Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir



Yüklə 18,31 Kb.
tarix01.07.2018
ölçüsü18,31 Kb.
#52802

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”

Ümummilli lider H.Əliyev

Qədim  və zəngin  mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli  töhfələr vermişdir. Onların ilk nümunələri  bəşər tarixinin böyük kəşfi olan saz vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri,  həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır.  Bu əsərləri yaradarkən xalqımız müxtəlif zamanlarda müxtəlif əlifbalardan istifadə etmişlər. Ərəb əlifbası yüz illər boyu müsəlman  Şərqinin ümumi  yazı sistemi kimi formalaşdığından Azərbaycan ədibləri,  alimləri,  səyyahları,  şairləri bu əlifbadan  istifadə etmişdir.

Dil bəşər tarixinin, insan dühasının ecazkar və  hikmətli kəşflərindəndir. Milyon illər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf  edib bugünkü mədəniyyət  zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Yer üzündə insanın mədəniyyət yoluna qədəm qoyması əməklə və ilk sözü tapması ilə,  danışması ilə başlayır. İnsanlar danışdıqları  gündən bir-birini daha tez və rahat anlamaq,  daha iti və aydın düşünmək yolunu  tapıblar, əməkləri daha  səmərəli olub,  daha yaxşı işləməyə başlayıblar.

Hər bir xalq öz hisslərini və fikirlərini, təbiəti və cəmiyyəti idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir  və başqa xalqlara çatdırır.  Eyni zamanda onların kəşflərini dil vasitəsilə öyrənir.  Beləliklə,  dil xalqları yaxınlaşdırmış olur,  xalqlar arasında mənəvi  rabitə yaradır. Dil olmasaydı , bəşəriyyətin fəxri olan şifahi və yazılı ədəbiyyat xəzinəsi olmazdı. Dil olmasaydı, Homer, Esxil, Nizami, Füzuli, Dante, Şekspir, Şiller, Puşkin, Qorki, Arximed, İbn Sina, Nyuton, Lomonosov, Nəsrəddin Tusi olmazdı, onların sehirkar söz  sərvəti,  ecazkar  elmi kəşfləri olmazdı,  insanın mənəvi aləmi bir çox cəhətdən qapalı qalardı, təbiətin sirlərinə əl aparmaq nə qədər çətin olardı...

Dil hər bir xalqın müqəddəs və tükənməz  mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf  etdirən onun mənsub olduğu xalqdır.  Dilin hər tərəfli inkişafı,  zənginləşməsi, yüksək səviyyədə inkişaf  edərək  beynəlxalq  nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır.  Dilin inkişafında  milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının  tarixində  şərəfli yer  tutan  böyük siyasi xadimlərin böyük rolu  olur.

Azərbaycan dili qədim tarixli dillərdəndir, uzun inkişaf yolu keçib. Azərbaycan dili fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadirdir. Dünyada elə mürəkkəb,  elə çətin və dərin elmi, fəlsəfi,  iqtisadi və s. əsər tapılmaz ki, onu dilimizə tərcümə etməkdə çətinlik çəkək. Təhsil ocaqlarında  dilimizin məhəbbətlə öyrənən, dilin gözəlliyini incəliyini duyan, təmiz, səlis və qəşəng danışan, mühazirə  oxuyan, məruzə edən, məqalə və kitab yazan gənclər yetişir.

Dil bütün vətəndaşların yalnız istifadə etdiyi bir xəzinə yox, həm də zənginləşdirməli olduğu bir xəzinədir. Dilimizin Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Sabir, Cabbarlı, Səməd Vurğun kimi söz ustadları var.  O, zəngin, obrazlı,  ahəngdar,  ifadəli dildir. Onda çayların, bulaqların axar musiqisi yaşayır.

Azərbaycanın  gələcəyi  üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi  ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli  inkişafına daim çalışmış, onun saflığı dövlət  dilinə çevrilməsi,  zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir.  Ulu öndərin fərmanı ilə latın qrafikalı  Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci ilin avqust  ayında bütövlükdə təmin edildi.

Əlifbamızın ayrılmaz can dostu doğma ana dilimizdir. Heydər Əliyev bütün zamanlarda ana dilimizin xilaskarı  kimi fəaliyyət  göstərib.

Mənim ana dilim-ürəyim,odum,

Ey tarım, kamanım, qopuzum, udum,

Vaqifim, Füzulim, Dədə Qorqudum,

“Şur”umun, “Cəngi”min mayası dilim!.

Bu  faktdır ki, Azərbaycan dilini vurğunluqla,  məhəbbətlə,  aydın nitqlə təbliğ edən Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində şəxsi nümunəsi  ilə ana dilimizi qoruyub saxlamaqla, inkişaf etdirməklə  öz məqsədinə çatmışdır. Dahi lider böyük məharətlə Azərbaycan dilini dünya arenasına çıxara bildi. BMT-də,  Avropa Şurasında,  eləcə də bir çox mötəbər məclislərdə Azərbaycan dilində etdiyi nitqlər həm əzəmətli səslənir,  həm də dinləyicini cəlb edə bilirdi.

Heydər Əliyevin uzaqgörənliyi, doğma dilimizə övlad yanğısı və münasibəti  təkcə Azərbaycanda  deyil,  bütün türk dünyasında rəğbətlə qarşılandı. Aydındır ki,  dil sadəcə ünsiyyət vasitəsi deyil,  eyni zamanda ədəbiyyatdır,  tarixdir,  xalqın sərvətidir.  Xalqımızın əsrlər boyu çəkdiyi əzab-əziyyətlər, ona edilən təzyiqlər  dilimizdən də yan keçməmişdir. Ancaq bütün təzyiqlərə,  hücumlara baxmayaraq xalqımız  dilimizin saflığını,  şirinliyini qoruyub saxlamış,  bugünkü nəslə ərməğan etmişdir.

Mənim ana dilim-keçmişim, ulum,

Sonsuz gələcəyə uzanan yolum,

Sən adlı Vətənin qurbanı olum,

Ana Vətənimin anası dilim!

Gəlin , dilimizi qoruyaq, ona hörmət edək, onu yabançı sözlərlə korlamayaq.  Dövlət dilimiz,  ana dilimiz , Azərbaycan dilimiz dünyanın ən şirin, ən mükəmməl,  ən zəngin, ən poetik...dillərindəndir.  Milli sərvətimiz olan Azərbaycan dilimizdə danışmaqdan fərəh duyaq, onu yayaq, təbliğ edək. Bizim bir doğma Vətənimiz, bir doğma dilimiz var. Ana vətənimizi və ana dilimizi eyni səviyyədə sevməli və qorumalıyıq.

Ana dilimizin zənginləşməsində, qorunmasında  biz kitabxanaçıların üzərinə  də məsuliyyət  düşür.  Oxucularda dilimizə,  əlifbamıza, mədəniyyətimizə,  incəsənətimizə, milli adət-ənənələrimizə ehtiram və məhəbbət yaratmaq  bizim  borcumuzdur. Bununla  bağlı kitabxanalarda  sərgilər, söhbətlər, şeir müsabiqələri, ədəbi-bədii gecələr təşkil etməklə ana dilimizdə səlis danışmağı,  dilimizin saflığını qorunmasını aşılama lıyıq.

Sərgi:

1.”Ana dilim, doğma dilim”.



2.”Milli varlığımızın rəmzi”.

3.”Mənəvi xəzinəmiz”.və s.

Söhbət:

1.“Ana dili-hikmət xəzinəmiz”.



2.”Ana dilim- doğma dilim”.

3.”Əcdadımızın həyat səsi” və s.

Ədəbi-bədii gecə:

1.”Ana  Vətənimin anası dilim” .

2.”Müqəddəs dilimiz –ana dilimiz”və s.

İstifadə olunan ədəbiyyat:

1.”Mədəniyyət”.

2.”Respublika”.

3. “Azərbaycan.”

 Hazırladı: Metodika biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə



 

                                                                                                   
Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə