İLĞimlarin virtual söz hicabi ön söZ



Yüklə 23,35 Kb.
tarix14.01.2018
ölçüsü23,35 Kb.
#20579

İLĞIMLARIN VİRTUAL SÖZ HİCABI
ÖN SÖZ


Aydın Talıbzadə
(“çərxi-fələk ölkəsi”nin romanı)

“Dədəm, görən sanır bəni adəm,

Yüz bin dolu xirqəsi var,

gəh bundan baxır, gəh ondan”.

Seyid Nizamoğlu
Bu roman xirqə-xirqədir. Xirqələrsə sanki tül pərdələrdir atılıb personajların üstünə. Çünki bu personajlar yalnız səhranın ilğım koordınatlarında mövcuddurlar. Bəli, bəli, onlar yaşamırlar, məhz mövcud-durlar, ilğımlarda mövcuddurlar. Və bu mövcudiyyətin öz missiyası var: başlanğıca dönmək…

Ay, döndün ha… Bəs fələyin çərxi nəmənə?

Kamal Abdulla “Sehrbazlar dərəsi” adlı təzə bir roman yazıb. Qutlu ol-sun! O gün mənə də verdi ki, oxuyum. Mən də oxudum. Özü də bircə günə. Amma ki, onun nə yazdığını mən bilmirəm. Heç bilə də bilmənəm. Və buna cəhd də göstərmirəm. Özümünsə nə oxuduğumu, güman edirəm ki, bilirəm. Hər halda bu, mənə belə gəlir. Odur ki, indi fikirləşirəm, söylədiklərim və söyləyəcəklərim Kamalın yazdığı romana aiddir, yoxsa mənim oxuduğuma? Elə isə onda bu əsərin müəllifi kim oldu: mən, yoxsa Kamal?

Nədir məqsudim ki, böylə düşünürəm? Məgər oxucu bir yaradıcı deyilmi? Hər bir əsəri “dirildən” və “yaşadan” oxucudur. Məsələ bu ki, Kamalın romanı da plastilin yumşaqlığında: təfəkkürün enerjisilə ona hansı məzmun və qayəni təlqin eləsən, həməncə götürəcək. Bir də ki, “Sehrbazlar dərəsi” yalnız öz təhkiyəsinə görə romandır, içisə teyxa spiritik seans.


Ona görə də romanın personajlarının bir üzü mediumdur, o biri üzü isə stalker. Və bu ruh əhli uzun-uzun bir səhradan keçib gedir, sonsuzluqdan gəlib sonsuzluğa gedir, gündüzləri, gecələri, göyün işığını tutub gedir, gedir, gedir, ilğımlar içrə virtuallaşır, Sehrbazlar dərəsində mistikləşir, girir “təkcənəlik vaxtı”na, qeybə çəkilir, sonra ye-nidən qayıdıb Qotazlı dəvənin yükü olur.
Kamal da bu romanı “təkcənəlik vaxtı”na vardığı məqamlarda yazıb. Ol
səbəbdən bu “vaxt”ın kosmosunda ölüb yaşamasan, romanı oxuya bilməzsən: çünki möcüzə var, sehr var. “Təkcənəlik vaxtı” ifadəsi Kamal Abdullanın yeni bir filoloji desantı. Və təkcə filoloji yox. Mən buna azəri türkcəsinin anlayışlar qatına çı-xarılmış fəlsəfi-kulturoloji desant deyərdim. Hərçənd bu “vaxt”ın kulturoloji şəcərəsi sufilərin vird nəticəsində düşdükləri mediativ halətdən, bayılmalardan gəlir. Romanda “təkcənəlik vaxtı” yalnız Sehrbazlar dərəsinin sakinlərinə məxsusdur. Bu sakinlərin hamısı dər-viş xislətli, yoq xislətli sehrbazlardır ki, gerçəklik və virtuallıq sərhədini asancana aşıb bir aləmdən o birisinə pənah apararlar. “Təkcənəlik vaxtı”nda çə-kılirsən xəlvətə, bir sən olursan, bir də yüyənsiz ruhun və ayrı heç nə. Dünya hər yerdən sovrulub yığılır içinə və sən zaman və məkandan çıxırsan.

Səma, merac insanın cismindən ötrü yox, ruhundan ötrüdür.

“Sehrbazlar dərəsi”ndə personajlar öz adlarını paltar əvəzinə geyinirlər.

Adı geyinmək heç ədəb deyil.

Kamal Abdullanın haqq aşiqləri üçün bu, əcəb deyil. Sufilər daim eşqdə bulunarlar ki, diri qalsınlar.

Odur ki, romanın qəhrəmanı nə Karvanbaşıdır, nə onun atası cəllad Məmmədquludur, nə də Xacə İbrahim ağa. Əsla.

Cəllad Məmmədqulu nəslinin son nümayəndəsini şahın qəzəbindən xilas edib özü ilə bərabər Sehrbazlar dərəsinə götürən Ağ dərvişin şəyirdi Hacı Mir Həsən ağa Səyyahdır romanın qəhrəmanı: içindəki enerjinin gücünə ruhlarla ünsiyyət qurub ruhları danışdırar. Doğrudanmı qəhrəmandır bu adam, yainki nakəsin biridir? Haradan bildim nakəs olduğunu? Romanda Ağ dərvişin fiquru mədəniyyət tarixi müstəvisində Ruhullahın, yəni İsa Məsihin dini-kulturoloji obrazı ilə baxışır. Hacı Mir Həsən ağa Səyyahsa Ağ dərvişin həvvarilərindən biri İudaya bənzəyir. Romanda bu Səyyah sehrbazın şəyirdlik günahı da həvvari İudanın günahı ilə identikdir: hər ikisi ustadının ölümünə vasitəçilik eləyib.

Hərçənd Ağ dərvişin konseptual portreti ara-sıra böyük Nəsiminin düşüncə cizgilərini də güzgüləməyə qabil… Hacı Mir Həsən ağa Səyyah: görəsən, bu zatın ölünün dirilməsinə inanan məlum personaja bir qohumluğu-filanı çatırmı?

Olanda nə olmuş olasıdı ki? Kamal Abdullanın qəhrəmanı ölülər səltənətindən ruh-ları medium kimi çağırıb dindirmir bəyəm? Əgər biz ruhlar aləminin həqiqətlərini qəbul ediriksə və əgər ruhların virtuallığına şübhə ilə ya-naşmırıqsa, o zaman ölülərin ruh şəklində dirilib qayıtması nə prob-lemdir ki? Elə isə onda biz niyə kefli İskəndərin atasını qınamışıq?
Şeşəbığ cəllad Məmmədqulu: Azərbaycan ədəbiyyatının obrazları sırasında dəmir adam; Pərnisəgilin həyətinə baxan balaca PƏNCƏRƏNİN önündə isə qəm karvanı. Deyir, nə nişangaha gəlir?

N.V.Qoqolun şineli, Mirzə Cəlilin şeşə bığları nəsr yuvası kimi. Məışət parametrlərində QƏM PƏNCƏRƏSİNİN post-postmodernist yozumu. Gərəkdir ki, cəllad Məmmədqulunun ruhunu çağırmaqdan ötrü göyün rəngi Səyyah sehrbaz istəyən kimi ola. Bu nə tövr rəngdir ki, onu heç kəs bilmir? Amma bu rəng həməncə İbrahimxəlil kimyagərin nuxulular qarşısında qoyduğu vələdüzna şərti salır adamın yadına.

Yəni qapılar taybatay açıq. Qırxca otaq. Ədəbi obrazların ipli kuklaları isə bu qırxca otağın tavanlarından asılı: hansını istəsən, götür oynat.

Oynamaqsa olmur: nədən ki, onların hamısı zavallı, hamısı yazıq.

Kamal Abdullanın romanı üst-üstə lay-lay çinlənib: hər lay bir məxfi mənanın müstəvisi; oxumağı bacarsan, həmin məna ilğımdan çıxıb səninki olacaq. Mən bu romanı oxuduqca görürdüm ki, Azərbaycan və dünya ədəbiyyatının ölüləri və diriləri Kamalın ilğım-ilğım yazdığı sözlər arasından bir-bir boylanıb cənabi-bəndənizə göz vururlar. Mən bu ədibləri, bu yazarları bir-bir tanıyıram, şəxsən və qiyabi. “Sehrbazlar dərəsi” klassik Şərq nağıl silsilələri üslubunda yazılıb: burada hekayət hekayətə calanır, şə-bəkə kimi bir-birinin içinə geydirilir, təhkiyənin ümumi ritmi və ahəngisə pozulmur, dəyişmir. Sonucda isə bütün bu hekayətlər gəlib “karma” deyilən bir anlayışın mənasına dirənir. Çünki çərxi-fələk ölkəsinin çənbəri qapalı.
Bir də axı neyləyəsən, TALE ÖZÜ GEDƏNİ APARIR, TƏRSLİK EDƏNİ SÜRÜKLƏYİR.

İstər belə de, istər elə, fərqi yoxdur: hər yolun axır dayanacağı ölümdür. Ondan o yanası isə bizim düşüncəmizdə min bir oyunlar quran ruhların səltənətidir.

“Elə bu sözlər fikrindən gəlib keçmişdi ki, sıldırımdan üzüaşağı iyirmi üç nəfər can-qəlb dostu əl-ələ tutmuş halda tullanıb özlərini boşluğun qaranlıq qəlbinə atdılar. İyirmi üç yelkən açıldı qaranlığın içində. Əvvəlcə üzüaşağı daş kimi düşmədilər, yox, əvvəlcə havada nizamlı durnalar kimi dövrələmə uçuşmağa başladılar. Bir xeyli beləcə əl-ələ verib uçuşandan sonra birdən şikar görən şahinlər kimi sürətlə şığıyıb dərənin təkinə üz aldılar. Heç birindən, iyirmi üç nəfərin heç birindən yerə dəydikləri zaman bir cınqırtı, bir səs eşidilmədi. Yerə dəyərkən yox, hələ havadaca ölüb qur-tarmışdılar. Ağ dərvişin iyirmi üç şəyirdi ustadlarının intiqamını beləcənə aldılar. Əslində iyirmi dörd olmalıydılar…”

İyirmi dördüncüsü Hacı Mir Həsən ağa Səyyah idi. Nuhullah həvvarilərinin sayı isə İuda ilə birgə on iki olub, yəni bütöv silsilənin yarısı qədər. Kamal Abdulla silsiləni öz romanında qapadıb tamamlamağa çalışır. Rəqəmlərin mistik qüdrətinə bir işarə, eyhamdırmı bu? Görünür. Niyəsini də mümkün ki, anlayıram. Kamal ruhsal bilginin kamillik mün-dəricəsinə varıb orada ərimək, batmaq, fəna olmaq istəyir. Çünki içinə hakim pak dərvişanəlikdən yaxa qurtara bilmir. Dünyanın çirkabı isə tükənmir ki, tükənmir.

Bir də çərxi-fələk qoyarmı heç silsilə tamamlana? Ona görə də iyirmi dörd şəyirddən biri satqındır. Və bu satqın yeni bir silsilə yaratmağa id-dıalı. İş bu ki, kütləvi intihardan sonra qutlu bilginin yeganə varisi yalnız o.

“Sehrbazlar dərəsi” romanı səhra ilğımlarının mozaikası. Tekstin özü də, diskursu da ilğımvari. Və bu ilğımlar arasından “göstərir hərdəm nıqabi-qeybdən rüxsar söz”: gerçəkliyinə and içə bilməzsən, virtuallığını da aydın görmək olmur. “Bir nigari-ənbərinxətdir” Kamalın romanı. Bu romanın düşüncə ilğımları-nın üzündə virtual söz hicabı, energetik çənbərində isə müəmma sevgisi, möcüzə vahiməsi və bir də ədəbi-kulturoloji oyunların sitat mündəricəsinə qarşı müəllifin post-postmodernist rişxəndi.



Romanın dili sufilərin virdi kimidir: təlqinlər səni ritmə salır və sehrə doğru aparır. Bu sehrin sonunda isə, pozitivindən, neqativindən asılı olmayaraq, ilğım-lar içində ruhun möcüzəsi dayanıb. Çərxi-fələk ölkəsində ilğımdan savayı ayrı nə mövcud ki? Bunun aldanışı ilə yaşamırıq bəyəm?
Yüklə 23,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə