İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə qarayev azərbaycana qarşI



Yüklə 190,42 Kb.
səhifə1/3
tarix17.02.2018
ölçüsü190,42 Kb.
#27092
  1   2   3

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

Birinci bölmə

QARAYEV AZƏRBAYCANA QARŞI

QƏRAR

(Şikayət № 53688/08)

Strasburq, 10 iyun 2010-cu il

Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.

Qarayev Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci bölmə) aşağıdakı tərkibdə,

Xristos Rozakis, Sədr,

Nina Vajiç,

Xanlar Hacıyev,

Din Spilman,

Sver Erik Jebens,

Corcio Malinverni

Qeorqe Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

20 may 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:



PROSES

1. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Özbək vətəndaşı olan cənab Şaiq Qarayevin (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 53688/08) iş 07 noyabr 2008-ci ildə başlanılmışdır.

2. Ərizəçini Bakıda vəkil işləyən xanım L. Mədətli, cənab Ə. Əliyev və cənab M. Bəxşişov təmsil ediblər. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.

3. Ərizəçi, xüsusən iddia etdi ki, onun Özəbkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozulmasına gətirib çıxarar və o, işgəncə və pis rəftar təhlükəsi əsası ilə ekstradisiyasını mübahisələndirməyə imkan verən səmərəli vasitələrə malik olmamışdır. 0, həmçinin iddia edib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsdə olması qanunsuz olmuş və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “f” yarımbəndinə və bu maddənin 4-cü bəndinə zidd olaraq bu həbslə bağlı hər hansı məhkəmə nəzarəti ona əlçatan olmamışdır.

4. Palatanın Sədri 07 noyabr 2008-ci ildə Hökumətə göstərib ki, sonrakı bildirişədək ərizəçi Özbəkistana ekstradisiya edilməməlidir (Məhkəmə Reqlamentinin 39-cu qaydası).

5. 08 iyun 2009-cu ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onunməqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).



FAKTLAR

I. İŞİN HALLARI

6. Ərizəçi 1981-ci ildə Buxarada, Özbəkistanda anadan olmuş və hazırda Özbəkistana ekstradisiya olunması üçün Bakıda istintaq təcridxanasında həbsdədir. O, etibarlıözbək pasportuna malikdir və həm Özbəkistan, həm də Azərbaycan dövlət orqanları tərəfindən özbək vətəndaşı kimi qiymətləndirilir. Lakin ərizəçi Azərbaycan vətəndaşı da olduğunu iddia edir (baxın, aşağıda).

7. Ərizəçinin atası Firudin Qarayev mənşəyinə görə azərbaycanlıdır və 1953-cü ildə Beyləqanda, Azərbaycanda anadan olub. Ərizəçinin anası Olima Qarayeva mənşəyinə görə özbəkdir və 1960-cı ildə Buxarada, Özbəkistanda anadan olub. Ərizəçinin böyük qardaşı Ceyhun Qarayev və kiçik bacısı Nərgiz Qarayeva vardır. Təsvir olunmuş hadisələr baş verdiyi vaxtda ailə Buxarada, Özbəkistanda yaşamışdır.

A. Ərizəçiyə və onun ailəsinə aid Özbəkistanda ilkin cinayət işi

I. İlkin həbs və pis rəftar

8. 21 dekabr 2000-ci ildə özü və iyirmi yaşlı bacısı daxil olmaqla, ərizəçinin bütün ailəsi altı şəxsin öldürülməsi və onların cəsədlərinin doğranılması şübhəsi ilə Buxarada həbs olunmuşlar. Görünür ki, həbsdən əvvəl özbək hüquq mühafizə orqanları doğranılmış insan cəsədlərinin qalıqlarını ərizəçinin ailəsinin evi daxilində və evin yanındakı zibil yeşiyində aşkar etmişlər. Ərizəçinin anası əsas şübhəli şəxs idi, ailənin qalan üzvləri isə iştirakçı olmaqda şübhəli idilər. Ərizəçi iddia olunan cinayətlər törədildiyi vaxtda şəhərdən kənarda olduğunu iddia etmişdir.

9. İş materiallarından görünür ki, onların həbsi Özbəkistanda medianın diqqətini cəlb etmişdir. Media məlumatları, həmçinin yalan şayiələri əks etdirmişdir ki, ərizəçinin ailəsi insan orqanlarının traffikinqinə və hətta hanibalizmə cəlb olunmuşlar. Ərizəçinin atasının və onun uşaqlarının etnik mənşəyi də adətən qeyd olunurdu.

10. Ərizəçiyə görə, etirafları almaq məqsədilə həbsdə olarkən özü və bütün ailəsi daimi olaraq işgəncəyə və pis rəftarın digər formalarına məruz qalmışlar. Əksər vaxtda onlar ayrı-ayrı kameralarda saxlanılmışlar. Ərizəçi, inter alia, döyülmənin müxtəlif formaları, yemək və içməkdən məhrum olunması və boğulma daxil olmaqla, məruz qaldığı pis rəftarın növlərinin təfsilatlı məlumatını təqdim etmişdir.

11. Görünür ki, ilkin olaraq adam öldürmə faktları ilə bağlı ərizəçiyə və onun ailəsinin əksər üzvlərinə qarşı hər hansı ittihamlar irəli sürülməmiş və anası istisna olmaqla, sübutların olmaması səbəbindən müxtəlif tarixlərdə onlar azad olunmuşlar. Lakin azad olunduqdan sonra bütün ailə (ərizəçinin bacısı istisna olmaqla) müxtəlif əsaslarla yenidən həbs olunmuşdur.

2. Ərizəçinin işi

12. Həbsdə bir neçə gün keçirdikdən sonra, 26 dekabr 2000-ci ildə ərizəçi adam öldürmədə iştirakına dair sübutlar yetmədiyi üçün azad olunmuşdur. Lakin azad edilməsindən yalnız bir neçə dəqiqə sonra ərizəçi küçədə polis əməkdaşları tərəfindən saxlanılmış və onun şəxsiyyətini təsdiq edən sənədləri tələb olunmuşdur. Ərizəçi polis bölməsinə aparılmış və orada şəxsi axtarışdan sonra polis onun ayaqqabısında gizlədilmiş heroin aşkar etmişdir. Ərizəçi iddia edib ki, narkotik polis tərəfindən ona atılmışdır, ona görə ki, o, yalnız bir neçə dəqiqə əvvəl həbsdən azad olunmuş və həddən artıq qısa müddətdə hər hansı heroin əldə edə və onu ayaqqabının içində gizlədə bilməzdi. Xüsusən, nəzərə alaraq ki, o, pis rəftarın nəticələrindən əziyyət çəkmiş və ilkin həbsdən sonra heç bir şey yeməmiş və içməmişdir.

13. 30 aprel 2001-ci ildə Buxaranın Tokculuq rayon məhkəməsi ərizəçini narkotiklərin qanunsuz saxlanılmasında təqsirli bilmiş və onu dörd il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bu araşdırmalar zamanı ona hüquqi yardım təqdim edilməmişdir.

14. Prezidentin əfvindən sonra, 02 avqust 2001-ci ildə ərizəçi azad olunmuşdur.

15. 27 noyabr 2001-ci ildə ərizəçi bacısı ilə birgə Özbəkistanı tərk etmiş və həmin vaxtdan Bakıda yaşamışdır.

16. Eyni zamanda, Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə (ağırlaşdırıcı hallarla adam öldürmə) və 134-cü maddəsinə (cəsədlərin üzərində sui-istifadə) əsasən, Buxara Regional Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarı ilə ərizəçi altı adamın öldürülməsində və onların cəsədlərinin doğranılmasında ittiham olunmuşdur. Bundan başqa, həmin qərarla Buxara Dairə Məhkəməsi hər hansı müddət müəyyən etmədən ərizəçi barəsində həbs qətimkan tədbirini seçmişdir.

17. 06 avqust 2002-ci ildə Buxara Dairə Prokurorluğu ibtidai araşdırmanı dayandıraraq, müəyyən etmişdir ki, ərizəçi azadlıqdadır və istintaq yerində iştirakının təmin olunması məqsədilə onun axtarışını elan etmişdir.

3. Ərizəçinin ailə üzvlərinin işləri

18. Ərizəçinin atası 29 dekabr 2000-ci ildə həbsdən azad olunmuş, lakin ərizəçi ilə oxşar hallarda heroinin iddia olunan saxlanılması əsası ilə həmin gün həbs olunmuşdur. 20 noyabr 2001-ci ildə Buxara Dairə Məhkəməsi onu narkotikləri qanunsuz saxlamasına və müəyyən başqa cinayətlərə görə təqsirli bilmiş və on bir il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.

19. Həmin gün, 20 noyabr 2001-ci ildə Buxara Dairə Məhkəməsi ərizəçinin anasını və qardaşını altı adamın öldürülməsində və onların cəsədlərinin doğranılmasında təqsirli bilmiş və Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən, onlardan hər birini on beş il azadlıqdan məhrum etməyə məhkum etmişdir. Məhkəmə müəyyən edib ki, böyük qardaşının köməyi ilə cinayət qurbanlarının hesabına varlanmaq məqsədilə ərizəçinin anası tanış ailəni öz evinə dəvət etmiş, onları zəhərləmiş və öldürmüş və bundan sonra yerləşdirmənin asanlaşdırılması məqsədilə onların cəsədlərini doğramışdır.

20. 2004-cü ilin aprelində ərizəçinin atası da Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən məhkum olunmuşdur. Müəyyən edilib ki, o, adam öldürmədə və cəsədlərin doğranılmasında arvadına və böyük oğluna kömək etmiş və onları bu işə təhrik etmişdir. Bir neçə şikayətlərdən sonra onun 97-ci maddənin 2-ci bəndinə əsasən məhkum olunması hissəsi ləğv olunmuş və 97-ci maddənin 2-ci bəndinə əsasən məhkum olunması qüvvədə saxlanılmış və əvvəlki məhkumluğu nəzərə alınmaqla, o, qəti olaraq iyirmi il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

21. Ərizəçinin qardaşı 12 fevral 2008-ci ildə ürək və ağ ciyər səbəbindən həbsxanada vəfat etmişdir. Ərizəçiyə görə, onun qardaşının ölümünə səbəb bir neçə il ərzində məruz qaldığı pis rəftardır.

22. Ərizəçinin atası Prezident əfvinə əsasən 2008-ci ilin mayında həbsxanadan azad olunmuş və Azərbaycana köçmüşdür.

23. Ərizəçinin anası da Prezident əfvinə əsasən 2008-ci ilin oktyabrında həbsxanadan azad olunmuş və 2008-ci ilin noyabrında Azərbaycana köçmüşdür.

B. Ərizəçinin ekstradisiyasına aid araşdırmalar

24. Yuxarıda göstərildiyi kimi, 27 noyabr 2001-ci ildən ərizəçi Azərbaycanda yaşayır. İş materiallarından görünür ki, ərizəçi özbək pasportu ilə qanuni şəkildə Azərbaycana daxil olmuşdur. Lakin o, yalnız doxsan gün ərzində Azərbaycanda qala bilərdi və görünür ki, bu müddətdən sonra o, icazə olmadan orada yaşamağa davam etmişdir.

25. 09 aprel 2008-ci ildə özbək dövlət orqanlarının verdiyi axtarış qərarı əsasında ərizəçi Beyləqanda polis tərəfindən saxlanılmışdır.

26. 10 aprel 2008-ci ildə Beyləqan rayon məhkəməsi ekstradisiya olunması məqsədilə ərizəçinin həbs olunmasını qərara almışdır. Beyləqan rayon məhkəməsi Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına istinad etmiş və onun qənaətini təsdiq etmişdir. Həbs üçün hər hansı konkret müddət göstərilməmiş və qeyd olunmuşdur ki, ekstradisiya qərarı qəbul edilənədək ərizəçi həbsdə saxlanılmalıdır. Beyləqan rayon məhkəməsinin qərarı qəbul olunmasından üç gün sonra mübahisələndirilə bilərdi. Lakin ərizəçi bu qərardan şikayət etməmişdir.

27. 02 may 2008-ci ildə Özbəkistan Respublikasının Baş Prokuroru ərizəçinin 1993-cü il tarixli Minsk Konvensiyası əsasında Özbəkistana ekstradisiyası barədə qərar qəbul etmişdir. İnter alia, qərarda göstərilib ki, özbək dövlət orqanlarının təqdim etdiyi məlumata görə, ərizəçi Özbəkistan vətəndaşıdır və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilmiş məlumata görə, “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o, Azərbaycan vətəndaşı hesab edilmir.

28. Azərbaycan Respublikasının Baş Prokuroru 29 iyul 2008-ci il tarixli məktubu ilə özbək dövlət orqanlarından ərizəçinin cinayət işinə aid təminatların verilməsini xahiş etmişdir. Özbəkistan Respublikası Baş Prokuroru müavininin imzaladığı 31 iyul 2008-ci il tarixli məktubla özbək dövlət orqanları təminat vermişlər ki, ərizəçiyə qarşı cinayət işi hər hansı siyasi və ya irqi motivləri əks etdirmir, ərizəçi işgəncəyə və ya hər hansı digər qeyri-insani rəftara məruz qalmayacaq və onun müdafiə hüquqları təmin ediləcək. Orada göstərilib ki, 01 yanvar 2008-ci ildən qüvvəyə minmiş 11 iyul 2007-ci il tarixli Qanunla Özbəkistanda ölüm cəzası ləğv olunmuşdur. Həmçinin əlavə olunub ki, cəzasını çəkdikdən sonra ərizəçiyə Özbəkistanı tərk etmək imkanı veriləcək və Azərbaycan Respublikasının icazəsi olmadan o, üçüncü tərəfə verilməyəcək.

30. Bundan sonra, ərizəçi ekstradisiya qərarının ləğv olunması üçün iki ayrı-ayrı araşdırmalara cəlb olunmuşdur.

1. Ərizəçinin vətəndaşlığına aid mülki araşdırmalar

31. Ərizəçinin atası Azərbaycana qayıtdıqdan sonra Beyləqanda, Azərbaycan SSRİ-də anadan olduğuna və 1975-ci ilədək orada yaşadığına əsaslanaraq, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi üçün müraciət etdi. 09 avqust 2008-ci ildə ərizəçinin atasına onun vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.

32. 09 aprel 2008-ci ildə həbs olunduqdan sonra atasının Azərbaycan vətəndaşı olduğuna əsaslanaraq, ərizəçi nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi üçün müraciət etməyə cəhd etmişdir. Onun müraciəti rədd olunmuşdur, ona görə ki, bunun üçün o, şəxsən müraciət etməli idi.

33. Naməlum tarixdə ərizəçi Abşeron rayon məhkəməsində iddia qaldıraraq, onu Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etməyin Abşeron rayon Polis İdarəsinə tapşırılmasını xahiş etmişdir. 26 sentyabr 2008-ci ildə Abşeron rayon məhkəməsi ərizəçinin tələbini təmin edərək, qeyd edib ki, daxili qanunvericiliyə əsasən ərizəçi qan hüququ ilə Azərbaycan vətəndaşı hesab olunur və Abşeron rayon Polis İdarəsinə ona şəxsiyyət vəsiqəsinin verilməsini həvalə edib.

34. Bu qətnamə əsasında və onun qüvvəyə minməsinədək, 02 oktyabr 2008- ci ildə ərizəçiyə 02 noyabr 2008-ci ilədək etibarlı olan müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. Görünür ki, aşağıda qeyd olunan şikayətlərdən sonra bu müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti uzadılmamış və Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ərizəçiyə heç zaman verilməmişdir.

35. Abşeron rayon Polis İdarəsi 26 sentyabr 2008-ci il tarixli qətnamədən şikayət verərək, qeyd etmişdir ki, ərizəçi Özbəkistan vətəndaşıdır və Azərbaycan vətəndaşlığı üçün onun müraciət etməsinin yeganə səbəbi ekstradisiyadan yayınmaqdır.

36. 28 noyabr 2008-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini ləğv edərək, müəyyən etmişdir ki, ərizəçi əcnəbi vətəndaşdır və “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Respublika Prezidenti tərəfindən ona Azərbaycan vətəndaşlığı təqdim edilməyənədək, o, şəxsiyyət vəsiqəsi ala bilməz.

37. 19 yanvar 2009-cu ildə ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. 11 mart 2009-cu ildə Ali Məhkəmə onun şikayətini rədd etmiş və 28 noyabr 2008-ci il tarixli qətnaməni qüvvədə saxlamışdır.



2. 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarına və ekstradisiya zamanı ərizəçinin həbsinə dair şikayətlər

38. 01 avqust 2008-ci ildə (11 avqust 2008-ci il tarixli əlavə ilə) ərizəçi 10 aprel 2008-ci il tarixli həbs qərarından və 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarından Səbailrayon məhkəməsinə şikayət vermişdir. Şikayətində o, inter alia, iddia edib ki, (a) onun həbsi daxili qanunvericilikdə əsasa malik olmamış və 10 aprel 2008-ci il tarixli həbs qərarı onun qeyri-müəyyən müddətə həbsinə qanunsuz olaraq icazə vermişdir; (b) Özbəkistana ekstradisiya olunduğu halda, o, işgəncənin və pis rəftarın digər formalarının qaçılmaz təhlükəsi ilə üzləşir; (c) vətəndaşlıq sənədlərinin ona verilməsindən dövlət orqanlarının qanunsuz imtinalarına baxmayaraq, daxili qanunvericiliyə əsasən o, qan hüququ əsasında Azərbaycan vətəndaşıdır (ona görə ki, Azərbaycan vətəndaşının oğludur) və buna görə, onun digər ölkəyə ekstradisiyası Azərbaycan qanunvericiliyinə və Minsk Konvensiyasına ziddir.

39. 03 oktyabr 2008-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin Azərbaycan vətəndaşlığına aid tələbini təsdiq edən Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini nəzərə alaraq, Baş Prokurorun 18 iyun 2008-ci il tarixli qərarını ləğv etmişdir (baxmayaraq ki, həmin vaxtda Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmasa belə, Abşeron rayon məhkəməsinin qətnaməsi hələ qüvvəyə minməmişdi). Səbail rayon məhkəməsi qeyd edib ki, Baş Prokurorluq üç gün müddətində bu qərardan şikayət verə bilər və belə şikayətə vaxt vermək üçün qərarın alınmasından yeddi gün sonra ərizəçinin azadlığa buraxılmasını qərara aldı (10 oktyabr 2008-ci ildə).

40. 03 oktyabr 2008-ci ildə qərarın alınmasından sonra 10 oktyabr 2008-ci ildə ərizəçi azadlığa buraxılmamışdır.

41. 10 oktyabr 2008-ci ildə Baş Prokurorluq Səbail rayon məhkəməsinin 03 oktyabr 2008-ci il tarixli qərarından şikayət vermişdir. Şikayətə əlavə olaraq Baş Prokurorluğun həmin qərarı yalnız 08 oktyabr 2008-ci ildə aldığına əsasən üç günlük müddətin bərpasına dair ərizə verilmişdir. Ərizəçi etiraz edərək, iddia etmişdir ki, cinayət prosessual qanunvericiliyi həbs qətimkan tədbirinə aid məhkəmə qərarlarından prokurorluğun şikayətləri üçün ötürülmüş üç günlük müddətin bərpasına icazə vermir. Ərizəçi, həmçinin iddia edib ki, üç günlük şikayət vermə müddətinin bərpasina dair xahiş əsassızdır, ona görə ki, Baş Prokurorluğun nümayəndəsi 03 oktyabr 2008-ci il tarixli qərar elan olunarkən məhkəmənin iclas zalında iştirak edirdi.

42. 13 oktyabr 2008-ci ildə şikayət vermə müddətinin bərpasına dair ərizə təmin olunmuş və Baş Prokurorluğun şikayəti qəbul edilmişdir.

43. 23 oktyabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin 03 oktyabr 2008-ci il tarixli qərarını ləğv etmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, ərizəçi Özbəkistanın vətəndaşıdır və ona Azərabycan vətəndaşlığı formal olaraq verilməmişdir. O qeyd edib ki, ərizəçinin vətəndaşlıq tələbini təmin etməklə, aşağı məhkəmə Abşeron rayon məhkəməsinin qüvvəyə minməmiş 26 sentyabr 2008-ci il tarixli qətnaməsinə düzgün istinad etməmişdir. Buna görə, Bakı Apellyasiya Məhkəməsi 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarını qüvvədə saxlamış və ərizəçinin azadlığa buraxılması barədə Səbail rayon məhkəməsinin qərarını ləğv etmişdir. Lakin ApellyasiyaMəhkəməsinin qərarı ərizəçinin ekstradisiya edildiyi halda, işgəncə və ya pis rəftar təhlükəsinə və ekstradisiya məqsədilə onun həbsinin qanuniliyinə aid məsələlərin üstündən sükutla keçmişdir.

44. Daxili qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qərarından şikayət verilə bilməz.

45. İş materiallarından görünür ki, 28 noyabr 2008-ci il tarixdə ərizəçi Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarına qaçqın statusu üçün müraciət etmişdir. Lakin görünür ki, o, müraciətinə hər hansı cavab almamışdır.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. Azərbaycan Respublikasının Konstitusiyası

46. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin II hissəsi nəzərdə tutur ki:

“Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz...”

B. Cinayət-Prosessual Məcəlləsi (CPM)

1. Cinayət icraatı üzrə təqsirləndirilən şəxslərə tətbiq olunan həbs qətimkan tədbirinə və istintaq orqanlarının hərəkət və qərarlarından şikayətlərə aid CPM-in ümumi müddəaları

47. Həbs qətimkan tədbiri məhkəmə tərəfindən qərara alınır. Bu barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir (CPM-in 157.6-cı maddəsi). Cinayət icraatı üzrə təqsirləndirilən şəxslərin həbsi avtomatik nəzarət altındadır və ittihamların ağırlığından asılı olaraq müəyyən olunmuş spesifik müddətləri keçə bilməz (CPM-in 158-159-cu maddələri).

48. CPM-in LII fəsli cinayət icraatı üzrə tərəflərin prokurorluq orqanlarının hərəkət və ya qərarının məhkəmə qarşısında mübahisələndirilməsi prosesini müəyyən edir.CPM-in 449-cu maddəsi nəzərdə tutur ki, təqsirləndirilən (və ya şübhəli) şəxs və ya onun müdafiəçisi, inter alia, tutulması və ya həbsinə aid prokurorluq orqanlarının hərəkət və ya qərarını mübahisələndirə bilər. Prokurorluq orqanlarının hərəkət və ya qərarının qanuniliyini yoxlayan hakim onları qanunsuz hesab etdikdə, ləğv edə bilər (CPM-in 451-ci maddəsi).

2. Ekstradisiyaya aid CPM-in müddəaları

49. CPM-in LVII fəsli cinayət məsələlərində hüquqi yardıma həsr olunub. 495.1-ci maddə nəzərdə tutur ki, xarici dövlətin səlahiyyətli hakimiyyət orqanından hər hansı şəxsin verilməsi barədə xahişi və onun həbsə alınması haqqında qərarın surətini aldıqdan sonra Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı zərurət olduqda və bu Məcəllənin müddəalarına riayət etməklə şəxsin verilməsi haqqında qərar qəbul edilənədək onun tutulması və həbsə alınması üçün tədbirlər görə bilər. 496.1-ci maddə nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində olan şəxs onun cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icra edilməsi üçün bu Məcəllənin 496.2-496.7-cimaddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının həmin şəxsin verilməsi xahişi ilə rəsmi müraciəti əsasında verilir.

50. Ekstradisiya məqsədilə həbs olunmuş şəxs prokurorluq orqanlarının hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Bu CPM-in 442-454-cü maddələrində müəyyən olunmuş prosesə əsasən həyata keçirilir (LII fəsil; baxın, yuxarıda). 497.2-ci maddə nəzərdə tutur ki, “bu Məcəllənin 495.1-ci maddəsinə əsasən verilməsi haqqında qərar qəbul edilənədək” həbsə alınmış şəxs Azərbaycan Respublikasının cinayət təqibi orqanı onun verilməsinin qeyri-mümkünlüyü və ya verilməsindən imtina haqqında qərar qəbul etdikdə, dərhal azad edilməlidir.

C. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında 15 may 2001-ci il tarixli Qanun

51. Ekstradisiya haqqında 15 may 2001-ci il tarixli Qanun şəxslərin xarici dövlətə verilməsi məsələlərini tənzimləyir. Bu Qanuna əsasən, Ağır Cinayətlər Məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir (8.1-ci maddə). Ağır Cinayətlər Məhkəməsinin şəxsin verilməsi haqqında qərarından Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət və ya protest verilə bilər (8.2-ci maddə).



III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

A. Mülki, ailə və cinayət məsələlərində hüquqi yardım və hüquqi əlaqələr haqqında MDB-nin 1993-cü il tarixli Konvensiyası (1993-cü il tarixli MinskKonvensiyası)

52. Konvensiya 22 yanvar 1993-cü il tarixdə Minskdə imzalanmış və həm Azərbaycan, həm də Özbəkistan ona qoşulmuşlar.

53. 1993-cü il tarixli Minsk Konvensiyasının 58-ci maddəsi nəzərdə tutur ki, ekstradisiya tələbi digər sənədlərlə yanaşı həbs qərarı ilə müşayiət olunmalıdır (58-ci maddənin 2-ci bəndi). Ekstradisiya qeyri-mümkün olan hallar istisna olunmaqla, ekstradisiya tələbini aldıqdan sonra tələbi almış Dövlət ekstradisiya olunması tələb olunan şəxsi axtarmaq və tutmaq üçün təxirəsalınmaz tədbirlər görməlidir (60-cı maddə).

54. Ekstradisiyası tələb olunan şəxs müvafiq vəsatət olduqda, bu barədə tələbin alınmasından əvvəl də tutula bilər. Vəsatət həbs qərarına istinadı və ekstradisiya tələbinin göndəriləcəyi barədə qeydi əks etdirməlidir (61-ci maddənin 1-ci bəndi). Şəxs ekstradisiya tələbinin alınmasından əvvəl həbs olunduqda, tələb edən Dövlətə dərhal məlumat verilməlidir (61-ci maddənin 3-cü bəndi).

55. 61-ci maddəyə əsasən, tutulmuş şəxs tutulduğu tarixdən qırx gün müddətində ekstradisiya tələbi göndərilmədiyi halda, azad olunmalıdır (62-ci maddənin 1-ci bəndi).

B. Özbəkistanda insan hüquqları vəziyyətinə aid müvafiq sənədlər

57. BMT-nin İnsan Hüquqları Komissiyasının 2002/38 saylı Qətnaməsinə əsasən təqdim olunmuş (E/CN/.4/2003/68Add.2) hesabatında İşgəncə məsələləri üzrə Xüsusi Məruzəçi Teo van Boven Özbəkistandakı vəziyyəti aşağıdakı kimi təsvir edib:

“68. Verdikləri ifadələri onları qorxuzduqları üçün anonimliyə aparan və bununla da, bu ittihamlardan şəxsən hər hansı fayda əldə etməyən şəxslərdən də missiya zamanı aldığı bir çox ifadələr (həbsdə bir neçə ölümlər daxil olmaqla) əsasında Xüsusi Məruzəçi inanır ki, işgəncə və ya oxşar pis rəftar İşgəncəyə qarşı Komitə tərəfindən müəyyən edildiyi kimi mütəmadi xarakter daşıyır. İşgəncə işlərinin yalnız kiçik sayının mütləq etibarlılıqla sübut edilə biləcəyinə baxmayaraq, toplanmış geniş ifadələr işgəncə texnikasının və işgəncənin edildiyi yerlər və halların təsvirində bir-birinə o qədər uyğundur ki, bütün istintaqın gedişində işgəncənin inandırıcı və möhkəm təbiətini danmaq olmaz. Xüsusi Məruzəçi, həmçinin qeyd edir ki, işgəncə və pis rəftarın digər formaları Dövlətin maraqlarına qarşı hərəkətlər, ağır cinayətlər kimi əməllərdə ittiham olunan şəxslərə, eləcə də kiçik cinayətkarlara və başqalarına qarşı ayrı-seçkilik olmadan tətbiq olunan görünür.”

58. 2005-ci ilin martında BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən Özbəkistan barədə ikinci dövri hesabatı nəzərdən keçirmiş və aşağıdakı qeydlərini (CCPR/CO/83/UZB) qəbul etmişdir:

“11. Komitə məhbuslara qarşı işgəncənin və pis rəftarın tətbiq olunmasının geniş yayımlanmasına aid ittihamlardan və belə hərəkətlərə görə ittiham olunmuş, təqib edilmiş və məhkum olunmuş vəzifəli şəxslərin kiçik sayından narahatdır. Narahatlıq doğurur ki, nümayəndə heyətinin qeydə aldığı kənar iştirak etmə ilə aparılmış kiçik say istisna olmaqla, polis bölmələrində və başqa həbs yerlərində müstəqil araşdırmalar keçirilmir ki, işgəncə və ya pis rəftar olmaması təmin edilsin...

15. Komitə qeyd edir ki, tutulma zamanı fərdi şəxslərin vəkilə müraciət etmək hüququ daxili qanunvericilikdə təsbit edilsə də, təcrübədə bu hüquqa çox vaxt riayət olunmur...

16. Komitədə narahatlıq qalır ki, məhkəmə orqanları tam müstəqil deyil və hakimlərin təyin olunması hər beş ildə bir dəfə icra hakimiyyəti tərəfindən yenidən baxılır...”

59. “Özbəkistanda insan hüquqları vəziyyəti barədə” 2006-cı il tarixli (A/61/526) hesabatında BMT-nin Baş Katibi Özbəkistana ekstradisiya olunan şəxslərin aqibəti haqqında narahatlığını ifadə edib:

“48. 31 mart 2005-ci il tarixli yekun qeydlərində (CCPR/OP/83/UZB) İnsan Hüquqları Komitəsi qətimkan tədbiri qismində həbsdə olarkən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə uyğun gəlməyən metodlarla əldə olunması iddia olunan etiraflar əsasında məhkum edilmələrin böyük sayından narahatdır. Məhkəmə Özbəkistan Cinayət Məcəlləsində işgəncənin anlayışı barədə narahatlığını ifadə edib. Əlavə olaraq, Komitə məhbuslara qarşı işgəncənin və pis rəftarın tətbiq olunmasının geniş yayımlanmasına aid ittihamlardan və belə hərəkətlərə görə ittiham olunmuş, təqib edilmiş və məhkum olunmuş vəzifəli şəxslərin kiçik sayından narahatlığını bildirib. 26 aprel 2006-cı ilədək Özbəkistan Hökuməti Komitənin tələblərinə müvafiq olaraq bu məsələlər üzrə icra məlumatını təqdim etməli idi. Həmin vaxtdan İnsan Hüquqları Komitəsinə belə məlumat təqdim olunmamışdır.”

60. 2007-ci ilin noyabrında BMT-nin İşgəncəyə qarşı Komitəsi üçüncü dövri hesabatı (CAT/C/UZB/3) nəzərdən keçirmiş və inter alia, aşağıdakı qənaətlərini (CAT/C/UZB/CO/3) qəbul etmişdir:

“6. Komitə aşağıdakılar barədə narahatdır:

(a) Cinayət icraatında istifadə olunması üçün etirafların və ya məlumatların əldə olunması məqsədilə hüquq mühafizə və istintaq orqanlarının vəzifəli şəxsləri tərəfindən və ya onların təhriki, yaxud da razılığı ilə işgəncə və başqa qəddar, qeyri-insani, yaxud alçaldıcı rəftar və ya cəzaların tətbiqi praktikasına aid çoxlu, davam edən və eyni xarakterli ittihamlardan;

(b) Belə hərəkətlərin, adətən, məhbus fundamental təminatlardan, o cümlədən vəkilə müraciət etmək hüququndan məhrum edildiyi formal ittihamların irəli sürülməsindən əvvəl və həbs zamanı edilməsinə dair etibarlı hesabatlardan;

(c) Konvensiyanın pozulması barədə belə şikayətlərə aid çevik və qərəzsiz araşdırmaların keçirilməməsindən...

9. Komitə, həmçinin etibarlı hesabatlar alıb ki, xaricdə qaçqın statusunu almaq istəmiş və ölkəyə qaytarılmış bəzi şəxslər naməlum yerlərdə həbsdə saxlanılmış və ola bilsin ki, Konvensiyanın pozuntularına məruz qalmışlar...

11. Komitə narahat qalır ki, məlumat verilmiş inkişaflara baxmayaraq, həbsdə sui-istifadələr və ölümlər barədə bir çox məlumatlar var və onlardan bəziləri işgəncə və ya pis rəftarla müşayiət olunublar...”

61. “Qayıtmağa yer yoxdur: İşgəncə və pis rəftar Özbəkistanda” adlı 2007-ci il tarixli hesabatında Human Rights Watch aşağıdakıları təhlil edir:

“Davamlı döymələr məhbusları qorxuzmaq, onların iradəsini sındırmaq və etiraflar və ya ifadələr verməyə onları məcbur etmək üçün polis və təhlükəsizlik agentləri tərəfindən istifadə olunan ən geniş metoddur. Onlar çox vaxt məhbusları əlləri, yumruqları və ayaqları ilə döyməyə başlayır və adətən dəyənəklərdən, dolu su butılkalarındanvə müxtəlif başqa əşyalardan istifadə etməklə davam edirlər...

Bir neçə fərdi şəxslər məlumat veriblər ki, onlar ya elektrik şoklarla işgəncəyə məruz qalmışlar və ya digərlərinin işgəncəyə məruz qaldığına baxmağa məcbur ediliblər...

Bəzən polis və təhlükəsizlik əməkdaşları məhbusların boğulması məqsədilə qaz maskalarından və ya plastik çantalardan istifadə edirlər. Bəzən stula qandallanmış qurbanın başı üzərinə köhnə qaz maskasını geydirdikdən sonra oksigenin verilməsi kəsilir...”

62. İnsan Hüquqları Təcrübəsi barədə ABŞ Dövlət Departamentinin 2008-ci il tarixli Hesabatı Özbəkistanla bağlı aşağıdakı məlumatları nəzərdə tutur:

“Konstitusiya və qanunlar belə təcrübəni qadağan etsələr belə, etiraf və ya təqsirləndirici məlumatları əldə etmək məqsədilə hüquq mühafizə və təhlükəsizlik əməkdaşları, bir qayda olaraq, məhbusları döyür və ya başqa yolla onlarla pis rəftar edirlər. İşgəncə və sui-istifadə həbsxanalarda, istintaq təcridxanalarında və yerli polis və təhlükəsizlik xidməti bölmələrində adi haldır. Xəbərçilər məcburi psixiatrik müayinə daxil olmaqla, tibbi sui-istifadənin bir neçə halları barədə məlumat verirlər.

Human Rights Watch (HRW) və BMT-nin İşgənəcəyə qarşı Komitənin (CAT) 2007-ci il noyabr tarixli hesabatlarında belə nəticəyə gəlinir ki, işgəncə və sui-istifadə bütün istintaqın gedişində sistematik olur və 2003-cü ildə BMT-nin Xüsusi Məruzəçisi eyni nəticələrə gəldiyi vaxtdan sonra hər hansı inkişaf yoxdur. CAT hesabatında qeyd olunur ki, işgəncə anlayışının elementlərinə aid Cinayət Məcəlləsinin 235-ci maddəsinə dəyişikliyin edilməsinə baxmayaraq, pozuntulara görə cəza nadir hallarda baş verir və cinayətlərin ağırlığına uyğun gəlmir...”


Yüklə 190,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə