www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Artıq “kimdi?” - deyib soruşmurdum. “Nə var, kirəəə?..” - deyib içəridən kirvəmə səslənən
kimi quzusundan yenicə ayrılmış mənzilimin bağçasındakı qoyunlar Həmdidən əvvəl cavab ve-
rirdi:
- Nə var, kirvəəəə?..
- Məəəəəə, məəəəəə…
O səslərin arasından Həmdi məqsədini bildirirdi:
- Qardaşıma tütün gətirdim,
al bunu çək, kirvə.
- Mən tütün çəkə bilmirəm, öskürdür, kirvə, sağ ol.
- Zəifin gətirmişəm, kirvə, al çək, öksürtməz, qurban.
***
- Nə var, kirvəəəəə?..
- Dünən
bir qoyunum öldü, kirvə.
- Canın sağ olsun, kirvə.
***
- Gümmm, gümmmm…
- Nə var, kirvəəə?
- Bizim it altı bala doğdu,
birini sənə gətirdim, qapında hürsün, kirvə…
- Yenə nə oldu, Həmdi?
- Dünən səhər tütün gətirdiyimə görə hirsləndinmi, kirvə?
- Hirslənmədim, Həmdi.
- Onda al bu tütünü də çək, kirvə, zəifin gətirmişəm.
***
Həmdi bir səhər yenə erkəndən gəldi. Qapını vurmamış açdım.
- Vayy! Erkən qalxmısan, kirvə, - dedi.
- Öyrəndim, kirvə, ver, - dedim.
Əlində təzə bişmiş bir neçə çörək vardı, mənə verdi.
- Axşam gəl, kirvə, səninlə danışacağam, - dedim.
- Yaxşı, atam, - dedi, məni öpdü, qoyunları haylayıb getdi.
Axşam kirvə gəldi. Uzun-uzadı izah etdim:
- Kirvə, qurban, daha mənə heç nə gətirmə, bir şeyə ehtiyacım olsa, mən özüm sənə söylə-
yərəm.
Ya da Bağdada deyərəm, o, məktəbə gələndə gətirər. Yaxşımı?
- Yaxşı, kirvə, - dedi. Həmdi ilə razılaşdıq, məni qucaqlayıb öpdü...
Çay içirdik. Kirvəmin gözü küncdəki cütkasetli maqnitofona sataşdı.
- Vayy! Kirvə, qurban, bu nədi? - dedi.
- Maqnitofondu, kirvə, kaseti qoyursan, oxuyur, - dedim.
- Vayyy! Necə oxuyur, kirvə, mənim maqnitofonum kimi?
- Bəli.
- Kirvə, bir oxut, qurban.
- Yaxşı.
Kaseti qoyub maqnitofonu işə saldım.
Kasetdən uzun, qəmli bir hava başladı.
- Oğlan, atam, - kirvə dedi, - bu kaset çox qəmliymiş, qardaş, bu kaseti mənə ver.
Kaseti təzə almışdım. Hələ bir-iki dəfə dinləmişdim, çox dinləmiş olsaydım, o saat verər-
dim.
“Bir neçə gündən sonra gəl, bir az dinləyim, sonra sənə verərəm,” desəm, Həmdi hər səhər,
“kaseti dinlədinmi, kirvə” deyə gələcəkdi. Onsuz da bu kaseti Həmdiyə verəcəkdim, amma o an
verməyə ürəyim gəlmədi. Həmdini qırmaq istəməsəm də vermədim.
Maqnitofonu bağladım, digər gözündəki kaseti çıxardıb Həmdiyə verdim.
Gec idi, kirvə kaseti alıb evinə yollandı. Gecə yarısıydı, yuxuya təzə getmişdim ki, mənzili-
min qapısı gürultu ilə döyüldü.
“Bahoo!”, dedim. Qapını çox vurmasın deyə yataqdan atılıb qaçdım.
- Kirvəəə! Aç qapını, qurban!
Gələn Həmdi idi, içəridən səsləndim.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Nə var, kirvəəəə?
- Kirvə, bu kaset
mənim evimdə qəmli oxumur, atam.
- Niyə qəmli oxumur, Həmdi? Oxuyar…
- Nə bilim, atam, “hoppa, hoppa, şinanay, şinanay” oxuyur, səs də o səs deyil, atam, bunu
bir qız oxuyur.
Güldüm, özümü zorla saxlayırdım.
- Gəl, kirvə, keç içəri, - dedim, kaseti əlindən aldım. O tərəf-bu tərəfinə baxdım.
Maqnitofona saldım. Həmdinin qəmli dediyi kaset digər gözdəydi. Həmin kasetin olduğu yeri
basdım. Uzun, yanıqlı bir hava başladı.
- Vayyy! - kirvəm dedi, gözləri güldü, - çox şükür, atam, pozulmayıb.
- Bax, qəmli oxuyur, qorxma, pozulmaz, - dedim.
- Oğlan, kirvə, burada qəmli oxuyur, bizim evə gedəndə başqa bir şey oxuyur, qardaş. Sov-
xa yerinimi bəyənmir? Bu
necə işdi, atam!
- Götür apar, daha qəmli oxuyacaq, kirvə.
- Sağ ol, qardaş.
Maqnitofonu bağladım. Həmdinin bir az əvvəl gətirdiyi kaseti çıxardıb təkrar ona verdim,
yola saldım.
Dan yeri söküləndə dəmir qapım döyüldü. Öyrəncəliydim. Heç nə soruşmadım. İçəridən
qışqırdım:
- Nə var, kirvəəə?
- Kirvə, kaset yenə qəmli oxumur. Neyniyək, kirvə?
Gülməkdən danışa bilmədim. Az sonra içəridən yüksək səslə qışqırdım:
- Mən evdə deyiləm, kirvəəə!
- Vayyy! Qardaş, bəs hardasan?
- Şahin müəllimgildəyəm.
Həmdi çaşdı:
- Allah, Allaaah! Kirvənin səsi gəlir, amma özü evdə yoxdu. Bu necə işdi, atam? Dayan bir
gedim Şahin müəllimgilə baxım, - deyə deyinərək getdi.
Şahin Türk dili müəllimi idi. Elektrik işlərindən də başı çıxırdı. Kəndlilərin bütün elektrik
işlərini o görürdi. Radio, televizor, kaset, maqnitofon - hamısını təmir edirdi. Ürəyi yumşaqdı,
kimsənin xətrinə dəyməzdi. Amma vaxtsız narahatlığı da heç xoşlamazdı. Kəndlilər həftə sonun-
da təmir üçün səhər tezdən gəlib Şahin müəllimi oyadardısa çox qızardı. Kəndlilər çəkindiklərinə
görə bəzən məni də özlərinə qoşar, Şahin müəllimgilə birlikdə gedərdik. Mən xahiş edərdim, sö-
zümü çevirməzdi, kəndlilərin hər işini yerinə yetirərdi. Şahin müəllim mənzilimin yaxınlığında
kərpic bir evdə qalırdı...
Həmdi pilləkənləri enib yola düzəldi. Pəncərədən arxasınca baxırdım. Kirvə döngəni dönüb
gözdən itdi.
Bir azdan Şahin müəllimin fəryadı səhər küləyinə qarışıb kəndin üzərinə yayıldı. Şapkası
düşmüş Həmdi kirvə pərişan halda qaçırdı. Arxasınca gecə köynəyində yataqdan qalxan Şahin
müəllim əlində odun parçası gəlirdi. Oduna hədəf olmamaq üçün mənzilimə yan alan kirvə karı-
xıb yaxınlıqdakı gölməçəyə düşdü. Qalxıb üstünü-başını təmizlədi.
Az sonra qapım yenidən vuruldu. Kirvəm qapının ağzında qaranəfəs olmuşdu. Qapını aç-
dım, heç nədən xəbərim yoxmuş kimi soruşdum:
- Nə oldu, kirvə?..
- Oğlan, kirvə, - dedi, - Şahin müəllimgildə yoxsan, atam, hardasan, düzünü de?..
Türkcədən çevirən: Eyvaz Zeynalov