Ii fəSİl hüquq: ÄnlayişI, normalari, sahəLƏRİ



Yüklə 94,23 Kb.
tarix20.09.2017
ölçüsü94,23 Kb.
#732

MÖVZU 1. HÜQUQUN ƏSAS ANLAYIŞI VƏ KATEQORİYALARI

P L A N


1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi.

2. Hüquq normaları.

3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar.

4. Hüquq sahələri, anlayışı və sistemi.

5. Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri.

6. Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri.

7. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri növləri
1. HÜQUQUN ANLAYIŞI. DÖVLƏT VƏ HÜQUQUN QARŞILIQLI ƏLAQƏSI
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.

Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.

Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir.

Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.

Hüquq ədəbiyyatlarına əsaslanaraq hüquqa aşağıdakı tərifi vermək olar:

Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.

Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir: a) obyektiv hüquq və ya obyektiv mənada hüquq;

Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;

b) subyektiv hüquq və ya subyektiv mənada hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).

Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.

Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:

1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.



  1. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.

  2. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.

Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir.

Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.



2. HÜQUQ NORMALARI

Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. «Norma» latın dilindən tərcümədə - qayda, nümunə mənasını verir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür.

Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün - 63 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 60 yaş və 20 il).

İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məsələn, ailə hüquq normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar.

Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini (sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət, işdənçıxarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.

Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir:



  1. kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza);

  2. bu icra nədən ibarət olmalıdır (dispozisiya);

  3. normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya).

Lakin heç də bütün normalar bu cür üç elementli struktura malik deyil.

İnsanların davranışını müəyyən edən hüquq normaları onların fəaliyyətini subyektiv hüquqların verilməsi ilə, yaxud üzərilərinə vəzifələrin qoyulması ilə tənzimləyir.

Ona görə də hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki, bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir.

Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir.

Daha vacib hüquq normaları qanunlarda təsbit olunur. Lakin qanunlarla yanaşı digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin qərarları və s.).

Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. O, qeyri-müəyyən sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər.

Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar. Normadakı göstərişin xüsusiyyətlərindən asılı olaraq hüquq normalarını aşağıdakı kimi təsnifləşdirmək olar:


  • səlahiyyətverici normalar (norma - icazələr, nəyi etmək olar). Məsələn, AR Konstitusiyasının 26-cı maddəsində müəyyən olunub ki, hər kəs qanunla qadağan edilməyən bütün vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir;

  • məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan Respublikası Konstitusiyasının IV fəsli belə normaları təsbit etmişdir.

  • qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Normadakı göstərişin müəyyənlik dərəcəsinə görə hüquq normalarının iki növü fərqləndirilir:

  1. Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə tutan üçüncü fəslində təsbit olunmuş maddələrdə müəyyən olunan hüquq normaları.

  2. İmperativ normalar (belə normalarda vahid davranış qaydası müəyyən olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir). Məsələn, qadağanedici xarakterli bütün normalar (Azərbaycan Respublikası Konstitusiyasının 6-cı, 155-ci maddələri), habelə məcburedici normaların əksəriyyəti (Azərbaycan Respublikası Konstitusiyasının dördüncü fəslində nəzərdə tutulan normalar).

Hüquq normalarının digər meyarlara görə də təsnifatı aparıla bilər.
3. HÜQUQUN MƏNBƏLƏRI. QANUN VƏ QANUN QÜVVƏLI AKTLAR

Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır.

Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.

Belə orqanlara məsələn, – Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.

Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Məsələn, prezidentin müxtəlif fəxri adların konkret elm, incəsənət xadimlərinə və başqalarına verilməsi haqqındakı sərəncamları hüququn mənbəyi hesab olunmur, baxmayaraq ki, onun dövlət-hüquq xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə ki, onlarda ümumi qaydalar, yəni hüquq normaları yoxdur. Belə fərdi, konkret məsələləri müəyyən edən aktlar fərdi aktlar adlanır. Onlar öz səlahiyyətləri daxilində bütün dövlət orqanları tərəfindən verilir (məsələn, hakimiyyətin müvafiq strukturu vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul edir), lakin bunlar hüquq mənbəyi ola bilməzlər.

Bu hüquq mənbələri məsələsinə bir yanaşmadır. Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir.

Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn, ticarət məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır.

Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Bəzi ölkələrdə hüquq mənbəyi kimi dini müddəalar və baxışlar əsas götürülür. Məsələn, müsəlman hüququ (fiqh) islam dininin tərkib hissəsini təşkil edir. Müsəlman hüququnun əsasında Allahın öz rəsulu və peyğəmbərlərin axırıncısı olan Məhəmmədə müraciətlə dediyi sözlərdən ibarət olan müqəddəs Quran və Məhəmməd peyğəmbərin dedikləri və hərəkətlərinə və s. aid olan ənənəvi qaydaların toplusu olan sünnə durur.

Azərbaycan Respublikasında hüququn mənbələrini normativ hüquqi aktlar təşkil edir.

1. Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar Azərbaycan Respublikasının parlamenti - Milli Məclis tərəfindən Konstitusiyaya uyğun olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən - referendum (ümümxalq səsverməsi) yolu ilə də qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası - dövlətin ali qanunu 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.

Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür:


  1. Azərbaycan Respublikasının Konstitusiyası (Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan Konstitusiya qanunları Konstitusiyanın tərkib hissəsi hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi qüvvəsinə bərabər tutulduğuna görə ayrıca qanunlar kateqoriyası kimi qanunvericilik sisteminə daxil edilməmişdir);

  2. referendum yolu ilə qəbul olunmuş qanunlar;

  3. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsində və 95-ci maddəsinin ЫЫ hissəsində nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.

2. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları mühüm yer tutur. Hüquq mənbəyi - prezidentin o fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri nizamlamağa xidmət edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qanunvericilik sisteminin tərkib hissəsi hesab edilməsi və hüququn mənbəyini təşkil etməsi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı və Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsini təşkil edən beynəlxalq hüquqi aktlarla Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvə baxımından qarşılıqlı əlaqəsi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq olaraq 12-ci və 151-ci maddələrində müəyyən olunur.


4. HÜQUQ SAHƏLƏRI, ANLAYIŞI VƏ SISTEMI

Hüquq sistemi böyük tərkib hissələrinə - hüquq sahələrinə bölünür. Bu bölgünün əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır ki, bu da hüquqi nizamlanmanın predmetini təşkil edir. Hüquq sahələrini təşkil edən hüquq normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar.

İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.) nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq hüquq sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir.

Hüquq sahəsi - cəmiyyət həyatının müəyyən sahələrində mövcud olan və xaraktercə bir-birinə yaxın, həmcins olan ictimai münasibətləri nizamlayan, bir-birilə qarşılıqlı əlaqədə olan normaların məcmusudur.

Beləliklə, hüquq sahələrini hər şeydən əvvəl öz nizamasalma predmetinə görə fərqləndirirlər.

Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni ictimai münasibətlərin müəyyən növünün özünəməxsusluğu var ki, bu da öz növbəsində bu münasibətlərin hüquqi xüsusiyyətlərini təyin edir.Ona görə də hüququn sahələr üzrə bölüşdürülməsi üçün hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir.

Hüquqi nizamlanma metodu - elə üsul və vasitələrin məcmusudur ki, bunların vasitəsilə hüquq ictimai münasibətlərə təsir edir. Məsələn, mülkiyyət əlaqələrinin iştirakçıları - bu bir-birindən asılı olmayan öz əmlaklarından sərbəst istifadə etməyə malik olan şəxslərdir. Onlar aralarındakı münasibətləri razılaşdırmaq və müəyyənləşdirmək imkanı əldə etmək üçün öz aralarında müqavilə bağlayırlar. Onların arasındakı mübahisələrə məhkəmələr baxır.

Dövlət idarəetmə sahəsində meydana gələn münasibətlər başqa nizamasalma metodu tələb edir, belə ki, bu sahədə tərəflərin bərabərliyi yoxdur; burada əlaqələr tabeçilik əsasında qurulur. Hakimiyyət səlahiyyəti hüquq norması vasitəsilə münasibət tərəflərindən birinə şamil edilir.

Beləliklə, əgər hüquqi nizamasalma predmeti bu hüquq sahəsinin təsir etdiyi ictimai münasibətlər sferasını aşkar etməyə imkan verirsə, hüquq nizamasalma metodu təsiretmə, tənzimləmə vasitəsi kimi çıxış edir ki, bu da həmçinin (predmetlə yanaşı), bu hüquq sahəsini xarakterizə edir.

Hüquq sistemi özündə aşağıdakı əsas sahələri birləşdirir: konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s.

Hüquq sistemində aparıcı yeri konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır ki, konstitusiya hüquq normalarında elə ilkin başlanğıclar təşəkkül tapır ki, onlar başqa hüquq sahələrinin əsasını təşkil edir.

Azərbaycanın Konstitusiya hüquq normalarının əksər hissəsi Azərbaycan Respublikası Konstitusiyasında, habelə, digər qanunvericilik aktlarında (məsələn, vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur.

Konstitusiya hüquq normaları konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi vəziyyətini, dövlət hakimiyyəti və yerli özünüidarə sistemini, Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri təsbit edir.

Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik və idarə, idarəetmənin yerli orqanları) təşəkkül tapan idarəçilik münasibətlərini nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir.

Maliyyə hüququ dövlətin maliyyə prosesi və büdcə fəaliyyətində, bankların və digər maliyyə idarələrinin fəaliyyətində meydana gələn münasibətləri nizamlayır.

Aqrar hüququ təşkil edən hüquq normalar sistemi torpaqdan istifadə ilə bağlı münasibətləri nizamlayır (torpaqdan səmərəli istifadə, torpaq üzərində mülkiyyət hüququnun qorunması və s.).

Mülki hüquq - əmlak münasibətlərini, bəzi şəxsi qeyri-əmlak münasibətlərini (məsələn, ad hüququ, müəlliflik hüququ və s.) nizamlayan hüquq sahəsidir. Onun mühüm hissəsini mülkiyyət münasibətləri, vərəsəlik münasibətləri və s. təşkil edir.

Mülki hüquqla ailə hüququ da yaxın hüquq sahələri hesab olunur, hansı ki, o da əmlak və qeyri-əmlak münasibətlərini yalnız xüsusi sahədə - ailə-nikah münasibətləri sahəsində tənzimləyir.

Əmək hüququ əmək münasibətlərinin meydana gəlməsi, dəyişməsi və xitamı şərtlərini müəyyən edir, iş vaxtını və istirahət vaxtının müddətini təyin edir, əmək intizamı, əməyin mühafizəsi məsələlərini və s. nizamlayır.

Cinayət hüquq normalarının köməyi ilə dövlət hansı ictimai-təhlükəli əməlin cinayət kimi tövsif olunduğu və bu əmələ görə hansı cəzanın təyin olunmasını müəyyən edir. Cinayət hüquq normaları cinayət məcəlləsində konkretləşdirilmişdir.

Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə ifadə etdirməklə maddi hüquq sahələri adlandırılır, bununla belə hüquq elmində prosessual hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət prosessual hüququ aid etmək olar.

Mülki prosessual hüquq normaları məhkəmələrin mülki, ailə, əmək, aqrar, maliyyə münasibətləri və s. sahələrdə meydana gələn mübahisələrə baxması ilə əlaqədar fəaliyyəti nizamlayır.

Cinayət - prosessual hüququ cinayət işlərinin təhqiqatı, ibtidai istintaqı və onlara məhkəmədə baxılması ilə əlaqədar hüquq-mühafizə, istintaq, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyir.

5. HÜQUQ MÜNASIBƏTLƏRI: ANLAYIŞI, XÜSUSIYYƏTLƏRI VƏ SUBYEKTLƏRI

Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur.

Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir.

Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur. Məsələn, hər bir tələbə ilə ali məktəb arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə, öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər əldə etmək üçün şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir.

Hüquq elmində «hüquq münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki, onun da elementləri aşağıdakılardır:


  1. hüquq subyekti;

  2. hüquq münasibətlərinin məzmunu;

  3. hüquq münasibətlərinin obyekti;

Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil edir.

Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu - hüquq münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir.

Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir.

Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan meydana gəlir; fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddinə çatdıqdan sonra əmələ gəlir. Fəaliyyət qabiliyyəti insanların psixi fəaliyyəti ilə də bağlıdır. Bunun üçün psixi cəhətdən sağlam olmaq zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır.

Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə 14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir misal: ayrı-ayrı istisna hallarda nikah yaşı kişilər üçün 18 yaşdan 17 yaşa endirilə bilər. Azərbaycan Respublikasında ailə və nikah məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər.

Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır.

Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar - hadisə və hərəkətlərdir.

Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar: hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir. Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət hüquqpozmaları və s.).

6. HÜQUQ POZUNTUSUNUN ANLAYIŞI, TƏRKIBI VƏ NÖVLƏRI
Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.

Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır:

Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir.

İkincisi, hüquq pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz hərəkətlərinə hesabat vermək, öz davranışına rəhbərlik etmək qabiliyyəti vardır. Beləliklə, hüquq pozuntusu ağılla hərəkət etməyə qadir olan insanın iradəsinin ifadəsi kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi cəhətdən anlaqsız olan şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu hesab olunmur. Azyaşlıların törətdiyi qanunvericilikdə nəzərdə tutulmuş ictimai təhlükəli əmələ görə müvafiq tərbiyəni və nəzarəti həyata keçirməməkdə təqsirkar olan şəxs cavab verməlidir.

Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Müəyyən yaş həddinə çatmış, anlaqlı şəxsin yalnız o ictimai-təhlükəli, hüquqazidd əməli hüquq pozuntusu hesab oluna bilər ki, bu əməl şəxsin təqsiri ucbatından baş vermiş olsun. Beləliklə, hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir.

Yuxarıda ifadə olunanları nəzərə alaraq hüquq pozuntusuna belə bir tərif vermək olar: hüquq pozuntusu dedikdə - şəxsin ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür.

Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və hərəkətsizlik (məsələn, vəzifəli şəxsin şüurlu surətdə məhkəmənin qərarını, hökmünü, qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər.

Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir.

Hüquq pozuntusunun tərkibinə daxildir:


  1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri).

  2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir.

  3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər.

  4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir.

Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür.



Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o cəmiyyətin mövcud olmaq şərtlərinin özünə, vətəndaşların əsas hüquq və azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd əməllər cinayət hesab olunmur. Belə ictimai təhlükəli əməllər başqa növ hüquq pozuntularına aiddir.

Xətalar - hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi sanksiyaların xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur.

İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır (küçə hərəkəti qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, sanitar qaydalarının və s. pozulması).

İntizam xətaları - əmək, xidməti, yaxud təhsil intizamına qəsd edən hüquq pozuntusudur.

Mülki hüquq pozuntuları (xətalar) öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının vurulması (delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir.




7. HÜQUQI MƏSULIYYƏTIN ANLAYIŞI, ƏSAS ƏLAMƏTLƏRI VƏ NÖVLƏRI

Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.

Hüquqi məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.

Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir.

İkincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq pozuntusuna qarşı cinayət (məsələn, azadlıqdan məhrumetmə) cəzası, inzibati cərimə, inzibati tənbeh tətbiq edilə bilər.

Beləliklə, hüquqi məsuliyyət dövlət məcburiyyəti xarakteri daşıyır. Dövlət məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir.

Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun arzuolunmaz nəticəsi, məhrumetmə vasitəsidir. Sanksiya səlahiyyətli dövlət orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir.

Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquq-pozmaların başqa növləri isə - müvafiq olaraq inzibati, intizam və mülki-hüquq məsuliyyəti əmələ gətirir. Son dövr hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir.



  1. Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o şəxs cəlb olunur ki, o konkret cinayət törətmiş olsun və ya cinayətin törədilməsində iştirakçı olsun. Cinayət məsuliyyətinə cəlbetmə səlahiyyəti olan yeganə dövlət orqanı məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir.

  2. Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu törətməsidir.İnzibati məsuliyyət səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) tətbiqində ifadə olunur.

  1. İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir. İntizam xətaları məzəmmət, töhmət, şiddətli töhmət, işdən azadetmə və s. kimi sanksiyaların verilməsinə gətirir.

  2. Mülki-hüquqi məsuliyyət mülkiyyət, əmlak xarakteri daşıyır. Belə ki, mülki-hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki, məqsədi - pozulmuş mülkiyyət hüququnun bərpasıdır. Mülkiyyətin ölçüsü, adətən vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir.



Yüklə 94,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə