Heydər OĞuz adını sən qoy! Bənzərsiz imza



Yüklə 1,49 Mb.
səhifə2/9
tarix26.03.2018
ölçüsü1,49 Mb.
#34146
1   2   3   4   5   6   7   8   9

Qorxursuz
İnqilabdan dəm vurmayın, ayıbdır,

Girdəvoydan, qolçomaqdan qorxursuz!

Elə bil ki, Sizi ilan çalıbdır,

Ala çatı, al yumaqdan qorxursuz!


Varla yoxun arasında rəhbərsiz,

Siz millətdən, millət sizdən xəbərsiz!

Kəsiləcək qurbanlığa bənzərsiz,

Bıçaqdan yox, siz çomaqdan qorxursuz!


Kəfənini boğazına dolayıb,

Azadlığı dünya qanla sulayıb!

Bağışlayın, bəlkə çıxır çox ayıb,

Sizlərsə tər qoxumaqdan qorxursuz!


Bilirəm ki, qələmlə gor qazıram,

Nə olacaq, taleyimdir, hazıram!

Qoçaq bəylər, mən qorxmuram, yazıram,

Hətta məni oxumaqdan qorxursuz!


Papaq
Anlamıram bir mətləbi,

Mənə başa salın bunu.

Biz səbrli millətiksə,

Bəs, bu səbrin yoxmu sonu?


Hər təhqirə dözə-dözə

Zülmə boyun əyirik biz.

Sonra “papaq altda yatan

Oğullar var”- deyirik biz.

Deyin mənə, hansı haqla

O papağı daşıyırıq?

Dəyərsizlik ölkəsində

Bir halda ki, yaşayırıq.


Qadınlara torba tikən

“Kişiciklər” olan yerdə,

Ürək hələ dayanırsa

Bu ləkəyə, belə dərdə,


Demək, hələ papaq altda

Gizlənən baş bir baş deyil.

Qeyrət hissi o başları

Oyadacaq təlaş deyil.


Bir halda ki, bu məmləkət

Zülm əlində viran olur,

Nəslimizin sərvətləri

Yağmalanır, talan olur.


Papaq altda başlarımız

Hələ yenə oyanmırsa,

Neyləyirəm o papağı

Altda nəsə dayanmırsa?


Papaq əgər qoruyursa

Bizi yalnız qardan, qışdan

Barı onda danışmayaq

Papaq altda yatan başdan.


Namus adlı torpağını

Yad əllərə verən adam

Utanmadan hər bir günü

Eləyirsə şənlik, bayram,


Demək itirib ağlını

Bilmir nə pis, nə yaxşıdır.

Baş qeyrətə məzar olub -

Papaq onun başdaşıdır.




Kəfəni əyninə geyməyən xalqın
Kəfəni əyninə geyməyən xalqın

Torpağı əyninə kəfən geyinər.

Ya sən geyinərsən, ya dost, ya yaxın,

Ya da bütünlüklə Vətən geyinər.


Bir xalqın olmasa zülmə dirənci,

Öz zəngin yurdunda qocası, gənci

Bizim millət kimi olar dilənçi -

Yayda da, qışda da kətan geyinər.


Zalımın zülmünə əydikcə boyun,

Əlbəttə, adına deyərlər - “qoyun”.

İgid xalq başına gəlməmiş oyun

Altdan qıfıllanar, üstdən geyinər.


Heç kim kölə olmaz boyun əyməsə,

Zülmün qarşısında gözün döyməsə.

Bugünkü həsənlər kəfən geyməsə,

Sabah doğulacaq Həsən geyinər.

Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Qonaqlar qaytarırlar dəvətnaməni geri-

Niyə rənginiz qaçdı duyunca bu xəbəri?

Lap deyək, edəcəklər məmləkətə səfəri,

Bundan məlhəm umursan yarana, ay iqtidar?!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Yağışdan sonra zığa batan yurdumuz varkən,

Əsgəri bit içində yatan ordumuz varkən,

Sizin tək bizi içdən yeyən qurdumuz varkən,

Ayağı uydurmursan yorğana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Dağılır keçən həftə saldığınız bu yollar.

Hər gün göyə sovrulur milyardlar ilə dollar.

Niyə xalqa xərclənmir xaricə axan pullar.

Bir az da bax Muğana, Arana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Pulsuzluq ucbatından yurdun neçə qadını

Dubayda ləkələyir Azərbaycan adını.

Sənsə saxta seçkinin çıxararaq dadını

Hər dəfə əl basırsan Qurana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Millət bilmir nə qoysun yeməyə dəstərxana,

Rast gəlməzsən aclıqdan ağarmış üzdə qana.

Yox bu boyda ölkədə əməlli xəstəxana,

Xəstələr axışırkən İrana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Bakıda keçirməklə yadlar mavi mitinqi,

Artmasın, artacaqsa ölkəmizin reytinqi.

Bununla edəcəksə bu məmləkət tərəqqi

Lütfən, qoy elə qalsın virana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Dəyənəklə idarə eyləsən də bu eli,

Zorla kəsə bilməzsən əsla danışan dili.

Üzünə söyləməyə yetə bilməsə əli,

Yenə el danışacaq qarana, ay iqtidar!

“Evrovizyon” yaraşır harana, ay iqtidar?!
Mənim davam lider davası deyil…
Məndən “yaxşı lider kimdir?” - soranlar,

Liderlik dərdlərin davası deyil.

Hər sözə qulp qoyub tənə vuranlar,

Mənim davam lider davası deyil.


Mən dövlət istərəm - onun lideri

Tacı başqasına ötürə bilə.

Tənqid olunanda gəldikcə yeri,

Qəbul edə bilə, götürə bilə.


Mən ordu istərəm - onun əsgəri

Düşmən qarşısında göz dağı olsun.

Mən alim istərəm - onun hünəri

Millətin adına üz ağı olsun.


Mən müəllim istərəm- yoxsulluğundan

Məzlum tək baxmasın şagird əlinə.

Mən ölkə istərəm- yolsuzluğundan

Düşməsin “şöhrəti” düşmən dilinə.


Polisi rüşvətə qənim kəsilsin,

Özləri rüşvəti alan olmasın.

Hər kəs öz həddini, yerini bilsin

Millətin sərvəti talan olmasın.


Həkimi beş quruş pulun xətrinə

Xəstənin cibini soymasın orda.

Hakimi Haqqın yox, qulun xətrinə

Heç vaxt tapşırmasın “qoyunu qurda”.


Artıq istəmirəm mən bir səltənət,

Yaxşı lider deyil dərdin əlacı.

Mən dövlət istərəm, elə bir dövlət -

Oğluna keçməsin atanın tacı.


Çox “yaxşı liderlər” görüb bu dünya,

“Yaxşılar” milləti pis günə qoyub.

Çoxdan dəbdən düşüb bu şirin xülya,

Artıq bu nağıldan qarınlar doyub.


Məndən “yaxşı lider kimdir?“ - soranlar,

Mənim davam lider davası deyil.

Dövlət yox, yurdumda şahlıq quranlar -

Şahlıq bu dərdlərin davası deyil.



Dinlə bizi, Türkiyə!
Çıxart qulağındakı o pambığı, Türkiyəm!

Dinlə mənim sözümü.

Dinlə ki, yalnız sənə mən dikmişəm gözümü.

Çünkü dili, dini bir,

Qanı bir qardaşımsan.

Ət dırnaqdan ayrılmaz -

Canı bir qardaşımsan.

İllərlə əsarətdə

Türklük qürurum oldun,

Mənim düşünən beynim,

Milli şüurum oldun.

Bəs, indi nə dəyişdi?

Kimlər girdi araya?

Kim səni uzaq saldı

Doğma qohum - qaraya?

Haradan qaynaqlanır

Qardaşa yad baxışın?

Sən axı, səndən axan

Araz kimi, Kür kimi

Su daşıyan çay idin

Türklüyün Xəzərinə.

Nə oldu ki, dəyişdi

Ənənəvi axışın?

Bizə bəxş elədiyin

Güvəncin üzərinə

Çoxdandır, qar ələnib.

Bir heyrət içindəyəm,

Yayın cırhacırında

Nə tez sənə qış gəlib?

Dost ağır söyləsə də

Bağırmaq istəyirəm

Sənə ürək sözünü!

Ərəbin nefti tutmuş

Bəlkə görən gözünü?

O üzdənmi görmürsən,

Çindən Təbrizə qədər

Yurdum qana bələnib?

Çiyində baş qalmayıb,

Yığılıb leş leş üstə,

Cəsədlər təpələnib.

Sən isə səhralarda

Ədalət axtarırsan.

Səni sən edən türklük

Qıyma –qıyma doğranır,

Tikə-tikə kəsilir

Bəs, sən hara baxırsan?

Unutma, geçmişini.

Yada açdığın qucaq,

Ya da qaçdığın qucaq

Bir gün yenə bəlalar

Gətirəcək başına.

Kömək üçün baxanda

Öz doğma qardaşına,

Görəcəksən, keçdiyin

Körpülər külə dönüb.

Turküstan xarabaya,

Elin yad elə dönüb.

Olmayacaq o zaman

Sığınmağa yerin də.

Tülkülər oturacaq

Bozqurdların yerində.

Sanma, məni dindirən

Sinəmdəki ağrıdır,

Qəlbimdəki yükdür.

Mənim dərdim nədir ki?

Sənin dərdin böyükdür.

Mən zillətdə olsam da,

Sən qəflət içindəsən.

Əsarətə can atan

Cəhalət içindəsən.

Unutma, qardaş, bunu!

Belə yazmış Yaradan

Həyat adlı Qanunu.

Hər şey qəflətlə başlar.

Qəflət zaman içində

Ağır zillətə dönər.

Zillətdə olduğunu

Anlayan toplum ancaq

Bir gün millətə dönər.

Mən fərqində zillətin,

Sənsə yoldan xəbərsiz

Yürüyürük bu yolu.

Necə çətin olsa da

Fərqindəyik qəflətdən,

Qardaş, qat-qat zərərsiz.

Heç öz sinənə döymə,

Özün özünü öymə.

Böyük millət olmanın

Məşəqqətli yolunda

Sən bir addım daldasan.

Sənə ürəyim yanır,

Nə gündə, nə haldasan?

Amma darıxma, qardaş,

Qolumdakı zənciri

Dişimlə gəmirərək

Qurtulacam zillətdən.

Səni də qurtaracam

Getdikcə süründüyün

Amansız əsarətdən.

Bizmi günahkarıq, yoxsa Fransa?
Etiraf insanın yaraşığıdır,

Etiraf eyləyək, nəyimiz varsa.

Üzümüz qaradır, baş aşağıdır,

Ondandır, sözümüz keçmir harasa

Bizmi günahkarıq, yoxsa Fransa?
Erməni haraya gedərsə, söylər:

“Xalqına zülm edən, gör, bizə neylər?”

Düşmən olsa belə, haqsızmı, bəylər?

Kimi inandırar, şah bunu dansa?

Bizmi günahkarıq, yoxsa Fransa?
Danışsaq, “sən hələ bur sus!”- deyərlər.

“Sizdə hüquq yoxdur, əfsus!”- deyərlər.

“Müxalif qüvvəni, get, pus”- deyərlər.

Nə deyə bilərik biz elə olsa -

Bizmi günahkarıq, yoxsa Fransa?
Deyərlər: “bu halla torpaq alınmaz,

Süd köhnə olarsa, qatıq çalınmaz,

Ömürlük şahlıqla dövlət olunmaz,

Zülməti xoşlayar ancaq yarasa”-

Bizmi günahkarıq, yoxsa Fransa?
“Yirmi il bir postda nazir piylənir,

Su qalsa bu qədər qabda, iylənir” -

Desələr, üstünə sözmü söylənir?

Halımız dünyaya bunca əyansa,

Bizmi günahkarıq, yoxsa Fransa?
Söyləmək gərəksə, Heydər, düzünü,

Dünyaya göstərb vəhşi özünü,

Haqlı çıxarmışıq düşmən sözünü.

Fransa neyləsin, ölkəm viransa

Bizmi günahkarıq, yoxsa Fransa?!

Ağrıdağ
Ağrıdağım, hardan aldın bu adı?

Ağrıdan kim, kim ağrıya yanandır?

Nəydi sənə ad qoyanın muradı,

Hansı dərdli bu adını qoyandır?


Ürək yaxan ağrın yaman ağırmış,

Şimşək duymuş bu acını, bağırmış.

Yaş tökməkdən göyün gözü ağarmış,

Kim desə ki, bulud ağdı, yalandır.


Ağlamasın, neyləsin ki, bu diyar?

Sinəsində sənin boyda yara var.

Bu yaranın pambığıdır bəyaz qar,

Sarğısı da üstündəki dumandır.


De, qardaşım, niyə belə getmisən,

Yurdumun tam ortasında bitmisən?

Canı təndən, təni candan etmisən,

O yanın da, bu yanın da Vətəndir!


Ayırmısan qardaşından qardaşı,

Bulaq ağlar, sel aparar dağ, daşı.

Araz çayı, tökmə bunca göz yaşı,

Yoxsa, Xəzər boğulacaq, amandır!


Bir yanında Karakösə, İğdır, Van,

Digər yanın Vedi, Maku, İrəvan.

Ətəyindən tutub çəkər Naxçıvan,

O da sənin öz körpəcik balandır.


İxtiyarsan, fələk bilməz yaşını.

Nuh gəmisi öpmüş hansı daşını?

Qara günlər ağartmışdır başını,

Bəyaz qarın o günlərdən qalandır.


Yurdumuzun öz dağısan, Ağrıdağ!

Yurdumuza göz dağısan, Ağrıdağ!

Gercəkdən də bir ağrısan, Ağrıdağ!

Sənin ağrın hər ağrıdan yamandır!



Sən belə bölünüb kiçildin, Vətən
Səltənət eşqiylə həyat sürənlər

Bu məqsəd uğrunda Allahdan keçdi.

Səni öz oğlundan böyük görənlər

Səni öz oğlunun boynuna biçdi.


Sən belə budanıb biçildin, Vətən!

Sən belə bölünüb kiçildin, Vətən!

Bir damla su kimi içildin, Vətən!

Səni qanımıza susayan içdi.


Canlar ki, yolunda fəda edilər,

Ruhu lənətlənər, qəbri didilər.

Sənə od vurana “müdrik” - dedilər,

Halına kim yandı, dedilər - “gicdi”.


Deyim, oğlun səni heç, niyə satdı?

Desəm, inanmazsan, heç nəyə satdı!

Bir quru alqışa, çəpiyə satdı!

Səni yada satıb, alqışı seçdi.


Sən belə budanıb biçildin, Vətən!

Sən belə bölünüb kiçildin, Vətən!

Bir damla su kimi içildin, Vətən!

Səni qanımıza susayan içdi.

Səni bir içimlik su sayan içdi.

Bir millətə nə olmalı bundan betər indi?
Hər kim ki, deyir: “sus və mükafat dilə şahdan”,

Bilməm, nə sifətlə gətirir söz dilə şahdan.

Üz döndərir indi bədəvilər belə şahdan,

Bəs, hansı səbəbdən bizə şah hökm edər artıq?

Bir millətə nə olmalı bundan betər artıq?

Xalqın yenə hər gün olunur sərvəti talan,

Hər gün yeni evlər uçub olmaqdadı viran.

Sığmaz tutulub həbsə atılmışlara zindan.

Allah da götürməz bunu, bəsdir, yetər artıq!

Bir millətə nə olmalı bundan betər artıq?!


Yurdum çox uzaq düşdü müasir çağımızdan,

Yadlar bizi keçmiş solumuzdan, sağımızdan

Hərçənd, geriyik qonşumuz olmuş yağımızdan,

Dünyanı voleybolda qadınlar ötər artıq.

Xalqın malı israf olub əldən gedər artıq.

Bir millətə nə olmalı bundan betər artıq?!


İllərdi xəbər yox Qarabağ adlı diyardan,

Dünyada atıyla tanınan atlı diyardan,

At urvatımın rəmzidir urvatlı diyardan.

Ağdam yolu üstündə alaq, ot bitər artıq.

Bir millətə nə olmalı bundan betər artıq?!
Sərhəddə, nə olsun, qalamız, səngərimiz var,

Düşmənlə qiyaslanmayacaq ləşkərimiz var.

İşğala dözüb səbr eləyən əsgərimiz var.

Əfsus, bu qədər qüvvəmiz olmuş hədər artıq!

Bir millətə nə olmalı bundan betər artıq?!
Naxçıvan
Dağların qoynunda yuva salıbsan,

Dağ qədər ucadır vüqarın sənin.

Ana nəfəsinə həsrət qalıbsan,

Həsrətin rəmzidir ağ qarın sənin.

Donur sənin kimi damarımda qan,

Baxdıqca halına, anam Naxçıvan!


Yumruq tək yuxarı qalxan Əlincə

Şahların başına vurulmuş qapaz.

Dağ- təpə aşaraq Milə gəlincə,

Min kərə ayağın öpür Xan Araz.

Səni tapdalayır indi saxta xan ,

Araz necə dözür buna, Naxçıvan?!


Yerə tərs sancılan qılıncdır sanki

Bənzər Zülfüqara o Haçadağın.

Bəlkə də o üzdən keçəlləşib ki,

Başı dağlanıbdır qos-qoca dağın.

Bir vaxtlar olmuşdun sən nəqşi-cahan

İndi səndən qaçar hər kəs, Naxçıvan!


Ayaq izlərim var hər daşın üstə,

Burnumda kəndimin tozu qalıbdır.

Duzdağ yaranıbdır göz yaşın üstə,

Suyu buxarlanıb duzu qalıbdır.

O yaşı qurumuş gözünə qurban,

Söylə dərdlərini, duyum, Naxçıvan!


Vaxtilə hər oğlun igid nər imiş,

Nalbəndin ürküdüb Qoç Koroğlunu.

Dəmirçioğlunu görüb kirimiş

Bir öynə yesə də neçə toğlunu.

Hanı o igidlər? – boş qalıb meydan,

Sənə qurban olsun canım, Naxçıvan!


Yenə Xudayar bəy kəndxudan olub,

Məmmədhəsən kişi gəzir ulağı.

Gözləri yollarda qəhərdən dolub

Ağlar için-için Qızlar bulağı,

Əri qürbətdədir, ağlar Tükəzban,

Yenə qəm içində yanır Naxçıvan.


İtmiş hafizəmdir bu yol, bu döngə

Köşkü dağıdılıb suçu Umudun.

Bəlkə də gənclərə su ilə birgə,

“Korjik” satmaq olub suçu Umudun.

Məntiqmi gəzirsən, xandandır fərman,

Gözəllik naminə acdır Naxçıvan.


Tarixə bəxş etdin neçə igidi,

Oldular zamanın qaranquşları.

İndi əvəz edir Hüseyn Cavidi

Dövrün Kamalları, Siyavuşları

Oddan kül törəyər, otdansa saman.

Mənim canım-gözüm, anam Naxçıvan!


Kimsə itirməyib itirdiyin tək,

Artıq bu bəlanı bitirməlisən.

Bu yurda bəlalar gətirdiyin tək

Əsl azadlığı gətirməlisən.

Övladların edir bu yurdu talan,

Artıq de sözünü, haydı, Naxçıvan!



Qardaş
Xəyanət qəlblərə elə kök salıb,

Olsa min orağın biçilməz, qardaş!

Vicdan məfhumunun içi boş qalıb

Meyar yox, vicdanlar ölçülməz, qardaş!


Yadelli day-daya olub arxayın

Vətəni sevməkdən dəm vurur xain.

Elə bir yerdəyik, yoxdursa dayın,

Ölsən kəfənin də biçilməz qardaş!


Başlayıb mənfəət, pul yarışları,

Yolumda daş oldu yol yoldaşları.

Qaldırmaq çətindir yoldan daşları,

Bu yol bu daşlarla keçilməz, qardaş!


Mərdlərin qanıyla yoğrulan torpaq

Namərdə barını yedirir ancaq.

Dərman sahibində yoxsa qanacaq,

Həbi dərman olsa içilməz, qardaş!


Deyirlər, “ay Heydər, dediyin ağı,

Azaltmaz qəlbinə çəkilən dağı”.

Neynim, kiçilsə də Vətən torpağı,

Eşqi ürəklərdə kiçilməz, qardaş!



Artıq inanmağım gəlir nağıla
Elə şeylər olur bəzən dünyada,

İnanmaq çətindir, dünya dağıla.

Çarəsiz nağıllar düşürlər yada,

Başıma gələnlər sığmırsa ağla.

Artıq inanmağım gəlir nağıla.
Divlər bir ananı söyüb döyəndə,

Oğulsa baş divə “sağ ol” deyəndə,

Ölkəmdə birisi ayı yeyəndə,

“Bərəkallah”- deyib belə oğula

Artıq inanmağım gəlir nağıla.
Bir divin əlində milyonlar əsir,

Çırtdanlar qorxudan titrəyib əsir.

Təkcə göydən düşən üç alma kəsir,

Yəqin nağıl yazan dönüb paxıla.

Artıq inanmağım gəlir nağıla.
Danışan dilləri daş edib Simnar,

Kipriyi düzəldib qaş edib Simnar,

Qurdları quzuya baş edib Simnar,

Quzunun həddi nə, üzə ağ ola.

Artıq inanmağım gəlir nağıla.
Kasıbın dərdləri dönübdür dağa,

Dözür hər atəşə, dözür hər dağa.

Müxalif də ağa, rəhbər də ağa -

Bilmirik, inəklər necə sağıla?

Artıq inanmağım gəlir nağıla.
Lider bir dövlətdən cənnət torpağı

İşğal eyləyibdir dılğır bir yağı.

Necə ki, qarışqa atır şıllağı,

Az qalır dəvələr yerə yıxıla,

Artıq inanmağım gəlir nağıla.
Qaraca çobandı rəhmətlik Xanış.

O qoyun, o quzu, o nağıl tanış.

Can nənə, gəl, sən də bir nağıl danış,

Qıyma ki, Heydərin könlü sıxıla.

Artıq inanmağım gəlir nağıla.
Kişilik
Nə o kişilərdən bir əsər qalıb,

Nə üzlərdə vicdan təri görünür.

Nə aslan səsində bir kəsər qalıb,

Nə də dəvələrin nəri görünür.


İnsanlıq batdıqca günaha, suça,

Yox olaraq gedir kişilik puça.

Namərdə çevrilir mərd qaça-qaça,

Ruhən ölü, cismən diri görünür.


Dişiyə sahiblik-kişi hünəri

Sayılandan bəri, olandan bəri.

Kimlər ola bilmir sözünün əri,

Hansısa xanımın əri görünür.


Kişilik kobudluq-vəhşilik deyil,

Kişilik erkəklik-dişilik deyil.

Erkək doğulmaq da kişilik deyil -

Baxmayın, cüssəsi iri görünür.


Qızları bətnində boğur analar,

Oğlanda görürlər uğur analar.

İndi ancaq kişi doğur analar,

Amma kişilərin yeri görünür.


Əxlaq bağlanandan var ağaçına -

Çıxar ağacına, kar ağacına,

Kişilik çəkilib dar ağacına,

Həyat o ağacdan bəri görünür.


Aclıqla çəkilir sınağa kişi,

Tuş gəlməsin deyə-qınağa kişi,

Necə boya çəksin yanağa, kişi?

Çəksə də bir sümük, dəri görünür.


İnsanlıq kiçilir, bunun üçün də

Əməli verdiyi sözün gücündə.

Min kişi paltarı geyən içində

Kişi görkəmində biri görünür.


Heydərin sözündə “tük” axtaranın,

Hər yanlış, düzündə “tük” axtaranın,

Qaşında, gözündə tük axtaranın

Baxsan, öz gözündə tiri görünür.



Bayraq
Bayraq nədir?-deyə soruşan balam!

Nizə tək yad gözə batandı bayraq.

Verib sancıldığı torpağa salam -

Yurdun təməlini atandı bayraq.


O mavi rəngində Turanı axtar,

Al rəngdə qanayan yaranı axtar,

Yaşılda İslamı, Quranı axtar,

Hər rəngə bir anlam qatandı bayraq.


İgidin qanına batıb allanır,

Şəhidə yorğandır, qəbrə yollanır.

Görsən göydən enib yerə sallanır,

Bil ki, yerimizə utandı, bayraq.


Hələ qazanmadan şərəf cəngini,

Şeypurlar çalmadan marşı, cəngini,

Xəcalət rəngi bil, o al rəngini,

Sanma ki, qəflətdə yatandı bayraq.


Onu başı üstə qaldıran mərdi,

Qanına bələnib, göra göndərdi.

Onu ayaqalta salan namərdi

Gölgəsi altında tutandı bayraq.


Kiminin ümidi, kiminin baxtı,

Onunla bəzənib kiminin taxtı.

Məndən ayrı düşüb bir xeyli vaxtdı,

Nə əlim, nə ünüm çatandı bayraq.


Heydər, nə igidlər yola salsa da,

Yenə intizardan gözü dolsa da,

Kiminə səcdəgah, məbəd olsa da,

Kiminə adi bir kətandı, bayraq.


Bir millət şahsevəndirsə...
Bir millət şahsevəndirsə,

Xan neyləsin, şah neyləsin?

Sahibsiz qalmış dövlətə

Salmasın tamah, neyləsin?


Qoşulmayan bir dəstəyə

Haqqı varmı, haqq istəyə?

Dərmandan qaçan xəstəyə

Həkim, ya cərrah neyləsin?


İqtidara "bəsdi" - desən,

"Müxalifət pisdi" - desən,

"Qış soyuq, yay isti" - desən,

Boş qalan cinah neyləsin?


Uşaq tək "xortdan", "xoxu"dan

Çəkinərək sən qorxudan

Ayılmırsansa yuxudan,

Gəlməyən sabah neyləsin?


Ürəyində İblisə taxt

Tikdiyin vaxt, qurduğun vaxt,

İçindəki İblis bədbaxt

Etməsin günah, neyləsin?


Tapdaq altda qalan obam,

Torpaq altda ulu babam,

Ocağı sönmüş xarabam -

Çəkməsin min ah, neyləsin?


Ziyalıdan yoxsul Vətən

Bu haldadır-sorma nədən?

Heyder deyər, başsız bədən

Bilmirəm, Vallah, neyləsin.


Mənə oğul demə, ey ana Yurdum
Naməhrəm əl atıb qoynuna, Yurdum,

Dirənib boğaza nifrətim mənim.

Mənə oğul demə, ey ana Yurdum.

Buna necə dözür, qeyrətim mənim?


O tayda Təbrizim can hayındadır,

Mənim fikrimin də o tayındadır.

Gözüm bizə çatan neft payındadır,

Neftimlə ölçülür izzətim mənim.


Dərbəndim, Borçalım yağıya qalıb,

Naxçıvan “Xan” adlı ağaya qalıb,

Qarabağ bir dılğır dığaya qalıb,

Nə günə düşübdür dövlətim mənim?


Neylərəm, can anam, bu zənginliyi?

Bizə nəsib edib didərginliyi.

Əsəb gərginliyi, ruh gərginliyi,

Başıma bəladır sərvətim mənim.


Bu həyat ölümdən betərə dönüb,

Yurd eşqi qəlbimdə qəhərə dönüb.

Yediyim çörək də zəhərə dönüb,

İçdiyim su- ölüm şərbətim mənim.


Gözlərim boyanıb əlvan qanına,

Su tökür zalımın dəyirmanına.

Ürək qıymır amma şirin canına,

Yaşımda boğulub cürətim mənim.



Bir xalq tanıyıram, ziyalı gəzir
Bir xalq tanıyıram, gözlərdən iraq

Zülmətin qoynunda yaralı gəzir.

Gövdə baş axtarır, əlində çıraq

Başsa gövdəsindən aralı gəzir,

Bir xalq tanıyıram, ziyalı gəzir.
Ziyalısı olub lal tək susanlar,

Atəş püskürənlər, alov qusanlar.

Rəhbərin əlindən tikə pusanlar

İndi də təzə bir kralı gəzir,

Bir xalq tanıyıram, ziyalı gəzir.

Əgər aranırsa əldə çıraqla,

Ziyalı adlanır onda nə haqla?

Ziyalı odurmu, şəxsi maraqla

Xəyalı göylərdə, havalı gəzir?

Bir xalq tanıyıram, ziyalı gəzir.

Ziya şəkilcə də riyaya oxşar,

Arada sadəcə nöqtə fərqi var.

Ziyalı donuna girib riyakar

Üz-gözü işığa boyalı gəzir,

Bir xalq tanıyıram, ziyalı gəzir.
Kim ki, aydın kimi öyüb özünü,

Söyləyə bilmirsə xalqın sözünü,

Deməli, bulud tək göyün üzünü

Tutaraq gizlədib hilalı gəzir,

Bir xalq tanıyıram, ziyalı gəzir.
Ziyalı zümrəsi hər bir dövlətdə

Xalqın dili olur elm, sənətdə.

Bizim ziyalısa dar kabinetdə

Alagöz ceyranı, maralı gəzir,

Bir xalq tanıyıram, ziyalı gəzir.
Ziyalı sözünün kökü ziyasa,

Ziyalı olammaz əsla yarasa.

Ziyalılıq əgər milli həyasa,

Xalq da aşınmamış həyalı gəzir,

Bir xalq tanıyıram ziyalı gəzir.

İllərlə susmusan, danış, ziyalı!
Ziyalı dediyin Haqqın nurudu,

Haqqın yox sönməyə, alış, ziyalı!

Niyə ziyan söndü, nitqin qurudu,

Yanmaq taleyindi, barış ziyalı!

İllələ susmusan, danış, ziyalı!
Ziyalı adını daşıyan insan

Haqqa qarşı çıxar susduğu zaman.

Ya suça batırsan, ya ziyan yalan-

Yerini tapmağa çalış, ziyalı!

İllərlə susmusan, danış, ziyalı!
Bir tikə çörəyin olub əsiri,

İtib sözünün də indi təsiri.

Deyimmi, bu halın kim müqəssiri?

Başını qoyduğun balış, ziyalı!

İllərlə susmusan, danış, ziyalı!


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə