1. EMOSİYALAR HƏYATI BƏZƏYİR
Aysel rəfiqəsindən, bacısından inciyərkən maraqlı rəsmlər çəkir. Anasına: “Bu
şəkilləri çəkərkən əhvalım yaxşılaşır, bütün incikliklərimi unuduram”, – deyir.
Sizcə, Aysel sağlamlığın hansı aspektini nümayiş etdirir?
Gündəlik həyatımızda rast gəlinən hər bir amil həyat tərzimizə öz təsirini göstərir.
Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər informasiya mənbələrindən alınan
məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı
bunlarsız təsəvvür etmək olmaz. Müsbət emosiyalar sağlamlıq üçün faydalı, mənfi
emosiyalar isə təhlükəlidir.
Mənfi emosiyalar orqanizmin fəaliyyətinə zərərli təsir göstərir. Belə emosiyalar bəd
xəbər, qorxu, uğursuzluq, münaqişə, ümidsizlik və s. hallarda yaranır. Bu zaman qəm-
qüssəyə qərq olur, həyəcanlanır, əsəb gərginliyi keçirir, taqətsizlik hiss edirik ki, bu da
gələcəkdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Mənfi emosiyalardan uzaq olmaq
sağlamlıq üçün olduqca vacibdir. Bu işdə sənə yoldaşlarınla, valideynlərinlə ünsiyyət
kömək edə bilər. Məhz buna görə də insanlarla ünsiyyətdə olarkən münaqişələrə
girməməli, emosiyalar düzgün idarə edilməlidir.
Münaqişələrin həllini asanlaşdıran davranış formalarını yadınıza salın.
Müsbət emosiyalar qələbə, sevinc, şad xəbər, uğur və s. kimi hadisələr nəticəsində
yaranır. Yəqin ki, hər birimiz üçün sakit, rahat və estetik zövqü oxşayan bir mühit
olduqca vacibdir. Mebelin üzərindəki naxışlar, xüsusi zövqlə açılmış süfrə, maraqlı bədii
əsər, konsert, klassik bir musiqi, insanı nağıllar aləminə aparan bir film, həyətdə yağan
qar əhvali-ruhiyyəni yaxşılaşdırır, müsbət emosiyaların yaranmasına səbəb olur.
Bəzən həm mənfi, həm də müsbət emosiyalar stressə* səbəb ola bilir.
Öyrənəcəyin dərslərin üst-üstə yığılması, imtahana hazırlıq, yaxın adamın uzaq
səfərdən qəfil qayıtması, ətrafdakılarla münaqişələr, hər hansı bir işdə gözlənilməz
uğurun qazanılması, yaxın adamların vəfatı, inciklik, qısqanclıq, xəstəlik, həyati
təhlükə və s. kimi hallar stressə səbəb ola bilər.
Alimlərin bir qismi hesab edir ki, stresdən qaçmağa çalışmaq əvəzinə, hisləri
cilovlamağı bacarmaq lazımdır. Bunun üçün stressə qarşı nikbin mövqe tutaraq reallığı
qəbul etmək, özünü ələ almaq olduqca əhəmiyyətlidir.
Gülarə altıncı sinifdə oxuyurdu və çox məsuliyyətli qız idi. Evlərində qonaq
olduğuna görə o, coğrafiya müəlliminin verdiyi tapşırıqları yerinə yetirə bilməmişdi.
Səhər müəllim ondan dərsi soruşdu və hazırlıqsız olduğuna görə danladı. Gülarə
pərt oldu. Müəlliminə tapşırıqları yerinə yetirməməsinin səbəbini izah edə bilmədi
və ağlamağa başladı.
Gülarənin bu haldan çıxa bilməsi üçün ona nə kimi məsləhətlər verə
bilərsiniz?
Stress insan sağlamlığına mənfi təsir göstərir, hətta nevrozların*, ürək-damar
xəstəliklərinin, mədə xorası xəstəliyinin və s. yaranmasına səbəb olur.
Emosiyalar həyatı bəzəyir, məzmunlu edir. Müsbət emosiyalarla yaşayaq, mənfi
emosiyalardan hər vasitə ilə uzaq olaq.
1. Mənfi emosiyalardan necə xilas olmaq olar?
2. Şən musiqiyə qulaq asmaq, İncəsənət muzeyində olmaq, maraqlı bir bədii əsər
oxumağın insanda yaratdığı müsbət emosiyalar hansılardır?
3. Aşağıda göstərilən hansı hallar stressə səbəb ola bilər? Stresdən çıxmağın
yolları haqqında yoldaşlarınıza tövsiyə hazırlayın.
qələbə
yuxusuzluq
şən musiqi
qaranlıq
xəstəlik
imtahan
rəsm əsəri
*Stress – orqanizmdə gözlənilməz və qeyri-adi təsirlərin nəticəsində baş
verən hallar.
*Nevroz – sinir sisteminin funksional pozğunluğudur.
2. SAĞLAMLIĞIMIZIN QAYĞISINA QALAQ
İlqar öz sağlamlığının qayğısına qalır. Sizcə, o indi sağlamlığın hansı şərtinə əməl
etdiyi barədə bizə məlumat verir? Sağlamlığın hər üç aspektini əhatə etmək üçün
İlqar bura daha hansı şəkilləri əlavə edə bilərdi?
Orqanizmimizin hər bir üzvünün sağlam və yaxud xəstə olması daha çox özümüzdən
asılıdır. Bədən çəkisinin artıq olması, hərəkət azlığı, düzgün qidalanmamaq, siqaret
çəkmək, narkotik maddələrdən və spirtli içkilərdən istifadə etmək onlara aludəçilik
sağlamlıq üçün zərərlidir.
Elmi-texniki tərəqqi insanları vaxtsız qocaldan, xəstəliklərə düçar edən, insan ömrünü
xeyli qısaldan ağır, üzücü fiziki əməkdən xilas edib. Lakin bununla yanaşı, fiziki işlə
məşğul olmamaq, hərəkət azlığı insanda bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb
olmuşdur. Əzələlərin fəallığının azalması hüceyrə və toxumalarda oksigen aclığı
yaradır. Hərəkət azlığı ürək xəstəlikləri, beyinə qan sızması və s. xəstəliklərin
yaranmasının başlıca səbəbi olmasa da, bu xəstəliklərin yaranmasında az rol oynamır.
Sağlam həyat eyni zamanda zərərli vərdişlərdən uzaq olmaqdır.
Qədim Yunanıstanda belə bir deyim vardı: “Güclü olmaq istəyirsənsə,
qaç, gözəl olmaq istəyirsənsə, qaç, ağıllı olmaq istəyirsənsə, qaç”.
Siqaretin tərkibində 200-dən çox zərərli maddə vardır. Bu zərərli maddələr
tənəffüs yolları ilə ağciyərə, ağız suyu ilə həzm orqanlarına qədər gedib çıxır. Siqaret
çəkənlər tez-tez soyuqdəymə və yoluxucu xəstəliklərlə yoluxur, orqanizmin qanla
təchizi azalır, əmək qabiliyyəti xeyli aşağı düşür. Aparılan tədqiqatlara görə ağciyər
xərçəngi ilə xəstələnənlərin çoxu məhz siqaret çəkənlərdir.
Məhvedici təsiri daha çox olan digər bir zərərli vərdiş spirtli içkidən istifadə
etməkdir. Spirtli içki baş-beyin hüceyrələrini məhv edir, zəhərli maddələri
kənarlaşdıran qaraciyərə və böyrəklərə ziyan vurur. Daim spirtli içki qəbul edənlərdə
qastrit, mədə xorası, onikibarmaq bağırsaq xorası, qaraciyər xərçəngi, böyrək
çatışmazlığı, ürək-damar xəstəliklərinə tez-tez rast gəlinir.
Vaxtilə ABŞ-da siqaret çəkməyin ziyanını müəyyən etmək üçün
komissiya yaradıldı. Komissiyanın tərkibinə həm siqaret çəkənlər, həm
də siqaret çəkməyənlər daxil edilmişdi. Siqaretin ziyanı müəyyənləşdikdə
komissiyada iştirak edən siqaretçəkənlərin hamısı siqareti tərgitdi.
Dostları ilə paylaş: |