İnformasiya mədəniyyəti: mahiyyəti və formalaşdırılması problemləri



Yüklə 51,44 Kb.
tarix04.11.2017
ölçüsü51,44 Kb.
#8601


R.Əliquliyev, R.Mahmudova

AMEA İnformasiya Texnologiyaları İnstitutu
İnformasiya mədəniyyəti: mahiyyəti, formalaşdırılması problemləri

və həlli yolları.
Bəşəriyyət informasiyanın strateji resurs kimi qəbul olunduğu yeni sivilizasiya mərhələsinə qədəm qoyur. İnformasiya cəmiyyəti adlanan bu yeni mərhələdə insanların öz həyati ehtiyaclarını ödəmələri üçün tələb edilən şərtlər də əhəmiyyətli dərəcədə dəyişir. Bu yeni cəmiyyətdə insanların özlərinə layiqli yer tuta bilməsi üçün tələb edilən ən vacib şərtlərdən biri onların yüksək informasiya mədəniyyətinə malik olmalarıdır.

İnformasiyalaşdırma sahəsində aparıcı mütəxəssislərdən biri olan rus alimi E.L.Semenyuka görə, “informasiya mədəniyyəti – insan mədəniyyətinin informasiya komponentidir [1]. M.V.Makarovanının fikrincə, informasiya mədəniyyəti – informasiya ilə məqsədyönlü şəkildə işləmək, onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter informasiya texnologiyalarından, müasir texniki üsul və vasitələrdən istifadə etmək bacarığıdır. Başqa bir rus alimi V.A.Kaymin informasiya mədəniyyəti anlayışını kömpüterdə informasiyanın toplanması və emal olunmasının qanunlarını və üsullarını öyrənən informatika fənninin predmeti ilə əlaqələndirir. Amerika standartlarına görə isə, informasiyaya olan tələbatını müəyyən edərək onu axtarmaq, qiymətləndirmək və səmərəli şəkildə istifadə etmək qabiliyyəti olan şəxsi informasiya mədəniyyətinə malik insan hesab etmək olar.

İnformasiya mədəniyyəti insanın ümumi mədəniyyətinin bir hissəsidir. Eyni zamanda, ümumi mədəniyyətin digər komponentlərinin formalaşması müəyyən dərəcədə informasiya mədəniyyətinin səviyyəsindən asılı olduğunu söyləmək olar. Məsələn, insanın süfrə mədəniyyəti, ilk növbədə, onun süfrə, süfrədəki davranış qaydaları barədə təsəvvürlərinin hansı səviyyədə olması ilə bağlıdır. Bu təsəvvürlərin formalaşması isə insanın nə dərəcədə informasiyalı olmasından asılıdır. Yüksək informasiya mədəniyyəti insana istənilən növ informasiya ilə işləmək, həm gündəlik həyatında, həm də peşəkar fəaliyyətində bu informasiyadan səmərəli istifadə etmək imkanı verir. İnformasiya mədəniyyətinin tərkibinə aşağıdakılar daxildir:


  • informasiya tələbatını müəyyənləşdirmək bacarığı [2];

  • müxtəlif mənbələrdən informasiyanın axtarılıb tapılması;

  • informasiyaların arasından əsas və ikinci dərəcəli informasiyaların seçilməsi;

  • toplanmış informasiyanı strukturlaşdırmaq, sistemləşdirmək, ümumiləşdirmək və emal edərək yeni informasiya yaratmaq bacarığı;

  • informasiya ilə işləyərkən onun məxfiliyinin qorunması, tamlığının, əlyetərliliyinin təmin olunması, hüquqi və etik normalara əməl olunması;

  • əldə edilən informasiyadan öz fəaliyyətində istifadə etmək bacarığı;

  • informasiyanı aydın şəkildə təqdim etmək bacarığı;

  • informasiya ilə məqsədyönlü şəkildə işləmək üçün müasir informasiya texnologiyalarının imkanları barədə bilgilərə malik olmaq və ondan istifadə etmək.

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, informasiya mədəniyyəti – informasiya tələbatını müəyyənləşdirərək lazımi informasiyanın axtarılıb tapılması, qəbulu, saxlanması, emal olunması, təhlili, təqdim olunması üçün müasir informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığı, eyni zamanda informasiya ilə işləyərkən onun tamlığının, əlyetərliliyinin təmin edilməsi, məxfiliyinin qorunması, hüquqi və etik normalara əməl olunmasıdır.

İnformasiya mədəniyyəti kompüter əsrinin məhsulu deyil, insanın yaradılışından başlayaraq həmişə onu müşaiyət edib. Bəşəriyyət tarixinin ilk dövrlərində informasiya vasitələri çox sadə olduğu kimi, şəxsiyyətin informasiya mədəniyyətinin strukturu da çox bəsit idi.

Hamıya məlumdur ki, informasiyası daha çox olan insanlar həmişə ətrafdakılar üçün maraqlı olmuş, müxtəlif insanlar yeni bir informasiya almaq, nə isə öyrənmək üçün onun ətrafına toplaşmışlar. Əvvəllər informasiya mənbələrinin azlığı şəraitində, xüsusən də, elmi-mədəni mərkəzlərdən uzaqda, kəndlərdə yaşayan insanlar bir yerə toplaşaraq nağıllara, dastanlara qulaq asmışlar. Daha sonralar kitab nəşri informasiya qıtlığını müəyyən qədər aradan qaldırdı, lakin informasiya mənbələri az olduğundan insanlar əllərinə keçən kitabları bəzən dəfələrlə oxuyurdular, çünki informasiya aclığı mövcud idi. İnformasiyanın həcminin artım tempi və informasiyanın yeniləşməsi prosesi çox yavaş olduğundan, informasiya ilə işləyə bilmək çətinlik törətmirdi.

İnformasiya texnologiyaları inkişaf etdikcə informasiya mədəniyyətinə olan tələblər də dəyişməyə başladı. Bu baxımdan da, informasiya mədəniyyətinin inkişaf tendensiyasını sivilizasiya tarixində baş verən informasiya inqilabları kontekstində xarakterizə etmək olar:



1-ci mərhələ. Bu mərhələdə insanlar eşitdikləri informasiyanı şifahi şəkildə ötürürdülər. Burada görmə və eşitmə vasitəsilə əldə edilən informasiyanın düzgün qavranılması, analızi və təhrif edilmədən ötürülməsi informasiya mədəniyyətinin əsas göstəriciləri kimi çıxış edirdi.

2-ci mərhələ. Yazının meydana gəlməsi informasiya mədəniyyətinin tərkib hissələrinin nisbətən genişlənməsi ilə xarakterizə olunur. Bu mərhələdə informasiya müxtəlif lövhələr üzərində əlyazma formasında əks etdirilirdi. Həmin dövrdə heroqliflərin və hərflərin müxtəlif lövhələr üzərində əks etdirilməsi və oxunmasına dair yeni bilik, bacarıq və vərdişlər informasiya mədəniyyətinin yeni komponentlərinə çevrildi [3].

3-cü mərhələ. Kitab çapının ixtira olunması ilə əlaqədardır və informasiya mədəniyyətinin texnoloji komponentinin meydana gəlməsi ilə xarakterizə olunur.

4-cü mərhələ. İnformasiyanın ötürülməsi və saxlanması üzrə texniki vasitələrin təkmilləşdirilməsi nəticəsində informasiya mədəniyyətinin humanitar və texniki komponentlərinin inkişafı özünün növbəti mərhələsinə qədəm qoyur. Belə ki, elektrikin kəşfi informasiyanın toplanması, saxlanması və ötürülməsinin texniki vasitələrin (radio, televiziya, audio, video) köməyi ilə avtomatlaşdırılmasına imkan yaratdı.

5-ci mərhələ. Güclü informasiya vasitələri və daşıyıcılarının sonrakı inkişaf tarixi fərdi kompüterlərin ixtira edilməsi ilə bağlıdır. Bunun nəticəsində bəşəriyyətin inkişaf tarixi ərzində informasiyanın işlənməsi üzrə ən güclü və ən mükəmməl vasitə əldə edildi.

6-cı mərhələ. İnformasiya cəmiyyətinin yaranması ilə əlaqədardır. İnformasiyanın strateji resursa çevrildiyi informasiya cəmiyyətində hər bir insan özünüreallaşdırmanı uğurla həyata keçirmək üçün kifayət qədər informasiya mədəniyyəti səviyyəsinə malik olmalıdır.

Yeni texniki vasitələr, informasiya resursları insanların informasiya tələbatının ödənməsi baxımından geniş imkanlar yaratmaqla yanaşı, onların həyat tərzinə də təsir göstərir. Məsələn, hamıya məlumdur ki, mədəni istirahət, həmçinin informasiya əldə etmək üçün kitabxanalara, muzeylərə, kino və teatrlara, sərgilərə gedən insanların sayı xeyli azalıb. Bu, informasiya mənbələrinin və vasitələrinin – qəzet və jurnalların, televiziya və radio kanallarının, audio-video materialların, rəqəmli informasiya daşıyıcılarının, telefon, kompüter və İnternetin yaratdığı informasiya bolluğu ilə əlaqədardır. İnsanlar informasiyadan həddən çox “doyduqları” üçün informasiyanın az olduğu yerlərdə istirahət etməyə üstünlük verirlər.

Müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı yeni informasiya mühitində insanlar bir sıra problemlərlə qarşılaşır. Günbəgün artan müxtəlif informasiya axınlarının insanın və cəmiyyətin fəaliyyətində yaratdığı olduqca mürəkkəb problemlərdən biri də ondan ibarətdir ki, müasir informasiya-axtarış sistemlərinin təqdim etdiyi böyük həcmdə müxtəlif informasiyaları istifadəçilərin əksər hissəsi müstəqil şəkildə qavramaq iqtidarında deyil. Məlum olduğu kimi, əldə edilən informasiya massivləri artıqlıq yaradır və tərəddüdlərə səbəb olur. İnformativlik baxımından, dublikatları, həqiqiliyi və informasiyanın mötəbərliliyini müəyyən etmək lazım gəlir. Bu cür informasiya adekvat qərar qəbul etmək üçün yararlı olmur. İnformasiya bolluğunun yaratdığı belə problemlərin təhlili ilə yeni elm sahəsi olan informasiya ekologiyası məşğul olur. İnformasiya ekologiyasının predmeti insanın informasiya mühiti ilə qarşılıqlı əlaqəsinin öyrənilməsidir. Bu elm sahəsinin tədqiq etdiyi əsas problemlər aşağıdakılardır [4]:

- İnformasiya məkanının həddən çox yüklənməsi;

- Qərar qəbul etmək üçün yararlı olan informasiya resurslarının azlığı (çatışmazlığı);

- Etibarlı informasiyanın axtarışına çox vaxt sərf edilməsi;

İnformasiya ekologiyasının strateji məqsədi insana təsir göstərən informasiya axınlarının filtrasiyası vasitələrinin formalaşdırılmasıdır. Bu elm sahəsi qeyd edilən problemi aradan qaldırmaq üçün aşağıdakı məsələləri həll etməyə çalışır [5]:


  • informasiya mühitinin vəziyyətinin monitorinqi əsasında yeni informasiya texnologiyalarının insan fəaliyyətinin bütün sahələrinə tətbiqinin mümkün nəticələri haqqında proqnoz verilməsi;

  • informasiya cəmiyyətinin inkişafı gedişində meydana çıxan problemlərin aradan qaldırılmas üçün variantların işlənib hazırlanması;

  • insanın informasiya mühiti ilə qarşılıqlı əlaqəsinin müsbət və mənfi nəticələrinin aşkar edilməsi;

  • informasiya-ekoloji ekspertizanın keçirilməsi üzrə elmi-metodiki tövsiyyələrin hazırlanması, tətbiqi və s.

İnformasiya ekologiyası baxımından fasiləsiz təhsilə yüksək keyfiyyətli həyat tərzini təmin edən vacib şərt və ekoloji faktor kimi baxılır və prinsipial şəkildə yeni yanaşmaların işlənməsi nəzərdə tutulur. Belə ki, informasiya cəmiyyətində yaşamaq üçün peşəkar biliklərin yeniləşdirilməsi, ixtisaslarının daim təkmilləşdirilməsi lazım gəlir ki, bu da yalnız insanın yüksək informasiya mədəniyyətinə malik olması nəticəsində mümkündür. Bu isə o deməkdir ki, təhsil ekoloji faktora çevrilir.

Bundan başqa, informasiya mənbələrinin artması insanların davranışına, psixologiyasına, sağlamlığına zərər vurur. İnformasiya artıqlığı, informasiya ilə həddindən çox yüklənmə insanlarda stress vəziyyətinin yaranmasına gətirib çıxardır. Belə bir vəziyyətdə isə insan təfəkküründə “informasiya yorğunluğu sindromu” adlanan pozğunluq və xəstəlik yaranır [6].

Mütəxəssislərin fikrincə, İnternet istifadəçiləri, xüsusən də, zəif xarakterli insanlar arasında eskapizm (real həyatdakı problemlərdən və çətinliklərdən qaçaraq xəyallara qapılmaq) meylləri hiss olunur. İnsan real gerçəkliklə virtual məkan arasında qalır. Uzun müddət İnternetdə - informasiya labirintində ilişib qalmaq “İnternetdən asılılıq sindromu”nun yaranmasına gətirib çıxarır və bu öz hərəkətləri üzərində nəzarətin itirilməsi, vaxtın çox hissəsinin kompüter arxasında, İnternetdə keçirməklə xarakterizə olunur. Mütəxəssislər bu halı “kompüter narkomaniyası” və ya “İnternet- narkomaniya” adlandırırlar. Bunun psixoloji nəticəsi isə sosial izolyasiyaya (digər insanlarla ünsiyyətdən qismən və ya tamamilə imtina etmək, dostluq əlaqələrinin kəsilməsi, emosianal reaksiyaların zəifləməsi, maraq dairəsinin azalması və s.), iş yerinin itirilməsinə, ailədə ciddi problemlərin yaranmasına səbəb olur.

İnformasiyalaşdırmanın və informasiya stresinin simptomlarının mənfi sosial-psixoloji nəticələrini ilk dəfə tanınmış informasiya cəmiyyəti nəzəriyyəçisi E.Toffler öz əsərlərində (“The third wave” və “Future shok”) təsvir etmiş və əsaslandırmışdır.

E.Tofflerə görə, informasiyanın istehsalının və yayılmasının yüksək tempi insandan yeni uyğunlaşma səviyyəsi tələb edir ki, bu da hələ müasir insanın imkanları xaricindədir. İnsan və bütövlükdə, cəmiyyət etibarlı adaptasiya mexanizmlərinə, bu informasiya böhranından çıxmaq üçün səmərəli strategiyalara malik olmasa, onun xəstələnməsi qaçılmazdır. “Hədsiz stimulyasiyaya insan reaksiyasını” özündə əks etdirən bu xəstəliyi E.Toffler futurşok (future shock) adlandırırmışdır [7].

E.Toffler qeyd edirdi ki, yaranmış vəziyyətdə yeni yaşama strategiyalarının hazırlanması vacibdir. O, yeni strategiya dedikdə, informasiya mədəniyyətinin inkişaf etdirilməsini nəzərdə tuturdu.

Deməli, belə nəticəyə gəlmək olar ki, yalnız yüksək informasiya mədəniyyətinə malik olan insan informasiya bolluğu şəraitində düzgün orientasiya oluna, yuxarıda qeyd olunan neqativ hallardan sığortalana bilər.

İnformasiya ilə işləyərkən insanın özü eyni zamanda qəbuledən, yadda saxlayan, emal edən və ötürən rolunda çıxış edir. Lakin müxtəlif səbəblərə görə müəyyən insanlar bu funksiyaların hamısını yerinə yetirə bilmirlər. Yəni insanların müxtəlif hissiyyat və duyğu orqanlarında qüsurların olması, psixoloji amillər, eləcə də informasiyanın özünün xüsusiyyətlərinə dair tələblərin ödənməməsi ilə əlaqədar informasiya mədəniyyətinin normaları pozula bilər:

1. Əgər insanın görmə, eşitmə, iy bilmə, dad bilmə orqanlarında çatışmazlıqlar varsa, onda informasiyanın qəbulu zamanı müəyyən problemlər meydana çıxa bilər.

2. Əgər insanın dili qüsurludursa, aydın xətlə yazmaq qabiliyyəti yoxdursa, onda informasiyanın ötürülməsi zamanı problemlər yarana bilər.

3. Kifayət qədər savadı olmayan, məntiqi zəif olan, analitik qabiliyyəti olmayan insanlar informasiyanın emalı ilə əlaqədar problemlərlə üzləşə bilər. Məsələn, məntiqsiz və sistemsiz halda danışmaq, bildiklərini ətrafdakılara ardıcıllıqla çatdıra bilməmək bu cür problemlərdəndir.

4. Psixoloji xüsusiyyətlərin müxtəlifliyindən, eləcə də yaddaşın quruluşundan asılı olaraq insanlar informasiyanın qavranılması və yadda saxlanması ilə əlaqədar çətinliklərlə qarşılaşa bilərlər.

5. İnformasiyanın xüsusiyyətlərinə dair tələblərin (mötəbərlik, tamlıq, əlyetərlilik, yığcamlıq, dəqiqlik və s.) ödənməməsi də müəyyən problemlərin yaranmasına səbəb ola bilir.

6. İnformasiyanın ötürülməsi zamanı məxfiliyin qorunmaması da çox vaxt arzuolunmaz halların baş verməsinə gətirib çıxara bilər.

Keçmişdə bu problemlərin aradan qaldırılması mümkün deyildi. Amma müasir informasiya-kommunikasiya texnologiyaları yuxarıda göstərilən qüsurlarla əlaqədar meydana çıxan problemlərin aradan qaldırılmasına imkan verir. Başqa sözlə, müasir informasiya-kommunikasiya texnologiyaları insanlarda informasiya mədəniyyətinin formalaşdırılması problemlərinin həllində mühüm vasitə kimi çıxış edir.

Məsələn, məlumdur ki, insanların bir qismi informasiyanı eşitməklə, bir qismi oxumaqla, digər bir qismi isə görməklə daha yaxşı qavrayır və yadda saxlayır. Mətn, səs, musiqi, görüntü, şəkil, fotoqrafiya, klip kimi müxtəlif növ informasiyanı eyni zamanda təqdim etməyə imkan verən multimedia texnologiyalarının meydana gəlməsi informasiyanın qəbulu ilə əlaqədar yaranan problemləri aradan qaldırır.

İnformasiya bolluğu və insanın imkanlarının məhdudluğu OLAP, Textmining, Datamining kimi analitik informasiya texnologiyalarının yaranmasına gətirib çıxarmışdır. Bu texnologiyaların köməyi ilə böyük həcmdə informasiyanın təhlil edilməsi və qərar qəbul edən zaman meydana çıxan problemlərin həlli mümkündür.

İnformasiyaya qoyulan tələblərdən biri əlyetərliliyin təmin olunmasıdır. İnformasiyanın əlyetərlilik problemi həm də onunla xarakterizə olunur ki, informasiyanın əldə edilməsinə mümkün qədər az vaxt sərf olunmalıdır. Hər hansı növ informasiyanın harda yerləşdiyi haqda məlumatın olmaması və ya yaddan çıxması əlyetərliliyin pozulmasına gətirib çıxarır. Kompüterin imkanlarından istifadə edərək informasiyanın yığılması, sistemləşdirilməsi və saxlanması kimi bacarıq və vərdişlərə yiyələnməklə əlyetərliliyin təmin olunmasını yüksək səviyyədə həyata keçirmək mümkündür.

Müəyyən kateqoriyalara aid olan informasiyanın məxfiliyinin təmin olunması məsələsi də informasiya mədəniyyətinin normalarından biri kimi aktuallıq kəsb edir. Yəni, elə informasiya var ki, o yalnız müəyyən insanlara, yaxud müəyyən qurumlara aid olur və başqalarının bu informasiyanı bilməsi məqsədəuyğun sayılmır. Elektron informasiya daşıyıcılarının meydana gəlməsi bu məsələnin həllini xeyli asanlaşdırır. Belə ki, kompüterdə saxlanan və şəbəkələr vasitəsilə ötürülən informasiyanı şifrləməklə onun məxfiliyinin qorunmasını təmin etmək olar. Məsələn, e-poçtdan və İnternetin digər xidmətlərindən istifadə zamanı müəyyən tələblərə (parolun gizli saxlanması, proqramdan istifadə etdikdən sonra onun bağlanması və s.) düzgün əməl olunmaması nəticəsində informasiyanın məxfiliyi tələbi pozulur. Deməli, İnternet xidmətlərindən düzgün istifadə edilməsi də informasiya mədənyyətinin tələblərindən biri kimi qəbul edilməlidir.

İnformasiya mədəniyyətinin formalaşdırılması probleminə yanaşarkən qlobal informasiya cəmiyyətinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Gözlənilən bu cəmiyyətin başlıca xüsusiyyətlərindən biri də informasiyanın həcminin sürətlə artması ilə yanaşı, biliklərin tezliklə köhnəlməsidir. Tədqiqatçılar hesab edirlər ki, çıxış yolu yeni təhsil modellərinin işlənib hazırlanmasıdır, çünki ənənəvi təhsil sistemi informasiya cəmiyyətinin tələblərinə cavab vermir. Yəni, hər hansı şəxs 10 il orta məktəbdə, 5 il ali məktəbdə təhsil aldıqdan sonra məlum olur ki, artıq bu biliklər lazım deyil. Ona görə də bu gün informasiya cəmiyyətinin tələbi fasiləsiz təhsilə keçid, hər kəsə bütün ömrü boyu fasiləsiz təhsil alma imkanlarının yaradılmasıdır. Fasiləsiz təhsil almaq üçün isə ilk növbədə aşağıdakılar təmin olunmalıdır:



  • insanlarda müstəqil təhsil alma vərdişlərinin inkişaf etdirilməsi;

  • müxtəlif təhsil xidmətlərinin yaradılması;

  • təhsilin bütün pillələrində İKT-nin imkanlarından istifadə edilməsi;

  • yaşından, cinsindən, bilik səviyyəsindən, fiziki sağlamlığından asılı olmayaraq bütün insanların təhsil almaq hüququnun təmin edilməsi.

Fasiləsiz təhsil ideyasının həyata keçirməyə imkan verən yeni təhsil modelləri tədris prosesi iştirakçılarının, o cümlədən də müəllimlə təhsil alanın yüksək informasiya mədəniyyətinin formalaşdırılması zərurətini ortaya çıxarır. Həm də təhsilin fasiləsizliyi baxımından informasiya mədəniyyətinin formalaşdırılması da daimi proses olmalıdır.

Bu gün artıq dünyanın inkişaf etmiş ölkələrindəki müasir tendensiyalar onu deməyə əsas verir ki, XXI əsrdə insanların məişət və peşəkar fəaliyyət şəraiti keçən əsrin sonlarında bizim yaşadığımız və işlədiyimiz şəraitdən tamamilə fərqli olacaq. Bu fərqlilik, əsas etibarilə, yeni informatika vasitələri və informasiya texnologiyalarının güclü inkişafı, həmçinin iqtisadiyyat, elm, təhsil, siyasət və mədəniyyət də daxil olmaqla, cəmiyyət həyatının bütün sferalarına nüfuz etməsi ilə əlaqədardır. Ona görə də, yeni informasiya mühitində şəxsiyyətin həyat və fəaliyyətini tənzimləyən başlıca xüsusiyyət onun informasiya mədəniyyətidir [8].

Təhsilini başa vuran hər bir məzunun informasiya cəmiyyəti şəraitinə uyğun olaraq yaşaya və işləyə bilməsi üçün, onun artıq tədris prosesində yüksək informasiya mədəniyyətinə yiyələnməsi vacibdir. Bu mədəniyyətin formalaşdırılması isə təhsil sisteminin vəzifəsidir.

Əvvəllər savadlılığın minimum səviyyəsi yazmağı, oxumağı və saymağı bacarmaq hesab olunduğundan, məktəbdə şagirdlərə sərbəst mövzular üzrə inşa yazmaq, şəkil çəkmək, hansısa əsəri oxuyub danışmaq, hesab əməliyyatları aparmaq kimi vərdişlərin aşılanması informasiya mədəniyyətinin formalaşdırılması üçün kifayət idi. Kompüterlərin meydana gəlməsi ilə bunların sırasına yenisi əlavə olundu – kompüter savadlılığı. Çünki kompüter informasiyanın toplanması, təhlil edilməsi, sistemləşdirilməsi, emalı, yeni informasiyanın yaradılması və təqdim edilməsi üçün daha əlverişli vasitədir. Yeni kommunikasiya vasitəsi olan İnternetin yaranması və inkişafı ilə əlaqədar savadlılığı müəyyən edən göstəricilərin siyahısı daha da genişləndi [9]. İqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində geniş şəkildə tətbiq olunan İnternet, bu gün insanlara müxtəlif informasiya xidmətləri təklif edən global bir informasiya məkanına çevrilmişdir və bu məkanda sərbəst fəaliyyət göstərmək üçün insandan müəyyən bacarıqlar tələb olunur. Ona görə də, şagirdlərdə axtarış sistemlərindən istifadə edərək lazımi informasiyanı axtarıb tapmaq, təhlil etmək, ondan istifadə etmək, həmçinin İnternetdə hipermətn tipli sənədlər yaratmaq kimi yeni növ oxuma və yazma vərdişlərini inkişaf etdirmək lazımdır. İnsanlara kütləvi şəkildə bu vərdişlərin aşılanması üçün məktəb yaşlarından onlara Web-səhifələrin yaradılması texnologiyası, dizaynın əsasları, hipermətn sənədlərinin hazırlanması qaydalarının tədrisi zəruriyyəti ortaya çıxır.

Hazırda informasiya mədəniyyətinin formalaşdırılması məsələsi bütün dünya üçün aktualdır. Ona görə də bu məsələ müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

Belə ki, YUNESKO-nun təşəbbüsü ilə 2003-cü ildə “İnformasiya savadının artırılması” haqqında Praqa Bəyannaməsi qəbul olunmuşdur.

2005-ci ildə Tunisdə, qlobal informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş beynəlxalq sammitdə müzakirə edilən əsas problemlərdən biri də rəqəmsal fərqlilik, yaxud informasiya fərqliliyi olmuşdur. İnformasiya fərqliliyi probleminin mahiyyəti yalnız informasiya texnologiyaları ilə təminat və informasiyaya çıxış imkanları ilə məhdudlaşmır, eyni zamanda, şəxsiyyətin informasiya mədəniyyəti ilə sıx bağlıdır.

2006-cı ilin noyabrında Moskvada keçirilən “Şəxsiyyətin informasiya mədəniyyəti: informasiya cəmiyyətinin cağırışları” adlı beynəlxalq konfransda da müvafiq sahədə aktual və xüsusi əhəmiyyət kəsb edən problemlər müzakirə edilmişdir. Bu konfransda çıxış edən REA İnformatika Problemləri İnstitutunun professoru K.K.Kolinin fikrincə, informasiya mədəniyyəti ölkənin inkişafı, rəqabət qabiliyyəti və dünya ictimaiyyətindəki yeri naminə milli və ümumdünya informasiya resurslarından istifadə sahəsində cəmiyyətin imkanlarını müəyyən edir. Ona görə də, informasiya mədəniyyəti milli təhlükəsizliyi təmin edən vacib faktorlardan biri hesab olunmalıdır[10].

Biliklərə əsaslanan informasiya cəmiyyətində əhalinin bütün təbəqələri yüksək informasiya mədəniyyətinə malik olmalıdırlar ki, elmi-texniki tərəqqinin nailiyyətləri ilə yaxından tanış olsunlar və öz praktiki fəaliyyətlərində bundan istifadə edə bilsinlər. Bunları nəzərə alaraq, informasiya mədəniyyətinin formalaşdırılması problemləri bu gün artıq bir sıra ölkələrin pedaqoji ictimaiyyəti tərəfindən əsaslı şəkildə araşdırılır. Məsələn, Rusiyanın Kemerovo Dövlət İncəsənət və Mədəniyyət Universitetində xeyli müddətdir ki bu problem üzrə tədqiqatlar aparılır, bu tədqiqatların nəticəsində şəxsiyyətin informasiya mədəniyyətinin formalaşdırılması konsepsiyası təklif olunmuş, orta məktəbin 1-ci sinfindən başlayaraq təhsilin bütün pillələri üçün yeni, “Şəxsiyyətin informasiya mədəniyyətinin əsasları” tədris fənninin proqramları və tədris metodikası işlənib hazırlanmışdır. Hazırda yalnız Kemerovoda deyil? Rusiyanın bir sıra təhsil müəssisələrində “İnformasiya mədəniyyəti” fənni tədris olunur. Hesab edirik ki, bizdə də bu barədə düşünməyin vaxtı çatıb.

İnformasiya mədəniyyətinin formalaşdırılması zamanı həmçinin onun etik aspektlərinə diqqət yetirilməsi çox vacibdir. Qlobal informasiya məkanı insanlarda yeni davranış stereotiplərinin meydana çıxmasına səbəb olur. Bəzi insanlar, xüsusən də gənclər burada sərbəstlik və cəzasızlıq şəraiti hiss etdiklərindən özlərini başqalarının yanında təsdiq etmək üçün xakerlik etmək, müxtəlif virus proqramları yaratmaq həvəsinə düşürlər. Eyni zamanda, müxtəlif informasiya xidmətləri təklif edilməsi, məsələn, malların və xidmətlərin ödənişinin elektron formada aparılması, elektron poçtdan, verilənlər bazası və informasiya banklarından müstəqil istifadə və s. informasiya cinayətkarlığına şərait yaradır [11]. Həmçinin insanların, eləcə də müxtəlif qurumların fəaliyyəti cəmiyyət üçün daha şəffaf və açıq olur. Belə şəraitdə bəzi insanların bundan başqalarına zərər vermək məqsədilə istifadə etməsi təhlükəsi yaranır. Bu problemin həllinin heç bir texniki və hüquqi normalarla tənzimlənməsi mümkün olmadığından, burada ancaq etik normalar gözlənməlidir. Ona görə də, təhsil sistemi insanları kiçik yaşlarından başlayaraq informasiya cəmiyyətinə hazırlamalı – onlarda informasiya mədəniyyətini, informasiya etikasını formalaşdırmalıdır.





Yüklə 51,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə