49
tutulanlar gizli həyat sürməyə imkan verir, yalanı inandırıcı formada danışırlar...
Qarşısındakı adamın qəlbini ələ almaq üçün özlərini məsum göstərir, min bir dona
girməyi bacarır, qəribə fikirlər söyləyir, qeyri-adi hərəkətlər edirlər.
*****
O gündən Fidan hər gün narkoloji dispanserə baş çəkirdi, bəzən qəbul etdiyi
dərmanların təsirindən ayılmayan Röyalın çarpayısının yanında saatlarla oturur,
onun sağalacağına böyük ümidlər bəsləyir, xoşbəxt olacağı günü səbirsizliklə
gözləyirdi. Müalicə xərclərini çətinliklə ödəyirdi, Röyalın anasının imkanı sıfıra
bərabər idi, aylıq az məvacibiylə yalnız keçmiş borclarını ödəyirdi.
Anasının bağışladığı qədim, yadigar üzükdən savayı üst-başında qiymətli
zinət əşyaları nə varsa, hamısını dəyər-dəyməzinə satıb, Röyalın müalicəsinə
xərclədi.
Yaşadığı binanın qonşuluğundakı həyət evlərinin birində hamamçı Roza
adında bir qadın sələməyə borc verir, ortada dəllallıq edir, adamlardan qiymətli
əşyalar alıb girov saxlayırdı. Cavan yaşlarında qadın hamamında müdir işləyən bu
ətli-əndamlı ortayaş arvad Fidanın gözəlliyinin heyranı idi. Ağır xəstəsi olduğunu
biləndə ondan verdiyi borca görə girov qoymasını tələb etmədi. Roza arvad hər
dəfə Fidanı görəndə ona təzə ov kimi baxırdı.
Röyal da yavaş-yavaş özünə gəlməyə başlayırdı. Fidanın fədakarlığını görüb
ona dönə-dönə dəlilər kimi aşiq olduğuna, zəhmətini yerə vurmayacağına and
içirdi.
Fidan daha ağlına gətirmirdi ki, Röyal bir də narkotikadan istifadə edə bilər.
Bu əziyyətləri görən adamın bir də öz canına qəsd edəcəyinə kim inanardı?
Bir dəfə xəstəxanadan evə dönəndə gördü ki, qapının ağzında bir nəfər kişi
dayanıb. Liftdən çıxan kimi həmin adam onu səslədi:
-
Fidan xanım, sənsən qızım?
-
Bəli, mənəm.
- Bunları Mehman qədeş göndərib-deyə o, qapının ağzına qoyduğu sellafon
torbaları göstərdi,-paydı, bağ sovqatı, bir də xırda-para bazarlıq.
50
Fidan ev sahibinin bu xeyirxahlığına mat qalmışdı. Təşəkkür etməyə söz
tapa bilmirdi.
- Mən həm sürücüsüyəm, həm də bağında bağbanlıq edirəm, Mehman qədeş
dedi ki, boşanmaq üçün şəxsiyyət vəsiqən lazımdı. Məşhur vəkil dostunun
dediyinə görə Əfqan dələduzluğuna görə axtarışdadı. Ona görə orda-bura gün
keçirir, ortada görünmək, gözə dəymək istəmir, tutulmaqdan qorxur.
Fidan çantasından vəsiqəsini çıxarıb ona verdi.
- Bəs Mehman usta özü hardadı?-deə Fidan qapını aça-aça xəbər aldı.
Kişiyə ərzaq dolu torbaları içəri daşımağa kömək etdi.
-
Bir az naxoşdu, qızım.
-
Allah şəfasın versin!
- Sağ ol qızım, hamısı o həbsxana xarabanın zibilidi, dərd canından çıxmır
ki, dəfələrlə xaricdə müalicə olunub.
Fidan kişinin sadə, həm də söhbətcil adam olduğunu görüb maraqlandı:
- Mehman usta bəyəm həbsdə olub?
- Hə, nə az, nə çox, düz on iki il. Mən isə qoy gedim.
- Bir az oturun, bu istidə əziyyət çəkib bunları gətiribsiz, nəfəsinizi dərin,
mən bu dəqiqə sizə çaydan-sudan bir şey verim.
- Sərin su olsa, içərəm.
Fidan sərin su gətirib nəvazişlə yer göstərdi. Ədəb qaydalarına uyğun özü də
gəlib üzbəüz oturdu.
- Mən onu bircə dəfə görmüşəm, üz-gözündən ağayanalıq, nur yağan,
zahirən sağlam görünən bu insanın da demə dərdi-səri varmış... Maraqlıdı, əmi
mənə onun haqqında daha nə danışa bilərsiniz?
- Eh, ay qızım, bu fani dünyada dərdsiz adammı var? Mehman qədeşi bir
yox, yüz dəfə görsən də dərd-sərini danışan döyül, onu çoxdan tanıyıram, qızıl
kimi əlləriylə ad-san çıxarmışdı, maşının səsinə qulaq asıb, hansı hissəsinin xarab
olduğunu o saat deyərdi, sonra balaca “baron” ləqəbli biriylə şərikli avtoservis
açdı, ustalara ustad oldu... Dost-tanış yanında yaxşı xətir-hörmət qazanmışdı.
Toyuna kimlər gəlmədi...
51
Bir gen şəriki işdən sonra onu öz bağına dəvət edir. Deyir, arvad-uşağı
göndərmişəm istirahətə, evdə tək qalıb darıxıram, o vaxt qədeşin iyirmi yeddi,
baronun qırxdan çox yaşı varmış. Cavanlıqda hamının səhvi olur, qızım, elə
səhvlər var, adama ömrü boyu peşmançılıq gətirir, ustanın səhvinə isə günah da
demək olmur, düz iş də... Uzun sözün qısası, “baron” deyir,usta, sənə çoxdandı
yaxşı qonaqlıq vermək istəyirdim, əlimə göydən düşmüsən, gəlsənə əməlli-başlı
kef eləyək, dəniz sahilində yaxşı bir sauna tanıyıram, zəng edib iki yeyib-içən
gözəl canan da çağırarıq məclisimizə. Özümüzü əməlli-başlı masaj etdirərik. Usta
da evinə zəng edib o gecə şəhərdən kənarda olduğunu, evə gəlməyəcəyini bildirir.
Bağışla qızım, atan, bəlkə də baban yaşında kişiyəm, abırsızlıq olmasın, amma
özün bilmək istədin, mən də...
- Buyurun, əmican, danışın, heç narahat olmayın!
- Narahatçılıqdan keçib, qızım, belə şeylər təkcə kinolarda olmur, baronun
“canan” dediyi rəfiqələr gülə-gülə gəlib çıxırlar. Bu zaman çox gözlənilməz,
dəhşətli hadisə baş verir, cavan, gözəl, vur-tut beş-altı ayın gəlini olan həyat
yoldaşını yarımsərxoş halda görən ustanın cin vurur təpəsinə. Elə ordaca “baron”u
da, arvadını da bıçaqlayıb ölümcül yaralayır. Arvadı elə hadisə yerində keçinir,
şərikinin həyatını həkimlər xilas edir, istintaq zamanı məlum olur ki, qızları
saunaya şəriki yox, onun sifarişirlə hansısa “mama Roza” göndəribmiş. Usta isə
şərikinin bu işi düzüb-qoşduğunu, arvadını əvvəlcədən tanıdığını zənn edibmiş...
Bax, belə, qızım, həbsxanada böyük nüfuzla, xətir-hörmətlə bərabər xəstəliklər də
qazandı, qədeş üç il əvvəl çıxdı, o günü dostları-tanışları bir yerə yığışıb böyük
bayram elədilər, kimisi ona maşın, kimisi ev bağışladı, bax, bu gördüyün evi, indi
ustanın qaldığı bağı dostları bağışlayıb. Amma təmirdən sonra o burada bir gün də
olsun yaşamayıb. Yay-qış bağ evində qalmağı xoşlayır...
Kişini böyük maraqla dinləyən Fidan soruşdu:
- Bəs həbsxanadan çıxandan sonra evlənmədi?
- Yox qızım, dost-tanışı nə qədər xahiş-minnət etsə də, fikrindən daşındıra
bilmədi. “Mənim qadınlara inam hissim o bədnam gecədə öldü”-deyir.
Xudahafizləşəndə