseyin Yezidə biət etməyənlərdən biriydi. Muaviyə hicrətin 60-cı ilində öldükdə (682-də) oğlu Yezid xilafət məqamına (rəhbər vəzifəsinə) oturdu, tərəfdarları da ona biət etdi. Sonra Yezid Mədinənin hakiminə belə bir məktub yazdı: “Xalqı çağıraraq onlardan biət al. İlk öncə Qüreyşin böyüklərindən başla; onların ilki də Hüseyin bin Əli olsun.”

Məktub yetişincə Mədinə şəhərinin hakimi İmam Hüseyindən biət almaq istədi. Ancaq artıq 56 yaşlı yetgin bir şəxs olan Hüseyin Yezidin taxta oturmasına qəti etiraz edib cavabında buyurdu:

- Yezid atası tərəfindən Müslümanların başına xəlifə təyin edildiyi gündən etibarən İslam dini kökündən ciddi bir şəkildə təhlükəyə məruz qalıb...

Mədinənin hakimi təkrarən İmam Hüseyindən biət almaq istəyincə, İmam Hüseyin cavabında yenə buyurdu:



- Biz, nübüvvət ailəsi və risalət mədəniyik (yəni peyğəmbərlik və elçilik verilmiş müqəddəs nəsil). Yezid isə fasık (günahlı, pis işlər görən), şərab içən və adam öldürənin birisidir. Mənim kimi birisi elə bir insana biət etməz...

Yezidin iqtidarını qəbul etmək istəməyən, onun itaəti altında yaşamaqdan imtina edən məğrur İmam Hüseyin daha sonra buyurdu:



- Artıq İslamla vidalaşmaq gərəkdir. Çünkü ümmət (xalq, millət, peyğəmbrin tərəfdarları) Yezid kimi bir yönəticiyə düçar olmuşdur ...

Tanınmış İslam tarixçilərindən Məsudi yazırdı: “Yezid əyyaşın birisi idi; köpək, meymun və ov quşları bəsləyirdi; içki içirdi... Onun zamanında Məkkə və Mədinədə mahnılar və haram musiqilər yayılmış, xalq açıqdan-açığa içki içməyə başlamışdı. Xalqa xidmət xüsusunda Firon ondan daha adil, yaxın və uzaq insanlara münasibətdə ondan daha insaflı idi.” Məlum olduğu kimi müqəddəs “Oxu” kitabına görə Firon əzazilliyi ucbatından Allah tərəfindən ağır cəzaya məhkum edilərək qəhr olunmuşlardandır. Bəs bu nə hikmət və ibrətdir ki, Allah öz Elçisi vasitəsilə İslamı Yer üzünə nazil edəndən sonra bu ən mükəmməl dinə zalım Firondan daha zalım, daha ədalətsiz və insafsız bir əyyaş yönəticilik etməyə başlamışdır?!..

Yezidin hakimiyyətə gəlməsi ilə Mədinənin durumunu qarışıq görən İmam Hüseyin bu şəhərdə qalmayıb hicrətin 60-cı ilində (qeyd etdiyimiz kimi, Məhəmməd Peyğəmbərin vəfatından 50 il sonra, miladi 682-ci ildə) Rəcəb ayının sonuna iki gün qalmış, bir bazar günü ailəsi və dostlarıyla birlikdə yığışıb Məkkəyə doğru hərəkətə başladı. İmam Hüseyin bu hərəkətinin məqsədini qardaşına yazdığı namədə belə açıqlayırdı: “Mən azğınlıqdan, məqam (vəzifə) sevdasıyla, fəsad çıxarmaq və zülüm etmək üçün Mədinədən ayrılmadım. Mən cəddimin ümmətini islah etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək və cəddim Rəsulullah (s.a.a) və atam Əli bin Əbu Talibin yolunda hərəkət etmək üçün o şəhərdən çıxdım...” İmam Hüseyin Şaban ayının üçüncü gününün Cümə axşamı (yəni Mədinədən yola çıxdığı beşinci gün) Məkkəyə vardı.

Bu arada Kufə əhli xəlifə Muaviyənin ölümünü və İmam Hüseyinin Yezidə biətdən imtina etdiyini eşidincə, məktub yazıb Məhəmməd Peyğəmbərin sevimli qızı Fatimə ilə müqəddəs Əli-nin yadigarını Kufəyə dəvət etdi. Onlar İmam Hüseyinə belə yazdılar: “Biz sənin yolunu gözləyirik, kimsəyə biət etməmişik. Sənin yolunda can verməyə hazırıq. Sənin xətrinə onların (yəni Yezidgilin) Cümə və camaat namazlarına qatılmırıq.”

İmam Hüseyin Kufə əhlinin xeyirxah istəyinə müsbət cavab verərək Ramazan ayının ortasında Müslim bin Aqili Kufəyə göndərdi. Və tapşırdı: “Kufə xalqının yanına get, əgər yazdıqları doğruysa, sənə qovuşmamız üçün bizə xəbər yolla.” Dərhal yola çıxan Müslim bin Aqil Şəvval ayının beşinci günü Kufəyə çatdı. Onun Kufəyə gəlişi xəbəri şəhərdə yayılınca 12 min adam (başqa bir rəvayətdə 18 min adam) onun araçılığıyla İmam Hüseyinə biət etdilər. Aqil bu durumu dərhal İmam Hüseyinə bildirib Kufəyə gəlməsini istədi. Bu yandan Kufədə baş verənlərin xəbəri İslamı yönətən Yezidə çatınca, həmin İslamı Yer üzünə gətirən Peyğəmbərin sevimli nəvəsinin Kufəyə gedişini əngəlləmək, hətta onu Məkkədəcə yaxalayıb öldürmək üçün plan qurdu, öz adamlarını bu işə səfərbər etdi. İmam Hüseyin plandan xəbər tutanda Allah-ın evi sayılan Kəbədə qan tökülməsini istəməyib o uca məqamın hörmətini saxlamaq məqsədilə həcc əməllərini təcili başa vurdu və hicrətin 60-cı ilində Zilhiccə ayının səkkizinci günü Məkkədən çıxdı, İraqa doğru hərəkətə başladı.

Kərbəla vaqeəsindən sonra İbn-i Abbas öz qınaq məktubunda Yezidə xitabən belə yazacaqdı: “Bunu heç bir zaman unutmayacağam ki, sən Hüseyin bin Ali-ni Peyğəmbərin hərəmindən (Mədinədən) Allah-ın hərəminə (Məkkəyə) sürdün, orada da onu qəfil ovlayıb öldürmək üçün adamlarını gizlincə göndərdin. Sonra onu Allah-ın hərəmindən Kufəyə sürdün. Hz. Hüseyin Bathanın (Məkkənin) ən əziz insanı olmasına baxmayaraq üzgün bir halda oradan ayrıldı. Əgər Məkkədə qalıb qan tökülməsini istəsəydi, Məkkə və Mədinə xalqının hamısı ona tərəf olardı. Amma o, Allah-ın evi və Rəsulullah-ın hərəminin hörmətini və müqəddəsliyini qorudu. Sən isə onların hörmətini saxlamadın. Çünkü sən məhz hərəmdə onunla savaşmaq üçün adamlarını Məkkəyə göndərmişdin.”

...Ubeydullah ilk öncə Hüseyinin elçisi Muslim bin Aqili və ona sığınacaq vermiş Hani bin Urveyi Kufədə yaxalayıb faciəli şəkildə məhv etdi. Sonra İmam Hüseyinin Kufəyə gəldiyini öyrənincə, İmamın dəstəsini göz altına almaq üçün Hür bin Yezidi bir ordu ilə “Qadisiyyə” bölgəsinə göndərdi. Hür Bin Yezid “Şəraf” deyilən bölgədə İmam Hüseyinin qarşısını kəsdi. Aralarında bəzi söhbətlər oldu. İmam Kufəlilərin iki heybə dolusu məktublarını Hür bin Yezidə göstərib onların dəvəti ilə getdiyini söylədi. Və yoluna davam etdi... Hicrətin 61-ci ilində Muhərrəm ayının ikinci günü İmam Hüseyinin karvanı “Neynəva” bölgəsinə vardı. Onlar burada olduqları vaxt elçi Hür bin Yezidə bir məktub gətirdi. Bu məktub tarixdə misli görünməmiş bir əzazilliyə rəvac verəcəkdi. Məktubun məzmunu belə idi: “Elçim sənin yanına gələr-gəlməz və bu məktub sənə çatar-çatmaz Hüseyini sıxışdırıb suyu və sığınacağı olmayan bir çölə doğru sür.” O vaxtdan min il ötsə də yenə bütün ətraf bölgələrdə insanlardan ən adi suyu belə əsirgəyən zalıma ikrahla “yezid” ayaması taxılmaqdadır. Hökmdarın əmrini icra etmək üçün Hür bin Yezid bu dəfə “Kərbəla” deyilən ərazidə İmam Hüseyinin qarşısını kəsib durdurdu. Ertəsi gün Ömər bin Səadın başçılığı ilə Yezidin daha dörd min döyüşçüsü “suyu və sığınacağı olmayan” Kərbəla düzünə gəldi. Tərəflər arasında münaqişə şiddətlənib daha kəskin şəkil alırdı... Onu da deyək ki, İmam Hüseyini suya yaxın buraxmamaq haqqında hökmdarı Yeziddən tapşırıq alıb da qızmar Kərbəla düzündə onun qarşısını kəsən Hür Peyğəmbər nəvəsi öldürülməzdən bir az əvvəl əməlindən peşiman olub tövbə etmiş, İmamın tərəfinə keçərək onun uğrunda savaşda həlak olmuşdur... Yezidin İmam Hüseyinin üstünə göndərdiyi əlavə dörd min savaşçının başında duran Ömər bin Səad isə o faciəvi Aşura gününə üç gün qalmış İmam Hüseyinin qafiləsinin suya yetişə bilməməsi üçün beş yüz süvarini ayırıb Fərat çayını qorumağı tapşırdı. Beləliklə, Muhərrəm ayının doqquzuncu günü (buna Tasua” deyilir) İmam Hüseyin və əshabələri tamamən düşmən mühasirəsinə alındılar. Artıq İmamın yardımına heç kimin gəlməyəcəyi aydın idi. Həmin tasua axşamı Yezid öz adamlarına son qəti savaşa başlamaq üçün hücum əmri verdi. İmam Hüseyin səhranın o başında düşmənin hərəkətə gəldiyini görüb qardaşı Abbası çağırdı: “Qardaşım, canım sənə fəda olsun, atına min də onlara doğru çap, sizin məqsədiniz nədir, nə etmək istəyirsiniz deyə soruş.” Həzrət Abbas cəld atını çapıb Yezidin adamlarıyla danışığa getdi. Gərgin müzakirədən sonra hücumu sabahadək ertələməyi qəbul etdirə bildi. Beləliklə, İmam ailəsinin bu dünyada sonuncu bir gecəsi qaldı... Və o son gecə də uca Tanrıya ibadətdə keçdi.

Nəhayət, sübh tezdən yeni açılan gün özü ilə faciə dolu “Aşuranı” da gətirdi... Yezidin hakimiyyətini qəbul edən Ömər bin Səad üst-üstə otuz minlik gözüqanlı adamla Peyğəmbər nəvəsinin üstünə hücuma keçdi. Bunun müqabilində cəmi yetmiş iki nəfərdən (otuz iki atlı və qırx piyada) ibarət İmam Hüseyin tərəfdarları mərd-mərdanə onların qarşısına çıxdı. Cəmi 72 əqidə mübarizi qan-qan deyən 30 minlik böyük bir ordunun qarşısından qorxub qaçmadı, çəkilmədi, fikrindən dönmədi... Hamısı igidcə savaşa girdilər. Həm özləri şəhid olub cənnətə getdilər, həm də düşmənin bir qismini cəhənnəmə vasil etdilər... Kərbəla düzündə qan su yerinə axdı...

...Qeyri-bərabər ağır döyüşdə İmamın tərəfdarlarından biri şəhid olunca yeri boş qalırdı və onlar say etibarilə get-gedə tükənirdilər. Düşmənin ordusundan isə bir adam öldükdə yerini həmən başqası tutur və onlar sanki döyüşə hər dəfə yeni qüvvə ilə başlayırdılar.

İmam Hüseyinin əshabələri: “Biz yaşadıqca sizin ailənizin savaş meydanına atılmasını qəbul edə bilmərik”, - deyib İmamın ailəsinin vuruşa girməsinə razı olmurdular. Əshabələrin hamısı şəhid olduqdan sonra isə sıra İmamın ailəsinə çatdı. Onun ailə üzvlərindən savaş meydanına ilk ayaq basan oğlu Əli Əkbər oldu. Ondan sonra İmam Əli-nin, İmam Həsənin, Cəfər-i Təyyarın və Aqilin övladları da bir-bir savaş meydanına çıxdılar. Və onların hər biri igidcəsinə vuruşub şəhadətə yetdi. Əlinin igid oğlu - Abbas bin Ali səhranın qızmar istisində “su” deyib nalə çəkən övrətlərə və övladlara su gətirmək üçün qeyrət göstərdiyi vaxt düşmənin saldırısına məruz qaldı: çaydan tuluğu suyla doldurub qayıdarkən su qabını tutan hər iki qolları qılıncla vurulub salındı. Beləcə həzrət Abbas da canını qardaşı Hüseyinin qiyamı yolunda fəda etdi. Nəhayət, Aşura gününün ən həssas məqamı – uca Peyğəmbərin hələ uşaqkən güvənib öydüyü cəsur Hüseyinin tək, arxasız və köməksiz qaldığı anlar oldu. Düşmənləri onu meydanda tək görüb hər tərəfdən üstünə tökülüşdülər... ...bu dəhşətli qətlin təfərrüatını yazmaq çox ağırdır... ...Aşura günü meydanda olan Həccac bin Abdullah sonralar İmam Hüseyinin qoçaqlığını belə təsvir edəcəkdi: “Allah-a and olsun ki, oğlu, qardaşı, qardaşı uşaqları, bütün qohum-əqrabaları və yaxınları öldüyü halda, onun kimi dirənişli, səbatlı, şücaətli və igid birisini görmədim. Allah-a and olsun ki ondan öncə və ondan sonra özü kimi birisini görmədim. İmam Hüseyin düşmən ordusuna hücum edəndə, onlar qurdun qorxusundan dağılışan keçilər kimi İmamın sağ və solundan qaçışırlardı... Allah-a and olsun ki, Fatimanın qızı Zeynəb İmama yaxınlaşan əsnada Ömər bin Səad da (Yezidin ordu başçısı) İmamın yanına çatmışdı. Zeynəb İbn-i Səada xitabən belə dedi: “Əbu Abdullah (İmam Hüseyinin ləqəbidir) öldürülür, sənsə durub bunu seyr edirsən?!” Həccac bin Abdullah daha sonra belə davam edir: “…Bu zaman Ömər bin Səadın göz yaşlarının üzünə və saqqalına axması və üzünü Zeynəbdən çevirib gizlətməsi heç gözlərimin önündən getmir…’’

Bəli, qatilin göz yaşları axıda-axıda İmam övladını qəddarcasına qətlə yetirməsi də bir ibrət dərsidir. O ağır və ağrılı Kərbəla olayları həssas insanların ürəyində əbədiyyətə qədər sönməyəcək hüzn atəşi yandırdı da bitdi...

Yezid öz hakimiyyətini möhkəmlədib daha böyük xoşbəxtlikliyə çatmaq üçün rəqib bildiyi Peyğəmbər nəslini qılıncdan keçirtdi. Ancaq o fərqinə varmadı ki, sitayiş etdiyi Haqqın ədaləti və məntiqi insanlara bir belə günah içində xoşbəxtlik imkanı yaratmaz... Əlbəttə, indi günümüzün dincliyi, asudəliyi içində rahatca oturub min üç yüz iyirmi altı il bundan əvvəl neçə min kilometrlərlə uzaqda baş verən “biət” mücadiləsindən yazı yazmaq asandır. Ancaq xəyalən o günlərə qayıdıb açıq səhrada, qızmar günəş altında, susuzluqdan dodaqları çat-çat olmuş, boğazları quruyub ciyərləri yanan bir neçə adamın çöllü-biyabanda böyük bir qoşuna qarşı durmasını, əzazil düşmən qılıncına çarpılıb şəhid olmağı əqidəyə dönük çıxmaqdan, cahilə boyun əyməkdən, düşmən qarşısından qaçmaqdan daha üstün bilən cəsur insanların halını təsəvvür etdikdə, İmam Hüseyinin və tərəfdarlarının nə böyük şücaət sahibi olduqlarını, həqiqətən ümumbəşəri dəyərlər amalı ilə savaşaraq fövqəladə igidlik nümayiş etdirdiklərini görürük. Əslində, Ərəbistan çöllərində baş verən qanlı çarpışmanın nədən min ildir insanlar tərəfindən unudulmadığının səbəbini dərk edirik. Məlum olur ki, iki tayfa arasında baş verən o qanlı olayda digər xalqlar və millətlər üçün də böyük ibrət məqamları varmış. Süleymana qalmayan bu fani dünya ancaq əqidə yolunda çarpışanlara əbədiyyət bəxş edərmiş! İmam Hüseynin şücaəti həqiqətən ehtiramla xatırlanmağa layiqdir. Qorxmazlıq, cəsarət, düşmənin qabağından qaçmamaq, əqidəni satmamaq, sözə əməl etmək kimi yüksək keyfiyyətlər bütün zamanlarda bütün insanlar üçün dəyişməz mənəvi dəyərlərdir. İmam Hüseyinin mücadiləsi məhz bu bəşəri dəyərlərə sədaqəti ilə müqəddəsdir, unudulmazdır, ibrətamizdir. Bu hörmət, ehtiram, yad edilmə, təbii ki, cəhalət mühitindən çox uzaqlaşıb tərəqqi etmiş dünyanın müasir düşüncə tərzinə, intellektual səviyyəsinə, zəmanənin davranış və həyata baxış çərçivəsinə uyğun biçimdə büruzə verildikdə, əlbəttə, Allaha daha xoş gedər!

***


Beləliklə, 570-ci il aprelin 20-də dünyaya gələn və bundan 40 il sonra - 610-cu il Ramazan ayının 17-də uca Tanrıdan ilk vəhy alan,

622-ci ildə 52 yaşında Məkkədən Mədinəyə köçməklə müsəlman təqviminin başlanğıcı sayılan hicrətin binasını qoyan,

hicrətdən daha 10 il sonra 632-ci ildə 62 yaşında doğulduğu ayda və doğulduğu gündəcə Haqq dərgahına qovuşan müqəddəs Peyğəmbərin vəfatından tam 50 il sonra,

682-ci ildə Kərbəla düzündə şəhid olmuş sevimli nəvəsi İmam Hüseyin haqqında hələ körpəliyində - “Salam olsun Hüseynə! Həqiqətən də Hüseyn hidayət çırağı və nicat gəmisidir!” - sözlərini niyə, nə münasibətlə dediyini dəqiq bilmirik.

Ancaq biz artıq onu bilirik ki, bu sözlər dünyanın keçmişini və gələcəyini görən, duyan, dərk edən müqəddəs bir İnsanın peyğəmbərliyinə dəlalət edən əsil Tanrı vəhyi olub!
***
İnşallah, bu Məhərrəmlik də başa çatıb səfər ayı bitəndən sonra yenə toylar davam edəcəkdir!
--------------------------------

20 fevral 2008.




Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə