I. Assimilyasiya modeli



Yüklə 16,35 Kb.
tarix09.06.2022
ölçüsü16,35 Kb.
#89191
Sual34


I.Assimilyasiya modeli. XX əsrdə formalaşmış etnik və siyasi münasibətlər sistemində milli dövlətlərin siyasi birliyinə xidmət edən ən geniş yayılmış üsullardan biri assimilyasiya üsuludur. Assimilyasiya üsulu dominant mədəniyyət və əsas etnik birlik (titul millət) tərəfindən etnik azlıqların, qrupların və mədəni birliklərin mənimsənilməsini nəzərdə tutur.
Sosiologiyada və yaxud etnoqrafiyada assimilyasiya sosiumun bir qisminin öz etnik, mədəni, dini və başqa tip özəlliklərini itirməsi və onu sosiumun digər bir qismindən (adətən etnik-siyasi cəhətdən daha güclü qismindən) əxz etdiyi elementlərlə əvəz etməsi kimi izah olunur. Bəzən bu fenomeni etnosun əvvəllər dil, din və mədəniyyət baxımından başqa birliyi təmsil edən fərqli qrupunun özünüdərk prosesində etnik-mədəni sıçrayışı kimi də qiymətləndirirlər. Lakin assimilyasiya situasiyadan asılı olaraq, könüllü, eləcə də məcburi ola bilər. Könüllü assimilyasiya azsaylı etnosların mədəni cəhətdən daha yüksək təşəkküllü etnoslara meylliliyi, millətlərarası və konfessiyalararası nikahlar və digər formalarda ifadə olunur. Məcburi assimilyasiya zamanı isə superetnos hərbi anneksiya, azsaylı etnosun bir hissəsini soyqırıma məruz qoymaq, köçürmə, etnik mədəniyyətlərin, linqvistik özəlliklərin sıxışdırılmasına istiqamətlənmiş qanunvericilik aktları və digər zorakı üsullar vasitəsi ilə etnik obyektin spesifik obrazını öz maraqlarına uyğun şəkildə dəyişməyə çalışır.
XX əsrdə assimilyasiyanın ən geniş yayılmış təzahürlərindən biri Afrika, Asiya və Latın Amerikası ölkələrindən, həmçinin keçmiş SSRİ məkanından Avropaya və Şimali Amerikaya köçüb gəlmiş miqrantların yeni mühitə uyğunlaşdırılması ilə bağlı ümumi tədbirlər sistemi idi. Belə mürəkkəb prosedurlar nəticəsində miqrantlar tamamilə yeni bir məkana inteqrasiya olunur, çox vaxt öz etnik kimliklərini və mədəni ənənələrini tamamilə unudurdular.
İmmiqrantların yeni mühita assimilyasiya olunmasının dörd əsas göstəricisi vurğulanır: 1. Yeni mühitdə vacib sosial-iqtisadi statusun əldə olunmasına güclü meyllərin olması. 2. Mentalitetə və düşüncə tərzinə radikal şəkildə təsir göstərən yeni coğrafi mühit. 3. Yeni məkanda əsas ünsiyyət vasitəsi olan dilin yüksək səviyyədə mənimsənilməsi. 4. Qarışıq nikahlar.
Görkəmli ABŞ sosioloqlori (Uilyam Klark va b.) iddia edirlər ki, immiqrantların assimilyasiya olunması “Amerika cəmiyyətinin sosial dinamikasının ölkəyə yeni gələnlər tərəfindən dərk olunması aktıdır. O, böyük etnosla kiçik qrupların arasında bədahətən və konkret məramlar olmadan baş verir”.
Məlum olduğu kimi XX əsr kütləvi immiqrasiya erası kimi yadda qalmışdır. XIX əsrin sonunda, xüsusilə də XX əsin əvvəllərində, təkcə ABŞ-a dünyanın müxtəlif regionlarından və ölkələrindən 25 milyondan artıq miqrant gəlmişdi. Bu proses XX əsrin sonrakı dövrlərində də eyni dinamika ilə davam etmişdi. Soyuq müharibə dövründə (XX əsrin 50-80 ci illəri), təkcə 1 milyondan artıq yəhudi Avropaya, ABŞ-a (400 min). Kanadaya (30 min), Almaniyaya (130 min) mühacirət etmişdi.
Bu gün mono-mədəni millət, dövlət-millət kimi fransızların həyata keçirdikləri etnik siyasəti assimilyasiya modelinin parlaq nümunəsi hesab etmək olar. Qeyd etmək lazımdır ki, Böyük Fransa İnqilabından (14 iyul) 1789-9 noyabr 1799) sonra, Fransa dövləti bu günə qədər düşünülmüş və məqsədyönlü şəkildə mədəni universallaşdırma siyasəti həyata keçirir, etnik və dil müxtəlifliyini aradan tam qaldırmağa, dünyəvi və vətəndaş respublikası qurmağa çalışır.
Yüklə 16,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə