İntiqam Qasımzadə Doğulduğu günü xatırlayan adam



Yüklə 116,71 Kb.
tarix06.05.2018
ölçüsü116,71 Kb.
#42071

İntiqam Qasımzadə

Doğulduğu günü xatırlayan adam

– Əziz qardaşım, xoş gördük. Bəri başdan səni qarşıdan gələn 60 yaşın münasibəti ilə ürəkdən təbrik edirəm, möhkəm cansağlığı, yaradıcılıq uğurları, xoş günlər və nəvə toyu arzulayıram...

– İntiqam müəllim, möhkəm can sağlığı, yaradıcılıq uğurları, xoş günlər və nəvə toyu ilə bağlı bildirdiyiniz arzuları sizinlə qardaş qisməti kimi tən bölürəm, sağ olun. Əlbəttə, onu da deməyə borcluyam ki, “Azərbaycan” jurnalının baş redaktorunun, nəinki ədəbiyyatın, ümumən mədəniyyətin hər sirrini bilən görkəmli səxsiyyətin bu lütfükar qərarı mənə görə həm gözlənilməzdir, həm düşündürür, həm də, açığı, sevinirəm. Nəzərə alsanız ki, ixtisasca jurnalistəm, bəlkə də əksinə olmalıydı; sualları mən, cavabları siz verməliydiniz. Sözgəlişi, on il bundan irəli üzümə gözəl sözlər deyə-deyə dostlar məni 50-yə addatdılar. İdi də 60... Görünür, on ildən bir insan itkilərin dalınca ağlayan uşağa dönür, gərək onun başını sığallayasan ki, ehtimal edilən növbəti zaman kəsiminə ağrısız keçsin...

– Əvvəla, 60 yaş ərəfəsində özünü necə hiss eləyirsən?

– Özümü güldən şirə çəkib pətəyə tərəf uçan arı kimi hiss edirəm. Lap körpəlikdən canımda arılara bənzər çalışmaq həvəsi var. Bu həvəs anamdan keçmədi, çünki onun qocaldığını gördüm, yorulduğunu yox... Həyatın hər üzüylə üzləşmək insanın alın yazısıdır. Başqa sözlə, idrakın yetə bildiyi elə bir ovqat yoxdur ki, insan ömürün hansı məqamındasa həmən o fərqli, saysız-hesabsız ovqatların demək olar hamısını yaşamamış olsun. Əlbəttə, tədricən. Halbahal olmaq həyatın ən mükəmməl şəklidir. Bəlkə başqalarında başqa istinadlar var, bilmirəm, amma bayaq söylədiyim çalışmaq həvəsi məni toxtaq saxlayır. Bu səbəbdən tam qətiyyətlə deyirəm ki, şükür, yaxşıyam, lap yaxşıyam. 60 yaşın ərəfəsi də, özü də xoş gəlir, qoy gəlsin. Ağlı başında olan canına cəfa verər, illrə zəhmət verməz...

– Bu görüşə gələndə bilirsən nə fikirləşirdim? Fikirləşirdim ki, indi illər əvvəllərə baxanda deyəsən sürətini artırıb, yaman tez ötüb keçir; lap sürət qatarının vaqonları kimi... Aylarla, illərlə ayaqlaşa bilirsənmi? Çatdırmayıb təngidiyin olurmu?

– İntiqam müəllim, uzaq illərdə sadə bir şeir yazmışam, deyir:

Kim düzüb anları

bir-birinin dalınca,

kim qoyub gün həddi,

ay həddi,

kim yaradıb sıra-sıra

il sərhəddi?..

Mən bütöv yaşamaq istəyirəm ömrümü –

bir anı belə boş qoymadan

yaratmaq şərti ilə

naxış-naxış,

ilmə-ilmə!

Uzun bir gün yaşayıram...

Yəqin bənzəməz onda

günüm-günümə,

ayım-ayıma,

ilim-ilimə...

Məncə zamanla ötüşmək havayı cəhddir, bəlkə də zaman yoxdur, varsa da ifrat dərəcədə mütləqdir. Əslində varlıqlar arasıkəsilməyən, başlanğıcı və sonu olmayan daimi bir hərəkətin tərkib hissəsidir. Zamanı təbii və şüuri proseslərin hasil olan nəticələri maddiləşdirir. Həftə, ay, il bölgüsü təxəyyülün məhsuludur. Görünür fərdi və ictimai nailiyyətləri, fəaliyyətin xronologiyasını asan anlamaq, olmuşları çaş-baş salmamaq üçün təqvimsiz ötüşmək olmur. Keçmişin və gələcəyin nüvəsi, istinad nöqtəsi içində olduğun andır, hətta bu da nisbidir, çünki enerji arasıkəsilmədən yaranır və elə o qayda ilə də itirilir. Mən gözümün qabağında neçə-neçə doğma adamın enerjisinin tükəndiyini, şam kimi yanıb öləzidiyini görmüşəm. Babam Qəbil qocalmışdı; həm yaddaşı, həm də gözləri zəifləmişdi. Hər şeyi dəyişik salırdı – dəryaz əvəzinə balta, köynək əvəzinə nə bilim nə..., aralıdan gələni xeyli baxandan sonra tanıyırdı. O, elə bilirdi ki, günah illərdədi. Əslində isə onun enerjisi tükənirdi. Mən ona təskinlik üçün yazdım ki:

Gözün zəifləmir, fikrindən daşın,

Gileyin nahaqdı özündən sənin.

Tale uzaqlaşır, baxt uzaqlaşır,

Dünya uzaqlaşır gözündən sənin...

Allah rununu şad eləsin, türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə “Ədəbiyyat qəzeti”ndə çıxan bu şeirimi başdan ayağa telefonda mənə oxuyub elə həyəcanlı sözlər dedi ki, sanki şair 80-ci illərin sonunda Azadlıq meydanının tribunasından kütləyə üz tutub, ay camaat fitnəkarların sözünə inanmayın, heç olmasa bir gecəlik evinizə dağılışın, yoxsa bu cəlladlar sizi qanınıza qəltan edəcək – söyləyirdi.

Bir misal da çəkim, yəqin sizdə də belə hallar olub, ömrümün elə vaxt kəsimini xatırlayıram ki, orada bir saat mənə bir il kimi uzun görünüb, bəzən isə bir ilin hardan gəlib hara getdiyindən xəbər tutmamışam. Deməli, vaxtın sürətlərini bizim ruhi vəziyyətimiz müəyyən edir. Gecə-gündüz əvəzlənməsi olmasaydı dünyanın yaranışından sizinlə söhbətləşdiyimiz bu ana qədər olan müddətini bir gün adlandırmaq olardı. Ötüb keçən zamanı, vaxtı bu cür dəyərləndirəndən sonra yalnız şairlərə yox, bütün insanlara mənalı olmağın bircə variantı qalır: çalışmaq! Yəni şüurlu əməklə vaxtı maadiləşdirmək. Maddiləşən zaman sənin əməyinin bəhrəsidir. Həm də sənin deyil. Əsas odur ki, sürətli vaxt axarında cəmiyyətin boy artımına bir qum dənəsi qədər də olsa, yük daşıyırsan. O ki qaldı təngimək, yorulmaq məsələsinə – tarla üstündə qan-tərə batan kəndlinin bir ağac kölgəsinə çəkilib dincəlməyi də işdi...

– Vaqif, neçə yaşından yazmağa başlamısan? İlk şerlərini yazmağın ruhun, hissin, duyğunun ehtiyacından oldu, yoxsa kimlərəsə bənzəmək, şair kimi tanınmaq istəyindən? İlk təkan nə oldu?

– Bu yaxınlarda istedadlı və yüksək insaniyyətli gənc yazar Sevinc Mürvətqızı uşaqlıq illərimi neçə yaşından xatırladığımı soruşdu. Mən ona, doğulduğum gün də yadımdadır, – deyə cavab verdim. Təəccübləndi. Kim olsa təəccüblənər. Amma, Allaha and olsun, mən o günü xatırlayıram. Necə ola bilər ki, insan yaddaşı işıqla bərabər qaranlığı, hələ bu azmış kimi hər sayaq ələşən-küləşəni özünə hopdurur, amma bütün həyatın səbəbi olan möhtəşəm doğum gününü unudur? Bu mümkün deyil. Belə mötəbər xatirata görə anama, bir də doğulduğum civir mərəyin böyründən dikələn tut ağacına minnətdaram. Niyə? Birinci anamı deyim. O mənə dönə-dönə nağıl eləyib ki, oğul, sən 1955-ci il may ayının 23-də sübh tezdən, civir mərəkdə, bax o tut ağacının altında, qara çırağın işığında doğulmusan. Anamın şəhadətinin doğulmağım qədər həqiqət olduğuna inanıram. Çünki anam ömür boyu dilinə yalan söz gətirməyib. O ki, qaldı tut ağacı, bunu yazmışam. Allah bilir “Azərbaycan” jurnalının baş redaktoru özündən on iki yaş balaca şairdən bir də nə vaxt müsahibə alacaq. İcazə versəniz o şeirin ucundan-qulağından söyləyərəm sizə.

– O nə sözdü, qardaş, buyur, belə yaxşıdı...

– O şeir belədi, deyir:

Başında bulud –

qoca tut!

Sən məni anamdan da

ətraflı tanıyırsan.

Çünki mən doğulanda

Anam özündə deyilmiş,

Çünki üzlü bir qanadın

xəlvət-xəlvət əyilmiş,

Mən doğulan daxmanın

içinə girmiş,

Bir kimsə sənə fikir verməmiş!

Çünki biri məni tuturmuş,

Biri qara qazanda

qaynar su gətirirmiş...

Daxma –


Yarı qaranlıq, yarı işıq –

anam can hayında,

o biri arvadların başı qarışıq...

Hamıdan yaxşı

sən gördün, qoca tut,

necə doğulduğumu,

Elə sonralar da

hamıdan yaxşı sən bildin

necə oğul olduğumu...

Ötüb aradan illər,

bir günəvərli gündə

əyləşib dibində

vurmuşam tut arağından,

Kölgə düşür yarpağından...

Anamdan çox sevirəm səni,

aramızda bunca doğmalıq nədi,

tut ağacı?

Girib gen ağızlı

qara koğuşuna

orda qalmaq istəyirəm əbədi,

tut ağacı...

– Deyirlər tut ağacı uzunömürlü olur, həmin ağac indi də qalır qapınızda?

– Hesabla qalmalıydı. Hayıf ki, hələ biz körpə olanda gecənin tən yarısı hava qarışar, göy guruldayar, ildırım çaxar. O ildırımın biri də düşər tut ağacının başına. Səhər durub gördük ki, o boyda azman ağacdan yerdə bir topa kül qalıb. Dilbar nənəm üzü qibləyə durub əlini göyə qaldırır və deyir: – Kərəminə şükür, ilahi, yaxşı ki o tut ağacı varmış, yoxsa, ildırım evimizin üstünə düşüb hamımızı kül edərdi. Nəsə, söhbətin səmti dəyişdi, amma sualınız yadımdadı. Sözümün canı budur ki, doğulduğu günü xatırlayan adam hesabla sözün sehrinə düşdüyü günü də xatırlamalıdı. Bu barədə bir dəfə demişəm. Fikrimi toplayıram ki, dəqiq olsun. İli səhv deyərəm, o yadımdadı ki, orta məktəbə getmirdim, tutaq ki, 5 – 6 yaşım olub. Qış vaxtıydı. Gecədən möhkəm qar yağmışdı. İndi heylə qar yağmır. Yazıq babam tezdəndən durub həyətimizdən böyük yola qədər yağıntını kürüyüb yolaq açmışdı ki, qara batmayaq. Yuxudan durar-durmaz ayağımda uzunboğaz qaloş, başımda qulağının bir tayı sallanan basma papaq, kürəyimdə sırıqlı (Leninqradın müdafiəsi illərində uşaqlar...); soxuldum babam açan qar cığıra. Getdim... getdim. Cığır qurtarandan sonra özüm cığır açdım, yenə getdim. Bir də gördüm ki, İran sərhəddindəyəm, qarşımı da tikanlı məftillər kəsib, daha burdan o yana nə qar cığır var, nə də elə-belə cığır. Geri baxdım, kənd xeyli uzaqdadı, əslində kənd görünmürdü, bacalardan burula-burula qalxan tüstü görünürdü, orda tüstü, burda tüstü. Belə çıxırdı ki, evə dönüb qayıtmaq evdən çıxıb getməkdən qorxuludu. Birtəhər özümü ələ alıb üzü geri addımladım və başladım oxumağa. Bəlkə də nadir qarabağlıyam ki, səsim yoxdu. Amma oxuyurdum. Mənə elə gəlirdi ki, çox gözəl oxuyuram və hələ indiyə qədər heç kəs belə oxumayıb. İntiqam müəllim, inanırsınız, mən elə-belə zümzümə eləmirdim ha, oxuduğum mahnının sözləri də vardı. Deməli, obadan uzaq o qarlı, soyuq havada harmoniya, ilahi ahəng mənim canımı qızdırırmış. Yolumun qalın qarını təmizləyirmiş. Oxuya-oxuya, söz qoşa-qoşa gəlib qapımıza çatanda anam elə mənim kimi əziz bir buzovun başına ilmək keçirdib isti pəyəyə tərəf dartırdı. Səsimə sarı dönüb, – Yenə nədi havalanıb itmisən səhərin gözü açılandan, dil boğaza qoymur ey gədə, elə bil dilotu yeyib. Bax, yaradıcılığa belə başladım. Heyif ki, ilk nəğməmi körpə ləpirlərimlə qar üstünə yazmışdım. Tezliklə yaz gəldi və o ilk nəğmə qar suyuna qarışdı, axıb getdi...

– Etiraz etmirəm, uğurlu ilkin başlanğıc həmişə vergidir, amma ola bilməz ki, ciddi əsərlər həmişə fövqəltəbii amillərə əsaslansın. Sısqa axarların gözünü açmasan bulaq olmur...

– Elə mən də ora gəlirəm. Yaradıcılıq mühitindən tamamən kənar bir ailədə doğulmuşam. Babalarım Maşad Səfəralı, Məti, Salman bəy, Həsənqulu oğlu Qəbil, nənələrim Dilbər xanım, Əsbət Osandıq, atam və anamdan tutmuş ta məndən 2 yaş böyük qardaşım Qalibə qədər heç biri tam orta məktəb qurtarmayıb. Ailəmizdə məktəb qurtarmaq məndən sonra moda düşüb. Görünür dövranın da boynunda babal var. Amma bu ayrı bir söhbətin mövzusudur. İçimdə qaynayan bulağın gözünü açan əl, əlbəttə ki, içində olduğum ailə mühitidir. Birincisi, biz türk dilinin qaymağı ilə qidalanırdıq. İlahi, insan öz fikirlərini necə dürüst, necə koloritli, necə acı, turş, şirin, sərt, yumşaq... ifadə edə bilər?! Söz necə qan bağlayar, söz necə qan tökər?! Büt yaratmaq istəmirəm, amma sizin sualınıza cavab olaraq məcburən deməliyəm ki, 7-ci sinif təhsili görmüş anam Diləfruz Mirzə Ələkbər Sabiri, Aşıq Ələsgəri, Səməd Vurğunu, Müşfiqi, Süleyman Rüstəmi əzbər bilirdi. Bu hələ azdı, onun dediyi nağıllar, mifoloji mətnlər heç Folklor İnstitutunun fondunda da yoxdu. İlk dəfə Sədinin “Bustan”, “Gülüstan” kitablarını, Hafizin “Qəzəlləri”ni, Ordubadinin “Qılınc və Qələm”ini evimizin göyərçinlər quruldaşan çardağında tapıb vərəqləmişdim. Anam Nizami Gəncəvinin bu sözlərini oxuyurdu

Gözüm aydın, gözümə surəti canan görünür,

Miski ənbir saçaraq ətrlə əfsan görünür.

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün

Yer gəlir göz önünə sərvi-xuraman görünür.

Yaxud deyirdi:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi...

Yaxud Süleyman Rüstəmdən deyirdi:

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb dincəlsin biraz.

Hələ babam Qəbilin yumoru. Çox açıq-saçıq, həm də nasiranə danışırdı. O söhbət eləyəndə, yaxud hansısa bir hadisəyə münasibət bildirəndə bütün kənd uğunub gedirdi, mən isə nədənsə sarsılır və hətta babamın yerinə xəcalət çəkirdim. Yeri gəlmişkən, gürcülər, ruslar öz mühitlərini olduqca mükəmməl yazıblar, əslində bizdəki davranış irsi bəlkə digər xalqlardakından da zəngindir. Məncə, hələ biz onu yaza bilməmişik. Görünür bütün bunlar – hətta doğulduğu günü xatırlayan uşağa fürsət verib ki, nələrsə quraşdırsın, mızıldansın. İntiqam müəllim, bura qədər mənim yaradıcılığa başlamağımın folklor hissəsidir, bu bir növ platonik eşqdir. Şəxsi maraq xatirinə şairliyin ilk yazılı örnəyini də qoruyub saxlayıram. Bu saralmış, dama-dama dəftərçədir. Quruluşundan və içindəki qeydlərdən görünür ki, 60-cı illərin birinci yarısına və atama aiddir. Dəftərçənin ilk iki səhifəsini Fatihə surəsi tutur. Sonrakı bir neçə vərəq boşdur, eləcə saralıb durur. Sonra adam adları qarşısında telefon nömrələri gəlir. Bu adlar tarixdən xəbərdar oxucuya nəsə deyə bilər. Axundov, İsgəndərov, Qaçay Ələkbərov, Ağalar Əliyev, Kərimov, Əmirov, Petrosyan, Kazımov, Eldarov, Redaksiya Zeynal, Novruz Cuvarlı, Hüseyn Mamedov (sonuncu iki adam atamın ən yaxın qohumlarıdır)... Sonrakı vərəqlər boşdur. Lap axırda mənim yazıya alınmış ilk üç şeirimdi. Birinci şeir “Qış”, ikinci şeir “Yaz”, üçüncü şeir “Əlimdə qələm”. İlkin başlanğıc belədir. Amma sonralar Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə... olmaq üçün xəyalımda min bir plan qururdum. Yaxşı ki, belə idi, yoxsa mən “Əlimdə qələm” adlı üçüncü yazılı “əsərimdən” sonra ömür boyu əliqələmsiz qalacaqdım.

– Aramızda yaş fərqi lap çox olmasa da (12 il nədir ki?), amma hər halda bir qədər var və mən siz nəsildən olanları müşahidə edə bilmişəm; kənardan. Sən gənc yazarların çoxları kimi şəhərin küçələrini dolaşıb saatlarla, belə deyək də, çayxanalarda oturmurdun. Hərdən bir olurdu. Nədən? Sözün-söhbətin tutmurdu mənsub olduğun ədəbi nəsillə, yoxsa vaxtın yox idi, qayğıların çox idi? Başqa səbəblər də ola bilər...

– Yaradıcılıqdan alınan zövq bir başqa zövqdür. Yer üzündə yaşayan altı milyard yarım insanın çox cüzi bir hissəsi, tutalım, yüz mini yazıçıdı. Onların da rəsmən min altı yüzü bizdədi. Deməli dünyanın mütləq əksəriyyətinin şansı başqadı – yaşamaqdan zövq almaq. Üstəlik yüz min yazıçıya da yaşamaqdan zövq almaq qadağan edilməyib. Yazdın, yazmadın cuşa gəlib şəhəri dörd dolanmaq, əylənmək, çayxanada, kafedə, restoranda dincəlmək, toya, Allah xeyir iş qismət eləsin, yasa getmək, bunlar hamısı insanın həyat tərzinə daxildir. Heç buna pis baxmaq da düzgün deyil. Amma siz düz deyirsiniz, davranışlar əndazədə, anamızın dilində desək, ölçülü-biçili olanda sənin hansı məkandasa olmağın yalnız özünün deyil, çevrənin də ürəyincə olur. Sağ olun ki, məni çevrənin bəyəndiyi adamlar sinfinə aid elədiniz və bu, bir qədər belədir. Amma bununla belə, deməliyəm ki, saatlarla çayxanada oturub çənələrə qulaq kəsildiyim də olub, çərənlədiyim də. Yasamaldan Əhmədliyə piyada getməklərimi də, gün çıxandan gün batana qədər, Allah bilir neçə saat Qala divarlarından qırağa çıxmayıb, hər tinə, hər dalana burun soxmağımı da etiraf edirəm. Hələ bir dəfə Sabir Rüstəmxanlının altmış illik banketindən gecə saat on ikidə çıxıb ustadım Çingiz Əlioğlunun felinə uyaraq, Salam Savvan və Əsəd Cahangirlə (onları demək olar ki, ilk dəfə görürdüm) səhər saat səkkizə qədər dənizkənarı bulvarda aşa-aşa gəzib dünya ədəbiyyatını sahmana saldığımızı da xatırlayıram. O gecədən başqa mən heç zaman evdən qıraqda qalmamışam. Haqlı olaraq həyat yoldaşım, rus demiş, “rozısk” verib – hara itdi bu kişi. Yalan olmasın bütün Bakı məni axtarır. Biz isə – Çingiz müəllim, Əsəd, Salam və mən, həmən axtarış saatında Nizami kinoteatrının açıq eyvanındakı kirli kreslolara çöküb (o vaxt kirli idi) sosiska sifariş eləmişik. Evdəkilər məni elə oradaca yaxaladılar. Xülasə, indikiləri deyə bilmirəm, bizim vaxtımızda, yəni 70-80-ci illərdə çayxana gerçəkli bir məktəb idi. İnanmıram ki, məsələn, Zakirin, Mirzə Fətəlinin, Mirzə Cəlilin, Cavidin, Müşfiqin, Səməd Mənsurun, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin... həyatında çayxana izləri yoxdu. Buna qədər isə mən o cazibədar məkanda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Yusif və Vaqif Səmədoğlular, Aydın Məmmədov, Aqil Abbas, Mövlud Süleymanlı, Ramiz Rövşən, Vaqif Bayatlı, Kamil Vəli, Əbülfəz Elçibəy, Asif Əfəndiyev, Vidadi Məmmədov, Səyavuş Aslan, Yaşar Nuri, Tahir Talışoğlu, Camal Yusifzadə, Seyran Səxavət, Abbas Abdulla... ilə, ən çox da yaşıdım olan qələm dostlarımla görüşüb dünya işlərindən, ədəbiyatdan, sənətdən danışmışıq. Ağzımızı pörşələyən qaynar çayı və siqaret tüstüsünü nəzərə almasaq ora – yəni çayxana eyni ruhlu insanların kulubu idi. İndi getmirəm çayxanaya. Çayı yeməkarası içirəm. Heç onda da çayxanaya çay içməyə getmirdim. Bir az öncə təsvir elədiyim insanlara görə gedirdim, özümü onlarda axtarırdım.

Vaqif Nəsibin bir gözəl hekayəsini oxumuşam. Sizin jurnalda. İli də yadımdan çıxıb, əsərin adı da. Yadımda qalan odur ki, əsərin qəhrəmanı uzun fasilədən sonra haçansa təmasda olduğu dostlarını görmək istəyi ilə balaca bir yeməkxanaya təşrif buyurur. Məlum olur ki, onun axtardığı insanlar burada yoxdur və o özü də bu yeməkxanada heç kəsə gərək deyil. Məkan dəyişir, zaman dəyişir. Mənə elə gəlir ki, insanın ən mükəmməl qərarı dəyişən zaman və məkan müstəvisində öz yerini doğru seçməkdi. Mövqe dəqiq seçiləndə yaşamaq rahat olur. Çayxana məsələsini belə çürütdük, ona bəraət qazandırandan dərhal sonra deməliyəm ki, o məkanda başqaları ilə müqayisədə nə az, nə çox, könlüm doyana qədər olmuşam. Orada on nəfərin əyləşdiyi masaya heç vaxt yaxınlaşmamışam. Uzağı dörd-beş nəfərin arasında oturmuşam. Yazı yazmaq həvəsim qalxanda, balalarım, evimizin qayğıları gözümün qabağına gələndə isə dərhal çayxananı tərk etmişəm. Baxmayaraq ki, bu, bir az çətin idi.

– Niyə çətin idi, dostlardan ayrılmaq istəmirdin?

– Həm o, həm də çayxananın qızıl qaydasına görə...

– Nə idi o qayda?

– Masanı ilk tərk edən adam gərək çaypulunu da verəydi. Axı bilmirsən sonradan qonaq olduğun stolda sən gələnə qədər neçə çaynik boşaldılıb, nə qədər sosiska, pirojna yeyilib. Çayxana tünlüyündən küçə, ev rahatlığına qovuşmaq üçün Allah bilir neçə dəfə qırmızı onluqlardan keçmişəm. Tək mən yox, o biri dostlar da eləcə. Hər halda, indiki ağlımla düşünürəm ki, peşə, qəlb, ruh, düşüncə yaxınlığı olan insanların toplaşma yerinin olması tıxac əsrində az qala ictimai aktuallıq kəsb edir. Hərdən Dənizkənarı bulvarda veteranlar çayxanasının böyründən keçirəm. Görürəm ki, həqiqətən də zəngin, hardasa mürəkkəb keçmişi olan yaşlı insanlar işə gəlirmiş kimi, şax kostyumda, ağ köynəkdə, qalstukda gəzişirlər, əyləşib çay içirlər, nərd oynayırlar, hansı bir keçmiş nazir, komitə sədri, idarə rəisi isə dostlarına pivə qonaqlığı verir, ətrafa xatirələr püskürür... Təklik, tənhalıq, yardıcılıq anlarında məqbuldur, amma cəmiyyətdən, insanlardan təcrid olunmaq ağır işdir. Hətta yazı yazanda da bəzən adam düşüncələrdən yorulur, qulağı səsdə olur ki, görüm qapını kim döyəcək, görüm kimdi gələn, görüm nə deyir?

– Dost-tanışdan, həmkardlardan aralı düşmək bəzilərini yaradıcılıqdan geri atır (bundan gileylənənlərə az rast gəlməmişəm), səndə necədi?

– Dost-tanışdan, həmkarlardan, məncə, yalnız psixoloji duruma görə aralı düşmək olar. Adi halda yaxşı dost dostunun başının işə qarışıq olduğunu, hansısa əsər üzərində işlədiyini də nəzərə almalıdır. Biz siam əkizləri deyilik ki, birimiz öləndə o birimiz qalmasın. Mən illərlə görmədiyim ləyaqətli insanlardan xəyal gücünə enerji alıram, aralıdan, bu naqilsiz enerjidi, günəş enerjisi kimi arasıkəsilməzdi. Sözün açığı, bir şəxsiyyət olaraq üzərinə düşən missiyanı yerinə yetirmək şərti ilə hər bir çağırışa hay verən, hamıyla təmas saxlayan, xeyirdən-şərdən qalmayan, dosta-qohuma, qonşuya yarayan, cəfakeş insanlara həsəd aparıram. Hayıf deyil karlı adam. Özümə karlı adam deməzdim. Qəribədir ki, nisbətən uzaq, hətta bəzən təsadüfən rastıma çıxan tanımadığım adamların istəklərini dərhal yerinə yetirməyə ən azı cəhd edirəm, amma doğmalarımın (qardaş, bacı, övlad) bir işinə yarayınca yazıqlar çərləyir. Bütün bunlarla belə, yazıçının ən yaxın dostu, doğması onun yazı masasıdır. Orada duyğu, ağıl və təcrübənin verdiyi imkana münasib nəinki yaxın, hətta ən uzaq ürəkləri də titrətmək mümkün olur. Yazı masası möcüzədir. Ən sədaqətli, ən etibarlı dostum odur, nəyi bilirəmsə o öyrədib, nəyi veribsə o verib...

– 23 yaşında “Azərbaycan” jurnalı kimi nüfuzlu bir jurnalda, özü də təxminən 700 misra şeirinin dərc olunması sənə necə təsir etmişdi? Başgicəllənməsi-filan... oldu, olmadı?

– Bəlkə də məndə hər cürə xəstəlik tapmaq olar, başgicəllənmədən başqa. Amma bütün insanlar kimi əməyimə qiymət veriləndə, inandığım, halal nailiyyətlər olanda fərəhlənirəm, daha yüksək yekunlara can atıram. Yadıma gəlir, orta məktəbin beşinci-altıncı sinfində oxuyanda qonşumuz, mənə əlifbanı, hüstüxətti öyrədən rəhmətlik Rza müəllim üç-dörd simsar uşağı, o cümlədən məni çağırıb xahiş eləmişdi ki, anbardakı quru tut budaqlarını təndirin başına daşıyaq. Biz çırpını dartıb aparırdıq. Rza müəllim bir az aralıda dayanıb baxırdı. Mən həvəslə işləyirdim, birdən Rza müəllim hamının eşidəcəyi bir səslə “bərəkallah Vaqif” deyə ruh verdi. İndi denən, mənə dur demək olar?! Elə fərəhlənmişdim, az qala odun nədi, anbarın özünü dartıb təndirin yanına gətirim. “Azərbaycan” jurnalının 1978-ci il 8-ci sayında işıq üzü görən məşhur “Ehey, kim saxlayıb bu səkidə maşını” adlı silsilə işıq üzü görənə qədər “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Molodyoj Azerbaydjana” qəzetlərində, “Göyərçin” jurnalında, almanaxlarda yazılarım dərc olunmuşdu. Hətta ayrıca səhifədə üç şeirim dərnək rəhbərim, şair, gənclərə xüsusi qayğısı ilə fərqlənən Ağacavad Əlizadənin təşəbbüsü ilə “Azərbaycan” jurnalının 1974-cü il dördüncü sayında çap olunmuşdu. Onda hələ siz, səhv etmirəmsə kinostudiyada çalışırdınız. O şeirlərdə görünür, dövrün tələbinə uyğun ixtisar və redaktə də olmuşdu, sonralar həmin yazıları qələmə alındığı variantda kitablarıma daxil elədim.

Amma 78-ci il debütü unudulmazdır. Təsəvvür edin, bir həftənin içində sənin əsərlərini 80 min insan oxuyur. O vaxt jurnalın tirajı belə idi. Nəzərə alsaq ki, o illərdə “Azərbaycan” jurnalı əldən-ələ gəzirdi, oxucu sayı bir az da yüksəlir. Şeirlərə görə jurnaldan 500 manat qonorar aldım. Hələ evlənməmişdim, pulumun ağasıydım, Azneftdən yaşıl rəngli “Moskviç-412” maşın tutduq. Mən, Eldar Baxış, Ağacəfər Həsənli və Loğman Rəşidzadə getdik “Talışstroyda” dayımgilə, ordan getdik Bəhmənliyə, ordan Cəbrayıla, ordan Qubadlıya. Heylə gərgin səfərdən sonra Azneftdə “Moskviçdən” düşəndə də başım gicəllənmədi. Üç günə beş yüz manatın başına rəsmən daş salıb cibimi boşaltmışdım deyə, quş kimi yüngül idim. Üç günlük həsrətdən sonra gözəl Bakının mərkəzi küçələrində möhtəşəm bir dövrə vurub Yasamaldakı kirayə mənzilimə çatanda qonşunun pəncərəsində işığı oynaşan televizorun səsindən bildim ki, Moskvadan “Vremya” verilişi başladı.



– Vaqif, istəyirəm indi də söhbətimizi daha qəliz bir istiqamətə yönəldim. Bax, sən kənddən gəlmiş bir gənc idin. Adətən sənin kimilər ənənəvi şeir üstə köklənirlər, uzun müddət ənənəvi şeirin çərçivələrində qalırlar – mən yalnız şəkli cəhətdən, forma baxımından demirəm, şeirin ruhu, daxili məzmunu, dünyaya, elə öz daxilinə baxışında da və s... – Sənin isə, mənim yadımda olanı, belə bir problemin olmadı, şeirin, demək olar ki, elə lap əzəldən ruhu, deyim tərzi ilə təzə idi, müasir idi. Məsələn 23 yaşında, 1978-ci ildə yazdığın “Vitrindəki gips adam” şeirini götürək... Sən kənddən gəlmiş bir gənc, 23 yaşında dərhal ətrafa baxıb, zamanın konyukturasını nəzərə alıb (konyuktura sözünü burda mən yaxşı mənada işlədirəm), ağlınla şüurlu şəkildə poeziyada mövqeini müəyyənləşdirmişdin, yoxsa bu elə sövqi-təbii, özü-özünə belə alınmışdı?

– İntiqam müəllim, icazə verin bu suala ətraflı cavab verim. Siz Şuşada doğulmusunuz. Şuşa nəinki Qarabağ xanlığının paytaxtı, həm də Azərbaycan mədəniyyətinin paytaxtıdır, döyünən ürəyidir, hələ ki, alternativsiz yaradıcı ruh mənbəyidir. Milli vokal sənətinin iki banisindən biri, bəlkə də birincisi xanəndə Cabbar Qaryağdıoğlu deyirdi ki, oxumaq yalnız səsdən ibarətdi. Allah tərəfindən əta olunan yüksək, ürəyəyatımlı, məlahətli səs öz sahibini başqalarından fərqləndirir və ona oxumaq ixtiyarı qazandırır. Cabbar Qaryağdıoğlu ilk nəfəs dərdiyi gündən sonuncu nəfəsi sinəsindən üzülənəcən düz oxudu, rast oxudu. O, özünəqədərki muğamat təcrübəsini ümumiləşdirə bilən fitri istedada, qüdrətli səs imkanına və improvizə bacarığına malik idi. Elə belə deyil ki, Cabbar Qaryağdıoğlu ahıl yaşa çatanda milli vokal musiqinin digər banisi böyük Bülbül aylarla xanəndənin dizinin dibini kəsdirib onun ifasında 350-dən çox muğam, təsnif və xalq havacatını, örnəyini fonovala köçürdü. Əslində XX yüzilliyin əvvəlində Üzeyir Hacıbəyli ümumən Azərbaycan musiqisində və təbii ki, bəstəkarlıq yönündə inqilab eləmişdi. Bu, şəksizdi. Azərbaycan ifaçılığının bütün tarixi təcrübəsini əxz eliyən Bülbül bizim milli musiqini Avropa musiqi ailəsinin bərabər hüquqlu üzvünə çevirməyi bacardı və bu işin baş tutmağında milli musiqi ensiklopediyası sayılan Cabbar Qaryağdıoğlu sənətinin müstəsna xidməti vardı. Məncə, keyfiyyət fərqlərinə baxmayaraq, estetik meyyarlara görə hər iki sənətkar – həm Cabbar Qaryağdıoğlu, həm də Bülbül Azərbaycan musiqisində həmişə novator olaraq qalacaq və müasir səslənəcəklər. Şeirimizə keçid alaq, musiqidən fərqli olaraq klassik poeziya sənədli olduğuna görə burada Bülbül, yaxud Cabbarsayağı trausfer mümkün deyil. Çünki Füzuli bir dünyadırsa, Nəsimi iki cahandır, Sabir dünyanın başqa bir üzüdür. Təəssüf ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra milli ədəbiyyatın uçan qanadlarını qırdılar. Ədəbiyyatda nə Üzeyir Hacıbəyli inqilabı, nə Cabbar Qaryağdıoğlu ümumiləşdirməsi, nə də Bülbül, Fikrət Əmirov, Qara Qarayev keçidi baş vermədi. Açıq deyirəm, mənim, oxuduğum ədəbiyyat dərsliklərindən heç xoşum gəlmirdi. Zorla bizim boğazımıza tökülən sıyıq dəhşətli dərəcədə dadsız idi. Amma onu yeməyə məcburduq. Partiya, kolxoz, Moskva, komsomol, pioner şeirləri, ideologiyanın eybəcərləşdirdiyi ifrat bəsit, qurama hekayələr, sicilləmə poemalar... Ötən əsrin 20-ci illərindən 60-cı illərinə qədər ümumtürk poeziyasında boşluğu dolduran bəlkə də yeganə şair Nazim Hikmətdir. Sovet poeziyasının bir çox örnəklərində ümumən ədəbiyyatın predmeti təhrif olunub. Ritorika virusunun, şablon düşüncə üşütməsinin pozucu təsiri bu gün də yüzlərlə qrafomanı kor halda saxlayır. Biz hamımız sovet ədəbiyyatının uçurumuna yıxılmış adamlarıq, əziklər, çapıqlar təbii ki var. Bununla belə, şükür, salamatlıqdır. 60–80-ci illərdə Rəsul Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə, Fikrət Qoca, Əli Kərim, Məmməd Araz, Cabir Novruz, Musa Yaqub, Xəlil Rza və gerçək poeziya meyarları ilə yaradan digər şairlərin mən deyərdim ki, fədakarlığı sayəsində milli poeziya nokautdan ayıla bildi. 80-ci illər poeziyasının ən yaxın sələfləri indicə adını çəkdiyim şairlərdir. Onların təsirindən, nailiyyətlərindən, ədəbi təcrübələrindən yan keçsəydim, xüsusən M.F.Axundovdan üzü bəri Azərbaycan nəsrini, dünya ədəiyyatı örnəklərini oxumasaydım yəqin ki, pis səsi bir-birinə bənzəyən poeziya bülbüllərindən biri də mən olardım. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq mənim bədii sözlə davranışlarım ədəbi dəyərləndirməyə imkan verən səviyyədədr. Buna qədər xüsusən gənclərin əzbər bildiyi, qızların can dəftərini bəzəyən “Mənim nənəm sizdədi”, “Qızlar bulaq üstə gələr”, “Sən tərəfdən əsən külək”, “Bu qızlar nə yama gözəlləşiblər”, “Üzlük”, “Payız məhəbbətim”, “Arazım”, “Bir kənd qoyub gəlmişəm” adlı şeirlərin varlığındakı həyat və obrazlı düşüncə tərzi mənə yazmaq ixtiyarı verirdi. Yəni səs var idi, qalırdı oxumaq, qışqırmaq, fısıldamaq yox, məhz oxumaq. Etiraf edirəm ki, 1978-ci ildə “Azərbaycan”ın təqdimatından sonra hiss edim ki, bədii sözü adi sözdən, əbədini fanidən ayıra bilirəm. Paltar biçən dərzi əlini sürtən kimi parçanın pambıq, kətan, yaxud ipək olduğunu gərək ayırd edə bilsin. Məncə, bu yaradıcılığın hər bir sahəsində bəlkə də ilkin və çox mühüm şərtdir. Həyat idealı insanı mənalandırdığı kimi estetik ideal da sənətkarın varlığını təsdiqləyir. Sözümün canı odur ki, məqsədli axtarış, gərgin mütaliə və böyük əmək sərf edilməsə yekunlar yaratmaq bir xülya olaraq qalır. Təsəvvür edin, Azərbaycan klassik ədəbiyyatına, folklora, müasir Azərbaycan nəsrinə, poeziyasına, ədəbi tənqidinə, dramaturgiyasına mənsub elə bir əsər yoxdur ki, onu mütaliə etməyim. “Azərbaycan” jurnalı isə əsasən 78-ci ildən başlayaraq ta bu günə qədər dünya ədəbiyyatına məxsus Mayakovski, Yesenin, Blok, Bulqakov, Markes, Kamyu, Selincer, Akutakava, Aytmatov, Rasputin, Belov, Pasternak kimi sənətkarları ən maraqlı formatlarda (əsərin tərcüməsi, müsahibələr, məktublaşmalar, xatirələr, tərcümeyi-hal) təqdim etdi və edir. Yaxşı ki, dünya ədəbiyyatı “Azərbaycan”da milli ədəbiyyatımızla milli nəsr, poeziya, ədəbiyyatşünaslıq örnəkləri ilə paralel işıqlandırılır. 50–60-cı illərdən yeni axar, yeni istiqamət götürən çağdaş ədəbiyyatımız isə həqiqətən, qüdrətlidir, düşüncələrə, bədii söz dünyasına meydan açan etibarlı mənbə, əsil məktəbdir. İmzaları xatırlayaq – İ.Əfəndiyev, İ.Hüseynov, S.Əhmədli, R.Rza, B.Vahabzadə, H.Arif, N.Hə- sənzadə, S.Tahir, Ə.Kərim, C.Novruz, M.Araz, M.İsmayıl, Ə.Əylisli, İ.Məlikzadə, Anar, Elçin, M.Süleymanlı, İ.İsmayılzadə, Ə.Salahzadə, S.Səxavət, S.Rüstəmxanlı, R.Rövşən, N.Kəsəmənli, M.Oruc, V.Bayatlı, E.Baxış... adları çoxaltmaq da olar. Məhz bu adlarla Sovet dövründən şoran tutmuş milli ədəbiyyat torpağı münbitləşir. Və bu münbitləşmə, yeni ədəbi-bədii düşüncə mühitinin yaranması təqribən 30 il çəkib. Məktəb var. 60 yaşımda, 45 illik ədəbi təcrübəyə dayanıb deyirəm ki, bu məktəbdən imtina etmək, onun üstündən xətt çəkmək nadanlıqdır. Sizin dediyiniz, sözün yaxşı mənasında olan “konyuktura”ya görə göstərdiyim amillərə, adlara, ədəbi mərhələlərə minnətdaram.

– Bilirsən də, 60-cı illərdə, elə 70-ci illərin əvvəllərində də sərbəst şeir ətrafında çox qızğın söz-söhbət gedib. Sən poeziya aləminə, necə deyərlər, atılanda bu söz-söhbət bir qədər səngimişdi, amma hələ də davam edirdi. İndi buna əsasən əhəmiyyətsiz bir məsələ kimi baxsalar da, hər halda şeirimizdə müxtəlif ölçülər-biçilər var, vəznlər var və bu mahiyyət etibarı ilə, çox ciddi bir məsələdir. Mənim zənnimcə, ilk növbədə xüsusən dil faktoru ilə çox bağlı bir məsələdir. Azərbaycan dilinin, ümumən türk dillərinin təbiəti, onun qramatik xüsusiyyətlərini, hətta, belə deyək də, nə qədər demokratik və ya konservativ bir dil olub-olmamasını nəzərdə tuturam... Sən necə, bir şair, bir praktika adamı kimi bu məsələdə mövqeyin necədir?



– Belə başa düşürəm ki, ədəbi formaların və ana dilimizin düşüncəni bədii şəkildə ifadə imkanı barədə danışmalıyıq. Bu, məncə, sənətkarlıq problemidir və öz roluna görə istedadın özü qədər əhəmiyyət daşıyır. Heç şübhəsiz ki, bütün ədəbi janrlar, ədəbi forma və üslublar ona görə mövcuddur ki, bədii əsərin dili adi, ümumişlək xalq dili deyil. Mənbə xalqın dili olsa da, bədii dil, üslub, ifadə tərzi – estetik kateqoriyadır. Janr dəyişkənliyinin, qəzəldən, rübaidən, qoşmadan, ənənəvi hecadan, poemadan tumuş sərbəst şeirə, üstəlik esse və publisistik janrlara keçidlərin elə də fərqində olmamışam. Mənə görə bədii mətləbin, emosional ovqatın, hansı şəkildə olur olsun, müəyyən bir harmoniya içərisində mənalı sözə çevrilməsi əsasdır. Çox zaman şeirin vəznini içində baş qaldıran ideya tumurcuğu, ilk soz, ilk misra və ya sətir müəyyən edir. Adətən qüdrətli qələm sahibləri düşüncələrini ifadə edərkən sözün əlində aciz qalmırlar. Oxucudan fərqli olaraq şair sözün tamaşaçısı deyil, çırpınan, həyəcanlandıran, bağıran, pıçıldayan və bütün hallarda ədəbi qaydalara uyğun olaraq hökmünü və ifadə gücünü azatmayan sözün özüdür. Sözün açığı, bizim 70–80-ci illər ədəbi nəsli işlətdikləri poetik vəzinlər səbəbidən basqılara məruz qalmamışdır. Çünki biz ədəbiyyata gələndə şeirlər heca və ya sərbəst adıyla kəskin şəkildə bir birindən ayrılmırdı. Elə şairlər var idi ki, əlbəttə dünya, xüsusən rus poeziyasının və təbii ki, Nazim Hikmətin sehrli şair ruhunun müsbət təsiri altında müəyyən təcrübələr eliyirdilər və nəticədə ən müxtəlif vəzinlər vahid şeir strukturu yaradırdı. Məsələn, İsa İsmayılzadənin, Tahir Qurbanovun, Dilsuzun... bəlkə başqa yada düşməyən adlar da var, onların şeirlərində sərbəstdən hecaya olduqca rahat və məqbul keçidlər izləmişəm. Yüksək ilham və çırpıntı ilə yazılan poeziya əsərində duyğulara uyğun ahəngdarlıq eləcə də, bədii qayə vəhdətdədirsə əsəri uğurlu saymaq olar. Bizim bir yazıçı başqa bir yazıçının bədii sirlərlə dolu əsərini Azərbaycan dilinə çevirəndən sonra maraqlı bir fikir işlətmişdi. “Mənim üçün də maraqlı idi – tərcüməçi deyir, – düşünürdüm, görəsən yad dildə ifadə olunmuş dahiyanə bədii mətləbləri çatdırmaq üçün bizim ana dilimizin döş qəfəsinin həcmi, ciyərinin hava tutumu yetərlidirmi?” İndi mən deyirəm, söz sahibi ustaddırsa Azərbaycan dilinin orfoqrafiya lüğətindən alınmış mincə sözlə möcüzə və sehr yarada bilər. Zəngin, koloritli və müdrik dil mühitində dünyaya göz açıb böyümək yazıçı üçün bəxtiyarlıqdır. Amma əgər o sərvətdən ardıcıl şəkildə istifadə olunmasa və daim yeni axtarışlarla zənginləşməsə itib-batar, özündəşey olaraq qalar. Dil yaddaşdır, donuq yox, hərəkətdə olan yaddaşdır. Məhz bu yaddaş yazıçının istinad nöqtəsidir. İdeya, forma, bədii ifadə və harmoniya axtarışları hüdudsuzdur, onu sona qədər dərinləşdirmək cəhdləri hər bir yazıda məğlubiyyətə uğrayır. Dahiyanə əsərlər belə, sona qədər kamil deyil. İndi bizim sürət əsrində, yeni ədəbi cərəyanın bir çox nümayəndələri ədəbi janr və vəznləri, bədii dili heç nəzərə almırlar, sanki dil kimsəsiz, yetim küçə uşağıdır və sən onunla istədiyin kimi davrana bilərsən. Mənə görə hər bir əsər ədəbi dilin, ədəbiyyatın qanunları, məcburi meyarlar əsasında yaradılmalıdır. Hətta novatorluğun da mövcud olması üçün ədəbi təcrübələrdən ideal məkan yoxdur.

– Əvvəlki sualımın davamı kimi soruşuram: şeirin müasirliyi nə ilə ölçülür, müəyyən edilir? Ümumiyyətlə, müasirlik mütləq bir tələbdir, yoxsa şeir müasir olmaya da bilər? Söhbət klassiklərdən getmir təbii ki, bu gün bizimlə bir vaxtda yaşayan şairin şeirindən gedir; bu gün yazılan şeirdən?! Məsələn, biri şeir yazır – belələri hal-hazırda çoxdur – ənənəvi yazır, güldən-bülbüldən yazır, lap elə aktual mövzuda yazır, amma müasir şeir deyil. Buna necə baxırsan? Belə şeirlərin çapına ehtiyac varmı?



– Müasirlik müəyyən bir zaman kəsimində yaradılan siyasi, sosial, mədəni və mənəvi sərvətin gərəkli olduğunu təsdiqləyən meyardır. Mənim fikrimcə, bu anlayışda zaman faktoru şərti rol oynayır. Bütün sirr, dəyər, enerji və təsir imkanı əslində müasir adlandırdığımız nailiyyətin özüdür. O dəyər min il əvvəl də yaradıla bilər, onun dəyərlədirildiyi vaxt aralığında da. Müasirlik modern qab-qacaq deyil, qədim, yaxud çağdaş naxışlı qabın içindəki təamın dadı, ləzzəti və cana xeyiridir. Bu mövzu həmişə müzakirə olunub, sizin bu sualınıza cavab verməyə cəhd göstərən nə birinci, nə də sonuncu adamam. Xatircəm olun, heca şeiri – onun qoşma, qəraylı, onbirlik, on ikilik, on beşlik, on altılıq şəkilləri həmişə qalacaq, nə bilim, bəlkə sərbəst şeirlər esse adlanacaq, hekayəyə roman deyəcəklər, poemanı İsa kimi çarmıxa çəkəcəklər... Bunları biz bilmirik, heç falçı da bilmir. Bütün hallarda, mənim statusuma uyğun olaraq, həmişə həyat həqiqəti, dərin bədii ümumiləşdirmə, bəşəriyyətin böyüməyinə səbəb olan ideyalar, insanın içini zənginləşdirən və onu birmənalı olaraq yaşamağa, insanlığa xidmət etməyə ruhlandıran harmoniya əsas olacaq. Bəzən məsələnin konseptual qoyuluşundan detalların izahı çətin olur. Misal üçün, qayıdıram yaxşı bildiyim yerə, indiki azərbaycan şeirinin çağdaş durumuna. Bir çox şairlərimiz və yazıçılarımız var ki, onların poeziya və nəsr prosesinə təsiri dolayısıyla qalır, amma onlar, məsələn Məhəmməd Füzuli, Nəsimi, Vaqif kimi hərəsi öz çəkisində artıq ədəbiyyat tarixinə məxsusdurlar. Onların canlı olaraq səhnəyə çıxmaları qocalmış artistlərinin nostalgiyasını xatırladır və gülməli görünür. Bir də var namuslu kəndli kimi taxıl əkib tarlasını suvaranlar, bunlar, hayıf ki, barmaqla sayılacaq qədər azdır. Və yenə təəssüf ki, poeziya torpağının 90 faizi şoranlaşıb. Heç alaq-ulaq da bitmir. Bu məni çox mütəəsir eliyir. Bilirəm, bu müsahibədə sizinlə bir yerdə səsləndirdiyimiz bir çox fikirlər bir qıraqda qalacaq və məhz indicə apardığımız təsnifata görə üstümüzə yüz yerdən çomaq çəkəcəklər. Amma, qardaş, Allaha and olsun, bizim ədəbiyyatın inkişafını əngəlləyən bütlərə, orada örüş ayaqlayan çobanlara, alaq da bitirməyən şoranlaşmış torpaq laylarına görə ölüb yerə girmək istəyirəm. Düzdü, XXI əsrin yaddaqalan imzaları var: məsələn, Böyükxan Pərviz (Allah rəhmət eləsin), Salam Sarvan, Akif Səməd, Aqil Mirseyid (Allah hər ikisinə rəhmət eləsin), Fərid Hüseyn, Şəhriyar Del Gerani, Qulu Ağsəs, Elşad Ərşadoğlu, Könül Həsənqulu, Sevinc Pərvanə, Günel Mövlud, Feyziyyə, nəsrdə Cavid Zeynallı, Qaraqan, Şərif Ağayar, ədəbi tənqiddə Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Azər Turan, Tehran Əlişanoğlu, Elnarə Akimova və digərləri var. Amma çevrədə elə bir dəhşətli boşluq, uçurum durur ki, adamı ruhdan salır. Uzağa getmirəm, əgər son əlli ilin ədəbiyyat güzgüsündə İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sərdar Əsəd, Əli Kərim, Cabir Novruz, Xəlil Rza, Fikrət Qoca, Sərdar Əsəd, Məstan Günər, Anar, Əkrəm Əylisli, Elçin, Abbas Abdulla, Məmməd Aslan, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Röşən, Əşrəf Veysəlli, Seyran Səxavət, Tofiq Abdin, Nüsrət Kəsəmənli, Camal Yusifoğlu, Sabir Rüstəmxanlı, Məmməd Oruc, Eldar Baxış, Vaqif Bayatlı, Saday Budaqlı, Səfər Alışarlı, Akif Əhmədgil, Ağacəfər Həsənli, Tofiq Nurəli, Aqil Abbas, Afaq Məsud, Zakir Fəxri, Adil Cəmil, Musa Ələkbərli, Rauf Soltan, Maarif Soltan, Tahir Qurbanov, Rafiq Tağı kimi ciddi ədəbiyyat obrazları varsa, bəs onda ədəbiyyatı barmağına dolayan boz “şairlər, yazıçılar” kütləsi haradan peyda olub və necə olub ki, kimsə bunu görməyib. Məncə “dur” deməyin vaxtıdır. Yazıçılar Birliyinin üzvü olan bütün şübhəli şəxsləri böyük bir imtahan otağına toplayıb onların ədəbi biliyinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək ixtiyarını heç kəs bizim əlimizdən almayıb. Ədəbiyyatın büdcəsini fərdi axtarışlar, tək-tək istedadlar formalaşdırır, ədəbi məhsul tenderə çıxarılmır, onun gərəkliyini Satınalmalar üzrə dövlət agentliyi deyil, əlahəzrət oxucu müəyyənləşdirir. İntiqam müəllim, deyəsən yenə də baş alıb getdim, sonda tam əminliklə deyirəm, müasirliyin tövhəsi gül, bülbül haqqında yazılmış nimdaş şeir, pritça, hekayə deyil, gülün ətri, bülbülün nəğməsidir. Elə bir ətir ki, ciyərin havasına saflıq qatır, elə bir səs ki, dərdi unutdurur.

– Vaqif, sən ədəbiyyata sovet dövründə gəlmisən və təxminən 15 il də o dövrdə, o mühitdə yazıb yaratmısan. Yadındadır, onda çap olunmaq məsələsində ciddi tələblər vardı. Nəhayət, senzura da vardı. Bax, xahiş eləyirəm tam səmini deyəsən, şeir yazmaqda, ortaya yüksək bədii söz qoymaqda bunlar sənə mane olurdumu? Olurdusa, hara qədər mane olurdu?

– On beş yox, 20 il Sovet mətbuatının fəal müəlliflərindən biri olmuşam. Ondan başqa mətbuat da yox idi. Şeirlərim, poemalarım, publisistik yazılarım, kitablarım işıq üzü görüb. Ümumiyyətlə qəzetlərin senzuradan keçdiyini redaksiyada işə başlayanda bildim. Elə ki, bütün materiallar səhifəyə yerləşdirildi, qəzet çapa gedəndə elə nəşriyyatın özündə lap axırdakı sakit və səliqəli bir otaqda qadın, kişi – bir neçə nəfər əyləşib bizi gözləyirdilər ki, səhifələrə baxıb, onun bir qırağına möhür basıb desinlər ki, buyurun aparın, bizim iradımız yoxdu. Üst-üstə on beş il “Sovet kəndi”, iki il “Kommunist”, iki il “Odlar yurdu” qəzetlərində çalışmışam, hələ bir dəfə görməmişəm ki, “qlavlit” qəzeti gecikdirsin, yaxud hansı materialasa ilişsin. Elə bil onların işi orada oturub çay içmək, sonra da “ottiskin” qırağına möhür basıb evə etmək idi. Kitablarımız da eləcə. Kitab nəşriyyatının senzorunun harada əyləşdiyini bilmirdim. Biz əsərimizin siqnal nüsxələrini həyəcanla gözləyərkən, o xoşbəxt hadisədən zəbər tutmaq üçün redaktorumuza tez-tez baş çəkirdik. Redaktor deyirdi, hə, biz işimizi görüb qurtardıq, kitab getdi “qlavlitə”, yəqin bir-iki günə qayıdar, gedər mətbəəyə. Amma hərdən qulağımıza çatırdı ki, deyək, “Ədəbiyyat və incəsənət” qəzetinin hansı səhifəsinisə, “Azərbaycan”, “Ulduz” jurnallarının hansı sayınısa “qlavlit” buraxmayıb, aparıblar MK-da baxmağa... Bizim dövrün senzurası haqqında təəsüratım belədir. Məncə, yerində olmayan redaktorlar daha amansız idilər, onlar bəzən antisovet yox, yaxşı obraz, sərrast deyilmiş cümlə axtarırdılar ki, onu aradan qaldırsınlar. Kitab redaktorunun kəsdiyi başa sorğu yox idi. Amma yaxşı redaktorlar da yetərincəydi.

Bu məqamda, kabinetsiz-filansız, senzurası öz içində oturan, hökumətə yaltaqlanıb nəsə pay qoparmaq üçün bir-birinə mafar verməyən müəlliflər sürüsünü də qeyd etməliyəm. Onlar qaşlarının arasını düyünləyib adama salam verməyə də can çəkirdilər, göyünən gedirdilər. İndi onların adı heç it dəftərində də yoxdu. Bir çox redaksiyalarda şeir şöbələrinin müdirləri ədəbiyyata yeni gələn cavanlarla rastlaşanda sanki qutuda ilan görürdülər. Əlyazma illərlə mübhəm qovluqlarda mürgü döyür, sora da itib batır, harasa yoxsa çıxırdı. Özünə hörmət bəsləyən qələm sahibləri onların sınıq-salxaq qapısında alçalmaq istəmirdilər. Müəllif nədi, baş redaktorun üzünü gördü nədi? İndi bütün bu olmuşlara görə fərdi qaydada kimlərisə qınamağın yeri deyil. Çünki bunlar sistemin təbiətindən gəlirdi. Yaradıcılıq müqəddəs bir işdir, seçilmişlərin qismətidir, yazıçılar fədakar adamlardır, onların qarşısını kəsmək, onlara mane olmaq ən ağılsız işdir. Ibrət alıb elə etmək lazımdır ki, ötənlərdə baş verənlər bir daha təkrarlanmasın.

– Mümkünsə, döşünə yatırsa, bir neçə kəlmə də müstəqillik dövründə şeirimizin, ümumən ədəbiyyatımızın durumu barədə danışaq (müqayisəli şəkildə). Yəni istəyirəm sən münasibətini bildirəsən. Bax, hal-hazırda fikir söyləmək, yazmaq və nəşr olunmaq üçün heç bir qadağa, senzura, bədii şura və sairə yoxdur. Ədəbiyyat, bədii yaradıcılıq çoxmu irəli gedib? Əlbəttə məni daha çox keyfiyyət göstəricisi, sənətkarlıq səviyyəsi maraqlandırır...

– Bəzək-düzəksiz, birbaşa sualınıza elə o tərzdə də cavab verəcəyəm. Müstəqillik illərinin ilk on ili sarsıntıdan çıxmaq dövrüdür, bu yalnız ədəbiyyata aid deyil, həm də cəmiyyətə şamil olunur. Yazı-pozu, kitab, məktəb, elm... hər şey gözdən düşmüşdü. Bakı kimi unikal bir şəhər “lotoxanaya” dönmüşdü. Aclıq qorxusu az qala insani olan bütün mədəni, mənəvi dəyərləri arxa plana keçirmişdi. Sonra yavaş-yavaş həyat qaydasına düşməyə başladı. Mətbuat dirçəldi, yaradıcılıq birliklərində canlanma hiss olundu və çoxlu, lap çoxlu imzalar göründü. İnternet məkanı imzaların tanınmasını sürətləndirdi. Bəs yaxşı ədəbi nailiyyət baxımından ortada olan nədir? Sadəcə axtarış, ədəbiyyata gəlmək, oxucu sevgisi qazanmaq cəhdləri. Bu heç də pis deyil. Yaradıcı gəncliyin mütaliə imkanın genişlənməsi də yaxşı mənada ciddi məsələdir. İndi oxumağa hər şey var. Hətta bir çox insanlar ingilis dilində oxuyur, indi bütün Türkiyənin ədəbi arsenalı əlimizin altındadır. Bizim vaxtımızda türk ədəbiyyatının beş-on kitabı gəlib çıxmışdı buralara – Suat Dərviş, Tofiq Fikrət, Rəşad Nuri Güntəkin, Əziz Nesin, Fazil Hüsnü Dağlarca, Səbahəddin Ali, Yaşar Kamal, Orxan Kamal və bir neçə başqaları. Türkiyə kitablarının kasadlığı öz yerində, kiril əlifbasına öyrəşdiyimizə görə qardaş ədəbiyyatı tərcümədən oxuyurduq. Özüm bir az asta oxuyuram, amma elə azərbaycanlı tanıyıram türkcə dünya ədəbiyyatını yarılayıb. Rus dilində mütaliəin zəifləməsi isə möhtəşəm bir ədəbi varidatla təmasları çətinləşdirir. Rus dili tarixi həzm edən, indini və gələcəyi canlandıran bir dildir. Nə qədər ki, itirilməyib bərpa edək. İnanıram ki, yeni dövrün qüdrətli şairləri, yazıçıları meydana çıxacaqlar. Çünki Azərbaycan xalqı, türk milləti səsi olan bir qövmdür. Onun oxumağa haqqı və gücü var. Amma bu kökdən üzülməmək şərti ilə mümkündür. Kitabi Dədə Qorquddan, Qətran Təbrizidən, Nizami Gəncəvidən, Füzuli, Xətai, Dirili Qurbani, Aşıq Abbas, Zakir, Sabir, M.F.Axundzadə, Mirzə Cəlil, Haqverdiyev, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Hadi, Cavid, Müşfiq, Vahid, Şəhriyar, Süleyman Rəhimov, Ordubadi, İlyas Əfəndiyev, İsa Muğanna, Ənvər Məmmədxanlı, Bəxtiyar Vahabzadə və ona yaxın ədəbi nəsildən tutmuş, bədii sözü sizin dediyiniz kimi çağdaş axara qaytaran 60-80-ci illər ədəbi nəslinə qədər olan ədəbi sərvət mənisənilməsə, başqa sözlə, bu estetik məkadan kənarda hansısa bir əsər peyda olsa, bütün məqbul məziyyətlərinə baxmayaraq o əsər ailə üzvünə çevrilməyəcək, qürbətdə qalacaq və öldüsündən-qaldısından xəbərimiz olmayacaq.

– Məni çoxdan düşündürən, amma sənə heç vaxt demədiyim bir sualım da var. Deyim, deməyim?

– Onsuz da mənə olan olub, bayaqdan dil boğaza qoymadan danışıram. Çalışaram bu dəfə çox uzatmayım. Buyurun sualınızı verin...

– Sən neçə illərdir dövlət qulluğundasan, nazirlikdə işləyirsən. Nazirlikdə hamı: nazirdən, müavinlərdən tutmuş müxtəlif vəzifələrdə çalışanlar da sənin xətrini istəyirlər, hörmət edirlər sənə – dönə-dönə şahidi olmuşam sənə olan münasibətin. Çalışdığımız sahələr çox yaxın, hətta qohum olduğu üçün görürəm və bilirəm ki, sən bir məmur kimi (bu söz xoşuna gəlmirsə, başqa cür deyim... Amma üzünün ifadəsindən başa düşdüm ki, etirazın yoxdur), hə, bir məmur kimi xidməti vəzifəni bütün tələblərə uyğun şəkildə icra edirsən, yeri gələn nəyisə qəti şəkildə rədd edirsən, dövlətçiliyin qəbul etmədiyi məsələyə çox rahatca “yox” deyirsən və s. Yəqin ki, məni başa düşdün?! Amma şeirlərində özün tam azadsan, şeirində, düşüncələrində, fikirlərində tamamilə müstəqilsən. Belə ki, deyəcəyin, demək istədiyin söz dilinin ucuna gəlirsə, onu geri qaytarmısan; deməli, belə çıxır ki, iki Vaqif var: biri – Vaqif Quliyev (qapında da belə yazılıb), o biri – Vaqif Bəhmənli. Əhsən. İkincini qoruyub saxlaya bildiyin üçün sənə eşq olsun! Amma mənimçün sirdir, bu necə olur axı? Bunu necə bacarırsan? Bəri başdan deyim ki, mən buna əsla pis baxmıram, sadəcə heyrət edirəm. İstəməsən bu suala cavab verməyə bilərsən. Yox, bilirəm, qardaşının bu sualını da cavabsız qoymazsan...

– Yazıçı hamı kimi sosial varlıqdır. Yazmaq isə onun fövqəladə missiyasıdır. Sonuncu cəhətə, yəni missiyaya fərdin qəlbi, ürəyi qərar verir. Əgər fərd əzablı azadlıqda mövcud olmaq istəyirsə, davam edir, yox istəmirsə, yenə də onun öz işidir. Amma cəmiyyətdə var olmanın yeganə yolu yararlılıqdır. Biz hamımız hardansa gəlib harasa gedirik. Karvanın imkanına münasib yük də var. O yükü hamımız bir yerdə çəkib aparmalıyıq. Korlara, karlara, şillərə Allah kömək olsun. Amma səhhəti imkan verən hər bir icma üzvü, belə desək karvanın sıra nəfəri ümumi yükün bir qulpundan yapışıb aparmağa borcludur. Bu Azərbaycanlıların əxlaqıdır, tərbiyə sistemidir. Mən gözümü açandan bizim Böyük Bəhmənli kəndində hamını işləyən görmüşəm. Anam iş yerində, məktəbdə, qapıda-bacada o qədər əlləşirdi ki, ona yazığım gəlirdi. Bəlkə də ifrat mərhəmətli olmağımın yeganə səbəbi budur. Ilk dəfə şin zavodunun “Saja” (yəni qurum) sexində üç növbəli işə girəndə 18 yaşım vardı. Özü də ora böyük minnətnən, tanışlıqla götürmüşdülər. Əmək məcəlləsində belə bir qayda var, əgər ali təhsilə istehsa- latdan gəlmisənsə, tələbəlik illəri iş stajı sayılır. 60-dan 18 çıxanda nə qalır, 42 deməli mən 60 ilin 42 ilini işləmişəm. İş yerlərim sizə məlumdur. Yeri gəlmişkən son şeirlərimdən birində sizin bu sualınıza aydın cavab var. İcazə versəydiniz söylərdim.

– Buyur, buyur.

– Həyat itir dərində, həyat izi dərimdə -

kim deyirsə, səhv deyir, dərbədər doğulmuşam.

Ovcumdakı xətləri yanlış deyil biri də,

and oldun Allaha ki, bəxtəvər doğulmuşam.

Bəxtəvər doğulmuşam –

Günəşin öz kimi,

Ulduzun işartısı, Ayın ziyası təndə,

əbədi yük çəkirəm, canım yelkənli gəmi

dünyanı daşıyıram girdə, yumru bədəndə.

Girdə, yumru bədəndə

dartınır qoca bəndə

özündən kiçik, amma özündən uca göyə.

Fəlakət ilxısını ehmal salır kəməndə,

qoymur ki, yer tərpənə,

yıxılıb üça göyə...

Yıxılıb uça göyə

gərək qurduğum qala,

gərək yüngül canımı yüngül mehlər apara.

Taleyim gəhgir atdı,

Allah çarəsiz qalar –

cilovumdan yapışıb gərək mehtər apara.

Gərək mehtər apara

mənim kimi köhləni

Şahlara layiq atam, belim gədə götürməz!

Gəncliyim şərab kimi başa çəkdi köhnəni,

mömindi qocalığım,

ələ badə götürməz.

Ələ badə götürməz;

Bədənimin gözü toxdu,

Keyf üçün vaxt nə gəzir, əlimdə işim daşır.

Bəxtimin adı işdi, ayrı bir işim yoxdu,

Qəbrim üstdə ucalar yəqin ki, işin daşı.

Yəqin ki, işin daşı

mənzilimi hörər cəm,

Ruhumun qamətini rüzgar əyməsin deyə.

Baş daşımın saçına üzərrik hörəcəyəm

Bəxtimə bir kimsənin gözü dəyməsin deyə!

Hə, İntiqam müəllim, sizin məmur dediyiniz Vaqif Bəhmənli işə belə qiymət verir. Vəzifə mənasında iki Vaqifdən söhbət gedə bilməz. Bununla belə mənim içimdə həyat rüzgarlarının dövranına uyğun milyonlarla Vaqif var. Bu mənim tərkibimdir. Məncə “məmur” arxaik sözdür. Heç onu Sovet vaxtında işlətmirdilər, “məsul işçi” deyirdilər. “Məmur” sözü səslənəndə adamın yadına Cexov düşür “Çinovnikin ölümü” düşür. Bütün bunları elə belə deyirəm. Düzdü, şəxsi planda, xalqımızın, el-obamızın düşdüyü vəziyyətlər, hər dürlü əziyyətlərlə bərabər mənalı yaşadığıma, çalışdığıma inamım var. Özümü xoşbəxt hesab eliyirəm ki, həm Sovet dövründə, həm müstəqillik illərində dahi Heydər Əliyevin kişi qeyrəti, böyük zəka ilə qurduğu bir dövlətin, Azərbaycanın vətədaşı olmuşam. Çox xoşdu ki, gənc dərrakəsi, tükənməz enerjizi ilə dünyada yeni Azərbaycan möcüzəsi yaradan Prezident İlham Əliyevin komandasında, ürəyimcə olan bir nöqtədə qərar tutub xalqım, Vətənim, insanlar naminə çalışıram. Allaha qurban olum, söz də ki başıma dolu kimi yağır... İntiqam müəllim, necə ki, sözlə dedim bir bənd də sazla deyim, bu sualı qapayaq:

İndi siz deyin görüm, mən tək iqtidar hanı,

Vəzifə pilləsinin neçənci qatındayam?

Sərvətim təmiz dəri, mudaram ürək qanı

Adam məmləkətində,

insan ştatındayam!

– Vaqif, sənə ənənəvi bir sual da vermək istəyirdim (bu məni həmişə maraqlandırır), sən şeiri necə yazırsan, necə işləyirsən? Amma birdən yadıma düşdü ki, dostumuz Seyran Səxavət sənin özün və yaradıcılığın haqqında yazdığı və “Azərbaycan” jurnalının builki 4-cü sayında dərc olunmuş düşüncələrində bu sualı qoyub və sənin–

Dörd qaş bükülürəm söz axtaranda,

Hürgüclü dəvənin beli oluram... (Dəhşət!!! – İ.Q,)

misraları ilə başlayan şeirinlə gözəl cavab verib. Vaz keçdim sualımdan. Amma dərhal başqa bir sual çıxdı ortaya. Həmin şeirin axırıncı bəndində yazırsan ki:

Peşəm can hərləmək, boş xəlbirəm ki,

Dəftərim, qələmim, dilim – Allahın.

Sözlərdən nərdivan düzəldirəm ki,

Yetsin ətəyinə əlim Allahın –

Mən belə yazıram şeirlərimi.

Adamın şeir yazanda çəkdiyin əzab-əziyyətə, məşəqqətlərə paxıllığı tutur. Şəxsən mən qibtə eləyirəm sənə. İndi, qardaş, tam ciddi soruşuram: əlinin Allahın ətəyinə yetdiyi olubmu? Və bu xoşbəxt an nə vaxt baş verir?!

– Allah heç kimin əlini öz ətəyindən üzmür. Amma baxır o ətəkdən yapışan əl kimin əlidir, caninin, yoxsa oğlu Qarabağ savaşında şəhid olan ananın. Allahın ətəyini mənalı edən ondan yapışan əllərimizdir. Allah heç vaxt əl kəsmir. Amma, o qədər kafir var ki, özü əlini o ətəkdən buraxır. Allahın ətəyinə can atmaq elə Allahın ətəyini buraxmamaqdır.

– Vaqif, bu yerdə sorğu-sualı bitirirəm – çünki danışdıqca qurtaran deyil, ürəyimdə sənə veriləcək hələ o qədər suallar var... Onları saxlayıram 70 illiyinə. Allah qoysa, görüşərik... Bu da bir niyyətdir. Hələlik isə 60 yaşın mübarək!

– İntiqam müəllim, o boyda jurnalın işini-gücünü buraxıb mənə bu qədər vaxt ayırdığınıza görə sizə bir daha təşəkkür edirəm. Bu illik limit bitib, birinci sayda silsilə şeirlərimi vermişiniz. İmkan varsa söhbətimizi lap bu günlərdə yazdığım tək bircə şeirlə bitirək.

– Olsun.


Daş kimi bərkiyib döşəli taxtım,

Qüssə dev-dev gəlir...

Necə cəng edim?

Mən kimi oyadım bu gecə vaxtı,

Gecənin bu vaxtı kimə zəng edim?

Canım can möhtacı,

Canım can acı;

Səbr yox üfüqün oyaq vaxtına.

Bəlkə sevgilimə telefon açım –

Gördümmü heç onun oyaq vaxtını?..

Axı nə mənası...

Durum, geyinim

Yuxudan oyadım narı, noxudu

Mənzili çöllərdi çöl çiçəyinin,

Küknar ağacının qapısı yoxdu.

Dünyada nə qədər qapı var – bağlı,

Döyməyə bir qapı yoxdu bu gecə.

Gen sinəm açıqdı...

O da ki, dağlı...

Sinəmə sancılan oxdu bu gecə.

Qarışıq, dolaşıq...

Ruhumun saçı!

Xizqədən içəri, dondan içəri.

Tək mənim darvazam taybatay açıq –

Bəlkə əcəl girə ondan içəri.

Ha yana yollayım didərgin baxtı,

Başımı salmağa bir damım varmı?

Mən kimə zəng edim bu gecə vaxtı,



Allahdan savayı adamım varmı?
Yüklə 116,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə