Rəyçilər:
Prof., t.e.d. V.Z. Mövla-zadə
Dos., t.f.d. A.S. Məmmədov
Elmi redaktor:
Prof., t.e.d. V.Z. Mövla-zadə
Əliyev, Rezo
MAŞINQAYIRMA LEKSİKONU. II HİSSƏ.
Bakı «APOSTROFF», 2012- 423 s.
Təqdim olunan leksikonun əsas məqsədi maşınqayırma və onunla əlaqədə olan
ixtisaslararası elm sahələri haqqında ümumi anlayışları yığcam formada oxucuya
çatdırmaqdır. Kitabda 1200 anlayış yer almışdır. Hər anlayış haqqında məlumat vermək
üçün aidi proseslər, maşınlar, mexanizmlər qısa şəkildə izah edilir və onların tətbiq
sahələri göstərilir. Standartlaşdırılmış maşın hissələrinin işləmə prinsipi, materialı və
ölçülərinin verildiyi beynəlxalq standartlar ədəbiyyat siyahısında göstərilmişdir.
Kitab maşınqayırma ixtisasları üzrə təhsil alan tələbələr, bu sahədə çalışan
mühəndislər və həmçinin bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Kitabın çapında göstərdiyi maliyyə yardımına görə müəllif
AzTU-nun maşınqayırma fakültəsinin məzunu
cənab Sərxan Hüseynova öz dərin minnətdarlığını bildirir
©
Rezo Əliyev, 2012
©
Bakı «APOSTROFF», 2012
Ön söz
I
Ön söz
“Maşınqayırma leksikonu” kitabının I hissəsinin davamı olaraq çap olunan bu kitab əlifba sırası
ilə tərtib olunmuş məlumatları əhatə edir. Maşınqayırma sahəsi üzrə təhsil alan tələbələrin
aidiyyatı olan elmi sahələr haqqında biliklərini zənginləşdirmək məqsədilə bütün ixtisas fənlərinə
toxunan anlayışların bir kitabda toplanması zərurəti müəllifin kitabın tərtibi üzrə gördüyü işlərin
əsas mahiyyətini təşkil etmişdir. İstər maşınqayırma, istərsə də onunla əlaqədə olan elm
sahələrində son illərdə əldə olunmuş nailliyyətlər kitabda öz əksini tapmışdır. Belə ki, azərbaycanlı
gənclərə nəinki təkcə Avropa ali texniki məktəblərində maşınqayırma ixtisasları üzrə təhsildə
aşılanan biliklər, həmçinin bu sahədə fəaliyyət göstərən böyük müəssisələrin istehsal proseslərində
tətbiq tapmış mütərəqqi texnologiyalar və konstruksiyalar haqqında əsas məlumatlar da əlçatan
edilmişdir.
Kompyuter texnologiyasının maşın istehsalı prosesinə getdikcə daha çox müdaxilə etməsi
kağızsız texnologiyaların inkişafı ilə bərabər, insan əməyinin yüngülləşdirilməsinə və
məhsuldarlığın artırılmasına xidmət edən avtomatlaşdırılmış avadanlıqların və texnologiyaların
tətbiqinə imkan yaratmışdır. Nəticədə CAx adı altında birləşmiş kompyuterləşmiş istehsal
texnologiyaların yaranmasına və praktikada tətbiqinə yol açılmışdır. Bu sahədə mövcud
ədəbiyyatlar əsasında toplanmış anlayışların bu kitaba daxil edilməsi ilə müəllif onun daha da
dolğun olmasına cəhd etmişdir.
Ensiklopediya xarakteri daşıyan kitabın tərtibi zamanı toplanmış biliklərin sistemləşdirilməsinə
böyük əhəmiyyət verilmişdir. Anlayışlar müəyyən mətnlərlə izah olunmaqla bərabər, hesabat
sxemləri, diaqramlar, cizgi və şəkillərlə də zənginləşdirilmişdir.
Əsasən Avropada çap olunmuş elmi işlərə söykənən bu kitabın hazırlanmasında Azərbaycan
texniki ali məktəblərinin maşınqayırma üzrə tədris proqramları, dərsliklər, standartlar, texnoloji
normativlər və bu kimi mənbələr də nəzərə alınmışdır. Bununla kitabdakı məlumatlara hər iki
tərəfin malik olduqları biliklərin sintezi kimi də baxmaq olar.
Dr. Rezo Əliyev
Frayberq/Almaniya
2008/2012-ci illər
Kitabdan istifadə qaydaları
II
Kitabdan istifadə qaydaları
Kitab 1200-dən çox anlayışdan ibarət olaraq maşınqayırma və onunla bir başa və dolayı yolla
əlaqədə olan elm sahələrini əhatə edir. Ayrı-ayrılıqda verilmiş anlayışlar oxucuya əsas məlumatı
çatdırmağa xidmət edir. Mətndə rast gəlinən yönəldicilər verilmiş anlayışın daha ətraflı başa
düşülməsi və digər məlumatla zənginləşdirilməsinə xidmət edir. Mətndə olan
→
işarəsi qohum
anlayışlar arasında bir körpü yaradır. Qarşısında bu işarə olan sözün kitabda axtarılıb baxılması
məsləhət görülür. Hər anlayışın sonunda onun almanca (alm.) və ingiliscə (ingl.) tərcüməsi verilir.
Anlayışlar kitabda əlifba sırası ilə düzülmüşdür. Əlifba sırası həmçinin söz birləşmələri və
ixtisarlara da aid olunur.
Mətndə verilmiş çoxlu sayda şəkillər texniki anlayışların daha asan başa düşülməsinə kömək
edir. Bəzi hallarda bir anlayışa aid şəkilin verilmiş ölçüsü böyük olduğundan sahədən kənara çıxır.
Onlar həm mətndə, həm də şəkilin sonunda xüsusi qeydlə uyğun anlayışa istiqamətləndirilir.
Kitabın həcminin nisbətən böyük olması onu iki hissədə çap etməyi zəruri etmişdir. Buna görə
də kitabın tərtib olunmasında istifadə olunan ədəbiyyat siyahısı II hissənin sonunda verilir.